Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-640/2022 22.11.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X4, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxxx 1980-ci ildə Saatlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Şirvan şəhəri, Neftçilər küçəsi, ev 55-də qeydiyyatda olmaqla, Şirvan şəhəri M.Mirzəyev küçəsində yerləşən fərdi yaşayış evində yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-42,735 qram narkotik vasitə heroini əldə edib, saxlayıb, daşımış və satışını realizə etmək üçün həmin maddəni ayrı-ayrı hissələrə ayıraraq 42,457 qram heroini yaşadığı ünvanda-Şirvan şəhəri M.Mirzəyev küçəsində yerləşən fərdi yaşayış evində, 0,278 qram heroini isə üzərində saxlamaqla daşıyarkən, daxil olmuş məlumat əsasında 02 iyun 2022-ci il tarixdə, saat 20 radələrində Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində o, Şirvan şəhəri, M.Mirzəyev küçəsində saxlanılıb üzərində şəxsi axtarış zamanı əynindəki şalvarın cibindən bir ədəd bükümdə 0,278 qram heroin aşkar edilib götürülmüş, hebelə 03 iyun 2022-ci il tarixdə, saat 14 radələrində Təqsirləndirilən şəxs yaşadığı Şirvan şəhəri, M.Mirzəyev küçəsində yerləşən fərdi yaşayış evində axtarış zamanı yataq otağındakı çarpayının üzərindəki döşəyin altından bir ədəd sellofan bükümdə 42,457 qram heroin və üzərində heroinin izləri olan bir ədəd elektron tərəzi aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, evlidir, himayəsində bir azyaşlı uşağı vardır, Şirvan şəhərində metal toplama məntəqəsində fəhlə işləmişdir. Təxminən 2-3 ildir ki, marixunadan istifadə etməyə başlamış, heroin və digər narkotik maddələrdən istifadə etməmişdir. 02 iyun 2022-ci il tarixdə, axşam 20-21 radələrində yaşadığı evin qarşısında, küçədə olarkən bir neçə polis əməkdaşı onu tutub Şirvan ŞPŞ-nə aparmışlar. Həmin vaxt üzərində heç bir narkotik maddə olmamışdır. Polis şöbəsində polis əmkdaşları Taleh və Altun cibinə bir bükümdə heroin qoymuş və həmin heroinin özünə məxsus olmasını bildirməyini, işinin yüngül olacağını və buraxılacağını demiş, o da onlara inanıb cibində olan heroinin özünə məxsus olmasını deməyə razılaşmışdır. Sonra vəkilin iştirakı ilə və videoçkilişlə üzərində axtarış aparılmış və cibindəki heroin aşkar olunmuşdur. Şifahi sorğu zamanı o, aşkar olunmuş heroini yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin vaxt polis əməkdaşları onu buraxacaqlarını dediyinə görə o, onların sözünə inanıb aşkar olunan heroinin özünə məxsus olmasını demişdir. Səhərisi gün, yəni 03 iyun 2022-ci il tarixdə, günorta saatlarında polis əməkdaşları onu yaşadığı evinə aparmış, həmin vaxt evdə arvadı, uşağı və anası Zərifə İsayeva olmuşdur. Sonra polis əməukdaşları özünün və vəkilinin iştirakı ilə evində axtarış aparmışlar. Axtarış zamanı evində yataq otağında döşəyin altından heroin və bir ədəd elektron tərəzi aşkar olunmuşdur. Evində ona məxsus heroin və elektron tərəzi olmamış, heroini və tərəzini evinə polis əməkdaş Taleh qoymuşdur. Üzərində və evində aşkar olunmuş heroin kütlələri və elektron tərəzi ona məxsus deyildir. O, narkotik maddələrdən istifadə etsə də, narkotik maddələrin satışı ilə məşğul olmamışdır. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, o, təxminən bir ildir ki, heroindən istifadə etməyə başlamışdır. 02 iyun 2022-ci il tarixdə, saat 15 radələrində Şirvan şəhəri M.Mirzəyev küçəsində gəzərkən yerdə bir ədəd sellofan bükümdə heroin tapmış və heroin istifadəçisi olduğu üçün həmin bükümü cibinə qoymuşdur ki, özü istifadə etsin. Sonra yaşadığı Şirvan şəhəri, M.Mirzəyev küçəsində yerləşən fərdi yaşayış evinə getmiş, evdə özünə aid yataq otağında heroinin bir hissəsini ayrıb şalvarının cibinə qoymuşdur ki, həmin gün istifadə etsin, qalan hissəsini isə sonradan istifadə etmək məqsədi ilə yatdığı çarpayının üzərindəki döşəyin altında gizlətmişdir. Həmin gün saat 20:30 radələrində Şirvan şəhəri, M.Mirəzyev küçəsində olarkən polis əməkdaşları onu saxlaıb üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirilib polis şöbəsinə aparmışlar. Polis şöbəsində vəkilin iştirakı ilə və videoçəkilişlə üzərində axtarış aparılmış və axtarış zamanı özü əynindəki şalvarın cibindən bir ədəd bükümü çıxarıb polis əməkdaşlarına təqdim edib bükümün içərisində heroin olduğunu bildirmişdir. Təqdim etdiyi heroin kütləsi polis əməkdaşları tərəfindən qablaşdırılıb götürülmüş, sonra protokol tərtib olunmuşdur. 03 iyun 2022-ci il tarixdə, saat 14 radələrində polis əməkdaşları onu yaşadığı Şirvan şəhəri, M.Mirəzyev küçəsində yerləşən fərdi yaşayış evinə aparmış, sonra özünün, vəkilin və başqa şəxslərin iştirakı ilə polis əməkdaşları tərəfindən evində axtarış aparılmışdır. Axtarış zamanı evin ona aid yataq otağındakı çarpayının üzərində olan döşəyin altından bir ədəd büküm və bir ədəd elektron tərəzi aşkar olunmuşdur. Açılıb baxılanda həmin bükümün içərisində heroinin olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı o, evində aşkar olunmuş heroinin və elektron tərəzinin özünə məxsus olmasını bildirmişdir. Aşkar olunmuş heroin və elektron tərəzi polis əməkdaşı tərəfindən qablaşdırılaraq götürülmüş, sonra protokol tərtib olunmuşdur. O, hər dəfə elektron tərəzidə heroini çəkib yarım qram həddində müəyyən edib istifadə etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş və digər materiallar tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olduğu üçün o, üzərində və evində aşkar olunmuş heroinin və tərəzinin özünə məxsus olduğunu bildirmişdir. Əslində isə həqiqəti etiraf edərək bildirir ki, polis əməkdaşları tərəfindən tutulan vaxt üzərində təxminən 1,5 qram heroin olmuş və polis şöbəsində üzərində axtarış zamanı həmin heroin aşkar edilib götürülmüşdür. Xeyli müddətdir ki, heroindən istifadə etməyə başlamış və üzərində aşkar olunmuş heroini də bir müddət əvvəl yerdən tapmış və öz istifadəsi üçün üzərində saxlamışdır. Lakin evində heroin və elektron tərəzi olmamış, evində aşkar olunmuş heroin və tərəzi ona məxsus deyil, evinə heroini və tərəzini polis əməkdaşları qoymuşdur. O, evində aşkar olunmuş heroinə görə ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir, lakin üzərində şəxsi istifadəsi üçün əldə edib saxladığı 1,5 qram heroinə görə özünü təqsirli bilir və əməlindən peşmandır. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, Şirvan ŞPŞnin əməkdaşı olarkən 02 iyun 2022-ci il tarixdə ona Şirvan şəhəri sakini Təqsirləndirilən şəxs narkotik vasitələr əldə edib üzərində saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat qrupu yaradılmış və həmin gün saat 20 radələrində əməliyyat-axtarış tədbiri keçirilərək Təqsirləndirilən şəxs yaşadığı evin yapxınlığında küçədə (Şirvan şəhəri, M.Mirzəyev küçəsində) əməliyyat qrupu tərəfindən saxlanılıb şəhər polis şöbəsinə gətirilmişdir. Şöbədə təhqiqatçı İbrahim Qəhrəmanov tərəfindən vəkilin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində bir büküm və həmin bükümün içərisində heroinə oxşar kütlə aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş heroini yerdən tapdığını və özünün istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş kütlə qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüş, sonra protokol tərtib olunmuşdur. Səhərisi günü o, Təqsirləndirilən şəxs yaşadığı evdə axtarışın aparılmasında iştirak etməmiş, lakin sonra ona məlum olmuşdur ki, axtarış zamanı evdən heroin kütləsi və bir ədəd elektron tərəzi aşkar olunmuşdur. Məhkəmə iclasında Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermiş, həmçinin ifadəsində göstərmişdir ki, 03 iyun 2022-ci il tarixdə, günorta saatlarında təhqiqatçı İbrahim Qəhrəmanovun rəhbərliyi ilə şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdə (Şirvan şəhəri, M.Mirzəyev küçəsində yerləşən fərdi yaşayış evində) axtarışın aparılmasında iştirak etmişdir. Həmin vaxt evdə iki qadın və bir azyaşlı uşaq olmuşdur. Təhqiqatçı evdə olan, özünü Təqsirləndirilən şəxs anası kimi təqdim edən qadına (Zərifə İsayevaya) evdə axtarış aparılacağını izah etmiş, həmin qadın da etiraz etməmişdir. Bundan sonra iki nəfər hal şahidlərin, Təqsirləndirilən şəxs və onun anasının, həm də müdafiəçinin iştirakı ilə evdə axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs aid olduğu bildirilən yataq otağındakı çarpayının üzərindəki döşəyin altından salfetə bükülmüş vəziyyətdə bir ədəd büküm və yanında bir ədəd elektron tərəzi aşkar olunmuşdur. Həmin bükümün içərisində heroinə oxşar kütlə olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs evində aşkar olunmuş heroin kütləsinin və elektron tərəzinin özünə məxsus olmasını, heroini yerdən tapıb istifadəsi üçün evində saxladığını bildirmişdir. Aşkar olunmuş kütlə və tərəzi qablaşdırılıb təhşqiqatçı tərəfindən götürülmüş, sonra protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq göstərilməmiş, həmçinin üzərində və evində axtarış zamanı Təqsirləndirilən şəxs hər hansı şikayəti və ya narazılığı olmamışdır. Məhkəmə iclasında Şahid5 ifadəsində göstərmişdir ki, o, Şirvan şəhər yaşıllaşdırma idarəsində fəhlə işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 03 iyun 2022-ci il tarixdə, saat 14 radələrində Şirvan ŞPŞ-nin əməkdaşlarının xahişi ilə Təqsirləndirilən şəxs yaşadığı evdə (Şirvan şəhəri, M.Mirzəyev küçəsində yerləşən fərdi yaşayış evində) aparılmış axtarışda hal şahidi kimi (həm də ilk dəfə olaraq) iştirak etmişdir. Orada özündən başqa bir nəfər şəxs də hal şahidi kimi iştirak etmişdir. O, polis əməkdaşları ilə birlikdə evə daxil olarkən evdə iki nəfər qadının və bir azyaşlı uşağın olmasını görmüşdür. Polis əməkdaşları orada olan yaşlı qadına (Təqsirləndirilən şəxs anası Zərifə İsayevaya) evdə axtarış aparılacağını bildirmiş, həmin qadın da etiraz etməmişdir. Bundan sonra onların, Təqsirləndirilən şəxs və digər şəxslərin iştirakı ilə polis evdə axtarış aparmağa başlamışdır. Axtarış zamanı o, polis əməkdaşları ilə birlikdə evin yataq otağına daxil olmuş və polislər otaqda axatarış apararkən otaqdakı çarpayının üzərindəki döşəyi yuxarı qaldırmış, bu zaman döşəyin altından salfetə bükülmüş vəziyyətdə bir büküm və yanında telefona oxşar əşya (elektron tərəzi) aşkar olunmuşdur. Sonra aşkar olunmuş əşyalara baxış keçirilərkən bükümün içərisində torpaq rəngi maddənin narkotik maddə və digər əşyanın isə elektron tərəzi olması məlum olmuşdur. Axtarış zamanı Təqsirləndirilən şəxs hər hansı etirazı və ya narazılığı olmamışdır. İşdə olan, Şirvan ŞPŞ-nin əməkdaşının 02 iyun 2022-ci il tarixli “Raport”u ilə müəyyən olunur ki, Şirvan şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı daxıl olmuşdur. İşdə olan, Şirvan ŞPŞ-nin əməkdaşının 02 iyun 2022-ci il tarixli “Raport”u ilə müəyyən olunur ki, daxil olmuş əməliyyat məlumatı əsasında Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 02 iyun 2022-ci il tarixdə, saat 20:35 radələrində Şirvan şəhəri M.Mirzəyev küçəsində saxlanılıb polis şöbəsinə gətirilmişdir. İşdə olan, “Şəxsi axtarış və götürmə haqqında” 02 iyun 2022-ci il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Şirvan ŞPŞ-nin TB-nin təhqiqatçısı İbrahim Qəhrəmanov tərəfindən müdafiəçi Xəqani Salahovun iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarının cibindən 1 ədəd bükümdə heroinə oxşar kütlə aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunan kütlənin heroin olduğunu, Şirvan şəhərində küçədə yerdən tapdığını və istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş kütlə elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb götürülmüşdür. Şəxsi axtarışla bağlı aparılmış videoçəkliş bir ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə fiziki-kimyəvi ekspertizasının 03 iyun 2022-ci il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitəyə bənzər kütlə ...” sözləri yazılmış kağız paketdəki 01 ədəd sellofan bükümdə təmiz çəkisi-0,278 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Ekspertiza tədqiqatına sərf olunduqdan sonra qalıq heroin 0,228 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 30 (otuz) manat 40 qəpik təşkil edir. İşdə olan, “Axtarş və götürmə aparılması haqqında” 02 iyun 2022-ci il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə Şirvan ŞPŞ-nin TB-nin təhqiqatçısı İbrahim Qəhrəmanov tərəfindən hal şahidləri, müdafiəçi Xəqani Salahov və Təqsirləndirilən şəxs iştirakı ilə sonuncunun yaşadığı Şirvan şəhəri M.Mirzəyev küçəsində yerləşən fərdi yaşayış evində axtarış aparılmışdır. Axtarış zamanı evin yataq otağındakı çarpayının üzərindəki döşəyin altından bir ədəd bükümdə heroinə oxşar kütlə və bir ədəd elektron tərəzi aşkar edilmişdir. Aşkar edilmiş kütlə və bir ədəd elektron tərəzi qablaşdırılıb götürülmüşdür. İşdə olan, məhkəmə fiziki-kimyəvi ekspertizasının 04 iyun 2022-ci il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində “Vətəndaş Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunaraq götürülmüş 1 ədəd elektron tərəzi və 1 ədəd sellofan bükümdə narkotik maddəyə bənzər kütlə ...” sözləri yazılmış kağız paketdəki, 1 ədəd sellofan bükümdə təmiz çəkisi-42,457 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan-heroindir. Bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri vardır. Heroin iz şəklində olduğuna görə, çəkisini və tədqiqata təqdim edilmiş heroinlərlə müqayisəli tədqiqat (eynilik) aparmaq mümkün olmadı. Tədqiqata təqdim edilmiş üzərində “Vətəndaş Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunaraq götürülmüş 1 ədəd elektron tərəzi və 1 ədəd sellofan bükümdə narkotik maddəyə bənzər kütlə ...” və “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitəyə bənzər kütlə ...” sözləri yazılmış 2 ədəd paketdəki, ümumilikdə sayı 2 büküm olan heroinlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Ekspertiza tədqiqatına sərf olunduqdan sonra qalıq heroin 42,407 və 0,178 qram olmaqla cəmi 42,585 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 30 (otuz) manat 40 qəpik təşkil edir. İşdə olan, “Əşyanın maddi sübut hesab edilməsi barədə” 09 iyun 2022-ci il tarixli qərarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq 42,585 qram heroin və üzərində heroinin izləri olan bir ədəd elektron tərəzi iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanılması üçün Şirvan ŞPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 11 avqust 2022-ci il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan, ambulator məhkəmə-psixiatrik ekspertizasının 20 avqust 2022-ci il tarixli rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs halhazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutlar, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (evində aşkar olunmuş heroinin və elektron tərəzinin ona məxsus olmaması, həmin heroini və tərəzini evinə polis əməkdaşı tərəfindən qoyulması, tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olması, narkotik vasitələrin satışı ilə məşğul olmamasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni evində aşkar olunmuş heroinin və elektron tərəzinin ona məxsus olmaması, həmin heroini və tərəzini evinə polis əməkdaşı tərəfindən qoyulması, tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olması, narkotik vasitələrin satışı ilə məşğul olmamasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid2 və Şahid5 ifadələri, maddi sübutlar (o cümlədən maddi sübut olan elektron tərəzinin üzərində heroin üzlərinin aşkar edilməsi), ekspertiza rəyləri, məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən şəxsi axtarışın keçirilməsi ilə bağlı aparılmış videoçəkilişlə, eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri ilə (həmin ifadələrində o, üzərindən və yaşadığı evdən aşkar olunmuş heroin kütlələrinin və elektron tərəzinin özünə məxsus olmasını göstərmişdir) tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Həmçinin müdafiə tərəfinin fikrincə ibtidai istintaq zamanı narkotik maddənin Təqsirləndirilən şəxs məxsus olmasına dair verdiyi və sonradan ittihamın əsasını təşkil edən, həmin narkotik maddənin və elektron tərəzinin ona məxsus olmasına dair ifadəsini o, hədə-qorxu nəticəsində, yəni polis əməkdaşlarının ona qarşı təzyiqləri nəticəsində vermişdir. Məhkəmə hesab edir ki, müdafiə tərəfinin bu fikirləri əsassızdır. Belə ki, cinayət prosessual qanunvericiliyinə əsasən təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət təqibini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Lakin işdə olan sənədlərlə müəyyən edilir ki, Təqsirləndirilən şəxs tutulduqdan sonra hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə təmin olunmuş və ibtidai istintaq dövründə nə təqsirləndirilən şəxs, nə də onun müdafiəçisi yuxarıda göstərilən hallarla və ya digər hər hansı bir hallarla bağlı şikayətlə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər. Əksinə təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanının vəsatətinə Şirvan Şəhər Məhkəməsində (məhkəmə nəzarətini həyata keçirən məhkəmə) baxılarkən Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə özünü təqsirli bilib üzərində və evində aşkar olunmuş heroinin və elektron tərəzinin özünə məxsus olmasını bildirmişdir. Qeyd olunanlara əsasən məhkəmə müdafiə tərəfinin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs özünə qarşı verdiyi ifadənin məhz hədə-qorxu nəticəsində əldə edilməsinə dair dəlili əsassız hesab edir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməli törətməsi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin” olan maddə narkotik vasitədir. Heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs götürülmüş 42,735 qram narkotik vasitə olan heroin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmaqla külli miqdar təşkil edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs külli miqdarda heroin əldə etməsi heroinin bir hissəsini üzərində saxlamaqla yaşıdığı ərazidə küçədə daşıması, habelə yaşadığı evdə üzərində heroinin izlərin olan elektron təzənin aşkar edilməsi onun həmin maddəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama və daşıma kimi qiymətləndirilməsi üçün əsaslardan biridir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda heroini əldə etmiş, saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. İşdə olan, Şirvan Şəhər Məhkəməsinin 05 iyun 2022-ci il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli, tutulduğu vaxtdan-02 iyun 2022-ci il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan, Şirvan şəhər 1 №-li sahə İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 22 avqust 2022-ci il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Şirvan şəhəri, Neftçilər küçəsi, ev 55-də qeydiyyatda olmaqla, Şirvan şəhəri M.Mirzəyev küçəsində yerləşən fərdi yaşayış evində yaşamış və yaşıdığı yer üzrə qənaətbəxş (barəsində heç bir şikayət daxil olmamışdır) xarakterizə olunur. İşdə olan, AZ-İV 707061 №-li doğum haqqında şəhadətnamənin surəti ilə müəyyən edilir ki, X5 03 iyun 2020-ci il tarixdə anadan olmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağın olması CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun CMnin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cazanı yüngülləşdirən halı, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 02 iyun 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 93.1.2-ci maddəsi tətbiq edilməli o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunmalı və yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.1 və 132.1.4-cü maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Şirvan ŞPŞnin nin maddi sübutlar otağında saxlanılan 42,585 qram heroin və üzərində heroin izləri olan bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X2 X3 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza tədqiqatı xərcləri-60 (altmış) manat 80 qəpik Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 02 iyun 2022-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun və yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan və Şirvan Şəhər Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 42,585 qram narkotik vasitə olan heroin və üzərində heroin izləri olan 1 (bir) ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərcləri-60 (altmış) manat 80 qəpik məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-640/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-640/2022
22.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver