Məhkəmə qərarları › İş №1(099)-648/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-648/2022

22.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-648/2022 22.11.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən) Nəbiyev Cəlil Cabbar oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X10, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1950-ci ildə Salyan rayonu Navahi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, taksi sürücüsü işləyən, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2022-ci il avqust ayının 12-də saat 20 radələrində Neftçala- Salyan avtomobil yolunun Salyan şəhəri ərazisindən keçən 39-cu kilometrliyində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq nəqliyyat vasitəsini idarə etmə hüququ, yəni sürücülük vəsiqəsi olmadan idarə etdiyi “VAZ 21061” markalı, “**-BA-***” dövlət qeydiyyat nişanlı avtomobil ilə Salyan rayonu Xocalı kəndindən Salyan şəhəri istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin 4cü hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni qarşıdan əks istiqamətdə hərəkətdə olan avtomobilin fara işıqlarının gözlərini qamaşdırması anında qəza işıq siqnalını qoşmalı və hərəkət zolağını dəyişmədən sürəti azaltmaqla nəqliyyat vasitəsini dayandırmalı olduğu halda həmin tələblərə riayət etməyib avtomobilin hərəkətini davam etdirmiş, göz qamaşma başlayan anda vaxtında tormozlama əməliyyatı aparmaqla idarə etdiyi avtomobili piyadanın vurulma yerinə çatmadan dayandırmağa texniki imkanı olduğu halda avtomobilin təhlükəsiz idarə olunması üçün lazımi əməliyyatları vaxtında və düzgün yerinə yetirməmiş və yolu keçən piyada X2 vuraraq ehtiyatsızlıqdan sonuncunun ölümünə səbəb olan başın küt travması nəticəsində beynin qişaları altına, toxumasına, mədəciklərinə qansızmalar, kəllə tağı və əsası sümüklərinin sınıqları, o cümlədən sağ gicgah-ənsə nahiyyəsində yara və dərialtı hematoma, burunun yumşaq toxumasının yarası, hər iki diz qapağı nahiyyəsinin sıyrığı ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər almasına və ölümünə səbəb olmuş, sonrakı müddətdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, yəni yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini yerindən tərpətməməli, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, həmin orqanın əməkdaşlarının gəlməsini gözləməli və sağlamlığına zərər vurulmuş şəxsə, bu mümkün olmadıqda isə, onun maraqlarını təmin edəcək digər şəxsə öz şəxsiyyəti barədə məlumatları çatdırmalı olduğu halda həmin tələblərə riayət etməyib yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 263-1.3 və 264-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir neçə il əvvəl Salyan rayonu Arbatan kənd sakini İlqar İmanovdan “VAZ 21061” markalı, “**-BA-***” dövlət qeydiyyat nişanlı avtomobil almış, avtomobili hər il İlqar tərəfindən ona verilmiş etibarnamə əsasında idarə etmişdir. Etibarnamənin müddəti xx.xx.2022-ci il tarixdə başa çatmışdır. Bundan başqa, sürücülük vəsiqəsinin də etibarlılıq müddəti 2020-ci ildə başa çatmışdır. Buna baxmayaraq həmin avtomobillə Salyan şəhərində taksi sürücüsü kimi işləmişdir. 2022-ci il avqust ayının 12-də saat 19 radələrində idarə etdiyi “VAZ 21061” markalı, “**-BA-***” dövlət qeydiyyat nişanlı avtomobil ilə yanacaqdoldurma məntəqəsinə getdiyi vaxt Salyan şəhərində yerləşən “Bayraq meydanı”nın yaxınlığında müştəri götürüb Salyan rayonu Xocalı kəndinə aparmış və saat 20 radələrində Xocalı kəndindən Neftçala-Salyan yolunda saatda 35-40 km sürətlə hərəkətdə olduğu vaxt qarşı hərəkət zolağında əks istiqamətdə olan avtomobilin fara işıqları 3-4 saniyə ərzində gözünü qamaşdırdığı üçün yolu tam görə bilməmiş, həmin avtomobillə yanaşı keçdiyi vaxtda avtomobilinin qarşı sol tərəfində 5 metr məsafədə bir nəfər qadının olduğunu görmüşdür. Həmin anda hadisənin qarşısını ala bilmədiyi üçün idarə etdiyi avtomobilin qabaq sol tərəfi ilə həmin qadını vurmuş, zərbənin təsirindən qadın yolun əks istiqamətinə doğru yıxılmış, maşını isə yolun sağ ehtiyat hissəsinə çıxarıb dayandırmış, maşından düşüb vurduğu qadına yaxınlaşmış, ətrafa çoxlu insanlar toplaşmışlar. Qocalığı ilə bağlı ağciyərlərində və ürəyində ağrılar olduğundan halı pisləşmiş, tanımadığı bir maşın asfaltda uzanan qadının yanında saxlamış, sürücü avtomobildən düşərək qadını xəstəxanaya aparmaq istədiyini demişdir. Bundan sonra özü də sürücüyə kömək etmiş və qadını həmin avtomobilin arxa oturacağının üzərinə qoymuş, həmin sürücü dərhal maşını Salyan rayon mərkəzi xəstəxanası istiqamətinə sürmüş, özünü pis hiss etdiyi üçün hadisə yerində qala bilməmiş, öz maşınına əyləşib yaşadığı evə getmişdir. Evdə olduğu müddətdə polis əməkdaşları gəlib onu şöbəyə aparmışlar. Maşını şöbənin duracağına yerləşdirilmişdir. Halı pisləşdiyindən evə getmiş və hadisə barədə heç bir rəsmi orqanlara məlumat verməmişdir. Törətdiyi əməldən peşmandır. Ahıl, yəni 72 yaşında olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını və səhhətini nəzərə alıb məhkəmədən ona həbslə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi bu cinayət əməlləri özünün etirafedici ifadəsi ilə yanaşı məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisinin elan olunmuş ifadəsi, dindirilmiş şahidlərin ifadələri, habelə tədqiq olunmuş ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə baxışında zərərçəkmiş şəxsin hüquqi varisi X7 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmiş, o, həmin ifadəsində göstərmişdir ki, mütəmadi olaraq şəxsi işləri ilə bağlı daimi Moskva şəhərinə gedib-gəlir. Ailəsi isə anası ilə birlikdə Salyan rayonunda yaşayırlar. 2022-ci il avqustun 12-də Moskva şəhərində olarkən saat 21 radələrində həyat yoldaşı mobil telefon vasitəsilə ona zəng edərək anası X5 rayonunda avtomobil vurduğunu və xəstəxanaya yerləşdirildiyini və orada vəfat etdiyini bildirmişdir. Dərhal ilk reyslə həmin gecə Moskvadan Salyan şəhərinə yaşadığı evə gəlmişdir. Evə çatdığı vaxt artıq anasının dəfni üçün hazırlıq getmiş və sonrakı müddətdə anasını dəfn etmişlər. X6 hansı şəraitdə vəfat etdiyini bilməmiş, sadəcə olaraq onun yol-nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərdən vəfat etdiyini bilmişdir. İş materiallarında olan notariat qaydada təsdiq olunmuş zərərçəkmiş şəxsin hüquqi varisi Ramil Ələkbərovun 26 avqust 2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən bütün dəfn və yas mərasiminin xərcləri, habelə vurulmuş maddi ziyan tam ödənilmiş, hazırda Təqsirləndirilən şəxslə barışmış, ona qarşı hər hansı bir şikayəti və tələbi yoxdur, gələcəkdə də olmayacaq. Məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, Ramil Ələkbərov Təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2022-ci il avqust ayının 12-də saat 20 radələrində idarə etdiyi “Vaz 2104” markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə yaşadığı Neftçala rayonu Aşağı Surra kəndinə gedərkən Salyan-Neftçala avtomobil yolunda hərəkətdə olduğu vaxt Salyan şəhəri ərazisində yolda dayanmış yük avtomobilinin qəza-işıq siqnalını yandırdığını görüb sürətini azaltmışdır. Həmin avtomobilin sol tərəfindən keçdiyi vaxt yerdə uzanıqlı vəziyyətdə qadın olduğunu və ətrafına insanların toplaşdığını görmüşdür. Maşından düşmüş, daha sonra orada olan şəxslərin də köməkliyi ilə həmin qadını maşının arxa oturacağının üzərinə qoymuş və yaxınlıqda olan Salyan rayon mərkəzi xəstəxanasına aparmışdır. Qadının üzündə və başında ciddi xəsarətlər olmuş, yol boyu qadının xırıltı səslərini eşitmişdir. Qadını xəstəxanaya apararkən maşında heç kim olmamışdır. Oradan isə evlərinə çıxıb getmişdir. Hadisənin hansı şəraitdə baş verdiyini bilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Salyan Rayon Polis X13 Polisi bölməsinin yol-patrul xidməti inspektoru Şahid2 ifadəsində göstərmişdir ki, 2022-ci il avqust ayının 12-də saat 20 radələrində xidmətdə olduqları vaxt Neftçala-Salyan avtomobil yolunun Salyan şəhəri ərazisindən keçən 39-cu kilometrliyində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə daxil olmuş məlumat əsasında dərhal həmin əraziyə getmişlər. Məlum olmuşdur ki, piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermiş və xəsarət alan Tellibəyim aldığı xəsarətlərdən Salyan RMX-də ölmüşdür. Hadisəni törətmiş avtomobili aşkar etmədikləri üçün dərhal həmin avtomobilin axtarışlarına başlamışlar. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində məlum olmuşdur ki, hadisəni törətmiş şəxs ünvan 1 ünvanda yaşayan 72 yaşlı Təqsirləndirilən şəxsdir. O, evindən dindirilməsi üçün Salyan Rayon Polis Şöbəsinə gətirilmişdir. Həmçinin Təqsirləndirilən şəxs hadisə anında idarə etdiyi “VAZ 21061” markalı, “**-BA-***” dövlət qeydiyyat nişanlı avtomobil də rayon polis şöbəsinin duracağına yerləşdirilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Salyan Rayon Polis X13 Polisi bölməsinin yol-patrul xidməti inspektoru Şahid3 şahid Asif Əhmədovla oxşar məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 29 avqust 2022-ci il tarixli, 42 N-li rəyindən görünür ki, 1951-ci ildə anadan olmuş X1 meyitinin xarici və daxili müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar edilmişdir: -beynin qişaları altına, toxumasına, mədəciklərinə qansızmalar, kəllə tağı və əsası sümüklərinin sınıqları, sağ gicgah-ənsə nahiyyəsində yara və dərialtı hematoma, burunun yumşaq toxumasının yarası, hər iki diz qapağı nahiyyəsinin sıyrığı. Bu xəsarətlər həyatidirlər, mərhumun Salyan RMX-yə daxil olmamışdan bir qədər əvvəl bər küt əşya (əşyalar) təsiri nəticəsində əmələ gəlmişdir, ola bilər ki, qərarın təsviri hissəsində göstərilən vaxt və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə minik maşınının piyadanı vurması nəticəsində törənə bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər. -X1 ölümünün səbəbi – başın küt travması nəticəsində beynin qişaları altına, toxumasına, mədəciklərinə qansızmalar, kəllə tağı və əsası sümüklərinin sınıqları olmuşdur. Ölüm xx.xx.2022-ci il tarixdə Salyan Rayon Mərkəzi Xəstəxanasında baş vermişdir. -X1 meyitindən götürülmüş qanda məhkəmə kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilməmişdir. Məhkəmədə tədqiq edilmiş yol-nəqliyyat hadisələri ekspertizasının 21 sentyabr 2022-ci il tarixli, 8/2511 N-li rəyindən görünür ki,“VAZ 21061” markalı, “**-BA-***” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin 4-cü hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmədə tədqiq edilmiş 12 avqust 2022-ci il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisənin baş verdiyi ərazi Neftçala- Salyan avtomobil yolunun Salyan şəhəri ərazisindən keçən 39-cu kilometrliyində yerləşir, bununla bağlı protokol və fotocədvəl tərtib edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan “Salyan Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin 05 sentyabr 2022-ci il tarixli, 2221 N-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkoloji, ruhi-əsəb və ya hər hansı digər xəstəliklər üzrə qeydiyyatda yoxdur İş materiallarında olan 12 avqust 2022-ci il tarixli 82 N-li “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokol”undan görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs ayıq olmuş və onda alkoqol qəbulunun əlamətləri olmamışdır. İş materiallarında olan Salyan RPŞ-nin X16 bölməsindən daxil olmuş 29 avqust 2022ci il tarixli raportdan görünür ki,“VAZ 21061” markalı, “**-BA-***” dövlət qeydiyyat nişanlı avtomobil 15 avqust 2006-cı il tarixdən AA 671891 seriya və nömrəli qeydiyyat şəhadətnaməsi əsasında Salyan rayonu Arbatan kəndində yaşayan X8 adına qeyd olunmuşdur. Sonuncu tərəfindən həmin avtomobilin idarə edilməsi üçün 17 mart 2021-ci il tarixdən 17 mart 2022-ci il tarixədək Təqsirləndirilən şəxs etibarnamə verilmişdir. Təqsirləndirilən şəxs AB 524039 seriya və nömrəli “BCE” kateqoriyalı sürücülük vəsiqəsinin etibarlılıq müddəti 28 mart 2020-ci il tarixdə bitmişdir. Salyan-Neftçala avtomobil yolunun 2ci kilometrliyində 1.1 “Əks istiqamətli nəqliyyat axınlarını ayıran” nişanlanma xətti mövcuddur, 5.22 “Yaşayış məntəqəsi” olduğu üçün və 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı quraşdırıldığı üçün sürət həddi 60 km/saat müəyyən olunmuşdur. İş materiallarında olan AZ-İİ № 279611 seriya və nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X3 2022-ci il avqustun 12-də ölmüşdür. Məhkəməyə təqdim olunmuş Salyan RPŞ-nın 22 noyabr 2022-ci il tarixli məktubdan görünür ki, Salyan şəhəri, C.Cabbarlı küçəsi, ev 66-da qeydiyyatda olan zərərçəkmiş şəxsin hüquqi varisi X9 hazırda Rusiya Federasiyasının Moskva şəhərində yaşadığı üçün onun məhkəməyə göndərilməsi mümkün olmamışdır. Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsini törətdiyi anda idarə etdiyi “VAZ 21061” markalı, “**-BA-***” dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınaraq saxlanılması üçün Təqsirləndirilən şəxs qəbzlə təhvil verilmişdir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. İş materiallarında olan Salyan Rayon İcra Hakimiyyəti "xxxx" MMC tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur, himayəsində azyaşlı uşağı yoxdur. “EGE Hospital” tərəfindən məhkəməyə təqdim olunmuş arayışlardan görünür ki, xx.xx.1950-ci il təvəllüdlü (72 yaş) Təqsirləndirilən şəxs ürəy damarlarının bir hissəsi 99 %, digər hissəsi isə 95 % daralmışdır, o, hazırda ürək xəstəliyindən əziyyət çəkir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, dəymiş ziyanı tamamilə ödəməsini, habelə, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən, ahıl -72 yaşında olmasını, ürək xəstəliyindən əziyyət çəkməsini, ailəyə yeganə qazanc gətirən şəxs olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən və başqa) yoxdur. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayət əməlinin məhz onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263-1.3 və 264-cü maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndində tövsiyyə olunmuşdur ki, “hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır”. Məhkəmə tərkibi tədqiq olunmuş sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Həsənağa Abbullayevə CM-nin 263-1.3 və 264-cü maddələrdə müəyyən edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin olunmaqla o, cəzalandırılmalı və təyin olunmuş cəza çəkilməlidir. CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əlavə və əsas cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CM-in 60-cı maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.12 və 59.1.13-cü maddələrinin hər hansı bir mövcud olduğu halda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə yuxarıda qeyd olunan qanunun müddəasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 263-1.3-cü maddəsində azadlıqdan məhrum etmə cəzasının son həddi 8 il olduğundan ona həmin cəzanın dörddə üçündən, yəni 6 ildən artıq azadlıqdan məhrum etmə cəzası, CM-nin 264-cü maddəsində azadlıqdan məhrum etmə cəzasının son həddi 2 il olduğundan ona həmin cəzanın dörddə üçündən, yəni 1 il 6 aydan artıq azadlıqdan məhrum etmə cəzası təyin oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan yüngülləşirən hallar təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin ictimai təhlükəliliyini azaldan hallardır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə ahıl - 72 yaşında olmasını, qocalığını ürək xəstəliyindən əziyyət çəkməsini, zərərçəkmiş şəxsin dəfn və yas mərasiminin xərclərini tamamilə ödəməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, törətdiyi cinayət əməlini səmimi etiraf edib peşimançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, şəxsiyyətini, ictimai təhlükəli olmamasını və zərərçəkmiş şəxsin hüquqi varisinin onu bağışlamasını, nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza cəkmədən və cəmiyyətdən təcrid edilmədən islah olunması mümkündür və ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməlidir. Təqsirləndirilən şəxs üzərinə sınaq müddətində onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və ailəsinə maddi yardım göstərmək kimi vəzifələr qoyulmalı, sınaq müddətində davranışına nəzarət yaşayış yeri üzrə Salyan rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalı, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. CM-nin 45.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs şərti məhkum etmə zamanı əlavə cəza-nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan “VAZ 21061” markalı, “**-BA-***” dövlət qeydiyyat nişanlı avtomobilin qəbzlə Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərci olan 85 (səksən beş) manat təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona CM-nin 263-1.3-cü maddəsilə 2 (iki) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, CMnin 264-cü maddəsilə 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əlavə və əsas cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 3 (üç) il nəqliyyat vasitələrini idarə etmək hüquqndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş cəza şərti hesab olunsun və üzərində 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Sınaq müddətinin əvvəli və əlavə cəzanın çəkilmə müddəti - nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzanın müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddətində onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və ailəsinə maddi yardım göstərmək kimi vəzifələri qoyulsun, sınaq müddətində davranışına nəzarət yaşayış yeri üzrə Salyan rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar