Məhkəmə qərarları › İş №1(099)-680/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-680/2024

18.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-680/2024 18.10.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X4, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxx 1989-cu ildə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Lerik rayonu, Piran kəndində daimi qeydiyyatda olmaqla orada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs 2024-cü ilin mart ayının sonlarında tərkibində narkotik maddələr olan çətənə bitkilərini əkmə, yetişdirmə, onları kultivasiya etmək məqsədi ilə əldə etdiyi çətənə bitkisinin toxumlarını Lerik rayonunun Piran kəndində yerləşən yaşayış evinin həyətyanı sahəsində əkmiş, əkdiyi toxumlardan cücərmiş külli miqdarda, 20 (iyirmi) ədəd çətənə bitkisi kollarını yetişdirmək məqsədilə mütəmadi olaraq suvarıb qulluq göstərməklə kultivasiya etmiş, satış məqsədi olmadan özü istifadə etmək üçün çətənə bitkilərinin yarpaqlarından hazırladığı ayrı-ayrılıqda çəkiləri 7,023 qram və 0,462 qram olmaqla, bioloji komponent tərkibinə görə bir-birilərilə eyni olan xeyli miqdarda ümumi təmiz çəkisi 7,485 qram narkotik vasitə olan qurudulmuş marixuananı evinə bitişik tikilinin damının üstündə və evin zirzəmisində saxlamış, bu barədə məlumat almış Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 09 iyul 2024-cü il tarixdə, saat 17:30-da keçirilən əməliyyat-axtarış tədbirləri zamanı yaşadığı evin həyətyanı sahəsində külli miqdarda – yaş vəziyyətdə ümumi təmiz çəkisi 2715,0 qram əkilib-becərilməsi qadağan olunmuş 20 (iyirmi) ədəd tərkibində narkotik maddələr (komponentlər) olan çətənə (kannabis) bitkisinin kök üstə kolları, həmçinin yaşadığı evinə bitişik tikilinin damın üzərində 7,023 qram və evin zirzəmisində isə 0,462 qram olmaqla ümumi təmiz çəkisi 7,485 qram xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.2.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, özü narkotik vasitələrdən qurudulmuş marixuanadan istifadə edir. Dayısı Fədayət ona toxum vermiş, o da öz həyətində həmin toxumları əkmişdir. Dayısı hazırda vəfat edib. Toxumları haradasa Novruz Bayramından sonra əkmişdir. Toxumlardan 20 dənə ağac yetişmişdir. Onlardan da məhsul yığmışdır. Əkdiyi çətənə bitkisinin budaqlarını kəsib, qurudub çəkirmiş. Həmin budaqları günün altına qoyub qurudurmuş. Aşkar olunmuş marixuana yaraqları olmuş, quruması üçün şiferin üstündə saxlamışdır. Həmin narkotiki satmaq məqsədi olmamış, yalnız özü üçün edirmiş. Ona qarşı polis əməkdaşları tərəfindən heç bir təzyiq edilməmiş, əməlindən peşmandır. Uşaqları balacadır, bir də bu səhvi eləməz, uşaqlarından onu ayırmamağı xahiş etmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni özünün səmimi etirafedici ifadəsi ilə yanaşı iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı şahid X5 ifadəsində göstərmişdir ki, Şahid1 daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs yaşadığı evə getmişlər. Orada Təqsirləndirilən şəxs çağırıb, gəlişlərinin səbəbini izah etdikdən sonra, özünün razılığı ilə həyətə daxil olmuşlar. Onun özü evinin arxasında əkdiyi torpaq üstə olan 20 ədəd kolu göstərmişdir. Daha sonra həmin çətənə bitkilərinin kollarından dərərək evinə bitişik tikilinin damının şiferinin üstündə qurutmaq məqsədi ilə qoyduğu narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütləni təqdim etmiş, daha sonra evinin zirzəmisində 01 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə və 02 ədəd bükümdə toxumlar aşkar olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Lerik DAİM-də bitkiçilik və heyvandarlıq sektorunun müdiri işləyir. 09 iyul 2024-cü il tarixdə Lerik RPŞ-dən idarəyə müraciət edilmiş ki, mütəxəssis lazımdı əməliyyata gedəcəklər. Lakin hara gedəcəkləri barədə heç bir məlumat verməmişlər. Daha sonra polis əməkdaşlarının iştirakları ilə Lerik rayonunun Piran kəndinə getmişlər. Orada Təqsirləndirilən şəxs iştirakı ilə özü, Piran kəndində yaşadığı evin bağ sahəsində bir-birinə yaxın məsafədə əkdiyi və qulluq etdiyi 20 ədəd çətənə kolunu təqdim etmişdir. O həmin çətənə kollarına baxdıqda dib boşaltma işlərinin aparıldığını və suvarıldığını müəyyən etmişdir. Orada həmin kollara xüsusi qulluq göstərildiyini bildirmişdir. Həmin kollar kökündən çıxarılıb götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs həmin çətənə bitkilərinin kollarından dərərək evinə bitişik tikilinin damının şiferinin üstündə qurutmaq məqsədi ilə qoyduğu narkotik vasitəyə oxşar kütləni təqdim etmiş, daha sonra evinin zirzəmisində 01 ədəd bükümdə narkotik vasitə oxşar kütlə və 02 ədəd bükümdə toxumlar aşkar olunmuşdur. İşdə olan Lerik RPŞ-nin CAB-nin rəis VMİE Şahid1 xx.xx.2024-cü il tarixli “Raport”undan görünür ki, Təqsirləndirilən şəxs evində, həyətyanı sahəsində həmçinin yarımtikililərdə narkotik tərkibli bitkilərin əkilib becərilməsinə dair əməliyyat məlumatı daxil olmuşdur. (c 1, i.v 2) İşdə olan Lerik Rayon Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 5(048)-33/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Lerik rayonu Piran kəndində yerləşən yaşadığı evinə, eləcə də evinin həyətindəki yardımçı tikililərə və həyətyanı sahəsinə daxil olma və onlara baxış əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. (c 1, i.v 9-11) İşdə olan xx.xx.2024-cü il tarixli Təqsirləndirilən şəxs tərəfindən yazılmış ərizədən görünür ki, yaşadığı evə, evin zirzəmisinə, həyətdə olan yarım tikililərə, həyət və bağ sahəsinə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmir. (c 1, i.v 14) İşdə olan 09 iyul 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və video çəkilişdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində ümumilikdə 20 (iyirmi) ədəd aqrotexniki qaydada əkilərək xüsusi qulluq edilmiş çətənə bitkiləri və Lerik rayonunun Piran kəndində Təqsirləndirilən şəxs məxsus yaşayış evinə bitişik tikilinin dam örtüyünün üzərində olan 7.023 qram, evin zirzəmisində isə 01 ədəd bükümdə 0.462 qram çəkidə qurudulmuş narkotik vasitəyə oxşar kütlə və həmin zirzəmidə çətənə bitkisinə oxşar bitkinin toxumları aşkar edilərək qablaşdırılmaqla götürülmüşdür. (c 1, i.v 15-17) İşdə olan 09 iyul 2024-cü il tarixli Mütəxəssis rəyindən görünür ki, həmin tarixdə Sabirabad şəhəri, Lerik rayonu, Piran kəndində Təqsirləndirilən şəxs fərdi yaşayış evinin bağ sahəsində müxtəlif yerlərdə əkilmiş cəmi 20 ədəd tərkibində narkotik maddə olan çətənə kollarına baxış keçirilmiş, həmin 20 ədəd tərkibində narkotik maddə olan çətənə bitkilərinin aqrotexniki qaydada əkildiyi, xüsusi qulluq edildiyi və becərildiyi müəyyən edilmişdir. (c 1, i.v 18) İşdə olan «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:40 dəqiqədən tutulmuş hesab edilmişdir. (c 1, i.v 33) İşdə olan Məhkəmə-bioloji ekspertizasının 10 iyul 2024-cü il tarixli 19/545 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məxsus evin həyətyanı torpaq sahəsində aşkar edilərək götürülmüş ümumi sayı 20 (iyirmi) ədəd, yaş vəziyyətdə təmiz çəkisi 2715,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Həmin evə bitişik tikilinin damının şiferinin üstündə təmiz çəkisi 7,023 qram, evin zirzəmisindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,462 qram olmaqla, ümumilikdə 7,485 qram olan marixuanalar bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Evin zirzəmisindən aşkar olunan narkotik tərkibli çətənə bitkisinə oxşar olan 02 ədəd bükümün içərisində ayrı-ayrılıqda təmiz çəkiləri: 1,74 qram və 1,993 qram; ümumilikdə təmiz çəkisi: 3,733 qram olan toxumlar əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarıdır. Onların tərkibində narkotik aktivliyə malik komponentlər yoxdur və onlar narkotik vasitəyə aid deyillər. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq olunmuşdur. Marixuananın təmiz çəkisi 7,485 qr, tədqiqata sərf edildi-0,05 qr, qalıq 7,385 qr. Çətənə (kannabis) bitkilərinin ümumi çəkisi 2715,0 qr, tədqiqata sərf edildi 2,0 qr, qalıq 2713,0 qr. Çətənə bitkisinin toxumlarının ümumi təmiz çəkisi 3,733 qr, tədqiqata sərf edildi 0,1 qr, qalıq 3,633 qr. Aparılmış ekspertiza tədqiqatının dəyəri 130 manat təşkil edir. (c İ, i.v 52-55) İşdə olan xx.xx.2024-cü il tarixli Lerik Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli 09 iyul 2024-cü il tarixdən hesablanmışdır. (c İ, i.v 87-91) İşdə olan 26 iyul 2024-cü il tarixli maddi sübut kimi tanımaq haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əkib kultivasiya etdiyi ümumi sayı 20 (altı) ədəd, yaş vəziyyətdə çətənə bitkisindən ekspertiza tədqiqatından sonra qalıq qalmış 2713,0 qram çətənə bitkisi, evinin zirzəmisində və damının üstündə aşkar olunan marixuanadan ekspertiza tədqiqatından sonra qalıq qalmış 7,385 qram narkotik vasitə olan mariaxuana, evin zirzəmisində aşkar olunan ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,633 qram bitki toxumları iş üzrə maddi sübut kimi tanınaraq işin nəticəsinə kimi saxlanılması üçün Lerik RPŞ-nin əşyaları saxlama kamerasına təhvil verilmişdir. (c İ, i.v 94-95) İşdə olan Lerik Rayon Qeydiyat Şöbəsindən 06 avqust 2024-cü il tarixdə Lerik RPŞnə daxil olmuş sorğuya cavab məktubundan görünür ki, X3 14 mart 2023-cü il tarixdə Lerik rayonunun Piran kəndində ölməsi, ölümü haqqında 17 mart 2023-cü ildə 78 nömrəli akt qeydi tərtib olunması göstərilmişdir. (c İ, i.v 103) İşdə olan Lerik RİHB-nın Piran KİƏD tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadı, xx.xx.2012 və xx.xx.2024-cü il təvəllüdlü uşaqlarından ibarətdir, yaşayış yeri üzrə müsbət xrakterizə edilir. (c İ, i.v 118-119) İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (c İ, i.v 120-121) İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran rayonlarası MTE və PA şöbəsinin 10 iyul 2024-cü il tarixli, 47 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər-hansı bir xəsarət yoxdur. (c İ, i.v 125-126) İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X1 X6 Yoxlamanın nəticəsinə dair tərtib olunmuş 10 iyul 2023-cü il tarixli, 584 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan KANNABİNOİDLƏRDƏN istifadə halları olub. Lakin asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. (c İ, i.v 127) İşdə olan 21 avqust 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə keçirilmiş baxış zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən bir ədəd DVD markalı diskdə cinayət təqibi üçün əhəmiyyət kəsb edən məlumatlar əks edildiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. (c İ, i.v 136-142) Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Belə ki, işin faktiki halları, o cümlədən Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrlə yanaşı, şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, cinayət işi materiallarına əlavə edilmiş protokollar və işin digər faktiki halları ilə təqsirləndirlən şəxsin yaşadığı Lerik rayonunun Piran kəndində yerləşən yaşayış evinin həyətyanı sahəsində qanunsuz olaraq əldə etdiyi çətənə bitkisinin toxumlarını əkib, külli miqdar hesab edilən 20 (iyirmi) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərib əkib yetişdirməklə kultivasiya etməsi və satış məqsədi olmadan özü istifadə etmək üçün çətənə bitkilərinin yarpaqlarından hazırladığı ayrı-ayrılıqda çəkiləri 7,023 qram və 0,462 qram olmaqla, bioloji komponent tərkibinə görə bir-birilərilə eyni olan xeyli miqdarda ümumi təmiz çəkisi 7,485 qram narkotik vasitə olan qurudulmuş marixuananı evinə bitişik tikilinin damının üstündə və evin zirzəmisində saxlaması ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə əsas verir. Bundan başqa Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməllərini törətməsi iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilən özünün səmimi etirafı ilə də mübahisəsiz qaydada sübuta yetirilir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanununun 1.0.6-cı maddəsinə əsasən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası dedikdə: Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanması başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Narkotik vasitələr» başlıqlı «İ siyahı»nın 109.1-ci sətrinə əsasən qurudulmuş marixuana narkotik vasitə hesab edilir, həmin maddənin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram, külli miqdarının aşağı həddi 500 qram, xüsusilə külli miqdarının aşağı həddi 50000 qramdır. Habelə həmin Qanunun «Tərkibində narkotik maddələr olan bitkilər» başlıqlı “İİİ Siyahı”nın 1.2-ci sətrinə əsasən çətənə növlü bitkilər 3-15 ədəd (6-30 hissə) xeyli miqdar, 16-800 ədəd (31-1550 hissə) külli miqdar, xüsuslilə külli miqdarın aşağı həddi 801 ədəd (1551 hissə) hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 21-ci bəndində qeyd olunur ki, CM-in 237-ci maddəsində işlədilən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının izahı Qanunun 1.0.6-cı maddəsində verilmişdir. CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayətin predmeti xeyli miqdarda əkilməsi və yetişdirilməsi qadağan edilən, tərkibində narkotik maddələr olan bitkilər və ya onların hissələridir. Belə bitkilərin siyahısı, xeyli, külli və ya xüsusilə külli miqdarı (habelə hissələrinin xeyli, külli və ya xüsusilə külli miqdarı) 961-İİQ nömrəli Qanun ilə (İİİ siyahı) müəyyən edilmişdir. Əkmə dedikdə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə, tərkibində narkotik maddələr olan bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Tərkibində narkotik maddələr olan bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 25 fevral tarixli Qərarı ilə müəyyən edilən hüquqi mövqeyə əsasən CM-in 237.1-ci maddəsində nəzərdə tutulan çətənə (kannabis), xaşxaş növlərinin və ya tərkibində narkotik maddələr olan digər bitkilərin kultivasiyası yabanı şəkildə bitən və tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanmasını ehtiva etmir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2021-ci il 6 iyul tarixli Qərarı ilə müəyyən edilən hüquqi mövqeyə əsasən, toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan xeyli miqdardan artıq miqdarda və yaxud satış məqsədilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri CM-in 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq həmin Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermiş, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətlərdir və cinayətlərin təsnifatına görə az ağır və ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməklə həmin maddələrin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 02 (iki) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşmançılıq çəkməsini isə CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olmasını və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.2.3-cü maddələri ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzası ilə yanaşı, azadlığın məhdudlaşdırılması kimi alternativ cəza da nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi digər əməlin - ağır cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, həmçinin cinayətlərin məcmusu üzrə cəzaların toplanmasının zəruri olmasını nəzərə almaqla təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə də azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı hesab edir. Eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə Azərbaycan Respublikası CM-nin bir neçə maddəsi ilə təqsirli bilindiyi üçün ona həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və təyin edilmiş cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 09 iyul 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1 və 132.1.6-cı maddələrinə müvafiq olaraq iş üzrə maddi sübutlar kimi tanınaraq Lerik RPŞ-nin maddi sübutlar otağında saxlanılan müvafiq ekspert tədqiqatından sonra qalıq çəkiləri 2713,0 qram 20 (iyirmi) ədəd çətənə (kannabis) bitkisi, 7,385 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana, 3,633 qram çətənə bitkisinin toxumları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş materiallarında olan videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərci-130 (bir yüz otuz) manat Təqsirləndirilən şəxs tutulub “Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3” hesabına ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 09 iyul 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınsın. Höküm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar olan və Lerik RPŞnin maddi sübutlar otağında saxlanılan müvafiq ekspert tədqiqatından sonra qalıq çəkiləri 2713,0 qram 20 (iyirmi) ədəd çətənə (kannabis) bitkisi, 7,385 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana, 3,633 qram çətənə bitkisinin toxumları məhv edilsin. İş materiallarında olan videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-130 (bir yüz otuz) manat Təqsirləndirilən şəxs tutulub “Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3” hesabına ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev Əsli ilə düzdür Hakim: Əli Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar