Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-667/2023 28.09.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Süleymanov Elxan Xasay oğlu (sədrlik edən), Əliyev Əli Abdulla oğlu və Cəlilov Oruc Yusif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X5, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1964-cü ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Salyan şəhəri, T.Davudzadə küçəsi ev 29-da qeydiyyatda olmaqla orada yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan külli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 2,068 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində qanunsuz olaraq saxlamaqla daşımış, 2023-cü il iyunun 3-də saat 13 radələrində Salyan şəhəri T.Davudzadə küçəsində yaşadığı evin yaxınlığında Salyan RPŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılıb ünvan 1 ünvanında yerləşən Salyan Rayon Polis Şöbəsinə gətirilmiş və üzərində keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarın sol yan cibindən həmin narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, hadisə günü gecə evində yatmışdır. Gecə səhərə kimi evinə qonşusu Rüfət adlı şəxsdən zəng gəlmişdir. Arvadı həmin zəngələrə cavab vermiş, daha sonra Rüfət qapısına gəlmiş arvadı isə onu çıxıb qovmuşdur. Rüfət zənglərində ondan narkotik vasitə istəmişdir. Bu da polislərin oyunu olmuş ki, guya onu cinayət başında saxlasınlar. Səhər saat altı radələrində də həmin şəxs evinə zəng vuranda arvadı demişdir ki, Yaşar yatıb. Artıq polislər onun yatdığın bilmiş, səhər altı-yeddi radələrində evinə girib, ailəsinin yanında qoluna qandal vurub onu evdən aparmışlar. Polis şöbəsində isə aşkar edilmiş bükümü Tural üzərinə qoymuş, ona demişlər ki, üzünə adam durquzub səni satışla rəsmiləşdirərik. Bu səbəbdən də narkotiki üzərinə götürmüş, onlarla razılaşmışdır. Lakin bilməmiş ki, narkotikin çəkisi çoxdur. Aşkar edilmiş narkotikin ona aidiyyəti olmamış, polis şöbəsinə gedərkən üzərində narkotik vasitə olmamışdır. Üzərinə baxış çəkilişlə olmuş, orada hər şeyi etiraf etmiş, çünki başqa çıxış yolu olmamışdı, əks halda onu satışla rəsmiləşdirəcəklərmiş. Həmin qonşu uşaq Rüfət də polislərin əli ilə gecədən sabaha kimi onlara zəng vurmuşdur. Şöbədə bir nəfər şahid gətirmişlər, demişlər ki, ikincini də gətirirlər, bu səbəbdən razılaşmış ki, onu satışla rəsmiləşdirməsinlər. Əvvəllərdə narkotikə görə məhkum olunub, özü tiryək atmış, axırıncı dəfə də heroindən istifadə etmişdir. Üzərinə narkotik vasitə qoyulması ilə bağlı heç kimə şikayət etməmişdir. Polis şöbəsində olarkən ağrıları olmuş, başını divara vurmuş ki, qan çıxsın, həmin vaxt Ceyhun gəlib onu təpiklə vurmuşdur. Məhkəmədən azyaşlı uşağının olmasını, səhhətində problemlərin olmasını, narkotik vasitənin isə ona aidiyyətinin olmamasının nəzərə alınmasını, barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-1-ci maddəsilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, 2023-cü il mayın 31-də günorta saatlarında yaşadığı evin yaxınlığından keçən Kür çayının sahilində gəzişərkən sahildə bitmiş yulğun kollarının arasındakı selofan büküm diqqətini cəlb etmişdir. Həmin bükümü götürüb açıb içərisində baxdıqda orada narkotik vasitə heroin olduğunu görmüş və həmin narkotik vasitəni özü istifadə etmək məqsədilə götürüb cibinə qoymuşdur. Sonrakı günlərdə həmin narkotik vasitədən bir dəfə özü qəbul etmiş, qalan hissəsini isə növbəti dəfə qəbul etmək üçün cibində saxlamışdır. 2023-cü il iyunun 03-də saat 13 radələrində yaşadığı evin yaxınlığında Salyan şəhəri T.Davudzadə küçəsində gəzişən vaxt mülki geyimdə olan polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib birlikdə rayon polis şöbəsinə gəlməyi ona təklif etmişlər. O etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə rayon polis şöbəsinə gəlmişdir. Polis şöbəsində müstəntiq tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulduğu ona elan olunmuş, şübhəli şəxs kimi ona vəkil təqdim edilmiş, hüquq və vəzifələri ona izah olunmuş, bununla bağlı yazılı bildiriş təqdim edilmişdir. Eyni zamanda ona təqdim olunmuş müdafiəçinin iştirakı ilə video-çəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış zamanı müstəntiq təklif etmiş ki, üzərində qanunla qadağan edilmiş əşya, predmet və ya narkotik vasitə varsa təqdim edərək masanın üzərinə qoysun. O, həmin vaxt əynində olmuş göy rəngli cins şalvarın sol yan cibində saxladığı bir neçə gün əvvəl Kür çayının sahilində tapdığı həmin bir ədəd sellofan bükümdə olan narkotik vasitə heroini çıxardıb masanın üzərinə qoymuşdur. Şifahi sorğu zamanı bir daha bildirmişdir ki, təqdim etdiyi selofan bükümdə olan kütlə narkotik vasitə heroindir, özünə məxsusdur, həmin heroini tutulmamışdan 3 gün əvvəl Salyan şəhəri ərazisində Kür çayının sahilində yerdən tapmışdır, narkotik vasitə olduğunu bilib özü istifadə etmək məqsədilə götürüb üzərində saxlamış, özü bir qədər həmin heroindən qəbul etmişdir, lakin heç kimə narkotik satmamış, satmaq məqsəd və niyyəti olmamışdır. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs ifadələrini təsdiq etmədiyini, ifadələrini polis əməkdaşlarının təhdidləri və onu CM-nin 234.1-ci maddəsi ilə rəsmiləşdirmələri barədə vədlərinə görə özü tərəfindən verildiyini bildirmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 Füzuli oğlu ifadəsində göstərmişdir ki, Salyan Rayon Polis X2 Qrupunun baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 2023cü il iyunun 3-də Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu və üzərində narkotik vasitə saxladığı barədə rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin gün Təqsirləndirilən şəxs yaşadığı evinin yaxınlığında T.Davudzadə küçəsində müşahidə edib yaxınlaşıb özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib birlikdə rayon polis şöbəsinə getməyi təklif etmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində “kola” kimi tanıdığı narkotik vasitə heroin olduğunu bildirib əynindəki cins şalvarın sol yan cibindən bir ədəd selofan büküm çıxardıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi selofan bükümün içərisinə baxıldıqda orada tünd qəhvəyi rəngdə, spesifik qoxuya malik, ilk baxışdan narkotik vasitə heroinə oxşar kütlə olduğu müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, onun üzərindən aşkar edilmiş bir bükümdə olan kütlə narkotik vasitə heroindir, özünə məxsusdur, həmin heroini tutulmamışdan 3 gün əvvəl yaşadığı evin yaxınlığından axan Kür çayının sahilində yerdən tapmışdır, narkotik vasitə olduğunu bilib özü istifadə etmək məqsədilə götürüb üzərində saxlamışdır, həmin heroindən özü qəbul etmişdir, lakin heç kimə satmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində narkotik vasitə heroinə oxşar kütlə olan sellofan büküm elektron tərəzi vasitəsilə çəkilmiş və qablaşdırılmışdır. Təqsirləndirilən şəxs üzərinə narkotik vasitə qoyulmamış, ona qarşı saxlanılarkən və polis şöbəsində olarkən heç bir fiziki zor, təzyiq və ya təhdid edilməmişdir, onun bu barədə bildirdikləri tamamilə yalan və böhtandır, özünü müdafiə xarakteri daşıyır. Məhkəmə iclasında şahidlər Şahid3 və Şahid2 Şahid1 Füzuli oğlunun ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə istintaqı zamanı şahid X3 ifadəsində göstərmişdir ki, əri Yaşara qonşuları Rüfət gecə saat üçdən sabahadək zəng vurub, narkotik istəmişdir. Hər dəfə telefona özü cavab vermiş, Rüfət isə demişdir ki, “yoldaşın çıxsın mənə mal versin”. O isə Rüfətə onlardan uzaq durmağı tələb etmiş, bir dəfə də çıxıb qapıdan qovmuşdur. Saat yeddiyə işləmiş birdən bərk səslər eşitmiş, yuxudan durmuş ki, polislər evlərinə basqın edibdir. Həmin vaxt əri Yaşarı ayaqyalın evdən çıxarıblar. Azyaşlı oğlu isə ağlaya-ağlaya ərinə ayaqqabı aparmış ki, atasın sonuncu dəfə görə bilsin. Özü isə əlinə balta götürmüş, polislərə qanunsuz evlərinə girdiklərinə görə etiraz etmiş, həmin vaxt onu videoyaya da çəkmişlər, lakin həmin videonu üzə çıxarmırlar. Polislər evlərində olarkən isə əllərində nəyisə evdə olan qabın içərisinə atıb, demişlər ki, bu nədi. Ərinin telefonu olmamış, mobil telefon özünə məxsus olmuşdur. Zənglər də həmin telefona gəlmişdir. Evində isə vazanın içərisinə Tural nəsə qoymuşdur. İşdə olan, Salyan RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid2 xx.xx.2023-cü il tarixli “Raport”u ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Salyan rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, daşıması və saxlanılmasında şübhəli olduğu barədə əməliyyat məlumatı daxil olmuşdur. Onun ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş etmişdir. (c İ, i.v 4) İşdə olan, «əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə» xx.xx.2023-cü il tarixli qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair Salyan RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qərar qəbul olunmuşdur. (c İ, i.v 7-8) İşdə olan, «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:00-da şübhəli şəxs qismində tutulmuşdur. (c İ, i.v 23) İşdə olan, xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə protokolundan və videoçəkilişdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd selofan bükümdə narkotik vasitə heroinə oxşar kütlə aşkar edilib götürülmüşdür. (c İ, i.v 27-28) İşdə olan, materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli 18/587 №-li rəyindən görünür ki, “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar olan kağız paketdəki 1 ədəd selofan kəsiyi bükümündə təmiz çəkisi 2,068 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata sərf edildi-0,05 qram, qalıq-2,018 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 49,74 manat təşkil edir. (c İ, i.v 35-37) İşdə olan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, Təqsirləndirilən şəxs gözdən əlil səbəbi ilə müddətsiz İİİ dərəcəli əlildir. (c İ, i.v 45) İşdə olan, Salyan Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, dərhal tutulmadan azad edilmişdir. (c İ, i.v 79--81) İşdə olan, 05 iyun 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (c İ, i.v 68-69) İşdə olan, 05 iyun 2023-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, ekspert tətqiqatı nəticəsində qalıq çəkisi 2,018 qram heroin maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. (c İ, i.v 72) İşdə olan, xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirli bilinib 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2013-cü il tarixli Amnistiya Qərarının 3-cü bəndi tətbiq olunmaqla Qaradağ Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə cəzası 6 ay azaldılmış və xx.xx.2014-cü ildə cəzasının sonu ilə azad edilmişdir. (c İ, i.v 88-90) İşdə olan, TƏBİB Salyan Rayon Mərkəzi X6 Şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs Tiryək narkomansiyası diaqnozu ilə dispanser qeydiyyatında dayanır. (c İ, i.v 93) İşdə olan, xx.xx.2023-cü il tarixli Salyan rayon İHB-nın Salyan şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayış, xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadından, 1990-ci il və 1991-ci il təvəllüdlü uşaqlarından ibarətdir, yaşadığı müddət ərzində nümayəndəliyə onun barəsində şikayət daxil olmamışdır. (c İ, i.v 95-96) İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən “ambulator məhkəmə-narkoloji ekspertiza” üzrə verilmiş 09 iyun 2023-cü il tarixli, 615 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. (c İ, i.v 99) İşdə olan, doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Yaşar oğlu adlı uşağı vardır. (c İİ, i.v 40) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs yuxarıda elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi dəlillər: saxlanılarkən üzərində heç bir narkotik vasitə və qanunla qadağan edilmiş əşya və ya predmet olmamış, narkotik vasitə heroin polis əməkdaşları tərəfindən üzərinə qoyulmuş, polis əməkdaşları tərəfindən ona təhdidlər edildiyi və aldadıldığı üçün həmin narkotik vasitənin özünə məxsus olmasını etiraf etmişdir. Təqsirləndirilən şəxsin irəli sürdüyü ikinci dəlillə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təhdidlərə məruz qalması ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir. İş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs özü, istər onun vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlıvaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş və eyni zamanda o, bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişdir. Beləliklə, təqsirləndirilən şəxs iki aya yaxın müddət ərzində aparılmış ibtidai araşdırma zamanı təhdidlərə məruz qaldığını mübahisələndirməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı müstəntiq tərəfindən verilmiş suallara cavab olaraq söyləydiyi səsli nitqində saxlanılan zaman və polis şöbəsinə gətirilərkən polis əməkdaşları tərəfindən ona fiziki güc, zorakılıq göstərilmədiyi, bununla bağlı şikayətinin olmadığını bildirmiş, eyni zamanda onun saxlanılmasında iştirak etmiş polis əməkdaşları da məhkəmədə dindirilərkən tərəflərindən Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki və ya psixi təsirin göstərilmədiyini, üzərinə narkotik vasitə qoyulmadığını bildirmişlər. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, yuxarıda qeyd olunanlar təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələrin məhz təhdidlər nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən təhdidlərə məruz qalması ilə bağlı göstərdiyi xüsusat işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, ondan ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs işin məhkəmə baxışı zamanı tutulduqdan sonra təhdidlərə məruz qalmaqla ondan şübhəli və təqsirləndirilən şəxs kimi izahat və etirafedici ifadələr alınması ilə bağlı bildirdiklərinə yuxarıda aparılmış təhlil nəzərə alınmaqla iş üzrə toplanmış digər sübutlarla birlikdə məcmu şəkildə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin bu hissədə bildirdikləri həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi digər dəlillərin qiymətləndirilməsi: Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərilən xüsusatlar, üzərindən aşkar edilmiş narkotik vasitə heroinin ona aidiyyətinin olmaması, həmin narkotik vasitənin üzərinə polis əməkdaşları tərəfindən qoyulması, daha sonra ona təhdidlər edilməsi və nəticədə rəsmiləşdirilməsi məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən özünün ibtidai araşdırma zamanı vermiş olduğu izahat və ifadələri, şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Belə ki, cinayət təqibi başlanan andan Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə xx.xx.2023-cü ildə şübhəli (cild İ – i.v. 40-41) və xx.xx.2023-cü ildə təqsirləndirilən (cild İ – i.v. 56-57) şəxs qismində verdiyi ifadələrində, barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətə baxılarkən verdiyi izahatında, (cild İ – i.v. 79-81) eləcə də üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilərkən söylədiyi səsli nitqində işin faktiki hallarına uyğun gələn ifadələr vermişdir. Həmin izahat, ifadələrində və istintaq hərəkətlərində təqsirləndirilən şəxs üzərindən çıxan narkotik vasitə heroinin özünə məxsus olmasını, həmin narkotik vasitəni tapdığını, istifadə etmək məqsədilə üzərində gəzdirdiyini bilvasitə öz seçimi əsasında cəlb edilmiş peşəkar vəkilinin yanında qeyd-şərtsiz və açıq-aşkar formada bəyan etmişdir. Bununla yanaşı onun barəsində Salyan Rayon Polis Şöbəsində cinayət təqibi başlanan andan, barəsində olan cinayət işi ittiham aktı ilə məhkəməyə daxil olanadək müdafiəçinin iştirakı ilə verdiyi bütün izahat və ifadələrində polis əməkdaşları tərəfindən üzərinə narkotik vasitə qoyulması ilə bağlı fikir ifadə etməmişdir. Ümumiyyətlə o, məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründən fərqli ifadə verməsini hər hansı bir halla əsaslandırmamış, yalnız saxlanılarkən və polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən təhdidlərə məruz qalmasını bildirməklə özünə qarşı verdiyi ifadələri inkar etmiş, lakin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs irəli sürdüyü həmin dəlillər təsdiqini tapmamışdır. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin həqiqəti əks etdirmədiyi, əksinə ibtidai araşdırma zamanı heç bir təsir və təzyiq olmadan müdafiəçinin iştirakı ilə verdiyi ifadələrinin isə işin faktiki halları ilə üst-üstə düşdüyü və həqiqəti əks etdirdiyi qənaətinə gəlməyə əsas verir. Ona görə də, məhkəmə Yaşar Kazmovun məhkəmə baxışı zamanı gətirdiyi dəlilləri məsuliyyətdən yayınmaq məqsədi ilə seçilmiş müdafiə taktikası kimi dəyərləndirir və hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə özünü məsuliyyətdən qurtarmağa çalışır. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cinayət işinin ibtidai araşdırma mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini əsaslı və işin faktiki hallarına uyğun ifadələr kimi qəbul edərək məhz həmin ifadələrin ittihamın əsasına qoyulmasını məqsədə uyğun sayır. Bu səbəbdən də, cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlar vasitəsi ilə Təqsirləndirilən şəxs məhkəmədə qeyd etdiklərinin işin faktiki halları ilə üst-üstə düşmədiyi, obyektiv həqiqəti əks etdirmədiyi müəyyən olunur. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələrində göstərdikləri işin müəyyən olunmuş faktiki halları ilə birəbir uyğun olmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan ifadələrində üzərindən aşkar edilmiş narkotik vasitənin ona aid olduğunu, tapdığını və şəxsi istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Bununla yanaşı o, xx.xx.2023-cü ildə cinayət işinin materialları, eləcə də, təkrarən işdə olan dindirmə protokolları ilə tanış olsa da, həmin protokollarda əks olunmuş ifadələrinin məzmununu mübahisələndirməmiş, habelə buna dair düzəliş, qeyd, əlavə və etiraz verməmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı heç bir təsir və təzyiq göstərilmədən, müdafəçinin iştirakı ilə verdiyi izahat və ifadələrində üzərindən aşkar edilmiş narkotik vasitə heroinin özünə məxsus olmasını, yerdən tapmasını və istifadə etmək məqsədilə üzərində gəzdirməsini, daha sonra həmin maddənin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülməsini etiraf etmiş və onun bu ifadələri iş üzrə CPM-nin 125.2-ci maddəsində sadalanan pozuntulara yol verilmədən əldə edilmiş digər sübutlarla da tam təsdiq edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Habelə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olmasını və ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir. Bundan başqa Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və Salyan RPŞ-nin MSY-dən azad edilmişdir. Bununla da o, 02 (iki) gün həbsdə olmuşdur. Habelə Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında həbs olunmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, habelə cəzaçəkmə müddətinin əvvəli onun 03 iyun 2023-cü il tarixdən 05 iyun 2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət nəzərə alınmaqla 26 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli, 39 saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası»nın təsdiq edilməsi barədə Qərarı ilə təsdiq edilmiş «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası»nın 3-cü bəndinin (məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslər) 3.2-ci maddəsinə əsasən (əlillərə və ya sağlamlıq imkanları məhdud uşaqlara) məcburi müalicə narkomanlıq xəstəliyinə düçar olmuş əlillərə tətbiq oluna bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs İİİ dərəcə əlilliyi olan şəxs olduğu üçün barəsində narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Həmçinin Təqsirləndirilən şəxs ərazi narkoloji xəstəxanasında “Tiryək narkomaniyası” diaqnozu ilə qeydiyyatda olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınaraq Salyan Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,018 qram narkotik vasitə heroin məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan olan 49,74 (qırx doqquz manat, yetmiş dörd qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbs edilsin və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun 03 iyun 2023-cü il tarixdən 05 iyun 2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət nəzərə alınmaqla 26 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına keçirilib həbsdə saxlanması üçün Lənkəran Şəhər Rayon X7 Saxlama Yerinə göndərilsin. İş üzrə maddi sübut olan və Salyan Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,018 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-49,74 (qırx doqquz manat, yetmiş dörd qəpik) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Elxan Süleymanov Hakimlər: Əli Əliyev Oruc Cəlilov
Məhkəmə qərarları › İş №1(099)-667/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-667/2023
28.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver