Məhkəmə qərarları › İş №1(099)-66/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-66/2024

26.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-66/2024 26.02.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, Səmədzadə Fizuli Əlirza oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər - Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, X3 və «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1991-ci ildə Füzuli rayonu Bala Bəhmənli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Füzuli rayonu, Bala Bəhmənli kəndində qeydiyyatda olmaqla, Şirvan şəhəri H.Əliyev küçəsi ev 18, mənzil 35-də yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-867,776 qram narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, həmin narkotik vasitənin 0,647 qramını 11 fevral 2023-cü il tarixdə saat 11 radələrində Şirvan şəhəri Energetik küçəsində tanışı Şahid3 20 manat, 2,129 qramını isə 11 fevral 2023-cü il tarixdə saat 18 radələrində Şirvan şəhəri Energetik küçəsində tanışı Şahid4 30 manat müqabilində satmış, narkotik vasitə heroinin 0,647 qramı Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının 11 fevral 2023-cü il tarixdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində polis şöbəsinə gətirilərək üzərində şəxsi axtarış keçirilən zaman Şahid3 üzərindən, 2,129 qramı əməliyyat-axtarış tədbirlərinin davamı olaraq həmin tarixdə polis şöbəsinə gətirilən Şahid4 üzərindən, qalan 865 qram narkotik vasitə heroin isə Şirvan Şəhər Polis Şöbəsinin Cinayət axtarış bölməsinin əməkdaşlarının 23 fevral 2023-ci il tarixdə saat 15:40 radələrində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Şirvan şəhəri Heydər Əliyev prospektində hərəkətdə olarkən saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman onun əynindəki gödəkçəsinin sol iç cibindən bir ədəd sellofan bükümdə aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü narkotik vasitə istifadəçisi kimi qismən təqsirli bilərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Şirvan şəhərində marşurut avtobosu ilə getdiyi zaman polis işçiləri avtobusu saxlatmış və onu avtobusdan düşürərək polis şöbəsinə aparmışlar. Həmin vaxt onun üzərində 1 qrama yaxın narkotik vasitə heroin olmuşdur. Polis işçiləri ona bir neçə ay əvvəl narkotik vasitə satmasını demişlər. Sonra onu yaşadığı evə aparmışlar. Yaşadığı evdə onun iştirakı ilə və videoçəkilişdən istifadə edilərək axtarış aparılmışdır. Polis işçiləri ona təzyiq etmişlər. Şahid4 və Şahid3 tanıyır, lakin həmin şəxslərə narkotik vasitə satmamışdır. Polis işçilərinin ona təzyiq göstərmələri barədə şikayət etməmişdir. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi digər ifadəsində isə polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində 0,5 qram narkotik vasitə heroin olmasını bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində isə göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitə heroindən istifadə edir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında internetdə narkotik vasitələrin satışı ilə məşğul olan tanımadığı İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuşdur. Daha sonra həmin şəxsə narkotik vasitə almaq istədiyini bildirmişdir. Həmin şəxs ona plastik kart hesabı göndərmiş və pulu həmin kart hesabına göndərməli olduğunu bildirmişdir. xx.xx.2023-cü il tarixdə həmin şəxsin ona göndərdiyi kart hesabına 1700 manat pulu göndərmiş və həmin şəxs narkotik vasitəni ona Bakı şəhərində götürə biləcəyini deyərək ona dəqiq ünvanı izah etmişdir. Həmin gün Abşeron rayonu Xırdalan şəhərinə gedib orada köhnə bazar adlanan ərazidə adını bilmədiyi küçədə yerdən bir ədəd göy rəngli sellofan torba götürmüş və həmin torbanın içərisində narkotik vasitə olan heroin olmasını görmüşdür. Daha sonra Şirvan şəhərinə qayıtmışdır. 10 fevral 2023-cü il tarixdə səhər saatlarında tanışı narkotik vasitənin istifadəçisi olan Gündüz ona zəng vuraraq ondan narkotik vasitə olub-olmamasını soruşmuş, həmin vaxt aldığı heroindən satmaq qərarına gəlmiş və Gündüzə bildirmişdir ki, vardır. Həmin gün Gündüzlə Şirvan şəhəri Energetik küçəsində görüşmüş və heroinin bir qismini Gündüzə 30 manat pul müqabilində satmışdır. 11 fevral 2023-cü il tarixdə isə səhər saatlarında tanışı, narkotik vasitənin istifadəçisi olan Kamil ona zəng vuraraq ondan narkotik vasitə olub-olmamasını soruşmuşdur. Kamilə bildirmişdir ki, vardır. Həmin gün Kamillə Şirvan şəhəri Energetik küçəsində görüşmüş və heroinin bir qismini Kamilə 20 manata satmışdır. xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Şirvan şəhəri H.Əliyev prospektində hərəkətdə olarkən polis işçiləri tərəfindən saxlanılmışdır. Onu Şirvan şəhər polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində təhqiqatçı tərəfitndən şübhəli şəxs kimi tutulmuş, üzərində şəxsi axtarış aparılarkən ona üzərində qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olduğu təqdirdə onu təqdim etməsini təklif etdikdə, əynimdə olan ağ rəngli gödəkçəsinin sol iç cibində saxladığı bir ədəd sellofan torbanı çıxarıb masanın üzərinə qoymuş və həmin torbada narkotik vasitə heroin olduğunu bildirmişdir. Polis şöbəsində ona qarşı heç bir qanunsuz hərəkətlərə yol verilməmişlər. Təqsirləndirilən şəxs cinayət əməli özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid4 göstərdi ki, Təqsirləndirilən şəxs ilə münasibətləri olmuşdur. Təqsirləndirilən şəxs ilə 11 fevral 2023-cü il tarixdə telefon vasitəsi ilə danışmış və görüşmüşlər. Lakin həmin gün Təqsirləndirilən şəxs narkotik vasitə heroin almamışdır. 11 fevral 2023-cü il tarixdə Şirvan şəhərində polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində heç bir narkotik vasitə olmamışdır. Polis işçiləri onun üzərinə narkotik vasitə heroin qoymuşlar. Ona demişlər ki, həmin narkotik vasitəni Təqsirləndirilən şəxs alması barədə ifadə verməlidir. Əks halda evinə 1 kiloqram narkotik vasitə qoyacaqlar. Ona görə də təzyiq altında üzərində aşkar olunan 2,129 qram narkotik vasitə heroinin özünə məxsus olması və həmin heroini 30 manat pul müqabilində Təqsirləndirilən şəxs alması barədə yalan ifadə vermişdir. Şahid4 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitə olan heroindən istifadə edir. 11 fevral 2023-cü il tarixdə saat 18 radələrində evdə olarkən istifadə etmək üçün narkotik vasitə almaq qərarına gəlmiş, bu səbəbdən əvvəllərdə narkotik vasitə aldığı Rahil adlı şəxsə istifadəsində olan ***-***-**-** saylı mobil nömrəmdən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng etmiş və ona narkotik vasitə almaq istədiyini bildirmişdir. Rahil də ona demiş ki, şəhərin Energetik küçəsinə gəlsin. O da razılaşdıqları qaydada Rahilin dediyi yerə gəlmişdir. Orada Rahillə görüşmüş, həmin vaxt Rahilə 30 manat pul vermiş, Rahil də 1 ədəd bükümdə narkotik vasitə heroini ona vermişdir. Bundan sonra Rahillə sağollaşmış və oradan evə gəlmək istəyərkən saat 19 radələrində o şəhərin F.Eynullayev küçəsində olarkən polis əməkdaşları tərəfindən saxlanılaraq Şirvan şəhər polis şöbəsinə aparılmış və polis şöbəsində üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən Rahildən aldığı narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Sonra barəsində cinayət işi başlanılmış və həmin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. Rahildən əvvəllər də narkotik vasitə aldığını qeyd etmişdir. Şahid3 məhkəmədə göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitə almamışdır. İbtidai istintaqda Təqsirləndirilən şəxs narkotik vasitə alması barədə ifadəni təzyiq altında vermişdir. 11 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ilə Şirvan şəhərində görüşməmişdir. Təqsirləndirilən şəxs ilə həmin gün başqa yerdə çayxanada görüşüb çay içmişlər. 11 fevral 2023-cü il tarixdə polis işçiləri tərəfindən saxlanılarkən üzərində narkotik vasitə olmamışdır. Şahid3 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində isə göstərmişdir ki, 11 fevral 2023-cü il tarixdə saat 11 radələrində yaşadığı evdə olarkən tanışı Şirvan şəhər sakini Rahil adlı şəxsə istifadəsində olan ***-***- **-** saylı mobil nömrəmdən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək, ona narkotik vasitə almaq istədiyini bildirmiş, Rahil də şəhərin Energetik küçəsində görüşməylərini demişdir. O da evdən çıxmış və həmin küçəyə getmişdir. Orada Rahillə görüşmüş sonra Rahilə 20 manat pul vermiş və sonuncudan 1 ədəd sellofan bükümdə narkotik vasitə heroin almışdır. Həmin gün saat 18 radələrində şəhərin Energetik küçəsində olarkən polis əməkdaşları tərəfindən saxlanılaraq Şirvan şəhər polis şöbəsinə aparılmış və polis şöbəsində üzərində şəxsi axtarış keçirilən zaman üzərindən Rahildən aldığı narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Sonra barəsində cinayət işi başlanılmış və o həmin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmudur. Rahildən əvvəllər də narkotik vasitə aldığını qeyd etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şirvan Şəhər Polis Şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 göstərdi ki, 23 fevral 2023-cü il tarixdə onun icraatına ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib üzərində saxlamaqla, istifadəsi və satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilməklə həmin gün saat 15:40 radələrində Şirvan şəhəri, H.Əliyev prospektində Təqsirləndirilən şəxs saxlamış, ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirməklə Şirvan şəhər polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmüş, müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilərək üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olub-olmaması, olduğu təqdirdə könüllü təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol iç cibindən sellofan torba çıxararaq masanın üzərinə qoymuş və içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, «Samsung» markalı mobil telefon aşkar olunmuş, lakin narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torbada olan maddənin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni tanımadığı İran İslam Respublikasının vətəndaşından 1700 manat pul qarşılığında almasını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan torbada olan narkotik vasitə heroinə bənzər kütlə təhqiqatçı tərəfindən qablaşdırılmışdır. Sonra protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilən Şirvan Şəhər Polis Şöbəsində narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Şəxsi axtarış və götürmə aparılması haqqında 23 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman əynində olan ağ rəngli, qış gödəkçəsinin sol iç cibindən 1 ədəd sellofan torbada narkotik vasitə heroinəbənzər maddə və bir ədəd özünə məxsus «Samsung» markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Materialların məhkəmə ekspertizasının 24 fevral 2023-cü il tarixli, 18/228 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 1 ədəd üzəri yapışqan lentlə bağlanmış polietilen torba bağlamada təmiz çəkisi 865 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Materialların məhkəmə ekspertizasının 12 fevral 2023-cü il tarixli, 18/166 saylı rəyindən görünür ki, Şahid4 üzərindən götürülmüş 2,129 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Materialların məhkəmə ekspertizasının 12 fevral 2023-cü il tarixli, 18/165 saylı rəyindən görünür ki, Şahid3 Ağasəməd oğlunun üzərindən götürülmüş 0,647 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin məhkəmə baxışı zamanı təyin olunmaqla keçirilmiş materialların məhkəmə ekspertizasının 23 noyabr 2023-cü il tarixli, 18/1063 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs, Şahid3 və Şahid4 götürülmüş narkotik vasitə heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Mirzəyev X4 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda-2,129 qram narkotik vasitə heroini əldə etməyə, saxlamağa, daşımağa və həmin narkotik vasitənin üzərində 11 fevral 2023-cü il tarixdə aşkar olunmasına görə CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinməklə barəsində cəza təyin edilmişdir. Həmin hökmdən verilmiş apelyasiya şikayəti Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təmin edilməmiş və hökm dəyişdirilmədən saxlanılmışdır. Şahid3 Şirvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(032)-105/2023 saylı hökmü ilə 11 fevral 2023-cü il tarixdə saat 11 radələrində Şirvan şəhərində Təqsirləndirilən şəxs 0,647 qram narkotik vasitə heroini satış məqsədi olmadan qanunsuz olaraq almaqla üzərində saxlayıb daşımağa görə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və barəsində cəza təyin edilmişdir. Məhkəmənin həmin hökmündən görünür ki, Şahid3 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində üzərində aşkar olunan heroini 11 fevral 2023cü il tarixdə saat 11 radələrində Şirvan şəhərində tanışı Təqsirləndirilən şəxs 20 manat pul müqabilində aldığını göstərmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Şahid3 barəsində olan həmin hökm 26 iyul 2023-cü il tarixdə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Məhkəmə-narkoloji ekspertizasının 26 may 2023-cü il tarixli, 3260 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-psixiatrik ekspertizasının 08 aprel 2023-cü il tarixli, 917 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır, hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür, məcburi müalicəyə ehtiyacı yoxdur. Telefon danışıqları barədə məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə Şahid4 istifadəsində olan ***-***-**- ** telefon nömrələri arasında 1.02.2023-cü il tarixdə saat 14:38-də 33 saniyə, 15:27-də 56 saniyə, 16:17-də 28 saniyə, 19:11-də 14 saniyə, 20:19-da 9 saniyə, 20:10-da 9 saniyə, 23:13-də 9 saniyə, xx.xx.2023-cü il tarixdə saat 16:38-də 9 saniyə, 17:05-də 79 saniyə, xx.xx.2023-cü il tarixdə saat 16:01-də 22 saniyə, 19:04-də 50 saniyə, xx.xx.2023-cü il tarixdə saat 11:16-da 9 saniyə danışıqlar aparılmışdır. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə Şahid3 istifadəsində olan ***-***-**-** telefon nömrəsi arasında xx.xx.2023-cü il tarixdə saat 15:18də 18 saniyə, 15:30-da 13 saniyə, 16:18-də 23 saniyə, 16:11-də 46 saniyə, 20:07-də 5 saniyə, 20:26-da 53 saniyə, 20:35-də 11 saniyə, 20:45-də 16 saniyə, xx.xx.2023-cü il tarixdə saat 12:29-da 58 saniyə, 14:06-da 9 saniyə, 14:25-də 18 saniyə, xx.xx.2023-cü il tarixdə saat 11:32-də 16 saniyə, 23:45-də 78 saniyə, 23:52-də 31 saniyə, xx.xx.2023-cü il tarixdə saat 12:32-də 9 saniyə, 12:34-də 30 saniyə, 12:47-də 9 saniyə, 12:47-də 27 saniyə, 13:12-də 30 saniyə, 13:35-də 14 saniyə, 13:45-də 22 saniyə, 15:16-da 9 saniyə, 15:25-də 4 saniyə, xx.xx.2023-cü il tarixdə saat 15:46-da 49 saniyə danışıqlar aparılmışdır. «Şirvan şəhər mərkəzi xəstəxanası» publik hüquqi şəxsin 29 mart 2023-cü il tarixli, PHŞ-6-35/2-113/2023 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkoloji və ruhi-əsəb kabinentlərində qeydiyyatda yoxdur. «Füzuli rayon mərkəzi xəstəxanası» publik hüquqi şəxsin 12 aprel 2023-cü il tarixli, PHŞ-6-36/2-243/2023 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkoloji və ruhi-əsəb dispanserində qeydiyyatda yoxdur. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli xüsusi qərarı əsasında Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən fiziki zorakılıq göstərilməsi ilə əlaqədar Şirvan şəhər prokurorluğunda araşdırma aparılmış, Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən zorakılıq göstərilməsi müəyyən edilmədiyindən 27 mart 2023cü il tarixli qərarla Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs 28 fevral 2023-cü il tarixdə 3 saylı İstintaq Təcridxanasına daxil olarkən aparılmış tibbi müayinə sənədlərindən görünür ki, bədəni üzərində hər hansı xəsarət aşkar olunmamışdır. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 204.1-ci maddəsi ilə təqsirli bilinərək 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Ailə tərkibi haqqında xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs subaydır. Yaşayış yerindən verilmiş eyni tarixli xasiyyətnamədə Təqsirləndirilən şəxs barəsində ərazi üzrə nümayəndəliyə şikayət daxil olmaması göstərilmişdir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-867,776 qram narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşıması, 11 fevral 2023-cü il tarixdə həmin narkotik vasitənin 0,647 qramını tanışı Şahid3 20 manat pula, 2,129 qramını isə tanışı Şahid4 30 manat pula satması, qalan 865 qram heroini isə üzərində saxlaması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi-xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində 1 qrama yaxın narkotik vasitə heroin olması, polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması səbəbindən cinayəti etiraf etməsi, tanışları Şahid4 və Şahid3 narkotik vasitə satmaması barədə ifadəsini özünü müdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Onun ibtidai istintaqda verdiyi - 1700 manat pul müqabilində narkotik vasitə heroin əldə etməsi, heroinin bir qismini 11 fevral 2023-cü il tarixdə 30 manat pul müqabilində tanışı Şahid4, bir qismini isə 20 manat pul müqabilində tanışı Şahid3 satması, qalan hissəsini isə üzərində saxlamaqla daşıması barədə ifadəsini, alıcı qismində iştirak etmiş həmin şəxslərin ibtidai istintaqda verdiyi ilkin ifadələri ilə tam uyğunluq təşkil etğməklə obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Eyni ilə şahidlər Şahid4 və Şahid3 ibtidai istintaqda verdikləri-11 fevral 2023-cü il tarixdə Şirvan şəhərində müvafiq olaraq 30 manat və 20 manat məbləğində pulu Təqsirləndirilən şəxs verməklə ondan narkotik vasitə heroin almaları barədə ifadələrini obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Telefon danışıqları barədə məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** telefon nömrəsi ilə Şahid4 istifadəsində olan ***-***-**-** telefon nömrəsi arasında mütəmadi olaraq, sonuncu dəfə isə 11 fevral 2023-cü il tarixdə saat 11:16-da, Şahid3 istifadəsində olan telefonla da mütəmadi olaraq sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 15:54-də danışıqlar aparılmışdır. Şahid3 və Təqsirləndirilən şəxs məxsus mobil telefon nömrələri arasındla 11 fevral 2023-cü il tarixdə danışıq aparılmasa da, Şahid3 həm ibtidai istintaqda, həm də məhkəmə istintaqında venrdiyi ifadələrində 11 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ilə faktiki olaraq görüşmələrini təsdiq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs və ondan narkotik vasitəni əldə etməyə görə məhkəmə hökmləri ilə təqsirli bilinməklə məhkum olunmuş şəxslər Şahid4 və Şahid3 ifadələri ilə onların telefon danışıqları arasında saat və 1-2 gün uyğunsuzluq olsa da, məhkəmə işin faktiki hallarını, istintaq hərəkəti protokollarını, Təqsirləndirilən şəxs, Şahid4 və Şahid3 hər birində aşkar olunmuş narkotik vasitə heroinin eyni tərkibli olmasını nəzərə alalarq Təqsirləndirilən şəxsının ona verilmiş itthamda nəzərdə tutulmuş cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 23 fevral 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbir tədbiq edilməklə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş və ekspertiza tədqiqatından sonra qalmış, Şirvan Şəhər Polis Şöbəsində saxlanılan 864,95 qram narkotik vasitə heroin məhv edilməli, Şahid3 üzərindən aşkar olunmuş, ekspertiza tədqiqatından sonrakı qalmış 0,597 qram heroin və Şahid4 üzərindən aşkar olunmuş, ekspertiza tədqiqatından sonra qalmış 2.079 qram narkotik vasitə heroinlə bağlı onların barələrində olan məhkəmə hökmləri ilə müvafiq qərar qəbul edilməsi nəzərə alınmalıdır. Ekspertiza xərci 49 manat 74 qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respbulikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 23 fevral 2023-cü il tarixdən hesablansın. X2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Şirvan Şəhər Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs götürülmüş 864,95 qram narkotik vasitə heroin məhv edilsin, Şahid3 götürülmüş 0,597 qram və Şahid4 götürülmüş 2.079 qram narkotik vasitə heroinlə bağlı onların barələrində olan məhkəmə hökmləri ilə müvafiq qərar qəbul edilməsi nəzərə alınsın. Ekspertiza xərci 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar