Məhkəmə qərarları › İş №1(099)-652/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-652/2024

03.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-652/2024 03.10.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Vəliyeva Ayşən Umud qızı (sədrlik edən), Əliyev Əli Abdulla oğlu və Cəlilov Oruc Yusif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1991-ci il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olan, işləməyən, Salyan şəhəri Q.Səmədov küçəsi ev 18-də qeydiyyatda olmaqla yaşamış, Neftçala Rayon Məhkəməsinin 22 aprel 2024-cü il tarixli qərarı ilə barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən polietilen torba bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri-190,0 qram və 1945,0 qram olmaqla ümumi təmiz çəkisi 2135,0 qram, külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı və 0,210 qram psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib, 2135,0 qram külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əlindəki qara rəngli parçadan olan çantasının içərisində, 0,210 qram psixotrop maddə metamfetamini əynindəki sarı rəngli gödəkçəsinin sol iç yan cibində satış məqsədilə qanunsuz olaraq saxlayaraq daşıyarkən 20 aprel 2024-cü il tarixdə saat 23:25 radələrində Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Neftçala rayonunun Şorkənd kəndində “Ulduz” restoranının qarşısında saxlanılaraq rayon polis şöbəsinə gətirilərək onun üzərində şəxsi axtarış aparılarkən əlindəki qara rəngli çantasının içərisində 2 ədəd polietilen torba bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri-190,0 qram və 1945,0 qram olmaqla ümumi təmiz çəkisi 2135,0 qram, külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana, əynindəki sarı rəngli gödəkçənin sol iç yan cibindən 0,210 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilən ittiham üzrə özünü qismən təqsirli bilərək qeyd etmişdir ki, o, 20 aprel 2024-cü il tarixdə iki qutu marixuana götürmək üçün Neftçala rayonunda yerləşən “Ulduz” kafesinin qabağına getmiş bu zaman onu Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları saxlayaraq şöbəyə aparmışlar, polis əməkdaşları avtomobilə əyləşməmişdən əvvəl onun üzərini və gödəkçəsini yoxlamışlar, üzərindən narkotik vasitə aşkar olunmamışdır. Lakin şöbədə onu ailəsi və uşaqları ilə təhdid edərək əgər onlarla razılaşmasa, ailəsinin şöbəyə gətiriləcəyini bildirmişlər. Təqsirləndirilən şəxs qeyd etmişdir ki, bu məsələyə görə onun ailəsi dağılıb. Verilən suallara cavab olaraq təqsirləndirilən şəxs bildirmişdir ki, ifadəsində qeyd etdiyi qutu kibrit qutusudur. O, narkotik vasitə iki qutu marixuananı hadisədən bir gün əvvəl “Ulduz” kafesində tanış olduğu Ərəstun adlı şəxsdən alacaqmış, lakin o marixuananı almadan polis əməkdaşları tərəfindən tutulmuşdur. Əlindəki qara rəngli çanta ona məxsus deyildir, o, Ərəstun adlı şəxsin 2 qutu qurudulmuş marixuana gətirməsini gözləyərkən polis əməkdaşları tərəfindən yaxalandıqda, əməliyyatçılardan biri hardansa çantanı telefonun işığı ilə tapıb gətirmiş və şöbədə videoçəkiliş aparılan zamanı üzərinə qoymuşdur. O, həmçinin, qeyd etmişdir ki, üzərində şəxsi axtarış aparılan zaman vəkillə təmin olunsa da, həmin vaxt vəkili yatılı halda olmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, ona şöbədə fiziki və psixi təzyiqlər edilmişdir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsinin ziddiyyətli olan hissəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, 20 aprel 2024-cü il tarixdə saat təxminən 22 radələrində Neftçala rayonu Şorkənd kəndi ərazisində “Ulduz” restoranında çay içmiş, orada bir nəfər tanımadığı şəxslə münasibəti yaranmış, o, özünü Ərəstun kimi təqdim etmişdir. Yəqin ki, danışığından, səsindən narkotik vasitə istifadəçi olduğunu hiss edib, çəkmək üçün narkotik vasitə istəmiş, o, xeyli miqdarda marixuana pay verə biləcəkmiş, Ərəstun adlı şəxs də demişdir ki, qarşılığında 150 manat verə bilər. Ondan sonra həmin adama deyib ki, orada gözləsin. O, taksiyə minib evə getmiş, hində saxladığı narkotik vasitəni çıxarıb 2 ədəd ayrı-ayrı sellofan torbaya yığmış, həmin torbaları da qara rəngli parçadan olan çantaya qoymuş, evdən çıxıb yenə yoldan keçən taksilərdən biri ilə Neftçala rayonu Şorkənd kəndində yerləşən “Ulduz” restoranının qarşısına gəlmiş, saat təxminən 23:20 radələrində əlində qara rəngli çanta ilə maşından düşəndən sonra 3 nəfər mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb, üzərində narkotik vasitə olması barədə məlumatları olduqlarını və əlindəki çanta ilə birlikdə Neftçala Rayon Polis Şöbəsinə aparacaqlarını bildirmişlər. Şöbədə üzərində şəxsi axtarış aparıldıqdan sonra bildirmişdir ki, O, heç narkotik vasitənin satışı ilə məşğul olmur. Qurudulmuş marixuananı pay verirmiş, qarşılığında ilə 150 manat pul alacaqmış. Əslində qiyməti bahadır. Sadəcə simvolik olaraq 150 manat alacaqmış ki, pulu olsun. Metamfetamin istifadəsi üçün olub, onu satmaq niyəti olmayıb. Ona rayon polis şöbəsində heç bir fiziki və psixi təzyiq olunmayıb. (i.v 173-174) Təqsirləndirilən şəxsin ibtidai istintaqdakı ifadəsindən fərqli ifadə verməsinin səbəbi araşdırıldıqda polis əməkdaşları tərəfindən döyülməsi və hədələnməsi nəticəsində ibtidai istintaq zamanı narkotik vasitənin özünə məxsus olmasını etiraf etdiyini bildirmişdir. Sonda təqsirləndirilən şəxs himayəsində azyaşlı övladlarının, xəstə valideynlərinin olmasının nəzərə alınaraq, məhkəmədən iki qutu marixuana əldə etməyə görə aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, iş üzrə şahid qismində dindirilmiş Neftçala RPŞ-nin X1 baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 20 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə rəhbərliyə məruzə olunduqdan sonra Quliyev X2 rayonu Şorkənd kəndi ərazisində saxlanılmış və Neftçala Rayon Polis Şöbəsinə aparılmışdır. Şöbədə olarkən Təqsirləndirilən şəxs cibindən metamfetamin, çantasından qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, saxlanılan zaman Təqsirləndirilən şəxs psixi təsir göstərilməmiş və onun üzərinə narkotik vasitə qoyulmamışdır. Saxlanılan zaman Təqsirləndirilən şəxs narkotik vasitəni nə edəcəyi barədə suala Bakı şəhərinə aparacağını onlara bildirmişdir. Şahid1 vəkilin çəkiliş zamanı yuxuluması ilə bağlı suala cavab olaraq bildirmişdir ki, belə hal olmamışdır. O, ibtidai istintaqdakı ifadəsini təsdiq etdiyini bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Neftçala RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 20 aprel 2024-cü il tarixdə Neftçala Rayon Polis Şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat əsasında Şorkənd kənd ərazisinə getmiş, Təqsirləndirilən şəxs adlı şəxsi saxlayıb şöbəyə gətirmişlər. Üzərinə baxış zamanı çantasından marixuana, üzərindən metamfetamin aşkar edilmişdir. Videoçəkilişlə vəkilin iştirakı ilə təhqiqatçı sənədləşdirmə işərini aparmışdır. Verilən suallara cavab olaraq Şahid2 bildirmişdir ki, təqsirləndirilən şəxsi şorkənd kəndi ərazisində saxlamışlar, saxlanılan zaman ona qarşı heç bir fiziki və psixi təsir olunmamışdır, üzərinə narkotik vasitə yerləşdirilməmişdir. Təqsirləndirilən şəxs üzərinə narkotik vasitənin Şahid1 tərəfindən qoyulması ilə bağlı suala cavab olaraq bildirmişdir ki, belə hal olmamışdır. Şahid2 ibtidai istintaqdakı ifadəsini təsdiq etdiyini bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Neftçala RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, 20 aprel 2024-cü il tarixdə Neftçala Rayon Polis Şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat əsasında Şorkənd kənd ərazisinə getmiş Təqsirləndirilən şəxs adlı şəxsi saxlayıb şöbəyə gətirmişlər. Üzərinə baxış zamanı çantasından qurudulmuş marixuana, üzərindən metamfetamin aşkar edilmişdir. Verilən suallara cavab olaraq Şahid3 bildirmişdir ki, Təqsirləndirilən şəxs Şorkənd kəndi ərazisində saxlamışlar saxlanılan zaman o, tək olmuşdur. Təqsirləndirilən şəxsə qarşı fiziki psixi təsir göstərilməmişdir, onun üzərinə narkotik vasitə qoyulmamışdır. Məhkəmə tərkibi CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Belə ki, - İş üzrə təyin edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-18/412 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar olan paketdə 01 ədəd bükümdə təmiz çəkisi-0,210 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir.(i.v 42) - İş üzrə təyin edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-18/413 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs əlində...” sözləri və imzalar olan sintetik torbada 01 ədəd qara rəngli çantadan 01 ədəd polietilen torbada olan 02 ədəd polietilen torbada ayrı-ayrılıqda təmiz çəkisi-190,0 qram, 1945,0 qram, ümumi təmiz çəkisi- 2135,0 qram olan bitki məşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. ( i.v 46) - İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3485 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (i.v 149-150) - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən və Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(057)-36/2024 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs ARCM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluq ödənilməmişdir. (i.v 87-89, 124-129) - Salyan rayonu, İHB-nin Salyan şəhər İƏDÜN-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, 5-71-6/2-1366/2024 nömrəli arayışdan və 5-71-6/2-1367/2024 nömrəli xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs Quliyev X2 şəhəri, Q.Səmədov küçəsi ev.18-də qeydiyyatda olmaqla, həyat yoldaşı və 2 azyaşlı övladı ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs barəsində Salyan şəhər İƏDÜN-nə yazılı və ya şifahi şikayət daxil olmamışdır. (i.v 142-143) - “Salyan RMX” PHŞ-nin xx.xx.2024-cü il tarixli, 18-1-68/2-1200/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 2022-ci il tarixdən “opiodlərin psixostimulyatorların” qəbulundan yaranan asılılıq sindromu ilə qeydiyyatdadır, həkimpsixiatrın və həkim nevropatoloqun qeydiyyatında yoxdur. (i.v 122) - «şübhəli şəxsin tutulması haqqında» 21 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 00:05-də şübhəli şəxs qismində tutulmuşdur.(i.v 29) - «sübutların qiymətləndirilməsi haqqında» 25 iyul 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs tutulma vaxtının bütün cinayət işi materiallarında 20 aprel 2024-cü il tarixi kimi oxunması qərara alınmışdır. (i.v 162) - «şəxsi axtarış və götürmə aparılması haqqında» 21 aprel 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs 20 aprel 2024-cü il tarixdə saat 00:05-də yuxarıda qeyd edilən ünvanda saxlanılaraq Nefçala Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və orada həmin gün saat 00:40-dan etibarən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əlində olan qara rəngli parça materiallı çantada iki ədəd sellofon bükülü aşkar edilmiş, həmin sellofon bükülülər açıldıqda ümumi çəkisi 2 kq 330 qram çəkidə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə və 0,31 qram çəkidə olan narkotik vasitə metamfetaminə oxşar kütlələr aşkar edilərək götürülmüşdür. (i.v 27-28) - «təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında» 22 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. (i.v. 57-58) - Neftçala Rayon Məhkəməsinin 22 aprel 2024-cü il tarixli, 4(053)-20/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. ( i.v. 74-76) - Müdafiə tərəfinin vəsatətinə əsasən məhkəmə tərəfindən əldə edilmiş 19 sentyabr 2024-cü il tarixli, 3-16-17/40/2-6256/2024 nömrəli məhkumun tibbi kitabçasından görünür ki, təqsirləndirilən şəxs H. Quliyevin bədənində xəsarət izi aşkar edilməmişdir. - Məhkəmənin şifahi sorğusuna əsasən əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Salyan Rayon İcra və Probasiya Şöbəsinin 2 oktyabr 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs probasiya qeydiyyatına düşmədiyi üçün cəzasının heç bir hissəsini çəkməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilmiş cinayət əməli ilə bağlı qanunvericilik normalarına münasibətdə qeyd etməyi zəruri hesab edir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2024-cü il tarixli Qərarının 9-cu bəndində qeyd edilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 20 aprel 2024-cü il tarixdə saat 23:25 radələrində, Neftçala rayonunun Şorkənd kəndində yerləşən “Ulduz” restoranının qarşısında ayrı-ayrılıqda təmiz çəkiləri-190,0 qram və 1945,0 qram olmaqla ümumi təmiz çəkisi 2135,0 qram külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı və 0,210 qram psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib, 2135,0 qram külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əlindəki qara rəngli parçadan olan çantasının içərisində, 0,210 qram psixotrop maddə metamfetamini isə əynindəki sarı rəngli gödəkçəsinin sol iç yan cibində satış məqsədilə qanunsuz olaraq saxlayaraq daşıyarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs cibində 0,210 qram psixotrop maddə metamfetamin, həm də əlindəki çantanın içərisində 2135,0 qram külli miqdarda qurudulmuş marixuana növündə narkotik vasitə ilə yaşadığı ünvan 1 ünvanından xeyli kənarda, yəni, Neftçala rayonu, Şorkənd kəndində və gecə 23:25 radələrində yaxalanması, narkotik vasitələrin çəkilib iki ayrı bağlamaya bükülməsi ibtidai istintaq zamanı verdiyi ifadəsində çantadakı qurudulmuş marixuana növündə narkotik vasitəni Ərəstun adlı şəxsə 150 manat əvəzində verəcəyi ifadəsi ilə birlikdə nəzərə alındıqda onun satış məqsədilə həmin qadağan olunmuş maddələri əldə edib, saxlama və daşıması təsdiq edilir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən üzərindən-cibindən və əlindəki qara çantadan çıxan narkotik vasitələrin polis əməkdaşları tərəfindən üzərinə qoyularaq götürülməsi və hədələnməsi barədə etirafedici ifadə verməsi, həmçinin, müdafiəçinin şəxsi axtarış zamanı yuxulaması barədə dəlilinə münasibətdə məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, müdafiə tərəfinin bu dəlili aşağıda qeyd edilənlərlə tam təkzib olunur: Cinayət prosessual qanunvericiliyinə əsasən təqsirləndirilən (şübhəli) şəxs və onun müafiəçisi cinayət təqibini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla, tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum Qərarının 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Lakin işdə olan sənədlərlə müəyyən edilir ki, Təqsirləndirilən şəxs tutulduqdan sonra hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə təmin olunmuş və ibtidai istintaq dövründə nə təqsirləndirilən şəxs, nə də onun müdafiəçisi yuxarıda göstərilən hallarla və ya digər hər hansı bir hallarla bağlı şikayətlə qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəməyə müraciət etməmişlər. Bundan əlavə, şəxsi axtarışa dair videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs əlində qara çanta ilə vəkilin yanında olmuş, müdafiəçi sual-cavabda aktiv iştirak etmişdir. Göründüyü kimi, yuxarıda qeyd olunan sübutlarla təqsirləndirilən şəxsin dəlilləri təkzib edilir, işdə olan ittihamı təsdiq edən sübutları təkzib edən, təqsirləndirilən şəxsin dəlillərini doğrulayan sübutlar isə iş materiallarından görünmür. Yəni, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı fiziki və psixi zorakılıq altında etirafedici ifadə verməyə məcbur edildiyini, aşkar olunmuş narkotik vasitələrin heç birinin ona məxsus olmadığını bildirsə də onun saxlanılarkən fiziki zorakılığa məruz qalmadığı 19 sentyabr 2024-cü il tarixli, 3- 16-17/40/2-6256/2024 nömrəli bədənində xəsarət və zədə izlərinin olmamasına dair məhkumun tibbi kitabçası ilə təkzib edilmiş, psixi zorakılığı təsdiq edəcək, ittihamın mövcud sübutlarının həqiqətə uyğunluğunu təkzib edən heç bir sübut isə iş materialına əlavə edilməmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməllərini törətməsi onun etirafedici ifadələri, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, həmin protokola əlavə edilmiş 01 ədəd DVD disk, şahid ifadələri, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə-fiziki-kimyəvi ekspertizasının 21 aprel 2024-cü il tarixli, 3-16-16/2-18/412 və 3-16-16/2-18/413 nömrəli rəyləri, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məhkəmə-narkoloji ekspertizasının 20 may 2024-cü il tarixli, 3485 nömrəli rəyi və digər istintaq sənədləri ilə kifayət qədər sübuta yetirilmişdir. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddələrin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Yuxarıda qeyd olunan qanunvericiliyin müddəalarını, həmçinin, Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, o cümlədən cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini, eləcə də «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından irəli gələn tövsiyələri nəzərə alaraq məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin tələbləri daxilində minimum həddə cəzalandırılmalıdır ki, həm cəzanın məqsədlərinə xidmət etsin, həm də təqsirləndirilən şəxsin ailəsi onun varlığının maddi və mənəvi təminatından minimum həddə məhrum olunmuş olsun. Əks təqdirdə, təqsirləndirilən şəxsə daha sərt (ağır) cəzanın təyin edilməsi onu daha ciddi məhrumiyyətlərə düçar etməklə, təqsirləndirilən şəxsin islah olunması məqsədinə xidmət edə bilməz. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Habelə, Salyan Rayon Məhkəməsinin 05 mart 2024-cü il tarixli, 1(057)-36/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 2(iki) il 5(beş) ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-in 68.1 və 68.1.1-1-ci maddələrinə əsəsən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki günü ilə hesablanmaqla 1(bir) il 2(iki) ay 28(iyirmi səkkiz) gün müddət azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı və Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən, əvvəlki hökm üzrə çəkilməmiş 1 il 2 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası yeni təyin edilmiş cəzaya qismən birləşdirilib Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Bundan əlavə, Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət- Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 20 aprel 2024-cü il tarixdən hesablanmalı və Neftçala Rayon Məhkəməsinin 4(053)-20/2024 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Neftçala Rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan 2134,80 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana və 0,160 qram xeyli miqdarda psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində aparılmış «şəxsi axtarışın keçirilməsi haqqında» protokola əlavə olunmuş 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Bundan başqa, Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 63,09 (altımış üç manat doqquz) qəpik məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2024-cü il tarixli Qərarı, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, həmçinin «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Salyan Rayon Məhkəməsinin 05 mart 2024-cü il tarixli, 1(057)-36/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 2(iki) il 5(beş) ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-in 68.1 və 68.1.1-1-ci maddələrinə əsəsən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki günü ilə hesablanmaqla 1(bir) il 2(iki) ay 28(iyirmi səkkiz) gün müddət azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən, əvvəlki hökm üzrə çəkilməmiş 1 il 2 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası yeni təyin edilmiş cəzaya qismən birləşdirilib Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə qəti olaraq 5 (beş) il 6 ( altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı 20 aprel 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Neftçala Rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan 2134,80 qram narkotik vasitə qurudulmuş marixuana və 0,160 qram xeyli miqdarda psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 1(bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatı xərci olan 63,09 (altımış üç manat doqquz) qəpik məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Ayşən Vəliyeva Hakimlər: Əli Əliyev Oruc Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar