Məhkəmə qərarları › İş №1(099)-680/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-680/2023

06.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-680/2023 06.12.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi ilə, hakimlər – Nəbiyev Cəlil Cabbar oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi - Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx.xx.1994-cü ildə Xızı rayonu, Tıxlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Laçın rayonu, Leninkənd kəndində qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivində yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitənin və külli miqdarda psixotrop maddənin qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və satışına dair şəxsiyyəti müəyyən edilməmiş İran İslam Respublikası vətəndaşı “Məhəmməd” adı ilə tanıdığı şəxslə razılığa gələrək, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun müəyyən edilməmiş üzvləri tərəfindən qanunsuz olaraq əldə edilib, saxlanıb daşınmış, Ələt-Astara yolunun 141-ci kilometrliyini müəyyənləşdirən «141» yol nişanının altında gizlədilmiş külli miqdarda, yəni 440,0 qram narkotik vasitə heroini və külli miqdarda, yəni 460,0 qram psixotrop maddə metamfetamini əldə etmək məqsədilə 07 may 2023-cü il tarixdə saat 12:00 radələrində cinayət barədə xəbərsiz olan tanışı Şahid3 ilə birlikdə həmin yerə gələrək qeyd edilən narkotik vasitəni və psixotrop maddəni gizlədildiyi yerdən götürüb əlində gəzdirdiyi boz rəngli gödəkçənin içərisinə qoyaraq satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşıyarkən Biləsuvar RPŞ-nın əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 07 may 2023-cü il tarixdə 12:10 radələrində Ələt-Astara yolunun 141-ci kilometrliyində yerləşən “Turist-5” kafesinin qarşısında piyada hərəkətdə olarkən saxlanılaraq üzərinə şəxsi axtarış keçirilən zaman əlində gəzdirdiyi gödəkçənin içərisində olan bir ədəd şəffaf rəngli sellofan bağlamadan külli miqdarda 440,0 qram narkotik vasitə heroin və külli miqdarda, 460,0 qram psixotrop maddə metamfetamin iki ədəd ayrı-ayrı bükümlərdə olmaqla aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, saxlanılmamışdan bir neçə ay əvvəl İrana məxsus mobil nömrədən votsapına zəng gəlmiş, həmin şəxslə tanış olaraq adının Məhəmməd olduğunu bilmişdir. Söhbət əsnasında Məhəmməd ona Biləsuvar rayonunun ərazisindən narkotiki götürüb Bakı şəhərinə aparmağı təklif etmiş, onunla razılaşmamışdır. Bundan sonra 2023-cü ilin may ayının 4-də Məhəmməd yenə də onunla başqa nömrə ilə votsapla əlaqəyə çıxmış, Məhəmməd ona Biləsuvar rayonu ərazisində gizlədilmiş 1 kq narkotik vasitəni Bakı şəhərinə aparmaq lazım olduğu və bunun müqabilində ona 1000 manat pul verəcəyini, pulu kartına göndərəcəyini demişdir. Borcları olduğu üçün Məhəmmədlə razılaşaraq ona yalnız bazar günü narkotikin dalınca gedə biləcəyini demişdir. 06 may 2023-cü il tarixdə axşam vaxtlarında Sumqayıt şəhərində yaşadığı dostu Muradla görüşən zaman sonuncuya tanışından 1000 manat borc almaq üçün onunla Biləsuvar rayonuna gedib qayıtmaq lazım olduğunu demiş, Murad da onunla razılaşmışdır. 7 may 2023-cü il tarixdə saat 7 radələrində tanımadığı taksiyə minib Biləsuvar rayonu istiqamətinə yola düşmüşlər. Yolda Məhəmmədlə yazışmış, Məhəmməd ondan olduğu yerin fotoşəklini istəyərək bundan sonra narkotikin olan yerinin fotoşəklini ona göndərəcəyini demişdir. Saat 11 radələrində “Biləsuvar” sözü yazılmış lövhənin yanında Muradla birlikdə taksidən düşmüşlər. Həmin taksiyə 16 manat vermiş və o, çıxıb getmişdir. Murada demişdir ki, oradan başqa maşına minəcəklər. Düşdükləri yerdə bir neçə dəqiqə gözlədikdən sonra Məhəmməd votsapla ona narkotik olan bağlamanan “Turist -5” kafesinin yaxınlığındakı “102” yol nişanının altında gizlədilməsi haqqında fotoşəkil göndərmişdir. Murad onların söhbətini eşitməmiş və narkotik dalınca gəlmələrini bilməmişdir. Muradla birlikdə başqa yol maşınına əyləşib “Turist 5 ” kafesinin yaxınlığında düşmüşlər, Murada kafenin qarşısında gözləməsini, özünün isə yaxınlıqda olan dostundan 1000 manat borc pul alıb qayıdacağını demişdir. Murad “Turist 5” kafesinin qarşısında ona gözləmiş, özü kafedən bir qədər uzaqlaşıb yolun digər tərəfinə keçib “102” yol nişanının altında gizlədilmiş bir ədəd ağ rəngli bağlamanı götürüb əlindəki gödəkçəsinin altına gizlədib kafenin qarşısına Muradın yanına qayıtmış, bu barədə Murada heçnə deməmişdir. Kafenin qarşısında maşınların biri ilə Bakı şəhərinə qayıtmaq istəyərkən polis əməkdaşları tərəfindən Muradla birlikdə saxlanılıb Biləsuvar RPŞ-yə aparılmışlar. Vəkilin iştirakı ilə videoçəkilişlə axtarış keçirilərkən əlindəki olan ağ rəngli bağlamanı təqdim edərək içərisində narkotik vasitə oldluğunu etiraf etmişdir. Baxış keçirilərkən bağlamanın içərisində 2 ədəd şəffaf rəngli sellofan bağlamalar aşkar edilmiş, bağlamanın birində 480 qram metamfetamin, digərində isə 465 qram heroinin olması müəyyən olunmuşdur. Üzərində olan mobil telefon da götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, Muradın narkotik vasitə dalınca getməsindən məlumatı olmamışdır. Məhəmməd həmin bağlamanın kimə çatacağını ona deməmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı iş üzrə dindirilmiş şahidlərin ifadələri, habelə tədqiq olunmuş ekspertizanın rəyləri, istintaq hərəkətinin protokolları, cinayət işində olan digər sənədlərlə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Biləsuvar RPŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmışdır. 07 may 2023-cü il tarixdə saat 12 radələrində Təqsirləndirilən şəxs Ələt-Astara yolunun Biləsuvar rayonu ərazisindən keçən 141-ci kilometrliyində yerləşən “Turist-5” kafesi istiqamətində hərəkətdə olan zaman nəzarətə götürülmüş, təxminən 10 dəqiqə sonra Təqsirləndirilən şəxs “Turist-5” kafesinin yaxınlığında başqa bir şəxslə söhbət edərkən yaxınlaşıb özlərini təqdim edərək onları saxlamışlar. Təqsirləndirilən şəxs və onun yanında olan adını sonradan bildiyi Şahid3 rayon polisi şöbəsinə aparılmışlar. Vəkilin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, o, sağ əlindəki gödəkçənin altından şəffaf rəngli bir ədəd sellofan torbanı çıxarıb təqdim etmiş və həmin torbada narkotiklərin olmasını etiraf etmişdir. Baxış zamanı birinci bağlamada 480 qram metamfetamin, digər bağlamada isə 465 qram heroinin olması müəyyən olunmuşdur. Bundan sonra vəkilin iştirakı ilə Şahid3 üzərinə şəxsi axtarış keçirilmiş, onun üzərində narkotik vasitə, psixotrop maddə, yaxud da qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Şahid1 verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılarkən həmin narkotik vasitə və psixotrop maddə olan bağlamanı Məhəmməd adında iranlının qoyduğu yerdən götürmüş, onun tapşırığı ilə də Bakı şəhərinə aparmalı idi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Biləsuvar RPŞ-nın əməkdaşı Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatlar üzrə eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2023-cü il tarixli 19/525 №li məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «... Təqsirləndirilən şəxs təqdim etdiyi bağlamanın qablaşdırıldığı zərf.....» sözlər və imzalar olan bir ədəd paketdəki, 1 ədəd bükülüdə təmiz çəkisi 440,0 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. -Tədqiqata təqdim olunmuş üzərində «... Təqsirləndirilən şəxs təqdim etdiyi bağlamanın qablaşdırıldığı zərf.....» sözlər və imzalar olan bir ədəd paketdəki, 1 ədəd bükülüdə təmiz çəkisi 460,0 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Heroinin təmiz çəkisi 440,0 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 439,9 qram -Metamfetaminin təmiz çəkisi 460,0 qram., cəmi tədqiqata sərf olundu-0,1 qram., qalıq 459,9 qram. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan ambulator-məhkəmə narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 715 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opiodlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata götürülməsi məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 1303 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur, ondan xasiyyətin psixopatik cizgiləri müəyyən edilmiş, onun psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur, barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətinin dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək imkanına malikdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan əlavə ambulator məhkəməpsixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 1974 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir, onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilmişdir. Xızı RMX tərəfindən təqdim edilmiş yoxlanılan şəxsə aid tibbi arayışda göstərilən xəstəliklər nevroloji patologiyaya aiddir. Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamış, həmin dövrdə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Onun psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur, barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətinin dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək imkanına malikdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə buna görə də törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan 07 may 2023-cü il tarixli «Şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs sağ əlindəki gödəkçənin altından şəffaf rəngli bir ədəd sellofan torbanı çıxarıb təqdim etmiş və həmin torbada narkotik vasitə olmasını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf rəngli torba açılıb baxılmış və içərisində iki ədəd bağlama olması müəyyən edilmişdir. Birinci bağlama açılıb baxıldıqda içərisində kristalşəkilli formada olan psixotrop maddə metamfetamin olması müəyyən edilmiş, həmin metamfetamin elektron tərəzidə çəkildikdə 480 qram olması müəyyənləşdirilmişdir. İkinci bağlama açılıb baxıldıqda içərisində narkotik vasitə heroin olması müəyyən edilmiş, həmin heroin elektron tərəzidə çəkildikdə 465 qram olması müəyyənləşdirilmişdir. Bundan başqa, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən digər hər hansı narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamin və narkotik vasitə heroin ayrı-ayrı zərflərdə qoyularaq qablaşdırılmışdır. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan “Təqsirləndirilən şəxs məxsus mobil telefona baxış keçirilməsi haqqında ” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus olan mobil telefon «Samsung Galaxy J-3 » markalı, qara rəngli mobil telefondur. Həmin mobil telefonun üzərində ***-***-**-** mobil nömrəsi vardır. Telefonun “kontaktlar”-na hissəsinə baxış keçirilərkən adı Araz kimi yazılmış İran İslam Respublikası mobil operatorlarına məxsus olan +**********30 sanyı mobil nömrənin olması müəyyən edilmişdir. Həmçinin, həmin mobil telefonun “WA Buiness” proqramına baxış keçirilən zaman adı Araz kimi yazılmış şəxslə 30 aprel 2023-cü il tarixdən 05 may 2023-cü il tarixədək müxtəlif vaxtlarda qarşılıqlı olaraq aşağıdakı səs yazılarını və sms-ləri göndərmələri müəyyənləşdirilmişdir: - Araz ---salam sms-nin göndərmişdir. - Təqsirləndirilən şəxs--- aleykum salam, nə var nə yox, necəsən səs yazısını göndərmişdir. -Araz---şükür sən necəsən, neynirsən, burada olanda yaz, danışasq sənlə----səs yazısını göndərmişdir. - işdəyəm qardaşım, səs atarsan danışarıq səs yazısını göndərmişdir. - Araz ---- qardaş hər vaxtın xeyir, işdən çıxanda xəbər et, get evə arxayınlıq olsun, axşam mənə zəng elə, sənlə balaca bir işim vardır, onun danışaq olar mənim qardaşım, belə bir səslə həll olan söhbət deyil, sənlə danışmalıyam, canlı təcili məsələdir, mühüm məsələdir, səs yazısını göndərmişdir. -Təqsirləndirilən şəxs---yaxşı qardaş gedim evə zəng edərəm səs yazısını göndərmişdir. -Araz---hə mənim gözəl qardaşım, səninlə qabaq da danışırdım, bilmirəm qabaq da danışırdım, ya Əhmədlidə bir qardaş var idi onla danışırdım, ona da təklif eləmişdim, ama nə bilim dedi problemin çıxdı, başdıyıb iş görə bilmədi mənlə səs yazısını göndərmişdir. -Təqsirləndirilən şəxs elə mənlə danışdırdım sms-ni hə qardaşım elə mənə danışmısan, gör nə deyirəm, mən sən dediyin söhbətə bu gün sabah yox, hardasa 2-3 günə, yəni bu həftə maşını götürüm belə işləyirəm, səhər işə gedib axşam çıxıram, maşınsızam, ona görə çətindi, ondan sonra sənin dediyin iş dəqiqdisə məni yalançı çıxarmayacansa, pis çıxarmayacansa gedib orada avara qalamayacam sa hə, qardaş zəng vura bilsən, lap görüntülü zəng vura bilsən danışaq səs yazısını göndərmişdir. -Araz ---hansı işi deyirsən, mənim qardaşım, bir dənə dəqiq denən , o yüz manat deyirdin vur o işi deyirsən, abi mən ada günündəyəm, çıxım çölə zəng vurum danışaq dəqiq səs yazısını göndərmişdir. -Təqsirləndirilən şəxs---yox yox, kuryer söhbətini deyirəm, kuryer səs yazısını göndərmişdir. -Təqsirləndirilən şəxs---xx.xx.2023-cü il tarixdə saat 08:52 dəqiqədə sabahın xeyir qardaş, mənim vaççapımda nəsə problem var, nədi ona görədi mesaj yaza bilmirəm səs yazısını göndərmişdir. -Araz başqa nömrə var ona yazım sms-ni, mənlə əlaqə saxla abi səs yazısını göndərmişdir. -Təqsirləndirilən şəxs--- hə o, biri sim nömrəmə yaz, ona yazanda pramoy gəlir mesaj səs yazısını göndərmişdir. Təqsirləndirilən şəxs məxsus olan mobil telefona baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən səs yazıları, fotoşəkillər və sms-lər CD diskə köçürülərək cinayət işinə əlavə olunmuşdur. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan 15 iyul 2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Ələt-Astara yolunun 102-ci kilometrliyini müəyyən edən yol nişanının yanına gələrək 07 may 2023-cü il tarixdə saat 12 radələrində içərisində narkotik vasitə və psixotrop maddə olan sellofan torbanı həmin yol nişanının yanından götürməsini bildirmişdir. Həmin yol nişanına Biləsuvar rayonundan Bakı şəhəri istiqamətində baxdıqda yol nişanının digər tərəfində yolun 141-ci kilometrliyini müəyyən edən “141” yazısının olması müəyyən edilmişdir. İşdə olan 02 avqust 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs məxsus bir ədəd « Samsung Galaxy J-3 » markalı mobil telefon maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Biləsuvar RPŞ-yə təhvil verilmişdir. İşdə olan 9 may 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs əlindəki sellofan torbadan aşkar edilərək götürülmüş 440,0 qram narkotik vasitə heroinin tədqiqatdan sonrakı 439,9 qram qalığı, 460,0 qram psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı 459,9 qram qalığı maddi sübut kimi tanınmış və saxlanılması üçün Biləsuvar RPŞ-yə təhvil verilmişdir. İşdə olan DİN-in BƏSİİ-dən daxil olmuş məlumatda Təqsirləndirilən şəxs xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi «Giriş-çıxış və qeydiyyat İAMAS-ın sərhədkeçmə»yə nəzarət alt sistemi üzrə respublikanın ərazisini tərk etməməsi müəyyən edilmişdir. İşdə olan məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək müdafiəsi üçün heç bir dəlil gətirməmişdir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən beynəlxalq adı olan heroin narkotik vasitədir, metamfetamin isə psixotrop maddədir. Heroinin və metamfetaminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə külli miqdar hesab olunur. Qeyd olunanlara əsasən, məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması məhkəmədə tədqiq olunmuş sübutlarla təsdiq olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması sübuta yetirilmiş və onun bu əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Buna görə də, ona həmin maddədə qanunla müəyyən edilmiş qaydada cəza təyin olunmaldır. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. İşdə olan 7 may 2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün cinayət törətməsində şübhəli şəxs qismində tutulmuş, 9 may 2023-cü il tarixdə CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək Biləsuvar Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 7 may 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli xasiyyətnamədən və arayışdan görünür ki, ünvan 1 ünvanda fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 234.4.1 və 234.4.3-cü maddələri “ağır” cinayətlər kateqoriyasına aiddir. Həmin maddələrin sanksiyasında 5 ildən 12 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hallar əhalinin sağlamlığına ciddi zərər vurur. Təqsirləndirilən şəxs törətdiyi əməlin ictimai təhlükəli olduğunu dərk etmiş, ictimai təhlükəli nəticələrini görmüş və bunları arzu etmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutlmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və təyin olunmuş cəza çəkilməlidir. CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. CPM-nin 158.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 7 may 2023-cü ildən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Biləsuvar RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq ümumi çəkisi olan 439,9 qram narkotik vasitə heroin və 459,9 qram psixotrop maddə metmfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs məxsus “Samsunq GalaxyJ-3” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalı, üzərinə axtarış və götürmə aparılması haqqında disk isə cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 60 manat təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə məsələsinə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə həmin Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99- 1.1.1. və 99-1.1.2. maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Hazırkı iş üzrə isə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Cinayət prosessual qanunvericiliyinə əsasən mülki iddiaya miqdarından asılı olmayaraq cinayət işinin aid olduğu məhkəmədə, həmin işlə birlikdə baxılır (mad.187.1).Hazırkı cinayət işi üzrə isə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344–349, 351– 353, 356, 358, 381, 383–385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təyin olunmuş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin, cəzaçəkmə müddətinin başlanğıcı 7 may 2023-cü ildən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Biləsuvar RPŞ-də saxlanılan 439,9 qram çəkidə narkotik vasitə heroin, 459,9 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, «Samsunq Galaxy J-3» markalı mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılsın, DVD disk cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya apellyasiya şikayəti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Müşfiq Məmmədov Hakimlər: Cəlil Nəbiyev Cavid Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar