Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-651/2024 16.12.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclas katibi- X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1972-ci ildə Beyləqan şəhərində anadan olmuş, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, təqaüdçü, Beyləqan rayon məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 24 may 2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, Beyləqan şəhəri, X3 küçəsi, ev 86-da qeydiyyatda olmaqla Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yaşamış, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində və müvəqqəti yaşadığı evdə daşımaqla saxlamış, Beyləqan rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində o, 04 aprel 2024-cü il tarixdə saat 20:30-da Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsində saxlanılaraq Beyləqan rayon polis şöbəsinin inzibati binasına gətirilib həmin gün saat 21:15-də üzərində şəxsi axtarış aparılarkən onun əynində olan tünd göy rəngli gödəkçənin sol yan cibindən satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı iki ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 4,52 qram, 4,88 qram, ümumi təmiz çəkisi 9,40 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eyni olan narkotik vasitə qurudulmuş marixuana, həmçinin həmin gün saat 21:50-də yaşadığı Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən bir otaqdan ibarət evə baxış keçirilən zaman otaqdakı divanın üzərində olan yastığın altından üç ədəd polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri 250,0 qram, 850,0 qram, 300,0 qram, ümumi təmiz çəkisi-1400,0 qram olan külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eyni olan narkotik vasitə qurudulmuş marixuana, həmin otaqda olan çarpayı ilə divarın arasından altı ədəd polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri 420,0 qram, 850,0 qram, 560,0 qram, 470,0 qram, 720,0 qram, 585,0 qram, ümumi təmiz çəkisi 3605,0 qram külli mqidarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eyni olan narkotik vasitə qurudulmuş marixuana, cəmi iki ədəd kibrit qutusunda və doqquz ədəd polietilen torbada ümumi təmiz çəkisi 5014,4 qram külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eyni olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 04 aprel 2024-cü il tarixdə, saat 17-18 radələrində polis əməkdaşları evinə gələrək ona «rəis səni istəyir» deyib onu polis şöbəsinə aparmışlar. Polis şöbəsində Mahir adlı polis əməkdaşı ona «sən fiqursan getməlisən» sözlərini demişdir. O Mahirə uşaqlarını evləndirəcəyini demiş, lakin Mahir müəllim cibinə 2 kibrit qutusunda nəşə (qurudulmuş marixuana) qoyaraq polis əməkdaşlarına onun təhqiqatçının otağına aparmağını demişdir. Təhqiqatçının otağında üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun üzərindən həmin iki qutuda nəşə aşkar olunmuşdur, sorğu sual zamanı həmin nəşə qutularının üzərinə Mahir müəllimin qoyduğunu dedikdə Mahir müəllim «yaxşı eləmişəm qoymuşam cibivə» sözlərini demişdir. Onu şöbədə 2 saat saxladıqdan sonra yaşadığı evə gətirərək evə baxış keçirmişlər, evə baxış keçirən zaman evdə çarpayının altından qara rəngli bağlama aşkar etdilər. Bağlamanın içindən də marixuana aşkar edildi, lakin həmin bağlama ona məxsus olmamış, polis əməkdaşları tərəfindən evinə qoyulduğunu düşünür. O, əvvələr narkotik vasitələrindən istifadə etsə də heç vaxt vaxt narkotik vasitələrinin satışı ilə məşğul olmamışdır. Onun üzərində və evində narkotik vasitə olmamışdır. Günahı olmadığı üçün məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə təqsirləndirilən şəxsin verdiyi ifadələrində “cibindən və evindən aşkar olunmuş narkotik vasitələrinin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən evinə və evinə qoyularaq məsuliyyətə cəlb edilməsi” xüsusatları obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə, təqsirləndirilən şəxsin göstərdiyi sözü gedən xüsusatları ona cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirərək sübut növü kimi qəbul etmir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Beyləqan rayon Polis Şöbəsinin əməkdaşı Şahid9 oğlu ifadəsində göstərmişdir ki, 04 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edib üzərində saxlamaqla daşıması və yaşadığı evdə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin gün saat 20:30-da Baxışov X2 şəhəri, M.Ə.Rəsulzadə küçəsində saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs üzərində qadağan edilmiş hər hansı əşya, predmet olmadığını bildirmişdir. Lakin axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkçənin sol yan cibindən iki ədəd kibrit qutusu aşkar edilmişdir. Kibrit qutuları açılaraq baxış keçirilmiş və həmin qutuların içərisində tünd yaşıl rəngli, kəskin qoxulu narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr olduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs həmin kütlələrin ona məxsus olmadığını bildirmişdir. Aşkar edilmiş iki ədəd kibrit qutusunda olan kütlələr ayrı-ayrılıqda elektron tərəzidə çəkilərək qablaşdırılaraq ilə möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı Beyləqan şəhəri, M.Əsədov küçəsi, ev 86-da yerləşən fərdi yaşayış evinə baxış keçirilməsi üçün getmişlər. Baxışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs yaşadığı evin həyət darvazası qıfıllı olmuş, baxışda iştirak etməsi üçün Təqsirləndirilən şəxsla həmin evdə yaşayan keçmiş arvadı Şahid8 açarla həyət darvazasının qapısını açmış və onlar həyətə daxil olmuşlar. Bundan sonra polis əməkdaşlarının, Təqsirləndirilən şəxs, Şahid8, hal şahidlərinin iştirakı ilə evin həyətyanı sahəsinə baxış keçirməyə başlamışlar. Baxış zamanı həyətyanı sahədən dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra evə daxil olub baxış keçirilməyə başlamışlar. Təqsirləndirilən şəxs yaşadığı ev bir otaqlı olmuş, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə divanın üzərində olan yastığın altından üç ədəd qara rəngli üzəri yapışqan lentlə sarınmış bağlama aşkar edilmiş, aşkar edilmiş bağlamaların içərisində olan kütlələrə baxış keçirilən zaman içərlərində tünd yaşıl rəngli, kəskin qoxulu narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr olduğu məlum olmuşdur. Sonra aşkar edilmiş üç ədəd bağlamada olan olan kütlələr elektron tərəzidə çəkilərək qablaşdırılmışdır. Sorğu zamanı Nizami evindən aşkar olunmuş narkotik vasitələrinin ona məxsus olmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid5 şahid qismində dindirilmiş Şahid9 ilə eyni məzmunlu ifadə vermişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 04 aprel 2024cü il tarixdə, saat 21 radələrində Beyləqan şəhəri ərazisində olarkən Beyləqan rayon polis şöbəsinin inzibati binasının yaxınlığından keçmişdir. Bu zaman bir nəfər tanımadığı şəxs ona yaxınlaşıb özünü təqdim edərək rayon polis şöbəsinin əməkdaşı olduğunu, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı evə baxış keçirəcəklərini, icazə verirsə onun iştirakı ilə baxışın aparılacağını bildirmişdir. O, buna razılıq vermişdir. Bundan sonra digər hal şahidi, vəkil və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və gödəkçəsinin sol yan cibindən iki ədəd kibrit qutusu aşkar edilmişdir. Aşkar edilmiş iki ədəd kibrit qutusu açılaraq baxış keçirilmiş və həmin qutuların içərisində tünd yaşıl rəngli, kəskin qoxulu narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr olduğu məlum olmuşdur. Bu barədə protokol tərtib olunmuş, o da imza etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlələrin ona məxsus olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı Beyləqan şəhəri, M.Əsədov küçəsi, ev 86-da yerləşən ş evinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə divanın üzərində olan yastığın altından üç ədəd qara rəngli üzəri yapışqan lentlə sarınmış bağlama aşkar edilmişdir. Aşkar edilmiş bağlamaların içərisində olan kütlələrə baxış keçirilən zaman içərlərində tünd yaşıl rəngli, kəskin qoxulu narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr olduğu məlum olmuşdur. Sonra aşkar edilmiş üç ədəd bağlamada olan kütlələr elektron tərəzidə çəkilərək qablaşdırılmışdır. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə məhkəmə bioloji ekspertizasının 05 aprel 2024-cü il tarixli 3-16-16/2-18/380 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən” sözləri yazılmış və imzalar olan kağız paketdə iki ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 4,52 qram, 4,88 qram, ümumi çəkisi 9,40 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin marixuanalar orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eynidir. Tədqiqata təqdim olunmuş üzərindəki ağ kağızda “Təqsirləndirilən şəxs yaşadığı evdən divanla çarpayının arasında ” sözləri yazılmış və imzalar olan polietilen torba bağlamada üzəri yapışqan lentlə bağlanmış altı ədəd polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri 420,0 qram, 850,0 qram, 560,0 qram, 470,0 qram, 720,0 qram, 585,0 qram, ümumi çəkisi 3605,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin marixuanalar orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eynidir. Tədqiqata təqdim olunmuş üzərindəki ağ kağızda “Təqsirləndirilən şəxs yaşadığı evdən” sözləri yazılmış və imzalar olan polietilen torba bağlamada üzəri yapışqan lentlə bağlanmış üç ədəd polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri 250,0 qram, 850,0 qram, 300,0 qram, ümumi çəkisi-1400,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin marixuanalar orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eynidir. Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs üzərindən və evindən götürülmüş, ümumi çəkisi 5014,40 qram olan marixuanalar orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eynidir. Ekspertiza tədqiqatından sonrakı qurudulmu marixuanna narkotik vasitə 5013,85 qram. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik təşkil edır. İş materiallarında olan 24 may 2024-cü il tarixli 3692 saylı ambulator məcburinarkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcli müddətsiz əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 04 aprel 2024-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən iki ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 04 aprel 2024-cü il tarixli «baxış və götürmə aparılması haqqında» protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evə və evin həyətyanı sahəsində baxış keçirilən zaman içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 04 aprel 2024-cü il tarixli «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Beyləqan rayon məhkəməsinin 06 aprel 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs olunmasının əvvəli 04 aprel 2024-cü il tarixdən hesablanmmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və hökmlərin surətlərindən görünür ki, Beyləqan rayon məhkəməsinin 15 oktyabr 1997-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (köhnə redaksiyada) 207-ci maddəsi ilə təqsirli bilinib dörd il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 18 mart 2001-ci il taridə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76-cı maddəsinə əsasən vaxtından əvvəl şərti olaraq azad edilmiş, Beyləqan rayon məhkəməsinin 17 iyul 2002-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128 və 132-ci maddələri ilə təqsirli bilinib Cinayət Məcəlləsinin 66.2-ci maddəsi tətbiq edilməklə altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 18 dekabr 2002-ci ildə cəzasının sonu ilə azad olunmuş, Beyləqan rayon məhkəməsinin 12 yanvar 2005-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 132, 221.3, 177.2.3-cü maddələri ilə təqsirli bilinib Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən altı il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 18 sentyabr 2010-cu ildə cəzasının sonu ilə azad olunmuş, Beyləqan rayon məhkəməsinin 03 iyul 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə iki ilə şərti sınaq müddəti müəyyən edilərək üç il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 22 iyul 2017ci ildə şərti sınaq müddəti başa çatmış, Beyləqan rayon məhkəməsinin 16 mart 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib bir il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 24 noyabr 2017-ci ildə cəzasının sonu ilə azad edilmiş, Beyləqan rayon məhkəməsinin 15 may 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib iki il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya məhkəməsinin 06 noyabr 2018-ci il tarixli qərarına əsasən Beyləqan rayon məhkəməsinin 15 may 2018ci il tarixli hökmü dəyişdirilərək cəzası üç il müddətə azadlıqdan məhrumetmə cəzasına qədər artırılmış, Beyləqan rayon məhkəməsinin 15 mart 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddələri tətbiq edilməklə üç il beş ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya qərarının 2.4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, sonuncu dəfə Beyləqan rayon məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib bir il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmişdir. İş materiallarında olan 08 aprel 2024-cü il tarixli «maddi sübut kimi tanınma haqqında» qərardan görünür ki, ekspertiza tədqiqatından sonrakı qalıq 5013,85 qram narkotik vasitə qurudulmuş marixuanna maddi sübut kimi tanınmış Beyləqan RPŞ-nin saxlama kamerasına təhvil verilmişdir. İş materiallarında olan 06 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ətrafında müvafiq əməliyyat-axtarış tədbirinin seçilməsinə dair Beyləqan RPŞ-nin əməliyyat müvəkkili Şahid1 04 aprel 2024-cü il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. İş materiallarında olan Beyləqan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 20 iyun 2024-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Baxışov X2 şəhəri, X3 küçəsi, ev 86-da qeydiyyatda olmaqla Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yaşayır, yaşadığı müddətdə nümayəndəliyə heç bir şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan 09 iyul 2024-cü il tarixli «cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs evindən aşkar olunmuş külli miqdarda narkotik qurudulmu marixuannanın mənbəyinin müəyyən edilməsi məqsədilə cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddələri ilə ayrıca cinayət işi ayrılmışdır Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmamışdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə düzgün ittiham verilmişdir. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, məhkəmə yüngülləşdirici hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayəti Beyləqan rayon məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli hökmü ilə məhkumluğu ödənilmədən və ya götürülmədən törətmişdir. Bu Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən residiv hesab olunmalı və həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən “Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz”. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə görə, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub – Beyləqan Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 5013,85 qram narkotik vasitəsi qurudulmuş marixuana məhv edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, cəzasının çəkilmə müddətinin əvvəli 04 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 04 aprel 2024-cü il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış – Beyləqan Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 5013,85 qram narkotik vasitəsi qurudulmuş marixuana məhv edilsin. İş üzrə 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Neymət Məmmədov Esmira Məmmədova
Məhkəmə qərarları › İş №1(099)-651/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-651/2024
16.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver