Məhkəmə qərarları › İş №1(099)-655/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-655/2024

21.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-655/2024 21.10.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X5, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx xxxxxx 1987-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olan, Sabirabad rayonu, Moranlı Ə/D, Bala Həşimxanlı kəndində qeydiyyatda olmaqla, Şirvan şəhəri M.Aydınov küçəsi ev 117-də yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan Şirvan şəhəri M.Aydınov küçəsi ev 107-də yaşayan tanışı Şahid3 sifarişi ilə və ona psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi üçün 160 manat pul verməsindən sonra qanunsuz olaraq ümumi təmiz çəkisi 2,616 qram olmaqla külli miqdar təşkil edən psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxlamış, həmin psixotrop maddəni 03 aprel 2024-cü il tarixdə saat 23:30 radələrində Şahid3 yaşadığı evə gələrək sonuncuya vermiş, Şahid3 ona həmin psixotrop maddə metamfetamindən bəxşiş olaraq 0,342 qramını 01 ədəd sellofan bükümdə vermiş, həmin 0,342 qram psixotrop maddə metamfetamin isə Şirvan Şəhər Polis Şöbəsinin Cinayət-axtarışı bölməsinin əməkdaşlarının 04 aprel 2024-ci il tarixdə, saat 01:50 radələrində keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində Şirvan şəhəri M.Aydınov küçəsində hərəkətdə olarkən saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynindəki üzərində ağ zolaq olan qara rəngli idman şalvarının sol yan cibindən bir ədəd sellofan bükümdə aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, 03 aprel 2024-cü ildə N.Bayramov küçəsi ev 26 ünvanında olan məhəllədə tutulmuş, polis şöbəsinə aparılmışdır. Həmin vaxt üstündə heçnə olmamışdır. Ona demişlər ki, “istifadəçi kimi səni tuturuq”. Özü də razılaşmışdır. Metamfetamini polisdə ona vermişlər. Vahidi tanıyır, məhəllə uşağıdır. Özü metamfetamin istifadə etmişdir. Vahid də eləmişdir. Vahidin xahişi ilə ona metamfetamin alıb verməmişdir. xx.xx.2024-cü ildə axşam saat on bir radələrində Vahidlə görüşmüşdür. Vahid göyərçin saxlayan olduğundan quşlara baxmaq üçün getmişdir. Quşların yuvasında işıq olduğundan baxmaq olmuşdur. Videoçəkilişdə üstündən 0,3 qram aşkar olunmuşudur, istifadə etdiyindən özünü 234.1-lə təqsirli bilir. Şöbədə onu polislər döymüşdür. Müstəntiq onu döyməmiş, müstəntiqə ifadə vermiş, ona özünü 234.1-lə günahkar bildiyini demişdir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, psixotrop maddə metamfetamin istifadə edir. Təxminən 2 ay bundan əvvəl özünü İran İslam Respublikasının (bundan sonra İİR) vətəndaşı kimi təqdim edən Həsən adlı şəxslə telefonda tanış olmuş, onunla whatsapp vasitəsi ilə danışırmış. xx.xx.2024-cü il tarixdə saat təxminən 14 radələrində Həsənlə whatsapp vasitəsi ilə danışarkən ondan psixotrop maddə oub-olmaması barədə soruşmuşdur. O bildirmiş ki, “problem yoxdur istəyən olsa xəbər et pulunu karta göndərdikdən sonra psixotrop maddə metamfetaminin Bakı şəhərində hara qoyulacağını sənə deyərəm gedib götürərsən”. O Həsəndən psixotrop maddə metamfetaminin qramını neçəyə satdığını soruşduqda, Həsən bildirmiş ki, qramını 40 manata satır. Həmin vaxtı pulu olmadığı üçün Həsənlə sağollaşdıqdan sonra tanışı narkotik vasitə aludəçisi olan Şirvan şəhər sakini qonşuluqda yaşayan Şahid3 yaşadığı evə getmişdir. Vahidlə görüşdükdən sonra Həsənin ona dediyi barədə Vahidə bildirmişdir. Vahid ona bildirmiş ki, “Həsənə deki 4 qram psixotrop maddə olan metamfetamin təşkil etsin pulunu kartına göndərək”. O həmin vaxtı Vahidin yanından Həsənə zəng vurmuş və bu barədə bildirmişdir. Həsən ona whatsapp vasitəsi ilə mobil nömrədən ibarət “M10” hesab nömrəsi göndərmiş və bildirmiş ki, “pulu at bu hesaba, gəl Bakı şəhərinə, Bakı şəhərinə çatanda mənə zəng vur psixotrop maddə metamfetaminin harada olması barədə sənə məkan göndərəcəm və qoyulan metamfetamini həmin yerdən götürəcəksən”. Həsənlə razılaşaraq sağollaşdıqdan sonra Vahid ona 160 manat Həsənə göndəriləcək pulu və əlavə olaraq yol pulu 20 manat olmaqla ümumilikdə ona 180 manat pul vermişdir. O bundan sonra Vahidlə görüşüb onlardan çıxmışdır. Taksi ilə Bakı şəhərinə getmişdir. Bakı şəhərinə çatdıqdan sonra Həsənin ona göndərdiyi qeyd etdiyi hesab nömrəsinə 160 manat pul göndərmiş və Həsənə zəng vuraraq pulun hesaba köçüb-köçməməsini soruşmuşdur. Həsən bildirmiş ki, “pul hesaba köçüb, 10 dəqiqədən sonra sənə məkan yollayacam, həmin məkandan gedib sellofan bükümdə qoyulan psixotrop maddə metamfetamini götürərsən”. Təxminən 10 dəqiqədən sonra Həsən ona whatsapp vasitəsi ilə məkan və psixotrop maddə metamfetaminin haraya qoyulmasının şəklini göndərmiş və həmin məkanın Bakı şəhəri Maştağa qəsəbəsi olduğunu müəyyən etmişdir. Bundan sonra o yenidən taksiyə əyləşərək Həsənin ona göndərdiyi məkan olan Maştağa qəsəbəsinə yollanmışdır. Göndərilən məkana təxminən 100 metr qalmış taksidən enmiş və həmin istiqamətə piyada hərəkət etmişdir. Məkana yaxınlaşdıqda görmüş ki, göndərilən məkan zibil qutularının yaxınlığıdır. O kənara göz gəzdirmiş və heç kimin onu görmədiyinə əmin olduqdan sonra yaxınlaşaraq həmin yerdən içərisində psixotrop maddə metamfetamin olan sellofan bükümü götürüb cibinǝ qoymuşdur. Bundan sonra o Həsənə zəng vuraraq psixotrop maddə metamfetamini qoyulduğu yerdən götürdüyünü bildirmişdir. O bu barədə Vahidə zəng vuraraq bildirmişdir. Bundan sonra o Şirvan şəhərinə birbaşa Vahidgilə gəlmişdir. O Vahidgilə çatanda saat təxminən 23:30 radələri olarmış. Gətirdiyi psixotrop maddə metamfetamin olan sellofan bükümü Vahid açmış və içərisinə baxdıqda tam əmin olmuş ki, gətirdiyi psixotrop maddə metamfetamindir. Vahid həmin metamfetaminin bir qismini istifadə etmək üçün ona sellofan bükümdə ayıraraq vermişdir. O həmin bükümü istifadə etmək niyyəti ilə cibinə qoymuş və Vahidlə görüşərək onlardan çıxmışdır. xx.xx.2024-cü il tarixdə saat təxminən 01:50 radələrində üzərində həmin içərisində psixotrop maddə metamfetamin olan sellofan büküm olduğu vaxt küçələrində hərəkət edərkən bir neçə nəfər mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və Şirvan Şəhər Polis Şöbəsinə dəvət etmişlər. O da etiraz etməmiş və polis əməkdaşları ilə Şirvan Şəhər Polis Şöbəsinə gəlmişdir. Polis şöbəsində müdəfiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı əynində olan idman şalvarının sol yan cibindən bir ədəd içərisində psixotrop maddə metamfetamin olan sellofan bükümü və şalvarının sağ yan cibindən özünə məxsus mobil telefonunu və elektron nəzarət qolbağının mobil qurğusunu çıxarıb masanın üzərinə qoymuş və həmin sellofan bükümdə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Verilən şifahi suallara cavab olaraq təqdim etdiyi psixotrop maddə metamfetamini İİR vətəndaşı kimi tanıdığı Həsən adlı şəxsdən tanışı Vahid üçün 160 manat dəyərində 4 qram psixotrop maddə aldığını, həmin metamfetaminin bir qismini Vahid ona verdiyini, qalan hissəsini isə özünə götürdüyünü bildirmişdir. O, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmadığını, Polis şöbəsinə gətirilərkən və ya polis şöbəsində olarkən ona qarşı heç bir qanunsuz hərəkətlərə yol verilmədiyini qeyd etmişdir. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs, həmin ifadələrini təsdiq etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, 04 aprel 2024cü il tarixdə xidmətdə olarkən Şahid1 məlumat daxil olmuş ki, Təqsirləndirilən şəxs qanunsuz yolla narkotik vasitələr əldə edib üzərində saxlamaqla, istifadə edir və satışı ilə məşğul olur. Bundan sonra müvafiq qərar qəbul edilmiş və həmin qərarın icrası ilə bağlı əməliyyat qrupu yaradılmış, sonra saat 01:50 radələrində əməliyyat qrupu ilə birlikdə Şirvan şəhər M.Aydınov küçəsində olarkən Təqsirləndirilən şəxs kənardan görüb sonuncuya yaxınlaşmışlar və özlərini təqdim edib, polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində raportla rəhbərliyə müraciət etdikdən sonra raport üzrə araşdırma aparılması təhqiqatçı Səxavət Garayevə həvalə olunmuşdur. Daha sonra vəkil təyin olunmuş və vəkil gəldikdən sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan idman şalvarının sol yan cibindən bir ədəd içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan sellofan bükümü və şalvarının sağ yan cibindən özünə məxsus mobil telefonunu və elektron nəzarət qolbağının mobil qurğusunu çıxarıb masanın üzərinə qoymuş və həmin sellofan bükümdə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi psixotrop maddə metamfetamini İİR vətəndaşı kimi tanıdığı Həsən adlı şəxsdən tanışı Vahid üçün 160 manat dəyərində 4 qram psixotrop maddə aldığını, həmin metamfetaminin bir qismini Vahid ona verdiyini, qalan hissəsini isə özünə götürdüyünü bildirmişdir. Ona qarşıheç bir təsir və ya təzyiq göstərilməyib. Məhkəmə iclasında Şahid1 Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında cinayət prosesi tərəflərinin razılığı ilə Şahid3 ibtidai istintaq zamanı şahid qismində vermiş olduğu ifadəsi elan və tətbiq edilmişdir. Həmin ifadəsində Şahid3 göstərmişdir ki, narkotik vasitə istifadəçisidir, Şirvan şəhər sakini Təqsirləndirilən şəxs adlı şəxsi uzun müddətdir ki, tanıyır. Təqsirləndirilən şəxs ilə münasibətləri normaldır. 03 aprel 2024-cü il tarixdə saat 14 radələrində Təqsirləndirilən şəxs onun yaşadığı evə gəlmiş, ona bildirmiş ki, sosial şəbəkədə İİR vətəndaşı ilə tanış olub. Həmin şəxs ona psixotrop maddə təklif edib. Həmin psixotrop maddənin qramını 40 manata satır. O Zaura bildirmiş ki, “160 manat pulum var, mənim üçün 4 qram götür”. Zaur onunla razılaşmış və Zaura 160 manat pul vermişdir. Zaur ona bildirmiş ki, “psixotrop maddəni Bakı şəhərindən götürəcəm, 20 manat da yol pulu lazımdır”. O Zaura 20 manat pul vermiş ki, yol pulu versin. Zaur pulu ondan alıb çıxıb getmişdir. Həmin günü saat 23:30 radələrində Zaur onun yaşadığı evə gəlmiş, ona psixotrop maddə olan metamfetamin vermişdir. Zaurun ona verdiyi psixotrop maddənin bir qismini Zaurda istifadəçisi olduğu üçün Zaura pay kimi vermiş, bundan sonra Zaur çıxıb getmişdir. O evdə həmin psixotrop maddəni 05 ədəd bükümə ayırmış, həmin bükümləri cibinə qoymuş və 01 ədəd elektron tərəzini isə sol yan cibinə qoymuşdur. İşdə olan, Şirvan ŞPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 xx.xx.2024-cü il tarixli “Raport”u ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitə saxlamaqla, istifadə etməkdə və satışında şübhəli olması barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Onun ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş etmişdir. (c İ, i.v 4) İşdə olan, «təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə» xx.xx.2024-cü il tarixli qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair Şirvan ŞPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 tərəfindən qərar qəbul olunmuşdur. (c İ, i.v 5-6) İşdə olan, «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 01:50-dən faktiki olaraq azadlığı məhdudlaşdırılmışdır. (c İ, i.v 25-26) İşdə olan, xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə protokolundan və videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki üzərində ağ zolaq olan qara rəngli idman şalvarının sol yan cibindən 1 ədəd sellofan bükümdə içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə, şalvarının sağ yan cibindən isə “Huavei” markalı mobil telefon və elektron nəzarət qolbağının mobil qurğusu aşkar olunaraq götürülmüşdür. (c İ, i.v 29-30) İşdə olan, materialların məhkəmə ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2- 18/371 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «…Təqsirləndirilən şəxs üzərindən…» sözləri və imzalar olan kağız paketdə 1 ədəd bükümdə təmiz çəkisi- 0,342 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi 0,342 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq 0,292 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 31,95 manat təşkil edir. (c İ, i.v 40-42) İşdə olan, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(032)-89/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 04 aprel 2024-cü ildən hesablanmışdır. (c İ, i.v 68-72) İşdə olan, materialların məhkəmə ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2- 18/378 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs və Şahid3 məxsus olan metamfetaminlər xarici əlamətinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Metamfetaminin təmiz çəkisi 0,292 qram, tədqiqata sərf edildi-0,02 qram, qalıq 0,272 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 49,74 manat təşkil edir. (c İ, i.v 77-79) İşdə olan, xx.xx.2024-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi Şirvan şəhər sakin Vahid adlı və İİ Respublikasının vətəndaşı kimi tanıdığı Həsən adlı şəxslərin müəyyən olunaraq dindirilmələri üçün İstintaq bölməsinə dəvət olunmaları istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi Şirvan şəhər sakini Vahid adlı şəxs Şirvan şəhər sakini Şahid3 narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmasında şübhəli bilinərək xx.xx.2024-cü il tarixdə Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq şöbənin Təhqiqat bölməsinə təhvil verilmiş və hazırda araşdırma aparılır. Əməliyyat tapşırığında qeyd olunan Təqsirləndirilən şəxs İİR vətəndaşı kimi tanıdığı Həsən adlı şəxsin isə müəyyən olunaraq dindirilməsi üçün İstintaq bölməsinə dəvət olunması istiqamətində əməliyyat-axtarış tədbirlərimiz davam etdirilir. Gələcəkdə hər hansı bir məlumat əldə olunarsa istintaqa əlavə məlumat veriləcəkdir. Bununla yanaşı Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddənin satışı ilə məşğul olubolmamasını müəyyən etmək üçün müvafiq əməliyyat tədbirləri həyata keçirilmiş, məxfi aqentlər təlimatlandırılmış, və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmur. (c İ, i.v 91) İşdə olan, xx.xx.2024-cü il tarixli, 176 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində heç bir xəsarət aşkar edilməmişdir. (c İ, i.v 103-104) İşdə olan, xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və Şirvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Şirvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (c İ, i.v 106-107, 116-121) İşdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli 10359-90 nömrəli məktubundan görünür ki, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, qeyd edilən hökm xx.xx.2022-ci il tarixdə Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə daxil olmuş və məhkum xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. xx.xx.2024cü il tarixə kimi Təqsirləndirilən şəxs cəzasından 01 il 05 ay 07 gün çəkilmiş, 06 ay 19 gün çəkilməmiş cəzası qalmışdır. (c İ, i.v 115) İşdə olan, Məhkəmə-narkoloji ekspertizasının 03 may 2024-cü il tarixli, 2916 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (c İ, i.v 133-134) İşdə olan, «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şahid3 həmin tarixdə saat 00:30-dan faktiki olaraq azadlığı məhdudlaşdırılmışdır. (c İ, i.v 176-177) İşdə olan, xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, Şahid3 üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli şalvarının sağ yan cibindən 05 ədəd bükümdə içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə, şalvarının sol yan cibindən isə 01 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. (c İ, i.v 178-180) İşdə olan, «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, X3 həmin tarixdə saat 00:30-dan faktiki olaraq azadlığı məhdudlaşdırılmışdır. (c İ, i.v 182-183) İşdə olan, xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, X3 üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki boz rəngli şalvarının sağ yan cibindən 01 ədəd bükümdə içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. (c İ, i.v 184-186) İşdə olan, materialların məhkəmə ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2- 18/375 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «… Şahid3 üzərindən…» sözləri və imzalar olan kağız paketdə 05 ədəd bükümdə ümumi təmiz çəkisi- 2,011 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. (c İ, i.v 187-189) İşdə olan, materialların məhkəmə ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2- 18/376 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «… X3 üzərindən…» sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə ümumi təmiz çəkisi-0,263 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. (c İ, i.v 190-192) İşdə olan, xx.xx.2024-cü il tarixli Şirvan ŞİHB-nın 1 X8 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatsız yaşayır, barəsində nümayəndəliyə yazılı və ya şifahi olaraq heç bir şikayət daxil olmamışdır. (c İ, i.v 211-212) İşdə olan, Məhkəmə-psixiatrik ekspertizasının 10 may 2024-ci il tarixli, 1321 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. (c İ, i.v 217-219) İşdə olan, 14 iyul 2024-cü il tarixli iş üzrə əməlin tövsif edilməsi və sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə əməl Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilmiş, psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatlarından sonrakı 0,272 qram qalığı maddi sübut hesab edilərək, saxlanılması üçün Şirvan ŞPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. (c İ, i.v 220-233) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Həmçinin məhkəmə, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi və məhkəmə istintaqı zamanı təsdiq etdiyi ifadələri məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Belə ki, işin faktiki halları, o cümlədən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi və məhkəmə istintaqı zamanı təsdiq etdiyi işin mahiyyəti üzrə verdiyi ifadələrlə yanaşı, şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, cinayət işi materiallarına əlavə edilmiş protokollar və işin digər faktiki halları ilə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, 2,616 qram psixotrop maddəni əldə etmə, saxlama, daşıma cinayət əməlini törətməsi ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə əsas verir. Bu işin mübahisəsiz halıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Psixotrop maddələr» başlıqlı «İİ siyahı»nın 118-ci sətrinə əsasən dərman preparatı kimi beynəlxalq adı «Metamfetamin» olan maddə psixotrop maddədir, həmin maddənin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının aşağı həddi 2 qram, xüsusilə külli miqdarının aşağı həddi isə 400 qramdır. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 12-ci bəndindən görünür ki, yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlibgəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda, digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma və ya narkotik vasitəni satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olmasını və ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir. Bundan başqa Şirvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 06 (altı) ay 19 (on doqquz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki günü ilə hesablanmaqla 03 (üç) ay 09 (doqquz) gün müddət azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmalı və Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, əvvəlki hökm üzrə çəkilməmiş 03 (üç) ay 09 (doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası yeni təyin edilmiş cəzaya qismən birləşdirilib Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə qəti olaraq azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun faktiki həbsə alındığı andan, 04 aprel 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq Şirvan Şəhər Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,272 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 81,69 (səksən bir manat, altmış doqquz) manat Təqsirləndirilən şəxs tutularaq “Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3” hesabına ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 06 (altı) ay 19 (on doqquz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki günü ilə hesablanmaqla 03 (üç) ay 09 (doqquz) gün müddət azadlıqdan məhrumetmə cəzasına bərabər tutulsun və Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, əvvəlki hökm üzrə çəkilməmiş 03 (üç) ay 09 (doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası yeni təyin edilmiş cəzaya qismən birləşdirilib Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə qəti olaraq 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 04 aprel 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan və Şirvan Şəhər Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,272 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-81,69 (səksən bir manat, altmış doqquz) manat Təqsirləndirilən şəxs tutulub “Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3” hesabına ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev Əsli ilə düzdür: Hakim: Əli Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar