Məhkəmə qərarları › İş №1(099)-647/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-647/2024

05.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-647/2024 05.09.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Əliyev Əli Abdulla oğlu və Vəliyeva Ayşən Umud qızından ibarət tərkibdə, məhkəmə iclas katibi- X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Neftçala rayonu, Kürqarabucaq kəndində qeydiyyatda olmaqla Astara rayonu, Kakalos kəndində yaşamış, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən isttifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs külli miqdarda, yəni 3,062 qram çəkidə psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşımış, 08 may 2024-cü il tarixdə, saat 11:25-də Astara rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Astara rayonu Kakalos kəndində saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına gətirilmiş və üzərində aparılan şəxsi axtarış zamanı 01 ədəd sellofan bükümündə təmiz çəkisi: -3,062 qram olan psixotrop maddə olan metamfetamin əynində olan göy rəngli cins şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 08 may 2024-cü il tarixdə, səhər saatlarında polis əməkdaşları onu Astara rayonunun Kakalos kəndində yerləşən evinə gələrək saxlayıb polis şöbəsinə aparmışlar. Polislər evində axtarış aparmışlar, lakin qanunsuz maddə aşkar edilməmişdir. Üzərində narkotik vasitə olmamış, bir neçə polis əməkdaşı onu döyərək psixotrop maddənin ona məxsus olmasını deməsinə məcbur etmişlər. O, da daha çox döyülməmək üçün məcbur qalıb həmin maddəni götürərək, şəxsi axtarış zamanı və ifadələrində ona məxsus olduğunu bildirmişdir. Əvvəllər narkotik vasitə marixuanadan arabir istifadə etmişdir. Heç bir günahı yoxdur. Məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəməyədək icraat zamanı və məhkəmə baxışında Təqsirləndirilən şəxs verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğuna görə onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə o göstərmişdir ki, 07 may 2024-cü il tarixdə, saat 13 radələrində yaşadığı Astara rayonu Kakalos kəndindən çıxaraq Lənkəran şəhərinə avtobus vasitəsilə getmiş, Böyük bazar adlanan əraziyə çatdıqdan sonra əvvəllər psixotrop maddə olan metamfetamini aldığı, adını bilmədiyi yalnız üzdən tanıdığı şəxsdən 20 manat müqabilində bir büküm metamfetamin alıb yaşadığı evə qayıtmışdır. 08 may 2024-cü il tarixdə saat 11 radələrində öz istifadəsi üçün götürdüyü psixotrop maddə olan metamfetamini əynində olan şalvarın cibinə qoyub evdən çıxmış, küçədə hərəkətdə olduğu zaman polis əməkdaşları yaxınlaşaraq onu Astara rayon polis şöbəsinə aparmışlar, orada üzərinə şəxsi axtarış keçirilməyə başlanılmış, təhqiqatçı ona üzərində qanunla qadağan edilən hər hansı bir əşya vardırsa təqdim etməsini təklif etmiş, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd sellofan bükümündə psixotrop maddə olan metamfetamini masanın üzərində qoymuş, həmin bükümün içərisindən psixotrop maddə olan metamfetamin aşkar edilmiş, daha sonra metamfetamin zərfdə qablaşdırılaraq möhürlənmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə zamanı verdiyi ziddiyyətli ifadələri müqayisəli tətqiq edərək hesab edir ki, onun məhkəmə baxışı zamanı verdiyi ifadəsində “üzərində narkotik vasitə olmamış, polis əməkdaşları onu döyərək psixotrop maddənin ona məxsus olmasını deməsinə məcbur etmələri, daha çox döyülməmək üçün məcbur qalıb həmin maddəni götürərək, şəxsi axtarış zamanı və ifadələrində ona məxsus olduğunu bildirməsi” xüsusatları obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı ifadəsində göstərdiyi sözü gedən xüsusatları ona cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadələrini işin faktiki hallarına uyğun olduğunu hesab edərək sübut kimi qəbul edir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Astara rayon Polis Şöbəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, 08 may 2024-cü il tarixdə Astara rayonu Kakalos kəndində yaşayan, Təqsirləndirilən şəxs narkotik vasitə, psixotrop maddə və onların prekursorlarını əldə etməsi, saxlaması və daşıması və həmin tarixdə, saat 11 radələrində yaşadığı Astara rayonu Kakalos kəndində olacağı barədə məlumat daxil olmuş və əməliyyat qrupu yaradılmışdır. Həmin gün, saat 11 radələrində şöbənin digər əməkdaşları ilə birlikdə Astara rayonu Kakalos kəndində Soltanın yaşadığı evin yaxınlığına getmiş, Soltanın evinin yaxınlığında gözləmə mövqeyində dayanıb ətrafı nəzərdən keçirməyə başlamış, bu zaman Təqsirləndirilən şəxs piyada hərəkət etdiyini görmüş və dərhal yaxınlaşaraq, özlərini təqdim edib, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu və bu səbəbdən üzərində şəxsi axtarış keçirməli olduğunu bildirərək Soltanı Astara Rayon Polis Şöbəsinin inzibati binasına gətirmişlər. Şöbədə vəkilin iştirkı və videoçəkilişlə Soltanın üzərində axtarış aparılmağa başlanmış, şəxsi axtarış zamanı Soltana üzərində qanunla qadağan edilən hər hansı bir əşya və predmetin olması halında təqdim etməsini təklif etmiş, Soltan də əynində olan göy rəngli cins şalvarın sol yan cibindən şəffaf sellofan bükümündə metamfetaminə bənzər kütləni çıxarıb masanın üzərinə qoymuş, daha sonra Soltanın üzərində şəxsi axtarış keçirilərək onun üzərindən digər cinayət xarakterli əşya, predmet aşkar olunmamışdır. Aşkar edilmiş metamfetamin kütləsi zərfə qoyularaq götürülmüş və protokol tərtib edilmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. İş üzrə əlavə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Soltanın əsl adı Eldəniz olsa da sonradan ad və soyadını dəyişdirmişdir. 08 may 2024-cü il tarixdə saat 10 radələrində evinin həyətində olan vaxtı təxminən 7-8 nəfər polis əməkdaşı həyətinə daxil olaraq Soltanı soruşmuşlar, o Soltanın yatdığını, oyadacağını demişdir. Soltan həyətə düşdükdə polis əməkdaşları ona şöbəyə getməli olduğunu bildirib avtombillərinə otuzdurdular. Həyətində qalan polis əməkdaşları onların həyətində axtarış aparmışlar, heç nə aşkar olunmamışdır. Daha sonra evlərinə Soltanın otağını, evin damını axtarsalar da heç nə tapmadılar. Həyat yoldaşının pul qabını taparaq içərisində olan pulların kimə məxsus olmasını soruşmuşlar, o da 1-2 gün qabaq həyətində olan inəyi satdıqlarını həmin pulların satışdan əldə olunan pullar olduğunu bildirmişdir. Polislər axtarış apardıqdan sonra o oğluna yaxınlaşıb əsəbi halda “nə iş görmüsən” deyib ona bir sillə də vurmuşdur. Oğlu əvvəllər narkotik vasitələrindən istifadə etsə də heç vaxt satışı ilə məşğul olmamışdır. Polis əməkdaşları həyətlərinə saat 10 radələrində gəlmişlər. Polis əməkdaşları həyətlərində axtarış aparıb getdikdən sonra o saat 10:40 radələrində qızına zəng edərək məlumat vermişdir. İş üzrə əlavə şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. 08 may 2024-cü il tarixdə təxminən saat 10:46-da bacısı ona zəng vuraraq qardaşı Soltanı polis əməkdaşlarının evlərindən apardıqlarını bildirmişdir. O dərhal atasına zəng vurmuş, atası Bahadır polis əməkdaşlarının evlərinə gəldiklərini, Sontanı apardıqlarını, evlərin və həyətlərində axtarış apardıqlarını bildirmişdir. Məhkəmə şahidlər Bahadır Rəhimov və Etibar Rəhimovun ifadələrinə tənqidi yanaşaraq “08 may 2024-cü il tarixdə saat 10 radələrində polis əməkdaşları Təqsirləndirilən şəxs küçədə deyil, yaşadığı evdə saxlayaraq polis şöbəsinə aparmaları” xüsusatını məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək hesab edir ki, ifadənin həmin xüsusatı obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və yaxın qohumları olan Təqsirləndirilən şəxs münasibətdə müdafiə xarakteri daşıyır. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 09 may 2024-cü il tarixli 19/405 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi bir bükümdə kütlə.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: -3,062 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Rəyin qeyd hissəsindən isə görünür ki, metamfetaminin ümumi təmiz çəkisi 3,062 qramdır, cəmi tədqiqata 0,1 qram sərf edilmiş və 2,962 qram metamfetamin qalıq qalmışdır. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 60 (altmış) manat təşkil edır. İş materiallarında olan 10 may 2024-cü il tarixli 161 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində heç bir xəsarət aşkar olunmadı. İş materiallarında olan 10 may 2024-cü il tarixli 434 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan stimulyatorlardan istifadə halları olub. Lakin Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 08 may 2024-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan və videogörüntüdən görünür ki, 08 may 2024-cü il tarixdə Astara RPŞ-nin inzibati binasında videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı onun əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüş, həmin psixotrop maddə metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilərək təxmini çəkisinin 3,2 qram olması müəyyən edilərək ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq Astara RPŞ-nin 84 saylı möhürü ilə möhürlənmişdir. İş materiallarında olan 08 may 2024-cü il tarixli «şübhəli şəxs qismində tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Astara Rayon Məhkəməsinin 10 may 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” olunmasının əvvəli 08 may 2024-cü il tarixdən hesablanmmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən, görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. İş materiallarında olan 10 iyun 2024-cü il tarixli «maddi sübut kimi tanınma haqqında» qərarla ekspertiza tədqiqatından sonrakı qalıq 2,962 qram psixotrop maddəsi metamfetamin maddi sübut kimi tanınaraq Astara RPŞ-nin saxlanc anbarına verilmişdir. İş materiallarında olan 22 iyul 2024-cü il tarixli «cinayət işinin ayrıca icraata ayrılması və icraata qəbul edilməsi haqqında» qərarla Təqsirləndirilən şəxs psixotrop maddəni əldə etdiyi şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ayrıca cinayət işi ayrılmışdır. İş materiallarında olan Astara Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs ətrafında aparılan əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair Astara RPŞ-nin xx.xx.2024-cü il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. İş materiallarında olan Astara rayon Kakaloks kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 26 may 2024-cü il tarixli arayışdan, xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Astara rayonu Kakalos kəndində yaşayır, ailə tərkibi atası və qardaşından ibarətdir, yaşadığı müddət ərzində nümayəndəliyə heç bir şikayət daxil olmamış yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə düzgün ittiham verilmişdir. CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olmasını, ilk məhkumluğunu məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CPM-in 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə görə, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub- Astara rayon polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 2,962 qram psixotrop maddəsi metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə iş üzrə 60 (altmış) manat məbləğində ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməsini, cəzasının çəkilmə müddətinin 08 may 2024-cü il tarixdən başlanılmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 08 may 2024-cü il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış - Astara rayon polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 2,962 qram psixotrop maddəsi metamfetamin məhv edilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Əli Əliyev Ayşən Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar