Məhkəmə qərarları › İş №1(099)-644/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-644/2024

02.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-644/2024 02.10.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Vəliyeva Ayşən Umud qızı(sədrlik edən), Əliyev Əli Abdulla oğlu və Cəlilov Oruc Yusif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X7 dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxin müdafiəçisi- Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1982-ci ildə Ağcabədi rayonu, Kürdlər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycanlı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, “Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 182.1, 234.1, 66.2, 69.3-cü maddələri ilə təqsirli bilinərək 03 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, yaşayış yeri üzrə müsbət xarakterizə olunan, Ağcabədi rayonu, Kürdlər kəndində qeydiyyatda olmaqla həmin ünvanında yaşamış, hal-hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, barəsində “həbs” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs külli miqdarda, yəni ümumi təmiz çəkisi 4,335 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini istintaqa məlum olmayan vaxtda və mənbədən qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib “prima” markalı siqaret qutusunun içərisində bir ədəd polietilen kəsiyi bükümündə əynindəki qara rəngli şalvarın sol yan cibində daşıyaraq saxlamış, 26 mart 2024-cü il tarixdə Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri üzərində saxlamasında, istifadə etməsində və daşımasında şübhəli bilinərək saat 12 radələrində Ağcabədi rayonu Şərəfxanlı kənd tam orta məktəbinin yaxınlığında saxlanılaraq Ağcabədi şəhəri Ü.Hacıbəyli prospekti 39 ünvanında yerləşən Ağcabədi RPŞ-nin inzibati binasına gətirilib həmin gün saat 13:00-dan başlayaraq üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli şalvarın sol yan cibində qəsdən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda əldə edib daşıyaraq saxladığı bir ədəd polietilen kəsiyi bükümündə, təmiz çəkisi 4,335 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, 26 mart 2024-cü il tarixdə dostu ilə birlikdə evə gedərkən qəflətən polis əməkdaşları qarşılarını kəsib onları polis şöbəsinə aparmışlar. Saxlanılan zaman onların üzərində narkotik vasitə olmamışdır. Polis əməkdaşlarının onu 2 kq narkotik vasitə ilə rəsmiləşdirəcəyi ilə hədələməsi nəticəsində etirafedici ifadə vermişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, saxlanılan zaman üzərində narkotik vasitə olmayıb, əvvəl narkotik vasitə olan heroindən istifadə etmiş, ancaq 15 gün müddət olarmış ki, narkotik vasitə istifadə etmirmiş, heroini həftədə 2 dəfə olmaqla qəbul edirmiş, lakin, tutulduğu gün üzərində narkotik vasitə olmamışdır, narkotik vasitənin özünə məxsus olmasını bildirməsinə səbəb onun polis əməkdaşları tərəfindən döyülməsi olmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, o Gəncədə təcridxanada olarkən yoldaşı onun döyülməsi ilə bağlı şikayət yazmışdır, özü isə heç bir orqana bu barədə şikayət etməmişdir. Təcridxanada onun bədənində xəsarət olub-olmamasına baxılmamışdır. Ruhid Sultanovun kimliyi ilə bağlı suala cavab olaraq bildirmişdir ki, o da onunla bərabər tutulub və ona 8 (səkkiz) ay azadlıqdan məhrumetmə cəzası verilmişdir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü ibtidai istintaq zamanı təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, narkotik vasitələr istifadə edir. Narkotik vasitə olan heroini çəkmə yolu ilə istifadə edir. 25 mart 2024-cü il tarixdə saat 11 radələrində Hindarx qəsəbəsində olan zaman qəsəbənin girişində yerləşən çayxananın arxa hissəsində yerdə sellofan büküm diqqətini çəkmişdir. O, həmin sellofan bükümünü götürüb içinə baxanda içərisində narkotik vasitə olan heroin olduğunu görmüşdür. Həmin sellofan bükümü öz şəxsi istifadəsi üçün üzərində olan “prima” markalı siqaretin içərisinə qoyaraq cibinə qoyub üzərində saxlamış və cibində gəzdirmişdir. 26 mart 2024-cü il tarixdə saat 12 radələrində Ağcabədi rayonu Şərəfxanlı kənd tam orta məktəbinin yaxınlığında olan zaman 2 nəfər mülki formada olan şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər və narkotik vasitə gəzdirməkdə və saxlanılmasında şübhəli olduğunu bildirib Ağcabədi Rayon Polis Şöbəsinə gəlməyi üçün onu dəvət etmişlər. O, da etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Ağcabədi Rayon Polis Şöbəsinə gəlmiş və orada inzibati otaqların birində onun hüquqularını müdafiə etmək üçün müdafiəçi ilə təmin olunmağından ötrü ona müdafiəçilərin siyahısı təqdim edilmiş və ona bildirilmişdir ki, həmin müdafiəçilərdən kimi istəyirsə seçə bilər, əgər seçməkdə tərəddüd edərsə bu gün növbətçi vəkilin yardımından istifadə edə bilər. O, təqdim olunmuş vəkillərin siyahısından hər hansı birinin hüquqlarının dövlət hesabına müdafiə olunması üçün etiraz etmədiyini bildirib bu barədə ərizə ilə müraciət etmişdir. Müdafiəçi X2 dəvət olunaraq ona təqdim edilmişdir. Bundan sonra protokol və digər sənədlər tərtib olunmuşdur. Həmin sənədlərlə müdafiəçinin iştirakı ilə tanış olmuş və düzgün tərtib edildiyi üçün imza etmişdir. Bundan sonra Ağcabədi Rayon Polis Şöbəsinin inzibati binasında müdafiəçinin iştirakı ilə video çəkiliş ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ondan üzərində hər hansı cinayət xarakterli əşya və ya predmet olub-olmadığı soruşulmuşdur. O, əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd “prima” markalı siqaret qutusunu təqdim etmişdir. Həmin siqaret qutusunun içərisinə baxış zamanı bir ədəd sellofan büküm aşkar edilmişdir. O, həmin bükümün içərisində olan kütlənin heroin olduğunu bildirmişdir. Üzərində şəxsi axtarış aparılmış və bundan başqa üzərində başqa hər hansı cinayət xarakterli əşya və ya predmet aşkar edilməmişdir. Həmin içərisində narkotik vasitə heroin olan sellofan büküm müdafiəçinin və iştirakçıların iştirakı ilə elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 4,43 qram olmuşdur. Sorğu zamanı o, həmin kütlənin ona məxsus olduğunu, öz istifadəsi üçün üzərində saxladığını, ona qarşı heç bir fiziki və psixoloji təsir edilmədiyini, heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra həmin kütlə müvafiq qaydada qablaşdırılaraq protokol tərtib edilmiş və doğruluğunu imzalarla təsdiq etmişlər. Daha sonra ona ekspertin rəyi elan edilmiş və o, öyrənmişdir ki, üzərindən aşkar edilərək götürülmüş 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 4,335 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. O, 25 mart 2024-cü il tarixdə saat 11 radələrində Hindarx qəsəbəsində olan zaman qəsəbənin girişində yerləşən çayxananın arxa hissəsində yerdən sellofan bükümü tapmış, içərisində heroin olduğunu görmüş və şəxsi istifadəsi üçün götürərək cibində saxlamışdır. O, əldə edib saxladığı narkotik vasitə olan heroini heç kəsə satmamış, əvəzli, yaxud əvəzsiz olaraq verməmişdir. Belə bir məqsədi də olmamışdır. O, həmin narkotik vasitəni özü istifadə etmək üçün saxlamışdır. Onun narkotik vasitə olan heroini əldə etməyindən, saxlamağından və istifadə etməyindən heç kəsin, o cümlədən ailə üzvlərinin də, xəbərləri olmamışdır. Polis əməkdaşları onu Ağcabədi Rayon Polis Şöbəsinə apararkən, həmçinin Şöbənin inzibati binasında polis əməkdaşları tərəfindən heç bir psixi, fiziki təsir göstərilməmiş, işgəncəyə məruz qalmamışdır. Saxlanmağı ilə bağlı heç bir şikayəti və tələbi yoxdur. (i.v. 71-73) Təqsirləndirilən şəxsin ibtidai istintaqdakı ifadəsindən fərqli ifadə verməsinin səbəbi araşdırıldıqda polis əməkdaşları tərəfindən döyülməsi və hədələnməsi nəticəsində ibtidai istintaq zamanı narkotik vasitənin özünə məxsus olmasını etiraf etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərilmişdir ki, o, hazırda Saatlı RPŞ-nin CAB-ın rəisi vəzifəsində işləyir, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onun Təqsirləndirilən şəxsla heç bir münasibəti, ədavət və düşmənçiliyi olmamışdır. Ona Ağcabədi rayonu Kürdlər kənd sakini Təqsirləndirilən şəxs mütamadi olaraq narkotik vasitə qəbul etməkdə, külli miqdarda əldə edib üzərində gəzdirməkdə və istifadə etməkdə şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. 26 mart 2024cü il tarixdə saat 12 radələrində tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Muradov X3 rayonu, Şərəfxanlı kənd ərazisində kənd tam orta məktəbinin yaxınlığında olarkən yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərdikdən sonra barəsində qəbul olunmuş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı ona elan edib, onu Ağcabədi rayon Polis Şöbəsinə gətirmişlər. Müdafiəçinin iştirakı ilə üzərində təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd kibrit qutusu, bir ədəd “Prima” markalı siqaret, həmin şalvarın sağ yan cibindən 01 ədəd bank kartı, bir ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi və bir ədəd “Corn” markalı mobil telefonu çıxardıb stolun üzərinə qoymuşdur. Baxış zamanı siqaret qutusunun içərisindən 06 ədəd siqaret və bir ədəd sellofan kəsiyi bükümü aşkar edilmişdir. Həmin sellofan kəsiyi bükümün içərisinə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli, spesifik iyə malik, ilk baxışdan narkotik vasitə olan heroinə bənzər kütlə olduğu aşkar olunmuşdur. Götürülmüş kütlə elektron tərəzidə çəkilmiş, heroinə oxşar kütlə sellofan büküm ilə birlikdə 4,43 qram olmuşdur. Bundan sonra həmin kütlə qablaşdırılıb, möhürlənmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar olunan bir ədəd sellofan bükümdəki kütlənin narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitə olan “kakos”u Hindarx qəsəbəsində olan zaman qəsəbənin girişində yerləşən çayxananın arxa hissəsində yerdən tapdığını, özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs qərəzli münasibəti olmayıb, əməliyyat məlumatı narkotik vasitələrin istifadəsi, daşınması barədə olmuşdur, Təqsirləndirilən şəxs günün birinci yarısı, məktəbin yaxınlğında, dayanacağın yanında tək saxlamışlar, ondan başqa birini saxlamışlar, dayanacaqda başqa kiminsə olmasını xatırlamır, X4 nə vaxtsa polis əməkdaşları tərəfindən tutulmasından məlumatı yoxdur, Təqsirləndirilən şəxs zor tətbiq etməmişdir, onu heç kim sifarişlə tutmamışdır, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. İş üzrə şahid qismində dindirilmiş Ağcabədi RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Əhmədov X9 Fuad Murad oğlu ilə oxşar məzmunlu ifadələr verərək, suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılarkən tək olmuş, ona qarşı heç kim zor tətbiq etməmiş, hədələməmişdir, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı yanında vəkil olmuşdur, üzərindən narkotik çıxmış, özü etiraf etmişdir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. - İşdə olan 26 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatı əsasında onun ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmışdır.(i.v.5) - İşdə olan 26 mart 2024-cü il tarixli tutulma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:40-da şübhəli şəxs qismində tutulmuşdur.(i.v.30) - İşdə olan “şəxsi axtarış və götürmə aparılması” haqqında 26 mart 2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd sellofan kəsiyi bükümündə çəkisi 4,43 qram narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. ( i.v.39-40) - İşdə olan 27 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində ARCM-in 234.1-1-ci maddəsi ilə cinayət işi başlanılmışdır.(i.v.01) - İşdə olan 28 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ARCM-in 234.1-1-ci maddəsi ilə təqsirləndiilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. (i.v. 59) - İşdə olan Ağcabədi Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 4(017)- 28/2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 81-82) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin 27 mart 2024-cü il tarixli, 3-16-16/2-18/337 saylı məhkəmə-kimyəvi ekspertiza rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzaları olan kağız paketdəki 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi – 4,335 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (i.v.47-49) - Məhkəmə-narkoloji ekspertizasının 10 iyun 2024-cü il tarixli, 1032 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. (i.v.168) - Məhkəmə-psixatrik ekspertizasının 30 aprel 2024-cü il tarixli, 287 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs ona şamil edilən hadisəni törədən zaman hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyindən əziyyət çəkməmişdir. O, hal-hazırda da hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyindən əziyyət çəkmir. Təqsirləndirilən şəxs ona şamil edilən hadisə zamanı öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni cinayət hadisəsini törədən zaman ANLAQLİ olmuşdur. O, hal-hazıda da öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Onun hal-hazırda tibbi xarakterli məcburi tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. (i.v.169-171) - Cinayət işinə əlavə edilmiş Ağcabədi Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 16 may 2024-cü il tarixli, 18-1-23/2-623/2024 saylı tibbi arayışından görünür ki, Muradov X3 RMX-nın poliklinika şöbəsinin ruhi-əsəb və narkoloji kabinetində dispanser qeydiyyatda durmur. (i.v. 121) - Ağcabədi Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 5(017)-87/2024 nömrəli qərarı ilə təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə Ağcabədi RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 26 mart 2024-cü il tarixli qərarı qanuni hesab edilmişdir. (i.v. 92-93) - Müdafiə tərəfinin vəsatətinə əsasən məhkəmə istintaqında əldə edilmiş 29 mart 2024-cü il tarixli məhkumun tibbi kitabçasından görünür ki, Təqsirləndirilən şəxs istintaq təcridxanasına daxil olarkən bədənində heç bir xəsarət aşkar edilməmişdir, öz deməsinə görə 6 ildir ki, kokosdan istifadə etdiyi qeyd edilmişdir. - Cinayət işinin materiallarında olan telefon məlumatlarına dair bir ədəd CD diskdəki anten məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs telefonu xx.xx.2024-cü il tarixdə, saat 11:34-də Ağcabədi rayonu, Şərəfxanlı kəndi ərazisində siqnal verir. - Cinayət işinə əlavə olunmuş DİN-nin BƏSİİ tərəfindən alınan tələbnamədən görünür ki, Muradov X3 Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə şərti maliyyə vahidinin 100 misli miqdarında cərimə cəzasına məhkum edilmiş, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 176.1-ci maddəsi ilə təqsirli bilinərək 05 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirli bilinərək əmək haqqının 15% dövlət nəfinə tutulmaqla islah işləri cəzasına məhkum edilmiş, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 128, 132, 221.1, 68.1.3, 66.3, 69.3, 66.5-ci maddələri ilə təqsirli bilinərək 01 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 73-cü maddəsinə əsasən Azərbaycan Respublikası CMin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilmiş və cinayət işinə xitam verilmiş, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CPM-in 40.2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilmiş və cinayət işinə xitam verilmiş, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası CMin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilmiş və cinayət işinə xitam verilmiş, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 182.1, 234.1, 66.2, 69.3-cü maddələri ilə təqsirli bilinərək 03 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 02 ay 22 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. (i.v. 182-185) - Ağcabədi RİHB-nin Kürdlər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi həyat yoldaşı X1 və oğlu 5 dekabr 2004-cü il təvəllüdlü X5 ibarətdir. O, Kürdlər kəndində qeydiyyatda olmaqla yaşamış, onun haqqında Kürdlər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyə heç bir şikayət ərizəsi daxil olmamışdır. Yaşadığı ərazi üzrə müsbət xarakterizə edilmişdir.(i.v. 180-181) - Cinayət işi üzrə Ağcabədi Rayon Polis Şöbəsində məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 4,285 qram olan narkotik vasitə olan heroin, həmçinin cinayət işinə əlavə edilmiş 26 mart 2024-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 01 (bir) ədəd "xxxx" disk və telefon məlumatlarının ələ keçirilməsi ilə bağlı Azercell MMC”-dən daxil olmuş 1(bir) ədəd “CD” disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmışdır. (i.v 212-223) Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahid ifadəsini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrıayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan yekdil ittiham sübutlarının məcmusu ilə öz təsdiqini tapmışdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və Narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nın müvafiq bəndlərinə əsasən heroin narkotik vasitə hesab edilir. Siyahılara əsasən heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2,0 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən üzərindən-cibindən çıxan narkotik vasitə heroinin polis əməkdaşları tərəfindən üzərinə qoyularaq götürülməsi və hədələnməsi barədə etirafedici ifadə verməsi barədə dəlilinə münasibətdə məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, müdafiə tərəfinin bu dəlili aşağıda qeyd edilənlərlə tam təkzib olunur: Cinayət prosessual qanunvericiliyinə əsasən təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət təqibini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla, tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum Qərarının 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Lakin işdə olan sənədlərlə müəyyən edilir ki, Təqsirləndirilən şəxs tutulduqdan sonra hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə təmin olunmuş və ibtidai istintaq dövründə nə təqsirləndirilən şəxs, nə də onun müdafiəçisi yuxarıda göstərilən hallarla və ya digər hər hansı bir hallarla bağlı şikayətlə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər. Əksinə, təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanının vəsatətinə Ağcəbədi Rayon Məhkəməsində (məhkəmə nəzarətini həyata keçirən məhkəmə) baxılarkən Təqsirləndirilən şəxs 4.335 qram narkotik vasitə heroini Hindarx qəsəbəsində olarkən yerdən tapdığını, törətdiyi əməldən peşman olduğunu bildirmiş, saxlanılan zaman ona qarşı hər hansı fiziki və psixi təsir edilməsi ilə bağlı bildirməmişdir. Bundan əlavə, cinayət işinin materiallarında olan telefon məlumatlarına dair bir ədəd CD diskdən görünür ki, Təqsirləndirilən şəxs telefonu 26 mart 2024-cü il tarix, saat 11:34də Ağcabədi rayonu, Şərəfxanlı kəndi ərazisində siqnal verir, həmin saatdan sonra telefon siqnalı yoxdur. İş üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrindən və işdə olan yazılı sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 26 mart 2024-cü il tarixdə, saat 12 radələrində Ağcabədi rayonu, Şərəfxanlı kəndi ərazisində saxlanılıb Ağcabədi RPŞ-yə gətirilmiş və 13:00-da üzərində vəkilin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Göründüyü kimi, şahid ifadələri, işdə olan raport və şəxsi axtarış protokolu anten məlumatları ilə təsdiq olunur. Həmçinin, məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs saxlanıldıqdan üzərinə şəxsi axtarış keçirilənə qədər ötən bir saat yarımlıq müddət nə həddindən artıq qısa, nə də uzun olmamaqla, müdafiəçinin seçilməsi, iştirakının təmin olunması və müdafiənin həyata keçirilməsi imkanı baxımından ağlabatan müddət olmuşdur. Göründüyü kimi, yuxarıda qeyd olunan sübutlarla təqsirləndirilən şəxsin dəlilləri təkzib edilir, işdə olan sübutları təkzib edən, təqsirləndirilən şəxsin dəlillərini təsdiq edən sübutlar isə iş materiallarından görünmür. Beləliklə, məhkəmə tərkibi ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normaları, hüquqi mövqeləri və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və obyektiv nəticəni özündə ehtiva edən mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini anlaqlı vəziyyətdə törətməsi ibtidai istintaq dövründə özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, şahid ifadələri, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülər, məhkəmə-ekspertizasının rəyləri, digər istintaq hərəkəti protokolları və sənədlər, iş üzrə maddi sübut qismində tanınmış narkotik vasitə heroin qalığı, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə tərkibi göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsas yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Ağcabədi Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 4(017)-28/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 4(dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. (i.v 81-82) Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə tərkibi təqsirləndirilən şəxs X8 barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). ARCM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə ARCM-in Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun tutulduğu və ev dustaqlığında saxlanıldığı müdət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 26 mart 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 49,74 (qırx doqquz manat yetmiş dörd) qəpik məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 49,74(qırx doqquz manat yetmiş dörd) qəpik məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Ağcabədi Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 4,285 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində aparılmış «şəxsi axtarışın keçirilməsi haqqında» protokola əlavə olunmuş 1 (bir) ədəd DVD disk və telefon məlumatlarının ələ keçirilməsi ilə bağlı “Azercell MMC”-dən daxil olmuş 1(bir) ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarları, həmçinin «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 26 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Ağcabədi RPŞ-də saxlanılan 4,285 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş «şəxsi axtarışın keçirilməsi haqqında» protokola əlavə olunmuş 1 (bir) ədəd DVD disk və telefon məlumatlarının ələ keçirilməsi ilə bağlı “Azercell MMC”-dən daxil olmuş bir ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci 49,74 (qırx doqquz manat yetmiş dörd) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Ayşən Vəliyeva Hakimlər: Əli Əliyev Oruc Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar