Məhkəmə qərarları › İş №1(099)-666/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-666/2023

19.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-666/2023 19.09.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X1, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1975-ci il tarixdə Lənkəran rayonu, Digah kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Lənkəran rayonu, Digah kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 24 mart 2023-cü il tarixdə satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda bir bükümdə, ümumi təmiz çəkisi 10,806 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı çətənə toxumları ilə birlikdə əldə edib, saxlayaraq yaşadığı Lənkəran rayonu Digah kəndində yerləşən evə daşımış, əldə etdiyi çətənə toxumalarını 2023-ci ilin mart ayının sonlarında özünə məxsus həyətyanı sahədə qanunsuz olaraq əkmiş, həmin toxumlardan bitən, külli miqdar hesab edilən 250 (iki yüz əlli) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkilərini suvarıb yetişdirmək üçün şərait yaradaraq aqrotexniki qulluq göstərməklə kultivasiya etmiş, bir bükümdə narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq üzərində saxlamış və barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olan əməliyyat məlumatına əsasən 27 aprel 2023-ci il tarixdə, saat 07:15 dəqiqədə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayon, Digah kəndində saxlanılaraq ona məxsus fərdi yaşayış evinin sağ hissəsində yerləşən torpaq sahəsinə baxış keçirilərkən yaş vəziyyətdə ümumi təmiz çəkisi 150,0 qram olan 250 ədəd tərkibində narkotik maddələr (komponentlər) olan çətənə (kannabis) bitkiləri kök üzərində aşkar edilərək götürülmüş, əməliyyat tədbirlərinin davamı olaraq, 27 aprel 2023-cü il tarixdə saat 09:20-də regional şöbəyə gətirildikdən sonra üzərinə keçirilmiş şəxsi axtarış zamanı qeyd olunan bükümdə və çəkidə narkotik vasitə qurudulmuş marixuana sellofan kəsiyə bükülmüş halda əynində olan gödəkçənin sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi özünü təqsirli bilməyib, CM-nin 237.2.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, 27 aprel 2023-cü ildə səhər saatlarında polis əməkdaşları evinə gəlib, onu həyətdən çağırmışlar. O, isə həyətə düşmüş, həmin vaxt polis əməkdaşları ondan nə var deyə soruşmuşlar. O da əkdiyi bitikilərin yerin göstərmişdir. Həmin bitkiləri torpaq üstə toxum şəklində atmışdır. Onlardan eləsi varmış ki, hələ toxum imiş, eləsi də varmış ki, 3-5 sm hündürlükdə bitmişdir. Polis əməkdaşları həmin bitkiləri saymış 150 ədəd olması müəyyən edilmişdir. Daha sonra o getmiş, bitkilərin sayının 250 ədəd olduğu bildirilmişdir. Bundan sonra polis əməkdaşları onu şöbəyə aparmışlar. Şöbəyə gedərkən isə üzərində heçnə olmamış, şöbədə onu təhdid edərək, üzərinə narkotik vasitə marixuana qoymuşlar. Belə ki, həmin marixuananı üzərinə götürməzsə aparıb evinə qoyub, arvadın da şöbəyə gətirəcəklərini, onun üçün pis olacağını bildirmişlər. Marixuananı stolun üstünə qoymuşlar, o isə razılaşıb götürüb cibinə atmışdır. Bundan sonra video-çəkiliş olmuş çəkiliş zamanı isə çıxarıb təqdim etmişdir. Çətənə bitkilərinin 150 ədədi polislər tərəfindən yanında sayılmış, daha sonra onu həyətin ortasına aparmışlar, ora aqronom gəlmiş, demişdir ki, 250 ədəddir. Həmin bitkiləri toxum kimi atmış, onlara qulluq göstərməmiş, yağış ayları olduğundan özü yetişmişdir. Üzərindən aşkar edilmiş narkotikin isə ona aidiyyəti yoxdu, həmin narkotiki polislər ona vermişdir. Əməlindən peşmandır. Məhkəmədə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə məhkəməyədək icraat zamanı verdiyi ifadələrində özünü elan olunmuş ittihamla təqsirli bilərək göstərmişdir ki, narkotik vasitə qurudulmuş marixuanadan aradabir istifadə edir. 24 mart 2023-cü il tarixdə saat 16-17 radələrində balıq ovuna getmək üçün yaşadığı evdən özünə məxsus qırmağı götürüb velosipedilə Lənkəran rayonu, Göyşaban kəndində yerləşən zibillik olan ərazidən axan su kanalına getmişdir. Bu zaman balıq tutmaq üçün qırmağın dəmir hissəsinə salmağa yerdən soxulcan axtarmağa başladığı zaman elə həmin ərazidə gözünə bükülü vəziyyətdə bir ədəd sellofan torba dəymişdir. Sellofan torbanın içərisinə baxıdıqda, qurudulmuş marixuana və onun toxumlarının olduğunu görmüşdür. Elə bu zaman həmin sellofan torbanı üzərində bükərək gizlətmişdir ki, onun toxumlarından yaşadığı evin həyətində istifadəsi üçün əkib-becərsin, qurudulmuş marixuananı isə istifadə edər. Bir neçə saat orada qaldıqdan sonra yaşadığı evə gəlmişdir. Səhəri gün tapdığı çətənə toxumlarını və qurudulmuş marixuananı nəmli olduğuna görə gündə qoyub qurutmuşdur. 28 mart 2023cü il tarixdə axşamüstü ailə üzvlərinin evdə olduğunu və həyətdə heç kimin olmadığını görüb, evin sağ tərəfində yerləşən bağda, mişar daşları ilə hörülmüş hasarın yanında münbit torpaq sahəsində həmin çətənə toxumlarını əkmişdir. Bu müddət ərzində mütəmadi olaraq əkdiyi çətənə bitkilərinə qulluq etməyə başlamışdır. Təxminən 250 ədəd narkotik xassəli çətənə bitikisi yetişməyə başlamışdır. Toxumlarla birgə tapdığı qurudulmuş marixuanadan arabir az-az istifadə edir, qalanını isə sellofan bükülüdə, üzərində saxlayırmış ki, kimsə görməsin. 27 aprel 2023-cü il tarixdə saat 07 radələrində yuxudan oyanıb siqaret çəkmək üçün yaşadığı evdə həyətə düşüb küçə darvazasından çölə çıxmışdır. Bu zaman bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşıb onu Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə mübarizə İdarəsinin Cənub Bölgəsində Regional şöbəsinin əməkdaşları olduqlarını təqdim edib yaşadığı evin həyətyanı torpaq sahəsində narkotik tərkibli bitiklər əkməyilə bağlı əməliyyat məlumatlarının olduğunu bildirmişlər. Həmin zaman onu həyətinə polislər tərəfindən baxış keçiriləcəyi təqdirdə əkdiyi narkotik tərkibli bitkilərin aşkar ediləcəyini bilib, onlara səmimi olaraq həyətində narkotik tərkibli çətənə kolları əkdiyini etiraf etmişdir. Sonra polis əməkdaşları, aqronom və hal şahidlərinin iştirakları ilə yaşadığı evin sağ tərəfində yerləşən torpaq sahəsinə baxış keçirilmişdir. Bu zaman həmin yeri göstərərək, həmin bitkilərin çətənə kolları olduğunu, mart ayının sonlarında şəxsi istifadəsi üçün əkdiyini, qulluq etdiyini bildirmişdir. Bu zaman fotoçəkilişlə təqdim edtiyi yerin və bitkilərin şəkilləri çəkilmişdir. Əkdiyi çətən bitkiləri yerdən bir-bir çıxarılmış və saylarının 250 ədəd, hündürlüklərinin 5-12 sm, çəkisinin isə 170 qram olması məlum olmuşdur. Sonra həmin bitkilər müvafiq ekspertizaya təqdim olunmasından ötrü sellofan torbaya qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Bundan sonra polis əməkdaşları onu özləri ilə birlikdə Lənkəran şəhəri P.Təhməzov küçəsi 8-də yerləşən regional polis şöbəsinə aparmışlar. Regional polis şöbəsində otaqların birində ona hüquq və vəzifələri izah olunmuşdur. Müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə üzərinə video-çəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olmuş gödəkçəsinin sol yan cibində saxladığı 01 ədəd sellofan bağalamanı təqdim etmiş və içərisində narkotik vasitə olan qurudulmuş marixuana olmasını bildirmişdir. Aşkar olunmuş sellofan bağlamada qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və çəkisinin 12,20 qram olmuşdur. O şəxsi axtarış zamanı həmin narkotik vasitənin özünə məxsus olduğunu, 24 mart 2023-cü il tarixdə Lənkəran rayonu, Göyşaban kəndində yerləşən zibilliyə yaxın yerdə yerləşən su kanalında balıq tutan zaman sellofan torba tapdığını və həmin torba içərisində aşkar etdiyi çətənə toxumlarını həyətyanı sahəsində əkdiyini, qurudulmuş marixananı isə üzərində şəxsi istifadə məqsədilə gəzdirdiyini göstərmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı polis əməkdaşlarının təzyiqi nəticəsində həmin ifadələrini verdiyini və təsdiq etmədiyini, savadsız olduğundan heç bir yerə şikayət etmədiyini, barəsində həbs qətimkan tədbiri seçilərkən də hakimə bu barədə heçnə demədiyini, məhkəmədə bildirdiklərinin isə doğru olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, hazırda Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. İcraatına Təqsirləndirilən şəxs yaşadığı evin həyətində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin əkilib yetişdirilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuşdur. Bununla bağlı tərəfindən regional şöbə rəhbərliyinə raportla məruzə edilərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən isə razılıq verilərək, əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərlik etmək ona həvalə edilmişdir. 27 aprel 2023-cü il tarixdə, saat 07:15 dəqiqədə Təqsirləndirilən şəxsun razılığı ilə yaşadığı evin həyətinə daxil olmuşlar. Yaşadığı evin sağ yan tərəfində mişar daşı ilə hörülmüş hasarın dibində olan torpaq sahəsində bitkilərin əkildiyi məlum olunmuşdur. Baxışda mütəxəssis qismində iştirak edən alim-aqronom, hal şahidləri və polis əməkdaşlarının iştirakları ilə həmin yerə baxış keçirildikdə yerdə torpaqdan 5-12 sm hündürlüyündə 250 (iki yüz əlli) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkisinə bənzər bitkilərin əkilmiş vəziyyətdə olduğu müəyyən edilmişdir. Həmin çətənə bitkiləri torpaqdan çıxarılmış və elekron tərəzidə çəkilmiş, qablaşdırılmış və götürülmüşdür. Regional şöbəyə gətirildikdən sonra Təqsirləndirilən şəxs hüquqlarının təmin edilməsi məqsədilə dəvət edilmiş müdafiəçinin iştirakı ilə video-çəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olmuş gödəkçənin sol yan cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim edərək, həmin bükümün içərisində “nəşə”, narkotik vasitə quudulmuş marixuana olduğunu, 2 ay əvvəl Lənkəran rayonu, Göyşaban kəndinə balıq tutmağa getdikdə həmin kənddə yerləşən zibilliyin yanında yerdə tapıdığını, həmin maddədən 3-4 dəfə özünün qəbul etdiyini, heç kimə vermədiyini və satmadığını bildirmişdir. Yaşadığı evdə əkdiyi çətə bitkilərini 28 mart 2023-cü il tarixdə özü əkərək qulluq göstərmiş, çətənə bitkiləri yetişdikdən sonra qurudub qurudulmuş marixuana halına salacağını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisinə baxış keçirilən zaman həmin bükümün içərisində qurudulmuş marixuanaya bənzər maddə olması müəyyən olunmuşdur. Sonra həmin kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırılmışdır. Təqsirləndirilən şəxsə qarşı nə özü nə də ki, digər polis əməkdaşları tərəfindən təzyiq və təhdiq edilməmiş, üzərinə narkotik vasitə qoyulmamışdır. Bu barədə bildirdikləri tamamilə yalan və böhtandır. Həyətindən 250 ədəd çətənə kolu aşkar edilmiş şəxsin üzərinə əlavə də olaraq 10 qram narkotik vasitə marixuana qoyulmasının isə nə əhəmiyyəti varki, bu heç bir məntiqə sığmır. Məhkəmə iclasında Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində göstərmişdir ki, özü abadlıqda fəhlə işləyir, 27 aprel 2023-cü il tarixdə, saat 07 radələrində polis əməkdaşı onu bir şəxsin həyətyanı sahəsinə baxış keçirilməsində hal şahidi kimi dəvət etmişdir. O da, könüllü olaraq razılaşmışdır. O, polis əməkdaşları ilə birlikdə Lənkəran rayonu, Digah kəndində yerləşən fərdi yaşayış evinin qarşısına gəlmişlər. Bu zaman ora başqa bir hal şahidi də gəlmişdir. Polis əməkdaşları və digər iştirakçılarla birgə əvvəllər tanımadığı şəxsin həyətinə daxil olmuşlar. Evin həyətində olan zaman polis əməkdaşları sonradan adını bildiyi Qəhrəmana yaşadığı evin hansı hissəsində narkotik tərkibli çətənə bitkiləri əkdiyini və təqdim etməsini təklif etmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətinin sağ yan tərəfində, mişar daşı ilə hörülmüş hasarın dibində olan torpaq sahəsində bitkilərin əkildiyi müəyyən olunmuşdur. Sonra polis əməkdaşları tərəfindən həmin bitkilər kökündən çıxarılmış və sayı 250 ədəd olması məlum olmuşdur. İşdə olan BNMİ-nin CBRŞ-nin baş əməliyyat müvəkkili Şahid1 xx.xx.2023-cü il tarixli “Raport”u ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətində qanunsuz olaraq təkibində narkotik maddələr olan bitkilərin əkib yetişdirməsi ilə məşğul olması, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. (c 1, i.v 3) İşdə olan «əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə» xx.xx.2023-cü il tarixli qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair BNMİ-nin CBRŞ-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qərar qəbul olunmuşdur. (c 1, i.v 4-5) İşdə olan xx.xx.2023-cü il tarixli Təqsirləndirilən şəxs tərəfindən yazılmış ərizədən görünür ki, polis əməkdaşlarının yaşadığı evin həyətinə baxış keçirilməsinə heç bir etirazı yoxdur. (c 1, i.v 10) İşdə olan 27 aprel 2023-cü il tarixli baxış və götürmə aparılması haqqında protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran rayonu Şilavar kəndində yerləşən yaşadığı fərdi yaşayış evinin sağ tərəfində yerləşən münbit torpaq sahəsindən hər birinin boyu 5-12 sm olan hündürlükdə olmaqla 250 ədəd narkotik vasitə çətənəyə bənzər kolluqları aşkar edilmiş və həmin kollar torpaqdan çıxarılaraq ekspertizaya göndərilməsi üçün qablaşdırmışdır. (c 1, i.v 11-19) İşdə olan 27 aprel 2023-cü il tarixli Mütəxəssis rəyindən görünür ki, əkilmiş narkotik tərkibli çətənə (kannabis) bitkilərinin münbit torpaqda hər birinin boyu 5-12 smdir. Həmin bitkilərin toxumu mart ayının sonlarında torpağa əkilmişdir, həmin çətənəyəbənzər bitkilərə aqrotexniki qaydada qulluq edilmiş, dibləri yumşaldılmış, gübrələnmiş, mütəmadi olaraq suvarma işləri aparılmışdır. (c 1, i.v 22) İşdə olan «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 09:00-da şübhəli şəxs qismində tutulmuşdur. (c 1, i.v 27) İşdə olan 27 aprel 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və protokola əlavə edilmiş video-çəkilişdən görünür ki, 27 aprel 2023-cü il tarixdə saat 09:20-da regional şöbəyə gətirildindən sonra Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə üzərinə videoçəkiliş vasitəsilə keçirilən şəxsi axtarış zamanı onun əynində olmuş gödəkçəsinin sol yan cibindən 1 sellofan büküm aşkar edilmiş və həmin bükümə baxış keçirilən zaman içərisində narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuşdur. (c 1, i.v 44-47) İşdə olan Məhkəmə-bioloji ekspertizasının 27 aprel 2023-cü il tarixli 19/490 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdə qurudulmuş marixuanaya bənzər kütlə qablaşdırıldı və möhürləndi...” sözlər və imzalar olan zərfdəki, 01 ədəd bhükümdə təmiz çəkisi -10,806 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı Lənkəran rayonu, Digah kəndində yerləşən evin həyətindən aşkar edilmiş 250 (iki yüz əlli) ədəd çətənə bitkisinə bənzər bitkilər qablaşdırıldı və möhürləndi....” sözlər və imzalar olan bağlamadaki, 250 (iki yüz əlli) ədəd, ümumi təmiz çəkisi -150,0 qram olan yaş vəziyyətdə bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Marixuana 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş naerkotik vasitələr” siyahısına daxildir. (Siyahı İ) Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq olunmuşdur. Aparılmış tətqiqatın dəyəri 60 manatdır. (c 1, i.v 60-63) İşdə olan Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli 27 aprel 2023-cü ildən hesablanmışdır. (c 1, i.v 90-94) İşdə olan xx.xx.2023-cü il tarixli, 404 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilmədi. (c 1, i.v 95-96) İşdə olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 483 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. (c 1, i.v 98) İşdə olan 05 iyun 2023-cü il tarixli maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar edilərək götürülmüş 250 (iki yüz əlli) ədəd, təqiqatdan sonra ümumi təmiz çəkisi 149,2 qram olan yaş narkotik təbiətli çətənə (kannabis) bitkiləri və üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə tədqiqatdan sonra təmiz çəkisi 10,756 qram narkotik vasitə qurudulmuş marixuana və onun üzərinə şəxsi axtarış keçiriləməsi ilə bağlı videoçəkilişə dair 01 ədəd DVD disk maddi sübut hesab edilmişdir. (c 1, i.v 117-118) İşdə olan xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. (c 1, i.v 120-121) İşdə olan Lənkəran Rayon İcra Hakimiyyəti başçısının Şiləvar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadı və 2006-cı il, 2009-cu il, 2011-ci il, 2016-cı il təvəllüdlü uşaqlarından ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə edilir. (c 1, i.v 129-130) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X2 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı qismən mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi dəlillər: əkdiyi narkotik tərkibli bitkilər polis əməkdaşları sayılarkən 150 ədəd olması müəyyən edilmiş, sonradan isə, bitkilərin sayının 250 ədəd olduğu bildirilmiş, həmin bitkilərə heç bir qulluq etməmiş, şöbəyə aparılarkən isə üzərində heçnə olmamış, şöbədə onu təhdid edərək, üzərinə narkotik vasitə marixuana qoymuşlar, polis əməkdaşları tərəfindən ona təhdidlər edildiyi üçün həmin narkotik vasitənin özünə məxsus olmasını etiraf etmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təhdid edilməsi ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir. İş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs özü, istər onun vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlıvaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş və eyni zamanda o, bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişdir. Beləliklə, təqsirləndirilən şəxs üç aydan artıq müddət ərzində aparılmış ibtidai araşdırma zamanı təhdidlərə və pis rəftara məruz qaldığını mübahisələndirməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı öncə təhqiqatçı tərəfindən verilmiş suallara cavab olaraq söyləydiyi səsli nitqində polis əməkdaşları tərəfindən ona hər hansı bir qanunsuz hərəkətlərə yol verilmədiyini, zor tətbiq edilmədiyini, bu barədə şikayətinin və tələbinin olmadığını, daha sonra müdafiəçinin suallarına cavab olaraq söylədiyi səsli nitqində ona qarşı kobud hər hansı qanunsuz hərəkətlərə yol verilmədiyini bildirmiş, eyni zamanda onun saxlanılmasında iştirak etmiş polis əməkdaşları da məhkəmədə dindirilərkən tərəflərindən Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki və ya psixi təsirin göstərilmədiyini, üzərinə narkotik vasitə qoyulmadığını bildirmişlər. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, yuxarıda qeyd olunanlar təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələrin məhz təhdidlər və pis rəftar nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən təhdidlərə və pis rəftara məruz qalması ilə bağlı göstərdiyi xüsusat işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, ondan ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs işin məhkəmə baxışı zamanı tutulduqdan sonra təhdidlərə və pis rəftara məruz qalmaqla ondan şübhəli və təqsirləndirilən şəxs kimi izahat və etirafedici ifadələr alınması ilə bağlı bildirdiklərinə yuxarıda aparılmış təhlil nəzərə alınmaqla iş üzrə toplanmış digər sübutlarla birlikdə məcmu şəkildə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin bu hissədə bildirdikləri həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi digər dəlillərin qiymətləndirilməsi: Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərilən xüsusatlar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən özünün ibtidai araşdırma zamanı vermiş olduğu izahat və ifadələri, şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Belə ki, cinayət təqibi başlanan andan Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə xx.xx.2023-cü ildə şübhəli (cild İ – i.v. 69-71) və xx.xx.2023-cü ildə, xx.xx.2023-cü ildə təqsirləndirilən (cild İ – i.v. 82-84) şəxs qismində verdiyi ifadələrində, barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətə baxılarkən verdiyi izahatında, (cild İ – i.v. 90- 94) eləcə də üzərinə video-çəkiliş vasitəsilə şəxsi axtarış keçirilərkən söylədiyi səsli nitqində işin faktiki hallarına uyğun gələn ifadələr vermişdir. Həmin izahat, ifadələrində və istintaq hərəkətlərində təqsirləndirilən şəxs üzərindən çıxan narkotik vasitə marixuananın özünə məxsus olmasını, həmin narkotik vasitəni çətənə toxmumları ilə birlikdə tapdığını və narkotik vasitəni istifadə etmək məqsədilə üzərində gəzdirdiyini, bundan başqa tapdığı çətənə toxmumlarını yaşadığı evin sağ tərəfində yerləşən bağda, mişar daşları ilə hörülmüş hasarın yanında münbit torpaq sahəsində əkib, onlara qulluq etdiyini, təxminən 250 ədəd narkotik xassəli çətənə bitikisi yetişməyə başladığını, polis əməkdaşları tərəfindən isə aşkar edildikdən sonra əkdiyi çətənə bitkiləri yerdən bir-bir çıxarılmış və saylarının 250 ədəd, hündürlüklərinin 5-12 sm, çəkisinin isə 170 qram olmasının məlum olduğunu bilvasitə öz seçimi əsasında cəlb edilmiş peşəkar vəkilinin yanında qeyd-şərtsiz və açıq-aşkar formada bəyan etmişdir. Bununla yanaşı onun barəsində Lənkəran Rayon Şəhər Polis Şöbəsində cinayət təqibi başlanan andan, barəsində olan cinayət işi ittiham aktı ilə məhkəməyə daxil olanadək müdafiəçinin iştirakı ilə verdiyi bütün izahat və ifadələrində polis əməkdaşları tərəfindən üzərinə narkotik vasitə qoyulması, eləcə aşkar edilmiş narkotik tərkibli bitkilərin sayının az olması, onlara qulluq göstərməməsi ilə bağlı fikir ifadə etməmişdir. Ümumiyyətlə o, məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründən fərqli ifadə verməsini hər hansı bir halla əsaslandırmamış, yalnız saxlanılarkən və polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən təhdidlərə məruz qalmasını bildirməklə özünə qarşı verdiyi ifadələri inkar etmiş, lakin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs irəli sürdüyü həmin dəlillər təsdiqini tapmamışdır. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin həqiqəti əks etdirmədiyi, əksinə ibtidai araşdırma zamanı heç bir təsir və təzyiq olmadan müdafiəçinin iştirakı ilə verdiyi ifadələrinin isə işin faktiki halları ilə üst-üstə düşdüyü və həqiqəti əks etdirdiyi qənaətinə gəlməyə əsas verir. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı gətirdiyi dəlilləri məsuliyyətini yüngülləşdirmək məqsədi ilə seçilmiş müdafiə taktikası kimi dəyərləndirir və hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə özünü məsuliyyətdən qurtarmağa çalışır. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cinayət işinin ibtidai araşdırma mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini əsaslı və işin faktiki hallarına uyğun ifadələr kimi qəbul edərək məhz həmin ifadələrin ittihamın əsasına qoyulmasını məqsədə uyğun sayır. Bu səbəbdən də, cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlar vasitəsi ilə Təqsirləndirilən şəxs məhkəmədə qeyd etdiklərinin işin faktiki halları ilə üst-üstə düşmədiyi, obyektiv həqiqəti əks etdirmədiyi müəyyən olunur. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, mütəxəssis (həmin rəydə aşkar edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edildiyini, diblərinin yumlaşdıldığını, gübrələndiyini, mütəmadi olaraq suvarıldığını mütəxəssis qeyd etmişdir), ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələrində göstərdikləri işin müəyyən olunmuş faktiki halları ilə birəbir uyğun olmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan ifadələrində üzərindən aşkar edilmiş narkotik vasitənin ona aid olduğunu, həmin narkotik vasitəni çətənə toxmumları ilə birlikdə tapdığını və narkotik vasitəni istifadə etmək məqsədilə üzərində gəzdirdiyini, bundan başqa tapdığı çətənə toxmumlarını yaşadığı evin həyətində münbit torpaq sahəsində əkib, onlara qulluq etdiyini, təxminən 250 ədəd narkotik xassəli çətənə bitikisi yetişməyə başladığını, polis əməkdaşları tərəfindən isə aşkar edildikdən sonra əkdiyi çətən bitkiləri yerdən bir-bir çıxarılmış və saylarının 250 ədəd, hündürlüklərinin 5-12 sm, çəkisinin isə 170 qram olmasının məlum olduğunu bildirmişdir. Bununla yanaşı o, xx.xx.2023-cü ildə cinayət işinin materialları, eləcə də, təkrarən işdə olan dindirmə protokolları ilə tanış olsa da, həmin protokollarda əks olunmuş ifadələrinin məzmununu mübahisələndirməmiş, habelə buna dair düzəliş, qeyd, əlavə və etiraz verməmişdir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu bu cinayət əməlləri ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı «Marixuana-Kannabis» olan maddələr narkotik vasitədir. «Marixuana-Kannabis»in, o cümlədən qurudulmuş marixuananın 5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 500 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. Habelə həmin Qanunun «Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər»ə aid İİİ Siyahıya əsasən Azərbaycan Respublikasında bitən, lakin kultivasiyası qadağan olunmuş tərkibində narkotik maddələr olan bitkilər siyahısına daxil olan «Çətənə növlü bitkilər»in ölçü vahidləri-sayı 16 ədəddən yuxarı olduqda külli miqdar hesab olunur. Həmçinin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanununun 1.0.6cı maddəsinə əsasən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanması başa düşülür. Məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda əkib-yetişdirib, kultivasiya etmiş və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Əks nəticəyə gəlmək üçün başqa hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətmişdir. Ona görə də, təqsirləndirilən şəxs CM-in qeyd olunan maddələri ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyaları daxilində cəza təyin edilməlidir. Qeyd olunan əməllərin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı və iki nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını, Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olmasını və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.2.3-cü maddələri ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzası ilə yanaşı, azadlığın məhdudlaşdırılması kimi alternativ cəza da nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi digər əməlin - ağır cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, həmçinin cinayətlərin məcmusu üzrə cəzaların toplanmasının zəruri olmasını nəzərə almaqla təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə də azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı hesab edir. Eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə Azərbaycan Respublikası CM-nin bir neçə maddəsi ilə təqsirli bilindiyi üçün ona həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və təyin edilmiş cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 27 aprel 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1 və 132.1.6-cı maddələrinə müvafiq olaraq iş üzrə maddi sübutlar kimi tanınaraq Lənkəran RŞPŞ-nin maddi sübutlar otağında saxlanılan 250 ədəd çətənə (kannabis) bitkisi, müvafiq ekspert tədqiqatından sonra qalıq çəkisi 10,756 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməli, iş materiallarında olan şəxsi axtarış istintaq hərəkəti keçirilən zaman qeydə alınmış videogörüntüləri əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərci-60 (altmış) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 27 aprel 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan və Lənkəran RŞPŞ-nin maddi sübutlar otağında saxlanılan 250 ədəd çətənə (kannabis) bitkisi, müvafiq ekspert tədqiqatından sonra qalıq çəkisi 10,756 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq iş materiallarında olan şəxsi axtarış istintaq hərəkəti keçirilən zaman qeydə alınmış videogörüntüləri əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-60 (altmış) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar