Məhkəmə qərarları › İş №1(099)-657/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-657/2024

19.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-657/2024 19.11.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər, Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx xxxxxxx 1964-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olunmuş, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sergey Yesenin küçəsi, ev 87-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə; xx xxxxxxxx 1986-cı ildə Ağdam rayonu, Salahlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Ağdam rayonu, Salahlı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xətai rayonu, Lütfizadə küçəsi, ev 862-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 və tanışı Təqsirləndirilən şəxs2 öz aralarında və qeyriləri ilə xüsusi ilə külli miqdarda narkotik vasitələrin və külli miqdarda psixotrop maddənin qanunsuz olaraq satış məqsədi ilə əldə edilməsi, saxlanılması, daşınması və satışı barədə razılaşmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, cinayətkar qrupun digər üzvləri tərəfindən xüsusi ilə külli miqdarda 5025 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, hər biri külli miqdar təşkil edən 132,243 qram psixrtorp maddə metamfetamin, 3710 qram çətənə bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana və 50 ədəd üzərində “F\M-40” yazılmış, təsiredici maddəsinin miqdarı 2 qram olan, külli miqdarda metadon həblərini əldə edərək Cəlilabad rayonu ərazisində gizlətməklə 30 aprel 2024-cü il tarixdə bu barədə Təqsirləndirilən şəxs1 məlumat verildikdən sonra Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 bu barədə məlumatlandırmış və onlar həmin maddələri götürmək məqsədi ilə Təqsirləndirilən şəxs2 idarə etdiyi “Ravon Nexia” markalı, **-PK-*** qeydiyyat nişanlı avtomobil ilə həmin gün saat 16 radələrində Bakı şəhərindən Cəlilabad rayonu istiqamətində hərəkət etməklə 01 may 2024-cü il tarixdə gecə saat 01 radələrində Cəlilabad rayonu Uzuntəpə kəndində yerləşən qəbirstanlığın yanına gəlmiş, orada Təqsirləndirilən şəxs2 avtomobildə sükan arxasında gözləmiş, Təqsirləndirilən şəxs1 isə avtomobildən düşərək həmin narkotik vasitələri və psixotrop maddəni gizlədildiyi yerdən bir ədəd kisədə götürməklə ümumi cinayətkar niyyətlə əldə edib daşımaqla avtomobilə əyləşən zaman Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hər ikisi saxlanılmaqla avtomaşınla birlikdə rayon polis şöbəsinə aparılmış, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılan zaman əlində saxladığı bir ədəd kisənin içərisindən xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eyni olan 03 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkisi 1030,0 qram, 1995,0 qram, 2000,0 qram olmaqla ümumi təmiz çəkisi 5025 qram olan xüsusilə külli miqdarda tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd bükülüdə ümumi təmiz çəkisi 132,243 qram olan külli miqdarda ağ rəngli, kristal formalı psixotrop maddə metamfetamin, orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eyni olan 02 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkisi 2215,0 qram və 1495,0 qram olmaqla ümumi təmiz çəkisi 3710 qram olan külli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və xarici görünüşlərinə və təsiredici maddəsinin miqdarına görə bir-biriləri ilə eyni olan ümumilikdə 50 ədəd üzərində “F/M40” sözləri yazılmış qəhvəyi rəngli, dairəvi formalı, təsiredici maddəsinin ümumi miqdarı 2,0 qram olan külli miqdarda narkotik vasitə metadon həbləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istitntaqında təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs1 özünü Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, Bakı şəhərində, Keşlə qəsəbəsində kirayədə yaşamışdır. Əvvəllər məhkum olunmuş, bir il səkkiz aydır azadlığa çıxmışdır. Azadlığa çıxdıqdan sonra arada bir narkotik vasitə olan marixuana isdifadə etmişdir. Təxminən iki ay bundan əvvəl özünü Həmid adlı İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxs ona “Whatsapp” ani mesajlaşma sistemi vasitəsi ilə zənglər etmişdir. Bu yolla həmin şəxslə tanış olmuşdur. Təxminən bir ay həmin şəxslə yazışdıqdan sonra ondan özü üçün 100-200 qram narkotik vasitə qurudulmuş marixuana istəmişdir. Həmin şəxs 30 aprel 2024-cü il tarixdə ona zəng edərək onun üçün Cəlilabad rayonu ərazisində «Cəlilabad şəhəri» yazılmış lövhənin yaxınlığındakı daş parçasının altına narkotik qoyduğunu bildirmişdir. Bundan sonra o, 30 aprel 2024-cü il tarixdə günorta saatlarında tanışı Təqsirləndirilən şəxs2 idarə etdiyi “Ravon Nexia” markalı avtomaşınla Bakı şəhərindən Cəlilabad rayonuna yola düşmüşdür. Onlar Cəlilabad rayonuna çatdıqda Həmid adlı şəxs ona narkotik vasitənin olduğu yerin konumunu göndərmişdir. Onlar konum üzrə hərəkət etmişlər. Narkotik “Cəlilabad şəhəri” yazılmış plakatın altında olmalı olmuşdur. Təqsirləndirilən şəxs2 həmin plakatin yaxınlığında avtomaşını saxlamasını demişdir. Təqsirləndirilən şəxs2 plakatın yaxınlığında avtomaşını saxlamışdır. O, narkotiki götürmək üçün avtomaşından düşmüş, Təqsirləndirilən şəxs2 isə avtomaşını sürüb 100-150 metr qabaqda onu gözləmişdir. O, plakatı tapmış, plakatın altında yekə bir torba oldüğünü görmüş, torbanı götürmüş, bu zaman polis işçilərinin ona tərəf gəldiklərini görüb torbanı yerə atmışdır. Polis işçiləri onu tutmuş və polis şöbəsinə aparmışlar. Sonra Rəşadı da polisə gətirmişlər. Narkotik vasitəyə görə əvvəlcədən pul göndərməmişdir. Təqsirləndirilən şəxs2 onu taksi sürücüsü kimi aparmış, onun narkotikə görə getməsi barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs2lə onu Cəlilabada aparıb gətirməyə görə 150 manat pul ödəyəcəyi barədə razılaşmışlar. Lakin Təqsirləndirilən şəxs1 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində özünü elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, Bakı şəhərində tək yaşayır. Narkotik vasitə olan marixuanadan istifadə edir. Tutulmasından təxminən iki ay əvvəl özünü İran İslam Respublikası vətəndaşı Həmid kimi təqdim edən şəxs ona “Whatsapp” ani mesajlaşma sistemi vasitəsi ilə zəng etmiş, həmin şəxslə tanış olmuşdur. Təxminən bir ay müddətində həmin şəxslə yazışdıqdan sonra ondan maddi çətinliyinin olub-olmadığını soruşmuşdur. O da maddi çətinliyinin olduğunu bildirmişdir. Həmid adlı şəxs ona Cəlilabad rayonu ərazisində narkotik vasitə olduğunu, həmin narkotik vasitəni onun dediyi ünvana çatdırdıqdan sonra ona 1000 manat pul verəcəyini vəd etmişdir. O da həmin şəxslə bu barədə razılaşmışdır. 30 aprel 2024-cü il tarixdə həmin şəxs ona zəng edərək ilk olaraq ona məxsus narkotik vasitənin Salyan rayonu ərazisində olduğunu bildirmişdir. Sonradan isə onunla əlaqə saxladığı zaman həmin şəxs ona məxsus narkotik vasitələrin Cəlilabad rayonu ərazisində olduğunu və həmin narkotik vasitələri Cəlilabad rayonu ərazisində “Cəlilabad şəhəri” yazılmış lövhənin yaxınlığındakı kənd qəbrstanlığında olan daş parçasının yanında olduğunu bildirmişdir. Həmin narkotik vasitələri götürdükdən sonra ona məlumat verməyini, məlumat verdikdən sonra həmin narkotik vasitələri onun Bakı şəhəri ərazisində dediyi yerə aparacağımı qeyd etmişdir. Bunun üçün o, 30 aprel 2024-cü il tarixdə günorta saatlarında tanışı Təqsirləndirilən şəxs2 idarə etdiyi “Ravon Nexia” markalı, **-PK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Bakı şəhərindən Cəlilabad rayonuna yola düşmüşlər. Yola düşməmişdən qabaq Təqsirləndirilən şəxs2 bu barədə bildirərək ona narkotik vasitə götürmək üçün Cəlilabad rayonuna gedəcəklərini bildirmişdir. Təqsirləndirilən şəxs2 də buna razılıq verərək onu Cəlilabad rayonuna aparıb-gətirəcəyini bildirdi. Bunun müqabilində o, Təqsirləndirilən şəxs2 əldə edəcəyi narkotik vasitədən pay verəcəyini, habelə müəyyən qədər pul ödəyəcəyini bildirmişdir. Onlar yola düşən zaman əyləşdiyi avtomobildə Rəşadın tanışı olan əvvəllər tanımadığı Şahid5 da olmuşdur. Onlar əyləşdikəri həmin avtomobil ilə müəyyən fasilələrlə, yəni yol kənarındakı restoran və kafelərdə əyləşib, çay içib, çörək yedikdən sonra gecə saatlarında gəlib Cəlilabad rayonuna çatmışlar. Cəlilabad rayonu ərazisinə daxil olan zaman Həmid adlı həmin şəxs “Whatsapp” ani mesajlaşma tətbiqində ona narkotik vasitələrin yerləşdiyi məkanı (konumu) atmışdır. O, həmin konumun dəqiq yerini müəyyən etdikdən sonra tanışı Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobili saxlamasını xahiş etmişdir. O, konumun göstərdiyi “Cəlilabad şəhəri” yazılı lövhəsinin yaxınlığındakı kənd qəbrstanlığına yaxınlaşmış və həmin vaxt Həmid adlı şəxslə əlaqə saxlayan zaman o, narkotik vasitələrin olan torbanın iri həcmli daşın yanında olduğunu bildirmişdir. O qeyd olunan yerə yaxınlaşıb oradakı bir ədəd qara rəngli torbada olan narkotik vasitə kütlələrini götürüb, qəbirstanlıqdan çıxıb tanışı Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilə əyləşmək istəyən zaman bir neçə nəfər mülki geyimli olan şəxslər ona yaxınlaşmış, özlərini təqdim edib polis əməkdaşları olmalarını bildirərək əlində olan torbada narkotik vasitənin olub-olmamasını soruşmuşlar. O isə həmin torbada narkotik vasitələr olmasını bildirmişdir. Bundan sonra polis əməkdaşları əlindəki torba ilə birlikdə onu, tanışı Təqsirləndirilən şəxs2 və avtomobildə olan digər sərnişin Şahid5 Cəlilabad Rayon Polis Şöbəsinə gətirmişlər. Rayon polis şöbəsində vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, əlində saxladığı qara rəngli torbanı təqdim edərək, həmin torbanın içərisində narkotik vasitə olmasını bildirmişdir. Həmin torbada iki ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr, 3 ədəd bağlamada narkotik vasitə heroinəbənzər kütlələr, 1 ədəd bağlamada psixotrop maddə metamfetminə bənzər kütlə olmaqla ümumi 6 bağlama, eləcə də üzərində “Metodon” yazısı olan 50 ədəd güclü təsir edici həblər aşkar edilmişdir. Həmin torbanın içərisində narkotik vasitə olan bağlamalar ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, Bakı şəhərində yaşayır və “Ravon Nexia” markalı, **- PK-*** qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. Narkotik vasitədən istifadə etmişdir. Təqsirləndirilən şəxs1ı əvvəllər tanımamışdır. 30 aprel 2024-cü il tarixdə gündüz saatlarında Keşlə qəsəbəsində Vüqar onun avtomaşınına yaxınlaşaraq Cəlilabad rayonuna getmək istədiyini, orada bir tanışını görəcəyini bildirmiş və onu avtomobili lə Cəlilabad rayonuna aparmasını xahiş etmişdir. Onlar yol pulu olaraq 150 manat pul müqabilində Təqsirləndirilən şəxs1 Cəlilabad şəhərinə aparmaq barədə razılaşmışlar. O, Vüqarı Cəlilabad şəhərində düşürüb qayıtmalı olmuşdur. Onlar həmin gün saat 16 radələrində Bakı şəhərindən Cəlilabad rayonu istiqamətində yola düşmüş, təxminən üç saat yol getmişlər. Saat 24 radələrində “Cəlilabad şəhəri” yazılmış lövhəyə çatanda Vüqar ona avtomaşını saxlamasını demiş və avtomaşını saxlamışdır. Vüqar avtomaşından düşmüşdür. O, avtomaşını 200-300 metr kənarda saxlayıb gözləmişdir. O dayanıb 5-10 dəqiqə gözləmiş, Vüqarın orada olan daşı qaldırdığını, bu zaman beş-altı nəfər polis işçilərinin onlara tərəf gəldiklərini görmüş və qorxaraq avtomaşını sürüb qaçmışdır. Lakin təxminən 5 km getdikdən sonra polis işçiləri onun avtomobilini saxladaraq onu polis şöbəsinə aparmışlar. Polis işçiləri onu döymüşlər, işgəncə vermişlər, toka vermişlər, Vüqarın götürməli olduğu narkotik vasitədən ona da verəcəyi barədə ifadə verməsini tələb etmişlər. Ona görə də Vüqarın narkotik vasitədən ona da verməli olmasına dair ifadə vermişdir. Vüqarın Cəlilabada narkotik götürməyə getməsini dəqiq bilməmiş və ondan şübhələnmişdir. Polislərin Vüqarı saxladıqlarını görəndə məsələnin nə yerdə olduğunu bilmiş və avtomaşını sürüb qaçmışdır. Yolda olduqları zaman Vüqar avtomaşında mobil telefon ilə danışanda üzünü sağ şüşəyə tərəf tutmuşdur. Ona görə də onun nə barədə danışdığını eşitməmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində isə özünü elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, Bakı şəhərində ailə üzvləri ilə birlikdə yaşayır. Fərdi əməklə məşğul olur. Narkotik vasitə olan marixuana istifadəçisidir. “Ravon Nexia” markalı, **-PK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs1 onun tanışıdır. 30 aprel 2024-cü il tarixdə gündüz saatlarında Təqsirləndirilən şəxs1 onunla mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq Cəlilabad rayonuna getmək istədiyini bildirmiş və avtomobil ilə onun yaşadığı ünvana yaxınlaşmağını istəmişdir. O da idarə etdiyi avtomobildə olan tanışı Şahid5 ilə birlikdə onun yaşadığı ünvana getmişdir. Təqsirləndirilən şəxs1 ona Cəlilabad rayonundan narkotik vasitə götürmək istədiyini bildirərək, bu məqsədlə onu Cəlilabada aparmağını xahiş etmişdir. Təqsirləndirilən şəxs1 görəcəyi işin müqabilində ona 150 manat pul, habelə əldə edəcəyi narkotik vasitədən də pay verəcəyini bildirmişdir. O da Təqsirləndirilən şəxs1la razılaşmış və Cəlilabad rayonu istiqamətində yola düşmüşlər. Onlar yolda müəyyən fasilələrlə, yəni yol kənarındakı restoran və kafelərdə əyləşib, çay içib, çörək yedikdən sonra gecə saatlarında gəlib Cəlilabad rayonuna çatmışlar. Onlar yolda olduqları ərəfədə Təqsirləndirilən şəxs1 kiminləsə danışaraq yer, ünvan öyrənmək istəmişdir. Cəlilabad rayonuna çatdıqları zaman Təqsirləndirilən şəxs1 ondan idarə etdiyi avtomobili yolun kənarında saxlamağı xahiş etmişdir. O idarə etdiyi avtomobili “Cəlilabad şəhəri” lövhəsinin yaxınlığında, yolun kənarında saxlamış və Təqsirləndirilən şəxs1 avtomobildən yerə enib onu gözləməsini xahiş edərək mobil telefonla danışmağa, danışa-danışa isə qəbrstanlığa tərəf hərəkət etməyə başlamışdır və avtomobildən uzaqlaşmışdır. Təxminən 2-3 dəqiqə sonra Vüqar əlində qara rəngli torba ilə geri qayıdaraq idarə etdiyi avtomobilə yaxınlaşan zaman mülki geyimdə olan 4-5 nəfər şəxs onlara yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib onlardan üzərlərində narkotik vasitə olub- olmamasını soruşmuşlar. O, üzərində narkotik vasitə olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs1 isə üzərində narkotik vasitə olmasını bildirmişdir. Bundan sonra polis əməkdaşları onu və Təqsirləndirilən şəxs1 rayon polis şöbəsinə aparmışlar. Şəxsi axtarış zamanı üzərindən qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, tanışı Təqsirləndirilən şəxs1la birlikdə Cəlilabad rayonuna Təqsirləndirilən şəxs1 narkotik vasitə götürməsi üçün gəlmişlər. Bunun müqabilində Təqsirləndirilən şəxs1 ona müəyyən qədər pul və əldə edəcəyi narkotik vasitədən pay verəcəkmiş. Təqsirləndirilən şəxs1 götürdüyü torbaya baxış keçirilərkən torbada narkotik vasitələr aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlləri özlərinin ifadələrindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, Cəlilabad Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 məhkəmədə göstərdi ki, 01 may 2024-cü il tarixdə külli miqdarda narkotik vasitələri satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində daşımaqda şübhəli olan, Bakı şəhər sakini Təqsirləndirilən şəxs1 digər şəxsə məxsus “Ravon Nexia” markalı avtomobillə Cəlilabad rayonu ərazisinə daxil olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında Cəlilabad rayonu Uzuntəpə kəndi ərazisində əməliyyat tədbirini qurmuşlar. 01 may 2024-cü il tarixdə saat 01:30 radələrində Uzuntəpə kəndi ərazisində Təqsirləndirilən şəxs1 olduğu “Ravon Nexia” markalı, **-PK-*** qeydiyyat nişanlı avtomobili müşahidəyə götürmüşlər. Avtomobildə Təqsirləndirilən şəxs1la birlikdə bir nəfər sürücü və bir nəfər sərnişin də olmuşdur. Təxminən 10 dəqiqə sonra həmin avtomobilin Uzuntəpə kəndi ərazisində “Cəlilabad şəhəri” yazılmış plakatın yaxınlığında dayandığını, Təqsirləndirilən şəxs1 avtomobildən enib yolun kənarında yerləşən əkin sahəsinə getdiyini və bir neçə dəqiqə sonra əlində qara rəngli bağlama ilə avtomobilə tərəf geri qayıtdığını görmüşlər. O və əməliyyat qrupunun digər üzvləri avtomobilə yaxınlaşan Təqsirləndirilən şəxs1 və avtomobildə əyləşmiş şəxslərə yaxınlaşıb özlərini təqdim edərək Cəlilabad rayon polis şöbəsinin əməkdaşları olduqlarını, onun külli miqdarda narkotik vasitələrin satışında, qanunsuz istifadəsində və üzərində saxlamasında şübhəli olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə və ya psixotrop maddələr olub-olmamasını soruşan zaman Təqsirləndirilən şəxs1 əlində olan bağlamada narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1, avtomobildə əyləşən sürücü Təqsirləndirilən şəxs2 və digər sərnişin Şahid5 Cəlilabad rayon polis şöbəsinin inzibati binasına dəvət etmişlər. Polis şöbəsinə gedərkən Təqsirləndirilən şəxs2 polis işçisinin müşaiyyəti ilə idarə etdiyi “Ravon Nexia” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil özü sürmüşdürp. Cəlilabad rayon polis şöbəsinin inzibati binasına gətirildikdən sonra Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobili saxlanc yerində saxlayıb açarla qapısını kilidləyib açarı öz üzərində saxlamışdır. Daha sonra Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuş, müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilərək Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilərkən ona üzərində qanunla qadağan olunan hər hansı bir əşya, maddə və ya predmet varsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs1 əlində olan qara rəngli torbanı təqdim edərək, həmin torbanın içərisində narkotik vasitə olmasını bildirmişdir. Həmin torbada 2 ədəd yapışqan lentli bağlamada narkotik vasitə qurudulmuş marixuanayabənzər kütlələr, 3 ədəd yapışqan lentli bağlamada narkotik vasitə heroinəbənzər kütlə, 1 ədəd yapışqan lentli bağlamada psixotrop maddə metamfetaminəbənzər kütlə olmaqla ümumi 6 bağlama, eləcə də hər birində 10 ədəd həb olmaqla 5 listdən ibarət üzərində “Metodon” yazısı olan həblər aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış davam etdirilmiş başqa qanunsuz əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 təqdim etdiyi narkotik vasitələrəbənzər kütlələrin ona məxsus olmasını, özünün narkotik vasitə istifadəçisi olduğunu, təqdim etdiyi narkotik vasitə və psixotrop maddələrin yerini ona özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən adını xatırlamadığı şəxs tərəfindən deyildiyini, Təqsirləndirilən şəxs2 ilə aralarında dostluq münasibətinin olmasını, Təqsirləndirilən şəxs2 narkotik vasitə istifadəçisi olmasını, Təqsirləndirilən şəxs2 əldə etdiyi həmin narkotik vasitədən və əlavə olaraq müəyyən miqdarda pul verəcəyini vəd etdiyini, Təqsirləndirilən şəxs2 onun Cəlilabad şəhərinə narkotik vasitə əldə etməsi üçün gəlməsindən məlumatının olmasını və bu barədə aralarında razılaşdıqdan sonra Cəlilabad şəhərinə gəlmələrini, həmin narkotik vasitələri həmin şəxsin ona dediyi yerdən, yəni “Cəlilabad şəhəri” yazısı yazılmış plakatın yaxınlığında yerləşən köhnə qəbirstanlıqdan götürüb Bakı şəhərində uyğun bildiyi ünvana çatdırılmasını təmin etdiyi təqdirdə bunun müqabilində ona 1000 manat pul verilməli olmasını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 avtomobildə olan Şahid5 onların narkotik götürməyə gəlmələrindən məlumatsız olmasını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuş, onun üzərində şəxsi axtarış zamanı üzərində qanunla qadağan olunan hər hansı əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs2 «Ravon Nexia» markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olduğunu, 30 aprel 2024-cü il tarixdə tanışı Təqsirləndirilən şəxs1 təklifi ilə narkotik vasitə götürmək məqsədi ilə Cəlilabad rayonuna gəldiyini, bunun müqabilində Təqsirləndirilən şəxs1 ona 150 manat pul və narkotik vasitə verəcəyini, bu barədə Təqsirləndirilən şəxs1la əvvəlcədən razılığa gəldiklərini, idarə etdiyi avtomobildə sərnişin kimi əyləşən Şahid5 onun tanışı olduğunu, onun bu barədə heç bir məlumatının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs2 həmçinin saxlanılmaları zamanı polis işçiləri tərəfindən onlara qarşı qanunsuz hərəkətlər edilmədiyini bildirmişdir. Şahid5 üzərində isə heç bir qanunsuz əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobildə də qanunla qadağan olunan hər hansı bir əşya aşkar edilməmişdir. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid3 göstərdi ki, Cəlilabad Rayon Polis Şöbəsində polis nəfəri işləyir. 01 may 2024-cü il tarixdə narkotik vasitələri daşımaqda şübhəli olan Təqsirləndirilən şəxs1 və onunla birlikdə olan şəxslərin saxlanılmasında o da əməliyyat qrupunun tərkibində iştirak etmişdir. Həmin gün saat 01:30 radələrində Cəlilabad rayonu Uzuntəpə kəndi ərazisində Təqsirləndirilən şəxs1 olduğu “Ravon Nexia” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobili müşahidəyə götürmüşlər. Təxminən 10 dəqiqə sonra həmin avtomobilin Uzuntəpə kəndi ərazisində “Cəlilabad şəhəri” yazısı yazılan plakatın yaxınlığında dayandığını, Təqsirləndirilən şəxs1 avtomobildən enib yolun kənarında yerləşən əkin sahəsinə getdiyini və bir neçə dəqiqə sonra əlində qara rəngli bağlama ilə avtomobilə tərəf geri qayıtdığını görüb ona yaxınlaşlar. Təqsirləndirilən şəxs1 avtomaşında olan Rəşad adlı şəxsi və Şövkət adlı qadını avtomaşınla birlikdə polis şöbəsinə gətirmişlər. X3 Zeynalovun əlində olan bağlamaya baxış keçirilərkən bağlamalarda narkotik vasitələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1, onunla birlikdə olan Rəşadın və Şövkətin üzərlərində, elcə də maşında narkotik vasitələr aşkar olunmamışdır. Vuqar Zeynalov bildirmişdir ki, narkotik vasitələri Cəlilabaddan götürüb Bakı şəhərinə aparmalı olmuş, bunun müqabilində ona pul verilməli olmuşdur. Avtomobilin sahibi Rşad Qarayev onun narkotik götürmək üçün gəlməsini bilmişdir. Təqsirləndirilən şəxs2 yol pulu olaraq pul və götürdüyü narkotik vasitədən bir qədər öz istifadəsi üçün verməli olmuşdur. Şövkətin narkotikdən xəbəri olmamışdır. Aşkar olunmuş narkotik vasitələr götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Cəlilabad Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid2 və polis nəfəri Şahid4 da Şahid3la eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid5 göstərdi ki, Bakı şəhərində yaşayır. Təqsirləndirilən şəxs2lə qeyri-rəsmi şəkildə münasibətləri olmuşdur. 30 aprel 2024-cü il tarixdə gündüz saatlarında Təqsirləndirilən şəxs2 idarə etdiyi “Ravon Nexia” markalı avtomobil ilə Bakı şəhəri ərazisində hərəkətdə olduqları zaman Rəşad ona bildirmişdir ki, tanışı olan bir adam var və həmin şəxsi Cəlilabad rayonuna aparmalıdır. Rəşad ondan xahiş etmişdir ki, onunla birlikdə Cəlilabad rayonuna getsin. O da razılaşmışdır. Rəşad avtomaşını sürüb tam xatırlamadı ünvanda saxlamış və avtomobildən yerə enib oradan uzaqlaşmışdır. Bir neçə dəqiqə sonra isə əvvəllər tanımadığı yaşlı kişi ilə birlikdə gəlib avtomobilə əyləşmişlər. Həmin gün onlar Cəlilabad rayonuna yola düşmüşlər. Lakin Təqsirləndirilən şəxs2 və onun tanışı olan adını bilmədiyi şəxsin hansı səbəbdən və hansı məqsədlə Cəlilabad rayonuna gəlməsini bilməmişdir. O, yorğun olduğu üçün yolda olduqları müddətdə avtomaşında yatmışdır. Müəyyən fasilələrlə, yəni yol kənarındakı restoran və kafelərdə əyləşib, çay içib, çörək yedikdən sonra gecə saatlarında gəlib Cəlilabad rayonuna çatmışlar. Rəşad və avtomobildə olan sonradan adını öyrəndiyi Təqsirləndirilən şəxs1 söhbətlərindən başa düşmüşdür ki, onlar Cəlilabad rayonu ərazisindədirlər. Həmin vaxt Vüqar adlı şəxs Rəşaddan avtomobili saxlamasını xahiş etmişdir. Rəşad da “Cəlilabad şəhəri” yazısı yazılan plakatın yaxınlığında avtomobili saxlamışdır. Bundan sonra Vüqar adlı həmin şəxs avtomobildən düşmüşdür. Gecə saatları olduğu üçün o, həmin şəxsin hansı tərəfə getdiyini görməmişdir. Bir neçə dəqiqə sonra mülki geyimdə olan şəxslər Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilə yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqları bildirmiş və onların narkotik vasitələrlə məşğul olmaqda şübhəli olduqlarını bildirib onları Cəlilabad rayon polis şöbəsinə dəvət etmişlər. X3ın əlində olan torbaya baxış keçirilmiş və torbada narkotik vasitələr aşkar olunmuşdur. Onun da üzərində şəxsi axtarış keçirilmiş, qanunsuz əşya aşkar olunmamışdır. O, Vüqar və Rəşadın Cəlilabada narkotik götürmək üçün gəlmələrini sonradan bilmişdir. İş materiallarında olan “Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 01 may 2024cü il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş DVD diskdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 təqdim etdiyi bir ədəd bağlamanın içərisindən 2 ədəd yapışqan lentli bağlamada narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr, 3 ədəd yapışqan lentli bağlamada narkotik vasitə heroinə bənzər kütlələr, 1 ədəd yapışqan lentli bağlamada psixotrop maddə metamfetaminə bənzər kütlə olmaqla ümumi 6 bağlama, eləcə də hər birində 10 ədəd həb olmaqla 5 listdən ibarət üzərində “Metodon” yazısı olan həblər aşkar edilmişdir. Həmin bağlamalar elektron tərəzidə çəkilmişdir. Ayrı-ayrılıqda 2 ədəd yapışqan lentli bağlamada narkotik vasitə qurudulmuş marixuanayabənzər kütlələr: 1.635 kq və 2.345 kq, 3 ədəd yapışqan lentli bağlamada narkotik vasitə heroinə bənzər kütlələr: 1.110 kq; 2.145 kq və 2.090 kq, 1 ədəd yapışqan lentli bağlamada psixortop maddə metamfetaminə bənzər kütlə 0.145 kq təşkil etmişdir. Həmin kütlələrin yerləşdirildiyi qara rəngli torba ilə birlikdə ümumi çəkisi isə 9.540 kq təşkil etmişdir. İş üzrə keçirilmiş məhkəmə kimyəvi ekspertizasnın xx.xx.2024-cü il tarixli, 19/379 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş bir ədəd kisədəki 03 ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkisi: 1030,0 qr, 1995,0 qr; 2000,0 qr qram olmaqla ümumi təmiz çəkisi 5025,0 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eyndirlər; 1 ədəd bükülüdə təmiz çəkisi 132,243 qram olan ağ rəngli kristallardan ibarət maddə metamfetamindir; 2 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkisi 2215,0 qr; 1495,0 qram: -ümumi çəkisi 3710,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır, orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər; 5 ədəd konvalyutda ümumi sayı 50 ədəd olan qəhvəyi rəngli dairəvi formalı həblər metadon həbləridir, xarici görünüşlərinə və təsiredici maddəsinin miqdarına görə bir-birləri ilə eynidirlər, həblərin təsiredici maddəsinin ümumi miqdarı -2,0 qramdır. (Üzərində olan göstəriciyə əsasən bir həbdə 0,04 qram) Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 406 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyi aşkar olunur, lakin İİİ qrup əlil olması səbəbindən narkomaniyadan məcburi müalicəyə əks göstəriş vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 400 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-psixatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 1256 və 1257 saylı rəylərindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər hansı psixi xəstəlik müəyyən edilmir, onlar ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdırlar, hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür, məcburi müalicəyə ehtiyacları yoxdur. Məhkəmə-tibb ekspertinin 03 may 2024-cü il tarixli, 345 və 346 nömrəli rəylərində göstərilmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin tarixdə tibbi müayinələri zaman bədənləri üzərində hər hansı xəsarət aşkar olunmamışdır. Yaşayış yerindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 ailəlidir, himayəsində 2009, xx.xx.2012 və xx.xx.2016-cı illərdə doğulmuş uşaqları vardır. Yaşayış yerindən verilmiş xasiyyətnamədən göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 barəsində nümayəndəliyə şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs1 subaydır. İşdə olan arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 müddətsiz olaraq əlildir. İşdə olan tələbnamədən görünür ki, təqsirləndirilən şəxs Vüqar Zeyanlov Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.1999-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 93-4 maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinib 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2002-ci ildə cəzadar şərti olaraq vaxtından əvvəl azad olunmuş, həmin müddətdə cinayət törətdiyindən Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə CM-nin 181.3.4-cü maddəsi ilə təqsirli bilinib 14 il müddətə, CM-nin 67.1-ci maddəsinə əsasən əvvəlki hökmlə təyin edilmiş cəzasının çəkilməmiş hissəsi yeni hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona hökmlərin məcmusu üzrə qəti olaraq 15 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həmin cəzasını xx.xx.2017-ci ildə çəkib qurtarmışdır. Həmin xüsusilə ağır cinayəti törətməyə görə qanunla müəyyən edilmiş məhkumluq müddəti keçmədən yenidən cinayət törətmiş və Nəsimi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinməklə 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə cəzanın sonu ilə cəzadan azad edilmişdir. Beləliklə də, hazırkı cinayəti törədərkən Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə CM-nin 181.3.4-cü maddəsi ilə təqsirli bilinməklə təyin edilmiş azadlıqldan məhrum etmə cəzasını xx.xx.2017-ci il tarixdə çəkib qurtardığı gündən Azərbaysan Respublikası CM-nin 83.3.5-ci maddəsi ilə müəyyən edilmiş səkkiz il, CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməyə görə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı xx.xx.2022-ci il tarixdə çəkib qurtardığı gündən isə CM-nin 83.3.3-cü maddəsində nəzərdə tutulmuş iki il məhkumluq müddəti keçməmişdir. Odur ki, Azərbaycan Respublikası CM-nin 18.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin xüsusilə təhlükəli residivi vardır. Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitə heroini, külli miqdarda psixotrop maddə metamfetamini, qurudulmuş marixuananı və metadon həblərini ələdə edərək saxlamaları və daşımaları, əməllərində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara əsasən Təqsirləndirilən şəxs1 özü üçün 100-200 qram narkotik vasitə qurudulmuş marixuana əldə etmək üçün 30 aprel 2024-cü il tarixdə tanışı Təqsirləndirilən şəxs2 idarə etdiyi “Ravon Nexia” markalı avtomaşınla Bakı şəhərindən Cəlilabad rayonuna getməsi, Təqsirləndirilən şəxs2 onun Cəlilabad rayonu ərazisinə narkotik götürmək üçün getməsindən məlumatsız olması barədə ifadəsini özlərini müdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Məhkəmə Təqsirləndirilən şəxs1 ibtidai istintaqda verdiyi Təqsirləndirilən şəxs2 Cəlilabad rayonuna narkotik vasitə götürmək üçün getməsini deməsi, ona pul və götürəcəyi narkotik vasitədən pay olaraq verəcəyi barədə ifadəsini işin faktiki halları ilə tam uyğunluq təşkil etməklə obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Eyni ilə Təqsirləndirilən şəxs2 ibtidai istintaqda verdiyi-Bakı şəhərində olduqları zaman Təqsirləndirilən şəxs1 Cəlilabad rayonu ərazisinə narkotik götürmək üçün getməsini ona bildirməsi, bu məqsədlə onu Cəlilabada aparmasını xahiş etməsi, ona 150 manat pul və əldə edəcəyi narkotik vasitədən pay olaraq verəcəyini vəd etməsi, Təqsirləndirilən şəxs1la razılaşaraq onu idarə etdiyi avtomaşınla Cəlilabad rayonuna aparması barədə ifadəsini işin faktiki halları ilə tam uyğunluq təşkil etdiyindən obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 videoçəkilişlə aparılan baxış zamanı hər ikisinin narkotik vasitələri götürmək üçün getmələrini etiraf etmişlər. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri CM-nin 234.4-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxlərə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, hər birinin cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətlərini, təyin olunan cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal müəyyən edilmədi, onun əməlində cinayətlərin xüsusilə təhlükəli residivinin olmasını CMnin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşaqlarının olmasını CMnin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, cəzasını CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinə Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs1 CM-nin 56.1.4-cü maddəsinə əsasən əməlində cinayətlərin xüsusilə təhlükəli residivi olduğundan cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində, Təqsirləndirilən şəxs2 isə CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldıqları müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətlərinin başlanğıcı 01 may 2024-cü il tarixdən hesablanmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla təqsirləndirilən şəx Təqsirləndirilən şəxs1 CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbir tədbiq edilməklə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs2 isə 3-cü dərəcəli əlil olduğundan ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tədbiq olunmamalı, ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır İş üzrə maddi sübut kmi tanınmaqla Cəlilabad Rayon Polis Şöbəsində saxlanılan 5024,7 qram narkotik vasitə heroin, 132,143 qram psixotrop maddə metamfetamin, 3709,8 qram narkotik vasitə qurudulmuş marixuana və 45 ədəd narkotik vasitə olan metadon həbləri məhv edilməlidir. İstintaq hərəkətləri barədə 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Ekspertiza xərci 120 (bir yüz iyirmi) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 60 (altmış) manat alınmaqla Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 12 (on iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı 01 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 oğtlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı 01 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 oğulunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kmi tanınmaqla Cəlilabad Rayon Polis Şöbəsində saxlanılan 5024,7 qram narkotik vasitə heroin, 132,143 qram psixotrop maddə metamfetamin, 3709,8 qram narkotik vasitə qurudulmuş marixuana və 45 ədəd narkotik vasitə olan metadon həbləri məhv edilsin. İstintaq hərəkətləri barədə 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza xərci 120 (bir yüz iyirmi) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 60 (altmış) manat alınmaqla Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar