Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-68/2022 22.02.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1998-ci ildə Cəlilabad rayonuda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş ,məhkumluğu ödənilməmiş, fərdi əməklə məşğul olmuş, Cəlilabad rayonunun Şıxlar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, yaşayan, barəsində 11 iyun 2021-ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq əklib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını əldə edib, yaşadığı Cəlilabad rayonunun Şıxlar kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində əkib, qanunsuz olaraq onlara aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etmiş və 08 iyun 2021-ci ildə saat 14 radələrində Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yaş vəziyyətdə ümumi çəkisi 92647, 0 qram (92 kq 647 qram) olan 436 ədəd, külli miqdarda, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri aşkar edilib torpaqdan çıxarılmaqla götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddət narkotik vasitə olan marixuanadan (nəşədən) istifadə etmiş, 2020-ci ilin sonlarında Lənkəran şəhərində tanımadığı şəxslərdən hər dəfə istifadə etmək məqsədilə bir ədəd kibrit qutusunda nəşə almış, həmin nəşəni istifadə etdikdən sonra toxumlarını yaşadığı evin həyətində olan boş torpaq sahəsində öz istifadəsi üçün əkib-becərmiş, 09 iyun 2021-ci ildə, saat 10 radələrində Cəlilabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən videoçəkiliş aparılmaqla müdafiəçinin iştirakı yaşadığı evin həyətinə baxış keçirilmiş, baxış zamanı yaş vəziyyətdə ümumi çəkisi 92647,0 qram (92 kq 647 qram) olan 436 ədəd, külli miqdarda, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri aşkar edilib torpaqdan çıxarılmaqla götürülmüş, həmin kolları şəxsi istifadəsi üçün əkib becərmişdir. Hazırda əməlindən peşmançılıq keçirməsini, narkomaniya xəstəliyindən əziyyət çəkməsini nəzərə alaraq məhkəmədən ona aşağı həddə cəza verilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin verilən ittiham üzrə cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirli olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə istintaqında Cəlilabad rayon polis şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 şahid qismində dindirilərkən məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 08 iyun 2021-ci ildə Cəlilabad rayonunun Şıxlar kənd sakini Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətində narkotik tərkibli bitkiləri əkibbecərməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna daxil olan polis əməkdaşları, eləcə də aqronom-mütəxəssislə saat 13 radələrində Təqsirləndirilən şəxs evinə getmiş, sonuncu evdə olmasa da, ailə üzvlərinin razılığı ilə videoçəkiliş aparılmaqla həyətə baxış keçirilmiş, baxış zamanı evin həyətində əkib becərilmiş narkotik təbiətli çənətə bitkilərinə baxan aqronom-mütəxəssis bitkilərin narkotik təbiətli çətənə bitkiləri olduğunu, onların təxminən 2-3 ay əvvəl əkildiyini, onlara aqrotexniki qaydada qulluq olunduğunu bildirmiş, baxışda iştirak edən polis əməkdaşları tərəfindən həyətdə əkilmiş çətənə bitkiləri əkildiyi yerdən çıxarılaraq sayılarkən 436 ədəd olması müəyyən edilmiş, Təqsirləndirilən şəxs şifahi sorğu zamanı yaşadığı fərdi yaşayış evinin həyətindən aşkar edilmiş narkotik təbiətli çətənə kollarını şəxsi istifadəsi üçün əkib becərdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 və Şahid4 da Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan 08 iyun 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən aqrotexniki qaydada qulluq edilməklə becərilmiş 436 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə bitkiləri onun yaşadığı evin həyətindən polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 09 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. İş materiallarında olan 08 iyun 2021-ci il tarixli “baxış və götürmə” haqqında və 09 iyun 2021-ci il tarixli Təqsirləndirilən şəxs üzərində “şəxsi axtarış aparılması və götürmə” haqqında protokolların videoçəkilişlərinin əks olunduğu 1 ədəd DVD diskə baxış keçirilməsi haqqında 09 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Cəlilabad rayon, Şıxlar kəndində yerləşən fərdi yaşayış evinin həyətinə baxış keçirilən zaman sonuncu tərəfindən aqrotexniki qaydada qulluq edilməklə becərilmiş 436 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə bitkilərinin əkildiyi yer anası X3 tərəfindən göstərilmiş və həmin çətənə bitkiləri ekspertizaya göndərilməsindən ötrü 14 ədəd ağ rəngli kisəyə yığılaraq qablaşdırılmışdır. Eləcə də, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar edilməmiş, sonuncu yaşadığı fərdi yaşayış evinin həyətindən aşkar edilmiş çətənə bitkilərinin ona məxsus olduğunu və şəxsi istifadəsi üçün əkibbecərdiyini bildirmişdir. İş materiallarında olan aqronom-mütəxəssisin tərtib etdiyi rəydən görünür ki, Təqsirləndirilən şəxs həyətyanı sahəsindən aşkar edilmiş 436 ədəd çətənə kolu xüsusi olaraq aqrotexniki qaydada qulluq olunmaqla kultivasiya edilmişdir. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 08 iyun 2021-ci il tarixli, 19/509 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində heç bir sözlər və imzalar olmayan 14 ədəd kisədə ayrı-ayrılıqda təmiz çəkiləri: 6365,0 qr; -5635,0 qr; - 7965,0 qr; 6975,0 qr; 8180,0 qr; 6500,0 qr; 8040,0 qr; 3595,0 qr; 5962,0 qr ; 6080,0 qr ; 5830,0 qr; 6840,0 qr; 8250,0 qr ;6430 qram yaş vəziyyətdə ümumi təmiz çəkisi -92647,0 qram, ümumilikdə sayı 436 ədəd olan yaş vəziyyətdə bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq olunmuşdur. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 22 iyul 2021-ci il tarixli, 711 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarını tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının 23 iyul 2021ci il tarixli, 1574 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da, öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan 11 iyun 2021-ci il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra ümumi təmiz qalıq çəkisi 92646,58 qram narkotik təbiətli çətənə (kannabis) bitkisi maddi sübut kimi tanınaraq Cəlilabad rayon polis şöbəsində saxlanılır, istintaq hərəkətlərinin videoçəkilişini əks etdirən 02 ədəd DVD disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Cəlilabad rayon polis şöbəsinin 21 iyun 2021-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətində əkib-becərdiyi narkotik təbiətli çətənə bitkisinin toxumlarını əldə etdiyi mənbəni eləcə də, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən daxil olan 24 iyun 2021-ci il tarixli 020-7748-1221 nömrəli sorğudan görünür ki, Təqsirləndirilən şəxs 01 yanvar 2020-ci ildən Azərbaycan Respublikasının dövlət sərhədini keçməsi müəyyən edilməmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ((təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı və məhkəmədə verdiyi etirafedici və şahidlərin isə təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona istinad edilən Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir və onun həmin maddə ilə təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə gəldiyi nəticələri mövcud qanunvericiliyin, həmçinin, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunun izah və tələbləri baxımından da əsaslı hesab edir. “Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilərə dair 3 saylı siyahı”ya əsasən Azərbaycan Respublikasında bitən, lakin kultivasiyası qadağan olunmuş, tərkibində narkotik maddələr olan “çətənə” növlü bitkilərin ölçü vahidləri 15 ədəddən yuxarıdırsa, onlar “külli miqdar” hesab olunur. Məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq, həmin sübutlara tətbiq edilməli qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə tövsif olunmuşdur. Cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, ona təyin ediləcək cəzanın əvvəlinin onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni 09 iyun 2021-ci ildən hesablanmasını əsaslı sayır. Belə ki, iş materiallarında olan Cəlilabad rayon rayon məhkəməsinin 11 iyun 2021-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli 09 iyun 2021-ci ildən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən və hökmün surətindən görünür ki, təqsirləndirilən şəxs Qaraşov X2 rayon məhkəməsinin 25 fevral 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Qaraşov X2 rayon məhkəməsinin hökmü ilə ona təyin edilmiş 11 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası 02 aprel 2021-ci ildə bitdiyindən həmin tarixdən etibarən məhkumların qeydiyyatı kitabından çıxarılmışdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş 11 oktyabr 2021-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Qaraşov X2 rayonunun Şıxlar kəndində qeydiyyatda olmaqla anası və bacıları ilə birgə həmin kənddə yaşamış, yaşayış yerindən müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayəti etiraf etməklə əməlindən peşmanlıq keçirməsini, himayəsində heç bir yerdə işləməyən anasının və bacısının olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62-ci və ya 70-ci maddələrinin tətbiqinə heç bir əsas görmür və ona təyin ediləcək cəzanı qanuni və ədalətli hesab edir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Cəlilabad rayon polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra ümumi təmiz cəkisi 92646,58 qram və ümumi sayı 436 ədəd olan cətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, istintaq hərəkətlərinin videoçəkilişi əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 09 iyun 2021-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi qaydada müalicə təyin edilsin və o, ərazi kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Cəlilabad rayon polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra ümumi təmiz cəkisi 92646,58 qram və ümumi sayı 436 ədəd olan cətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, istintaq hərəkətlərinin videoçəkilişini əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan iyirmi gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər:
1. (sədrlik edən) Cəlil Nəbiyev 2 . Cavid Səfərli
3. Müşfiq Məmmədov