Məhkəmə qərarları › İş №1(099)-672/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-672/2023

07.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-672/2023 07.09.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1979-cu ildə Salyan rayonu Qarabağlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, məhkumluğu olmayan, Salyan rayonu Qarabağlı kəndində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq 10,245 qram, külli miqdarda narkotik vasitə heroini əldə edərək saxlamaqla üzərində daşımış, bu barədə daxil olmuş əməliyyat məlumatı əsasında Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 13 may 2023-cü ildə saat 12:30 radələrində Salyan rayonu Qarabağlı kəndində saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi tutulmaqla üzərində müdafiəçinin iştirakı ilə, videoçəkilişdən istifadə olunmaqla şəxsi axtarış aparılarkən əynindəki şalvarın sağ yan cibindən bir bükümdə 10,245 qram narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, ailəsi ilə Salyan rayonu Qaradağlı kəndində yaşayır və dülgərlik sənəti ilə məşğuldur. Heç vaxt narkotik vasitələrdən istifadə etməmiş və narkotik vasitə görməmişdir. 13 may 2023-cü il tarixdə saat 12:30 radələrində yaşadığı Qaradağlı kəndində piyada işə getdiyi zaman Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmaqla, ona üzərində narkotik saxlamaqda şübhəli olduğunu bildirməklə rayon polis şöbəsinə aparılmışdır. Həmin vaxt üzərində heç bir narkotik vasitə olmamışdır. Polis şöbəsində polis işçiləri qabağına narkotik vasitə heroin qoyaraq boynuna götürməsini tələb etmişlər. Əks halda evinə 5 kiloqram narkotik vasitə qoyacaqlarını bildirmişlər. Ona görə də üzərində müdafiəçinin iştirakı ilə və videoçəkiliş aparılmaqla şəxsi axtarış aparılarkən məcbur olub heroinin ona məxsus olmasını demişdir. İstintaq zamanı onu narkoloji ekspertizadan keçirərkən ondan analiz üçün qan götürmədən onun narkoman olması barədə rəy verlmişdir. Polis əməkdaşları tərəfindən döyülməmiş, fiziki təsirə məruz qalmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində göstərmişdir ki, ailəsi ilə Salyan rayonu Qarabağlı kəndində yaşayır və dülgərlik fəaliyyəti ilə məşğul olur. 12 may 2023-cü il tarixdə kənd qəbirstanlığının yaxınlığında piyada gedərkən yoldan bir ədəd bükümdə narkotik vasitə heroin tapmışdır. Arabir heroindən istifadə etdiyindən həmin maddəni istifadə etmək üçün cibinə qoyaraq üzərində saxlamışdır. Həmin heroindən bir dəfə istifadə etmiş, qalan hissəsini isə cibində saxlamışdır. 13 may 2023-cü il tarixdə saat 12:30 radələrində kənddə yaşadığı evin yaxınlığında olarkən polis əməkdaşları tərəfindən saxlanılmaqla rayon polis şöbəsinə aparılmışdır. Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi tutulmuş, üzərində müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilərək şəxsi axtarış aparılarkən ona üzərində qanunsuz əşya vardırsa, təqdim etməsi təklif edilmişdir. O, üzərində bir bükümdə olan narkotik vasitə heroin əynindəki şalvarın sağ yan cibindən çıxarıb təqdim etmişdir. Həmin narkotik vasitə elektron tərəzidə çəkilmiş, çəkisinin 10,65 qram olması müəyyən edilmişdir. Həmin maddə onun iştirakı ilə qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs cinayət əməli özünün ifadəsindən əlavə məhkəmədə dindiriolən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında şahid kimi dindirilən X2 göstərdi ki, Salyan Rayon Polis Şöbəsində Cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir.Ona 13 may 2023-cü il tarixdə Salyan rayonu Qarabağlı kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat tədbirləri keçirilməklə Təqsirləndirilən şəxs həmin gün saat 12:30 radələrində yaşadığı evin yaxınlığında saxlanılmaqla rayon polis şöbəsinə dəvət olunmuş, şübhəli şəxs kimi tutulmaqla üzərində vəkilin iştirakı ilə və videoçəkilişdən istifadə olunmaqla şəxsi axtarış aparılarkən o, əynindəki şalvarın sağ yan cibindən bir ədəd büküm çıxarıb təqdim etməklə bükümdə narkotik vasitə heroin olduğunu və özü qəbul etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Həmin büküm açıldıqda içərisində narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Həmin maddə elektron tərəzidə çəkilməklə qablaşdırılıb götürülmüş və bu barədə protokol tərtib edilmişdir. O, Təqsirləndirilən şəxs üzərinə narkotik vasitə qoymamış, narkotik vasitənin özünə məxsus olmasını etiraf etməsi üçün ona qarşı heç bir təsir-təzyiq göstərməmişdir. Məhkəmə istintaqında şahid kimi dindirilən Salyan Rayon Polis Şöbəsinin əməkdaşları Şahid3, Şahid2 və Şahid4 da Şahid1lə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. Şəxsi axtarış və götürmə aparılması haqqında 13 may 2023-cü il tarixli protokoldan və aparılmış videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən ona üzərində qanunsuz əşya vardırsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə narkotik vasitə heroin olduğunu, onu bir gün əvvəl yaşadığı kənddə qəbirstanlığın yaxınlığında taparaq istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm elektron tərəzidə çəkilmiş, 10,65 qram olmuşdur. Həmin maddə qablaşdırılaraq götürülmüşdür. Materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli, 18/506 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzərində bir ədəd bükümdə aşkar olunmuş 10,245 qram çəkidə maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 542 saylı rəyində rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Qarabağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 26 iyul 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində xx.xx.2005, xx.xx.2006, xx.xx.2008 və xx.xx.2012-ci il tarixlərdə doğulmuş uşaqları vardır. Həmin nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə məsbət səciyyələnir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdar təşkil edən 10,245 qram narkotik vasitə olan heroini əldə edərək üzərində saxlamaqla daşıması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək Təqsirləndirilən şəxs 13 may 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində narkotik vasitənin olmaması, narkotik vasitənin üzərinə polis əməkdaşları tərəfindən qoyulması barədə ifadəsini özünü müdafiə məqsədi daşımaqla qeyri-səmimi və qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Belə ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını özündə əks etdirən videoçəkilişdən görünür ki, o, müdafiəçisinin iştirakı ilə üzərində olan narkotik vasitəni təqdim etməklə narkotik vasitənin özünə məxsus olduğunu etiraf etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, cəzasını CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran halları müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 13 may 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs CMnin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbir tədbiq edilməklə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Salyan Rayon Polis Şöbəsində saxlanılan 10,195 qram narkotik vasitə heroin məhv edilməlidir. Ekspertiza xərci 49 manat 74 qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-cimaddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 13 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Salyan Rayon Polis Şöbəsində saxlanılan 10,195 qram narkotik vasitə heroin məhv edilsin. Ekspertiza xərci 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökm elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar