Məhkəmə qərarları › İş №1(099)-650/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-650/2023

12.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-650/2023 12.10.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri-Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi-X6, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1991-ci ildə Saatlı rayonu, Cəfərxan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Saatlı rayonu, Cəfərxan kəndində qeydiyyatda olmaqla yaşamış, 13 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Saatlı Rayon Məhkəməsinin 15 may 2023cü il tarixli, 4(055)-28/2023 nömrəli qərarı ilə barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-Cinayət Məcəlləsi) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa və məhkəməyə məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq külli miqdarda-17,031 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib 13 may 2023-cü il tarixdə saat 17:30 radələrində Saatlı rayonu, Cəfərxan kəndi ərazisində çöl sahədə əynindəki şalvarın sağ cibində saxlamaqla daşıyarkən Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində saxlanılaraq Saatlı Rayon Polis Şöbəsinə gətirildikdən sonra həmin tarixdə saat 18:50 radələrində üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarın sağ cibindən 01 ədəd polietilen kəsiyi bükümündə həmin külli miqdarda-17,031 qram narkotik vasitə olan heroin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək demişdir ki, 13 may 2023-cü il tarixdə saat 16:30-da yaşadığı kənddə olan zaman Saatlı RPŞ-nin əməkdaşları yaxınlaşaraq onu RPŞ-nə aparmışlar. Polis əməkdaşlarından biri ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə məlumatları olduqlarını demiş və üzərində şəxsi axtarış keçirməli olduğunu, buna görə RPŞ-nin inzibati binasına getməli olduqlarını demişdir. Polis əməkdaşları onu döyməmişlər, lakin ona təzyiqlər etmişlər. Onu ailə üzvülərinin polis şöbəsinə gətirəcəkləri, yaşadığı evdən 6 kq narkotik vasitə çıxaracaqları ilə hədələmişlər. Hədələrdən qorxduğu üçün polis əməkdaşları tərəfindən üzərinə qoyulmuş narkotik vasitəni şəxsi axtarış zamanı çıxararaq təqdim etmiş və tərtib edilmiş istintaq sənədlərini imzalamışdır. Məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, Saatlı RPŞ-də üzərinə narkotik vasitə qoyan polis əməkdaşının adını bilməmişdir. Üzərində şəxsi axtarış keçirildikdən sonra təqdim etdiyi narkotik vasitə heroin çəkilən zaman 15,24 qram olduğu müəyyən edilmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 14 may 2023-cü il tarixli, 18/509 nömrəli rəyi ilə tanış olduqdan sonra bilmişdir ki, üzərindən aşkar olunmuş 01 ədəd polietilen kəsiyi bükümündə olan narkotik vasitə heroinin təmiz çəkisinin 17,031 qram olduğu müəyyən edilmişdir. Bu barədə istintaqı aparan müstəntiqdən soruşduqda müstəntiq şəxsi axtarış istintaq hərəkəti aparılan zaman üzərindən aşkar olunmuş narkotik vasitə heroinin çəkilməsi zamanı tərəzidə və ya tərəzinin qoyulduğu yerdə hər hansı qüsur olduğunu, bu səbəbdən üzərində aşkar olunmuş narkotik vasitə heroinin düzgün çəkilmədiyini bildirmişdir. Müstəntiq həmçinin demişdir ki, istintaq tərəfindən daha mötəbər olduğundan məhkəmə-kimyəvi ekspertizasının rəyi əsas götürülmüşdür. Üzərindən aşkar olunmuş narkotik vasitə heroin ona məxsus deyildir, bu səbəbdən də həmin narkotik vasitə heroinin düzgün çəkilib-çəkilməməsinin onun üçün heç bir əhəmiyyəti yoxdur. Narkotik vasitənin məhkəmə iclas zalına gətirilərək yenidən çəkilməsini və ya həmin çəki ilə bağlı əlavə məhkəmə-kimyəvi ekspertizasının təyin edilməsini istəməmişdir, buna ehtiyac olmadığını bildirmişdir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu izahatı və ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilmişdir. Saatlı rayonu, Cəfərxan kəndində atası Cəfər, anası Rəna, arvadı Aytən və iki azyaşlı qızı ilə bir evdə yaşamış, heç bir xəstəliyi olmamış, rəsmi olaraq heç bir yerdə işləməmiş, yaşadığı və qonşu kəndlərdə fəhləlik edərək, yəni ot biçimində, ot yığımında və sair kənd işlərində işləyərək ailəsini maddi cəhətdən təmin etmişdir. Heç vaxt narkotik istifadə etməmişdir. 13 may 2023-cü il tarixdə gönorta saatlarında yaşadığı evdən çıxıb ailəsinə məxsus çöl torpaq sahəsinə nəzarət etmək üçün getmiş və oradan qayıdarkən təxminən saat 17 radələrində öz çöl pay torpaq sahəsinin yanından keçən torpaq yolun kənarında yerdə təsadüfən 1 ədəd «Palmall» siqaret qutusunu görüb maraq üçün yerdən götürüb içərisinə baxarkən içərsisində sellofana bükülmüş qəhvəyi rəngli narkotik olduğunu görmüş və maraq üçün həmin şəfaf sellofana bükülmüş narkotiki götürüb əynindəki şalvarının sağ yan cibinə qoyub, siqarət qutusunu atıb çöl sahə ilə yaşadığı ev istiqamətində hərəkət edərkən saat 17:30 radələrində Saatlı RPŞ-nin əməkdaşları olduqlarını bildirən şəxslər ona yaxınlaşıb qanunsuz olaraq narkotik saxlamağı barədə məlumatları olduğunu bildirib onu Saatlı RPŞ-nə dəvət etmişlər. Bu zaman başa düşmüş ki, onun narkotik saxladığını bilirlər və buna görə də etiraz etməyib, polis əməkdaşları ilə birlikdə Saatlı RPŞ-nə getmişdir. Saatlı RPŞ-də otaqların birində təhqiqatçı Əlisafa İsgəndərov ona şübhəli şəxs qismində saxlanıldığını, hüquq və vəzifələrini izah edib, hüquqlarının müdafiəçisi üçün vəkillərin siyahısını təqdim etmiş, hüquqlarını müdafiə etmək üçün dövlət hesabına müdafiəçi təyin olunmasını bildirib, bu barədə ərizə yazmışdır. Bundan sonra dövlət vəsaiti hesabına onun hüquqlarının müdafiəsi üçün vəkil Vüsal Abbasov gəlmişdir. Daha sonra isə ona izah edilmişdir ki, onun üstünə şəxsi axtarış aparılacaqdır. Polis əməkdaşları onun üstünə şəxsi axtarış keçirərkən tapdığı bir ədəd bükümədki narkotiki aşkar etmişlər və onun yanında həmin bükümü açarkən içərisindəkinin narkotik vasitə olan heroin olduğunu görmüşlər. O da səmimi olaraq üstündən aşkar edilən bükümündəki kütlənin narkotik olduğunu, ona məxsus olduğunu və tapıb maraq üçün saxladığını etiraf etmişdir. Polis əməkdaşları tərəfindən üstündən aşkar edilmiş narkotik sellofan büküm ilə birlikdə elektron tərəzidə çəkilib çəkisi müəyyən olunduqdan sonra 1 ədəd kağız zərfdə qablaşdırılaraq möhürlənmişdir. Bütün bunlar barədə protokol tərtib olunmuş, ucadan oxunmuş, protokol doğru yazıldığı üçün o, vəkili Vüsal Abbasov və polis əməkdaşları kimi protokolda imza etmişdir. O həmçinin narkotik vasitənin qablaşdırıldığı zərfin üzərində imza etmişdir. Şəxsi axtarış zamanı foto və video çəkiliş aparılmışdır. Sonradan ekspertiza rəyi ilə tanış olarkən üstündən aşkar edilmiş narkotikin 17,031 qram çəkidə olduğunu bilmişdir. Qeyd etmişdir ki, narkotik vasitə olan heroini təsadüfən tapıb və maraq üçün götürüb üstündə saxlamış, heç vaxt narkotik vasitə və psixotrop maddə satmamışdır. Narkotikdən istifadə etməsə də heroinin necə olduğunu televizorda, internetdə görmüş və belə tanıyıb götürmüşdür. Narkotiki helə-belə maraq üçün götürüb saxlamışdır. Narkotik çox çəkidə olsa da, həmin narkotiki satmayacaqdır, yəni satmaq barədə hələ düşünməmiş, sadəcə qeyd etdiyi kimi helə-belə maraq üçün götürüb saxlamışdır. Buna görə də özünü qismən təqsirli bilir, yəni külli miqdarda narkotik saxladığına görə özünü təqsirli bilir, lakin həmin narkotiki satış məqsədilə əldə edib, saxlayıb və daşımağına görə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilməmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs oxşar məzmunlu izahat verərək törətdiyi cinayət əməlini etiraf etmişdir. Saatlı Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli, 4(055)-28/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilmiş, bu əməlinə görə peşmançılıq çəkdiyini bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkilişlər tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində bildirmişdir ki, aşkar olunmuş narkotik vasitə heroini yerdən tapmamış, polislər tərəfindən cibinə qoyulmuş, həmin narkotik vasitə heroin ona məxsus olmamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı ailə üzvülərinin polis şöbəsinə gətirəcəkləri, yaşadığı evdən 6 kq narkotik vasitə çıxaracaqları ilə hədələr edildiyi, psixi zorakılığa məruz qaldığı üçün o, heroini yolda hərəkətdə olarkən yerdən taparaq cibinə qoyduğunu bildirmişdir. Ona verilmiş ittiham üzrə özünü təqsirli bilməmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqında üzərindən-cibindən aşkar olunan narkotik vasitə heroinin ona məxsus olmadığını, yerdən tapdığını, polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı hədələr olunduğunu, üzərindən-cibindən çıxan narkotik vasitə heroinin ona məxsus olduğunu deməyini tələb etdiklərini, polislər tərəfindən zorla üzərinə-cibinə narkotik vasitə heroinin qoyulduğunu, üzərində şəxsi axtarış keçirilən zaman aparılan videoçəkilişdə dediyi xüsusatları polislər hədələdikdən sonra bildirdiyini dedikləri ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Saatlı RPŞ-nin X3 baş əməliyyat müvəkkili vəzifəsində işləyən, polis kapitanı Şahid3 ifadəsində bildirmişdir ki, 13 may 2023-cü il tarixdə Saatlı rayonu, Cəfərxan kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni əldə edərək saxlaması və satışı ilə məşğul olması barədə məlumat daxil olmuş, daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması məqsədi ilə əməliyyat qrupunun yaradılması və təxirəsalınmaz tədbirlər görülməsi üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi üçün 13 may 2023-cü il tarixdə raportla Saatlı RPŞ-nin rəhbərliyinə məruzə etdikdən sonra təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında tərəfindən qəbul edilmiş qərar rəis tərəfindən təsdiq olunmuşdur. Bundan sonra özünün, Saatlı RPŞ-nin CAB-nin rəisi Qəhrəman Tağıyevin, əməliyyat müvəkkilləri Şahid4 və Şahid5 iştirakları ilə keçirilmiş tədbir nəticəsində Təqsirləndirilən şəxs 13 may 2023-cü il tarixdə saat 17:30 radələrində Saatlı rayonu, Cəfərxan kəndinin inzibati ərazi dairəsinə aid olan çöl sahəyə gedən yolda piyada hərəkət edən zaman tərəflərindən müəyyən edilib saxlanılaraq hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Saatlı RPŞ-nin inzibati binasına gətirilmiş və orada xidməti otağında təhqiqatçı Əlisafa İsgəndərov vəkil və 2 nəfər hal şahidi dəvət etdikdən sonra vəkilin, hal şahidlərinin və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış aparılarkən əynindəki cins şalvarının sağ yan cibində saxladığı 01 ədəd polietilen kəsiyi bükümü aşkar edilmişdir. Həmin 01 ədəd polietilen kəsiyi bükümü açılarkən içərisində narkotik vasitə olan heroinə oxşar kütlə olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş həmin polietilen kəsiyi bükümündəki narkotik vasitə olan heroinə oxşar kütlə onun özünün yanında elektron tərəzidə olduğu büküm ilə birlikdə çəkilərkən çəkisinin 15,24 qram olduğu müəyyən edilmişdir. Aşkar edilmiş heroinə oxşar kütlənin narkotik vasitə olub-olmamasının və dəqiq çəkisinin müəyyən edilməsi üçün 1 ədəd kağız zərfdə qablaşdırılmış və möhürlənib götürülmüşdür. Həmin kağız zərfin üzərində Təqsirləndirilən şəxs, müdafiiəçisi Vüsal Abbasov, hal şahidləri Şahid2 və Şahid1, həmçinin şəxsi axtarışda iştirak edən polis əməkdaşları kimi o da imza etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01 ədəd polietilen kəsiyi bükümündəki kütlənin heroin olduğunu, həmin narkotik vasitənin özünə məxsus olduğunu, maraq üçün saxladığını bildirmişdir. Axtarış və götürmə aparılması ilə bağlı təhqiqatçı Əlisafa İsgəndərov tərəfindən protokol tərtib edilərək ucadan oxunmuş, doğru yazıldığı üçün protokolda imza etmişlər. Şəxsi axtarış zamanı foto və video çəkiliş aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş narkotik vasitə olan heroin özlərinə məxsus elektron tərəzidə çəkilmiş, buna görə də səhv ola bilər, lakin ekspert tədqiqatı dəqiq aparıldığından Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş narkotik vasitə olan heroinin çəkisi daha dəqiq, yəni 17,031 qram olduğu müəyyən edilmişdir. Verilən suallara cavab olaraq Şahid3 həmçinin bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini olduğu kimi təsdiq edir. O və digər polis əməkdaşları Təqsirləndirilən şəxs ailəsini polis şöbəsinə gətirəcəkləri, yaşadığı evdən 6 kq narkotik vasitə çıxaracaqları ilə hədələməmişlər, Təqsirləndirilən şəxs qarşı psixi zorakılığ etməmişlər. Təqsirləndirilən şəxs bu barədə yalan ifadə vermişdir. Dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 13 may 2023-cü il tarixdə saat 18:30 radələrində şəxsi işi ilə əlaqədar Saatlı RPŞ-nin inzibati binasının qarşısından keçərkən bir nəfər polis əməkdaşı ona yaxınlaşıb onu RPŞ-nə dəvət etmiş, onlar tərəfindən keçirilən tədbirdə hal şahidi kimi iştirak etməyini xahiş etmişdir. Polis əməkdaşının xahişinə razılıq verərək RPŞ-nin inzibati binasına getmiş, ona və hal şahidi qismində dəvət edilmiş digər şəxsə qanunda nəzərdə tutulmuş hüquq və vəzifələri izah edildikdən sonra polis əməkdaşları heç bir qohumluq əlaqəsi olmayan, tanımadığı Saatlı rayonu, Cəfərxan kənd sakini Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış apararkən əynindəki şalvarın sağ yan cibindən bir ədəd sellofan büküm aşkar edilmişdir. Həmin büküm açılarkən içərisində narkotik vasitə olan heroinə oxşar kütlə olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş həmin bükümündəki narkotik vasitə olan heroinə oxşar kütlə Təqsirləndirilən şəxs özünün yanında elektron tərəzidə olduğu büküm ilə birlikdə çəkilib çəkisi müəyyən edildikdən sonra polis əməkdaşları tərəfindən kağız zərfdə qablaşdırılıb möhürlənmişdir. Həmin kağız zərfin üzərində o da digər iştirakçılar kimi imza etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş bükümdəki kütlənin heroin olduğunu, həmin narkotik vasitənin özünə məxsus olduğunu demişdir. Bundan sonra protokol yazılaraq ucadan oxunmuş, doğru yazıldığı üçün digər iştirak edən şəxslər kimi protokolda imza etmişdir. Şəxsi axtarış zamanı foto və video çəkiliş aparılmışdır. Dindirilmiş Şahid2 ifadəsində Şahid1 ifadəsində qeyd etdiyi xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə vermiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini olduğu kimi təsdiq etdiyini bildirmişdir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - Təqsirləndirilən şəxs Saatlı RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində 13 may 2023-cü il tarixdə saat 17:30 radələrində narkotik vasitələrin və psixotrop maddələrin satışında şübhəli şəxs kimi Saatlı rayonu, Cəfərxan kəndinin inzibati ərazisinə aid olan çöl sahəsinə gedən yolda saxlanılaraq Saatlı RPŞ-nə gətirildikdən sonra şöbənin inzibati binasında üzərinə şəxsi axtarışı keçirilərkən əynindəki şalvarın sağ cibindən 1 ədəd polietilen kəsiyi bükümündə həmin külli miqdarda 17,031 qram təmiz çəkidə narkotik vasitə olan heroin aşkar edilib götürülməsi faktı ilə bağlı 14 may 2023-cü il tarixdə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. (i.v. 1-45) -«cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında» 13 may 2023-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:45-də şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 24) -«şəxsi axtarış, baxış və götürmə aparılması barədə» 13 may 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş 1 (bir) ədəd CD diskdə olan videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən aşkar edilmiş şəffaf sellofan bükümün içərisindən narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilərək götürülmüşdür. Həmin büküm açılarkən içərisində narkotik vasitə olan heroinə oxşar kütlə olduğu müəyyən olunmuşdur. Aşkar edilmiş bir ədəd bükümdə narkotik vasitə olan heroinə oxşar kütlə bükümlə birlikdə elektron tərəzidə çəkilərkən çəkisinin 15,24 qram olduğu müəyyən olunmuşdur. (i.v. 27-33) -«məhkəmə-kimyəvi ekspertizası»nın 14 may 2023-cü il tarixli 18/509 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi-17,031 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində qadağan edilən narkotik vasitələrin siyahısı”na daxildir.Heroinin ümumi təmiz çəkisi-17,031 qram, cəmi tədqiqata sərf olundu-0,05 qram, qalıq-16,981 qram. (i.v. 41-44) -«maddi sübut kimi tanınması haqqında» 14 may 2023-cü il tarixli qərardan görünür ki, tədqiqata sərf edildikdən sonra çəkisi 16,981 qram qalan heroinin maddi sübut kimi tanınaraq Saatlı RPŞ-yə məsul saxlanışa verilmişdir. (i.v. 49) -«təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» 15 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan olunmuş, barəsində Saatlı Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli, 4(055)-28/2023 nömrəli qərarı ilə barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 72-73, 88-90) -«əməliyyat-axtarış tədbirinin aparılması barədə qərarın yoxlanılması barədə» Saatlı Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli, 5(055)-49/2023 nömrəli qərarından görünür ki, Saatlı rayonu, Cəfərxan kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Saatlı rayonu ərazisində dövriyyəsi ilə məşğul olması və bununla əlaqədar cinayət əməlinin ifşa olunması üçün cinayət başında yaxalanmasını təmin etmək məqsədi ilə “insanların güdülməsi” növündə təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə Saatlı Rayon Polis X1 Qrupunun baş əməliyyat müvəkkili polis kapitanı Şahid3 13 may 2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir. (i.v. 104-106) -«ambulator məcburi narkoloji tibbi yoxlama»nın 14 iyul 2023-cü il tarixli, 4431 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (i.v. 160-161) -«sübutların qiymətləndirilməsi haqqında» 21 iyul 2023-cü il tarixli qərardan görünür ki, məhkəmə-kimyəvi ekspertizasının 14 may 2023-cü il tarixli, 18/509 nömrəli rəyində qeyd olunan Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş heroinin təmiz çəkisinin 17,031 qram olması qərar alınmış və qəbul edilmişdir. (i.v. 172-179) -«cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında» 22 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə heroinin mənbəyini müəyyən etmək məqsədi ilə hazırki cinayət işindən həmin fakta görə Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə cinayət işi ayrıca icraata ayrılmış və icraata qəbul edilərək ibtidai istintaq davam etdirilmişdir. (i.v. 181-182) İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, «yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır». Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair»a 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı verdiyi ifadəsində üzərində aşkar olunmuş narkotik vasitə heroinin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən üzərinə qoyulması, narkotik vasitə heroinin yerdən taparaq cibinə qoymasını, polis əməkdaşlarının onu ailə üzvülərini polis şöbəsinə gətirəcəkləri, yaşadığı evdən 6 kq narkotik vasitə çıxarcaqları ilə hədələmələri məzmununda ifadə verməsi ilə bağlı göstərdiyi hissələri ilkin araşdırma materialları əsasında işin yuxarıda müəyyən edilmiş faktiki halları, aşkar edilmiş heroini yerdən taparaq cibinə qoyması ilə, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadələri, əməliyyat-axtarış tədbilərinin keçirilməsi zamanı əldə edilmiş əməliyyat məlumatları ilə təkzib edilir. Bundan əlavə şəxsin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılması üçün üç şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: a)şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyasında göstərilən hərəkətləri satış məqsədilə etməlidir; b)şəxs belə hərəkətləri qanunsuz etməlidir; c)narkotik vasitə və ya psixotrop maddələr külli miqdarda olmalıdır. Belə tələb həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun müddəalarından və «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrdən də irəli gəlir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nın müvafiq bəndlərinə əsasən heroin narkotik vasitə hesab edilir. Siyahılara əsasən heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2,0 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs külli miqdarda- 17,031 qram çəkidə narkotik vasitə heroin əldə edib, əynindəki şalvarın sağ yan cibində saxlayaraq daşımış, üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın sağ yan cibindən aşkar edilib qablaşdırılaraq götürülməsi onun narkotik vasitələrin-psixotrop maddələrin satışı ilə məşğul olduğunu və onun qeyd edilən kütləni satış məqəsi ilə qanunsuz əldə etdiyini sübut edir. Göstərilən hallar Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəyə münasibətdə satış niyyətində olması barədə nəticəyə gəlməyə tam əsas verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «X2rşı» iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə tərkibi göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələrində, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində narkotik vasitələrin-psixotrop maddələrin satışı ilə məşğul olmaması barədə bildirdikləri iş materiallarına uyğun olmadığından və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edilmədiyindən iş üzrə sübut kimi qiymətləndirmir. «X5 Rusiya Federasiyasına qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. «Fuşe Fransaya qarşı», «Bulut Avstriyaya qarşı», «Bobek Polşaya qarşı» və «Klimentyev Rusiyaya qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi hüququ prinsipin etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyanın 6.1-ci maddəsinin müddəalarının pozulduğunu müəyyən edir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə kifayət qədər suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər verməsinə şərait yaradılmış və ona qarşı irəli sürülmüş ittihamı tam şəkildə mübahisələndirmişdir. -bundan əlavə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı hədə qorxu gəldiklərini, üzərindən-cibindən çıxan narkotik vasitə heroinin ona məxsus olduğunu deməyini tələb etdiklərini, polis əməkdaşı tərəfindən zorla üzərinə qoyulduğunu, üzərində şəxsi axtarış keçirilən zaman aparılan videoçəkilişdə dediyi xüsusatları polis əməkdaşları tərəfindən hədələnərək məcbur edildiyi üçün deməsi barədə etirafedici ifadə verməsi barədə göstərdikləri ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən Cinayət-Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə tərkibi hazırki məhkəmə istintaqı zamanı da Təqsirləndirilən şəxs tərəfindən psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadə verməyərək ümumi olaraq hədəyə məruz qaldığını göstərməsini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. «İ.H.Avstriyaya qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, irəli sürülən ittihamlar, o cümlədən məhkəmənin məsələ ilə bağlı hansı hüquqi qiymətləndirməni verə biləcəyi haqqında məlumat ya məhkəmə iclasından əvvəl ittiham aktında, ya da ən azı məhkəmə icraatının gedişində ittihamın rəsmi və ya nəzərdə tutulan əlavəsi kimi təqdim edilə bilər. Aydındır ki, məhkəmənin cinayət əməli ilə bağlı ittiham tərəfindən fərqli qənaətə gəlmək ehtimalının olduğuna adi işarə yetərli deyildir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroinin «şəxsi axtarış, baxış və götürmə aparılması barədə» 13 may 2023-cü il tarixli protokolda 15,24 qram qeyd edilməsi, «məhkəmə-kimyəvi ekspertizası»nın 14 may 2023-cü il tarixli, 18/509 nömrəli rəyində Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş narkotik vasitə heroinin 17,031 qram müəyyən edilməsi ilə bağlı bildirir, «şəxsi axtarış, baxış və götürmə aparılması barədə» 13 may 2023-cü il tarixli protokoldan, təqsirləndirilən şəxsin, şahidlərin ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroin müvafiq qaydada qablaşdırılmış və iştirkaçılar tərəfindən imzalandıqdan sonra ekspertizaya göndərilmişdir. Məhkəməyədək icraatı aparan orqan tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroinin miqdarına hər hansı formada müdaxilə edilməsi müəyyən olunmamışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş yuxarıda adları qeyd edilmiş şəxslərin ifadələri, «şəxsi axtarış, baxış və götürmə aparılması haqqında» protokol, həmin protokola əlavə edilmiş videoçəkliş, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, digər istintaq hərəkəti protokolları, materialların məhkəmə ekspertizasının rəyi, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış heroin, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (i.v 132) -Saatlı Rayon İcra Hakimiyyəti Başçısının Əbil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 21 iyun 2023-ci il tarixli, 104 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Saatlı rayonu, Cəfərxan kəndində qeydiyyatda olmaqla həmin ünvanda atası, anası, arvadı və iki azyaşlı qızları-xx.xx.2018ci il təvəllüdlü Zəhra Şükürova, xx.xx.2020-ci il təvəllüdlü Züleyxa Şükürova ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir.(i.v. 133-134) Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə cəza təyin edərkən, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59.1.4-cu maddəsinə əsasən himayəsində azyaşlı uşaqlarının olması cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun, cəza təyinetmənin prinsipləri nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 13 may 2023-cü il tarixdən hesablanmalı və Saatlı Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli, 4(055)-28/2023 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. «Ambulator məcburi narkoloji tibbi yoxlama»nın 14 iyul 2023-cü il tarixli, 4431 nömrəli rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməməli, ərazi narkoloji dispanserində qeydiyyata alınmamalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğdə məhkəmə məsrəfi təqsirləndirilən şəxs İlkin Əsədovdan tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Saatlı Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 16,981 qram təşkil edən narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində «şəxsi axtarış, baxış və götürmə» istintaq hərəkəti icra edilən zamanı çəkilmiş videoçəklişi özündə əks etdiriən 1 (bir) ədəd DVD disk icraat materialları saxlanıldığı müddət ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, həmçinin «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan, 13 may 2023-cü il tarixdən hesablansın. Saatlı Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli, 4(055)-28/2023 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Saatlı Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 16,981 qram təşkil edən narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində «şəxsi axtarış və götürmə» istintaq hərəkəti icra edilən zamanı çəkilmiş videoçəklişi özündə əks etdiriən 1 (bir) ədəd DVD disk icraat materialları saxlanıldığı müddət ərzində cinayət işinin materiallarında saxlanılsın. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar