Məhkəmə qərarları › İş №1(099)-666/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-666/2024

09.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-666/2024 09.10.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Vəliyeva Ayşən Umud qızı (sədrlik edən), Əliyev Əli Abdulla oğlu və Cəlilov Oruc Yusif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1973-cü ildə Lənkəran şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta ixtisas təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Lənkəran şəhəri H.Əliyev prospekti dalan 4, ev 10-da qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Ədliyyə Nazirliyiy Penitensiar Xidmətin 1 saylı Bakı İstintaq Təcridxanasıdna saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 28 aprel 2024-cü il tarixdə, Lənkəran şəhərinin “Böyük bazar” adlanan ərazisində satış məqsədi olmadan, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən öz istifadəsi üçün, bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 2,416 qram olub külli miqdar təşkil edən ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, bu barədə əməliyyat məlumatları əldə etmiş Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 28 aprel 2024-cü il tarixdə, saat 22:00-da keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran şəhəri H.Əliyev prospektində piyada hərəkətdə olarkən saxlanılaraq ünvan 1 ünvanında yerləşən Lənkəran ŞRPŞ-nin inzibati binasına gətirildikdən sonra, həmin tarixdə, saat 22:40-dan saat 23:00-dək üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilən zaman külli miqdarda olan həmin bir ədəd şəffaf rəngli sellofan bükümdə psixotrop maddə metamfetamin əynində olan qara rəngli şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə günü, polis əməkdaşları ona yaxınlaşaraq oğurluq telefon aldığını bildirmiş və şöbəyə aparmışlar. Şöbədə 1 saat qaldıqdan sonra onu narkotiklə sənədləşdirəcəklərini bildirmişlər, onlarla razılaşmazsa, evinə 5 kiloqram narkotik qoyacaqlarını və övladını şöbəyə gətirəcəklərini bildirmişlər. Polislərin hədəsindən qorxduğu üçün övladına xatir onların dedikləri ilə razılaşmışdır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, xəstəliyi ilə bağlı psixotrop maddə qəbul edirmiş, bu səbəbdən onun ekspert rəyində məcburi müalicəyə ehtiyacı olduğu göstərilmişdir. O, psixotrop maddəni həkim məsləhəti ilə deyil öz istəyi ilə ayrı-ayrı şəxslərdən əldə edib istifadə edirmiş. Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar olunan narkotik vasitənin 2,5 qramı ona məxsus olmayıb, onun üzərinə qoyulmuşdur. Üzərinə baxış keçirilən zaman etiraf etməsinə səbəb onun övladı ilə hədələnməsi olmuşdur. Onu hədələyənlərdən Ruhid adlı polis əməkdaşını xatırlayır. Polis əməkdaşları tərəfindən ona fiziki zor tətbiq edilməmişdir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsinin ziddiyyətli olan hissəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs özünü ibtidai istintaq zamanı təqsirli bilərək ifadəsində göstərmişdir ki, 13 fevral 2024-cü il tarixdə Lənkəran şəhərinin “Böyük Bazar” adlanan ərazisində bir nəfər üzdən tanıdığı, lakin ad və soyadını bilmədiyi şəxsdən 20 manat verib 1 ədəd şəffaf rəngli sellofan bükümdə psixotrop maddə metamfetamin almışdır. Həmin sellofan bükümü əynində olan qara rəngli şalvarının sağ yan cibinə qoymuşdur ki, ağrıları başlayanda istifadə etsin. Həmin gün, yəni 13 fevral 2024-cü il tarixdə, saat 17:20 radələrində Lənkəran şəhəri Şəhidlər Xiyabanı küçəsi ilə tək piyada hərəkətdə olarkən bir neçə nəfər şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmiş və ona üzərində narkotik vasitə saxlamağında şübhələri olduğuna görə üzərinə şəxsi axtarış keçirilməsi üçün şəhər ərazisində yerləşən polis şöbəsinə dəvət etmişlər. Həmin vaxt o başa düşmüşdür ki, polis əməkdaşları üzərində metamfetamin olduğunu bilirlər və polis əməkdaşlarına etiraz etmədən birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində otaqların birində ona hüquq və vəzifələri izah olunmuş, ona müdafiəçi təqdim olunmuşdur. Bundan sonra isə müdafiəçisinin və polis əməkdaşlarının iştirakları ilə üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibində saxladığı bir ədəd sellofan bükümdə olan metamfetamini təqdim etmişdir. Təqdim etdiyi kütlə elektron tərəzidə çəkilmiş, çəkisi 2,46 qram olmuşdur. Üzərindən aşkar edilmiş maddə özünə məxsusdur və istifadəsi üçün üzərində saxlamışdır. Bədənində ağrılar olduğu üçün narkotik maddə qəbul edir. Ona qarşı heç bir zorakılıq hərəkətləri olmamışdır. Psixotrop maddə özünə məxsusdur. Təqsirləndirilən şəxsin ibtidai istintaqdakı ifadəsindən fərqli ifadə verməsinin səbəbi araşdırıldıqda polis əməkdaşları tərəfindən hədələnməsi nəticəsində ibtidai istintaq zamanı narkotik vasitənin özünə məxsus olmasını etiraf etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şahidlərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, iş üzrə şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili Şahid2 Baləddin oğlu bildirmişdir ki, Təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarını əldə edib üzərində saxlaması və daşıması ilə bağlı qərəzsiz mənbədən daxil olmuş məlumat əsasında əməliyyat-axtarış qrupu yaradılmışdır. 28 aprel 2024-cü il tarixdə, saat 22:00 radələrində Lənkəran şəhəri, H.Əliyev prospektində Təqsirləndirilən şəxs piyada hərəkət etdiyini görüb sonuncunu nəzarətə götürmüşlər. Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib ona üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində şübhələr olduğundan sonuncu üzərinə şəxsi axtarış keçirilməsini bildirmiş və onu şöbəyə dəvət etmişlər. Şöbədə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və onun üzərindən 1(bir) ədəd bükümdə və çəkisi 2,56 qram olan narkotik vasitə aşkar edilərək götürülmüşdür. Şahid2 Baləddin oğlu məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq bildirmişdir ki, əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması, üzərində gəzdirməsi və istifadə etməsi ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxs saxlanılan zaman bildirmişdir ki, narkotik vasitəni tanımadığı şəxsdən əldə etmişdir. O, təqsirləndirilən şəxsin hədələnməsi ilə bağlı olan suala bildirmişdir ki, belə halın şahidi olmayıb. Təqsirləndirilən şəxs vəkillə təmin olunmuş və vəkili ilə ünsiyyət qurmağa şərait yaradılmışdır. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş şahid Lənkəran ŞRPŞ-nin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili Şahid3 Şahid2lə eyniməzmunlu ifadə vermiş və verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsi Heydər Əliyev prospektində saxlamışlar, saxlanılan zaman o tək olmuşdur, narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Əməliyyatda ondan başqa Şahid2 və Ruhid Şərifov iştirak etmişlər. O, bildirmişdir ki, təqsirləndirilən şəxsin hədələnməsi halına şahid olmayıb. İbtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutu, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. - «Şübhəli şəxsin tutulması haqqında» 28 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:00-da şübhəli şəxs qismində tutulmuşdur.(i.v.16) - «Şəxsi axtarış keçirilməsi haqqında» 28 aprel 2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs şalvarın arxa sol cibindən bir ədəd içərisində psixotrop maddə metamfetamin olduğunu bildirdiyi kağız parçası aşkar edilərək götürülmüşdür ( i.v.34-35) - «Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» 30 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə ittiham elan olunmuşdur.(i.v.61-62) - Lənkəran Rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 4(049)-81/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04(dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir.(i.v.79-83) - Məhkəmə-kimyəvi ekspertizasının 29 aprel 2024-cü il tarixli 19/373 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə, təmiz çəkisi 2,416 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. (i.v.48-51) - Məhkəmə-narkoloji ekspertizasının 29 aprel 2024-cü il tarixli 390 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. (i.v.84) - Məhkəmə-tibbi ekspertizasının 29 aprel 2024-cü il tarixli, 399 nömrəli ekspert rəyindən görünür ki, təqsirləndirilən şəxs X1 bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir.(i.v. 87) - Cinayət işinin materiallarına əlavə edilmiş Lənkəran Şəhər Psixatriya Xəstəxanasının təqdim etdiyi 06 may 2024-cü il tarixli, 1530 nömrəli məktubdan görünür ki, Novruzov X3 Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyil. (i.v.89) - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş 4 iyun 2024-cü il tarixli tələbnamədən görünür ki, Novruzov X3 Rayon Məhkəməsinin 21 aprel 2017-ci il tarixli hökmü ilə AR CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 03 iyul 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş və məhkumluğu ödənilmişdir. (i.v.98-100) - Lənkəran ŞİHB-nin İƏDN-dən verilmiş 26 iyul 2024-cü il tarixli, 12-5/456 saylı məktubdan görünür ki, təqsirləndirilən şəxs Novruzov X3 şəhəri H.Əliyev prospekti dalan 4, ev 10-da qeydiyyatda olmuş, lakin həmin ünvanda yaşamamışdır.(i.v. 107) - Sübutların qiymətləndirilməsi haqqında 01 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 (bir) ədəd bükümdə, qalıq çəkisi 2,316 qram olan narkotik vasitə metamfetamin, həmçinin şəxsi axtarış istintaq hərəkətinin qeydə alındığı videogörüntü özündə əks etdirən 01 (bir) ədəd DVD disk maddi sübut qismində tanınmışdır. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahid ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrıayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan yekdil ittiham sübutlarının məcmusu ilə öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən üzərindən-cibindən çıxan narkotik vasitə metamfetaminin polis əməkdaşları tərəfindən üzərinə qoyularaq götürülməsi və hədələnməsi barədə dəlilinə münasibətdə məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, müdafiə tərəfinin bu dəlili aşağıda qeyd edilənlərlə tam təkzib olunur: Cinayət prosessual qanunvericiliyinə əsasən təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət təqibini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla, tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum Qərarının 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Lakin iş materiallarından görünür ki, nə təqsirləndirilən şəxs nə də onun müdafiəçisi polis əməkdaşlarının qanunsuz hərəkətlərindən müvafiq orqana şikayət verməmiş, əksinə, həbs qətimkan tədbiri seçilən zaman Təqsirləndirilən şəxs məhkəmədə polis əməkdaşları tərəfindən ona hər hansı psixi və ya fiziki təzyiq edilmədiyini bildirmişdir. Beləliklə, məhkəmə tərkibi ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normaları, hüquqi mövqeləri və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və obyektiv nəticəni özündə ehtiva edən mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ibtidai istintaqda verdiyi etiraf ifadələri, şahid ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokolla, həmin istintaq hərəkətlərinin aparılmasının qeydə alındığı bir ədəd DVD diskə köçürülmüş videogörüntü, götürülmüş maddi sübutla, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertiza rəyləri ilə, əməliyyat tapşırığına verilmiş cavab məktubu, ilkin təhqiqat materialları, eləcə də digər istintaq sənədləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsas yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Yuxarıda qeyd olunan qanunvericiliyin müddəalarını, həmçinin, Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, o cümlədən cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini, eləcə də «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından irəli gələn tövsiyələri nəzərə alaraq məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin tələbləri daxilində minimum həddə cəzalandırılmalıdır ki, həm cəzanın məqsədlərinə xidmət etsin, həm də təqsirləndirilən şəxsin ailəsi onun varlığının maddi və mənəvi təminatından minimum həddə məhrum olunmuş olsun. Əks təqdirdə, təqsirləndirilən şəxsə daha sərt (ağır) cəzanın təyin edilməsi onu daha ciddi məhrumiyyətlərə düçar etməklə, təqsirləndirilən şəxsin islah olunması məqsədinə xidmət edə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirən hal müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun tutulduğu və həbsdə saxlanıldığı müdət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 28 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 60 (altımış) manat məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 60 (altımış) manat məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan, 01(bir) ədəd bükümdə ümumi təmiz çəkisi 2,416 qram olan ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 2.316 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində aparılmış «şəxsi axtarışın keçirilməsi haqqında» protokola əlavə olunmuş 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarları, həmçinin «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3(üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 28 aprel 2024-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Lənkəran ŞRPŞ-də saxlanılan 2,316 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. «Şəxsi axtarışın keçirilməsi haqqında» protokola əlavə olunmuş 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci kimi 60 (altımış) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Ayşən Vəliyeva Hakimlər: Əli Əliyev Oruc Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar