Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-64/2024 09.01.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Məmmədov Müşfiq Vaqif oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1989-cu ildə Cəlilabad şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Cəlilabad şəhəri, H.Əliyev prospekti, ev 37-də qeydiyyatda olan və yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə edilməsi, saxlanması və daşınması barədə şəxsiyyəti istintaqa “Sultan” adı ilə məlum olan İran İslam Respublikası vətəndaşı olması ehtimal edilən şəxslə istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçdiyi “Whatsapp” ani mesajlaşma sistemi vasitəsilə danışıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək sonuncu tərəfindən istintaqla müəyyən edilməyən vaxtda və mənbədən qanunsuz olaraq əldə edilib İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli və ya ondan kənar keçiriləcək külli miqdarda narkotik vasitələri Cəlilabad rayonu ərazisində əldə edib müqəddəratına sərəncam verməyi “Sultan” adlı şəxsə qabaqcadan vəd verib razılaşmış, sonuncunun İran İslam Respublikasından Azərbaycan Respublikasına naməlum şəraitdə və vaxtda göndərərək Cəlilabad rayonu, Uzuntəpə kəndi ərazisində yerləşən qəbiristanlıq ərazisində yerləşən su çəninin altında gizlətdiyi bir ədəd qara rəngli torbaya yerləşdirilmiş külli miqdarda 2820,0 qram çəkidə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, külli miqdarda 4930,0 qram çəkidə çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan həşiş qətranını, külli miqdarda 4265,0 qram çəkidə çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı 27 fevral 2023-ci il tarixdə, saat 22 radələrində həmin yerə gəlib satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla piyada hərəkət edib bir qədər uzaqlaşarkən Cəlilabad rayon Polis şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında 27 fevral 2023-cü il tarixdə saat 22 radələrində həmin şöbənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayonu, Uzuntəpə kəndi ərazisində saxlanılaraq Cəlilabad RPŞ-nə gətirilib, üzərində aparılan şəxsi axtarış zamanı əlində olan həmin torbadan 1(bir) ədəd qara rəngli sellofana yerləşdirilməklə üzəri yapışqan lentlə sarılmış bağlamanın içərisində iki ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri -2030,0 qram və 790,0 qram olmaqla ümumi təmiz çəkisi 2820,0 qram xarici görünüş və kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edən həmin narkotik vasitə olan heroin, 01(bir) ədəd qara rəngli sellofana yerləşdirilməklə üzəri yapışqan lentlə sarılmış bağlamada təmiz çəkisi 4930 qram narkotik tərkibli çətənə bitkisindən kustar üsulla hazırlanmış həmin narkotik vasitə olan həşiş qətranı, 4(dörd) ədəd qara rəngli sellofana yerləşdirilməklə üzəri yapışqan lentlə sarılmış bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri -1085,0 qram, 1105,0 qram, 955,0 qram və 1120,0 qram olmaqla ümumi təmiz çəkisi 4265,0 qram xarici görünüş və bioloji komponent tərkiblərinə görə eynilik təşkil edən həmin narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, 2013-cü ildən etibarən Abşeron rayonu, Masazır qəsəbəsində yaşamışdır. 1 ay müddətdir ki, narkotik vasitə olan heroin istifadə etməyə başlamışdır. Həmin narkotik vasitəni tanımadığı müxtəlif şəxslərdən əldə edirdir. Sonuncu dəfə İran İslam Respublikası vətəndaşı olan “Sultan” adlı şəxs ilə danışmış ondan öz istifadəsi üçün bir karokpa marixuana istəmişdir. O, da onunla razılaşıb bildirmişdir ki, Cəlilabad rayonu ərazisində narkotik vasitə marixuananı yerləşdirəcək. 26 fevral 2023-cü il tarixdə narkotik vasitəni götürmək üçün o, Cəlilabad şəhərinə getmişdir. Narkotik vasitə Cəlilabad rayonu, Uzntəpə kəndi ərazisinə gedərək “Cəlilabad şəhəri” yazısı olan lövhənin yaxınlığında olan qəbiristanlığın ərazisində yerləşdirilmişdir. Həmin gün saat 22 radələrində Cəlilabad rayonu, Uzuntəpə kəndi ərazisinə getmək üçün Cəlilabadda “Baş” deyilən yerdə taksiyə minmiş, taksi ilə təxminən 100-200 metr getdikdən sonra ona məxsus mobil telefonuma qardaşı zəng etmiş, “Acces Bank”-ın yaxınlığında taksini saxladıb aşağı düşmüş, qardaşı ilə danışan zaman 5 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Onlar ona narkotik vasitələrin qanunsuz olaraq əldə edilib saxlanılmasında şübhəli olduğumu bildirərək Cəlilabad rayon polis şöbəsinə dəvət etmişlər. O, narkotik vasitəni gedib götürməmiş, lakin polis şöbəsində ona qarşı təzyiq olunduğu üçün o, polislərin dediyi kimi ifadə vermişdir. Narkotik vasitələrindən istifadə edir, lakin satışı ilə məşğul olmamışdır. 1 qutu marixuanna dalınca getsə də həmin narkotik vasitəsini götürməmişdir. Heç bir günahı yoxdur. Məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını xihiş etmişdir. Məhkəməyədək icraat zamanı və məhkəmə baxışında təqsirləndirilən şəxsin verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğuna görə onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə o, göstərmişdir ki, o, 2013-cü ildən etibarən Abşeron rayonu, Masazır qəsəbəsində yaşayır. 1 ay müddətdir ki, narkotik vasitə olan heroin istifadə etməyə başlamışdır. Həmin narkotik vasitəni tanımadığı müxtəlif şəxslərdən əldə edirmiş. Təxminən bir ay öncə istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin “Whatsapp” tətbiqinə +**********51 saylı mobil nömrədən səsli ismarıc göndərilmişdir. Həmin ismarıcı göndərən şəxs özünü İran İslam Respublikası vətəndaşı olan “Sultan” adlı şəxs kimi təqdim etmişdir. Həmin şəxs onu tanıdığını, maddi vəziyyətinin yaxşı olmadığını bildiyini dedikdən sonra ondan narkotik vasitələrin Azərbaycan Respubllikası ərazisində daşınmasında köməklik etməsini istəmişdir. O isə buna razı olmayaraq həmin şəxsə onu bir daha narahat etməməsini söyləyib həmin mobil nömrəni öz telefonunda əngəlləmişdir. Təxminən 10 gün sonra mobil telefonunu yeniləmişdir. Həmin vaxt “Sultan” adlı həmin şəxs yenidən ona səsli ismarıc göndərərək, narkotik vasitələrin daşınması ilə bağlı köməklik etməsini, bununla hər ikisinin qazanc əldə edə biləcəklərini demişdir. O da pula ehtiyacı olduğundan buna razılıq vermişdir. Həmin şəxs ona bildirmişdir ki, Cəlilabad rayonu ərazisində narkotik vasitə yerləşdirəcəkdir, həmin narkotik vasitəni götürməklə onun deyəcəyi yerə qoymalıdır. “Sultan” adlı həmin şəxs bunun müqabilində ona 1500-2000 manat məbləğdə pul verəcəyini vəd etmişdir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında özünü İİR vətəndaşı olan “Sultan” kimi təqdim edən həmin şəxs onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin “whatsapp” tətbiqinə öz istifadəsində olan +**********51 saylı mobil nömrədən səsli ismarıc göndərərək Cəlilabad rayonu, Uzuntəpə kəndi ərazisində yerləşən üzərində “Cəlilabad şəhəri” yazısı olan lövhənin yaxınlığında olan qəbiristanlığın ərazisində olan su çəninin altına narkotik vasitəni yerləşdirdəcəyini, həmin narkotik vasitəni götürməsini tapşırmışdır. “Sultan” adlı şəxs həmin narkotik vasitəni götürdükdən sonra ona həmin narkotiki haraya qoymalı olduğunu deyəcəkmiş. O, xx.xx.2023-cü il tarixdə həmin narkotik vasitəni gedib götürməli imiş. 27 fevral 2023-cü il tarixdə bu məqsədlə o, Cəlilabad şəhəri ərazisinə gələrək valideynlərinin yaşadığı evə getmişdir. Həmin gün saat 22 radələrində Cəlilabad rayonu, Uuzntəpə kəndi ərazisinə gedərək “Cəlilabad şəhəri” yazısı olan lövhənin yaxınlığında olan qəbiristanlığın ərazisinə daxil olmuşdur. Orada yerləşən su çənini taparaq onun altında qara rəngli torbada olan həmin narkotik vasitələri götürmüşdür. Həmin torbanı götürüb qəbiristanlıq ərazisindən uzaqlaşdıqda ona 5 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişdir. Onlar ona narkotik vasitələrin qanunsuz olaraq əldə edilib saxlanılmasında şübhəli olduğunu bildirərək Cəlilabad rayon polis şöbəsinə dəvət etmişlər. O da əlində olan kisə bağlama ilə birlikdə onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsinin inzibati binasında yerləşən otaqlardan birində ona tutulmağı, hüquq və vəzifələri izah edilməklə üzərinə vəkilinin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı üzərindən ona məxsus olan “Samsung A01 Core” markalı mobil telefon aşkar edilmişdir. Həmin mobil telefon iş üzrə əhəmiyyət kəsb edildiyi bildirilərək götürülmüşdür. Bundan sonra o, əlində olan həmin torbanı təqdim etmişdir. Torba təhqiqatçı tərəfindən açıldıqda onun içərisində bir ədəd yapışqan lentlə sarılmış halda narkotik vasitə olan həşiş qətranı, 4 ədəd üzəri yapışqan lentlə sarılmış bağlamalarda narkotik vasitə olan marixuanaya bənzər kütlələr, bir ədəd üzəri yapışqan lentlə sarılmış bağlamada isə narkotik vasitə olan heroinə bənzər maddə olması müəyyən edilmişdir. Həmin narkotik vasitələr ayrı-ayrılıqda tərəzi vasitəsilə çəkildikdən sonra qablaşdırılaraq ekspertizaya təqdim ediləcəyi bildirilmişdir. Əlavə olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, Cəlilabad rayonu ərazisinə narkotik vasitə əldə etməkdən ötrü gəlməyi barədə özünü İİR vətəndaşı kimi təqdim edən “Sultan” adlı şəxsdən başqa hər hansı şəxsin məlumatı olmamışdır. Əldə etdiyi həmin narkotik vasitələrin həmin yerə kim tərəfindən yerləşdirilməsi, haradan əldə edilməsi, gətirilməsi barədə məlumatı olmamışdır. Belə ki İİR vətəndaşı ona həmin narkotik vasitəni haradan əldə etdiyini, onun əldə etdiyi yerə kimin vasitəsilə qoydurması barədə heç bir söz deməmişdir. Özünün də bu barədə heç bir fikri yoxdur. O, sadəcə olaraq maddi vəziyyəti pis olduğundan qazanc əldə etməyi düşünürmüş. İstifadəsində olan mobil nömrə ***-***- **-** saylıdır. Həmin “Sultan” adlı şəxsin mobil nömrəsi isə +**********51 saylıdır. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə zamanı verdiyi ziddiyyətli ifadələri müqayisəli tətqiq edərək hesab edir ki, onun məhkəmə baxışı zamanı verdiyi ifadəsində “ «Sultan» adlı şəxsdən şəxsi istifadəsi üçün bir qutu marixuanna narkotik vasitə istəməsi, Cəlilabad rayonu ərazisində olarkən polis əməkdaşlarının onu tutması, narkotik vasitə dalınca getsə də götürə bilməməsi, polislər tərəfindən ona təziqlər olduğu üçün məcbur qalıb etiraf edici ifadə verməsi” xüsusatları obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı ifadəsində göstərdiyi sözü gedən xüsusatları ona cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini işin faktiki hallarına uyğun olduğunu hesab edərək sübut kimi qəbul edir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Cəlilabad rayon polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 27 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatına əsasən əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs olması ehtimal edilən yerlər müəyyən edilmiş və Cəlilabad-Uzuntəpə avtomobil yolu nəzarətə götürülmüşdür. xx.xx.2023-cü il tarixdə saat 22:00-da Təqsirləndirilən şəxs Cəlilabad- Uzuntəpə avtomobil yolunda yerləşən “Cəlilabad rayonu” məlumat lövhəsinin yaxınlığı ilə piyada hərəkət edərək həmin yolun yaxınlığında yerləşən qəbiristanlığın ərazisinə daxil olduğunu görmüşlər. Təqsirləndirilən şəxs bir neçə dəqiqə sonra əlində torba ilə geri qayıdarkən onlar tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs özlərini təqdim edərək Cəlilabad rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirərək ondan həmin yerə hansı səbəblə gəlməsini, əlindəki torbada nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs əlində olan torbada narkotik vasitə olduğunu, İran İslam Respublikası vətəndaşı ilə əlaqə saxlayaraq həmin yerə gəlib narkotik vasitəni götürdüyünü və sonradan İİR vətəndaşının deyəcəyi yerə həmin narkotik vasitəni yerləşdirdikdən sonra İİR vətəndaşının ona pul verəcəyini söyləmişdir. Bundan sonra Təqsirləndirilən şəxs barəsində müvafiq istintaq hərəkətlərinin həyata keçirilməsi məqsədilə Cəlilabad RPŞ-yə dəvət etmişlər. Bundan sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində müdafiəçisinin və onların iştirakı ilə şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs də üzərində hər hansı qanunla dövriyyəsi qadağan edilmiş predmet olmadığını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və onun üzərindən bir ədəd “Samsung” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs saxlanılarkən əlində olan torbaya baxış keçirilmişdir. Torba açıldıqda onun içərisində üzəri şəffaf rəngli yapışqan lentlə bağlanmış halda bağlama oması müşahidə edildi. Yapışqan lentlər kəsildikdən sonra həmin bağlamada ayrı-ayrı bağlamalar şəklində, bir bağlamada narkotik vasitə olan həşiş qətranına bənzər maddə, bir bağlamada narkotik vasitə olan heroinə bənzər maddə, dörd ədəd bağlamada isə narkotik vasitə qurudulmuş marixunanaya bənzər kütlələr olması müəyyən edilmişdir. Həmin bağlamalar ayrıayrılıqda və ümumilikdə tərəzi vasitəsilə çəkildikdən sonra qablaşdırılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitələri 1 ay öncə internet resursları vasitəsilə tanış olduğu “Sultan” adlı İİR vətəndaşı vasitəsilə əldə etdiyini, “Sultan” adlı şəxsin həmin narkotik vasitənin yerləşdirilmiş olduğu yer barədə “Whatsapp” vasitəsilə ona məlumat verdiyini, həmin narkotik vasitəni götürdükdən sonra Bakı şəhəri ərazisində “Sultan”-ın deyəcəyi yerə yerləşdirməklə 1500-2000 manat məbləğində pul əldə edəcəyini bildirmişdir. Şəxsi axtarış bitdikdən sonra bununla bağlı protokol tərtib edilmiş, iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs piyada hərəkətdə olarkən saxlanılmı, saxlanılan zaman əlində torba olmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən və üzərinə baxış keçirilərkən ona qarşı heç bir təziq-təsir olmamışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Cəlilabad rayon polis şöbəsinin əməkdaşları Şahid2 və Şahid4 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdirlər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə-fiziki kimyəvi ekspertizasının 28 fevral 2023-cü il tarixli 19/242 saylı rəyində qeyd edilmişdir ki: tədqiqata təqdim edilmiş üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bükümdə(bağlamada) narkotik vasitələrə bənzər kütlələr....” sözlər və imzalar olan bir ədəd qara rəngli kisədəki, bağlama içərisindəki 2 ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 2030,0 qram, 790,0 qram olmaqla ümumi təmiz çəkisi 2820,0 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi kompoent tərkiblərinə görə bir-birləri ilə eynidirlər; 1 ədəd bükülüdə təmiz çəkisi 4930 qram maddə (bitki mənşəli kütlə) narkotik tərkibli çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qətranıdır; 4 ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkisi 1085,0 qram, 1105,0 qram, 955,0 qram, 1120,0 qram, ümumi təmiz çəkisi 4265,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuanalardır, xarici görünüşlərinə və bioloji komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Qeyd: - Heroinin ümumi təmiz çəkisi – 2820,0 qram, cəmi tədqiqata sərf olundu – 0,2 qram(hər ob.- 0,1 qr), qalıq -2819,8 qram(1-2 №-li ob.). - Marixuananın ümumi təmiz çəkisi-4265,0 qr., cəmi tədqiqata sərf olundu – 0,2 qram(hər ob. 0,05 qr), qalıq -4264,8 qram(4-7№-li obyekt). Həşişin təmiz çəkisi -4930,0 qr., tədqiqata sərf edildi-0,05 qr., qalıq-4929,95 qram(3№-li ob). Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 120 (yüz iyirmi) manatdır. İş materiallarında olan 08 may 2023-cü il tarixli 1264 saylı ambulator məhkəməpsixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda emosional davamsız şəxsiyyət pozuntusu, impulsiv tip aşkar olunur. Təqsirləndirilən şəxs aşkar olunan “emosional davamsız şəxsiyyət pozuntusu” onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə barəsində tibbi xaraketrli məcburi tədbirlərin tətbiq eidlməsinə ehtiyac yoxdur. Hazırki psixi vəziyyətinə görə özünə və ətrafındakılara zərər yetirmək təhlükəsi müəyyən edilmir. İş materiallarında olan 15 may 2023-cü il tarixli 538 saylı ambulator məcburinarkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 28 fevral 2023-cü il tarixli «şəxsi axtarış və götürmə haqqında» protokoldan və videoçəkilişdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunla dövriyyəsi qadağan edilmiş predmet olmadığını bildirərək yanında olan qara rəngli torbanı götürüb təqdim edir. Torba açıldıqda onun içərisində üzəri şəffaf rəngli yapışqan lentlə bağlanmış halda bağlama olması müşahidə edilir. Yapışqan lentlər kəsildikdən sonra həmin bağlamada ayrı-ayrı bağlamalar şəklində, bir bağlamada narkotik vasitə olan həşiş qətranına bənzər maddə, bir bağlamada narkotik vasitə olan heroinə bənzər maddə, dörd ədəd bağlamada isə narkotik vasitə qurudulmuş marixunanaya bənzər kütlələr olması müəyyən edilir. Həmin bağlamalar ayrı-ayrılıqda və ümumilikdə tərəzi vasitəsilə çəkildikdən sonra qablaşdırılaraq ekspertizaya təqdim ediləcəyi bildirildi. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən “Samsung A01 core” markalı mobil telefon aşkar edilərək götürülür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitələri 1 ay öncə internet resursları vasitəsilə tanış olduğu “Sultan” adlı İİR vətəndaşı vasitəsilə əldə etdiyini, “Sultan” adlı şəxsin həmin narkotik vasitənin yerləşdirilmiş olduğu yer barədə “Whatsapp” vasitəsilə ona məlumat verdiyini, həmin narkotik vasitəni götürdükdən sonra Bakı şəhəri ərazisində “Sultan”-ın deyəcəyi yerə yerləşdirməklə 1500-2000 manat məbləğində pul əldə edəcəyini bildirmişdir. İş materiallarında olan 13 mart 2023-cü il tarixli «mobil telefona baxış keçirilməsi haqqında» protokoldan görünür ki, baxış keçirilərkən Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş «Samsung» A01 core» markalı mobil telefonda iş üçün əhəmiyyət kəsb edən heç bir məlumat aşkar olunmamışdır. İş materiallarında olan «maddi sübut kimi tanınma haqqında» 05 mart 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonrakı qalıq 2819,8 qram heroin narkotik vasitəsi, 4929,95 qram həşiş qətranı, 4264,8 qram qurudulmuşq marixuanna və şəxsi axtarış keçirilməsini əks etdirən bir ədəd DVD disk maddi sübut kimi tanınmış, narkotik vasitələri Cəlilabad RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, bir ədəd DVD disk iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan 01 iyun 2023-cü il tarixli qəbzdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş «Samsung» A01 core» markalı mobil telefon anası X2 təhvil verilmişdir. İş materiallarında olan 27 fevral 2023-cü il tarixli «şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Cəlilabad rayon məhkəməsinin 01 mart 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs olunmasının əvvəli 27 fevral 2023-cü il tarixdən hesablanmmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. Məhkəməyə təqdim olunmuş 20 iyun 2023-cü il tarixli Cəçlilabad rayon prokurorluğunun “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında ” qərarla Təqsirləndirilən şəxs döyülməsi faktı üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan Cəlilabad şəhər kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 04 aprel 2023-cü il tarixli yaşayış yeri haqqında arayışdan və xasiyyətnamədən görünür ki, Quliyev X1 şəhəri, H.Əliyev prospekti 37-də qeydiyyatda olmaqla yaşayır, yaşadığı müddət ərzində barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan 02 iyun 2023-cü il tarixli «sübutların qiymətləndirilməsi, cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və ayrılan cinayət işinin icraata qəbul edilməsi haqqında» qərarla Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş narkotik vasitələrin əldə edilmə mənbəyini müəyyən etmək məqsədilə cinayət işindən bu xüsusat üzrə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ayrı icraatda cinayət işi ayrılmışdır. Məhkəmə baxışında dövlət ittihamçısı Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən verilmiş ittihamdan Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2-ci maddəsindən imtina etdiyinə görə məhkəmə tərəfindən həmin hissədə cinayət təqibinə xitam verilməsi barədə qərar qəbul edilmiş və cinayət təqibi CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə davam etdirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də, təqsirləndirilən şəxs CM-in qeyd olunan maddələri ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyaları daxilində cəza təyin edilməlidir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmamışdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən təqsirləndirilən şəxsin əldə etdiyi narkotik vasitələr olan heroin, tiryək və qurudulmuş marixuanna “külli miqdar” kimi qiymətləndirilir. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk məhkumluğunu məhkəmə yüngülləşdirici hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cüy maddələri ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğluna təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə görə, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1 və 132.1.6-cı maddələrinə müvafiq olaraq iş üzrə maddi sübut kimi tanınaraq - Cəlilabad Rayon Polis Şöbəsində saxlanılan ekspert təhqiqatından sonrakı qalıq- 2819,8 qram heroin narkotik vasitəsi, 4929,95 qram həşiş qətranı, 4264,8 qram qurudulmuşq marixuanna məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasını əks etdirən 1 (bir) ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. İş üzrə 120 (yüz iyirmi) manat məbləğində ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməsini, cəzasının çəkilmə müddətinin əvvəlinin 27 fevral 2023-cü il tarixdən başlanılmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 27 fevral 2023-cü ildən hesablansın. Barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə olunsun. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə 120 (yüz iyirmi) manat məbləğində ekspertiza Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış – Cəlilabad Rayon Polis Şöbəsində saxlanılan ekspert təhqiqatından sonrakı qalıq- 2819,8 qram heroin narkotik vasitəsi, 4929,95 qram həşiş qətranı və 4264,8 qram qurudulmuşq marixuanna məhv edilsin. - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasını əks etdirən 1 (bir) ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Nemət Məmmədov Müşfiq Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-64/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-64/2024
09.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver