Məhkəmə qərarları › İş №1(099)-64/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-64/2023

31.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-64/2023 31.05.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən), Səfərli Cavid Şamil oğlu və Nəbiyev Cəlil Cabbar oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi uzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs , onun müdafiəçisi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə xx xxx 1980-ci ildə Biləsuvar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.2 maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq 0,753 qram çəkidə narkotik vasitə heroini əldə edib, özündə saxlayaraq daşımış, 27 iyul 2022-ci il tarixdə saat 21 radələrində Biləsuvar şəhəri, M.İbrahimov küçəsi 263 saylı fərdi yaşayış evinin qarşısında 0,753 qram çəkidə narkotik vasitə heroini tanışı Şahid1 10 (on) manata satmışdır. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanılması, daşınması və satışına dair şəxsiyyəti istintaqla müəyyən edilməmiş şəxslə razılığa gələrək qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq, cinayətkar qrupun müəyyən edilməmiş üzvləri tərəfindən istintaqa məlum olmayan tarixdə Biləsuvar şəhəri, S.Vurğun küçəsində yerləşən "xxxx" MMC-nin yaxınlığında gizlədilmiş, ayrı-ayrılıqda təmiz çəkiləri 0,136 qram, 0,179 qram, 0,130 qram, 0,095 qram və 0,944 qram olmaqla ümumilikdə 1,484 qram narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib, özündə saxlayaraq daşımış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 28 iyul 2022-ci il tarixdə saat 22:35 radələrində Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən «Uğur» marketin yaxınlığında ona məxsus «Runna» markalı **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında dayanmış vəziyyətdə olan zaman narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq avtomobillə birlikdə Biləsuvar RPŞ-yə gətirilmiş, üzərinə şəxsi axtarış keçirilən zaman həmin narkotik vasitə heroinin 0,944 qramı bir ədəd şəffaf rəngli sellofan bükümdə olmaqla əynindəki şalvarın arxa sol cibindən, avtomobilə baxış keçirilən zaman narkotik vasitə heroinin qalan hissəsi 4 (dörd) ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri: 0,136 qram, 0,179 qram, 0,130 qram, 0,095 qram olmaqla ümumilikdə 0,540 qramı avtomobilin salonundan bir ədəd siqaret qutusunda olmaqla aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, saxlanılmamışdan əvvəl yaşadığı Biləsuvar rayonunda taksi fəaliyyəti ilə məşğul olmuşdur. 28 iyul 2022-ci il tarixdə saat 22 radələrində Biləsuvar şəhərində Heydər Əliyev küçəsində yerləşən “Uğur” marketin önündə dayanarkən Əli adında polis əməkdaşı ona yaxınlaşaraq polislərdən 102 xidmətinə şikayət etdiyinə görə onu rayon polis şöbəsinə aparmışdır. Şöbədə olarkən şifahi sorğu zamanı özünün yox qardaşının şikayət etdiyini bildirmişdir. Polislər ona qardaşını və özünü tutacaqlarını bildirmişlər. Sonra Elnur adında polis əməkdaşı masanın üzərinə 1 qram narkotik qoyaraq üzərinə götürməsini, götürməsə evindən 1 kq narkotik çıxaracaqlarını bildirmişlər. Polislərin təzyiqinə görə məcbur qalıb narkotiki üzərinə götürmüşdür. Şahid1 tanıyır, ona narkotik verməmiş və satmamışdır. Heç vaxt narkotikdən istifadə etməmişdir. Həsən yalan danışır. Saxlanılarkən üzərində narkotik olmamışdır. Polis əməkdaşlarının qanunsuz hərəkətləri barədə təcridxanada müstəntiq tərəfindən izahatı alınmışdır. Həmin izahatında heç kim tərəfindən döyülmədiyi, saxlanılan zaman anidən qaçmaq istəyərkən sağ ayağının avtomobilə dəyib yıxıldığından xəsarət almasına dair göstərdiyi xüsusatları təsdiq etmir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ifadələrində və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai istintaq dövründə müdafiəçisinin iştirakı ilə öz xətti ilə yazdığı izahatı və etirafedici ifadəsi elan olunmuş, o, həmin ifadəsində 28 iyul 2022-ci il tarixdə saat təxminən 21 radələrində evdə olarkən gizli nömrədən özünün istifadəsində olan 070 ***-**-** mobil nömrəsinə tanımadığı şəxs zəng edib onunla söhbətləşmiş, söhbət əsnasında həmin şəxs ona, Biləsuvar şəhəri, S.Vurğun küçəsində yerləşən “Pambıq zavodun” yaxınlığında tut ağaclarının altında siqaret qutusunun içərisində narkotik olduğunu, həmin qutunu oradan götürüb, deyəcəyi vaxtda Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Zirvə Şadlıq” sarayının yaxınlığında bir yerə atmağını, narkotik vasitəni atacağı yer barəsində ona məlumat verməyini, bunun müqabilində isə ona 10 manat pul verəcəyini bildirmişdir. Pula ehtiyacı olduğu üçün onunla razılaşmışdır. Öz maşını ilə həmin şəxsin dediyi yerə gəlib tut ağacının altında olan bir ədəd siqaret qutusunu götürüb maşına oturmuş, qutunu açdıqda içərisində 5 bükümdə narkotik vasitəyə bənzər kütlə görmüş, siqaret qutusunu ön sərnişin oturacağı tərəfdə yerləşən saxlanc yerinə atmış, maşını idarə edərkən Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Uğur” marketin yaxınlığında olan zaman polis əməkdaşları onu saxlayıb şöbəyə aparmışlar. Videoçəkilişlə və vəkilin iştirakı ilə üzərinə keçirilən şəxs axtarış zamanı əynindəki şalvarın sol arxa cibindən heroin olan bir ədəd bükülünü çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Videoçəkilişlə və müdafiəçinin iştirakı ilə ona məxsus olan “Runna” markalı **-TN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə baxış keçirilmiş, maşından 4 ədəd büküm heroin aşkar olunaraq götürülmüşdür. Daha sonra o, ifadəsində göstərmişdir ki, tanışı Həsənə narkotik satmamış, narkotiki ona pay kimi vermişdir. Həsənə verdiyi narkotiki tutulmamışdan bir neçə gün əvvəl Biləsuvar şəhəri, H.Əliyev küçəsindən tapdığını və xx.xx.2022-ci il tarixdə həmin narkotiki Həsənə pay kimi verdiyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, rayon sakini Təqsirləndirilən şəxs taksi fəaliyyəti ilə məşğul olan şəxs kimi tanımışdır. Rəhim tutulmamışdan bir gün əvvəl, 27 iyul 2022-ci il tarixdə bədənində ağrıları olduğundan Rəhimə zəng edərək narkotikinin olub-olmadığını soruşmuş, Rəhim ona narkotikinin olduğunu bildirmişdir. Həmin gün saat 21 radələrində yaşadığı evin yanında görüşmüşlər və Rəhim ona pay olaraq “kakos” vermişdir. Rəhimə bunun qarşılığında 10 manat təklif etsə də, Rəhim pulu götürməmişdir. Narkotiki Rəhimə verib uzaqlaşdıqda polis əməkdaşları tərəfindən saxlanılmış və şöbəyə aparılmışdır. Məhkəmədə şahid Həsən Nəsənovun ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunmuş, həmin ifadəsində o, narkotik vasitəni Rəhimdən 10 manat pulun müqabilində aldığını etiraf etmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli iş üzrə dindirilmiş şahid ifadələri, habelə tədqiq olunmuş ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları, maddi sübut və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Biləsuvar RPŞ-nın əməkdaşı Şahid2 ifadəsində göstərmişdir ki, Biləsuvar rayon sakini Şahid1 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün o, 28 iyul 2022-ci il tarixdə saat 18 radələrində M.İbrahimov küçəsində yerləşən “Timur” şadlıq evinin yaxınlığında saxlanılıb şöbəyə aparılmışdır. Həsənin üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş, əynində olan şalvarın sol yan cibindən bir büküm heroini təqdim edərək narkotiki Rəhimdən 10 manata aldığını bildirmişdir. Keçirilən əməliyyat-axtarış tədbirlərinin davamı olaraq rayon sakini Təqsirləndirilən şəxs 28 iyul 2022-ci il tarixdə saat 22 radələrində Biləsuvar şəhəri, H.Əliyev küçəsində idarə etdiyi “RUNNA” markalı **-TN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilində saxlanlıb şöbəyə aparılmış, vəkilin iştirakı ilə videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçirilmiş, o, əynində olan şalvarın sol arxa cibində gizlətdiyi bir ədəd büküm heroini çıxarıb təqdim edərək həmin narkotik vasitəni Biləsuvar rayonu ərazisində yerləşən “Zavod adlanan” yerdən tapdığını bildirmişdir. Narkotik vasitə zərfə qoyulmuş və qablaşdırılmışdır. Daha sonra, Rəhimin iştirakı ilə idarə etdiyi “RUNNA” markalı **-TN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirilmiş, aparılan axtarış zamanı avtomobilin ön sağ oturacağının qarşısındakı saxlanc yerindən bir ədəd siqaret qutusunun içərisində olmaqla 4 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuş və müvafiq qaydada qablaşdırılmışdır. Rəhimin üzərinə və avtomobilinə heç kim tərəfindən narkotik qoyulmamış, onu heç kim döyməmiş və zor tətbiq etməmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Biləsuvar RPŞ-nın əməkdaşları Şahid3 Şahid2 ifadəsində göstərdiyi xüsusatlar üzrə oxşar məzmunlu ifadə verərək Təqsirləndirilən şəxs heç kim tərəfindən döyülmədiyini, onun üzərinə və maşınına narkotik vasitə qoyulmadığını, aşkar olunan narkotik vasitələrin Rəhimin özünə məxsus olmasını etiraf etdiyini göstərmişdir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 29 iyul 2022-ci il tarixli 19/822 №-li rəyində aşağıdakılar göstərilmişdir: Tədqiqata təqdim olunmuş üzərində «Şahid1 üzərindən aşkar edilib götürülmüş bükülü...» sözlər və imzalar olan bir ədəd paketdəki, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,753 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 0,753 qr, tədqiqata sərf edildi 0,05 qr, qalıq 0,703 qr. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 19/823 №-li rəyində göstərilmişdir ki, - tədqiqata təqdim edilmiş üzərində "... Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş büküm...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi : 0,944 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. - tədqiqata təqdim edilmiş üzərində "... Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş bükülülər...” sözlər və imzalar bir ədəd zərfdəki 4 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri, 0,136 qr, 0,179 qr, 0,130 qr, 0,095 qr: ümumi təmiz çəkisi 0,540 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər. - tədqiqata təqdim edilmiş üzərlərində "...Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş büküm...”, "...Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş bükülülər...” və “...Şahid1 məxsus 1 büküm heroin...” sözlər və imzalar olan üç ədəd zərfdəki ümumilikdə sayı 6 büküm olan heroinlər, kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Heroinin təmiz çəkisi 1,484 qr, tədqiqata sərf edildi 0,2 qr, qalıq 1,284 qram. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan ambulator-məhkəmə narkoloji ekspertizasının 08 iyul 2022-ci il tarixli 1057 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi və fiziki aslılıq olmadan narkotik maddələrdən istifadə etmə halları istisna olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan 28 iyul 2022-ci il tarixli “Şəxsi axtarış keçirilməsi haqqında” 28 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Biləsuvar rayon sakini Şahid1 üzərində narkotik vasitə olması şübhəsi yarandığından onun üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Həsən Həsnovun əyindəki şalvarın sol yan cibindən 0,83 qram çəkidə olmaqla bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan 28 iyul 2022-ci il tarixli “Şəxsi axtarış keçirilməsi haqqında” protokoldan görünür ki, Biləsuvar rayon sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması şübhəsi yarandığından onun üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əyindəki şalvarın arxa sol cibindən bir qram çəkidə olmaqla bir ədəd bükmdə narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan 28 iyul 2022-ci il tarixli “Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” protokolda görünür ki, Təqsirləndirilən şəxs məxsus “RUNNA” markalı **-TN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə narkotik vasitə olması şübhəsi yarandığından avtomobilə baxış keçirilmişdir. Avtomobildə aparılan axtarış zamanı avtomobilin ön sağ oturacağının qarşısındakı saxlanc yerindən bir ədəd siqaret qutusunun içərisində olmaqla 4 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2022-ci il tarixli Şahid1 “Samsung” markalı mobil telefona baxış keçirilməsi haqqında protokolla müəyyən edilmişdir ki, həmin telefonun üzərində “Azərfon” mobil operatoruna məxsus ***-***-**-** saylı mobil nömrə vardır. Telefonun “zənglər” bölməsinə baxış keçirilən zaman Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında xx.xx.2022-ci il tarixdə saat 20:30:32 dəqiqədə, 58 saniyə müddətində zəngin olması müəyyən olunmuşdur. İş materiallarında olan 30 iyul 2022-ci il tarixli qərarla narkotik vasitə heroinin 0,703 qram 1,284 qram qalıqları maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü Biləsuvar rayon polis şöbəsinin saxlancına təhvil verilmişdir. 13 oktyabr 2022-ci il tarixli qərarla Şahid1 barəsində CM-nin 234.1-ci maddəsilə ayrıca icraata cinayət işi ayrılmışdır. İş materiallarında olan arayışdan və şəxsiyyət vəsiqələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadı Qönçə Rəhimzadədən və övladları 2005-ci il təvəllüdlü İsmayıl Rəhimzadədən, xx.xx.2008-ci il təvəllüdlü Zəhra Rəhimzadədən və xx.xx.2015-ci il təvəllüdlü oğlu Camal Rəhimzadədən ibarətdir. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs qənaətbəxş xarakterizə olunur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs özünün müdafiəsi üçün dəlillər gətirərək tanışı Şahid1 heroin satmadığını və ya pay vermədiyini, üzərində və avtomobilində aşkar olunan heroinin ona məxsus olmadığını, narkotikin üzərinə və avtomobilinə polis əməkdaşları tərəfindən qoyulduğunu, polis şöbəsində döyüldüyündən məcbur olub üzərində və avtmobilində aşkar olunan heroinin özünə məxsus olmasını yalandan etiraf etdiyini, müstəntiqə verdiyi ifadəsini təsdiq etmədiyini göstərmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi bu xüsusatlara tənqidi yanaşaraq bu ifadələri işin obyektiv hallarına uyğun olmayan, cinayət məsuliyyətindən yayınmaq, özünü müdafiə etmək məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və Təqsirləndirilən şəxs ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Təqsirləndirilən şəxs tanışı Şahid1 10 manat pulun müqabilində heroin satması sonuncunun məhkəmədə verdiyi qismən etirafedici ifadəsi, habelə ibtidai istintaq zamanı verdiyi ifadələri ilə tam təsdiq olunur. Məhkəmə Şahid1 ifadəsində heroini şəxsi istifadəsi üçün Təqsirləndirilən şəxs pul müqabilində deyil, pay kimi almasına dair göstərdiyi xüsusata tənqidi yanaşaraq sonuncunu müdafiə etmək və ya cinayət məsuliyyətini yüngülləşdirmək məqsədi ilə vermiş olduğu ifadə kimi qiymətləndirir və onun ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Məhkəmə Şahid1 narkotik vasitəni 10 manat pulun müqabilində Təqsirləndirilən şəxsn almasına dair ibtidai istintaq zamanı ifadəsində göstərdiyi xüsusatı işin obyektiv hallarına uyğun gəldiyi üçün iş üzrə ittihamın qanun və əsaslı həlli üçün mötəbər sübut kimi qəbul edir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs tanışı Şahid1 heroin verməməsi, üzərində və avtomobilində aşkar olunan narkotik vasitənin özünə məxsus olmasına dair ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri polis şöbəsində məhz döyülmə və zorakılıq hərəkətləri nəticəsində alınmasına məhkəmə münasibət bildirərək qeyd edir ki, həmin fakt üzrə Biləsuvar rayon prokurorluğunda araşdırma aparılmışdır. Araşdırma zamanı izahatı alınmış Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən zorakılığa və döyülmə hallarına məruz qalmadığını, saxlanılan zaman anidən qaçmaq istəyərkən sağ ayağının avtomobilə dəydiyi üçün yerə yıxıldığını, sağ ayağında olan qançırın həmin vaxt əmələ gəldiyini, polis əməkdaşları tərəfindən ona nə fiziki və də ki psixi zor tətbiq olunmadığını, tutulduğundan polis əməkdaşları haqqında qərəzli olaraq əsası olmayan böhtan xarakterli şikayətlər etdiyini göstərmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları Şahid3 və Şahid2 tərəfindən döyülməsi ilə bağlı xüsusatlar təsdiq olunmadığından Biləsuvar rayon prokurorluğunun 27 yanvar 2023cü il tarixli qərarı ilə CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmədə tədqiq edilmiş sübutlarla polis əməkdaşları və ya digər şəxslər tərəfindən Təqsirləndirilən şəxs qarşı zorakılıq, hədə-qorxu, işgəncə və digər qəddar, qeyri insani, yaxud ləyaqəti alçaldan halların baş verməsi müəyyən edilməmişdir. Eyni zamanda, məhkəmə tədqiq edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyindən görünür ki, Şahid1 üzərində və Təqsirləndirilən şəxs aşkar olunan heroinlər kimyəvi komponent tərkiblərinə görə eynidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs tanışı Şahid1 narkotik vasitə verməsi və digər xüsusatlar üzrə öz xətti ilə yazdığı etirafedici izahatını, habelə şübhəli və təqsirləndirilən şəxs qismində dindirmə protokollarını, şahidlərin ifadələrini, eskpertizanın rəylərini, şəxsi axtarış və baxış protokollarını, videoçəkilişləri və digər sənədləri işin obyektiv hallarına uyğun gəldiyi üçün ittihamın qanuni və əsaslı həlli üçün mötəbər sübut növü kimi qiymətləndirir. Təqsirləndirilən şəxs üzərinə və avtomobilinə narkotik vasitələrin polis əməkdaşları tərəfindən qəsdən qoyulması məhkəmədə tədqiq olunmuş “şəxsi axtarış”, “nəqliyyat vasitəsinə baxış keçirilməsi” haqqında protokollarla, videogörüntülərlə şahid ifadələri və digər sənədlərlə tam təkzib olunur. Beləliklə də, Təqsirləndirilən şəxs məhkəmə baxışı dövründə üzərində və avtomobilində aşkar olunan heroinin ona məxsus olmaması, narkotiklərin üzərinə və avtomobilinə polis əməkdaşları tərəfindən qəsdən qoyulması, heç kimə narkotik vasitə satmaması, polis əməkdaşları tərəfindən döyülməsi xüsusatları üzrə özünün müdafiəsi üçün gətirdiyi dəlillərin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya edildiyini göstərir, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələri yalan olmaqla məhz real faktların ört-basdır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün təqsirləndirilən şəxsin ibtidai istintaq dövründə öz xətti ilə yazdığı izahatını, verdiyi qismən etirafedici ifadələrini, habelə dindirilmiş şahid ifadələrini, eskpertizanın rəylərini, “axtarış və baxış” protokollarını, “mobil telefon aparatına baxış keçirilməsi” haqqında protokolları, videoçəkilişləri və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Təqsirləndirilən şəxs real olaraq tanışı Şahid1 az miqdarda heroin satması, üzərində bir büküm və avtomobilində çoxsaylı xırda bükümlərdə narkotik vasitələrin aşkar edilməsi, həmin narkotik vasitələri istintaqa məlum olmayan cinayətkar qrupun üzvləri tərəfindən gizlədilmiş yerdən götürüb başqa yerə atmasına dair razılığa gəlməsi onun həqiqətən də digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında təkrarən narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, daşıması və satması ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə əsas verir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən beynəlxalq adı olan heroin narkotik vasitədir. Heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinin ikinci və 11-ci bəndinin dördüncü abzaslarına əsasən «Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və daşıması məhkəmədə tədqiq olunmuş mötəbər sübutlarla təsdiq olunmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.2-ci maddələri ilə ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və ya cəzadan azad olunması üçün əsaslar yoxdur, odur ki, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməli və o, cəzasını çəkməlidir. Məhkəmə cəzanın təyin edilməsi məsələsini müzakirə edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. 28 iyul 2022-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət törətməkdə həmin gün şübhəli şəxs qismində tutulmuş, 30 iyul 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində Biləsuvar Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 28 iyul 2022-ci il tarixdən hesablanmışdır. Cinayətlərin təsnifatına (mad. 15.4) görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.2-ci maddələri “ağır” cinayətlər növünə aiddir, həmin maddələrin sanksiyasında beş ildən on iki ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bunun nəticəsində əhalinin sağlamlığına ciddi zərər vurulur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin gələcəkdə islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.2 maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli və o, cəzasını çəkməlidir. CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan 28 iyul 2022-ci ildən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktik qeydiyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Biləsuvar RPŞ-nın maddi sübutların saxlama otağında saxlanılan 1,284 qram narkotik vasitə heroinin qalığı, Şahid1 aşkar edilərək götürülmüş narkotik vasitə heroinin tədqiqatdan sonrakı 0,703 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə məsələsinə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə həmin Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1. və 99-1.1.2. maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Hazırkı iş üzrə isə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.2 və maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təyin olunmuş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan - 28 iyul 2022-ci ildən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olub hazırda Biləsuvar RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitə heroinin tədqiqatdan sonrakı 1,284 qram qalığı, Şahid1 aşkar edilərək götürülmüş narkotik vasitə heroinin tədqiqatdan sonrakı 0,703 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar