Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-645/2022 14.11.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi ilə hakimlər: Səfərli Cavid Şamil oğlu və Nəbiyev Cəlil Cabbar oğlundan ibarət tərkibdə, Ağayev Elmar Sakit oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçisi Lənkəran Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1979-cu ildə Biləsuvar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-nin 307.3 və 318.2-ci maddələri ilə təqsirli bilinib 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci ildə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, Biləsuvar rayonu, Vaqif küçəsi ev 9-da qeydiyyatda olan, Abşeron rayonu Xırdalan şəhərində kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs şəxsiyyəti məlum olmayan İran İslam Respublikasının (bundan sonra -İİR) vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama, daşıma və satma, habelə Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən gizli yolla keçiriləcək külli miqdarda narkotik vasitələri və külli miqdarda güclü təsir edən maddəni əldə edib müqəddəratına sərəncam verməyi qabaqcadan vəd verməklə həmin şəxslərə köməklik etməsi barədə razılığa gəlmişdir. Əldə olunmuş cinayətkar razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq şəxsiyyətləri məlum olmayan cinayətkar qrupun İİR vətəndaşı olan digər üzvü külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni dəqiq məlum olmayan vaxtda və yerdən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədinin nəzarətburaxılış məntəqələrindən, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə daşıyaraq əvvəlcədən razılaşdırdıqları kimi İİRdən qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasına keçirmiş, bu barədə 19 mart 2022-ci il tarixdə cinayətkar qrupun İİR vətəndaşı olan üzvü ona məlumat verdikdən sonra, o, Ələt qəsəbəsində taksi kimi fəaliyyət göstərən tanımadığı şəxsin idarə etdiyi avtomobilə əyləşərək Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 2-ci sərhəd zastavasının 7ci sahəsinin arxa tərəfində, İmişli-Biləsuvar yolunun üzərində yerləşən İmişli rayonunun Aranlı kəndi ərazisinə gələrək, həmin ərazidə işıq dirəyinin altında gizlədilmiş 1 ədəd bağlamada külli miqdarda narkotik vasitə - ümumi təmiz çəkisi 962,3 qram heroini, külli miqdarda narkotik vasitə - ümumi təmiz çəkisi 2860,2 qram tiryəki, külli miqdarda narkotik vasitə - ümumi təmiz çəkisi 8335,5 qram qurudulmuş marixuananı və külli miqdarda psixotrop maddə - ümumi təmiz çəkisi 988,7 qram metamfetamini 20 mart 2022-ci il tarixdə gecə vaxtı saat 0N radələrində qanunsuz olaraq satış məqsədi ilə əldə edib, saxlayıb, daşıyarkən DSX-nın əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisə yerində-İmişli rayonunun Aranlı kəndi ərazisinə saxlanılmış, həmin külli miqdarda narkotik vasitələr və külli miqdarda psixotrop maddə ondan aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2015-ci ildə qanunsuz sərhədi keçdiyinə görə İranda məhkum olunmuş, orada həbsdə olmuş və cəzasını çəkmişdir. Tutulmamışdan, bu hadisədən əvvəl Davud adlı İranlı “vatsap”la ona zəng edərək “sənin nömrəni mənə veriblər türmədən və nə vaxt sənə narkotik lazım olarsa göndərə bilərəm” demişdir. Münasibətləri yaranmış, bundan sonra o, Davuddan öz istifadəsi üçün “vatsap”la heroin istəmiş və Davud ona 1-2 qram heroin göndərmişdir. Bir müddət sonra o, Davuddan öz istifadəsi üçün 400-500 qram marixuana istəmişdir. Davud onunla razılaşmış və ona əvvəlcə deyəcəyi yerdən –Azərbaycan Respublikasının ərazisindən marixuananı götürməsini bildirmişdir. 19 mart 2022-ci il tarixdə Davud ona “vatsap”la zəng etmiş və ona marixuananı götürdərəcəyini, bunun üçün Beyləqan rayonu istiqamətində getməsini bildirmişdir. O, bu məqsədlə Bakı şəhərində yaşadığı ünvandan çıxaraq Ələt qəsəbəsinə gəlmiş, Ələt qəsəbəsindən taksiyə əyləşərək sürücüdən Beyləqan rayonu istiqamətində sürməsini istəmişdir. Həmin sürücünü tanımamış, buna görə ona 100 manat verəcək idi. Yolda olarkən Davud ona zəng edərək marixuananın olduğu torbanı İmişli rayonun Aranlı kəndində işiq dirəyinin yanında gizlətdiyini, oradan götürməsini söyləmişdir. Martın 20- kecən gecə Davudun dediyi yerə, İmişli rayonunun Aranlı kəndinin ərazisinə çatdıqda torbanı işıq dirəyinin yaxınlığından götürmədən sərhəd xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. Saxlanılarkən sərhəd xidmətinin əməkdaşları tərəfindən ona qarşı zor tətbiq olunmuşdur. Heç kimə narkotik satmamışdır. Özünü narkotik istifadəsi ilə təqsirli bilir. Hazırda himayəsində 2007-ci il təvəllüdlü 15 yaşında bir uşağı var. Ailəsi Xırdalanda kirayə yaşayır, ünvanı bilmir. Təqsirləndirilən şəxs Raci İskgəndərovun məhkəməyədək icraat zamanı ilkin və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai istintaq dövründə müdafiəçisinin iştirakı ilə verdiyi xx.xx.2022-ci il tarixli etirafedici izahatı elan olunmuş, o, həmin izahatında narkotik vasitələr olan torbanı götürüb ərazidən uzaqlaşarkən sərhədçilər tərəfindən tutulub zastavaya gətirildiyini, saxlanılarkən sərhədçilər tərəfindən ona qarşı zor tətbiq olunmadığını göstərmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməllərini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli özünün qismən etirafedici ifadələri ilə yanaşı iş üzrə dindirilmiş şahid ifadələri, habelə tədqiq olunmuş ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 20 mart 2022-ci il tarixdə N nömrəli hərbi hissənin 1-ci sərhəd komendantlığının 2-ci sərhəd zastavasının xidməti ərazisinin arxa istiqamətində külli miqdarda narkotik vasitələrin gizlədilməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında o, digr hərbi qulluqçu ilə birlikdə 2-ci sərhəd zastavasının arxa istiqamətində “Pusqu” sərhəd naryadı xidmətini təşkil etmişlər. Xidmətin təşkili zamanı saat 0N radələrində həmin əraziyə bir avtomobilin gəlməsini, həmin avtomobildən bir nəfərin düşərək piyada həmin əraziyə doğru hərəkət etməsini və ərazidə işıq dirəyinin yaxınlığında gizlədilmiş torbanı götürərək avtomobil istiqamətinə doğru qaçmasını müşahidə etmişlər. Onlar həmin şəxsi təqib edərək ona “Dayan” çağırışı vermişlər və saxlamışlar. Saxlanılan şəxsin oraya gəldiyi avtomobil isə onun saxladıldığını görərək avtomobili sürüb hadisə yerindən uzaqlaşaraq qaçmışdır. Daha sonra həmin torbaya hal şahidlərin iştirakı ilə baxış keçirilmiş, içərisində narkotik vasitələrə bənzər maddələrin olması məlum olmuşdur. Şifahi sorğu zamanı adını sonradan bildiyi Raci demişdir ki, narkotik ona irandan göndəriblər. Məhkəmə baxışında şahid qismində dindirilmiş X1 oxşar məzmunlu ifadə verərək Şahid1 ifadəsində qeyd etdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat N radələrində N saylı hərbi hissənin 2-ci SZ-nın 22-ci sahəsində sərhədçilər tərəfindən saxlanılan adını sonradan bildiyi Təqsirləndirilən şəxs məxsus narıncı rəngli torbaya keçirilən baxışda Şahid4lə birlikdə hal şahidi qismində iştirak etmişlər. Eyni zamanda baxışda Təqsirləndirilən şəxs özü də iştirak etmişdir. Baxış zamanı torbada 8800 qram marixuana, 2800 qram tiryək, 1000 qram heroin və 1000 qram metamfetamin aşkar edilmişdir. Şifahi sorğu zamanı Raci həmin ərazisiyə bağlamanı götürmək üçün gəldiyini, bağlamanın irandan göndərildiyini bildirmişdir. Ona qarşı heç kim zor tətbiq etməmişdir. Məhkəmə baxışında tədqiq olunmuş məhkəmə-bioloji ekspertizasının 20 mart 2022-ci il tarixli 7/277 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş bir ədəd narıncı rəngli sintetik torbada 2 ədəd üzərləri skoçla bağlanmış qara rəngli polietilen bağlamalardakı qara rəngli polietilen torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri – 4106,0 qram, 4229,5 qram ümumi çəkisi – 8335,5 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 20 mart 2022-ci il tarixli 6/1603 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “N saylı hərbi hissə...liter f” möhür əksi olan narıncı torbadakı 01 ədəd bağlamada təmiz çəkisi 962,3 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 01 ədəd bağlamada təmiz çəkisi 2860,2 qram tünd qəhvəyi rəngli, qətrana bənzər maddə kütləsi xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir, 01 ədəd bağlamada təmiz çəkisi 864,8 qram və narıncı torbanın dibinə səpələnmiş təmiz çəkisi 123,9 qram, ümumi təmiz çəkiləri 988,7 qram ağ rəngli kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022ci il tarixli 3596 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabioidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Hal-hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniyadan məcburi müalicəyə ehtiyyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022ci il tarixli 1873 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ittiham olunan törətdiyi əməl barəsində anlaqlı hesab olunmalı, onun hərəkətləri CM-nin 21-ci maddəsinin təsiri altına düşmür, məcburi müalicəyə ehtiyacı yoxdur və hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Məhkəmə baxışında tədqiq edilmiş 20 mart 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, baxış yeri N nömrəli hərbi hissənin İmişli rayonu ərazisində yerləşən 2-ci sərhəd zastavasının 22-ci sahəsinin mühəndis texniki çəpərinin arxa istiqaməti olması, ərazinin düzənlik relyefə malik olması, 2-ci sərhəd zastavasının Azərbaycan Respublikası istiqamətində Biləsuvar rayonu ərazisində 7 nömrəli Cəbrayıl qəsəbəsinin yerləşməsi, müqabil ölkə tərəfdə İran İslam Respublikasının Parsabad rayonunun Qoşaqışlaq kəndinin yerləşməsi müəyyən edilmişdir. Həmin sahədə olan dövlət sərhəd xəttində hər hansı bir ayaq izinin olması aşkar olunmamışdır. Məhkəmə baxışında tədqiq edilmiş 20 mart 2022-ci il tarixli predmetə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ərazidən götürərək uzaqlaşmaq istədiyi narıncı rəngli, üzərində qara rəngli zolaqlar olan torbanın daxilinı baxış keçirilən zaman orada ümumi çəkisi bükümlərlə birlikdə 8800 qram olan marixuanaya bənzər narkotik vasitə, ümumi çəkisi bükümlə birlikdə 2800 qram olan tiryəkə bənzər narkotik vasitə, ümumi çəkisi bükümlə birlikdə 1000 qram olan heroinə bənzər narkotik vasitə və ümumi çəkisi bükümlə birlikdə 1000 qram olan metamfetaminə bənzər psixotrop maddələrin olması müəyyən edilmişdir. 14 aprel 2022-ci il tarixli qərarla 8335,4 (səkkiz min üç yüz otuz beş tam onda dörd) qram narkotik vasitə olan qurudulmuş marixuana qalığı, 2860 (iki min səkkiz yüz altmış) qram narkotik vasitə olan tiryək qalığı, 962,2 (doqquz yüz altmış iki tam onda iki) qram narkotik vasitə olan heroin qalığı və 988,6 (doqquz yüz səksən səkkiz tam onda altı) qram psixotrop maddə olan metamfetamin qalığı maddi sübut kimi tanınmış və saxlanılması üçün DSX İstintaq və Təhqiqat İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 2312 N-li məktubdan görünür ki, şəxsiyyəti istintaqa Davud adı ilə məlum olan şəxsin İİR Parsabad şəhər sakini 1980-ci il təvəllüdlü X4 olması məlum olmuşdur. Təqsirləndirilən şəxs sözügedən narkotik vasitələri gizlədilmiş ərazidən götürdükdən sonra İİR vətəndaşı Nuri Davudun tapşırığı ilə sonradan deyiləcək ünvana çatdırılması nəzərdə tutulmuşdur. 21 sentyabr 2022-ci il tarixli qərarla həmin cinayət işindən İİR vətəndaşı olan Davud adlı şəxs və digər şəxslər barəsində CM-nin 318.2, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılmışdır. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Təqsirləndirilən şəxs məhkəmə istintaqında Davud adlı iranlı tanışının ona göndərdiyi bağlamanı götürmədiyini, həmin bağlamada yalnız qurudulmuş marixuananın olmasından məlumatının olduğunu, digər narkotkilərin olmasından məlumatının olmaması, habelə saxlanılarkən hərbi qulluqçular tərəfindən ona qarşı zor tətbiq olunmasına dair ifadəsində göstərdiyi xüsusatlara məhkəmə tənqidi yanaşaraq bu ifadələri işin obyektiv hallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və onun ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Təqsirləndirilən şəxsin ona qarşı hərbi qulluqçular tərəfindən zor tətbiq olunması və xəsarət alması ilə bağlı irəli sürdüyü dəlillərə məhkəmə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 449.1,449.1.1. 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrin məzmununa görə təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq başlandığı ilk gündən istintaq başa çatanadək hər hansı bir şəxs tərəfindən zorakılığa məruz qalması ilə bağlı heç yerə şikayət etməmiş, ümumiyyətlə ifadələrində bu xüsusatla bağlı hər hansı bir fikir irəli sürməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs bağlamanın dalınca gəlsə də həmin bağlamanı götürməməsi ilə bağlı xüsusat hadisə yerinə, bağlamya baxış və götürmə aparılması haqqında istintaq hərəkəti protokolu, habelə məhkəmədə dindirilmiş şahidlərin ifadələri və digər sübutlarla tam təkzib olunur. Belə ki, məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1, Amil Sultanov ifadələrində Təqsirləndirilən şəxs məhz bağlamanı götürdükdən sonra ona “Dayan” əmri verilmiş, o, hadisə yerindən qaçmaq istəyərkən saxlanılmışdır. Həmçinin, hal şahidi Şahid3 də ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs məxsus bağlamaya baxış keçirələrkən içərisində külli miqdarda narkotik vasitələr və psixotrop maddə aşkar edilmişdir. Bununla yanaşı Təqsirləndirilən şəxs saxlanılarkən ilkin izahatında da iranlı Davudun ona göndərdiyi bağlamanı məhz götürdükdən sonra saxlanıldığını etiraf etmişdir. Artıq yuxarıda qeyd olunan hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya edildiyini təsdiq etmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün təqsirləndirilən şəxsin ibtidai araşdırma dövründə verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə şahidlərin ifadələrini, eskpertizanın rəylərini və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Beləliklə də, Təqsirləndirilən şəxs gömrük nəzarətindən kənar gizli olaraq irandan ona göndərilən külli miqdarda narkotik vasitələri və psixotrop maddə olan bağlamanı 2-ci sərhəd zastavasının 7-ci sahəsinin arxa istiqamətindən «Davud» adlı iranlının tapşırığı ilə sonuncunun dediyi yerdən götürüb üzərində qanunsuz daşımaqla saxlaması və işin digər halları təqsirləndirilən şəxsin həqiqətən də narkotik vasitələri və psixotrop maddəni satması ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə əsas verir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən beynəlxalq adı olan heroin, qurudulmuş marixuana və tiryək narkotik vasitələr, metamfetamin isə psixotrop maddədir. Qurudulmuş mariuxanının 5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 500 qramı və ya ondan artıq hissəsi isə külli miqdar, tiryəkin 0,5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq, 50 qramı və ya ondan artıq hissəsi isə külli miqdar, heroinin və metamfetaminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinin ikinci və 11-ci bəndinin dördüncü abzaslarına əsasən«Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müəyyən edilməyən İİR vətəndaşı və digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayətkar qrupun müəyyən edilməmiş üzvləri tərəfindən İİR-dən Azərbaycan Respublikasına qanunsuz qaçaqmalçılıq yolu ilə keçirilmiş külli miqdarda narkotik vasitələri və psixotrop maddəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması məhkəmədə tədqiq olunmuş sübutlarla tam təsdiq olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş və onun bu əməlləri düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə elan olunmuş ittihama münasibət bildirərək qeyd edir ki, bu maddədə nəzərdə tutulmuş cinayət əməli (hazırki işə münasibətdə) qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən “narkotik vasitələrin, psixotrop maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi» ilə törədilir. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə istinad edilən əməllə bağlı müəyyən edilmiş hüquqi əhəmiyyət kəsb edən faktiki hal ondan ibarətdir ki, “Davud” adlı İİR vətəndaşının Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhəddindən gömrük nəzarətindən gizli qaydada məlum olmayan vaxtda keçirdiyi yuxarıda qeyd olunan narkotik vasitələri və psixotrop maddəni Təqsirləndirilən şəxs başqa şəxsə çatdırmaq məqsədi ilə İmişli rayonu ərazisinə gələrək N saylı hərbi hissənin 2-ci sərhəd zastavasının 7-ci sahəsinin arxa istiqamətindən qanunsuz olaraq əldə edib daşıyarkən saxlanılmışdır. Məhkəmə tərkibi işin faktiki hallarına əsasən təqsirləndirilən şəxsin qaçaqmalçılıq cinayətinin törədilməsində rollarının qiymətləndirilməsində ibtidai istintaq orqanın səhvə yol verdiyini hesab edərək aşağıdakı əsaslara görə sözügedən əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi əlaməti üzrə tövsifini də düzgün saymır. Buna görə də, ilk olaraq Təqsirləndirilən şəxs qeyd olunan qaçaqmalçılıq cinayətinin törədilməsində iştirakının növü dəqiq müəyyən edilməli və bundan sonra həmin növə uyğun olaraq əməli tövsif edilməlidir. Qeyd olunur ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı irəli sürdüyü ittihamda “Davud” adlı şəxslə yanaşı təqsirləndirilən şəxsin də qaçaqmalçılıq cinayətinin törədilməsində iştirakları–cinayətin icraçısı kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası CM-in 32.2-ci maddəsinə əsasən “Cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcədə bu Məcəllənin nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır”. Qanunun qeyd olunan normasına əsasən şəxs üç halda – birincisi cinayəti bilavasitə törətdikdə, ikincisi başqa şəxslə birlikdə onun törədilməsində bilavasitə iştirak etdikdə və nəhayət cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətdikdə cinayətin icraçısı sayılır. «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 02 iyun 2016-cı il tarixli 10 nömrəli qərarının 19-cu bəndinin təhlili göstərir ki, icraçılıq fəaliyyəti cinayətin obyektiv cəhətinin qismən və ya tam icra edilməsində, cinayətin obyektiv cəhətinin bilavasitə icrasına kömək göstərilməsində də ifadə oluna bilər. Belə ki, qeyd olunan Plenum qərarının həmin bəndinə əsasən qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhəddinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhəddindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhəddini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-in 206.3.2-ci maddəsi ilə tövsif edilir. Qanunun qeyd olunan normasının məzmunundan, habelə Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqedən görünür ki, cinayətin icraçısının hərəkəti cinayətin icrasına başlanan andan icranın başa çatma anınadək olan dövrü əhatə edir. Yəni cinayət başa çatdıqdan sonra hər hansı bir şəxsin həmin cinayətdə bu və ya digər formada iştirakı yalnız köməkçi qismində (əgər cinayətin icraçı tərəfindən törədiləcəyi köməkçinin qəsdi ilə əhatə olunursa) ola bilər. Cinayətin icra edilməsi dedikdə isə, onun obyektiv cəhətini təşkil edən hərəkətlərin yerinə yetirilməsi başa düşülür. Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələrin və güclü təsir edən maddələrin qaçaqmalçılığı cinayətin obyektiv cəhətini həmin predmetlərin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi təşkil edir. Bu cinayət-hüquqi normaları hazırki iş üzrə müəyyən edilmiş hallarla əlaqələndirdikdə görünür ki, baxılan işdə narkotik vasitənin və güclü təsir edən maddənin qaçaqmalçılığı cinayətin obyektiv cəhətini yaradan hərəkətlər həmin maddənin Azərbaycan Respublikasına gömrük sərhəddindən (İİR-lə Azərbaycan Respublikası arasında olan dövlət sərhəddindən) gömrük nəzarətindən gizli keçirilməsindən ibarətdir. Bu o deməkdir ki, şəxsin qaçaqmalçılığı icra etməkdə və bu cinayəti bir qrup şəxslə qabaqcadan əlbir olaraq törətməkdə (CM-in 206.3.2-ci maddəsi ilə) təqsirləndirilməsi üçün onun əvvəla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən hərəkətləri bilavasitə yerinə yetirməsi, ikincisi həmin hərəkətləri ən azından daha bir şəxslə birlikdə icra etməsi, yəni başqa şəxslə və yaxud şəxslərlə birgə qaçaqmalı Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli (kənar) keçirməsi tələb olunur. «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 02 iyun 2016-cı il tarixli 10 nömrəli qərarının 16-cı bəndin dördüncü yarımbəndinə əsasən “Malların və ya digər əşyaların Azərbaycan Respublikasının ərazisinə gömrük nəzarətindən kənar və ya ondan gizli gətirilməsi zamanı törədilmiş qaçaqmalçılıq bu cinayətin predmeti olan əşyaların gömrük sərhəddindən keçirildiyi andan bitmiş hesab edilir”. Məhkəmə baxışı zamanı “Davud” adlı şəxsin Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhəddindən narkotik vasitəni nə vaxt və hansı üsulla, tək və ya başqaları ilə birlikdə, yaxud da, kim(lər)insə vasitəçiliyilə keçirməsi halı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 32.5-ci maddəsinə əsasən “Cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır”. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını, o cümlədən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın məzmununu nəzərə alaraq hesab edir ki, iş üzrə qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini “Davud” adlı şəxs təkbaşına icra etmişdir. Təqsirləndirilən şəxs isə həmin hərəkətləri “Davud” ilə birgə icra etməmiş, o, yalnız cinayətin predmeti olan əşyaların dövlət sərhəddin nəzarət-buraxılış məntəqələrindən kənarda keçirildiyi andan (qaçaqmalçılıq cinayəti başa çatdırıldaqdan) sonra başqa şəxsə çatdırmaq məqsədi ilə İmişli rayonu Aranlı kəndi ərazisinə gələrək N saylı hərbi hissənin 2-ci sərhəd zastavasının 7-ci sahəsinin arxa istiqamətində işıq dirəyinin altından qanunsuz olaraq əldə edib saxlamaqla həmin (qrup deyil, bir nəfər tərəfindən törədilən) cinayətdə (qaçaqmalçılıqda) köməkçi qismində iştirak etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs qaçaqmalçılıq cinayətinin törədilməsində köməkçi qismində iştirak etməsi müəyyən olunduğu üçün onun sözügedən əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi əlaməti üzrə tövsifini də düzgün olubolmamasını müəyyənləşdirilməsi üçün işin faktiki hallarının cinayətdə iştirakçılıq institutunun mahiyyəti baxımından təhlilini də, zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 34.1 və 34.2-ci maddələrinə əsasən «Qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə törədilən cinayət bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur». Qeyd olunan normaların müqayisəli təhlilindən görünür ki, “qabaqcadan əlbir olan bir qrup şəxs” cinayət-hüquq kateqoriyasını “bir qrup şəxs” anlayışından fərqləndirən yeganə cəhət birinci halda qrupun iştirakçıları arasında cinayətin birgə törədilməsi barədə qabaqcadan razılığın əldə olunmasıdır. Qalan səciyyəvi əlamətlər üzrə bu iki anlayış tamamilə üst-üstə düşür. Ona görə də, nə qədər ki, CM-in 34.1-ci maddəsi cinayətin “bir qrup şəxs” tərəfindən törədilməsini onun iki və ya daha çox icraçının birgə iştirakı ilə həyata keçirilməsi kimi təsbit etmişdir, cinayətin “qabaqcadan əlbir olan bir qrup şəxs” tərəfindən törədilməsi də cinayətin qrupa daxil olan şəxslər (ən azı iki nəfər) tərəfindən birlikdə icra edilməsini, yəni birgə icraçılığı ehtiva edən anlayış kimi təfsir olunmalıdır. Analoji hüquqi mövqe «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 02 iyun 2016-cı il tarixli 10 nömrəli qərarının 19-cu, habelə “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 3 mart 2005-ci il tarixli Plenumunun 10 və 11-ci bəndlərində, habelə Ali Məhkəmənin 2016, 2018 və 2019cu illər üçün dərc olunmuş bülletenlərinin 3 (səh. 40-44), 1 (səh. 28-33) və 4 (səh. 35-37) nömrəli buraxlışlarında dərc olunmuş qərarlarda da əks olunmuşdur. İş materiallarından görünür ki, ibtidai istintaq orqanı hazırki iş üzrə Təqsirləndirilən şəxs elan olunmuş yekun ittihamda qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinin məhz “Davud” adlı şəxs və ya cinayətkar qrupun digər üzvləri tərəfindən icra olunduğu qənaətinə gəlmişdir. Məhkəmə baxışı zamanı həmçinin müəyyən edilmişdir ki, qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən hərəkətləri məhz “Davud” adlı şəxs təkbaşına icra etmiş, Təqsirləndirilən şəxs isə bu əməldə (cinayət başa çatdıqdan sonra) köməkçi qismində iştirak etmişdir. Qanunvericinin bu cür, yəni bir icraçı və bir köməkçi olan (ən azından iki icraçı olmadığı) vəziyyətdə əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən cinayət kimi qəbul etməməsi CM-in 33.2 və 33.3-cü maddələrinin məzmunundan da aydın olur. Belə ki, CM-nin 33.2-ci maddəsi birgə icraçılıq olduğu halda cinayətin 32-ci maddəyə istinad edilmədən CM-nin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddə ilə tövsif edilməsini təsbit etdiyi halda, CM-nin 33.3-cü maddəsi cinayətdə təşkilatçı, təhrikçi və köməkçi iştirak etdiyi hallarda (əgər bu iştirakçılar həm də icraçı deyillərsə) onların əməllərinin CM-nin 32-ci maddəsinə istinad edilməklə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsi ilə (iştirakçıların razılaşdırdıqları və bu razılaşmaya uyğun olaraq icraçının yerinə yetirdiyi əməlin CM-nin Xüsusi hissəsinin hansı maddəsində nəzərdə tutulmasından asılı olaraq) tövsif edilməsini tələb edir. Qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını, o cümlədən ibtidai istintaq orqanının hazırki cinayət işi üzrə qaçaqmalçılıq cinayətinin məhz “Davud” adlı şəxs tərəfindən törədilməsini müəyyən etdiyini, həmin cinayətin törədilməsində digər şəxs(lər)in iştirakını müəyyən etmədiyini nəzərə alaraq məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs qeyd olunan qaçaqmalçılıq cinayətinin törədilməsində hər hansı bir qrupa deyil, məhz “Davud”a kömək etmişdir. Buna görə də, təqsirləndirilən şəxsin həmin cinayətdə köməkçi olması “qabaqcadan əlbir olan bir qrup şəxs”ə deyil (Davuddan başqa icraçı müəyyən edilməyib), yalnız bir şəxsə – Davuda yönəlmişdir. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən “Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir”. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəasını və işin faktiki hallarını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qaçaqmalçılıq cinayətinə münasibətdə əməli Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5, 206.2-ci maddəsinə tövsif olunmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs CM-nin qeyd olunan maddələri ilə təqsirli bilinərək ona qanunla müəyyən edilmiş qaydada cəza təyin olunmalıdır. 20 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün cinayət törətməsində şübhəli şəxs qismində tutulmuş, 22 mart 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 22 mart 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 20 mart 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CMin 307.3 və 318.2-ci maddələri ilə təqsirli bilinib 05 il müddətinə azadlıqdan məhrum edilmişdir. xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azadlığa buraxılmışdır. CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs iki il keçmədən yenidən qəsdən ağır cinayət əməlini törətdiynə görə onun əməli həmin Məcəllənin 18.1-ci maddəsinin tələblərinə görə cinayətlərin resdivini yaradır. İş materiallarında olan Biləsuvar Rayon İcra Hakimiyyətindən daxil olmuş məktubdan və arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanda yaşamadığı üçün barəsində ailə tərkibi haqqında arayış vermək mümkün olmamışdır. Abşeron Rayon İcra Hakimiyyətindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs adı ev təsərrüfatı kitabında qeydə alınmayıb və harada yaşaması barədə məlumat yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə cinayətlərin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 32.5, 206.2-ci maddəsi “az ağır”, 234.4.1, və 234.4.3 -cü maddələri isə “ağır” cinayətlər kateqoriyasına aiddir. Həmin Məcəllənin 32.5, 206.2-ci maddənin sanksiyasında üç ildən yeddi ilədək azadlıqdan məhrum etmə, 234.4.1 və 234.4.3-cü maddələrin sanksiyasında beş ildən on iki ilədək azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Qaçaqmalçılıq cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, gömrük nəzarətindən kənar qadağan olunmuş əşya və maddələrin ölkəyə gətirilməsi daxili ictimai asayişi, əhalinin sağlamalığını və başqa mühüm dəyərləri ciddi təhlükə altına alır. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərin ictimai təhlükəliliyi ondan ibarətdir ki, əhalinin sağlamlığına ciddi zərər vurulur. Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən hallara gəldikdə isə məhkəmə belə nəticəyə gəlir ki, o, əvvəllər qəsdən cinayət törətdiyinə görə məhkum olunmasına və məhkumluğunun ödənilməməsinə baxmayaraq tərbiyə və islah olunmamış, yenidən qəsdən ağır cinayət əməllərini törətmişdir. Qeyd olunanlara əsasən belə nəticəyə gəlmək olur ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərin ictimai təhlükəli olduğunu dərk etmiş, onların ictimai təhlükəli nəticələrini görmüş və bunları arzu etmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. CM-nin 65.2-ci (residivə görə cəzanın təyin olunması) maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq CM-nin 32.5, 206.2-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının son həddinin – 7 ilin yarısından, yəni 3 il 6 aydan az, CM-nin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının son həddinin -12 ilin yarısından, yəni 6 ildən az ola bilməz. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin olunmalıdır. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxslərin həbsdə saxlanıldıqları müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli 20 mart 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və hazırda DSX-nın İstintaq və Təhqiqat İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan 8335,4 qram narkotik vasitə olan qurudulmuş marixuana qalığı, 2860 qram narkotik vasitə olan tiryək qalığı, 962,2 qram narkotik vasitə olan heroin qalığı və 988,6 qram psixotrop maddə olan metamfetamin qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 262 (iki yüz altmış iki) manat təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.4.1 və 234.4.3-cü maddələrilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təyin olunmuş cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin, cəzaçəkmə müddətinin başlanğıcı 20 mart 2022-ci ildən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və hazırda DSX-nın İstintaq və Təhqiqat İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan 8335,4 qram narkotik vasitə olan qurudulmuş marixuana qalığı, 2860 qram narkotik vasitə olan tiryək qalığı, 962,2 qram narkotik vasitə olan heroin qalığı və 988,6 qram psixotrop maddə olan metamfetamin qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatın dəyəri 262 (iki yüz altmış iki) manat təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Müşfiq Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-645/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-645/2022
14.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver