Məhkəmə qərarları › İş №1(099)-68/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-68/2023

11.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-68/2023 11.01.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxx 1980-ci ildə Biləsuvar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşamış, barəsində 01 sentyabr 2022-ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan külli miqdarda - 2,206 qram çəkidə narkotik vasitə heroini əldə edib, özündə saxlayaraq daşımış, 30 avqust 2022-ci ildə saat 20:35 radələrində Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar şəhərində, H.Əliyev küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində quraşdırılmış işıqforun yaxınlığında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılıb rayon polis şöbəsinə gətirilərək üzərinə şəxsi axtarış keçirilərkən həmin narkotik vasitə heroin bir ədəd sellofan bükülüdə olmaqla əynindəki cins şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən, yəni CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərək məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 30 avqust 2022ci ildə, axşam saat 20 radələrində yaşadığı evdən çıxıb ərzaq mağazasına gedərkən Biləsuvar şəhəri, H.Əliyev küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində olan işıqforun yaxınlığında polis əməkdaşları ona yaxınlaşıb üzərində narkotik vasitə olması şübhəsi ilə onu saxlayaraq rayon polis şöbəsinə gətirmiş, sonra müdafiəçinin iştirakı ilə videoşəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd bükülüdə və içərisində narkotik vasitə heroini çıxarıb polis əməkdaşlarına təqdim etmiş, sonra polis əməkdaşı tərəfindən protokol yazılaraq narkotik vasitə götürülməklə protokol orada iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində narkotik vasitə olmadığını, üzərində olan narkotik vasitəni polis əməkdaşı onun cibinə qoyduğunu bildirmiş, və məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu ifadələri ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmədə elan edilməklə tədqiq olunarkən müəyyən olunur ki, Təqsirləndirilən şəxs heç bir təsirtəzyiq göstərilmədən müdafiəçilərinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilən zaman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ətraflı ifadələr verərək göstərmişdir ki, 30 avqust 2022-ci ildə günorta saatlarında Biləsuvar şəhəri, H.Əliyev küçəsində, PMK adlanan yaşayış sahəsinin qarşısında piyada gedərkən yerdən bir ədəd polietilen bağlamanı götürüb içinə baxarkən içində narkotik vasitə heroin olduğunu görüb onu əynində olan göy rəngli cins şalvarın sol yan cibinə qoyaraq yaşadığı evə getmiş, həmin gün axşam saat 20 radələrində Biləsuvar şəhəri, H.Əliyev küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində olan işıqforun yaxınlığında olarkən polis əməkdaşları ona yaxınlaşıb üzərində narkotik vasitə olması şübhəsi ilə onu saxlayaraq rayon polis şöbəsinə gətirmiş, sonra müdafiəçinin iştirakı ilə videoşəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd bükülüdə və içərisində narkotik vasitə heroini çıxarıb polis əməkdaşlarına təqdim edərək həmin narkotik vasitəni tapdığını bildirmiş, həmin bükülü çəkilərkən çəkisi 2,39 qram olmuş, sonra polis əməkdaşı tərəfindən protokol tərtib edilərək orada iştirak edən şəxslər, eləcə də onun tərəfindən imzalanmışdır. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsini məhkəmə istintaqında dindirilmiş digər şəxslərin ifadələri ilə müqayisə etməklə qiymətləndirərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətə görə ona ittiham verildiyi Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Biləsuvar RPŞ-nin, CAB-nın, əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 şahid qismində dindirilərkən istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 30 avqust 2022-ci ildə günorta saatlarında Biləsuvar şəhəri, X6 küçəsi ev 32 ünvanında qeydiyyatda olmaqla, orada yaşayan Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələri və psixotrop maddəni əldə etmə, saxlama və daşıması barədə əməliyyat məlumatları daxil olmuş, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmış, Təqsirləndirilən şəxs həmin gün axşam saat 20 radələrində Biləsuvar şəhəri, H.Əliyev küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində olan işıqforun yaxınlığında əməliyyat qrupunun üzvləri tərəfindən saxlanılaraq polis şöbəsinə dəvət edilmiş, şöbədə müdafiəçinin iştirakı ilə videoçəkilişlə sonuncunun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuş, Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd bükülüdə, içərisində narkotik vasitə heroini çıxarıb polis əməkdaşlarına təqdim edərək həmin narkotik vasitəni tapdığını bildirmiş, həmin bükülü çəkilərkən çəkisi 2,39 qram olmuş, sonra polis əməkdaşı tərəfindən protokol tərtib edilərək orada iştirak edən şəxslər, eləcə də Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 Fizuli oğlu da Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan “şəxsi axtarış və götürmə haqqında” 30 avqust 2022ci il tarixli protokoldan görünür ki, araşdırma zərurəti ilə əlaqədar olaraq vət. Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla şəxs axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki göy rəngli, cins şalvarının sol yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünü çıxarıb stolun üstünə qoyaraq bildirmişdir ki, təqdim etdiyi bükülünün içərisindəki narkotik vasitə heroindir və özünə məxsusdur. Bükülü onun iştirakı ilə açılaraq baxılarkən bükülünün içərisində həqiqətən də narkotik vasitə heroinə bənzər maddə olması aşkar olunmuşdur. Həmin bükülü şöbənin elektron tərəzisində çəkilmiş və qablaşdırması ilə birlikdə -çəkisinin 2,39 qram olması məlum olmuş, bükülü ekspertizaya göndərilməsi üçün müvafiq qaydada zərfə qoyularaq qablaşdırılmış, zərfin üzərini Təqsirləndirilən şəxs, müdafiəçisi Mehman Mütəllimov və digər iştirakçılar imzalamışlar. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı bir ədəd “Jinga” markalı mobil telefon və 12 (on iki) manat puldan əlavə heç bir əşya aşkar olunub götürülməmişdir. Şəxsi axtarış zamanı «Samsung» markalı videokamera ilə çəkilmiş videogörüntülər olan diskə baxış keçirilmiş və sənədlər iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan "xxxx" MMC-dən 11 oktyabr 2022-ci il tarixli məktubla daxil olmuş diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** mobil nömrəsindən 19 aprel 2022-ci ildə 12:01:17 dəqiqədə Təqsirləndirilən şəxs istifadə etdiyi **********79 mobil nömrə ilə X1 istifadə etdiyi **********61 saylı mobil nömrəyə “Bidene pütöy lazmdi tez emele gelir?35 var” sözləri olan mesaj göndərmişdir. Bu barədə olan disk və məktub cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 31 avqust 2022-ci il tarixli 19/902 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində «Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış zamanı aşkar olunaraq içərisində heroinə bənzər maddə olan bükülü» sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 (bir) ədəd bükümdə təmiz çəkisi - 2,206 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, heroinin təmiz çəkisi -2,206 qram, tədqiqata sərf olundu -0,05 qram, qalıq çəkis - 2,156 qram təşkil edir. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 05 sentyabr 2022-ci il tarixli 910 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoqoidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici və şahidlərin isə təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq həmin ifadəyə məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək hesab edir ki, həmin ifadə obyektiv olmayıb işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə heroin miqdarına görə “külli miqdar” kimi qiymətləndirilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin tövsifi məsələsini müzakirə edərək onun hərəkətini Azərbaycan Respublikası CM-in 234.1-1-cü maddəsinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddələrlə tövsif edilməsini əsaslı sayır. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, eyni zamanda təyin ediləcək cəzanın əvvəlinin onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni – 30 avqust 2022-ci ildən hesablanmasını əsaslı sayır. Belə ki, iş materiallarında olan Biləsuvar rayon məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli 30 avqust 2022-ci ildən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Biləsuvar rayon məhkəməsinin 01 oktyabr 2015ci il tarixli hökmü ilə CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 06 ay müddətə azadlıqdan məhrum edilmiş və Salyan rayon məhkəməsinin 04 noyabr 2016-ci il tarixli qərarı ilə 4 ay, 20 gün vaxtından əvvəl şərti azad edilmiş, Biləsuvar rayon məhkəməsinin 14 may 2019-cu il tarixli hökmü ilə CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 1 il, 11 ay, 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Biləsuvar rayon məhkəməsinin 19 may 2020-ci il tarixli hökmü ilə təqsirli bilinərək CM-nin 234.1, 69.3, 67.1,68.1.1-1-ci maddələri ilə 1 il, 3 ay müddətə azadlıqdan məhrum cəzasına məhkum edilmiş və 19 avqust 2021-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixli hökmlə təyin olunmuş cəzanın çəkilmə müddəti xx.xx.2021-ci ildə başa çatsa da, onun törətdiyi əməl “az ağır” cinayət hesab olunduğundan məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmişdir. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu 20 avqust 2023-cü ildə başa çatmalı olduğu halda, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini 30 avqust 2022-ci ildə törətmişdir, yəni cinayəti məhkumluğu qanunla müəyyən olunmuş qaydada ödənilməmiş dövrdə törətmişdir. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər onlar cəzanı çəkib qurtardıqları gündən sonra 2 il keçdikdə məhkumluq ödənilmiş sayılır. Hazırda iş üzrə Təqsirləndirilən şəxs məhkumluğu qanunla müəyyən olunmuş qaydada ödənilməmiş şəxs hesab olunur. Təqsirləndirilən şəxs məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-in 18.5-ci maddəsinə əsasən isə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanlımalıdır. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Əliyev X3 şəhəri, A.M.Hüseyn küçəsi, ev 32 ünvanında qeydiyyatda olmaqla himayəsində arvadı və 2 (iki) azyaşlı uşaqları ilə birgə orada yaşamış və yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun himayəsində 2 (iki) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən qanunla müəyyən olunmuş qaydada, eləcə də, məhkəməyədək icraat zamanı təqsirini etiraf etməsini, himayəsində heç bir yerdə işləməyən arvadının olmasını və yaşayış yerindən müsbət xarakterizə edilməsini isə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Biləsuvar RPŞ-də saxlanılan və ekspertiza tədqiqatından sonra 1 (bir) ədəd bükümdə təmiz çəkisi -2,206 qram çəkidə narkotik vasitə heroinin tədqiqatdan sonrakı qalıq çəkisi - 2,156 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və 1 (bir) ədəd “Junqa” markalı mobil telefon aparatı onun yaxın qohumuna qaytarılmalıdır. İş üzrə ekspertiza xərcləri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni 30 avqust 2022-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi qaydada müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Biləsuvar rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,156 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və bir ədəd “Junqa” markalı mobil telefon aparatı onun yaxın qohumuna qaytarılsın. İş üzrə ekspertiza xərcləri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan iyirmi gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Cəlil Nəbiyev 2 . Cavid Səfərli

3. Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar