Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-671/2022 21.12.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri - Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən), Səfərli Cavid Şamil oğlu və Nəbiyev Cəlil Cabbar oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxx 1997-ci ildə Astara rayonu Sərək kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Astara rayonu Sərək kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2021-ci ilin noyabr ayında yaşadığı Astara rayonu Sərək kəndində küçədə tapdığı çətənə (kannabis) bitkisinin toxumlarını 2022-ci ilin may ayında yaşadığı Astara rayonu Sərək kəndində yerləşən evinin qarşısında olan bağda naringi ağaclarının arasında qanunsuz olaraq torpağa əkib, yetişdirmiş, həmin bitkilərə aqrotexniki qaydada qulluq etməklə kultivasiya etmiş, xx.xx.2022-ci il tarixdə saat 12:30 radələrində Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı evin həyətyanı sahəsinə baxış keçirlən zaman həmin evin qarşısında olan bağda naringi ağaclarının arasında torpağa əkdiyi yerdən külli miqdarda əkilib-becərilməsi qadağan olunan 1284 (min iki yüz səksən dörd) ədəd yaş vəziyyətdə, ümumi təmiz çəkisi - 200140,0 qram olan narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin noyabr ayında yaşadığı kənddə abidənin yanında olan oturacağın altında çətənə bitkisinin toxumlarını tapıb saxlamışdır. Saxladığı çətənə bitkisinin toxumlarını əkmək qərarına gəlmiş və 2022-ci ilin may ayında yaşadığı evin həyətyanı sahəsində narıngi ağaclarının arasında və xüsusi hazırladığı yerdə həmin çətənə toxumlarını əkmişdir. Özü narkotik vasitə qurudulşmuş marixuana istifadəçisi olduğuna görə onları da özü üçün əkmişdir. O, mütəmadi olaraq həmin çətənə bitkilərinə qulluq göstərmiş və su vermişdir. xx.xx.2021-ci il tarixdə polis əməkdaşları onun həyətinə gəlib həyətə baxış keçirilməsini bildirmişlər. Yaşadığı evin həyətinə baxış keçirilən zaman həyətdən onun əkdiyi və qulluq göstərdiyi 1284 (min iki yüz səksən dörd) ədəd çətənə bitkisini meyvə ağaclarının arasında aşkar etmişlər. Nəşə kollarını əkməkdə məqsədi kiməsə satmaq olmamış, öz istifadəsi üçün əkmişdir. Əməlindən peşmandır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, məhkəmə baxışı zamanı dindirilmiş şahid ifadələri, habelə tədqiq olunmuş ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Astara Rayon Polis Şöbəsinin narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Astara rayonu, Sərək kəndində yaşayan, 1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik tərkibli çətənə bitksi əkib-becərməsi barədə məlumat əldə etdikdən sonra şöbə rəhbərliyinin müvafiq göstərişi əsasında həmin şəxsin saxlanılması və yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsi barədə qərar qəbul olunmuş və həmin qərarın icrası üçün əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs evdə olduğu müəyyən edilərək xx.xx.2022-ci il tarixdə saat 12 radələrində şöbənin digər əməkdaşları və aqronom ilə birlikdə Təqsirləndirilən şəxs Astara rayon Sərək kəndində yerləşən evinə gedilmişdir. Həmin vaxt evdə olan Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçiriləcəyi izah olunduqdan sonra buna heç bir etiraz etməmiş, daha sonra Təqsirləndirilən şəxs yaşadığı ünvana video görüntü vasitəsi ilə baxış keçirilmişdir. Həyətə baxış keçirilən zaman evin qarşısında olan bağda naringi ağaclarının arasında və xüsusi hazırlanmış yerdə müxtəlif ölçülərdə 1284 ədəd torpağa basdırılmış vəziyyətdə, yaş halda olan aqrotexniki qaydada qulluq edilmiş çətənə bitkisinə oxşar kollar aşkar edilmişdir. Baxışda iştirak edən aqronom (mütəxəssis) aşkar olunmuş həmin 1284 ədəd bitkiyə baxarkən onların naroktik tərkibli çətənə bitkisi olması və onlara aqrotexniki qaydada qulluq olunması barədə rəyini bildirmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar edilərək götürülmüş bitkilərin çətənə bitkisi olduğunu, təxminən may ayının əvvəllərində əkdiyini, həmin bitkilərə qulluq göstərdiyini bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin bitkilər iştirakçıların köməkliyi ilə dartılıb yerindən çıxarılmışdır. Daha sonra təhqiqatçı tərəfindən aşkar olunmuş həmin bitkilər ekspertizaya təqdim olunması məqsədi ilə qablaşdırılaraq 24 ədəd bağlamaya qoyulmuş və Astara RPŞ-nin 84 saylı möhürü ilə möhürlənmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşları Şahid4 və Şahid5 Şahid1 ifadəsində göstərdiyi xüsatalar üzrə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Astara rayonu Bitki Mühafizəsinin rəisi Şahid7 ifadəsində göstərmişdir ki, 07 iyul 2022-ci il tarixdə saat 11 radələrində işlədiyi laboratoriyada olarkən polis əməkdaşı ona zəng edərək Astara rayonu Sərək kəndində yaşayan bir nəfər şəxsin həyətinə baxış keçirilməsində mütəxəssis qismində iştirak etməyini xahiş etmişdir. Buna etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Astra rayonu Sərək kəndinə getmişdir. Saat 12 radələrində polis əməkdaşları tərəfindən onun və ev sahibi Təqsirləndirilən şəxs iştirakı ilə onun yaşadığı Sərək kəndində yerləşən evin həyətyanı sahəsinə baxış keçirilmiş, evin qarşısında olan bağda naringi ağaclarının arasında və xüsusi hazırlanmış yerdə müxtəlif ölçülərdə 1284 ədəd torpağa basdırılmış vəziyyətdə, yaş halda olan aqrotexniki qaydada qulluq edilmiş çətənə bitkisinə oxşar kollar aşkar edilmişdir. Aşkar olunmuş həmin bitkilərə aqrotexniki qaydalara uyğun qulluq olunub becərilmişdir. Bundan sonra torpağa əkilmiş həmin narkotik tərkibli çətənə bitkiləri iştirakçılar tərəfindən kökündən çıxarılmışdır. Daha sonra təhqiqatçı tərəfindən aşkar olunmuş həmin bitkilər ekspertizaya təqdim olunması məqsədi ilə qablaşdırılaraq bağlamalara qoyulub möhürlənmişdir. Məhkəmədə tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının üzrə 08 iyul 2022-ci il tarixli 19/775 saylı rəyində aşağıdakılar göstərilmişdir - Tədqiqata təqdim olunmuş üzərində: “Təqsirləndirilən şəxs həyətindən aşkar olunmuş narkotik xassəli bitki...” sözlər və imzalar olan 24 ədəd kisənin içərisində, ümumi sayı 1284 (min iki yüz səksən dörd) ədəd, yaş vəziyyətdə ayrı-ayrılıqda təmiz çəkisi: -15645 qr; -22085 qr; -12090 qr; -16855 qr; -4980 qr; -4525 qr; -4130 qr; -5120 qr; -4640 qr; -6230qr; -4535qr; -10250qr; -5935qr; - 7345qr; -5620qr; -6220 qr; -4440 qr; -4910 qr; -8690 qr; -3430qr; -4140qr; -5935qr; -12875 qr; -19515 qr; ümumi təmiz çəkisi – 200140,0 qram olan bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 770 saylı rəyin nəticə hissəsində göstərilmişdir ki, – Təqsirləndirilən şəxs çətənə bitkisi perparatlarını tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş xx.xx.2022-ci il tarixli baxış protokolundan görünür ki, Astara RPŞ-nin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə əlaqədar Təqsirləndirilən şəxs yaşadığı evinə və həyətyanı sahəsinə baxış keçirilərkən evin qarşısında olan bağda naringi ağaclarının arasında və xüsusi hazırlanmış yerdə təxminən 80 sm-dən 2 metr ölçülərdə, 1284 ədəd, yaş halda, torpağa basdırılmış vəziyyətdə çətənə bitkisinə oxşar kollar aşkar edilərək götürülmüşdür. 8 iyul 2022-ci il tarixli qərarla 1284 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi maddi sübut kimi tanınmış və saxlanılması üçün Astara RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz istifadəsi ilə məşğul olmuş, o, həmin narkotik vasitələri özü üçün əkib becərmiş, satış niyyəti olmamışdır. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan çətənə növlü bitkilərin 15 ədəddən yuxarısı külli miqdar hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs etirafedici ifadələrini, şahid ifadələrini, ekspertizanın rəylərini, istitntaq hərəkətlərinin protokllarını və məhkəmədə tədqiq edilmiş digər sübutları işin obyektiv hallarına uyğun gəldiyindən təqsirləndirilən şəxsin təqsirliliyini təsdiq edən sübut növü kimi qiymətləndirir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi məhkəmədə tədqiq olunmuş sübutlarla təsdiq olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmiş və onun bu əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Buna görə də, Təqsirləndirilən şəxs həmin maddədə qanunla müəyyən edilmiş qaydada cəza təyin olunmalıdır. 7 iyul 2022-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün cinayət törətməsində şübhəli şəxs qismində tutulmuş, 8 iyul 2022-ci il tarixdə CM-in 237.2.3-cü maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək Astara Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 7 iyul 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Astara rayon Şüvi kənd İnzibati Ərazi Dairəsi üzrə İcra Nümayəndəsinin xx.xx.2022-ci il tarixli 849 N-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs, Astara rayonu Şüvi kəndində qeydiyyatda olmaqla ailə tərkibi xx.xx.2001-ci il təvəllüdlü arvadı X2, xx.xx.1969-cu il təvəllüdlü atası X4, xx.xx.1967-ci il təvəllüdlü anası X1 ibarətdir, birlikdə yaşayırlar. Astara rayon Şüvi kənd İnzibati Ərazi Dairəsi üzrə İcra Nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran və Azərbaycan Respublikası CM-nin 59-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 237.2.3-cü maddəsi “ağır” cinayətlər kateqoriyasına aiddir. Həmin maddənin sanksiyasında üç idən səkkiz ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsində müəyyən edilən azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-nin 158.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli 7 iyul 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Astara RPŞ-də saxlanılan 1284 (min iki yüz səksən dörd) ədəd çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 07 iyul 2022-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1 və 132.1.6-cı maddələrinə müvafiq olaraq iş üzrə maddi sübut kimi tanınaraq Astara RPŞ-də saxlanılan 1284 (min iki yüz səksən dörd) ədəd çətənə (kannabis) bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci 60 (altmış) manat təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Müşfiq Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-671/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-671/2022
21.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver