Məhkəmə qərarları › İş №1(099)-672/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-672/2022

23.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-672/2022 23.11.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1987-ci ildə Astara şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Astara rayonunun Artupa kəndində qeydiyyatda olmaqla orada yaşayır, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs çətənə (kannabis) bitkisinin toxumlarını 2022-ci ilin iyun ayında yaşadığı Astara rayonunun Artupa kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində qanunsuz olaraq əkib yetişdirmiş, külli miqdarda - 26 ədəd çətənə bitkisinə aqrotexniki qaydada qulluq göstərib kultivasiya etmiş, 13 iyul 2022-ci ildə, saat 19:40-da Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı yaşadığı evin həyətyanı torpaq sahəsində əkilib-becərilməsi qadağan olunan 26 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazıki ifadəsində göstərmişdir ki, himayəsində heç bir yerdə işləməyən arvadı və iki azyaşlı uşağı ilə birgə Astara rayonunun Artupa kəndində yaşayır və X6 rayon idarəsində mühafizəçi işləyir. İstifadəsi üçün əldə etdiyi narkotik vasitə qurudulmuş marixuananın baş hissəsində olan toxumları yığıb 2022-ci ilin iyun ayının əvvəllərində əkərək onlara qulluq edib yetişdirmiş, 13 iyul 2022-ci ildə axşam saatlarında rayon polis şöbəsinin əməkdaşları evinə gələrək həyətə baxış keçirərkən əkib becərdiyi 26 ədəd çətənə kolu aşkar edilərək götürülmüş, həyətinə keçirilən baxışla bağlı protokol tərtib edilərək baxışda iştirak edən şəxslər, eləcə də onun tərəfindən imzalanmışdır. Hazırda əməlindən peşman olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmaqla himayəsində heç bir yerdə işləməyən arvadı və iki azyaşlı uşaqlarının olmasını nəzərə alaraq məhkəmədən ona aşağı həddə cəza verilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin verilən ittihamlar üzrə cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirli olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında Astara RPŞ-nin X1 əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 şahid qismində dindirilərkən istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 13 iyul 2022-ci ildə Astara rayonunun Artupa kənd sakini Təqsirləndirilən şəxs yaşadığı həyətyanı torpaq sahəsində narkotik tərkibli bitkilərin əkib-becərməsi barədə daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmış, onlar həmin gün saat 19 radələrində sonuncunun yaşadığı evə gedərək videoçəkiliş aparılmaqla onun iştirakı ilə həyətə baxış keçirilmiş, baxış zamanı həyətdəki feyxoa ağaclarının yanında 19 ədəd, naringi ağaclarının arasında isə 7 ədəd, ümumilikdə 26 ədəd narkotik tərkibli çətənə kolları aşkar edilib götürülmüş, sonra protokol tərtib edilərək baxışda iştirak edən şəxslər, eləcə də Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 da ifadə verərək Şahid1 ifadəsində göstərdikləri xüsusatları təsdiq etmişlər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş «baxış keçirilməsi və götürmə aparılması haqqında” 13 iyul 2022-ci il tarixli protokoldan görünür ki, 13 iyul 2022-ci ildə Astara RPŞnin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədirləri nəticəsində Astara rayonu Artupa kənd sakini Təqsirləndirilən şəxs həyətində narkotik tərkibli bitkilərin əkilməsi barədə məlumat əsasında sonuncunun həyətinə baxış keçirilmiş və baxış zamanı həyətdəki feyxoa ağaclarının yanından 19 ədəd, naringi ağaclarının arasından isə 7 ədəd olmaqla ümumilikdə 26 ədəd narkotik tərkibli çətənə bitkilərinə bənzər kollar aşkar edilərək götürülməklə qablaşdırılıb möhürlənmiş və qablaşmanın üzəri imzalanmışdır. Təqsirləndirilən şəxslə aparılan şifahi sorğu zamanı o, həmin çətənə bitkilərini öz istifadəsi məqsədilə əkdiyini bildirmişdir. İş materiallarında olan Astara Rayon Bitki Mühafizəsi İdarəsinin rəisi mütəxəssis X4 tərəfindən verilmiş 13 iyul 2022-ci il tarixli rəydən görünür ki, 13 iyul 2022-ci ildə Astara rayonunun Artupa kəndində yerləşən Təqsirləndirilən şəxs məxsus həyətyanı torpaq sahəsinə baxış keçirilmiş və baxış zamanı xüsusi hazırlanmış yerdə ümumilikdə 26 ədəd narkotik xassəli çətənə kolları aşkar edilərək götürülmüşdür. Həmin çətənə kollarına aqrotexniki qaydada qulluq göstərilməklə mütəmadi suvarılmış, dibləri alaq otlarından təmizlənmişdir. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 14 iyul 2022-ci il tarixli, 19/785 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Astara rayonu Artupa kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar olunmuş çətənəyə bənzər bitkilər” sözlər və imzalar olan 01 ədəd kisənin içərisindən ümumi sayı 26 (iyirmi altı) ədəd olan, hündürlükləri 50-150 sm aralıqda olan yaş vəziyyətdə təmiz çəkisi – 2165,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq olunmuşdur. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 28 iyul 2022-ci il tarixli, 811 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarını tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs həyətindən aşkar edilərək götürülmüş 26 ədəd çətənə bitkisi Astara rayon polis şöbəsində saxlanılır, baxış və götürmə aparılması istintaq hərəkətinin videogörüntüsünün əks olunduğu 1 (bir) ədəd DVD disk cinayət işinə əlavə edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi etirafedici və şahidlərin isə verdikləri təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona istinad edilən Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir və onun həmin maddə ilə təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə gəldiyi nəticələri mövcud qanunvericiliyin, həmçinin, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunun izah və tələbləri baxımından da əsaslı hesab edir. “Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilərə dair 3 saylı siyahı”ya əsasən Azərbaycan Respublikasında bitən, lakin kultivasiyası qadağan olunmuş, tərkibində narkotik maddələr olan “çətənə” növlü bitkilərin ölçü vahidləri 15 ədəddən yuxarıdırsa, onlar “külli miqdar” hesab olunur. Məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq, həmin sübutlara tətbiq edilməli qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə tövsif olunmuşdur. Cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. İş materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs 13 iyun 2022-ci ildə şübhəli şəxs qismində tutulmuş, 15 iyun 2022-ci ildə ona Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə ittiham elan edilmiş, həmin tarixdə o, həbsdən azad edilməklə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışınadək, yəni 2022-ci ilin iyun ayının 13-dən 15-dək şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı müddət, yəni 02 (iki) gün ona təyin olunacaq cəzaya hesablanmaqla çıxılmalıdır. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında həbsə alınmalı, saxlanılması üçün Lənkəran şəhərrayon polis şöbəsinə təhvil verilməli, oradan isə Bakı İstintaq Təcridxanasına etap olunmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş 18 iyul 2022-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Əliyev X3 rayonunun Artupa kəndində qeydiyyatda olmaqla heç bir yerdə işləməyən arvadı, 2013 və 2014-cü ildə doğulmuş azyaşlı uşaqları ilə birgə həmin kənddə yaşayır, yaşayış yerindən müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun himayəsində 2 (iki) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən qanunla müəyyən olunmuş qaydada, eyni zamanda törətdiyi cinayəti etiraf etməklə əməlindən peşmanlıq keçirməsini, himayəsində heç bir yerdə işləməyən arvadının olmasını və yaşayış yerindən müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Astara rayon polis şöbəsində saxlanılan 26 ədəd çətənə bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, baxış və götürmə aparılması istintaq hərəkətinin videogörüntüsünün əks olunduğu 1 (bir) ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə ekspertiza xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilsin və o, məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 23 noyabr 2022-ci ildən hesablansın. Təqsirləndirilən şəxs məhkəmə baxışınadək, yəni 2022-ci ilin iyun ayının 13-dən 15-dək şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı müddət, yəni 02 (iki) gün ona təyin olunmuş cəzaya hesablanmaqla çıxılsın, üzərində qəti olaraq 2 (iki) il, 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs saxlanılması üçün Lənkəran şəhər-rayon polis şöbəsinə təhvil verilsin, oradan da Bakı İstintaq Təcridxanasına etap olunsun. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi qaydada müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Astara rayon polis şöbəsində saxlanılan 26 ədəd çətənə bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, baxış və götürmə aparılması istintaq hərəkətinin videogörüntüsünün əks olunduğu 1 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan iyirmi gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar