Məhkəmə qərarları › İş №1(099)-651/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-651/2022

15.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-651/2022 15.11.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi və zərər çəkmiş şəxsin hüquqi varisi X4 iştirakı ilə, xx xxxxxx 1977-ci ildə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam-orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, barəsində 15 iyul 2022-ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 15 iyul 2022-ci ildə, gecə saat 02 radələrində yaşadığı ünvan 2 ünvanındakı fərdi yaşayış evinin həyətində qardaşı X5 ilə masa arxasında spirtli içki qəbul edib yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətinə düşmüş, sonuncunun dəvəti ilə evlərinə gəlmiş Salyan şəhər sakinləri Şahid2 və Şahid3 onlarla birlikdə pivə içdikdən sonra ikisinin də evin salonuna daxil olub divanda əyləşərək otağın işıqlarını söndürdükləri üçün qardaşının başqa şəxslərin evdə əxlaqsızlıqla məşğul olmalarına şərait yaratdığından şübhələnib qardaşı Ələkbər Abasovla mübahisə edərək həmin şəxslərin evdən getmələrini tələb etmiş, həyətdə yaranmış səs-küydən narahat olan Şahid2 və Şahid3 evdən çıxıb getdikdən sonra yenidən Ələkbər Abasovla aralarında yaranmış mübahisə zamanı sonuncunun öz hərəkətlərinə haqq qazandırmasından əsəbiləşərək onunla əlbəyaxa olmuş, Ələkbər Abasovu cəzalandırmaq məqsədilə evin mətbəxindən götürdüyü məişətdə istifadə edilən və təyinatı üzrə soyuq silah hesab edilməyən bıçaqla həyətdəki hovuzun yanında sonuncuya qəsdən 4 (dörd) dəfə zərbə vuraraq Ələkbər Abasova dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül və yetirilən anda insan həyatı üçün təhlükəli olan ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmiş, nəticədə kəskin qanitirmədən törənən ağır hemorragik şok səbəbindən öldüyündən, yəni ehtiyatsızlıqdan zərər çəkmiş şəxs X2 həmin gün gecə saat 03:40-da Salyan Rayon Mərkəzi Xəstəxanasında ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazıki ifadəsində göstərmişdir ki, mərhum qardaşı Ələkbər Abasovla birlikdə atasına məxsus evdə yaşamışdır. 2022-ci ilin iyul ayının 14-dən 15-nə keçən gecə saat 02:30 radələrində spirtli içkinin təsiri altında olarkən həyətlərində qardaşı ilə aralarında mübahisə yaranmış, mübahisə zamanı Ələkbər ona yumruq, təpik atdığı üçün əsəbiləşərək evin mətbəxindən bıçaq götürüb həyətə çıxaraq əlindəki bıçaqla qardaşına bir neçə zərbə vurmuş, Ələkbərin yaralı olduğunu görüb küçəyə çıxıb qonşuluqda yaşayan Fərhad Sadıqovu çağırıb ondan təcili-tibbi yardım çağırmasını xahiş etmiş, sonra zəng edib qardaşı Elman Abbasova hadisə barədə məlumat vermiş, gecə saat 03:15-də təcili-tibbi yardım avtomobili gələrək Ələkbəri Salyan RMX-na aparmış, həmin vaxt qardaşı sağ olmuş, polis şöbəsinə gedərək hadisə barəsində ətraflı izahat və ifadələr vermiş, bıçağı konüllü olaraq istintaqa təqdim etmiş, qardaşı Ələkbəri öldürmək fikri olmamış, qardaşının evə pozğun qadın gətirdiyini qəbul edə bilməmiş və sonuncu pis hərəkətinə görə özünə haqq qazandırdığı üçün əsəbiləşib ona bıçaqla bir neçə xəsarət yetirmiş, hazırda təqsirini etiraf etməklə əməlindən peşmançılıq keçirməsini bildirmiş və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin verilən ittiham üzrə cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirli olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə iclasında zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X7 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, mərhum qardaşı Ələkbər digər qardaşı Mehmanla atalarına məxsus evdə birlikdə yaşamışlar. 15 iyul 2022-ci ildə gecə saat 03:00-da Ələkbərin qonşusu Fərhad Sadıqov ona zəng edərək Mehmanla Ələkbərin bir-birləri ilə həyətdə mübahisə etdiklərini, Mehmanın Ələkbəri bıçaqladığını, onu xəstəxanaya aparıldığını demiş, sonra o, DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş, xəstəxanaya gedərək orada Ələkbərin öldüyünü eşidib ata evinə gələrkən polislərin məhəlləyə gəlib qardaşı Mehmanı saxlayaraq polis şöbəsinə aparmışlar. Hazırda qardaşı Mehmana qarşı heç bir şikayət və tələbinin olmadığını, onunla barışdığını bildirmiş, məhkəmədən qardaşı Mehmana yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 15 iyul 2022-ci ildə gecə saatlarında Ələkbər Abasovun dəvəti ilə tanışı Məleykə adlı qadınla onun evinə getmiş, evdə Mehmanın qardaşı Ələkbərlə aqressiv şəkildə danışmaqla mübahisə etdiyini görüb maşına oturaraq oradan uzaqlaşıb yaşadığı evə getmiş, növbəti gün saat 10 radələrində polis əməkdaşları ona zəng edərək Salyan RPŞ-nə dəvət etmiş, şöbəyə gedəndə həmin gecə onlar evdən çıxandan sonra Mehmanın mübahisə zəminində qardaşı Ələkbəri bıçaqladığını və onun xəstəxanada öldüyünü öyrənmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etmiş və Şahid2 ifadəsində göstərilən xüsusatlara uyğun ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən və zərər çəkmiş şəxsin hüquqi varisinin, eləcə də şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan “hadisə yerinə baxış keçirilməsi haqqında” 15 iyul 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Salyan şəhəri, 20 Yanvar küçəsi, ev 38 ünvanında yerləşən Ələkbər Abasova məxsus fərdi yaşayış evidir. Həmin evin darvazasının çöl tərəfində küçədəki torpaq qarışıq çınqıl qatının üzərində 32x103 sm ölçüdə ərazini əhatə edən qana bənzər ləkələr, həmçinin həyətin içərisindəki beton döşəmə üzərində və həyətdəki su hozunun ətrafında qana bənzər ləkələr aşkar edilmiş, həmin ləkələrdən pambıq üzərinə hopdurulmaqla nümunələr götürülmüşdür. Bundan başqa hadisə yerinə baxış zamanı evin giriş hissəsində üzərində qana bənzər ləkələr olan Təqsirləndirilən şəxs məxsus sarı rəngli şortik və qırmızı rəngli qısaqol köynək, üzərində qana bənzər ləkələr olan ümumi uzunluğu 29 sm, tiyəsinin uzunluğu 16 sm, dəstəyinin uzunluğu 13 sm, eni 2.5 sm olan bıçaq hal şahidlərinin iştirakları ilə müvafiq qaydada götürülərək qablaşdırılmışdır. İş materiallarında olan “meyitə baxış keçirilməsi haqqında” 15 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Ələkbər Abasovun bədəni üzərində sol çiyin nahiyəsində 4x1,2 sm ölçüdə, sol bazunun yuxarı 1/3-nin bayır səthində 2,5x0,5 sm ölçüdə, sağ budun aşağı 1/3-nin ön səthində 2x0,5 sm ölçüdə, sağ baldırın orta 1/3-nin yan bayır səthində 5x1,5 sm ölçüdə kənarları hamar, qan axan deşilmiş-kəsilmiş yaralar olan xəsarətlər vardır. Ələkbər Abasovun meyitinə baxış keçirilərkən əynində olan geyim əşyaları, sol qolunun arxa hissəsində 3,5x1 sm ölçüdə toxuma çatışmazlığı aşkar edilən və üzərində qana bənzər ləkələr olan köynək, üzərində qana bənzər ləkələr olan və tibbi müdaxilə zamanı kəsilmiş cins tipli şalvar, üzərində qana bənzər ləkələr müşahidə edilən mayka və tursik götürülmüşdür. İş materiallarında olan “əşyanın tanınmaya təqdim edilməsi haqqında” 16 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim edilən əşyaları nəzərdən keçirib “1” №-si altında olan bıçağı göstərərək onu dəstəyinin rənginə, ölçüsünə və dəstəyindəki qırıq hissəyə görə tanıdığını, 15 iyul 2022-ci ildə həmin bıçaqla qardaşı Ələkbər Abasova xəsarət yetirdiyi bildirmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 18 iyul 2022-ci il tarixli, 388 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı bədən səthi üzərində aşağıdakı xəsarət aşkar edilmişdir: Sol göz bucağının qançırı küt əşya təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə, yəni xx.xx.2022-ci ildə davadalaş nəticəsində əmələ gələ bilərdi. Sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 11 avqust 2022-ci il tarixli 34 nömrəli rəyindən görünür ki, mərhum X2 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sol çiyin, sol bazunun yuxarı 1/3-nin bayır səthinin, sağ budun aşağı 1/3-nin ön səthinin, sağ baldırın orta 1/3-nin yan bayır səthinin deşilmiş-kəsilmiş yaraları. Bu xəsarətlər həyatidir, Ələkbər Abasovun ölümündən az əvvəl deşici-kəsici alətin (təqdim edilmiş bıçağın) təsirindən əmələ gəlmişdir, qərarda qeyd olunan hadisə gününə xx.xx.2022-ci il tarixə uyğun gəlir, sağ baldır nahiyəsinin yarası magistral damarları zədələdiyindən və kəskin qanitirmə ilə müşayiət olunduğundan dərəcəsinə görə ağır zərər vurmanın əlamətlərinə malikdir. Sol çiyin, sol bazu və sağ budun yaraları isə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Ələkbər Abasov xəsarət yetirən şəxslə müxtəlif qarşılıqlı vəziyyətdə ola bilərdi. Bu xəsarətlər qısa zaman çərçivəsində yetirildiyindən onların hansı ardıcıllıqla yetirilməsini müəyyən etmək mümkün deyildir. X2 ölümünə səbəb – sağ baldır nahiyəsinin deşilmiş-kəsilmiş yarası və magistral damarların zədələnməsi nəticəsində törənən kəskin qanitirmə, ağır hemorragik şok olmuşdur. Ələkbər Abasov aldığı xəsarətlərdən sonra qısa zaman kəsiyində hərəkət edə bilərdi. Ələkbar Abasovun ölümü onun meyitinin meyitxanadakı müayinəsindən 5-6 saat əvvəl baş vermişdir. X2 meyitindən götürülmüş qanda məhkəmə kimya tədqiqatı nəticəsində 0,8% qatılığında etil spirti aşkar edilmişdir, bu da canlı şəxslərdə yüngül dərəcəli sərxoşluq kimi qiymətləndirilir. İş materiallarında olan məhkəmə-tibbi kriminalistik ekspertizasının 16 avqust 2022-ci il tarixli 363-2022/MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş və mərhum X3 məxsus köynəyin ön səthinin sol yarısının yuxarı hissəsində 01 (bir) ədəd, arxa səthinin sol yarısının yuxarı hissəsində 01 (bir) ədəd və sol qolunun arxa səthində 01 (bir) ədəd (cəmi 03 (üç) ədəd); şalvarın isə sağ ayaqlığının ön səthində 03 (üç) ədəd deşilmiş-kəsilmiş zədələr vardır. Bu zədələr kafi itilikli ülgücü, kafi itilikli ucu və küpü olan yastı tiyə tipli deşişi-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdirlər. Bu zədələrin müxtəlif şəraitlərdə, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gəlmələri istisna olunmur. Ekspertizaya təqdim olunmuş köynəyin və şalvarın üzərində aşkar olunmuş zədələrin bədənin əlçatan nahiyələrində yerləşmələrini nəzərə alaraq demək olar ki, bu zədələrin həm şəxsin özü tərəfindən, həm də kənar şəxs tərəfindən yetirilməsi inkar olunmur. Həmin rəyə əsasən X3 məxsus geyim əşyaları üzərində aşkar edilmiş zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən və ya oxşar konstruktiv xüsusiyyətli alətin (alətlərin) təsirindən əmələ gəlmələri istisna olunmur. Ekspertizaya təqdim edilən mərhum X3 məxsus geyim əşyaları üzərində fiziki qüvvə təsiri ilə yetirilməyə xarakterik zədələr aşkar olunmamışdır.Həmçinin ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus köynəyin və şortun üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar edilməmişdir. Ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış deşici-kəsici xassəyə malik məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 19 avqust 2022-ci il tarixli 452/2022-MTBŞ nömrəli rəyindən görünür ki, X3 məxsus şalvar, köynək, qısaqol mayka, Təqsirləndirilən şəxs məxsus köynək, şortik, həmçinin bir ədəd bıçağın tiyəsi və hadisə yerindən aşkar edilərək pambıq topasına keçirilmiş maddə ləkəsində insan qanı aşkar edilmişdir. Bu ləkələrdə qan qrupunun AB0 sistemi üzrə təyini zamanı antigen qismində yalnız «A» antigeni, aqqlyutinin qismində isə əksər ləkələrdə yalnız «beta» aqqlyutinini alındı. «A» antigeni və «beta» aqqlyutinini hər biri tək halda yalnız A(İİ) qan qrupunu formalışdırıb xarakterizə etdiklərindən ləkələrdə olan qanın AB0 sistemi üzrə həmin qruplu şəxsə(şəxslərə) məxsus olduğunu söyləmək olar. Beləliklə, yuxarıda göstərilən əşyalarda olan qan ləkələrinin AB0 sistemi üzrə eyni qan qruplu X3 məxsus olması inkar olunmur. Təqsirləndirilən şəxs məxsus köynək üzərində olan daha bir ləkədə, bıçağın tutacağında, tiyə və tutacaqarası şırımda qan aşkar olunmamışdır. İş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və məhkəməpsixoloji ekspertizasının 01 sentyabr 2022-ci il tarixli 2348 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs əqli-intellektual imkanlarının normaya uyğun olması, həmçinin xasiyyətin psixopatik psixopatik cizgiləri müəyyən edilir. Emosional-iradi sferasında, hövsələsizlik, qıcığa qarşı həssaslıq, emosional qeyri-sabitlik aşkar olunur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətində, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs halhazırda hər hansi bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinə cavab vermək və onlara rəhbərlik etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs ilə istintaq hərəkətinin aparılması mümkündür. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməldir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. Emosional-iradi sferasında hövsələsizlik, xarici qıcıqlara qarşı həssaslıq, emosional qeyri-sabitlik aşkar olunmaqla xasiyyətin psixopatik psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində hirslilik, qəzəb yaranmış, həmin halın yaranması onda müəyyən edilən xasiyyətin psixopatik psixopatik cizgiləri fonunda situasiya ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində, affekt halında (fizioloji, kumulyativ) olmamışdır. Hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin qərarı əsasında "xxxx" MMC mobil telefon operatorlarından götürülüb cinayət işinin materiallarına əlavə edilmiş elektron daşıyıcılardakı məlumatların təhlilinə dair 16 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Şahid2 məxsus “***-***-**-**” mobil nömrə ilə xx.xx.2022-ci ildə saat 00:06-da “***-***-**- **” saylı mobil nömrənin istifadəçisi ilə 27 saniyəlik telefon danışığı aparıldığı aşkar edilmişdir. Həmin telefon nömrəsi “abunechiler.xls” faylındakı abunəçi siyahısı ilə müqayisə edildikdə qeyd olunan nömrənin sahibinin Şahid3 məxsus olduğu müəyyən olunmuşdur. Bundan başqa digər telefon danışıqlarına baxış keçirilərkən xx.xx.2022-ci ildə saat 00:24-də “***-***-**-**” saylı mobil nömrə ilə 29 saniyəlik telefon danışığı qeydə alındığı müşahidə edilmişdir. Həmin telefon nömrəsi “abunechiler.xls” faylındakı abunəçi siyahısı ilə müqayisə edildikdə qeyd olunan nömrənin sahibinin X5 olduğu müəyyən olunmuşdur. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin qərarı əsasında "xxxx" MMC mobil telefon operatorlarından götürülüb cinayət işinin materiallarına əlavə edilmiş elektron daşıyıcılardakı məlumatların təhlilinə dair 22 avqust 2022-ci il tarixli protokoldan görünür ki, “Zənglərin Detallaşması **********1755 556394616” adlı fayla baxış keçirildikdə X2 istifadəsində olan ***-***-**-** saylı nömrə ilə Şahid2 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi arasında xx.xx.2022-ci il tarixdə 00:24-də 29 saniyəlik telefon danışığı qeydə alındığı müəyyən olunmuşdur. İş materiallarında olan Salyan RPŞ-nin əməliyyat tapşırığına cavab məktubundan görünür ki, 15 iyul 2022-ci ildə gecə saat 02 radələrində Təqsirləndirilən şəxs birgə yaşadığı qardaşı X5 ilə aralarında yaranmış mübahisənin səbəbi mərhum Ələkbər Abasovun yaşadıqları Salyan şəhəri, 20 Yanvar küçəsi ev 38-də yerləşən evlərinə Şahid2 ilə yanında qadın cinsli şəxsin qonaq qismində gəlmələri olmuşdur. Təqsirləndirilən şəxs cinayət törədərkən istifadə etdiyi bıçağı yaşadığı evin mətbəxindən mübahisə zamanı götürdüyü məlum olsada, həmin bıçaqdan əvvəllər başqa cinayətin törədilməsində istifadə olunub-olunmaması barədə əməliyyat məlumatı əldə edilməmişdir. Bundan başqa əldə olunmuş məlumatlar nəticəsində Təqsirləndirilən şəxs və Ələkbər Abbasovun normal həyat tərzi keçirmələri, narkotik vasitələr qəbul etməsələr də, spirtli içkilərə meyilli olmaları, o cümlədən hadisəsindən az əvvəl onların yanında Şahid2 ilə tanımadığı qadın cinsli şəxsin olması barədə əməliyyat məlumatı əldə edilsə də, Təqsirləndirilən şəxs və Ələkbər Abasovun hadisədən əvvəlki günlərdə aralarında hər hansı dava-dalaş, mübahisə, ədavət və düşmənçiliyin olması, həmçinin Ələkbər Abasovun əvvəllər fahişəliklə məşğul olmaq üçün həmin evdə əxlaqsız yuva təşkil etməsi və ya bu məqsədlər üçün evdə mənzil sahəsi verməsi barədə əməliyyat məlumatı əldə edilməmişdir. Keçirilmiş bır sıra tədbirlərə baxmayaraq Ələkbər Abasov bıçaqla vurulan zaman hadisəni görmüş hər hansı şahid dairəsini və ya hadisə barədə məlumatı olan, o cümlədən istintaq üçün əhəmiyyətli məlumata malik şəxsləri müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X12 06 avqust 2022-ci il tarixli, xx/xx-10932 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan mərkəzdə müalicə olunmamışdır və qeydiyyatda yoxdur. İş üzrə maddi sübut kimi tanınmış cinayətin aləti olan bıçaq, hadisə yerində aşkar edilmiş insan qanı ləkələrindən üzərinə qan hopdurulmuş 1 ədəd pambıq topası, Təqsirləndirilən şəxs məxsus şort, köynək, zərər çəkmiş şəxs X3 məxsus şalvar, köynək və qısaqol mayka Salyan rayon prokurorluğunda saxlanılır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədi ilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ((təqsirləndirilən şəxsin məhkəməyədək və məhkəmə istintaqı zamanı verdiyi etirafedici, zərər çəkmiş şəxsin hüquqi varisinin və şahidlərin isə təsdiqedici) ifadələrini, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətə görə ona ittiham verildiyi CM-in 126.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifini müzakirə edərkən onun hərəkətini Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddə ilə tövsif edilməsini əsaslı sayır. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli cinayət qanununa uyğun cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı qanuni və ədalətli hesab edir. Eyni zamanda, onun barəsində Azərbaycan Respublikası CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 12 sentyabr 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 181.2.1-ci maddəsi ilə təqsirli bilinərək 9 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 29 oktyabr 2014-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 7 ayını çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl “ağır” cinayət hesab olunur. Azərbaycan Respublikası CM-in 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər onlar cəzanı çəkib qurtardıqları gündən sonra altı il keçdikdə məhkumluq ödənilmiş sayılır. Hazırda iş üzrə Təqsirləndirilən şəxs məhkumluğu qanunla müəyyən olunmuş qaydada ödənilmiş şəxs hesab olunur. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün o, ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə müvafiq olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, eyni zamanda təyin ediləcək cəzanın əvvəlinin onun şübhəli şəxs kimi tutulduğu 15 iyul 2022-ci ildən hesablanmasını əsaslı sayır. Belə ki, Salyan rayon məhkəməsinin 15 iyul 2022-cı il tarixli qərarı ilə də həbsetmənin əvvəli 15 iyul 2022-ci ildən hesablanmaqla təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanda yaşamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını, təqsirini etiraf etməklə əməlindən peşmançılıq keçirməsini, cəzasını ağırlaşdıran halların olmamasını və yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Hazırkı cinayət işi üzrə maddi sübut kimi tanınaraq Salyan rayon prokurorluğunda saxlanılan və cinayətin aləti olan bıçaq, hadisə yerində aşkar edilmiş insan qanı ləkələrindən üzərinə qan hopdurulmuş 1 ədəd pambıq topası, Təqsirləndirilən şəxs məxsus şort, köynək, eləcə də zərər çəkmiş şəxs X3 məxsus şalvar, köynək və qısaqol mayka hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə ekspertiza xərci, maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni 15 iyul 2022-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınaraq Salyan rayon prokurorluğunda saxlanılan və cinayətin aləti olan bıçaq, hadisə yerində aşkar edilmiş insan qanı ləkələrindən üzərinə qan hopdurulmuş 1 ədəd pambıq topası, Təqsirləndirilən şəxs məxsus şort, köynək, eləcə də zərər çəkmiş şəxs X3 məxsus şalvar, köynək və qısaqol mayka hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar