Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-65/2023 30.05.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı və müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxx 1990-cı ildə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 02 (iki) azyaşlı uşağı olan, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, Füzuli rayonu, Ə.Qarayev küçəsi, ev 12, mənzil 1-də qeydiyyatda olmaqla, Şirvan şəhəri, F.X.Xoyski küçəsində məcburi köçkünlər üçün tikilmiş yeni qəsəbədə, bina 12, mənzil 41-də yaşamış, barəsində 27 iyun 2022-cı ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə “İnstagram” sosial şəbəkəsində “Cadugar-baxıcı” profili açmaqla həmin profildə hər cür cadu işləri görməsi ilə bağlı yalan məlumatlar qeyd etmiş, 2021-ci ilin may ayında profilinə mesaj yazan Zərərçəkmiş şəxs müəyyən məbləğdə pul müqabilində cadu işləri aparmaqla bəxtini aça biləcəyinə, keçmiş sevgilisinin öz ailəsindən ayrılmaqla onunla birlikdə olacağına, üzərində olan cadunu təmizləyəcəyinə inandırıb, aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs 2021-ci ilin may-noyabr aylarında ünvan 1 ünvanda yerləşən «Lor Hospital»ın inzibati binasındakı «eManat» terminalından onun bank kartına 6000 manat hissə-hissə göndərməklə, eləcə də «Lor Hospital»ın inzibati binasının qarşısında özünə verdiyi 1000 manat, həmçinin 2022-ci ilin mart ayında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal ərazisində yerləşən «Bravo» adlı marketin qarşısında özünə verdiyi 200 manat dəyərində 2 ədəd qızıl boyunbağılarını ələ keçirərək, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, ümumilikdə xeyli miqdar təşkil edən 7200 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 9,544 qram olmaqla külli miqdar təşkil edən psixotrop maddə olan metamfetamin əldə edib üzərində saxlamaqla daşımış və Şirvan şəhər polis şöbəsinin Narkotiklərlə mübarizə qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 24 iyun 2022-ci ildə, saat 13:45-də Şirvan şəhəri, X5 küçəsində məcburi köçkünlər üçün tikilmiş yeni qəsəbədə yaşadığı binanın qarşısında saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman üzərində satış məqsədi ilə qanunsuz saxladığı 9,544 qram çəkidə külli miqdar psixotrop maddə olan metamfetamin əynində olan göy rəngli şalvarın sol yan cibindən bir ədəd sellofan bükümdə aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 178.2.4 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən, yəni CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, xəstə olduğundan uzun müddət işsiz olmuş, gündəlik 5-10 manat pul qazanmaq üçün 2021-ci ilin may ayında “İnstagram” sosial şəbəkəsində “Cadugar baxıcı” adlı səhifə açmış, 5-6 gün sonra adını sonradan bildiyi Zərərçəkmiş şəxs ilə yazışmağa başlamış, Fərqanədən sevgilisinin ondan ayrıldığını öyrənib cadu vasitəsilə onları barışdırıb yenidən bir yerdə olacaqlarına inandırıb 2021-ci ilin may-noyabr aylarında və 2022-ci ilin mart ayında hissə-hissə olmaqla ümumilikdə, kart vasitəsilə və nəğd formada 7000 manat pulunu və 200 manat dəyərində 2 ədəd qızıl boyunbağısını ələ keçirmişdir. 24 iyun 2022-ci ildə səhər saatlarında yaşadığı binanın qarşısında saxlanılaraq polis şöbəsinə aparılmış, şöbədə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmiş, polis əməkdaşı tərəfindən üzərinə qoyulan metamfetamin ona məxsus olmamış, izahat və ifadəsinə polis əməkdaşlarının təzyiqi nəticəsində imza etmişdir. Zərərçəkmiş şəxs qarşı törətdiyi cinayəti maddi imkansızlıqdan törətməsini, əməlindən peşmançılıq keçirməsini, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, onunla barışmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu ifadələri ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmədə elan edilərkən müəyyən olunur ki, Təqsirləndirilən şəxs heç bir təsir-təzyiq göstərilmədən müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən ona elan olunmuş ittihamlar üzrə özünü CM-in 178.2.4-cü maddəsi ilə tam, CM-in 234.4.3-cü maddəsi ilə qismən təqsirli bilmiş və ətraflı ifadələr verərək göstərmişdir ki, 2021-ci ilin may-noyabr aylarında və 2022-ci ilin mart ayında hissə-hissə olmaqla, ümumilikdə, kart vasitəsilə və nəğd formada zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 7000 manat pulunu və 200 manat dəyərində 2 ədəd qızıl boyunbağısını ələ keçirmiş, 24 iyun 2022-ci ildə səhər saatlarında yaşadığı küçədə gəzərkən yerdən içərisində metamfetamin olan 01 ədəd sellofan bükülü taparaq öz istifadəsi üçün götürüb cibinə qoymuş, həmin gün saat 13:45 radələrində yaşadığı ərazidə olarkən bir neçə nəfər polis əməkdaşları tərəfindən saxlanılaraq Şirvan şəhər polis şöbəsinə aparılmış, şöbədə müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarın sol yan cibindən bir ədəd sellofan bükümü çıxarıb polis əməkdaşlarına təqdim edərək içərisində psixotrop maddə metamfetamin olduğunu və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin verilən ittihamlar üzrə cinayət əməllərini törətməsini, həmçinin onun bu əməllərin törədilməsində təqsirli olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəməyədək icraat zamanı zərər çəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs istintaqda verdiyi ifadəsi məhkəmədə elan edilməklə tədqiq olunarkən müəyyən olunur ki Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ifadəsinin dələduzluq epizodu üzrə verdiyi ifadəsini təsdiq etmiş, əlavə olaraq ifadəsində göstərmişdir ki, həyatında arzu olunmayan müəyyən problemlər olmuş, Vüsalın həmin problemləri cadu vasitəsi ilə aradan qaldıra biləcəyinə inanıb 2021-ci ilin may-noyabr aylarında və 2022-ci ilin mart ayında hissə-hissə olmaqla ümumilikdə, kart vasitəsilə və nəğd formada Vüsala 7000 manat pul və 200 manat dəyərində 2 ədəd qızıl boyunbağı vermişdir. Məhkəmə baxışında şahid qismində dindirilən Şirvan ŞPŞ-nin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsini təsdiq etməklə hazırki ifadəsində göstərmişdir ki, 24 iyun 2022-ci ildə Şirvan şəhəri, F.X.Xoyski küçəsində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yaşayan Təqsirləndirilən şəxs qanunsuz yolla narkotik vasitələri əldə edib üzərində saxlaması və dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmış, həmin gün saat 13 radələrində Təqsirləndirilən şəxs yaşadığı binanın qarşısında saxlanılaraq polis şöbəsinə gətirilmiş, şöbədə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncu əynində olan göy rəngli şalvarın sol yan cibindən bir ədəd sellofan büküm çıxarıb masanın üzərinə qoyaraq həmin bükümdə psixotrop maddə metamfetamin olduğunu, onu yaşadığı məhlədə yerdən tapdığını bildirmiş, təqdim edilmiş 1 ədəd büküm qablaşdırılaraq götürülmüş, bu barədə protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən və zərər çəkmiş şəxsin, eləcə də şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutu, ekspertiza rəylərini və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 24 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli şalvarının sol yan cibindən bir ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 25 iyun 2022-ci il tarixli, 18/698 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs üzərindən» sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə, təmiz çəkisi 9,544 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 04 avqust 2022-ci il tarixli, 4270 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Şirvan şəhər polis şöbəsinin verilmiş əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamini haradan və hansı mənbədən əldə etməsinin müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyataxtarış tədbirlərinə baxmayaraq müsbət nəticə əldə edilməmişdir. Bununla yanaşı Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə dəfələrlə əməliyyat məlumatları daxil olmuş, sonuncu dəfə daxil olmuş əməliyyat məlumatı əsasında sonuncu saxlanılaraq polis şöbəsinə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilməklə üzərindən satış məqsədilə saxladığı psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 07 iyul 2022-ci il tarixli, **********77 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına və ya özgəninkiləşdirilən qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin 22 iyun 2022-ci il tarixli, 016-76946-1222 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adında və ya etibarnamə ilə istifadəsində nəqliyyat vasitəsi qeydiyyatdan keçmir. İş materiallarında olan qərardan görünür ki, iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 9,494 qram psixotrop maddə olan metamfetamin Şirvan şəhər polis şöbəsində saxlanılır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən, iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi qismən etirafedici və şahidlərin isə təsdiqedici) ifadələrini, ekspertiza rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq ittihamı təsdiq edən sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi Azərbaycan Respublikası CM-in 178.2.4 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək hesab edir ki, həmin ifadə obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi bu xüsusatları onun cəzasını yüngülləşdirməyə yönələn cəhdi kimi qiymətləndirir. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi psixotrop maddə olan metamfetamin miqdarına görə “külli miqdar” kimi qiymətləndirilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinə cinayət qanunvericiliyinin tələbləri baxımından hüquqi qiymət verərkən gəldiyi nəticələri, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs hər iki maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini zəruri hesab edir. Məhkəmə cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri birbaşa qəsdlə törədilmiş, başa çatmış cinayətlərdir. Təqsirləndirilən şəxs öz əməllərinin (hərəkətlərinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifini müzakirə edərkən onun hərəkətini Azərbaycan Respublikası CM-in 178.2.4 və 234.4.3-cü maddələrinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddələrlə tövsif edilməsini əsaslı sayır. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 178.2.4 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli cinayət qanununa uyğun cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Çünki o, ittiham olunduğu əməlləri törədərkən anlaqlı olub öz əməlinin ictimai təhlükəli olduğunu dərk etməsi, bu əməllərin təhlükəli nəticələrini görüb həmin nəticələri arzu etməsi sübuta yetirildi. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı qanuni və ədalətli hesab edir. Eyni zamanda, onun barəsində Azərbaycan Respublikası CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən və hökümün surətindən görünür ki, Əliyev X2 rayon məhkəməsinin 05 sentyabr 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 2000 manat cərimə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilmiş, hazırda o, məhkumluğu olmayan şəxs hesab edilir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, ona təqsirli bilindiyi hər bir maddə üzrə, əsas cəza növündə, maddənin sanksiyası həddində, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. Məhkəmə cinayət cəzasının təyin edilməsini tənzimləyən Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, eyni zamanda təyin ediləcək cəzanın əvvəlinin onun şübhəli şəxs kimi tutulduğu 24 iyun 2022-ci ildən hesablanmasını əsaslı sayır. Belə ki, Şirvan şəhər məhkəməsinin 27 iyun 2022-ci il tarixli qərarı ilə də həbsetmənin əvvəli 24 iyun 2022-ci ildən hesablanmaqla təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş və 14 dekabr 2022-ci ildə notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə müraciət edərək səhhəti ilə bağlı məhkəmə iclasına gələ bilməyəcəyini, istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, Təqsirləndirilən şəxs qarşı heç bir bir şikayət və tələbinin olmadığını, onu bağışladığını onunla barışdığını bildirmişdir. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs Əliyev X3 rayonu, Ə.Qarayev küçəsi, ev 12, mənzil 1-də qeydiyyatda olmaqla, Şirvan şəhəri, F.X.Xoyski küçəsində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə, bina 12, mənzil 41-də himayəsində heç bir yerdə işləməyən arvadı və iki azyaşlı uşaqları ilə birgə orada yaşamış, yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun himayəsində 2 (iki) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü, zərər çəkmiş şəxslə barışıq əldə etməsini, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını isə CM-in 59.1.12-ci maddəsinə əsasən eyni zamanda törətdiyi cinayəti etiraf etməklə əməlindən peşmançılıqi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CMin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi Şirvan şəhər polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 9,494 qram psixotrop maddə olan metamfetamin məhv edilməli, 01 ədəd CD diskdəki videogörüntü cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə ekspertiza xərci olan 31 (otuz bir) manat 95 qəpik Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilsin. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. CM-in 178.2.4-cü maddəsi ilə 2 (iki ) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CMin 234.4.3-cü maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni 24 iyun 2022-cı ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi qaydada müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Şirvan şəhər polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 9,494 qram psixotrop maddə olan metamfetamin məhv edilsin, 01 ədəd CD diskdəki videogörüntü cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertiza xərci olan 31 (otuz bir) manat 95 qəpik Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Cəlil Nəbiyev Hakimlər: Cavid Səfərli Müşfiq Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-65/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-65/2023
30.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver