Məhkəmə qərarları › İş №1(099)-642/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-642/2023

06.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-642/2023 06.11.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 07 avqust 1985-ci ildə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, Ağdam şəhəri, Füzuli küçəsi. döngə 3, ev 3-də qeydiyyatda olmaqla, Ağcabədi rayonu, 556 saylı qəsəbə, bina 8, ev 51-də yaşamış, barəsində 15 may 2023-cü ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridaxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan külli miqdarda – 01 ədəd sellofan bükümündə təmiz çəkisi 5,260 qram çəkidə olan narkotik vasitə heroini əldə edib, üzərində saxlamaqla daşımış, 13 may 2023-cü ildə saat 15:20-də Ağcabədi rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Ağcabədi rayonu, 556 saylı qəsəbədə yerləşən çayxanının yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman üzərində daşıdığı qeyd olunan çəkidə və bükümdə narkotik vasitə heroin əynindəki qara rəngli şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, tutulana kimi iki ildir narkotik vasitə marixuanadan istifadə etmişdir. 13 may 2023-cü ildə saat 14 radələrində evinin qarşısında olarkən mülki geyimli polis əməkdaşları tərəfindən avtomobilə mindirilərək rayon polis şöbəsinə aparılmış, şöbədə Şahin adlı polis əməkdaşı ailəsini təhdid etməklə cibinə narkotik vasitə qoyaraq ona məxsus olduğunu demiş, üzərində heç vaxt narkotik vasitə gəzdirməmiş, cibində olan narkotik vasitəni polis əməkdaşı onun cibinə qoymuş, şöbədə ona təsir-təzyiq göstərildiyini bildirib məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu ifadələri ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmədə elan edilməklə tədqiq olunarkən müəyyən olunur ki, Təqsirləndirilən şəxs heç bir təsirtəzyiq göstərilmədən müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilən zaman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ətraflı ifadələr verərək göstərmişdir ki, 12 may 2023-cü ildə balıq tutmağa gedərkən kanalın ətrafında siqaret qutusunun içərisində 01 ədəd sellofan bükümdə narkotik maddə heroin olduğunu görüb öz istifadəsi üçün götürərək şalvarın sağ yan cibinə qoymuş, 13 may 2023-cü ildə yaşadığı evin yaxınlığında olarkən polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparılmış, şöbədə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilərkən üzərində olan bir ədəd sellofan bükümü çıxarıb onlara təqdim edərək içində narkotik vasitə heroin olduğunu bildirmiş, həmin sellofan büküm polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilmiş və çəkisi 5,56 qram olmuş, sonra protokol yazılaraq orada iştirak edən şəxslər, o cümlədən onun tərəfindən imzalanmışdır. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsini məhkəmə istintaqında dindirilmiş digər şəxslərin ifadələri ilə müqayisə etməklə qiymətləndirərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətə görə ona ittiham verildiyi Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Ağcabədi Rayon Polis Şöbəsində CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 şahid qismində dindirilərkən istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 13 may 2023-cü ildə Ağcabədi rayonu, 556 saylı qəsəbədə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi, üzərində gəzdirməsi və satışı ilə məşğul olması barədə icraatına daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış, Təqsirləndirilən şəxs həmin gün saat 15 radələrində qəsəbədə yerləşən çayxananın qarşısında saxlanılaraq polis şöbəsinə aparılmış, şöbədə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla sonuncunun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofan kəsiyi bükümünü çıxarıb onlara təqdim etmiş, sellofan bükümün içərisində narkotik vasitə heroinə oxşar kütlə olmuş, həmin kütlə qablaşdırılaraq götürülmüş, sonra polis əməkdaşı tərəfindən protokol yazılaraq orada iştirak edən şəxslər, eləcə də Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilən kütlənin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni tapdığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparılarkən, eləcə də üzərinə baxış keçirilərkən ona qarşı təzyiq - təsir göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 da Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan “şəxsi axtarış və götürmə haqqında” 13 may 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən ona üzərində hər hansı qanunsuz əşya və ya predmet, narkotik vasitə və ya psixotrop maddə olub-olmaması barədə təklif edilərkən Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan kəsiyi bükümü çıxarıb təqdim etmiş, bükümə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli, toz halında narkotik vasitə olan heroinə oxşar kütlər olması müəyyən edilmiş, bir ədəd bükülü elektron tərəzidə çəkilmiş, çəkisi sellofan bükümlə birlikdə 5,56 qram olmuş, sonra dur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilən kütlənin narkotik vasitə heroin olmasını, onu tapmasını və üzərində saxlamaqda məqsədinin istifadə etmək olmasını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan qara rəngli şalvarın sağ yan cibindən 5,56 qram narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilərək götürülmüş və aşkar olunduğu qaydada qablaşdırılaraq üzəri DİN-in 143 saylı möhürü ilə möhürlənmişdir. İş materiallarına əlavə edilmiş Ağcabədi Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsin 15 iyul 2023-cü il tarixli, 821 saylı arayışından görünür ki, Abbasov X2 rayon mərkəzi xəstəxanası Publik hüquqi şəxsin Poliklinika şöbəsinin ruhi-əsəb və narkoloji kabinetində dispanser qeydiyyata alınmamışdır. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 14 may 2023-cü il tarixli, 18/510 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki bir ədəd kağız bükümdə təmiz çəkisi 5,260 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (İ siyahı). Aşkar edilmiş heroinin təmiz çəkisi -5,260 qram, tədiqata sərf edildi -0,05 qram, qalıq çəkisi - 5,210 qram təşkil edir. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 14 iyul 2023-cü il tarixli, 1184 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan ambulator məhkəmə–psixiatrik ekspertizasının 16 may 2023cü il tarixli, 288 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs halhazırda hər hansı xroniki pisixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Bunu cinayət işi materialları, həmin cinayət işindəki verilmiş ifadələr, tibbi sənədlər (Ağcabədi RMX PHŞ-dən verilmiş xx.xx.2023-cü il tarixli 399 saylı arayış), anamnestik məlumatlar və hal-hazırdakı psixiatrik müayinələrin nəticələri sübut edir. Təqsirləndirilən şəxs öz hərəkətlərini ölçüb-biçmək və ona rəhbərlik etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür və onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini ölçüb-biçib ona rəhbərlik etmək iqtidarındadır. Təqsirləndirilən şəxs cinayət əməli törədərkən və hal-hazırda hər hansı psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs hadisəni düzgün qavrayıb, düzgün ifadə vermək qabiliyyətindədir. İş materiallarında olan Ağcabədi rayon məhkəməsinin 16 may 2023-cü il tarixli 5(017)-88/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbirləri barədə Ağcabədi rayon polis şöbəsinin CAB-ın əməliyyat müvəkkili, polis mayoru Şahid1 13 may 2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir. İş materiallarında olan qərardan görünür ki, ekspertiza tədqiqatından sonra maddi sübut kimi tanınan 1 ədəd bükümdə, ayrı-ayrı çəkilərdə, ümumilikdə təmiz qalıq çəkisi 5,260 qram narkotik vasitə heroin Ağcabədi rayon polis şöbəsində saxlanılır, 01 ədəd CD diskdə olan videogörüntü isə cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici və şahidlərin isə təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq həmin ifadəyə məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək hesab edir ki, həmin ifadə obyektiv olmayıb işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə olan heroin miqdarına görə “külli miqdar” kimi qiymətləndirilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin tövsifi məsələsini müzakirə edərək onun hərəkətini Azərbaycan Respublikası CM-in 234.1-1-cü maddəsinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddələrlə tövsif edilməsini əsaslı sayır. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Məhkəmə cinayət qanunvericiliyinin tələblərinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, eyni zamanda təyin ediləcək cəzanın əvvəlinin onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni – 13 may 2023-cü ildən hesablanmasını əsaslı sayır. Belə ki, iş materiallarında olan Ağcabədi rayon məhkəməsinin 15 may 2023-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli 13 may 2023-cü ildən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanlımalıdır. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdam şəhəri, Füzuli küçəsi, döngə 3, ev 3-də qeydiyyatda olmaqla, Ağcabədi rayonu, 556 saylı qəsəbə, bina 8, ev 51-də heç bir yerdə işləməyən arvadı, bir azyaşlı və yetknilik yaşına çatmayan iki uşağı ilə birgə orada yaşamış və yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən qanunla müəyyən olunmuş qaydada, eyni zamanda heç bir yerdə işləməyən arvadının, yetkinlik yaşına çatmayan iki uşağının olmasını və ilk məhkumluğunu Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Ağcabədi rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra 1 ədəd bükümdə, təmiz qalıq çəkisi 5,260 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və 01 ədəd CD diskdə olan videogörüntü cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri olan 49 (qırx doqquz) manat 74 qəpik Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni 13 may 2023-cü ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Ağcabədi rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra 1 ədəd bükümdə, təmiz qalıq çəkisi 5,260 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd CD diskdə olan videogörüntü cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertiza xərci olan 49 (qırx doqquz) manat 74 qəpik Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan iyirmi gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Cəlil Nəbiyev 2 . Cavid Səfərli

3. Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar