Məhkəmə qərarları › İş №1(099)-647/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-647/2023

29.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-647/2023 29.11.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X8 və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxxx 1994-cü ildə Əli Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işsiz, Şirvan şəhəri, F.İsmayılov küçəsi, ev 1-də qeydiyyatda olmaqla Şirvan şəhər, Cabbar Qaryağdıoğlu küçəsi, ev 37-də yaşayan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq hər biri külli miqdarda, yəni 2,841 qram narkotik vasitə heroin və 2,481 qram psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib, üzərində daşımaqla saxlamış, 12 aprel 2023cü il tarixdə saat 20:30-da Şirvan şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Şirvan şəhəri, Cabbar Qaryağdıoğlu küçəsində yerləşən yaşadığı evin yaxınlığında saxlanaraq polis şöbəsinə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli şalvarın sol yan cibində qanunsuz olaraq saxladığı 01 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 2,841 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 2,481 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 12 aprel 2023-cü il tarixdə günorta saatlarında evdə qardaşı ilə birlikdə olmuşlar, qardaşı mağazaya çörək almaq üçün getmiş, 10-15 dəqiqə müddət keçdikdən sonra küçədən səs-küy eşitmiş, həyətə baxmaq üçün evin qapısını açmış, bu zaman həyətdə sonradan polis olduqlarını bildiyi mülki geyimli şəxsləri görmüşdür, onlar zorla gələrək evin içərisinə daxil olmuşlar, evi axtarmışlar. Sonra qardaşı və onu polis şöbəsinə aparmışdılar. Polis şöbəsində onu döyərək, təzyiq etmişlər. Qardaşını azad etmələri üçün o məcbur qalaraq etirafedici ifadə vermişdir. Polis əməkdaşları onu saxlayarkən üzərində yarım qram metamfetamin və metamfetamindən bir az çox heroin olub, lakin üzərində elektron tərəzi olmayıb. Üzərinə elektron tərəzini polis əməkdaşları qoymuşlar. Narkotik vasitə və psixotrop maddələrdən istifadə edir, lakin satışı ilə məşğul olmamışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə- Füzuli, Xocavənd, Şuşa ərazisinin azad olunmasında iştirak etməsini nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün, onun ibtidai istintaqa verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə o, göstərmişdir ki, 12 aprel 2023-cü il tarixdə günorta saatlarında Şirvan şəhər Xəqani küçəsində yerləşən 3 barmaq adlanan ərazidə tanışı Kənan adlı şəxsdən 100 manat müqabilində bir ədəd sellofan bükümdə narkotik vasitə olan heroin və bir ədəd sellofan bükümdə psixotrop maddə olan metamfetamin almışdır. Həmin axşam metamfetamini özünə məxsus elektron tərəzidə çəkib bir hissəsini istifadə edib qalan metamfetamini, heroini və elektron tərəzini üzərində götürüb yaşadığı evdən çıxmışdır. 12 aprel 2023-cü il tarixdə saat 20:30-da Şirvan şəhəri Cabbar Qaryağdıoğlu küçəsində yaşadığı evin yaxınlığında hərəkət edərkən polis əməkdaşları yaxınlaşaraq onu polis şöbəsinə aparmışlar. Şəxsi axtarış zamanı ona üzərində qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olduğu təqdirdə onu təqdim etməyi təklif etdikdə, o, əynində boz rəngli şalvarımın sol yan cibindən 2 ədəd büküm çıxararaq, bükümlərdən birinin içərsində narkotik vasitə olan heroin və digərinin isə içində psixotrop maddə olan metamfetamin olduğunu deyərək onu masanın üzərinə qoymuşdur. Daha sonra həmin cibindən bir ədəd elektron tərəzi də çıxardaraq masanın üzərinə qoymuşdur. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə zamanı verdiyi ziddiyyətli ifadələri müqayisəli tətqiq edərək hesab edir ki, onun məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərdiyi “polis əməkdaşları onu döymələri, üzərində olan heroin və metamfetaminin miqdarının az olması, polis əməkdaşları tərəfindən daha çox miqdarda heroin və metamfetamin əlavə edilməsi, həmçinin elektron tərəzinin polis tərəfindən qoyulması” xüsusatları obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı ifadəsində göstərdiyi sözü gedən xüsusatları ona cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini işin faktiki hallarına uyğun olduğunu hesab edir və sübut kimi qəbul edir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şirvan şəhər Polis Şöbəsinin əməkdaşı Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində qanunsuz yolla əldə etdiyi, narkotik vasitə saxlamaqda, istifadə etməkdə, üzərində gəzdirməkdə və satışı ilə məşğul olmaqla şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuş və əməliyyat qrupu yaradılmışdır. Saat 20:30 radələrində əməliyyat qrupu ilə birlikdə Şirvan şəhəri, Cabbar Qaryağdıoğlu küçəsinə getmişlər. Həmin küçədə olarkən Təqsirləndirilən şəxs görüb sonuncuya yaxınlaşmışlar və özlərini təqdim edib, barəsində qanunsuz yolla narkotik vasitələr əldə etməsi, saxlaması, istifadəsi etməsi və satışı ilə məşğul olması ilə bağlı əməliyyat məlumatının daxil olduğunu bildirib, sonuncunu Şirvan şəhər polis şöbəsinə dəvət etmişlər. Şəxsi axtarış zamanı ilk öncə Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olub-olmaması, olduğu təqdirdə könüllü təqdim etməsi təklif edildikdə, bu zaman Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sol yan cibindən iki ədəd sellofan bükülüsü çıxarıb masanın üzərinə qoymuş və həmin bükümlərdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirib həmin cibindən bir ədəd elektron tərəzinidə təqdim etmişdir. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdə olan heroini və metamfetamini xx.xx.2023-cü il tarixdə günorta saatlarında tanışı Kənan adlı şəxsdən 100 manata almasını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroin və psixotrop maddə metamfetamin elektron tərəzi vasitəsi ilə çəkildikdə heroinin çəkisi 2,92 qram metamfetaminin çəkisi 2,62 qram olması müəyyən edilmiş, həmin narkotik vasitə və psixotrop maddə qablaşdırılmış, sonra protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişlər. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat daxil olmuş, lakin keçirilmiş tədbirlərlə sonuncu tərəfindən narkotik vasitələrin satışı faktını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə məhkəmə fiziki-kimyəvi ekspertizasının 13 aprel 2023-cü il tarixli 19/412 saylı rəyindən görünür ki, təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki: -1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi-2,841 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. - 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi-2,481 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 3)Tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin izi vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric-mikroçəki) miqdarının müəyyən edilməsi və müqayisəli tədqiqatın aparılması, yəni təqdim olunmuş maddələrə eyniliyin müəyyən olunması mümkün deyildir. Tədqiqatdan sonrakı qalıq narkotik vasitə heroin 2,791 qram və metamfetamin psixotrop maddəsi 2,431 qram. təşkil edir. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik təşkil edır. İş materiallarında olan 23 iyun 2023-cü il tarixli 4021 saylı ambulator məcburinarkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmasını nəzərə alaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 08 iyul 2023-cü il tarixli 1850 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəalliyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi mülaicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə hadisəni düzgün qavrayıb, düzgün ifadə vermək iqtidarındadır. Onun yalan danışmaq, özündən qondarma fikirlər söyləməyə meyilli olub-olmaması barəsində qoyulmuş suala ekspert psixoloqun səlahiyyətinə aiddir İş materiallarında olan 12 aprel 2023-cü il tarixli videoçəilişlə aparılmışq «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman onun üzərindən 01 ədəd sellofan kəsəyində narkotik vasitə olan heroin, 01 ədəd sellofan kəsəyində psixotrop maddə olan metamfetamin, 1 ədəd elektron tərəzi və bir ədəd «Samsung» markalı mobil telefon aşkar edilmişdir. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan 12 aprel 2023-cü il tarixli «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Şirvan şəhər rayon məhkəməsinin 14 aprel 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs olunmasının əvvəli 12 aprel 2023-cü il tarixdən hesablanmmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 18 iyul 2023-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd “Samsung” markalı mobil telefon anası məmmədova Nazilə Xanqulu qızına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və Gəncə Apellyasiya Məhkəməsinin qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilmişdir. xx.xx.2013-ci il tarixdə Tərtər Hərbi Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə təqsirli bilinib N ay intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmişdir, Gəncə Apellyasiya Məhkəməsinin 04 fevral 2014-cü il tarixli qərarı ilə hökm dəyişdirilərək onun barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə N ay intizam xarakterli hərbi hissədə saxlama cəzası N ay şərti sınaq müddəti təyin edilmiş, məhkumluğu ödənilmişdir. İş materiallarında olan 25 aprel 2023-cü il tarixli Şirvan şəhər X3 hüquqi şəxsin arayışından görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın narkoloji kabinetində «Opoidlərin qəbulu nəticəsində narkomaniya xəstəliyi» diaqnozu ilə qeydiyyatdadır, xəstəxananın ruhi-əsəb kabinetində qeydiyyatda yoxdur. İş materiallarında olan 02 may 2023-cü il tarixli Dövlət Sosial Müdafi Fondu 1 saylı X1 arayışından görünür ki, Təqsirləndirilən şəxs regionalda əlilliyə görə heç bir pensiya almır, lakin vətən müharibəsi iştirakçılarına təyin olunmuş Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alır. İş materiallarında olan Şirvan şəhər 1 nömrəli İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 01 may 2023-cü il tarixli yaşayış yeri və ailə tərkibi haqqında arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər, Cabbar Qaryağdıoğlu küçəsi, ev 37-də yaşayır. Barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan İ-46065 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli 250s nömrəli sərəncamı ilə «Vətən müharibəsi iştiraçısı» medalı ilə təltif olunmuşdur. Məhkəməyə təqdim olunmuş ******* nömrəli hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs Füzuli-Şuşa istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. İş materiallarında olan 18 iyul 2023-cü il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, iş üzrə ekspertiza tədqiqatından sonrakı qalıq Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 2,791 qram narkotik vasitə heroin, 2,431 qram psixotrop metamfetamin, bir ədəd elektron tərəzi, şəxsi axtarış və götürmə aparılması protokolunu özündə əks etdirən bir ədəd CD disk maddi sübut kimi tanınmış, narkotik vasitə, psixotrop maddə və tərəzi Şirvan ŞRPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmiş və bir ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Həmin tarixli qərarla Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin haradan və nə vaxt əldə etməsini müəyyən etmək məqsədilə ayrıca icraat materialı ayrılmışdır. Məhkəmə toplanmış sübutların obyektivliyinə və mötəbərliyinə əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə deyil, öz istifadəsi üçün əldə etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxsin sözü gedən maddələrin satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması, onu satmaq niyyətində olması, hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və ya kiminləsə sövdələşməsi, yaxud faktiki olaraq buna cəhd etməsi faktı nə ibtidai araşdırma zamanı, nədə ki, məhkəmə baxışında toplanmış sübutlarda öz təsdiqini tapmamışdır. İstintaq orqanı ittihamda satış məqsədini yalnız ona görə göstərmişdir ki, təqsirləndirilən şəxsdən aşkar edilmiş narkotik vasitə heroinin 2 qramdan artıq olmaqla külli miqdar təşkil edir, başqa digər hər hansı bir sübut isə olmamışdır. Əgər iş materiallarında belə sübutlar olsaydı, bundan sonra şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla yanaşı, həmçinin narkotik vasitəsinin miqdarı da nəzərə alınmalı idi. Sözü gedən maddənin külli miqdar təşkil etməsi məsələsinə gəldikdə isə qeyd edilməlidir ki, həmin maddənin miqdarının çox olması o halda sübut növü kimi qəbul edilə bilər ki, satış məqsədini təsdiq edən digər sübutlar da mövcud olsun. İbtidai araşdırma orqanı belə bir sübuta istinad etməmiş və iş materiallarında da belə bir sübut növü müəyyən olunmamışdır. Bununla da istintaq orqanı yalnız ehtimala əsaslanmaqla Təqsirləndirilən şəxs satış məqsədi barədə müvafiq ittiham vermişdir. Halbuki, qanunvericilik yalnız ehtimala əsaslanmaqla şəxsə hər hansı ittiham verilməsini qadağan edir. Belə bir halda narkotik vasitənin külli miqdar təşkil etməsi həmin maddənin satış məqsədi ilə əldə edilməsini təsdiq edən amil kimi qiymətləndirilə bilməz. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il, №15-li Qərarının 23-cü bəndində qeyd olunub ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. 37-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviriəsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin dispozisiyasında göstərilir ki, qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə hərəkətlərinə görə məsuliyyət yalnız o vaxt yaranır ki, bu hərəkətlər satış məqsədi ilə törədilsin. Məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin deyil, həmin Məcəllənin 234.1-1-ci maddələsinin dispozisiya şərtlərinə uyğun gəlir. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin əməlini CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsini əsaslı sayır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara istinad edərək Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni satış məqsədi ilə deyil, özünün istifadəsi üçün əldə etdiyi qənaətinə gəlir. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək hüququna malikdir. Məhkəmə qanunun bu normasına istinad edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və o, CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 21-ci maddəsinin tələbinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-in 28.1 və 28.4-cü maddələrində göstərilir ki, məhkəmələr cinayət işlərinə həmin Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalı, cinayət prosesində cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etməli, təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdırlar. Azərbaycan Respublikası CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-in 349.5.1-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinə cinayət qanunvericiliyinin tələbləri baxımından hüquqi qiymət verərkən gəldiyi nəticələri, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyinin aşkar olunması, narkotik vasitənin onun tərəfindən xırda bükümlərə (bağlamalara) bölünməməsi, onların hazırlanması üçün üzərində hər hansı bir avadanlığın, olmaması, hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və ya kiminləsə sövdələşməsi, yaxud faktiki olaraq buna cəhd etməsi faktının müəyyən edilməməsi nəzərə alınaraq sözü gedən maddələrin satış məqsədi ilə əldə etməsi nəticəsinə gəlməyə əsas vermir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddə ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanunauyğun cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9cü bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübütlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi narkoltik vasitə heroin və psixotro maddə metamfetamin “külli miqdar” kimi qiymətləndirilir. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlini qismən etiraf etməsini, gənc olmasını, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən İİ Qarabağ döyüşlərində iştirak etməsini, «Vətən müharibəsi iştiraçısı» medalı ilə təltif olunmasını məhkəmə yüngülləşdirici hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə görə, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmasını nəzərə alaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür, Şirvan şəhər X3 hüquqi şəxsin 25 aprel 2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın narkoloji kabinetində «Opoidlərin qəbulu nəticəsində narkomaniya xəstəliyi» diaqnozu ilə qeydiyyatdadır. Odur ki, onun ərazi narkolloji kabinetdə qeydiyyatda olması olması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub – Şirvan Şəhər Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 2,791 qram narkotik vasitə heroin, 2,431 qram psixotrop metamfetamin, bir ədəd elektron tərəzi məhv edilməli, iş materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə aparılması protokolunu özündə əks etdirən 01 (bir) ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, cəzasının çəkilmə müddətinin əvvəli 12 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 12 aprel 2023-cü il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış – Şirvan Şəhər Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 2,791 qram narkotik vasitə heroin, 2,431 qram psixotrop metamfetamin, bir ədəd elektron tərəzi məhv edilsin. -İş materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə aparılması protokolunu özündə əks etdirən 01 (bir) ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. İş üzrə 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Neymət Məmmədov Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar