Məhkəmə qərarları › İş №1(099)-640/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-640/2023

16.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-640/2023 16.10.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi ilə hakimlər- Nəbiyev Cəlil Cabbar oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx xxxx 1985-ci il tarixdə Ağcabədi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Ağcabədi rayonu, Hindarx qəsəbəsində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə -CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs külli miqdarda, yəni təmiz çəkisi 8,814 qram narkotik vasitə olan heroini qəsdən satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib 2 ədəd şəffaf rəngli sellofan kəsiyi bükümündə üzərində daşıyaraq saxlamış, Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində 12 may 2023-cü il tarixdə Ağcabədi rayonu, Hindarx qəsəbəsi ərazisində, qəbirstanlığın yaxınlığında saxlanılaraq saat 17 radələrində Ağcabədi rayon Polis Şöbəsində üzərində şəxsi axtarış aparılan zaman, qəsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə edib, əynində olan qara rəngli gödəkçənin sol yan cibində daşıyaraq saxladığı 02 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş, ayrı-ayrılıqda çəkiləri 5,218 qram və 3,596 qram, ümumi təmiz çəkisi 8,814 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, yaşdığı Hindarx kəndindən çıxıb avtomobillə Ağcabədi rayonuna yollanarkən yolda saxlanılıb qoluna qandal vurulmuş, cibinə tanımadığı polis əməkdaşları tərəfindən nəsə qoyulduğunu hissə etmiş və rayon polis şöbəsinə aparılmışdır. Həmin vaxt ətrafda heç kim yox idi. Şöbədə üzərinə videoçəkilişlə şəxsi axtarış aparılmış, cibində iki büküm heroin aşkar olunmuşdur. Vəkilə cibinə narkotik qoyulması barədə heçnə deməmişdir. Həbs olunarkən bu barədə məhkəmədə də heçnə deməmişdir. Cibində aşkar olunan iki bükümdə heroin ona məxsus deyil. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, evinə keçirilən baxışda iştirak etmiş, yataq otağında müxtəlif dini kitablar, üzərində farsca yazı olan qara rəngli bayraq, müxtəlif şəxslərlə fotoşəkillər aşkar olunmuşdur. Dini kitablar, bayraq ona məxsus deyil, polis əməkdaşları tərəfindən evinə qoyulmuşdur. Əvvəllər heç vaxt polis şöbəsində olmamışdır. Polis şöbəsində ona hədə qorxu gəldikləri üçün istintaq zamanı etirafedici ifadələr vermişdir. Həmin ifadələri təsdiq etmir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai istintaq dövründə müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadələri elan olunmuş, o, həmin ifadələrində özünü təqsirli bilərək göstərmişdir ki, 10 may 2023-cü il tarixdə yaşadığı Ağcabədi rayonu Hindarx qəsəbəsində olan qəbirstanlığında kolluqların arasında iki büküm tapıb, içində narkotikin olmasını bilib cibinə qoymuş və unutmuşdur. 12 may 2023-cü ildə saat 17 radələrində polis əməkdaşları tərəfindən Hindarxda saxlanılmış və şöbəyə aparılmışdır. Şəxsi axtarış zamanı iki gün əvvəl qəbirstanlıqda tapdığı iki büküm heroini çıxarıb təqdim etmişdir. Heroinin çəkiləri ayrı-ayrılıqda 6,45 qram və 5,38 qram olmuşdur. Bundan sonra yaşadığı evə baxış keçirilmiş, onun yataq otağından güzgülü şkafın güzgüsünün üzərində asılmış, bir ədəd üzərində ərəb əlifbası ilə yazılar yazılmış qara parçadan olan bayraq, həmin güzgülü şkafın üzərindən ikisi ərəb əlifbası ilə olmaqla 3 ədəd dini kitab aşkar edilmişdir. Kitablardan birinin üzərində “şəri suallara cavablar” yazısı yazılmışdır. Baxış zamanı həmin güzgülü şkafın üzərindən ona məxsus olan 17 ədəd fotoşəkillər aşkar edilmişdir. O, heç bir sosial şəbəkədə heç bir adla qeydiyyatdan keçməmişdir. Sosial şəbəkələrdən istifadə etmir, Məcid adında iran vətəndaşını tanımır, onunla “whatsapp”da danışmamışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət iş üzrə dindirilmiş şahidlərin ifadələri, habelə tədqiq olunmuş ekspertizanın rəyləri, istintaq hərəkətinin protokolları, cinayət işində olan digər sənədlərlə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Ağcabədi rayon Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 12 may 2023-cü il tarixdə Ağcabədi rayonu Hindarx qəsəbə kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin saxlanması, satışı və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı əməliyyat qrupu yaradılmış, həmin gün təxminən saat 17 radələrində Nicat Ağcabədi rayonu, Hindarx qəsəbəsi ərazisində, yaşadığı evin yaxınlığında, küçədə saxlanılıb rayon polis şöbəsinə aparılmışdır. Müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 2 ədəd sellofan bükümləri çıxarıb təqdim etmişdir. Həmin sellofan bükümlərə baxış keçirilən zaman içərisində 6,45 və 5,38 qram olan heroin aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı Hindarx qəsəbəsində yerləşən evinə baxış keçirilmiş, onun yataq otağından güzgülü şkafın güzgüsünün üzərində asılmış, bir ədəd üzərində ərəb əlifbası ilə yazılar yazılmış bayraq, həmin güzgülü şkafın üzərindən ikisi ərəb əlifbası ilə olmaqla 3 ədəd dini kitab aşkar edilmişdir. Kitablardan birinin üzərində “şəri suallara cavablar” yazısı var imiş. Bundan başqa baxış zamanı həmin güzgülü şkafın üzərindən Təqsirləndirilən şəxs aid olan 17 ədəd fotoşəkillər aşkar edilmişdir. Şahid1 verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərinə heç kim tərəfindən narkotik vasitə qoyulmamış, narkotik onun özünə məxsus olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşı Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatlar üzrə eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə kimyəvi ekspertizasının 13 may 2023-cü il tarixli, 18/502 nömrəli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 2 ədəd sellofan kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 5,218 qram, 3,596 qram, ümumi təmiz çəkisi 8,814 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan ambulator məhkəmə narkoloji ekspertizasının 14 iyul 2023-cü il tarixli, 1183 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının 16 may 2023-cü il tarixli, 284 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı xroniki pisixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir, öz hərəkətlərini ölçübbiçmək və ona rəhbərlik etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür və onun məcburi müalicəyə ehtiyacı yoxdur. Hal-hazırda öz hərəkətlərini ölçüb-biçib ona rəhbərlik etmək iqtidarındadır. O, cinayət əməli törədərkən və hal-hazırda hər hansı psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmiş, hadisəni düzgün qavrayıb, düzgün ifadə vermək qabiliyyətindədir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan 12 may 2023-cü il tarixli «şəxsi axtarış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən iki ədəd sellofan kəsikli ayrı-ayrılıqda 6,45 və 5,38 qram heroini təqdim edir. İş materiallarında olan Ağcabədi rayon poliklinikasının xx.xx.2023-cü il tarixli, 578 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs nevroloji və narkoloji kabinetlərdə qeydiyyatda dayanmır. İş materiallarında olan əməliyyat tapşırığının cavabından görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmədiyi müəyyən olunmaqla bərabər, onun üzərindən aşkar edilən narkotik vasitəni satış məqsədi ilə üzərində saxlaması barədə məlumat daxil olmuşdur. Bundan başqa qeyd edilən İran İslam Respublikası vətəndaşı Məcid adlı (və ya ləqəbli) şəxsin kimliyini müəyyən etmək mümkün olmamışdır. 17 iyul 2023-cü il tarixli qərarla Nicat Cəfəroun üzərinə aşkar olunmuş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 8,714 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Ağcabədi RPŞ-yə təhvil verilmişdir. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs, əvvələr məhkum olunmamışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünün müdafiəsi üçün dəlillər gətirərək saxlanılan zaman üzərində heç bir narkotik vasitənin olmadığını, heroinin üzərinə polis əməkdaşları tərəfindən qoyulduğunu, polis şöbəsində təzyiqlərə məruz qaldığı üçün məcbur olub qeyd olunan çəkidə üzərində aşkar olunmuş heroinin özünə məxsus olmasını yalandan etiraf etdiyini göstərmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi bu dəlillərə tənqidi yanaşaraq bu ifadələri işin obyektiv hallarına uyğun olmayan, cinayət məsuliyyətindən yayınmaq, özünü müdafiə etmək məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və onun ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Təqsirləndirilən şəxsin ona qarşı polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qaldığı üçün ibtidai istintaq zamanı etirafedici ifadələr verməsi ilə bağlı irəli sürdüyü dəlillərə məhkəmə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 449.1,449.1.1. 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrin məzmununa görə təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq başlandığı ilk gündən istintaq başa çatanadək izahatında, şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələrində hər hansı bir şəxs tərəfindən zorakılığa məruz qalması, üzərinə narkotikin polis əməkdaşları tərəfindən qoyulması ilə bağlı heç yerə şikayət etməmiş, ümumiyyətlə ifadələrində bu xüsusatla bağlı hər hansı bir fikir irəli sürməmişdir. Məhkəmədə tədqiq olunmuş videoçəkilişlərdən də görünür ki, vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs qara rəngli gödəkçəsinin cibindən iki büküm heroini çıxarıb təqdim edərək narkotikin özünə məxsus olduğunu etiraf edir, narkotikin üzərinə polis əməkdaşları tərəfindən qoyulması və ya hədə-qorxuya məruz qalaraq polis əməkdaşları tərəfindən döyülməsi və ya təzyiqlərə məruz qalması ilə bağlı hər hansı bir dəlil irəli sürmür. Odur ki, məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı özünə qarşı verdiyi etirafedici ifadələrin məhz təzyiqlər nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, N-30364/09, && 42-43? 12 noyabr 2013;Məmmədov Azərbaycana qarşı, N-12 /11/2013, &&23-27? 11 yanvar 2007). Həmçinin, Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşları tərəfindən heroinin qoyulması ilə bağlı göstərdiyi xüsusat ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadələri ilə yanaşı videoçəkilişlə aparılan üzərinə şəxsi axtarış və götürmə aparılması haqqında istintaq hərəkətinin protokolu, habelə məhkəmədə dindirilmiş şahidlərin ifadələri və digər sübutlarla təkzib olunur. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya edildiyini təsdiq etmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün təqsirləndirilən şəxsin məhkəmədə tədqiq edilmiş ibtidai araşdırma dövründə verdiyi etirafedici ifadələri ilə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə yuxarıda qeyd olunan verdiyi etirafedici ifadələrini, habelə şahidlərin ifadələrini, eskpertizanın rəylərini, “şəxsi axtarış və götürmə aparılması” haqqında protokolu, əməlini etiraf etməsinə dair videoçəkilişləri və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlərin olunması və üzərinə narkotik vasitənin qoyulmasına dair gətirdiyi dəlil əsassız hesab edilməlidir. Bununla da, Təqsirləndirilən şəxs üzərində iki bükümdə külli miqdarda heroinin aşkar edilməsi, təqsirləndirilən şəxsin həqiqətən də narkotik vasitələri qanunsuz əldə etməsi, saxlaması, daşıması və satması ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə əsas verir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən beynəlxalq adı olan heroin narkotik vasitədir. Heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinin ikinci və 11-ci bəndinin dördüncü abzaslarına əsasən «Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması məhkəmədə tədqiq olunmuş sübutlarla təsdiq olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmiş və onun bu əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Buna görə də, ona həmin maddədə qanunla müəyyən edilmiş qaydada cəza təyin olunmalıdır. 12 may 2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün cinayət törətməsində şübhəli şəxs qismində tutulmuş, 14 may 2023-cü il tarixdə CM-nin 234.4.3-cü maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək Ağcabədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 12 may 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan 17 may 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində arvadı Səkinə Kərimova, 2006-cı il təvəllüdlü qızı Nərgiz, 2009-cu il təvəllüdlü oğlu Nihat və 2017-ci il təvəllüdlü qızı Zəhra vardır. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə qənaətbəxş xarakterizə olunur. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 234.4.3-cü maddəsi “ağır” cinayətlər kateqoriyasına aiddir. Həmin maddənin sanksiyasında beş ildən on iki ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hallar əhalinin sağlamlığına ciddi zərər vurur. Təqsirləndirilən şəxs törətdiyi əməlin ictimai təhlükəli olduğunu dərk etmiş, ictimai təhlükəli nəticələrini görmüş və bunları arzu etmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və təyin olunmuş cəza çəkilməlidir. CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-nin 158.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxslərin həbsdə saxlanıldıqları müddət cəza müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 12 may 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Ağcabədi RPŞ-də saxlanılan qalıq çəkisi 8,714 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmə aparılmasına dair 1 ədəd CD disk isə cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 149 manat 74 qəpik manat təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə məsələsinə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə həmin Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2 maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Hazırkı iş üzrə isə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Cinayət prosessual qanunvericiliyinə əsasən mülki iddiaya miqdarından asılı olmayaraq cinayət işinin aid olduğu məhkəmədə, həmin işlə birlikdə baxılır (mad.187.1). Hazırkı cinayət işi üzrə isə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 12 may 2023-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Ağcabədi Rayon Polis Şöbəsində saxlanılan 8,714 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd disk cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 149 manat 74 qəpik təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxslərə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Müşfiq Məmmədov Cəlil Nəbiyev Cavid Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar