Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-673/2024 16.10.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 13 avqust 2001-ci ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmuş və məhkumluğu olan, Lənkəran şəhəri, M.Əbülfətov küçəsi, ev 3də qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında (videokonfrans əlaqə sistemindən istifadə edilməklə) açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda-2,014 qram psixotrop maddə olan metamfetamin əldə edib, saxlayıb üzərində daşıyarkən, daxil olmuş məlumat əsasında 17 may 2024-cü il tarixdə, saat 13 radələrində Lənkəran Şəhər- Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Lənkəran şəhəri, Koroğlu küçəsində saxlanılıb üzərində şəxsi axtarış zamanı əynindəki gödəkcənin cibindən bir ədəd bükümdə külli miqdarda- 2,014 qram psixotrop maddə olan metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, subaydır, Lənkəran şəhəri, , M.Əbülfətov küçəsi, ev 3-də qeydiyyatda olmaqla yaşamış, rəsmi olaraq heç bir yerdə işləməmiş, lakin fərdi qaydada avtomobil yuma məntəqəsində işləmişdir. Təxminən dörd ildir ki, narkotik maddələrdən istifadə etməyə başlamış, əsasən metamfetamin və heroindən istifadə etmişdir. Əvvəllər bir dəfə, 2021-ci ilin avqust ayında narkotiklə bağlı tutulmuş və 2022-ci ilin avqust ayında cəzasını çəkib qurtarmışdır. 17 may 2024-cü il tarixdə, saat 13 radələrində Lənkəran şəhəri, Koroğlu küçəsində yerləşən iş yerində, yəni avtomobil yuma məntəqəsində olarkən bir neçə polis əməkdaşı onu tutub polis şöbəsinə aparmışlar. Polis şöbəsində tanımadığı polislər onu döyməsələr də, təzyiqlər edib qarşısına qoyulmuş bir bükümdə olan narkotiki (metamfetamini) üzərinə götürməsini tələb etmiş, o da həmin metamfetaminlə bağlı CMnin 234.1-ci maddəsi ilə ittiham olunmağına razılaşmışdır. Sonra Rəvan adlı polis əməkdaşı bir büküm narkotik maddəni (metamfetamini) onun cibinə qoymuş, bundan sonra polis əməkdaşları vəkilin iştirakı ilə və videoçəkilişlə üzərində axtarış aparmışlar. Axtarış zamanı özü bir ədəd bükümü cibindən çıxarıb polislərə təqdim etmişdir. Təqdim etdiyi bükümün içərisində metamfetamin aşkar olunmuşdur. Orada şifahi sorğu zamanı o, üzərində aşkar olunmuş metamfetamini Lənkəran şəhərində tanımadığı şəxsdən aldığını və şəxsi istifadəsi üçün üstündə saxladığını bildirmişdir. Əslində isə tutulan vaxt üzərində metamfetamin olmamış, metamfetamini cibinə Rəvan adlı polis əməkdaşı qoymuşdur. Polis əmkdaşlarının ona qarşı belə hərəkət etməsinin səbəbini bilməmişdir. Üzərində aşkar olunmuş metamfetaminlə bağlı verilmiş ittiham üzrə özünü təqsirli bilmir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, o, iki ildir ki, narkotik və psixotrop maddələrdən istifadə etməyə başlamış və onda həmin maddələrə asıllıq yaranmışdır. 17 may 2024-cü il tarixdə, səhər saatlarında Lənkəran şəhərində, “Böyük Bazar” adlanan ərazidə tanımadığı şəxsdən bir bükümdə təxminən 2 qram metamfetamini 15 manata alıb əynindəki gödəkcənin cibinə qoymuşdur ki, istifadə etsin. Həmin gün, saat 13 radələrində Lənkəran şəhəri, Koroğlu küçəsində olarkən bir neçə polis əməkdaşı onu saxlayıb üzərində narkotik və psixotrop maddələr saxlamaqda şübhəli olduğu bildirib polis şöbəsinə aparılmışdır. Polis şöbəsində vəkilin iştirakı ilə və videoçəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı özü əynindəki gödəkcənin cibindən bir ədəd bükümü çıxarıb təqdim etmişdir. Təqdim etdiyi bükümün içərisində metamfetamin aşkar olunmuşdur. Şifahi sorğu zamanı o, üzərindən aşkar olunmuş metamfetaminin özünə məxsus olmasını, Lənkəran şəhərində “Böyük Bazar” adlanan ərazidə tanımadığı şəxsdən alıb istifadəsi üçün üzərində saxladığını bildirmişdir. O, heç vaxt narkotik və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. O, polis əməkdaşları tərəfindən tutulub polis şöbəsinə gətirilərkən və bundan sonra ona qarşı heç bir fiziki zor və ya təzyiqlər tətbiq olunmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla bağlı videoçəkiliş tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, o, tutulan vaxt üzərində heç bir metamfetamin olmamışdır. Tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı fiziki zorakılıq halları olmamış, lakin polis əməkdaşları ona qarşı təzyiqlər etdiyindən o, üzərində aşkar olunmuş metamfetaminin özünə məxsus olduğunu bildirmişdir. Əslində üzərində aşkar olunmuş metamfetamini cibinə Rəvan adlı polis əməkdaşı qoymuşdur. Ona görə də o, üzərində aşkar olunmuş metamfetaminlə bağlı verilmiş ittiham üzrə özünü təqsirli bilmir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübut, ekspert rəyləri və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, Lənkəran ŞRPŞ-nin əməkdaş olduğu dövrdə 17 may 2024-cü il tarixdə Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik və psixotrop maddələr əldə edib üzərində saxlaması barədə ona əməliyyat məlumatı daxil olmuş və bu məlumatın yoxlanılması üçün özünün də daxil olduğu əməliyyat qrupu yaradılmış və həmin gün saat 13 radələrində təxirəsalınmaz əməliyyat-axtarış tədbiri keçirilmiş və Təqsirləndirilən şəxs Lənkəran şəhəri, Koroğlu küçəsində piyada hərəkətdə olarkən saxlanılıb ona üzərində narkotik vasitələr saxlamaqda şübhəli olduğu bildirilib Lənkəran ŞRPŞ-nə aparılmışdır. Polis şöbəsində təhqiqatçı Murad Adilzadə tərəfindən vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkcənin cibindən bir ədəd bükümü çıxarıb təqdim etmiş və həmin bükümün içərisində metamfetaminə oxşar kütlə aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunan metamfetamini Lənkəran şəhəri, “Böyük Bazar” adlanan ərazidə tanımadığı şəxsdən 15 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş metamfetamin kütləsi elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq göstərilməmiş, həmçinin üzərində axtarış zamanı Təqsirləndirilən şəxs hər hansı şikayəti və ya narazılığı olmamışdır. Məhkəmə iclasında Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan, Lənkəran ŞRPŞ-nin əməkdaşının 17 may 2024-cü il tarixli “Raport”ları ilə müəyyən olunur ki, Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs narkotik və psixotrop maddələr əldə etməsi, saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumat əsasında Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 17 may 2024-cü il tarixdə, saat 13 radələrində Lənkəran şəhəri, Koroğlu küçəsində saxlanılıb Lənkəran ŞRPŞ-nə gətirilmişdir. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 20 may 2024-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tibbi müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmiş, həmçinin tibbi müayinə zamanı Təqsirləndirilən şəxs 17 may 2024-cü il tarixdə, saat 13 radələrində tutulub polis şöbəsinə gətirildiyini və heç bir şikayətinin olmadığını bildirmişdir. İşdə olan, “Şəxsi axtarışın keçirilməsi haqqında” 17 may 2024-cü il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Lənkəran ŞRPŞ-nin TB-nin təhqiqatçısı Murad Adilzadə tərəfindən müdafiəçi Elşən Musazadənin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkcənin (jaket gödəkcənin) cibindən bir ədəd bükümü çıxarıb təqdim etmiş və həmin bükümün içərisində psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunan kütlənin metamfetamin olduğunu, Lənkəran şəhəri, “Böyük Bazar” adlanan ərazidə tanımadığı şəxsdən 15 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş kütlə elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüşdür. Şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş bir ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 17 may 2024-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə olan metamfetaminə bənzər kütlə ...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 2,014 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Ekspertiza tədqiqatından sonra qalıq metamfetamin 1,964 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat təşkil edir. İşdə olan, “Maddi sübut hesab edilməsi haqqında” 29 iyul 2024-cü il tarixli qərarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq 1,964 qram psixotrop maddə olan metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübut saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 20 may 2024-cü il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur və məcburi müalicəyə ehtiyacı vardır və o, ərazi narkoloji xəstəxanasında 2021-ci ildən “Opium narkomanlağı” diaqnozu ilə qeydiyyatdadr. İşdə olan, Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının 20 may 2024-cü il tarixli arayışı ilə müəyyən olunur ki, 13 avqust 2001-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 05 fevral 2013-cü il tarixdən “Şəxsiyyətin isterik aksentuasiyası” diaqnozu ilə Lənkəran Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatdadır. İşdə olan, məhkəmə-psixiatrik ekspertizasının 05 avqust 2024-cü il tarixli rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs şəxsiyyətin isterik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs cinayət törədən zaman öz əməlinin faktiki xarakterini və ictima təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Onun əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsir altına düşmür. İşdə olan, “Cinayət işinin ayrı icraata ayrılması və icraata qəbul edilməsi haqqında” 13 avqust 2024-cü il tarixli il tarixli qərarla müəyyən olunur ki, Təqsirləndirilən şəxs əldə etdiyi psixotrop maddənin mənbəyi ilə bağlı CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübut, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Habelə iş üzrə şahidlər Şahid1 və Şahid3in ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (tutulan vaxt üzərində narkotik və psixotrop maddələrin olmaması, üzərində aşkar olunmuş metamfetaminin ona məxsus olmaması və həmin metamfetamini cibinə polis əməkdaşının qoyması və polis əməkdaşlarının təzyiqi ilə üzərində aşkar olunmuş metamfetaminin özünə məxsus olmasını deməsinə aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1 və Şahid3in ifadələri, maddi sübut, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarışa dair protokolla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni tutulan vaxt üzərində narkotik və psixotrop maddələrin olmaması, üzərində aşkar olunmuş metamfetaminin ona məxsus olmaması və həmin metamfetamini cibinə polis əməkdaşının qoyması və polis əməkdaşlarının təzyiqi ilə üzərində aşkar olunmuş metamfetaminin özünə məxsus olmasını deməsinə dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1 və Şahid3in ifadələri, maddi sübut, ekspertiza rəyləri və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarışa dair protokolla (şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş metamfetaminin ona məxsus olmasını və şəxsi istifadəsi üçün əldə edib üzərində saxladığını bildirmişdir), eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri (ifadələrində o, üzərində aşkar olunmuş metamfetaminin özünə məxsus olmasını, həmin metamfetamini tanımadığı şəxsdən 15 manata alıb şəxsi istifadəsi üçün üzərində saxlamasını bildirmişdir) tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Həmçinin müdafiə tərəfinin fikrincə ibtidai istintaq zamanı psixotrop maddənin Təqsirləndirilən şəxs məxsus olmasına dair verdiyi və sonradan ittihamın əsasını təşkil edən, həmin psixotrop maddənin ona məxsus olmasına dair ifadəsini o, hədə-qorxu nəticəsində, yəni polis əməkdaşlarının ona qarşı təzyiqləri nəticəsində vermişdir. Məhkəmə hesab edir ki, müdafiə tərəfinin bu fikirləri əsassızdır. Belə ki, cinayət prosessual qanunvericiliyinə əsasən təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət təqibini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Lakin işdə olan sənədlərlə müəyyən edilir ki, Təqsirləndirilən şəxs tutulduqdan sonra hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə təmin olunmuş və ibtidai istintaq dövründə nə təqsirləndirilən şəxs, nə də onun müdafiəçisi yuxarıda göstərilən hallarla və ya digər hər hansı bir hallarla bağlı şikayətlə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər. Əksinə təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanının vəsatətinə Lənkəran Rayon Məhkəməsində (məhkəmə nəzarətini həyata keçirən məhkəmə) baxılarkən Təqsirləndirilən şəxs bildirmişdir ki, o, 15 yaşından narkotik və psixotrop maddələrdən istifadə edir. Narkotik və psixotrop maddələri tanımadığı şəxslərdən alıb istifadə etmişdir. Özünü təqsirli bilir. Tutulan vaxt hər hansı fiziki və psixi zora məruz qalmamışdır. Üzərində aşkar olunmuş 2 qram metamfetamini üç gün ərzində istifadə etmək fikrində olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə müdafiə tərəfinin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs özünə qarşı verdiyi ifadələrini məhz hədə-qorxu nəticəsində əldə edilməsinə dair dəlili əsassız hesab edir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə əldə etmə, saxlama və daşıma cinayət əməli törətməsi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə” İİ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı “Metamfetamin” olan maddə psixotrop maddədir. Metamfetamin 0,15 qramdan artıq hissəsi xeyli miqdar, 2 qramdan 400 qramadək külli miqdar, 400 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) xüsusilə külli miqdar hesab olunur. Təqsirləndirilən şəxs götürülmüş 2,014 qram psixotrop maddə olan metamfetamin külli miqdar təşkil edir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübut və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda metamfetamin əldə etmiş, saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 234.1-1-ci maddəsi ilə tövsif edilmişdir. İşdə olan, Lənkəran Rayon Məhkəməsinin 19 may 2024-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 17 may 2024-cü il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə və məhkəmə hökmünün surəti ilə müəyyən edilir ki, Lənkəran Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş (cəzaçəkmə müddətinin əvvəli 27 avqust 2021-ci il tarixdən hesablanmaqla) və 28 avqust 2022-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən (az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər onlar cəzasını çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir) məhkəmə hesab edir ki, 13 yanvar 2022-ci il tarixli hökm üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş, hazırda o, məhkumluğu olan şəxs hesab olunur. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən cinayət törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Beləliklə, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş qəsdən cinayət törətdiyindən, onun bu əməlində cinayətlərin residivi vardır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş qəsdən cinayət törətdiyindən onun bu əməli cinayətlərin residivini yaratdığından ona ittiham olunduğu maddə üzrə cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəza təyin edilməli, habelə cinayətin residivi cəzanı ağırlaşdıran hal kimi də nəzərə alınmalıdır. İşdə olan, Lənkəran şəhər 1 №-li İƏD üzrə Nümayəndəliyindən verilmiş 01 iyul 2024cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Lənkəran şəhəri, M.Əbülfətov küçəsi, ev 3-də qeydiyyatda olmaqla yaşamış və yaşadığı yer üzrə müsbət (yaşadığı məhəllədə sakinlərlə normal münasibətdə olmaqla məhəllədə keçirilən abadlıq işlərində iştirak etmiş, barəsində şikayət daxil olmamışdır) xarakterizə olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs “Şəxsiyyətin isterik aksentuasiyası” diaqnozu ilə xəstə olması CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. Habelə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olması CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran haldır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun CMnin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs residivə görə cəza təyin edilməli, yəni ona təyin olunacaq azadlıqdan məhrumetmə cəzasının müddəti ittiham olunduğu CM-nin 234.1-1-ci maddəsi üzrə müəyyən edilmiş daha ciddi cəza növü-azadlıqdan məhrumetmə cəzasının son həddinin (səkkiz ilin) yarısından (dörd ildən) az olmamalıdır. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.3cü maddəsinə əsasən (cinayətlərin residivi nəzərə alınmaqla məhkum olunmuş şəxslər üçün) ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 17 may 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 93.1.2-ci maddəsi tətbiq edilməli və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunmaladır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi sübutlar otağında saxlanılan 1,964 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Lənkəran Şəhər İcra Hakimiyyəti yanında Narkomanlığa və Narkotik Vasitələrin qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Komissiyası” tərəfindən həyata keçirilməlidir. Həmçinin iş üzrə maddi sübut olan və cinayət işinə əlavə edilmiş, şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərci-60 (altmış) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 17 may 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun. İş üzrə maddi sübut olan və Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 1,964 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və cinayət işinə əlavə edilmiş, şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-60 (altmış) manat məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-673/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-673/2024
16.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver