Məhkəmə qərarları › İş №1(099)-644/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(099)-644/2023

26.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(099)-644/2023 26.12.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi-X13, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri- Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2, Cəlilabad Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 və Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxxxx 1999-cu ildə İmişli rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, İmişli şəhəri, Ş.Qurbanov küçəsi, ev 22 ünvanında qeydiyyatda olmaqla yaşamış, 29 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, İmişli Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli, 4(036)-23/2023 nömrəli qərarı ilə barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 234.1-1 maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs barəsində istintaq olunmuş cinayət işinin ittiham aktının nəticəvi hissəsində göstərilmişdir ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 2,124 qram, yəni külli miqdarda narkotik vasitə olan heroin əldə edib üzərində saxlamaqla daşımış, 29 mart 2023-cü il tarixdə saat 15:50 radələrində İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində İmişli şəhəri, H.Əliyev prospektində «Rəsul» marketin qarşısında saxlanılaraq İmişli şəhəri, H.Əliyev prospekti 127 ünvanında yerləşən İmişli Rayon Polis Şöbəsinin inzibati binasına gətirildikdən sonra saat 16:20 radələrində orada üzərində şəxsi axtarış aparılarkən gödəkçəsinin sağ cibində 1 ədəd «Prima» markalı siqaret qutusunun içərisindən 1 ədəd kağız bükümdə 2,012 qram, 1 ədəd yuxarı hissəsi sındırılmış şüşə ampulanın içərisində 0,112 qram olmaqla, külli miqdarda-2,124 qram çəkidə narkotik vasitə heroin və üzərində heroinin izləri olan 2 ədəd 1 ml-lik şpris aşkar edilərək götürülmüşdür. Bu səbəbdən də, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1 maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş və cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -«təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında» 29 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ətrafinda təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmişdir.(cild 1, i.v.5) -«cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında» 29 mart 2023-cü il tarixli protokoldan görünür ki, Cavidan Qasımli 29 mart 2023-cü il tarixdə saat 16:15-də şübhəli şəxs qismində tutulmuşdur.(cild 1, i.v.24-25) -«şəxsi axtarış aparılması barədə» 29 mart 2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində narkotik vasitə və ya qanunla saxlanılması, gəzidirilməsi və ya daşınması qadağan olunmuş hər hansı bir əşya, predmet, narkotik vasitə varsa təqdim etsin. Bundan sonra şəxsi axtarış davam etdirilmiş və Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sağ cibindən 1 ədəd prima markalı siqaret qutusu, onun içərisində 2 ədəd şpirsi, 1 ədəd baş hissəsi qırılmış vəziyyətdə olan ampula və 1 ədəd içərisində narkotik vasitə heroinə bənzər kütlə olan siqaretin gümüşü rəngli kağızına bükülmüş büküm aşkar edilərək götürülmüşdür. Protokolda foto və ya videoçəkilişin aparılması barədə heç bir qeyd yazılmamışdır. (cild 1, i.v.26-27) -«məhkəmə kimyəvi ekspertizası»nın 30 mart 2023-cü il tarixli, 18/377 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində «...Təqsirləndirilən şəxs üstündən...» sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd kağız kəsiyi bükümdə təmiz çəkisi- 2,012 olan maddə küstar üsulla hazırlanmış narkotik vasitə heroindir; 1 ədəd yuxarı hissəsi sındırılmış şüşə ampulanın içərisində təmiz çəkisi-0,112 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 2 ədəd 1 ml-lik şpirsdə narkotik vasitə heroinin izi vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xarici-mikroçəki) və bu səbəbdən də müqayisəli tədiqatın aparılması mümkün olmadığından iz mikrohissəciklərinin miqdarını və digər maddə ilə eyni tərkibli olubolmadığını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş 1 ədəd yuxarı hissəsi sındırılmış şüşə ampulanın içərisindəki maddə istifadə (inkesiya) üçün hazırlanarkən tərkibində yarana bildiyinə görə digər maddə ilə eynlik tədqiqatı aparılmır. Heroin-2005-ci il 28 iyun tarixli Azərbaycan Respubliksının Qanunu ilə təsdiq edilmiş «Azərbyacan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»- in siyahasına (Siyahı İ) daxildir. Qeyd:Heroinin ümumi çəkisi-2,124 qr., cəmi tədqiqata sərf edildi-0,1 qr(hər bo-0,05qr), qalıq-2,024 qr. (cild 1, i.v.34-38) -«təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında» 31 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (cild 1, i.v.46-47) -İmişli Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli, 4(036)-23/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir.(cild 3, i.v.213-215) -Şirvan Apellyasiya Məhkəməsinin 07 aprel 2023-cü il tarixli, 4(106)-39/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair İmişli Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli qərarı təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır.(cild 4, i.v.2-6) -«Azercell MMC-dən daxil olan diskə baxış keçirilməsi haqqında» 1 may 2023-cü il tarixli protokoldan görünür ki, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələrin Təqsirləndirilən şəxs adına qeydiyyatda olduğu müəyyən edilmişdir. Həmçinin diskə baxış zamanı, 25 may 2022-ci il, saat 10:11-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə «Ramin menem cavidan bidenen 20 manat var vezyet pisdi yarı əmələ gəlir?» məzmunlu qısa mesaj vadır. 31 may 2022-ci il, saat 21:50-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə «Yetim vəzyətdən çıxmağlığ nəyünsə yoxdu? 4 5 tüstü.» məzmunlu, 13 fevral 2021-ci il, saat 17:06-da ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə «Acma neyniyirsən get yaxşı kakos çək yeri e burdan sənən adam olmaz» məzmunlu, 12 sentyabr 2021-ci il, saat 05:04-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə «Qaqa pulum düzdü gəlim arxaya bi yarı ver mənə» məzmunlu, 31 mart 2021-ci il, saat 17:49-da ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə «ə ver mənə səncanı qaqa onu təmiz 05 elə» məzmunlu, 18 may 2022-ci il, saat 18:53-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə «Qaqa mawinda danwa bilmirem 28 manat puldu 23 yari 5 pati veresen qaqa ama sen canun yaxwidisa ver canu yiyerem qaliq qalarsa sabax vererem 10 pati verse» məzmunlu, 24 yanvar 2022-ci il, saat 22:45-də ***-***- **-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrəyə «Hardasan ehdiyyatı ol orda olan usaqlar polisin sukasdir masunua zibil atarlar» məzmunlu, 30 yanvar 2022-ci il, saat 13:45də, ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə «Seni güdürlər tutacaqlar bədbəxt» məzmunlu, 29 yanvar 2022-ci il, saat 00:14-də ***-***-**-** saylı mobil nömrəyə, ***-***-**-** saylı mobil nömrədən «Bu gün tutulassan artiq sonvndu hejete gelsen tutulasan narkaman» məzmunlu, 9 aprel 2022-ci il, saat 17:05-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə «Senin boju jere soxum narkamanlaq qapja gelir» məzmunlu ismarıcların olmasının müəyyən edilməsi ilə bağlı məhkəmə tərkibi bildirir ki, həmin məlumatlar tam, hərtərəfli və obyektiv yoxlanıldıqda, təhlil olunduqda və cinayət təqibi üzrə toplanmış digər sübutlar ilə bir-bir müqaisə edildikdə heç bir halda Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən gödəkçəsinin sağ cibində 1 ədəd «Prima» markalı siqaret qutusunun içərisindən 1 ədəd kağız bükümdə 2,012 qram, 1 ədəd yuxarı hissəsi sındırılmış şüşə ampulanın içərisində 0,112 qram olmaqla, külli miqdarda, 2,124 qram çəkidə narkotik vasitə olan heroin və üzərində heroinin izləri olan 2 ədəd 1 ml-lik şpris. (cild 4, i.v.10-13) -«ambulator məcburi-narkoloji ekspertizası»nın 7 iyul 2023-cü il tarixli, 4218 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 4, i.v.82-83) -«sübutların qiymətləndirilməsi və cinayət işinin tövsif edilməsi haqqında» 21 iyul 2023cü il tarixli qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatına sərf edilmiş çəki nəzərə alınmaqla 2,012 qram olan narkotik vasitə heroin, içərisində 0,112 qram narkotik vasitə olan baş hissəsi sınmış olan ampula və üzərində narkotik vasitə heroinin izləri olan 2 ədəd şpiris maddi sübut kimi tanınmış və saxlanılması üçün İmişli RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş, "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. (cild 4, i.v.98-107) -«təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında» 21 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. (cild 4, i.v.119-120) Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs şəxsiyyəti ilə bağlı olan ilkin araşdırma materiallarında, yəni; -«İmişli Rayon İcra Hakimiyyəti Başçısının İmişli şəhər İnzibati-Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş 05 yanvar 2023-ci il tarixli, 02 nömrəli arayış və xasiyyətnamə»dən görünür ki, Təqsirləndirilən şəxs İmişli şəhəri, Ş.Qurbanov küçəsi, ev 22də qeydiyyatda olmaqla, həmin ünvanda ailə üzvüləri ilə birlikdə yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur.(cild 3, i.v.144-145) -«Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş 05 yanvar 2023-cü il tarixli məhkumluq haqqında tələbnamə»dən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs barəsində heç bir məlumat yoxdur.(cild 3, i.v.160-161) İşin məhkəmə baxışı zamanı Dövlət ittihamçısı vəsatətlə müraciət edərək Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittihamdan imtina etdiyini bildirmişdir. Dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmağı 2023-cü ilin mart ayının 29-da saat 15 radələrinə yazılmış, ancaq saxlanılmağının ittiham aktında tam dəqiq nə vaxt yazılmamasını bilməmişdir. «Rəsul» marketin qabağında tutulmamış, orada kamera görüntüləri də olmuş, həmin yerdə olmamışdır. «Rəsul» marketdən 200 metr arxada market var, həmin marketin adı yoxdur, həmin marketin qabağında tutulmuşdur. Saat 15 radələri olardı 4 nəfər polis əməkdaşı «Lexsus» markalı avtomobildən düşüb onu İmişli RPŞ-yə dəvət etmişlər. Polis əməkdaşları ona barəsində axtarış işi açıldığını demişlər. Barəsində necə axtarış ola bilər ki, tutulmamışdan 1 ay əvvəldən İmişli Rayon İcra və Probasiya şöbəsində işləyən atası Talehin yanında köməklik etmiş, poçt kağızlarını polis şöbəsinə aparıb gətirmiş, necə ola bilər ki, bir ay ərzində polis şöbəsinin inzibati binasına gedib-gəlmiş, bütün günü polis əməkdaşlarının içərisində o tərəf bu tərəfə hərəkət etmiş, guya ki, polis əməkdaşları onu 1 ay ərzində görməmişlər. Hansıkı polis əməkdaşlarının hamısı onu tanımış və polis əməkdaşlarının yanında olmuşdur. RPŞ-nin əməkdaşları saxta sənədlər tərtib etməklə məşğuldurlar, tutulması və barəsində axtarış işi açılması əsaslı deyildir. Onu tutub RPŞ-yə gətirmişlər, ancaq üzərindən heç bir şey çıxmamış, RPŞ-də onun üzərinə narkotik vasitə heroin qoymuşlar. RPŞ-də üzərinə baxan zaman hal şahidləri olmamış, üzərində şəxsi-axtarışın aparılması ilə bağlı tərtib edilmiş protokolda adları qeyd edilmiş hal şahidlərini tanımamış və heç vaxt görməmişdir. Əgər üzərində narkotik vasitə heroinin çıxması real olsaydı RPŞ-nin əməkdaşları tərəfindən fotoşəkillər və videoçəkilişlər çəkilərdi. RPŞ-də tərətib edilmiş saxta sənədlər əsasında onu həbs etmişlər. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, əvvəllər narkotik vasitədən istifadə etmiş, sonradan peşman olub müalicə olunmuş və düzgün yola qayıtmaqla narkotik vasitədən istifadə etməyi bitirmişdir. Cinayət işinin materiallarına 2021-2022-ci ilin mesajların qoymuşlar, hal-hazırda ona verilmiş ittihama həmin mesajların heç bir aidiyyəti olmamışdır. Həmin mesajların çox hissəsi atası Taleh tərəfindən ona yazılmışdır. Onu RPŞyə gətirmişlər, üzərinə 2,124 qram çəkidə narkotik vasitə heroin qoymuşlar. RPŞ-nin CAB-nin rəisi Fuad adlı şəxs var, ortalıqda narkotik paylayanlar onun adamlarıdır. Şahid2 isə avtomobillə uşaq vurub öldürüb, hazırda da öz işində işləyir. Onu saxlayan zaman üzərində heroin, şüşə ampula və şpris olmamışdır. Onların hamısını üzərinə polis əməkdaşları qoymuşlar. Heroin, şüşə ampula və şprisi üzərinə Cinayət-Axtarış Bölməsinin rəisi vəzifəsində işləmiş Fuad qoymuş, təhqiqat bölməsinin rəisi Elsevər isə həmin heroin, şüşə ampula və şprisi çıxarmış, ittiham aktında şahid kimi yazılan polis əməkdaşlarının hamısı bunu görmüşlər. Hamının qabağında axtarış ediblər, ancaq üzərindən heç nə çıxmamışdır. Vəkil gələndən sonra heroin, şüşə ampula və şprisi gətirib cibinə salmışlar, vəkilin qabağında cibindən çıxartmışlar, orada bir-başa üzərindən aşkar olunanların onun olmadığını demişdir. Protokolda necə yazılması barədə məlumatı olmamışdır. Siqaret bükümünü Elsevər açmışdır. Cibindən heç nə çıxmamış, siqaret qutusunu cibinə qoyub, sonra tutmuşlar, vəkilin yanında isə cibini yerə tökməyini demişlər. Siqaret qutusunu Elsevər açmış, bükümü çıxardıb qabağına qoymuş, o isə özlərinin qoyduğunu demişdir. Onu polis şöbəsinə axtarışla gətirmişlər, sonra 234.4.1 və 234.4.3-cü maddələri ilə digər təqsirləndirilən şəxslərə yalandan qoşmuşlar, həmin şəxsləri təcridxanada dindirmişlər, həmin şəxslər də onun adını verməmişlər, çünkü onun heç bir cinayət əməli olmamışdır. Təhqiqatçı Elmar adlı şəxsi tanımamış, Elmar adlı polis əməkdaşı üzərinə narkotik vasitə heroin qoyulub götürülən zaman orada olmamışdır. Elsevəri, Elvini, Fuadı, Təbrizi və İlkini tanımış, həmin şəxslər üzərində saxta axtarış istintaq hərəkətini keçirmişlər. Üzərindən aşkarlananların hamısı siqaret qutusunda olmuş, hamısını siqaret qutusunun içərisinə qoymuşdular. Siqaret çəkəndir, ancaq «prima» adlı siqaret çəkməmişdir. İstintaq zamanı da narazılıq etmişdir. Onu RPŞ-nin müvəqqəti saxlama yerində polis nəfərləri Əkbərlə Xəyal döymüşlər, həmin vaxtı polis nəfərləri ondan nəsə tələb etməmişlər. İstintaq təcridxanasına gedən zaman bədəni üzərində, o cümlədən sol çiyin nahiyəsində xəsarət olmuşdur. Həmin xəsarətləri Əkbərlə Xəyal ona yetirmişlər. Yaşadığı ünvana barəsində axtarış açılması barədə məlumat daxil olmamış, bu barədə ona zəng və ya digər hər hansı üsulla heç kim məlumat verməmişdir. Atası ədliyyə işçisidir, RPŞ-də hamı atasını tanıyır, əgər barəsində axtarış olsaydı, atasına da deyə bilərdilər ki, oğlun gəlsin şöbəyə, heç kim atasına da heç nə deməmişdir. Özü də bütün günü İmişli şəhərində olmuş, bütün günü şöbəyə girib çıxmışdır. Avtomobillə gəlib avtomobili şöbənin qabağında saxlayıb şöbəyə girib kağızları verib qol çəkdirib çıxmış, hamı da onu görmüşdür. İlkin adlı polis hər gün onlarla yolda görüşmüş, hər gün RPŞ-yə gedib-gəlmişdir. RPŞ-də dəftərxanada işləyən işçinin adını bilməmiş, çünki adı ona maraqlı olmamış, həmin şəxs keçəl baş, qızıl diş kişidir. Özünü Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə qismən ona görə təqsirli bilmişdir ki, vaxtı ilə narkotik vasitədən istifadə etmişdir. İynə ilə narkotik istifadə etməmişdir. RPŞ-yə saat 15 radələrində gətirilmiş, onu gətirəndə vəkili olmamış, vəkil bir saat sonra gəlib çıxmışdır. Telefonu üzərində olmuş, üzərindən qanunla qadağan olunan heç nə çıxmamışdır. Hal şahidi kimi yazılmış Şahid5 və Şahid6 tanımamışdır. Dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsi görməmiş, tanımamış, adının nə olmasını hazırkı məhkəmədə bilmişdir. Aliment borcu olduğu üçün onu polis şöbəsinə çağırmışlar və icradan gələn sənədə imza çəkməsi ilə barəsində açılan cinayət işinə xitam veriləcəyi bildirilmiş, o da həmin sənədə imza çəkmişdir. Verilən suallara cavab olaraq Şahid5 bildirmişdir ki, heç bir şəxsi axtarış istintaq hərəkətində iştirak etməmiş və bununla əlaqədar da polis şöbəsinə çağırılmamışdır. Təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış keçirilməsinin şahidi olmamışdır. Təbriz adlı şəxs İmişli rayonu, Yalavac kəndinin sahə müvəkkilinin köməkçisidir və polis serjantı rütbəsindədir. Təbriz ona aliment borcu ilə əlaqədar sənədə imza etdirmiş və şöbədə polislər əlavə olaraq heç bir sənədə imza etdirməmişlər. Hər hansı hal şahidi ilə birgə polis şöbəsinə çağırılmamışdır. X3 tanımamışdır. İmişli RPŞ-də onun adından yazılmış və ona elan olunmuş ifadə özünə məxsus deyildir, həmin ifadə onun adından yazılmışdır. Təqsirləndirilən şəxsin üzərində keçirilən şəxsi axtarış istintaq hərəkətində iştirak etməmişdir. RPŞ-də sənədə imza etdikdən sonra Bakı şəhərinə getmişdir. Onu polis şöbəsinə aliment borcu ilə əlaqədar Təbriz adlı polis əməkdaşı çağırmış və aliment borcunu ödəməməsi ilə bağlı barəsində olan işi Təbriz aparmışdır. Aliment borcunu ödəmişdir. RPŞ-yə Təbriz adlı şəxsin yanına getmiş, sonra da onu rəisin müavininin yanına qol çəkmək üçün qaldırmışlar. «Watsapp» işlətmiş, fəhləlik edir. RPŞ-də cəmi bir dəfə olmuş, orada olduğu tarix və vaxt yadında qalmamışdır. İstifadəsində olan mobil nömrəsi ***-***-**-**-dır, həmin nömrə üç-dörd aydır ki, istifadəsindədir. Cinayət işinin materiallarında olan və ona elan olunmuş protokol və ifadəsindəki imzalar onun tərəfindən icra edilməmişdir. Təbriz ona alimentlə əlaqədar sənədlərə qol çəkməyini bildirmiş, həmin sənədlər hər hansı şəxslə bağlı olmamışdır. Polis şöbəsinə gedəndə üzərində olan mobil nömrə yanmışdır. Nömrəsini dəyişərkən telefonunu da dəyişmişdir. Novruz bayramı ərəfəsində istifadəsində olan mobil nömrə ***-***-**-** olmuşdur. Yanan nömrəsi ilə ***-***-**-** olmuşdur. Təbriz adlı polis əməkdaşı ona sənədi imza etdirdikdən əvvəl pulu təklif etmişdir. ***-***-**-**-ni «Azercell»dən sənədlə almışdır. Təbriz adlı polis əməkdaşı ona 20 azn pul vermiş, lakin həmin pulu götürməmiş, üzərində alimenti ödəmək üçün pul çatmamışdır. Məhkəməyə ünvanladığı 31 avqust 2023-cü il tarixli ərizəsini təsdiq etmiş, ancaq imza ona məxsus olmamışdır. Məhkəmə iclas zalında üzləşdiyi Şahid2 həmin Təbriz deyildir. Onlar deyən Təbriz qonşusudur, sahə rəisinin köməkçisi işləyir. Təbriz 06 noyabr 2023-cü il tarixdə onun qabağını kəsib bildirmişdir ki, məhkəməyə getmə, o isə Təbrizə cavabında bildirmişdir ki, məhkəməyə gedəcəkdir. "xxxx" MMC-dən daxil olmuş istifadəsində olan ***-***-**-** saylı nömrənin anteninin 29 mart 2023-cü il tarixdə saat 15:39-da İmişli rayonu, Yalavac kəndində, 06 may 2023-cü il tarixdə saat 10:09-da isə Laçın rayonu, Kirov kəndində çıxaması həqiqətdir, həqiqətən 29 mart 2023-cü il tarixdə saat 15:39-da İmişli rayonu, Yalavac kəndində olmuş, 06 may 2023-cü il tarixdə isə Laçın rayonu, Kirov kəndində fəhlə işləmişdir. İstifadəsində olan ***-***-**-** saylı nömrənin anteninin isə 06 may 2023-cü il tarixdə saat 10:17-də Masallı rayonu, Boradigah kəndində çıxması ilə bağlı bildirmişdir ki, həmin vaxtı ***-***-**-** saylı nömrə ailə üzvülərinin istifadəsində olmuş, ailə üzvüləri isə Masallı rayonu, Boradigah kəndində qohumlarıgildə olmuşlar. Dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, daxmada yaşayır, kənddən köçüb gələrək, arvadı və qızının görmə qabiliyyətləri yoxdur, tikinti materialları satılan bazarda fəhləçilik fəaliyyət ilə məşğul olur və hər gün evə 2-3 manat miqdarında pul qazanıb aparmışdır. Soyadını bilmədiyi sahə rəisinin köməkçisi Təbrizə kredit ödədiyini və ona iş tapmasını bildirmiş, Təbriz ona narahat olmamağını demiş, 2-3 ay keçmişdir ki, uşağını məktəbə aparanda Təbrizdən məsələnin nə yerdə qaldığını soruşmuş, Təbriz ona sabaha hazır olmağını demişdir. Taxta qapısından çıxanda Təbriz adlı polis əməkdaşının olduğu avtomobilin işiqlarının yanıb-söndüyünü görmüş, Təbrizdən hara apardığını soruşanda, Təbriz ona xeyir iş olduğunu və avtomobilə oturub getməyini demişdir. Həmin vaxtı Təbriz maşında tək olmuşdur. Polis şöbəsinə gəldikdən sonra Təbriz binanın ikinci mərtəbəsinə qalxıb zalda gözləməyini bildirmiş və həmin vaxtı da Təbrizin müxtəlif istiqamətlərə giribçıxmağının şahid olmuşdur. Polis kapitanı rütbəsində olan bir şəxs sənəd gətirərək ona qol çəkməyini demişdir. Həmin şəxsdən hansı sənədə imza çəkdiyini soruşduqda həmin şəxs ona imza çəkməyini və 20 manat pul verəcəyini bildirmişdir. Məcbur həmin sənədə imza etmiş və həmin polis əməkdaşı zalda gözləməyini demişdir. Sonra atasına zəng vurmuş və ona baş verənləri danışmış, atası ona «bala, sən polislərin fırıldağın bilməzsən, gör sənin başına nə iş açacaqlar» demişdir. Təbrizdən nə fırıldaq olduğunu soruşmuşdur. Təbriz ona «iki balam, ölsün, Əbil, qorxusu yoxdur, maşına otur» demişdir. Təbriz ona 10 manat pul çıxarıb vermiş, Təbrizə ona vəziyyətinə görə yazığı gəlməsini demiş və nə baş verməsini soruşmuşdur. Təbriz heç bir cavab verməmiş, onu yolda maşından düşürtmüş və o da korpeşman evinə getmişdir. Verilən suallara cavab olaraq Şahid6 bildirmişdir ki, ifadəsində qeyd etdiyi hadisədən sonra polis şöbəsinə getməmişdir. Polis şöbəsinə gedib hər hansı şəxsin narkotik vasitə ilə tutulmağı barədə ifadə verməmişdir. Polis şöbəsində yanında hər hansı şəxsin üzərində narkotik vasitə ilə bağlı şəxsi axtarış keçirilməmişdir. Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış istintaq hərəkətində iştirak etməmişdir. Cinayət işinin materiallarında olan və ona elan olunmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılamsına dair tərtib olunmuş protokoldakı imza onun imzasına oxşayır. Cinayət işinin materiallarında olan və ona elan olunmuş şahid qismində adından yazılmış ifadədəki imza onun imzası deyildir. Telefon nömrəsi ***-***-**-**-dür. Polis şöbəsinin binasında olan zaman üzərində telefon olmamışdır. Telefonunu polis şöbəsinə daxil olarkən təhvil vermişdir. İstifadəsində olan ***- ***-**-** mobil nömrə 2-3 ildir ki, özündədir. Polis şöbəsinə getdiyi tarix yadında deyildir. Məhkəməyə ünvanladığı ərizəni məhkəmədən ona iclasda iştirak etməsi ilə əlaqədar məlumat veriləndən sonra yazmışdır. Məhkəməyə çağırılandan sonra Təbrizdən Təqsirləndirilən şəxs ilə əlaqədar sənədə ona imza etdirildiyini soruşanda Təbriz inkar etmiş və bildirmişdir ki, guya onun polis şöbəsinə fəhlə kimi işə düzəlməsi ilə əlaqədar sənədə imza etmişdir. Məhkəmə iclas zalında üzləşdiyi Şahid2 həmin Təbriz deyildir. Dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs barəsində 29 mart 2023-cü il tarixdə onlara məlumat gəlmiş, günorta saatlarında Təqsirləndirilən şəxs H.Əliyev prospektində «Rəsul» marketin qarşısından götürüb İmişli RPŞ-yə gətirmişlər. Şəxsi axtarışda iştirak etmiş, Təqsirləndirilən şəxs əynində olan gödəkçəsinin sağ yan cibindən siqaret qutusunda heroinə bənzər maddə, şpris və ampula aşkarlanmışdır. Verilən suallara cavab olaraq Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs 2023-cü ilin mart ayında saxlanılmış, 2023-cü ildə də onun barəsində axtarış verilmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman tək olmuşdur. Saxlanılan zaman bölmə rəisi orada aparın şöbəyə dediyi üçün onlarda Təqsirləndirilən şəxs üzərində yerində axtarış aparmamışlar. Həmin vaxtı neçə dəqiqə ərzində şöbəyə çatdıqlarını bilməmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman hal şahidlərinin olub-olmadıqlarını xatırlamamış, ancaq vəkil olmuşdur. Həmin vaxtı foto və videoçəkiliş olmamışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış günorta naharından sonra təxminən saat 15 radələrində İmişli Rayon Polis Şöbəsində keçirilmiş, ancaq şəxsi axtarış istintaq hərəkətinin hansı otaqda keçirilməsini xatırlamamışdır. Həmin istintaq hərəkətində CAB-nin rəisi Fuad, Şahid3, Şahid4 və adlarını xatırlamadığı digər polis əməkdaşları istirak etmişlər. Təqsirləndirilən şəxs üzərində axtarışı kimin apardığını xatırlamamışdır. Səhf etmirsə Təqsirləndirilən şəxs vəkili Fəyaz Quliyev olmalı idi. Təqsirləndirilən şəxs üzərində siqaret qutusunun içərisində şpris, ampula və bir də narkotik maddəyə bənzər heroin aşkar olunmuşdur. Narkotik vasitəyə bənzər maddənin çəkisin bilməmişdir. Təqsirləndirilən şəxs etiraf etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə narkotik vasitəyə bənzər maddə idi, konkret olaraq hansı növ narkotik vasitə olmasını bilməmiş, qablaşdırılaraq ekpsertizaya göndərilmışdır. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitəyə bənzər maddəni kimin çıxarması yadında deyildir. Cavida Qasımlının üzərinə narkotik vasitə qoymamışdır. Təqsirləndirilən şəxsin harada yaşadığını bilməmişdir. Təqsirləndirilən şəxsin atasın tanımamışdır. Şahid6 və Şahid5 tanımamış, həmin şəxsləri nə vaxtsa görməsini xatırlamamışdır. Üzləşdiyi Şahid6 adlı şəxsin dediyi Təbriz adlı polis əməkdaşı ola bilsin ki, sahə polis nəfəri Təbrizdir. Dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, 2023-cü ilin mart ayının 29-u saat 3 radələrində günorta istirahətindən qayıdandan sonra daxil olmuş məlumatda Təqsirləndirilən şəxs İmişli şəhərində «Rəsul» marketin yanında olduğu bildirmişdir. Həmin vaxt CAB-nin rəisi Fuad Səmdov, baş əməliyyat müvəkkili Təbriz, Elmir və o həmin yerə gedərək, Cavidanı orada saxlamışlar və axtarışla RPŞ-yə gətirmişlər. Təqsirləndirilən şəxs İmişli şəhərinin Heydər Əliyev prospektində saxlamışlar. Cavidanı şöbəyə gətirib protokollaşdırmışlar. Cavidanın üzərində şəxsi axtarış aparılan zaman hal şahidləri də iştirak etmişlər, hal şahidlərini tanımamışdır. Şəxsi axtarışda müdafiəçi Fəyaz Quliyev də iştirka etmiş, həmin istintaq hərəkətini təhqiqatçı icra etmişdir. Verilən suallara cavab olaraq Şahid3 bildirmişdir ki, Cavidanın üzərində şəxsi axtarış aparılan zaman foto və video çəkilişin aparılmamasının səbəbini bilməmişdir. Cavidanın üzərinə narkotik qoymamışdır. Cavidanın atası Taleh tanımışdır. Cavidanın atası Talehin yanına gedib-gəldiyini bilmişlər. Talehə hörmətsizlik olmasın deyə Cavidanı saxlamamışlar. Cavidanı axtarışda olan biri kimi atası Talehin yanında müşahidə edə bilər. Cavidanın axtarışa verilməsi ilə bağlı qərarı təxminən 2023-cü ilin fevral ayında ona verilmişdir. Cavidan axtarışda olduğu 1 ay əzrində Cavidanın valideyninə müraciət etməmişdir. Axtarış işi üzrə hansı hərəkətlərin edilməsi onun metodikasıdır, necə istəsə elə də edə bilər. Cavidan üzərindən çıxan narkotik vasitəyə etiraz etmişdir. Cavidanın üzərində şəxsi axtarış aparılan zaman hal şahidləri işitirak etmiş, həmin vaxtı Cavidanın üzərindən, siqaret, şpris aşkarlanmışdır. Cavidanın üzərindən aşkar olunmuş 2 ədəd şprisin içərilərində hər hansı maddə olmamışdır. Cavidanın üzərindən narkotik vasitəyə oxşar kütlə də çıxmış, Cavidanın üzərində limon duzu olub-olmamasını bilməmişdir. Cavidanın üzərindən həmçinin ampula aşkar olunmuş, ampulanın içərisində hər hansı maye olub-olmamasını xatırlamamışdır. Zalda oturan şəxslərdən kimsənin Cavidanın üzərində şəxsi axtarış aparılan zaman hal şahidi kimi iştirak edib-etməməsini bilməmişdir. Şahid6 və Şahid5 adlı şəxsləri tanımamışdır. Dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, 29 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində RPŞ-yə əməliyyat məlumatı daxil olmuş, həmin məlumatda Cavidanın İmişli şəhəri, H.Əliyev prospektində «Rəsul» marketin qarşısında hərəkətdə olduğu göstərilmişdir. RPŞ rəhbərliyə məruzə edib Cavidanın olduğu yerə getmişlər. Təxminən saat 3-4 radələrində Cavidana yaxınlaşıb özlərini təqdim edib RPŞ-yə dəvət etmişlər. Hal şahidlərinin və vəkilin iştirakı ilə Cavidanın üzərinə baxış keçirilmiş, Cavidanın üzərindən bir siqaret qutusu aşkarlanmış, siqaret qutusunun içərisindən 2 ədəd şpris, 1 ədəd başı kəsik ampula, narkotik maddəyə bənzər ağ kağız bükümün arasında heroinə bənzər kütlə aşkarlanmış və qablaşdırılmışdır. Cavidan üzərindən aşkar olunanların onluq olmadığını demişdir. Verilən suallara cavab olaraq Şahid4 bildirmişdir ki, şəxsi axtarışda hal şahidləri olmuş, foto və videoçəklişin olub-olmadığı yadında olmamışdır. Hal şahidi iki nəfər olmalı idi, həmin hal şahidlərini tanımamışdır. Hal şahidlərinin kimin dəvət etdiyi yadında deyildir. Cavidanı əvvəllər rayon sakini kimi tanımış, Cavidanın atasını da tanımışdır. Cavidanın narkotik istifadə etməsini eşitmişdir. Cavidanı RPŞ-yə gətirəndən sonra nə vaxt üzərində axtarış keçirilməyi yadında deyildir. Axtarışa baxmadığı üçün Cavidanın axtarışa verilməsi barədə qərarın nə vaxt qəbul edildiyini bilməmiş, axtarışa baxan əməliyyatçı başqa şəxs olmuşdur. Cavidanın üzərində axtarışda iştirak etmişdir. Yəqin Cavidan üzərində narkotikin olubolmamasını təkzib etmişdir. Cavidan əvvəl onların otağına, sonra o, axtarış aparılan otağa keçirilmişdir. Zalda oturan şəxslərdən kimin hal şahidi kimi Cavidanın üzərində şəxsi axtarış aparılmasında iştirak etdiyini tanımamışdır. Ona təqdim olunmuş istintaq zamanı verdiyi ifadəsindəki imza özünə məxsusdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı toplanıb elan edilərək tədqiq edilmiş istintaq materiallarından -Əbilov X7 Ağır Cinayətlər Məhkəməsinə ünvanladığı ərizədə göstərmişdir ki, Təqsirləndirilən şəxs işində onu İmişli Rayon Polis Şöbəsinin əməkdaşları şahid qismində göstərmişlər, Cavidanı tanımamış, orada baxış keçiriləndə iştirak etməmiş, evində polis əməkdaşlı Təbriz adlı şəxs bir vərəq göstərərək imza çəkməyini bildirmiş, imza çəkdikdən sonra maşınına oturmuş, cibinə 10 manat pul qoymuşdur. Cavidanı tanımadığından özünü şahid kimi bilməmişdir. -Şahid5 Lənkəran Ağır Cinayətlər Məhkəməsinə ünvanladığı 31 avqust 2023-cü il tarixli ərizədə göstərmişdir ki, Təqsirləndirilən şəxs Tale oğlunun işində onu şahid qismində göstərmişlər, Cavidanı polis şöbəsində mart ayının axırlarında görməmiş, Təbriz adlı polis aparıb ona 20 manat pul təklif etmişdir ki, sənədə imza çəksin, yazıb-oxuya bilməmiş, qorxusundan imza çəkmiş, nəyə imza çəkdiyini bilməmiş, orada Cavidan adlı adamı görməmiş, Cavidanın üzərinə baxış keçirilməsində iştirak etməmiş, özünü şahid kimi bilməmişdir. -Bakı İstintaq Təcridxanasından 11 sentyabr 2023-cü il tarixli, 3-16-17/38/2-6191/2023 nömrəli məktubla daxil olmuş Təqsirləndirilən şəxs 03 aprel 2023-cü il tarixdə 3 saylı İstintaq Təcridxanasına gətirilən zaman adına Tibb Baş İdarəsində açılmış 3888/2023 nömrəli məhkumun tibbi kitabçasının surətindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar olunmamış, sonuncu isə saxlanılan zaman xəsarət almadığını bildirmişdir. -«məhkəmə-xətşünaslıq ekspertizası» nın 20 noyabr 2023-cü il tarixli, 4/1707 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, cinayət işinin 14-16-cı vərəqələrində olan 6 may 2023-cü il tarixli protokolda (cild 4) «imza» və «şahid» qrafalarındakı imzalar-Şahid5 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, cinayət işinin 26-27-ci vərəqələrində olan 29 mart 2023-cü il tarixli protokolda (cild 1) «hal şahidləri» «1» qrafasındakı imza- Şahid5 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, cinayət işinin 26-27-ci vərəqələrində olan 29 mart 2023-cü il tarixli protokolda (cild 1) «hal şahidləri» «2» qrafasındakı imza və cinayət işinin 17-19-cu vərəqələrində olan 12 may 2023cü il tarixli prtokolda (cild 4) «imza» və «şahid» qrafalarındakı imzalar-Şahid6 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. -"xxxx" MMC-dən daxil olmuş 13 noyabr 2023-cü il tarixli, 25685 nömrəli məktubda göstərilmişdir ki, qərarda qeyd edilmiş Şahid6 istifadəsində olmuş ***-***-**-** saylı nömrənin 29 mart 2023-cü il tarixdə, 15:00-17:00 radələrində və 12 may 2023-cü il tarixdə 15:00-17:00 radələrində "xxxx" MMC-nin şəbəkəsində istifadəsi aşkar edilmədiyi üçün nömrəyə dair məlumatlar təqdim edilməmişdir. Şahid5 istifadəsində olan ***-***-**-** saylı nömrənin anteni 29 mart 2023-cü il tarixdə saat 15:39-da İmişli rayonu, Yalavac kəndində, 06 may 2023-cü il tarixdə saat 10:09-da isə Laçın rayonu, Kirov kəndində, istifadəsində olan ***-***-**-** saylı nömrənin anteni 06 may 2023-cü il tarixdə saat 10:17-də Masallı rayonu, Boradigah kəndində çıxmışdır. -İmişli Rayon Polis Şöbəsindən daxil olmuş 09 dekabr 2023-cü il tarixli, ********* nömrəli məktubdan görünür ki, 29 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində «şəxsi axtarış aparılması» istintaq hərəkəti hal şahidlərinin iştirakı ilə keçirilmiş, axtarış aparılan zaman videoçəkiliş və fotoçəkilişdən istifadə edilməmişdir. -İmişli rayon prokurorluğunun «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 17 noyabr 2023-cü il tarixli, 2-2-425/3-015124/2023 nömrəli qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq təcridaxanasından daxil olmuş 26 iyul 2023-cü il tarixli, 3-16-17/40/2-3552/2023 nömrəli məktubun 25 iyul 2023-cü il tarixdə, saat 14:05 radələrində İmişli RPŞ-nin müvəqqəti saxlama yerinin əməkdaşları tərəfindən gətirilib təhvil verilən, 29 mart 2023-cü il tarixdə İmişli RPŞ-nin əməkdaşları tərəfindən həbs edilmiş Təqsirləndirilən şəxs 26 iyul 2023-cü il tarixdə, saat 12:00 radələrində Tibb-sanitar hissəsində müayinə olunan zaman sol çiyninin arxa səthində bənövşəyi rəngli qançır aşkar olunmuşdur. Həmin məlumat əsasında İmişli rayon prokurorluğunda araşdırma aparılmışdır. Həmin materiala əlavə edilmiş İmişli RPŞ-nin xx.xx.2023-cü ıl tarixi 3-13- 83/2-14336 nömrəli cavab məktubundan görünür ki, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə həbs edilmiş Təqsirləndirilən şəxs Penitensiar xidmətin 3 saylı İstintaq təcridxanasından İmişli RPŞ-nin müvəqqəti saxlama yerinə etap olunan zaman orada saxlanıldığı müddətdə Xəyal və Əkbər ad əməkdaşlar tərəfindən döyülməsi ilə bağlı İmişli RPŞ-də xidməti təhqqat aparılmışdır. Müvəqqəti saxlama yerinin mühafizəsinin polis nəfərləri Əkbər Əsədov və Xəyal İsmayıllının müvəqqəti saxlama yerinin daxili nizam qaydalarını pozması müəyyən edildiyi üçün hərəkətləri sıravi və kiçik rəis heyəti yığıncağının müzakirəsinə verilmiş, yığıncağın vəsatəti ilə barələrində intizam tənbehi tədbiri görülmüşdür. Saxlanılan şəxs Təqsirləndirilən şəxs həmin polis əməkdaşları tərəfindən fiziki zorakılığla məruz qalması təsdiqini tapmamışdır. İmişli RPŞ-nin rəisinin 09 avqust 2023-cü il tarixli, 3- 1383/Ə318 nömrli əmrindən görünür ki, müvəqqəti saxlama yerinin mühafizəsi üzrə polis nəfərlər polis serjantları Əkbər Əsədov və Xəyal İsmayıllı dövlət hakimiyyət nümayəndəsi olaraq sağlam düşüncəyə və aydın mövqeyə malik olmaları, insanlara ədalətli, humanist və məcər münasibət bəsləmələri olduqları halda 23 iyul 2023-cü il tarixdə müvəqqəti saxlama yerində xidmətdə olarkən həbs edilmiş şəxslər Təqsirləndirilən şəxs və Yadigar Həsənovun saxlanıldığ 1 nömrəli kamerada səs-küy yaratması ilə əlaqədar onları tək-tək çıxardaraq gəzinti həyətinə aparmış və orada onlarla kobud rəftar edərək saxlanılan şəxslərin hüquqlarına hörmətlə yanaşmamışlar. Polis serjantları Əkbər Əsədov və Xəyal İsmayıllı xidmətdə mənfi xarakterizə edilmiş, xidməti yoxlama zamanı qeyri-səmimiliyə yol vermişdir. İntizam Nizamnaməsinin 3.2 və 3.3-cü bəndlərinin, Daxili işlər orqanlarının əməkdaşlarının Etik davranış kodeksinin 1, 2, 3, 4 və 17-ci maddələrinin və Müvəqqəti saxlama yerinin daxil intizam qaydalarının tələblərini pozaraq həbs edilmiş şəxslərlə kobud rəftar etdiklərinə görə İmişli RPŞ-nin müvəqqəti saxlama yerinin mühafizəsi üzrə polis nəfərləri, polis serjantları X15 və X6 şiddətli töhmət elan edilmiş, tabeçiliyində olan əməkdaşların xidmətinə nəzarət və tələbkarlığın artırılması Müvəqqəti saxlama yerinin rəisi, polis mayoru X5 tələb edilmişdir. Materiala əlavə edilmiş «məhkəmə-tibbi ekspertizası»nın 03 noyabr 2023-cü il tarixli, 2748 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs sol bazu oynağı nahıyəsinin (sol çiynin arxa səthi) qançır müəyyən edilmişdir. Xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, xəsarətin törənmə müddəti şəxsin 3 saylı X2-sanitar hissəsində 26 iyul 2023-cü il tarixdə müayinəsindən 2-3 gün əvvələ uyğun gəlir və sağlamğa zərər vurmayan xəsarətlərə aid olduğu üçün təyin edilmir. Araşdırma nəticəsində Təqsirləndirilən şəxs, Xəyal İsmayılov və Əkbər Əsədov barələrində cinayət işinin başlanması Cinayət-Prosessual Məcəlləsinin 39.1.2ci maddəsinə əsasən rədd edilmiş, Təqsirləndirilən şəxs bədən səthi üzərində aşkar edilmiş xəsarətlərin yaranma şəraiti toplanmış materialda olan digər hallara uyğun olmadığından «məhkəmə-tibbi ekspertizası» nın 03 noyabr 2023-cü il tarixli, 2748 nömrəli rəyi mötəbər sübut hesab edilməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 246.1-ci maddəsinə əsasən müstəntiq iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək, barəsində istintaq hərəkəti aparılan şəxsin paltarında, əşyalarında və ya bədənində ola bilən əşya və sənədləri, bir qayda olaraq, məhkəmənin qərarı əsasında götürə bilər. Həmin Məcəllənin 246.2-ci maddəsində göstərilmişdir ki, məhkəmənin qərarı alınmadan şəxsi axtarış aşağıdakı hallarda aparıla bilər: şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə (246.2.1); təqsirləndirilən şəxs barəsində həbsə alma qətimkan tədbiri tətbiq edildikdə (246.2.2); axtarış və ya götürmənin aparıldığı binada olan şəxsin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və sənədləri gizlətməsini güman etməyə kifayət qədər əsaslar olduqda (246.2.3). Həmin məcəllənin 246.3-cü maddəsində göstərilmişdir ki, şəxsi axtarış və götürmə zamanı videoçəkilişdən istifadə edilmədikdə barəsində şəxsi axtarış və götürmə aparılan şəxslə eyni cinsdən olan azı 2 (iki) hal şahidinin iştirakı məcburidir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması ilə bağlı tərtib edilmiş «şəxsi axtarış aparılması barədə» 29 mart 2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla saxlanılması, gəzdirilməsi və ya daşınması qadağan olunmuş hər hansı bir əşya, predmet, narkotik vasitə varsa təqdim etməsi təklif olunmuşdur. Bundan sonra şəxsi axtarış davam etdirilmiş və Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sağ cibindən 1 ədəd «prima» markalı siqaret qutusu, onun içərisində 2 ədəd şpirsi, 1 ədəd baş hissəsi qırılmış vəziyyətdə olan ampula və 1 ədəd içərisində narkotik vasitə heroinə bənzər kütlə olan siqaretin gümüşü rəngli kağızına bükülmüş büküm aşkar edilərək götürülmüşdür. Protokolda foto və ya videoçəkilişin aparılması barədə heç bir qeyd yazılmamışdır. Protokolda hal şahidləri kimi xx xxxxxx 1984-cü ildə İmişli rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, işsiz, əvvəllər məhkum olunmamış, İmişli rayonu, Yalavac kəndində qeydiyyatda olmaqla yaşayan Şahid5 və xx xxxxxx 1976-cı ildə İmişli rayonu, Çaxırlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, işsiz, əvvəllər məhkum olunmamış, İmişli rayonu, Çaxırlı kəndində qeydiyyatda olmaqla yaşayan Şahid6 adları qeyd olunmuşdur. Şahid5 Lənkəran Ağır Cinayətlər Məhkəməsinə ünvanladığı 31 avqust 2023-cü il tarixli ərizədə Təqsirləndirilən şəxs işində onu şahid qismində göstərdiklərini, Cavidanı polis şöbəsində mart ayının axırlarında görmədiyini, Təbriz adlı polis aparıb ona sənədə imza çəkməsi üçün 20 manat pul təklif etdiyini, yazıb-oxuya bilmədiyini, qorxusundan imza çəkdiyini, nəyə imza çədiyini bilmədiyini, orada Cavidan adlı adamı görmədiyini, Cavidanın üzərinə baxış keçirilməsində iştirak etmədiyini, Şahid6 isə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə ünvanladığı ərizədə Təqsirləndirilən şəxs işində onu İmişli Rayon Polis Şöbəsinin əməkdaşları şahid qismində göstərdiklərini, Cavidanı tanımadığını, orada baxış keçiriləndə iştirak etmədiyini, evində polis əməkdaşı Təbriz adlı şəxs bir vərəq göstərərək imza çəkməyini bildirdiyini, imza çəkdikdən sonra maşınına oturdub, cibinə 10 manat pul qoyduğunu, Cavidanı tanımadığını bildirmişlər. Şahid5 və Şahid6 məhkəmə istintaqı zaman dindirilərkən Təqsirləndirilən şəxs tanımadıqlarını, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən hal şahidi qismində iştirak etmədiklərini, ibtidai istintaq zamanı ifadə vermədiklərini, adlarından yazılmış ifadələrdən imtina etdiklərini bildirmişlər. İmişli RPŞ-dən daxil olmuş 09 dekabr 2023-cü il tarixli məktubda Təqsirləndirilən şəxs üzərində «şəxsi axtarış aparılması» istintaq hərəkəti hal şahidlərinin iştirakı ilə keçirildiyini, axtarış aparılan zaman videoçəkiliş və fotoçəkilişdən istifadə edilmədiyi göstərilmişdir. Məhkəmə istintaqı zamanı alınmış «məhkəmə-xətşünaslıq ekspertizası» nın 20 noyabr 2023-cü il tarixli, 4/1707 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, cinayət işinin 14-16-cı vərəqələrində olan 6 may 2023-cü il tarixli protokolda (cild 4) «imza» və «şahid» qrafalarındakı imzalar-Şahid5 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, cinayət işinin 26-27-ci vərəqələrində olan 29 mart 2023-cü il tarixli protokolda (cild 1) «hal şahidləri» «1» qrafasındakı imza-Şahid5 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, cinayət işinin 26-27-ci vərəqələrində olan 29 mart 2023-cü il tarixli protokolda (cild 1) «hal şahidləri» «2» qrafasındakı imza və cinayət işinin 17- 19-cu vərəqələrində olan 12 may 2023-cü il tarixli prtokolda (cild 4) «imza» və «şahid» qrafalarındakı imzalar-Şahid6 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Həmçinin "xxxx" MMC-dən daxil olmuş anten məlumatlarından görünür ki, Şahid5 istifadəsində olan ***-***-**-** saylı nömrənin anteni 29 mart 2023-cü il tarixdə saat 15:39-da İmişli rayonu, Yalavac kəndində, 06 may 2023-cü il tarixdə saat 10:09-da isə Laçın rayonu, Kirov kəndində, istifadəsində olan ***-***-**-** saylı nömrənin anteni 06 may 2023-cü il tarixdə saat 10:17-də Masallı rayonu, Boradigah kəndində çıxmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş İmişli RPŞ-nin əməkdaşları hal şahidi kimi Şahid5 və Şahid6 tanımamışlar. Şərh edilənlərdən müəyyən edilir ki, 29 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən Şahid5 və Şahid6 orada iştirak etməmişlər, həmin istintaq hərəkətinin aparılmasına dair tərtib edilmiş «şəxsi axtarış aparılması barədə» protokola İmişli RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytinantı X10 tərəfindən bilə-bilə yalan məlumat olan Şahid5 və Şahid6 həmin istintaq hərəkətində guya hal şahidləri kimi iştirak etmələrinə dair məlumatları yazmış, Şahid5 və Şahid6 özlərinin «şəxsi axtarış aparılması barədə» protokolun imzalanması təmin edilmişdir. Göründüyü kimi 29 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən Cinayət-Prosessual Məcəlləsinin 246.3-cü maddəsində göstərilmiş tələblər kobut şəkildə pozulmuş, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə zamanı videoçəkilişdən istifadə edilməmiş, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılan zaman onunla eyni cinsdən olan azı 2 (iki) hal şahidinin iştirakı məcburi olduğu halda təmin edilməmişdir. Cinayət- Prosessual Məcəlləsinin 246.4-cü maddəsində göstərilmişdir ki, şəxsi axtarış və götürmə zamanı şəxsin soyundurulması zərurəti yarandığı halda videoçəkilişdən istifadəyə yol verilmir. Bu halda şəxsi axtarış və götürmə müstəntiqin tapşırığı ilə barəsində həmin istintaq hərəkəti aparılan şəxslə eyni cinsdən olan şəxslərin iştirakı ilə aparılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən Cinayət-Prosessual Məcəlləsinin 246.3-cü maddəsində göstərilmiş tələblər kobut şəkildə pozulduğundan «şəxsi axtarış aparılması barədə» protokol sübut növü kimi qəbul edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 124.1-ci maddəsində göstərilmişdir ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı (124.1.1); hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olubolmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir(124.1.2). Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri (124.2.1); ekspertin rəyi (124.2.2); maddi sübutlar (124.2.3); istintaq və məhkəmə hərəkətlərinin protokolları (124.2.4); digər sənədlər (124.2.5). Həmin Məcəllənin 125.1-ci maddəsində göstərilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda (125.2.1); zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə (125.2.2); şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə (125.2.3); cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə (125.2.4); cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə (125.2.5); cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə (125.2.6); istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda (125.2.7); sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda (125.2.8); məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda (125.2.9); müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda (125.2.10). Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən onun konstitusiya hüquqlarının və azadlıqlarının, Cinayət-Prosessual Məcəlləsinin digər tələblərinin pozulması hallarına yol verilmişdir ki, bu hallarda Təqsirləndirilən şəxs qanunla təminat verilən hüquqlarından məhrum edilməsinə və ya onların məhdudlaşdırmasına səbəb olmuş, nəticədə isə həmin istintaq hərəkəti zamanı əldə olunmuş sübutların həqiqiliyinə təsir göstərmiş, eləcə də həmin istintaq hərəkəti istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparılmışdır. Cinayət-Prosessual Məcəlləsinin 125.3-cü maddəsinin tələbinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Həmin Məcəllənin 125.4-cü maddəsində göstərilmişdir ki, bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilmiş materiallar müvafiq pozuntu faktlarının və onlara yol vermiş şəxslərin təqsirliyinin sübut edilməsində istifadə oluna bilər. Həmin Məcəllənin 134.1-ci maddəsində göstərilmişdir ki, istintaq hərəkətlərinin və məhkəmə iclasının protokolları cinayət prosesini həyata keçirən orqanın cinayət təqibi üçün əhəmiyyət kəsb edən halların bilavasitə qavranılmasını təsdiq edən və bu Məcəlləyə uyğun yazılı formada tərtib edilmiş sənədlərdir. X12 tərəfindən bilə-bilə yalan məlumat olan Şahid5 və Şahid6 həmin istintaq hərəkətində guya hal şahidləri kimi iştirak etmələrinə dair məlumatlar yazılması, Şahid5 və Şahid6 adından «şəxsi axtarış aparılması barədə» protokolun imzalanmasının təmin edilməsi az deyilmiş kimi İmişli RPŞ-nin İstintaq bölməsinin müstəntiqi, polis baş leytenantı X8 tərəfindən də oxşar xarakterli hərəkətlər təkrarlanmış, hansıki, Cinayət-Prosessual Məcəlləsinin 85.2.1ci maddəsinə əsasən cinayət işinin hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri tədbirlər görmək, səlahiyyəti daxilində bütün istintaq və ya digər prosessual hərəkətləri həyata keçirmək X3n bir-başa vəzifəsi idi. Şahid5 və Şahid6 məhkəmə istintaqı zaman verdikləri ifadələrində X3 tanımadıqlarını, cinayət işinin materiallarında olan və onlara elan olunmuş, adlarından yazılan ifadəni qəbul etmədiklərini, belə bir ifadə vermədiklərini bildirmişlər. «Məhkəmə-xətşünaslıq ekspertizası» nın rəyindən də görünür ki, cinayət işinin 14-16-cı vərəqələrində olan 6 may 2023-cü il tarixli protokolda (cild 4) «imza» və «şahid» qrafalarındakı imzalar-Şahid5 tərəfindən icra olunmuş, cinayət işinin 17-19-cu vərəqələrində olan 12 may 2023-cü il tarixli prtokolda (cild 4) «imza» və «şahid» qrafalarındakı imzalar- Şahid6 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Məhkəmə istintaqı zamanı Şahid5 həmçinin ifadəsində bildirmişdir ki, aliment borcu olduğu üçün onu polis şöbəsinə çağırmışlar və icradan gələn sənədə imza çəkməklə barəsində açılan cinayət işinə xitam veriləcəyi bildirilmiş, o da həmin sənədə imza çəkmişdir. Cinayət-Prosessual Məcəlləsinin 135.1-ci maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Şəxsin vəzifəsinə və yerinə yetirdiyi işə görə ona məlum olan halları imzası ilə təsdiq etdiyi və qanunvericiliyin müəyyən etdiyi formada tərtib edilmiş sənəd rəsmi sənəd hesab olunur. Sübutların mötəbərliyi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Avşar Türkiyəyə qarşı» qərarında qeyd etmişdir ki, məhkəmə sübutları qiymətləndirən zaman «əsaslı şübhələr yaratmayan» sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallardan irəli gələ bilər. Sübutların keyfiyyəti ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Bıkov Rusiyaya qarşı» qərarında qeyd etmişdir ki, sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyü şübhə altına alınıb-alınmadığı nəzərə alınmalıdır. Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur. Bundan əlavə iş materiallarından görünür ki, cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiə hüququ səmərəli, keyfiyyətli və praktik şəkildə təmin edilməmiş, cinayət işi üzrə ittihamın əsasına qoyulmuş sübutlar həm də müdafiə hüququ pozulmaqla və aldatma yolu ilə əldə edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutlan zaman dövlət hesabına müdafiəçi təyin olunmuş İmişli Rayon Vəkil Bürosunun vəkili təyin olunmuş X11 hüquqlarını müdafiə etdiyi təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs xeyrinə hər hansı fəaliyyətlə ümumiyyətlə məşğul olmamış (məsələn, hal şahidlərinin iştirakı olmadan şəxsi axtarış aparılsa da hər hansı reaksiya verməməsi, hər hansı şəxsin şahid qismində dindirilməsi, məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsi və başqa hallarla bağlı vəsatətləri olmamışdır), müdafiəçi Fəyyaz Quliyevin fəaliyyəti yalnız müstəntiq tərəfindən tərtib olunmuş sənədləri imzalamaqdan ibarət olmuşdur. Cinayət-Prosessual Məcəlləsinin 7.0.27-ci maddəsinə əsasən müdafiə-cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi istintad edilən şəxsə qarşı irəli sürülmüş ittihamın təkzibi və ya yüngülləşdirilməsi, onun hüquq və azadlıqlarının müdafiəsi, habelə cinayət təqibinə qanunsuz məruz qalmış şəxsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədi ilə həyata keçirilən prosessual fəaliyyətdir. Həmin Məcəlləsinin 19.4.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək hüququnu təmin etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Salduz Türkiyəyə qarşı» qərarında göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəsin vəkil tərəfindən səmərəli müdafiə olunmaq hüququ ədalətli məhkəmə araşdırmasının fundamental xüsusiyytlərindən biridir. Həmin Məhkəmənin «Dayanan Türkiyəyə qarşı» qərarında göstərilmişdir ki, bir qayda olaraq, şübhəli polis məntəqəsində saxlandığı andan və ya məhkəməyədər həbsdə saxlanma zamanı hüquqi yardıma çatım imkanı ilə təmin olunmaldır. Həmin Məhkəmənin «Lagerblom İsveçə qarşı» və «Qalstyan Ermənistana qarşı» qərarlarında göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət mühakimə icraatında səmərəli şəkildə iştirak hüququna təkcə icraatda deyil, həm də zəruri olduqda, hüquqi yardım almaq hüququ daxildir. Həmin Məhkəmənin «X9rşı» və «Pelladoa Niderlanda qarşı» qərarlarında göstərilmişdir ki, hüquqi yardım hüququnun yalnız nəzəri deyil, praktik və səmərəli olması üçün onun icrası lüzumsuz formal şərtlərin yerinə yetirilməsindən asılı olmamalıdır. Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin 3(c) yarımbəndi «praktik və səmərəli» hüquqi yardım hüququnu əhatə edir. Məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxs Raqif Hüseynova vəkilin təyin edilməsi öz-özlüyündə effektiv yardımı təmin etmir, çünki hazırkı iş üzrə təyin edilmiş vəkillər öz fəaliyyətlərini Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun yerinə yetirməkdən yayınmışdır. Səmərəli hüquqi yardım hüququna, o cümlədən, təqsirləndirilən şəxsin vəkil ilə təklikdə ünsiyyət qurmaq hüququ daxildir. İş materiallarından görünür ki, dövlət hesabına müdafiəçi təyin edilmiş vəkil Fəyyaz Quliyevin Təqsirləndirilən şəxs ilə gizli ünsiyyəti olmamış, onun həmin hüquqları istintaq orqanı tərəfindən məhdudlaşdırılmamışdır. Müdafiəçinin bü cür fəaliyyəti səmərəli və keyfiyyətli hüquqi yardım kimi qəbul oluna bilməz. Təqsirləndirilən şəxsin müdafiə hüququnun formal həyata keçirilməsi Azərbaycan Respublikasının qanunvericliyinin tələblərə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə ziddir, bu yolla əldə edilmiş sübutların isə mötəbər sübut kimi qəbul edilib ittihamın əsasına qoyulması yolverilməzdir. Mübahisəsizdir ki, baxılan iş üzrə adları çəkilən polis əməkdaşları Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması ilə bağlı istintaq hərəkətlərinin aparılmasına dair şahid qismində ifadə vermişlər. Nəzərə almaq lazımdır ki, həmin ifadələr eyni zamanda digər polis əməkdaşlarının fəaliyyətini əks etdirən informasiya daşıyıcısıdır. Bu ifadələr nəinki Təqsirləndirilən şəxs verilmiş ittihamın əsasını, eyni zamanda digər polis əməkdaşlarının hərəkətlərinin qanuni və əsaslı olmasının təsdiqi vasitəsidir. Eyni ilə polis əməkdaşları Şahid2, Şahid3 və Şahid4 da ibtidai istintaq zamanı verdikləri ifadələrindən görünür ki, bu ifadələr də orfoqrafik və qramatik səhvlər də daxil olmaqla tamamilə eyni olmuşlar. Bu da bir daha müstəntiq tərəfindən ifadələrin bir-birindən köçürmə üsulu ilə yazılmasının, düzgün ifadə alınmaqla obyektiv həqiqətin müəyyən edilməsinə yönəlməyən fəaliyyətinin aşkar görüntüsüdür. Yuxarıda qeyd olunan hallara əsasən məhkəmə tərkibi hesab edir ki, polis əməkdaşları Şahid2, Şahid3 və Şahid4 həm ibtidai istintaq zamanı həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələr mötəbər olmadığından, təqsirləndirilən şəxsin təqsirliliyini müəyyən edən sübutlar kimi qəbul oluna bilməz, bu ifadələr ilə müəyyən edilmiş hallar etibarsız hesab olunmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin «Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı», «X1rşı» və bir sıra qərarlarında Avropa Məhkəməsi sübutları qiymətləndirərkən «əsaslı şübhə yerinin qalmaması» sübutetmə standartını tətbiq edir. Polis əməkdaşlarının fəaliyyət göstərdiyi orqan tərəfindən aparılan istintaq hərəkətlərinə dair onların verdikləri ifadələrin qeyd edilən standarta uyğun gəlməsi üçün ifadələrin mötəbərliyinə heç bir şübhə yeri qalmamalıdır. Yeni məzmunlu yanaşma İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Muradov Azərbaycana qarşı» qərarında da öz əksini tapmış və polis əməkdaşlarının istintaq hərəkətləri barəsində şahid kimi verdiyi ifadələrin «əsaslı şübhə doğurmayan» sübut növünə aid olmadığı göstərilmişdir. Məhkəmə tərkibində məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş İmişli RPŞnin əməkdaşlarının ifadələrində əsaslı şübhə yaradan hallarında ən əsası ondan ibarətdir ki, təhqiqat zamanı hal şahidi kimi cəlb edilmiş Şahid5 və Şahid6 məhkəmə iclas zalında olmalarına baxmayaraq həmin şəxsləri tanımamışlar. Cinayət işinin materiallarında olan «məhkəmə-kimyəvi ekspertizası»nın 30 mart 2023cü il tarixli, 18/377 nömrəli rəyi ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, bu rəy Təqsirləndirilən şəxs aşkar edilməsi sübuta yetirilməyən narkotik vasitə heroin ilə bağlıdır. Rəyin özü bilavasitə hər hansı əlavə suallar yaratmır, ekspertə təqdim olunmuş maddə ilə bağlı əsaslandırılmış tədqiqatla bağlı gəlinmiş nəticə mövcuddur. Bununla belə, narkotik vasitənin təqsirləndirilən şəxsə məxsus olmaması ilə bağlı gəlinmiş nəticə və buna qədər bütün şübhəli məqamların təqsirləndirilən şəxsin xeyrinə həll olunduğu vəziyyətdə, qeyd edilən ekspert rəyinin təqsirləndirilən şəxsə qarşı deyil, həmin narkotik vasitəni əldə etmiş, hazırlamış, saxlamış, daşımış və satmış şəxsin müəyyən edilməsində sübut kimi istifadə oluna bilməsi mümkündür. Cinayət işinin materiallarında olan «Azercell MMC-dən daxil olan diskə baxış keçirilməsi haqqında» 1 may 2023-cü il tarixli protokoldan görünür ki, ***-***-**-**, ***-***-**-**, ***-***-**- **, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələrin Təqsirləndirilən şəxs adına qeydiyyatda olduğu müəyyən edilmişdir. Həmçinin diskə baxış zamanı, 25 may 2022-ci il, saat 10:11-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömryə «Ramin menem cavidan bidenen 20 manat var vezyet pisdi yarı əmələ gəlir?» məzmunlu qısa mesaj vadır. 31 may 2022-ci il, saat 21:50-də ***-***-**-** saylı mobil nömrədən ***-***- **-** saylı mobil nömrəyə «Yetim vəzyətdən çıxmağlığ nəyünsə yoxdu? 4 5 tüstü.» məzmunlu, 13 fevral 2021-ci il, saat 17:06-da ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə «Acma neyniyirsən get yaxşı kakos çək yeri e burdan sənən adam olmaz» məzmunlu, 12 sentyabr 2021-ci il, saat 05:04-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə «Qaqa pulum düzdü gəlim arxaya bi yarı ver mənə» məzmunlu, 31 mart 2021-ci il, saat 17:49-da ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə «ə ver mənə səncanı qaqa onu təmiz 05 elə» məzmunlu, 18 may 2022ci il, saat 18:53-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə «Qaqa mawinda danwa bilmirem 28 manat puldu 23 yari 5 pati veresen qaqa ama sen canun yaxwidisa ver canu yiyerem qaliq qalarsa sabax vererem 10 pati verse» məzmunlu, 24 yanvar 2022-ci il, saat 22:45-də ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrəyə «Hardasan ehdiyyatı ol orda olan usaqlar polisin sukasdir masunua zibil atarlar» məzmunlu, 30 yanvar 2022-ci il, saat 13:45-də, ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə «Seni güdürlər tutacaqlar bədbəxt» məzmunlu, 29 yanvar 2022-ci il, saat 00:14-də ***-***-**-** saylı mobil nömrəyə, ***-***-**-** saylı mobil nömrədən «Bu gün tutulassan artiq sonvndu hejete gelsen tutulasan narkaman» məzmunlu, 9 aprel 2022-ci il, saat 17:05-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə «Senin boju jere soxum narkamanlaq qapja gelir» məzmunlu ismarıcların olmasının müəyyən edilməsi ilə bağlı məhkəmə tərkibi bildirir ki, həmin məlumatlar tam, hərtərəfli və obyektiv yoxlanıldıqda, təhlil olunduqda və cinayət təqibi üzrə toplanmış digər sübutlar ilə bir-bir müqaisə edildikdə heç bir halda Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən gödəkçəsinin sağ cibində 1 ədəd «Prima» markalı siqaret qutusunun içərisindən 1 ədəd kağız bükümdə 2,012 qram, 1 ədəd yuxarı hissəsi sındırılmış şüşə ampulanın içərisində 0,112 qram olmaqla, külli miqdarda, 2,124 qram çəkidə narkotik vasitə olan heroin və üzərində heroinin izləri olan 2 ədəd 1 ml-lik şprisi satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla daşıma əməllərini törətməsini təsdiq etmir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində cinayət işinin materiallarına 2021-2022-ci ilə aid mesajların qoyulduğunu, halhazırda ona verilmiş ittihama həmin mesajların heç bir aidiyyəti olmadığını, həmin mesajların çox hissəsi atası Taleh tərəfindən ona yazıldığını bildirmişdir. «Ambulator məcburi narkoloji tibbi yoxlama»nın 7 iyul 2023-cü il tarixli, 4218 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Mövcud sübutların məcmusu da nəzərə alınmaqla ittiham aktında sübut kimi istinad olunan bu rəy heç bir halda təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib saxlamaqla daşıma əməllərini törətməsini təsdiq etmir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs təqsirliliyinə dair ittiham tərəfinin təqdim etdiyi sübutlar insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, Cinayət- Prosessual Məcəlləsinin tələblərinin pozulması ilə qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla həmin sübutların həqiqiliyinə təsir göstərmək, istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldığını bu yolla əldə edilmiş sübutların Cinayət Prosessual Məcəlləsinin 125.2-ci madddəsinə əsasən sübut kimi qəbul edilməsinə yol verilmədiyini, şahid ifadələri ilə iş üzrə toplanmış digər sübutlar arasında aradan qaldırılması mümkün olmayan ziddiyyətlər və şübhələrin mövcudluğunu, ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu, iş üzrə tərtib olunmuş prosessual sənədlərin kifayət qədər natamam olmasını və uzlaşmamasını, o cümlədən şəxsi axtarış aparılmasında hal şahidlərinin iştirak etməmələrini nəzərə alaraq hesab edir ki, kifayət qədər ziddiyyətli və uzlaşmayan sübutlar əsasında Təqsirləndirilən şəxs cinayət törətməkdə ittiham olunaraq təqsirli bilinməsi cinayət-prosessual qanunvericiliyin tələblərinin, həmçinin «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının və Cinayət-Prosessual Məcəlləsinin müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 43.1-ci maddəsində göstərilmişdir ki, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı aşağıdakı hallarda çıxarılır: dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə (43.1.1), Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda (43.1.2) Həmin Məcəllənin 314.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə baxışı zamanı dövlət ittihamçısı qanunun tələblərini və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanan öz daxili inamını rəhbər tutur. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsə elan edilmiş ittiham məhkəmə baxışı zamanı təsdiq edilmədikdə, o, həmin ittihamdan imtina etməyə haqlıdır. Məhkəmə baxışı zamanı dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən imtina etdikləri halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə bu Məcəllənin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Baş Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həmtam, həm də qismən imtina edilməsini ehtiva edir. Odur ki, şərh olunanlara əsasən Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittihamdan imtina etməsinə dair yazılı vəsatəti qəbul edilməli, Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə olan cinayət təqibinə Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Məhkəmə tərkibi hesab edir ki, Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittihamdan imtina etdiyi üçün Təqsirləndirilən şəxs haqqında seçilmiş həbs qətimkan tədbiri ləğv olunmalı və o, dərhal həbsdən azad edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsində göstərilmişdir ki, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Həmin Məcəllənin 55.2-ci maddəsində göstərilmişdir ki, haqqında məhkəmənin bəraət hökmü çıxarılmış və ya məhkəməyədək icraat zamanı cinayət təqibinə bəraətverici əsasla xitam verilmiş hər hansı şəxs təqsirsiz sayılır. Həmin Məcəllənin 55.3-cü maddəsində göstərilmişdir ki, haqqında bəraət hökmü çıxarılmış və ya hər hansı əsaslarla cinayət təqibinə xitam verilmiş şəxsin mənzil, mülkiyyət, əmək və digər hüquqlarına hər hansı məhdudiyyət qoyula bilməz. Cinayət-Prosessual Məcəlləsinin 56.0-cı maddəsində göstərilmişdir ki, aşağıdakılar cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdirlər: bəraət almış təqsirləndirilən şəxs (56.0.1), bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş şəxs (56.0.2), bu Məcəllənin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxs (56.0.3), bu Məcəllənin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan və buna razılıq alınmasına baxmayaraq, haqqında cinayət təqibi davam etdirilən şəxs (56.0.4), qanunsuz həbs olunmuş və ya tibbi, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilmiş, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılmış şəxs (56.0.5), cinayət təqibi üzrə icraat zamanı qanunsuz olaraq bu Məcəllənin 176 və 177-ci maddələrində nəzərdə tutulmuş hallarda prosessual məcburiyyət tədbirlərinə məruz qalmış şəxs (56.0.6). Həmin Məcəllənin 61.1-ci maddəsində göstərilmişdir ki, cinayət prosesi gedişi zamanı vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ qanuni qüvvəyə minmiş bəraət hökmündə və ya cinayət təqibinə xitam verilməsi haqqında qərarda tanınır. Həmin Məcəllənin 61.2-ci maddəsində göstərilmişdir ki, bəraət hökmündə və ya cinayət təqibinə xitam verilməsi haqqında qərarda cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi məsələsi əks olunmayıbsa, bu məsələnin həlli cinayət təqibi üzrə icraat qurtardıqdan sonra həyata keçirilir. Həmin Məcəllənin 62.1-ci maddəsində göstərilmişdir ki, bəraət hökmü çıxarmış məhkəmə, habelə cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarmış təhqiqatçı, müstəntiq və ya prokuror cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda, buna hüququ olan şəxsə, həmin şəxs olmadıqda isə bu Məcəllənin 60.2-ci maddəsində nəzərdə tutulmuş digər şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydalarını izah etməlidir. Cinayət-Prosessual Məcəlləsinin 56 və 62.1-ci maddələrinin tələblərindən göründüyü kimi barəsində cinayət təqibinə xitam verilmiş şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 56.0.2-ci maddəsinə əsasən barəsində cinayət təqibinə xitam verilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb olunması və barəsində qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah olunmalıdır. Cinayət Prosessual Məcəlləsinin 43.4-cü maddəsində göstərilmişdir ki, məhkəmə baxışının gedişində dövlət ittihamçısının bu Məcəllənin 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibindən imtina etməsi ilə əlaqədar məhkəmənin qərarına əsasən cinayət təqibinə xitam verilərkən cinayət törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, qərar qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Qeyd edilən maddəyə əsaslanmaqla məhkəmə tərkibi hesab edir ki, hazırkı cinayət işi üzrə cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldığı üçün qərar qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, bununla yanaşı, maddi sübut kimi tanınaraq İmişli Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatına sərf edilmiş çəki nəzərə alınmaqla 2,012 qram olan narkotik vasitə heroin, içərisində 0,112 qram narkotik vasitə olan baş hissəsi sınmış olan ampula və üzərində narkotik vasitə heroinin izləri olan 2 ədəd şpiris materiala əlavə edilməlidir. Təqsirləndirilən şəxs iş üzrə olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik ekspertiza xərcinin-məhkəmə məsrəfinin ödənilməsindən azad olunmalı və həmin məbləğ dövlətə aid edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Həmin Məcəllənin 384.1.3-cü maddəsinin tələblərinə əsasən cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar çıxarıldıqda apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində aşağıdakı hallarda verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 43.4, 55-62, 314.2, 344-347, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittihamdan imtina etməsinə dair vəsatəti qəbul edilsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə olan cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin. O, dərhal saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından həbsdən azad edilsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 56.0.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin seçilməsi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs iş üzrə olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik ekspertiza xərcinin ödənilməsindən azad edilsin və həmin məbləğ dövlətə aid edilsin. Qərar qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin müəyyən edilməsi və cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar ibtidai araşdırmaya porosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Maddi sübut kimi tanınaraq İmişli Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatına sərf edilmiş çəki nəzərə alınmaqla 2,012 qram olan narkotik vasitə heroin, içərisində 0,112 qram narkotik vasitə olan baş hissəsi sınmış olan ampula və üzərində narkotik vasitə heroinin izləri olan 2 ədəd şpiris materiala əlavə edilsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 384.1.3-cü maddəsinə əsasən qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar