Məhkəmə qərarları › İş №1(099)-643/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-643/2024

11.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-643/2024 11.10.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi, Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1976-cı ildə Ağcabədi rayonu Hindarx qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, Ağcabədi rayonu Hindarx qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda, yəni 4292,704 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə etmiş, daşımış, bir hissəsini yaşadığı Ağcabədi rayonu Hindarx qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətindəki yardımçı tikilidə, bir hissəsini isə üzərində saxlamış, bu barədə daxil olmuş əməliyyat məlumatı əsasında Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilməklə 24 mart 2024-cü il tarixdə saat 16:30 radələrində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılmaqla yaşadığı evə özünün iştirakı ilə baxış keçirilərkən evinin həyətindəki yardımçı tikilinin tavanından asılmış plastik qutunun içərisindəki bir ədəd sarı rəngli sintetik torbanın içərisindən 03 ədəd qara rəngli polietilen torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri 2065 qram, 2025 qram, 200 qram-ümumi çəkisi 4290 qram xüsusilə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, sonra isə Ağcabədi Rayon Polis Şöbəsinə aparılarəq saat 18:40 radələrində üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd bükümdə 2,704 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, 24 mart 2024-cü il tarixdə gecə saat 01 radələrində Ağcabədi rayonu Hindarx qəsəbəsində yerləşən evində yatdığı zaman polis əməkdaşları onun evinə gəlmiş, onu götürüb Ağcabədi Rayon Polis Şöbəsinə aparmışlar. Ona şöbədə oxuya bilmədiyi bir kağıza imza etdirmişlər. Onu döyüb təzyiq göstərmişlər. Onu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məsuliyyətə verəcəklərini vəd etdiklərinə görə də razılaşıb sənədlərə imza etmişdir. Sonra polis işçiləri onu yenidən evinə qaytarmışlar. Bu zaman polislər qoltuqlarının altında torba gətirmişlər. Ailə üzvlərini evdən çıxarmışlar. Özləri ilə gətirdikləri torbanı onun evinə qoymuşlar. O, narkotik vasitədən isdifadə edəndir, amma polis işçiləri tərəfindən saxlanılarkən üzərində və yaşadığı evdə narkotik vasitə olmamışdır. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində özünü elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, təxminən 5 ildir ki, narkotik vasitə olan heroindən istifadə edir. O, Bakı şəhərində olan zaman narkotik vasitələrin satışını həyata keçirən İran vətəndaşının nömrəsini tanımadığı şəxsdən əldə etmiş, həmin şəxsin nömrəsi + 98 914 *** **** olmuş və həmin şəxs ilə yalnız vhatsapp proqramında danışmışdır. Onun vhatsapp işləyən mobil telefonu işləmədiyi üçün bir neçə gün əvvəl qonşusu X2 çağırmış və Nazim bayıra çıxdıqdan sonra Nazim ilə görüşmüş və Nazimdən smartfon telefonunu ona verməsini və dostunun nömrəsini kontakta yazıb həmin şəxslə danışacağını Nazimə bildirmişdir. Nazim telefonunu ona vermiş və o da yuxarıda qeyd etdiyi nömrəni həmin telefonun kontaktına yazaraq adını bilmədiyi İran İslam Respublikasının vətəndaşı ilə vhatsapda danışmış və ona 5 kiloqram heroin təşkil etməsini demişdir. O əvvəllər bir neçə dəfə həmin İran vətəndaşından heroin alıb satmış və gəlir əldə etmişdir. Həmin şəxs əvvəllər heroini aeroport yolunda müxtəlif yerlərə qoymuş və ona konum atdıqdan sonra gedib həmin narkotik vasitəni götürmüşdür. Narkotik vasitənin pulunu da həmin şəxsin ona göndərdiyi adını və nömrəsini xatırlamadığı kart hesabına göndərmişdir. Həmin İran vətəndaşı ona heroini Zabrat qəsəbəsi ərazisinə qoyacağını və ona konum atacağını dediyi üçün o, Nazim Abbasquliyevə taksi fəaliyyəti ilə məşğul olduğu üçün yol pulunu verməsi müqabilində onu Bakı şəhərinə aparıb gətirməsini xahiş etmişdir. Nazim Abbasquliyev onunla razılaşaraq onu Bakı şəhərinə aparmışdır. Onun həmin yerdən narkotik vasitə götürəcəyindən Nazim Abbasquliyevin məlumatı olmamışdır. Bakı şəhər Zabrat qəsəbəsi ərazisində ona atılan konum yerinə gedib sarı rəngli torbada olan heroini götürmüş və həmin torbada 03 ədəd qara sellofana bükülmüş, yapışqan lentlə bağlanmış heroin bağlamalar olmuşdur. O, heroini götürüb avtomobilə əyləşmiş və Nazim Abbasquliyev onu Ağcabədi rayon Hindarx qəsəbəsi ərazisində yerləşən məktəbin qarşısında saldıqdan sonra o gətirdiyi torbanı yaşadığı evin həyətdəki əl damında gizlətmişdir. Onun heroini gizlətməkdə məqsədi qramla düzəldib satmaq olmuş və həmin heroindən az bir hissəsini şəffaf rəngli bükümə qoyub özü istifadə etmək üçün üzərində saxlamışdır. xx.xx.2024-cü il tarixdə evdə olarkən həyət qapısı döyülmüş və küçəyə çıxanda küçədə bir neçə nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmiş və bundan sonra ona narkotik vasitə istifadə etməyində, yaşadığı ünvanda saxlamaqda və satışında şübhəli olduğunu deyib yaşadığı ünvana təxirəsalınmaz baxış keçiriləcəklərini bildirmişlər. O, polis əməkdaşlarına heç bir etiraz etməmişdir. Baxış zamanı o, yaşadığı ünvanda narkotik vasitə saxladığını etiraf edib həyətindəki əl damında gizlətdiyi içərisində heroin olan sarı rəngli sintetik torbanı olis əməkdaşlarına təqdim etmişdir. Həmin torbanın içərisində olan üç ədəd hər birinin içərisində narkotik vasitə heroin olan kütlələr elektron tərəzidə çəkilmişdir. Daha sonra narkotik vasitələri ölçmək üçün saxladığı iki ədəd elektron tərəzi də götürülmüşdür. Bundan sonra onu polis şöbəsinə aparmışlar. Polis şöbəsində müdafiəçinin iştirakı ilə üzərində keçirilən şəxsi axtarış zamanı üzərində olan qara rəngli gödəkcənin sağ yan cibində saxladığı bir ədəd sellefon kəsiyi bükümdəki heroini təqdim etmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş və götürülmüşdür. Üzərindən başqa cinayət xarakterli əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs cinayət əməli özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında şahid kimi dindirilən Şahid1 göstərdi ki, Ağcabədi Rayon Polis Şöbəsində Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 24 mart 2024-cü il tarixdə Ağcabədi rayonu Hindarx qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evdə və üzərində narkotik vasitələr saxlaması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Təxirəsalınmaz qaydada əməliyyat-axtarış tədbirləri həyata keçirilməklə 24 mart 2024-cü il tarixdə saat 16:20 dəqiqədə Təqsirləndirilən şəxs yaşadığı Ağcabədi rayon Hindarx qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evinə getmişlər. Təqsirləndirilən şəxs narkotik vasitələrin külli miqdarda saxlanılmasında, gəzdirməkdə və satışında şübhəli olduğunu bildirib, evinə baxış keçirilməsinə etirazının olub-olmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs evinə və həyətyanı sahəsinə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını bildirərək ərizə verdikdən sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində olan yardımçı tikilidə narkotik vasitə heroin saxladığını bildirmişdir. Həmin tikilinin kilidini açaraq içərisində tavandan asılmış vəziyyətdə olan yeşiyin içərisindən sarı rəngli sintetik torbanı təqdim etmişdir. Torbanın içərisinə yerləşdirilən 03 ədəd ayrı-ayrı polietilen torba, iki ədəd elektron tərəzi, bir ədəd qayçı və çoxlu sayda ağ rəngli sellofan kəsikləri aşka olunmuşdur. Qayçı vasitəsi ilə həmin bükümlər kəsildikdə bükümlərin içərisində qəhvəyi rəngli, spesfik iyə malik narkotik vasitə heroinəbənzər kütlələr olması müəyyən edilmişdir. Aşkar edilən kütlələr qablaşdırılmış, üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Sonra Təqsirləndirilən şəxs rayon polis şöbəsinə aparılmış, şübhəli şəxs kimi tutulmuş, üzərində müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd sellofan kəsiyi bükümünü çıxarıb stolun üzərinə qoymuşdur. Həmin sellofan kəsiyi bükümünün içərisinə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli, spesfik iyə malik narkotik vasitə olan heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkildikdən sonra götürülmüşdür. Təqsirləndirilən şəxs qarşı heə bir təzyiq-təsir göstərməmişlər. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid2 göstərdi ki, Ağcabədi Rayon Polis Şöbəsində Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Hindarx qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat müvəkkili Şahid1 rəhbərliyi ilə əməliyyat-axtarış tədbirləri həyata keçirilməklə qrup üzvləri ilə birlikdə 24 mart 2024-cü il tarixdə saat 16:20-də Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə getmişlər. Təqsirləndirilən şəxs narkotik vasitələrin külli miqdarda saxlanılmasında şübhəli olduğunu bildirib, evinə baxış keçirməli olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs evinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində olan yardımçı tikilidə narkotik vasitə olan heroin saxladığını bildirərək həmin tikilinin kilidini açaraq yardımçı tikilinin içərisində tavandan asılmış vəziyyətdə olan yeşiyin içərisindən sarı rəngli sintetik torbanı təqdim etmiş, daha sonra onun tərəfindən həmin torbanın içərisinə baxış keçirilmişdir. Torbanın içərisinə yerləşdirilən 03 ədəd ayrı-ayrı polietilen torba, iki ədəd elektron tərəzi, bir ədəd qayçı və çoxlu sayda ağ rəngli sellofan kəsikləri aşkar olunmuşdur. Sonra Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilmiş, şəxsi axtarış zamanı o, əynindəki gödəkcənin sağ yan cibindən 01 ədəd sellofan kəsiyi bükümünü çıxarıb stolun üzərinə qoymuşdur. Həmin sellofan kəsiyi bükümünün içərisinə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli, spesfik iyə malik narkotik vasitə heroinəbənzər kütlə olması müəyyən edilmişdir. Həmin maddə tərəzidə çəkilib götürülmüşdür. Baxış keçirilməsi barədə 24 mart 2024-cü il tarixli protokoldan və protokola əlavə olunmuş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərkən o, evin həyətindəki yardımçı tikilinin tavanından asılmış plastik qutunun içərisində saxladığı bir ədəd sarı rəngli sintetik torbanın içərisindən 03 ədəd polietilen torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri 2065 qam, 2025 qram və 200 qram çəkilərdə narkotik vasitə heroinəbənzər maddələri təqdim etmişdir. Həmin tarixli şəxsi axtarış keçirilməsi barədə protokoldan və protokola əlavə olunmuş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs əynindəki gödəkçənin cibindən bir ədəd bükümdə narkotik vasitə heroinəbənzər maddəni təqdim etmişdir. Materialların məhkəmə ekspertizasının 25 mart 2024-cü il tarixli, 18/320 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 2.704 qram olan, qəhvəyimtil rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs evinin həyətindəki yarımtikilidən götürülmüş 03 ədəd qara rəngli polietilen torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri 2065,0 qram, 2025,0 qram və 200 qram-ümumi çəkisi 4290 qram olan qəhvəyimtil rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar edilmiş narkotik vasitə heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Məhkəmə-narkoloji ekspertizasının 28 iyun 2024-cü il tarixli, 1135 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Ağcabədi Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbirləri barədə Ağcabədi Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 24 mart 2024-cü il tarixli qərarı və həmin qərar əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri barədə məlumat qanuni hesab edilmişdir. Məhkəmə-psixatrik ekspertizasının 15 may 2024-cü il tarixli, 334 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik yoxdur, ona istinad edilən cinayət əməlini törədərkən anlaqlı olmuş, əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür və onun məcburi müalicəyə ehtiyacı yoxdur. «Ağcabədi Rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsin tibbi arayışından görünür ki, Təqsirləndirilən şəxs poliklinika şöbəsinin ruhi-əsəb kabinetlərində qeydiyyatda durmur, narkoloji kabinetdə isə xx.xx.2019-cu il tarixdən dispanser qeydiyyatındadır. Cinayət işinə əlavə olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağcabədi Rayon Məhkməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il 09 ay 17 gün müddətə azadlıqdan məhrum edilmiş, xx.xx.2022-ci ildə cəzanın sonu ilə azad olunmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində azyaşlı uşağı yoxdur. Təqsirləndirilən şəxs yaşayış yerindən verilmiş eyni tarixli xasiyyətnamədə müsbət səciyyələnir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək Təqsirləndirilən şəxs qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitə heroini əldə edərək saxlaması və daşıması, əməlində cinayət tərkibinin və cinayət hadisəsinin olması, təqsirlililiyi kifayət qədər sübuta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək Təqsirləndirilən şəxs onun üzərində və yaşadığı evində narkotik vasitə heroin olmaması, evinə və üzərinə heroinin polis əməkdaşları tərəfindən qoyulması barədə ifadəsini özünü müdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir, onun ibtidai istintaqda verdiyi ifadəsini daha obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 234.4-1-ci maddəsi ilə düzgün tövsif olunmuş və ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları müəyyən etmədi, onun əməlində cinayətlərin residivinin olmasını isə CM-nin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, əməlində cinayətlərin residivi olduğundan və xüsusilə ağır cinayət törətməyə görə məhkum olunduğundan CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 24 mart 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs tibbi xarakterli məcburi tədbir tədbiq edilməklə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə maddi subut kimi tanınmaqla Ağcabədi Rayon Polis Şöbəsində saxlanılan 4292,304 qram narkotik vasitə heroin, 02 ədəd elektron tərəzi məhv edilməli, 01 ədəd «Nokia» markalı mobil telefon Təqsirləndirilən şəxs ailəsinə verilməlidir. Cinayət işinin materiallarına əlavə olunmuş istintaq hərəkətləri barədə 03 ədəd DVD disklər cinayət işində saxlanılmalıdır. İş üzrə ekspertiza xərci 31,95 (otuz bir manat doxsan beş qəpik) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib ona cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı 24 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi subut kimi tanınmaqla Ağcabədi Rayon Polis Şöbəsində saxlanılan 4292,304 qram narkotik vasitə heroin, 02 ədəd elektron tərəzi məhv edilsin, 01 ədəd «Nokia» markalı mobil telefon Təqsirləndirilən şəxs ailəsinə verilsin. Cinayət işinin materiallarına əlavə olunmuş istintaq hərəkətləri barədə 03 ədəd DVD disklər cinayət işində saxlanılsın. İş üzrə ekspertiza xərci 31,95 (otuz bir manat doxsan beş qəpik) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar