Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-682/2022 05.12.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 23 avqust 1985-ci ildə İran İslam Respublikasının Təbriz şəhərində doğulmuş, İran İslam Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, İran İslam Respublikasının Təbriz şəhəri, Taliqani prospekti, Hüseyni küçəsi, ev 47 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs 2022-ci ilin aprel ayının əvvəllərində İran İslam Respublikasında olan şəxslərlə külli miqdarda narkotik vasitələrin və psixotrop maddənin satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi, saxlanılması, daşınması və İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirməsi barədə razılaşmaqla qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, ümumi cinayətkar niyyətə və razılaşmaya uyğun olaraq qrup üzvləri ilə birlikdə İran İslam Respublikası ərazisində külli miqdarda - 21114,36 qram qurudulmuş marixuananı, külli miqdarda-3959,86 qram heroini, külli miqdarda-təsiredici maddəsinin ümumi miqdarı 18 qram təşkil edən 450 ədəd metadon həblərini və külli miqdarda-1897,8 qram psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib saxlamış, 04 aprel 2022-ci il tarixdə saat 20 radələrində cinayətkar qrupun üzvləri ilə birlikdə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənar, Dövlət Sərhəd Xidmətinin «N» saylı hərbi hissəsinin İİİ sərhəd komendatlığının 13-cü sərhəd zastavasından Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Şıxalıağalı kəndi ərazisinə keçərək həmin miqdarda narkotik vasitələri və psixotrop maddəni də özləri ilə daşımaqla qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük nəzarətindən kənar İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirmişlər. Həmin ərazidə xidmət aparan 13-cü sərhəd zastavasının əsgərləri Şahid2 və Şahid1 04 aprel 2022-ci il tarixdə saat 20:45-də bir-neçə nəfər şəxslərin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə mühafizə olunan dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən kənarda qanunsuz keçərək həmin zastavanın 14-cü sahəsində hərəkət etdiklərini müşahidə etmişlər. Həmin vaxt naryad başçısı əsgər Şahid2 sərhəd pozucularına durmaları üçün “dayan” komandası versə də, qrupun digər üzvləri əsgər Şahid2 və onunla birlikdə xidmət aparan naryad üzvü, əsgər Şahid1 qəsdən öldürmək məqsədi ilə üzərlərində olan odlu silahdan onlar istiqamətində bir neçə dəfə atəş açmışlar. Bu zaman əsgərlər Şahid2 və Şahid1 yerə uzanaraq xidməti istifadələrində olan AK 74 markalı avtomat silahdan sərhəd pozucularının dayanmaları üçün havaya bir dəfə xəbərdarlıq atəşi açsalar da, həmin şəxslər sərhəd naryadının qanuni tələblərinə məhəl qoymayaraq öz cinayətkar əməllərini davam etdirdiklərindən əsgərlər Şahid2 və Şahid1 xidməti istifadələrində olan AK 74 markalı avtomat silahlardan onlara doğru bir neçə atəş açmışlar. Bu zaman həmin şəxslər geriyə, yəni İran İslam Respublikasına doğru qaçmağa çalışarkən onlardan biri-İran İslam Respublikasının vətəndaşı, 1996-cı il təvəllüdlü Behnam Balai aldığı güllə yarasından hadisə yerində ölmüş, digərləri isə üzərlərində olan üç ədəd iri bağlamada külli miqdarda ümumilikdə 32 kiloqram 270 qram müxtəlif növlü narkotik vasitələri, psixotrop maddələri və bir ədəd AKM markalı avtomat silahı üzərində daraqla birlikdə hadisə yerində qoyaraq hadisə yerindən qaçmağa müvəffəq olsalar da, Təqsirləndirilən şəxs qaça bilməmiş və sərhədboyu zolaqda qamışlıq və kolluq sahədə gizlənmiş, əraziyə keçirilmiş baxış zamanı 05 aprel 2022-ci il tarixdə gizləndiyi yerdə aşkar edilrək tutulmuşdur. Bundan sonar Qubadlı Hərbi Prokurorluğu tərəfindən hadisə yerinə baxış keçirilərkən Təqsirləndirilən şəxs və cinayətkar qrupun digər üzvləri tərəfindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlanılaraq Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə keçirilmiş 3 ədəd bağlamanın içərisindəki 35 ədəd bağlamada 873,7 qram, 724,7 qram, 857 qram, 543,6 qram, 1043,3 qram, 1843,9 qram, 844,2 qram, 1738,5 qram, 126,2 qram, 992,3 qram, 838,6 qram, 847,9 qram, 438,4 qram, 133,1 qram, 131,7 qram, 194,8 qram, 1366,8 qram, 515,2 qram, 510,1 qram, 947,4 qram, 990,5 qram, 961,7 qram, 810,9 qram, 881,6 qram, 504 qram, 966,1 qram, 483 qram olmaqla ümumilikdə külli miqdarda- 21109,2 qram narkotik vasitə qurudulmuş marixuana, 467,9 qram, 156,9 qram, 959,4 qram, 469,3 qram, 948,2 qram, 26,7 qram, 926,3 qram olmaqla ümumilikdə külli miqdarda-3954,7 qram narkotik vasitə heroin, 450 ədəd həbdən ibarət təmiz halda təsiredici maddəsinin ümumi miqdarı 18 qram olan, külli miqdarda narkotik vasitə metadon, 447,3 qram, 445,9 qram, 963,8 qram, 24,8 qram, 16 qram olmaqla ümumilikdə külli miqdarda-1897,8 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan əlavə Dövlət Sərhəd Xidmətinin «N» nömrəli hərbi hissəsinin hərbi qullquçuları tərəfindən hadisənin baş verdiyi əraziyə və onun ətrafına baxış keçirilərkən aşkar edilmiş iki ədəd bağlamanın içərisindəki üzərinə “Halley” sözü yazılmış sarı rəngli bir ədəd qutudan iki ədəd sellofan torbanın içərisində 5,160 qram - külli miqdarda narkotik vasitə heroin və 5,160 qram qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə təqsirli bilərək göstərdi ki, Təbriz şəhərində yaşamaqla quru ağacları kəsib ağac emalı sexlərinə satmaqla məşğul olmuşdur. Təbriz şəhərində Sərvər, Məsti və Behnam Balai ilə tanış olmuşdur. Behnam narkotik vasitə istifadə etmişdir. Behman ağac kəsmə işinə onu da qoşmasını təklif etmişdir. 02 aprel 2022-ci il tarixdən bir neçə gün əvvəl Behnam Balayi onun mobil nömrəsinə zəng edib, əgər ağac kəsmək işi olarsa, ona da xəbər etməsini demişdir. 02 aprel 2022-ci il tarixdə günorta saatlarında tanışı Sərvər Məstin ona zəng edərək quru ağacları kəsməsi üçün onlara gəlməsini demişdir. O da Behnama zəng edib birlikdə ağac kəsməyə getməyi təklif etmişdir. Behnam Balai də bir neçə saat sonra Şıxlan kəndinə gəlmişdir. Onlar həmin gecəni tanışları X8 yaşadığı evdə keçirmişlər. 03 aprel 2022-ci il tarixdə saat 16 radələrində Sərvər ona zəng edib yaşadığı kəndə gəlməsini demişdir. Həmin gün saat 18 radələrində Şərəfə kəndinə Sərvərin yaşadığı evə getmişdir. Sərvər Məsti meşəbəyinin meşə ərazisində olduğunu deyib avtomobilini evin həyətinə sürməsini istəmişdir. O da avtomobili evin həyətinə sürüb avtomobildən düşmüşdür. Bir qədər söhbət etdikdən sonra Sərvərdən nə üçün gözlədiklərini soruşduqda Sərvər meşənin içərisində sonuncuya məxsus sahədə olan ağacların kəsilməsi üçün icazəsinin bitdiyindən meşəbəyinin ağacları kəsməyə icazə vermədiyini, buna görə də meşəbəyinin getməsini gözlədiyini demişdir. Axşam saat 23 radələrində Sərvər meşəbəyinin getdiyini və ağacları kəsmək üçün gedə biləcəklərini dedikdə o, gecə vaxtı elektrik mişarının səs-küy salacağını bildirmişdir. Sərvər isə əvvəlcə ağaca baxmasını sonra isə qərar verməsini demişdir. Bundan sonra o, Əli, Sərvər və Behnamla birlikdə təxminən 1 kilometr piyada gedərək kəndin yaxınlığında yerləşən əkin sahələrinə gəlmişdir. Həmin yerə çatdıqda iki nəfər şəxs onları qarşılamışdır. Sərvər həmin şəxslərdən birinin Kəramət Cənnəti, digərinin isə Babək olduğunu demişdir. O, Babək adlı şəxsi əvvəllər görməmiş, Kəramət Cənnətinin isə oğurluqla məşğul olduğunu eşitmiş, lakin həmin şəxslərlə münasibəti və hər hansı məlumatı olmamışdır. İran tərəfdə olanda yoldaşlarının İrandan Azərbaycana nə keçirəcəklərini bilməmişdir. Onlar Araz çayını Azərbaycan tərəfə keçdikdən sonra üç ədəd çantalarda narkotik olduğunu görmüşdür. O, Araz çayını Azərbaycan tərəfə ağac kəsmək məqsədi ilə keçmişdir. Yoldaşlarının narkotik gətirdiklərini bildikdə geri, İrana qayıtmaq istəmişdir. Lakin geri qayıtmasına imkan verməmişlər. Belə ki, qayıdacağı halda onları satacağını demişlər. Ona görə də məcbur olub Azərbaycan ərazisində narkotik gətirmiş yoldaşları ilə birlikdə hərəkət etmək məcburiyyətində qalmışdır. İbtidai istintaqda etirafedici ifadəsini təzyiq altına vermişdir. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında tədqiq olunan ifadəsində göstərmişdir ki, İran İslam Respublikasında olduqları zaman Sərvər yanında dayandıqları su quyusunun içərisindən 3 ədəd bağlama çıxarmış və həmin bağlamaları o taya-yəni Azərbaycan Respublikasının ərazisinə aparacaqlarını demişdir. Lakin o, bağlamaların içərisində narkotik vasitə və psixotrop maddə olduğunu başa düşüb Sərvər Məstiyə etiraz edib oraya gedə bilməyəcəyini demişdir. Bu zaman Sərvər cibindən bıçaq çıxarıb onun qarın nahiyəsinə dirəmiş və birlikdə getməyi tələb etmişdir. Həmin vaxt Əli Sərvərə onun geri qayıtmasına icazə verməsini demişdir. Sərvər isə onun satqın olduğunu, geri qayıdacağı halda onların barələrində digər şəxslərə məlumat verəcəyini demişdir. Bu zaman Babək bir qədər kənara gedərək əlində avtomobil təkərinə oxşar rezinlə geri qayıtmışdır. Kəramət, Babək və Sərvər növbə ilə hava üfürərək həmin rezini doldurmuşlar. Bundan sonra Sərvər, Kəramət və Əli hər biri bir ədəd bağlama, Babək isə həmin “tuyub” adlandırıqları qayığa oxşar rezini götürmüşdür. Sərvər bıçağı ona yönəldib yola davam etməyini demişdir. Təxminən 200 metr məsafə hərəkət etdikdən sonra Araz çayının yaxınlığına çatmışlar. Bu zaman Babək “tuyubu” suyun içərisinə atmışdır. “Tuyub” adlandırılan rezinin içərisində parça toxumalar olduğundan iki nəfər sərbəst şəkildə oturaraq suyun üzərində hərəkət edə bilər. Sərvər içərisində narkotik vasitə və psixotrop maddə olduğunu bildiyi bağlamaları “tuyubun” içərisinə yerləşdirib ona da oturmağını demişdir. O etiraz etsə də, Sərvər Məstinin əlində bıçaq olduğundan bir neçə saniyə sonra bağlamaların yanında, Behnam isə onun yanında oturmuşdur. Babək, Sərvər, Kəramət və Əli isə “tuyubun” kənarlarından tutaraq çayın içərisində hərəkət etdirmişlər. Təxminən 1 dəqiqə ərzində onlar Araz çayını keçərək Azərbaycan Respublikasının ərazisinə daxil olmuşlar. Oraya çatdıqda saat 04 radələri olmuşdur. Sərvər bir neçə saata havanın işıqlaşacağını gözləməli olduqlarını, buna görə də həmin günü orada keçirəcəklərini və onun arxasınca gəlmələrini demişdir. Bir qədər irəlilədikdən sonra o, Sərvərin həmin yerdə əvvəllər də olduğunu və əvvəllər də bir neçə dəfə narkotik vasitə apardığını başa düşmüşdür. Bir qədər dincəldikdən sonra Sərvərlə Babək çaya düşərək balıq tutmuşlar və onlar həmin balıqları bişirib yemişlər. Həmin gecəni orada keçirdikdən sonra 04 aprel 2022-ci il tarixdə saat 19 radələrində Sərvər onu yanına çağırıb bir qədər sonra havanın qaranlıq olacağını və həmin vaxt bağlamaları aparmalı olduğunu demişdir. O isə Sərvərə etiraz edib bağlamanı aparmayacağını demişdir. Sərvər onu öldürməklə hədələsə də, sonuncuyla razılaşmamış və onu məcbur edəcəyi halda azərbaycanlı hərbçilərin yaxalamaları üçün səs-küy salacağını bildirmişdir. Həmin vaxt Sərvər bağlamanı aparmağı qarşılığında 10 milyon tümən pul təklif etsə də o, Sərvərlə razılaşmamışdır. Bundan sonra X7 bağlamanı aparmağı təklif etmişdir. Behnam bir seçə saniyə səssiz qaldıqda Sərvər Behnamın narkotik vasitə istifadəçisi olduğunu bildiyi üçün sonuncuya 100 qram heroin və 10 milyon tümən təklif etmiş, Behnam da Sərvərin təklifi ilə razılaşmışdır. Bu zaman Sərvər Behnama yaxınlıqda olan ağaca çıxıb yola baxmasını demişdir. Behnam yola baxdıqdan sonra Sərvər oradan keçən qatar yolunu göstərib həmin yolun digər tərəfindən keçən avtomobil yolunun yaxınlığına getməli olduğunu və həmin bağlamaları orada yerləşən tikililərdən birinin içərisinə yerləşdirməli olduğunu, daha sonra isə avtomobil yolunun kənarına qayıdıb orada gizlənməli olduğunu bildirmişdir. Sərvər Behnama avtomobil yolunun kənarında gizləndikdən sonra “whatsapp” vasitəsilə olduğu yerin koordinatlarını göndərməsini, bundan sonra isə tikilinin yanına gedib orada gözləməsini tapşırmışdır. Behnamı narkotik vasitə olan bağlamanı hansı şəkildə aparmalı olduğu barədə məlumatlandırdıqdan sonra saat 21 radələrində Sərvər Behnama yola düşməsini bildirmişdir. Həmin vaxt Kəramət, Sərvər və Əli köməkləşərək bir-birinə bağlanmış bağlamanı Behnamın bir çiyninə, digər bağlamanı isə digər çiyninə yerləşdirmişlər. Behnam hərəkətə başlayarkən Sərvər yaşıl rəngli bir avtomobilin gələcəyini, bağlamaları həmin avtomobildə olan şəxsə verəcəyini, həmin şəxsin isə Bahnama 12 ədəd spirtli içki olan “viski” verəcəyini demişdir. Bundan sonra Behnam onların olduğu yerdən uzaqlaşaraq getmişdir. Təxminən 10 dəqiqə sonra Sərvərin mobil telefonu zəng çalmışdır. O, Sərvərin yaxınlığında olduğundan zəng edən şəxsin səsindən Behnam olduğunu başa düşmüşdür. Behnam qamışlıq olduğundan hərəkət edə bilmədiyini dedikdə Sərvər əsəbi halda getməsini və bunun qarşılığında Behnama əlavə olaraq 100 qram heroin, 5 milyon tümən pul verəcəyini təklif etmişdir. Lakin Behnam təkrar olaraq Sərvərə yola davam edə bilməyəcəyini bildirmişdir. Bu zaman Sərvər mobil telefonu cibinə qoyub onun qolundan tutaraq Behnamın yanına gedib sonuncuya kömək etməsini tapşırmış, lakin o, Sərvəri itələyib həmin yerə getməyəciyini, həmin yerə gedəcəyi halda hərbçilərin ona atəş aça biləcəyini demişdir. Bu zaman Sərvər birlikdə gedəcəklərini deyib onu itələyərək addımlamağını tələb etmişdir. Onun ardınca Əli, Babək və Sərvər, sonda isə Kəramət hərəkət etmişlər. Təxminən 300 metr piyada hərəkət etdikdən sonra Behnamın yanına çatmışlar. Hava qaranlıq olduğundan Behnamı görməmiş, lakin çaqqal ulamağı kimi səs eşitmişdir. Bu zaman Əli də sanki Behnama cavab verirmiş kimi həmin formada səs çıxardıqda o əvvəlki səsin Behnama məxsus olduğunu və bunun həmin şəxslər arasında gizli əlaqə forması olduğunu başa düşmüşdür. Bundan sonra onlar səs gələn yerə gedib Behnamın yanına çatmışlar. Behnam qamışlığı keçdiyini, lakin bağlamaları da keçirməyə gücünün çatmadığı demişdir. Bu zaman Əli Behnamdan qamışlığı keçməsini tələb etmişdir, özü isə bir-birinə bağlı olan bağlamaları götürüb qamışlığı keçmiş və onları Behnamın çiyninə yerləşdirmişdir. Daha sonra Sərvər digər bağlamanı yerdən götürüb onun yanına yaxınlaşmışdır. Əli isə həmin bağlamanı Sərvərdən alıb ötürməsini demişdir. O razılaşmadıqda Sərvər onun əl-qolunu bağlayaraq qaçmaması üçün orada olan kolluğun içərisinə yerləşdirmişdir. Bir qədər sonra azərbaycanlı hərbçilərin səslərini eşitidiyindən qamışlığın içərisində olduğunu qışqırıb bildirmişdir. Həmin vaxt Azərbaycan Respublikasının ərazisində azərbaycanlı hərbçilər tərəfindən saxlanılmışdır. Behnam Balainin meyitinin yanından aşkar edilmiş 3 ədəd bağlamada ümumi çəkisi 32 kiloqram olan narkotik vasitə və psixotrop maddəyə bənzər bağlamaları Sərvər adlı şəxs əldə etmişdir. Lakin onun həmin narkotik vasitələri nə zaman və kimdən əldə etdiyi barədə məlumatı yoxdur. Həmin bağlamaların içərisində narkotik vasitə və psixotrop maddə olduğunu su quyusunun yanında olarkən bilmişdir. Təqsirləndirilən şəxs cinayət əməlləri özünün ifadəsindən əlavə məhkəmədə şahid kimi dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, Şahid2 məhkəmədə göstərdi ki, 23 avqust 2021-ci il tarixdən Dövlət Sərhəd Xidmətinin «N» saylı hərbi hissəsinin 3-cü sərhəd komendantlığının 13-cü sərhəd zastavasında xidmət edir. 04 aprel 2022-ci il tarixdə saat 20:20 radələrində əsgər Şahid1 ilə birlikdə sərhəd naryadı xidmətində olduqları zaman gecəgörmə cihazı ilə ərazini müşahidə edərkən 6 nəfər şəxsin naryad cinahının sağ tərəfi hesab olunan İran İslam Respublikasının ərazisindən qamışlıq olan hissəni keçərək naryad yoluna doğru hərəkət etdiyini görmüşlər. O, təlimata uyğun olaraq həmin şəxslərə “Dayan” komandası vermişdir. Lakin həmin şəxslər komandaya tabe olmayaraq onlara doğru odlu silahdan atəş açmağa başlamışlar. Təxminən həmin şəxslərlə onların arasında olan məsafə 10-12 metr olmuşdur. Həmin pozucular onların olduqları istiqamətə bir neçə saniyə davam edən müddətdə atəş açıb daha sonra atəşi dayandırmışlar. Bu zaman o, havaya bir dəfə xəbərdarlıq atəşi açmışdır. Onunla eyni vaxtda naryad üzvü olan əsgər Şahid1 da bir neçə saniyə sonra havaya xəbərdarlıq atəşi açmışdır. Sərhəd naryadını pozan həmin şəxslər gəldikləri istiqamətdə geriyə doğru qaçmağa başlamışlar. O, Şahid1la birlikdə ayağa qalxaraq avtomat silahdan avtomatik rejimdə, səpələnmiş vəziyyətdə həmin şəxslərin qaçdığı istiqamətdə çoxlu atəş açmışdır. Bir müddət sonra atəşi dayandırmışlar. Həmin şəxslərin qamışlıq yol ilə həmin ərazini tərk etdiyini müşahidə etmişlər. Ərazinin minalanmış ərazi olması səbəbindən həmin ərazidə hərəkət qadağan olunduğu üçün sərhəd pozucularının təqibini davam etdirməmişlər. O dərhal baş vermiş hadisə barədə rabitə əlaqəsi vasitəsi ilə növbətçisi əsgər Yusif Cəlilova məruzə etmişdir. Saat 20:45-də sərhəd zastavası zastava rəisi vəzifəsini icra edən, baş leytenant Şahid3 tərəfindən “Silaha” komandasına qaldırılmışdır. Təxminən 15 dəqiqə ərzində zastava rəisi və tərkibində 10 sərhədçi olmaqla hadisə baş vermiş əraziyə “həyəcan” qrupu gəlmişdir. Qrup üzvləri ilə birlikdə əl fənərlərindən istifadə etməklə ərazini müşahidə edərkən naryad yolunun İran İslam Respublikası istiqamətində sərhəd pozucusunu yerdə beli üstə uzanmış vəziyyətdə öldüyünü görmüşlər. Sonradan ölən şəxsin İran İslam Respublikasının vətəndaşı Behnam Balain olduğu məlum olmuşdur. Daha sonra ərazidə axtarış aparan zaman qeyd olunan sərhəd pozucusunun yaxınlığında 3 ədəd bağlamada ümumi çəkisi 32 kiloqram olan kütlə aşkar edilmişdir. Həmin kütlə sellofana bağlı olduğu üçün o, içərisini görə bilməmiş, lakin sərhəd pozucuları tərəfindən onlar istiqamətdə atəş açıldığına görə həmin bağlamaların içərisində narkotik vasitə və ya psixotrop maddələr olduğunu düşünmüşdür. Mühafizə olunan dövlət sərhəddi pozulduğuna görə axtarış tədbirləri davam etdirilmişdir. Bir müddət sonra həmin ərazidə olan qamışlığın içərisində bir nəfər İran İslam Respublikası vətəndaşı müəyyən edilərək saxlanılmışdır. Həmin şəxsin qrupun üzvü Zari Məhəmməd olması müəyyən edilmişdir. Şahid1 da məhkəmədə Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Şahid X4 məhkəmədə göstərdi ki, Dövlət Sərhəd Xidmətinin «N» saylı hərbi hissənin 3-cü sərhəd komendantlığının 13 sərhəd zastavasında İİ qrup atıcı, baş əsgər vəzifəsində xidmət etmişdir. 04 aprel 2022-ci il tarixdə saat 20:00-da 13-cü sərhəd zastavasında xidmətdə olarkən Cəbrayıl rayonunun Şükürbəyli kəndinin ərazisində yerləşən sərhəd komendantlığının 13-cü sərhəd zastavasının 13-cü sahəsinin ərazisində bir qrup sərhəd pozucusunun müşahidə edilməsi ilə bağlı məlumat daxil olmuşdur. Dərhal silahlanma komandası verilmişdir. Hər kəs adına təhkim edilmiş AKSU markalı avtomat silahı götürmüşdür. Saat 20:45-də 13-cü sahəsində sərhəd pozucuları ilə sərhəd naryadları arasında atışma olması barədə məlumat daxil olmuşdur. Ona görə də əməliyyat qrupu formalaşdırılaraq hadisənin baş verdiyi 13-cü sərhəd zastavasının 13-cü sahəsinə yola düşmüşlər. Əməliyyat qrupunun heyətinə ondan başqa 13-cü sərhəd zastavasının rəisi vəzifəsini müvəqqəti icra edən, baş leytenant Şahid3, kiçik gizir Elsevər Səfərəliyev, baş çavuş Rahib Abdurrəhimov və kiçik çavuş Şahid6, əsgər Şahid9 daxil olmuşdur. Atışma baş verdikdən təxminən 20 dəqiqə sonra həmin hərbi qulluqçular artıq zastavanın 13-cü sahəsində hadisə baş verən yerə çatmışlar. Həmin yerə çatan zaman sərhəd naryadlarının hərəkəti üçün nəzərdə tutulmuş naryad yolunun kənarında sərhəd naryadları tərəfindən zərərsizləşdirilmiş sərhəd pozucularından birinə məxsus olan meyit görmüşlər. Meyitin yanında hadisə baş verən zaman həmin ərazidə sərhəd naryadı olmuş və sərhəd pozucuları ilə silahlı münaqişəyə girmiş 13-cü sərhəd zastavasının əsgərləri Şahid2 və Şahid1 olmuşlar. Yolun kənarındakı meyitin yanında bir ədəd avtomat silah və 3 ədəd böyük ölçülü, qara rəngli paketləri görünmüşdür. Həmin paketlərdə sərhəd pozucuları tərəfindən keçirilmiş narkotik vasitələrin olması məlum olmuşdur. Onlar qaçan sərhəd pozucularını axtarmaq məqsədilə getmişlər. Əməliyyat qrupu sərhəd zastavasının 13-cü sahəsindən 18-ci sahəsinə qədər olan ərazini təxminən 6-7 saat müddətində axtarmışdır. Gecə saat 04-04:30 radələrində hərbi qulluqçular sərhəd zastavasının 18-ci sahəsində Araz çayından təxminən 400-500 metr məsafədə böyük qamışlıq sahəyə daxil olmuşlar. Həmin qamışlıq sahədə gizlənmiş bir nəfər naməlum şəxs qarşılarına çıxmışdır. Həmin şəxs ilk öncə qaçmağa cəhd göstərərək müqavimət göstərsə də, buna nail ola bilməmişdir. Sərhəd pozucusunu tutmuşlar. Həmin şəxsdən kim olduğunu soruşduqda İran İslam Respublikasının Təbriz şəhərindən gəldiyini və adının Məhəmməd Zarehi olduğunu demişdir. Təqsirləndirilən şəxsni komandanlığa təhvil verdikdən sonra 13-cü sərhəd zastavasına qayıtmışlar. Məhkəmədə şahid kimi dindirilən Dövlət Sərhəd Xidmətinin «N» saylı hərbi hissəsinin hərbi qulluqçuları ƏlŞahid3, X2, Şahid6 və Şahid12 da Şahid7la eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. Şahid14 məhkəmədə göstərdi ki, 04 aprel 2022-ci il tarixdə Cəbrayıl rayonunun Şıxalıağalı kəndi ərazisində yerləşən 13-cü və 14-cü sahələrinin sərhəd pozucuları tərəfindən pozulması ilə əlaqədar hadisə yerinə baxış keçirilməsində hal şahidi kimi iştirak etmişdir. Hadisə yerinə gəldikdə orada bir qrup hərbi qulluqçu, bir nəfər İran İslam Respublikasının vətəndaşı olduğunu eşitdiyi şəxsin meyiti və həmin meyitin yanında 2 ədəd bağlama meyitin bir qədər yan tərəfində isə 1 ədəd bağlama olmaqla, ümumilikdə 3 ədəd bağlama və 1 ədəd avtomat silah görmüşdür. Onun iştirakı ilə hadisə yerinə baxış protokolu tərtib olunmuş, əraziyə baxış keçirilmişdir. Hadisə yerində olan ümumilikdə 3 ədəd bağlama açılaraq içərisində olan 35 ədəd müxtəlif ölçülü bağlamalar aşkar edilərək müvafiq qaydada qablaşdırılmışdır. O, sərhəd pozucularının üzərində silah olduğu üçün həmin bağlamaların içərisində narkotik vasitə və ya psixotrop maddələr olduğunu düşünüşdür. Həmçinin meyitin yanı və ətraf ərazilərdə olan 1 ədəd avtomat silah, içərisində 14 ədəd döyüş patronu olan 1 ədəd sandıqca, 26 ədəd giliz, qanabənzər ləkələr olan torpaq nümunəsi götürülərək qablaşdırılmışdır. Tərtib olunmuş protokolu imzalayaraq, doğruluğunu təsdiq etmişdir. 05 aprel 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Dövlət Sərhəd Xidmətinin «N» saylı hərbi hissəsinin Cəbrayıl rayonunun Şıxalıağalı kəndi ərazisində yerləşən 13-cü sərhəd zastavasının 13 və 14-cü sahələrinin ərazisidir. Şadisə yerində İran İslam Respublikasının vətəndaşı Behnam Balainin meyiti aşkar edilmişdir. Meyitin yaxınlığında üç ədəd bağlama və 1 ədəd avtomat silah üzərindəki sandıqça ilə birlikdə aşkar edilmişdir. Avtomat silahdan 4,76 metr məsafədə Behnam Balainin meyitindən sağ istiqamətdə torpaq örtüyün üzərində 5 ədəd giliz aşkar edilmişdir. Sandıqça silahın üzərindən çıxarılaraq içərisinə baxış keçirdikdə içərisində 14 ədəd döyüş patronu olduğu aşkar edilmişdir. Torpaq örtüklü yolda - yolun içərisində, sağ və sol tərəflərində, zastavanın 14-cü sahəsinə hərəkət istiqamətində səpələnmiş halda 21 ədəd giliz aşkar edilmişdir. Üç ədəd bağlama aşkar edilmişdir. Hər üç bağlama qara rənglidir, üzəri şəffaf rəngli skoçla bağlanaraq örtülmüşdür. 2 rəqəmi ilə işarələnmiş bir-birinə bağlı olan bağlamalar “Dahongyıng” markalı tərəzi ilə ölçülərkən ümumi çəkisinin 24,170 kq, 3 rəqəmi ilə işarələnmiş bağlamanın çəkisinin isə 8,100 kq olması müəyyən edilmişdir. Həmin bağlamalar açıldıqda içərisində müxtəlif rəngli qablaşdırmada və formada olan 35 ədəd müxtəlif ölçülü bağlama aşkar edilmişdir. Məhkəmə-bioloji ekspertizasının 7/382 nömrəli rəydən görünür ki, hadisə yerindən götürülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 873,7 qram; 724,7 qram; 857,0 qram; 543,6 qram; 1043,3 qram; 1843,9 qram; 844,2 qram-ümumi çəkisi-6730,4 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanalardır. Ayrı-ayrılıqda təmiz çəkiləri- 1738,5 qram, 126,2 qram,992,3 qram, 838,6 qram, 847,9 qram, 438,4 qram, 133,1 qram, 131,7 qram, 194,8 qram, 1366,8 qram-ümumi çəkisi-6808,3 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanalardır. Ayrı-ayrılıqda təmiz çəkiləri - 515,2 qram, 510,1 qram,947,4 qram, 990,5 qram, 961,7 qram, 810,9 qram, 881,6 qram, 504,0 qram, 966,1 qram, 483,0 qram-ümumi çəkisi-7570,5 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanalardır. Materialların məhkəmə ekspertizasının 6/2231 nömrəli rəydən görünür ki, 1 ədəd bükümdə təmiz çəkisi 447,3 qram olan, ağ rəngli kristalardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. “Methadone 40” markalanma göstəricisi olan konvalyutda, hər konvalyutda 10 ədəd, ümumilikdə 50 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş, qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli dərman preparatıdır və 50 həbdən ibarət metadon təsiredici maddəsinin ümumi miqdarı 2 qram təşkil edir. 1 ədəd bükümdə təmiz çəkisi 467,9 qram qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. 1 ədəd bükümdə təmiz çəkisi 445,9 qram olan, ağ rəngli kristalardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 959,4 qram, 469,3 qram, 948,2 qram-ümumi təmiz çəkisi 2376,9 qram olan, qəhvəyi rəngli, tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir və 1 ədəd bükümdə təmiz çəkisi 963,8 qram olan, ağ rəngli kristalardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. “Methadone 40” markalanma göstəricisi olan 4 ədəd qutuda, hər qutuda 10 ədəd konvalyutda, hər konvalyutda 10 həb olmaqla, ümumilikdə 400 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli dərman preparatıdır və 400 həbdən ibarət metadon təsiredici maddəsinin ümumi miqdarı 16 qram təşkil edir. 1 ədəd bükümdə təmiz çəkisi 156,9 qram olan, qəhvəyi rəngli, tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. 1 ədəd bükümdə təmiz çəkisi 24, 8 qram olan ağ rəngli, kristalardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Bir ədəd bükümdə təmiz çəkisi 16,0 qram olan, ağ rəngli kristalardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindi. Digər bükümdə isə təmiz çəkisi 26,7 qram olan, qəhvəyi rəngli, tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Stor ; “35” rəqəmi yazılmış bağlamada 1(bir) ədəd bükümdə təmiz çəkisi 926,3 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Beləliklə, tədqiqata təqdim edilmiş 3 ədəd torbalarda: heroinin ümumi təmiz çəkisi 3954,7 qram (3 kq 954,7 qr) təşkil edir və həmin heroinlər xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eynidirlər; metamfetaminin ümumi təmiz çəkisi 1897,8 qram (1 kq 897,8 qr) təşkil edir və həmin metamfetamin xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eynidirlər; ümumilikdə 450 ədəd həbdən ibarət metadon təsiredici maddəsinin ümumi miqdarı 18 qram təşkil edir və metadon tərkibli həblər xarici əlamətlərinə və tərkibindəki təsiredici maddəsinin miqdarına görə eynidirlər. Məhkəmə-bioloji ekspertizasının 7/378 nömrəli rəydən görünür ki, üzərində “2002 N-li hərbi hissədən təqdim edilmiş içərisində otabənzər kütlə olan “01” ədəd şəffaf sellofan paket....” yazısı və imzalar olan zərfdə1 ədəd şəffaf sellofanda təmiz çəkisi 5,160 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Materialların məhkəmə ekspertizasının 6/2198 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd şəffaf polietilen torbada təmiz çəkisi 5,160 qram olan, qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. 2 ədəd metal boruların içərisində narkotik vasitə olan-heroinin izləri vardır. İz şəklində olduğu üçün, heroinin təmiz çəkisini müəyyən etmək mümkün deyildir, üzərində “Joker (butane qaz) universal butane refill” markalanma göstəricisi olan qaz balondakı maddənin və bir ədəd qara əşyanın içərisindəki mayenin tərkibində narkotik maddələrin, psixotrop, güclü təsir edən və zəhərli maddələrin komponentləri yoxdur. Materialların məhkəmə ekspertizasının 6/4537 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş “Ekspert rəyi N 6/2198..” yazısı olan paketdəki 1 ədəd bükümdə heroin və “Ekspert rəyi N 6/2231..” yazısı olan torbada olan heroinlər kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Məhkəmə-bioloji ekspertizasının 7/939 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş 3 ədəd ağ rəngli sintetik torbalarda olan marixuanalarla qəhvəyi rəngli kağız paketdə olan marixuana tərkiblərinə görə eynidirlər. Məhkəmə-tibb ekspertizasının 395 nömrəli rəydən məlum olur ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində sözügedən hadisə ilə əlaqədar gözlə görünən hər hansı xəsarət və ya xəsarət izi aşkar olunmamışdır. Məhkəmə-psixatrik ekspertizasının 1362 nömrəli rəydən məlum olur ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar olunmamış, törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli CM-in 21-ci maddəsinin təsiri altına düşmür, məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-narkoloji ekspertizasının 2893 nömrəli rəydən məlum olur ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Qubadlı hərbi prokurorluğundan daxil olmuş 01 iyul 2022-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərardan görünür ki, N nömrəli hərbi hissənin hərbi qulluqçuları Şahid2 və Şahid1 tərəfindən xidməti istifadələrində olan avtomat silahlarından atəş açılmaqla sərhəd pozucusu, İran İslam Respublikasının vətəndaşı, 1996-cı il təvəllüdlü Behnam Balainin öldürülməsi faktı üzrə cinayət işi başlanılmaqla araşdırma aparılmış, əsgərlər Şahid2 və Şahid1 əməllərində cinayət tərkibi olmadığından cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən (əməllərində cinayət tərkibi olmadığından) xitam verilmişdir. İş materiallarında olan 01 sentyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saxlanılarkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən ona qarşı fiziki zorakılıq tətbiq olunması, bədəni üzərində xəsarətlərin müəyyən edilməsi və digər qanunsuzluqlara məruz qalması ilə bağlı Cəbrayıl Rayon Prokurorluğu tərəfindən araşdırma aparılmış, qeyd olunan hallar təsdiq olunmadığına görə toplanmış materiallar üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. 11 avqust 2022-ci il tarixli Dövlət Sərhəd Xidmətinin «N» saylı hərbi hissəsi tərəfindən təqdim edilmiş 2161 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs saxlanılan zaman üzərində mobil telefon olmamışdır. İş materiallarında olan 10 iyun 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs subaydır. 23 sentyabr 2022-ci il tarixli hazırkı cinayət işinin materiallarından fakta görə Azərbaycan Respublikası CM-nin 29.120.2.1, 29.120.2.3,29.120.2.7, 206.3.2, 228.2.1, 234.4.1, 234.4.3-cü və 318.2-ci maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini, qurudulşmuş marixuananı, metadonu və psixotrop maddə olan metamfetamini əldə edərək, Azərbaycan Respublikasının gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirməsi və Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qanunsuz olaraq nəzarət buraxılış məntəqəsindən kənarda qabaqcadan əlbir olan bir qrup şəxs halında keçməsi, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs hadisənin baş verdiyi gün ağac kəsmək üçün getməsi, o cümlədən Azərbaycan Respublikası əpazisinə də ağac kəsmək məqsədi ilə keçməsi, Azərbaycan Respublikası ərazisinə keçdikdən sonra yoldaşqlarının özləri ilə narkotik vasitələri qaçaqmalçılıql yolu ilə keçirmələrinin ona məlum olması, Sərvər Məsti adlı şəxsin onu həmin narkotik vasitələr və psixotrop maddələri daşımasına bıçaqla hədələyərək məcbur etməsi, ilkin ifadəsini təzyiq altında verməsi, ona qarşı hərbiçilər tərəfindən fiziki təzyiq göstərilməsi, hadisə yerində aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin ona məxsus olmaması barədə ifadəsini özünü müdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti cəza müəyyən edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 05 aprel 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 52.1-ci maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəza da təyin edilməli və CM-nin 52.1-1-ci maddəsinə əsasən onun Azərbaycan Respublikasına gəlmək hüququ məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Cəbrayıl Rayon Polis Şöbəsində saxlanılan 3958,49 qram narkotik vasitə heroin, 21113,21 qram qurudulmuş marixuana, 425 ədəd metadon həbləri, 1897,4 qram psixotrop maddə metamfetaminin, üzərində “Halley” sözü yazılmış bir ədəd sarı rəngli qutu, 01 ədəd qaz balonu, 01 ədəd qara rəngli predmet və 02 ədəd boru məhv edilməlidir. Ekspertiza xərci 774 manat pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin. Ona CM-nin 206.3.2-ci maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 318.2-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 05 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilən əsas cəzanı çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Azərbaycan Respubliksı CM-nin 52.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılsın. İş üzrə maddi sübut kimi tanınmaqla Cəbrayıl Rayon Polis Şöbəsində saxlanılan 3958,49 qram narkotik vasitə heroin, 21113,21 qram qurudulmuş marixuana, 425 ədəd metadon həbləri, 1897,4 qram psixotrop maddə metamfetaminin, üzərində “Halley” sözü yazılmış bir ədəd sarı rəngli qutu, 01 ədəd qaz balonu, 01 ədəd qara rəngli predmet və 02 ədəd boru məhv edilsin. Ekspertiza xərci 774 (yeddi yüz yetmiş dörd) manat pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev
Məhkəmə qərarları › İş №1(099)-682/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-682/2022
05.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver