Məhkəmə qərarları › İş №1(099)-682/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-682/2023

19.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-682/2023 19.09.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə 29 sentyabr 1979-cu ildə Astara rayonu, Ərçivan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Astara rayonu, Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 21,041 qram çəkidə külli miqdarda narkotik vasitə olan heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 21 iyun 2023cü il tarixdə, saat 12 radələrində Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Astara rayon Mərkəzi Bazarında saxlanılaraq Astara rayon polis şöbəsinin inzibati binasına gətirilmiş və üzərində aparılan şəxsi axtarış zamanı 01 ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 21,041 qram olan narkotik vasitə heroin onun əynində olan boz rəngli şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, özü narkotik vasitələrdən istifadə etməmiş, heç vaxt siqaret belə çəkməmişdir. Bazarda paltar satır və arıçılıqla məşğul olur. 21 iyun 2023-cü ildə Astara rayonu mərkəzi bazarında ticarət edəndə polis əməkdaşları gəlib onu saxlayıb şöbəyə aparmışlar. Onların içərəsindən Orxan müəllim rəis müavini və Fuadı tanımışdır. Şöbədə olarkən isə ona təklif etmişlər ki, bir büküm narkotiki boynuna götürsün, yoxsa evinə basqın edib, külli miqdarda evindən narkotik çıxaracaqlar. Narkotiki stolun üstünə qoyub, demişlər ki, götür qoy cibinə. O da sənədləri imzalayıb, üzərinə götürmüşdür. Bunu etməsə, yoxsa gedib evinə evindən daha çox narkotik çıxaracaqlarmış. Həm də polislər söz vermiş ki, bu bükümü üzərinə götürsə üç ildən yeddi ilədək cəza gözləyəcək, ona köməklik də edib aşağı həddə cəza alacaqdır. Aşkar edilmiş narkotikin ona aidiyyəti olmamışdır. Əgər qanında da narkotik maddə aşkar edilibsə, deməli ya yeməyinə, ya da suyuna qatıb veriblər. Ona qarşı polis əməkdaşları tərəfindən heç bir zor tətbiq edilməmiş, təzyiq göstərilməmiş, artıq söz belə deyilməmişdir. Bir kəlmə demişlər götür boynuna, o da götürmüşdür. Bazarda isə üzərinin yoxlanılması təklif edilməyib, sadəcə şöbəyə aparmışlar. Üzərində narkotik vasitə qoyulması ilə bağlı heç vaxt şikayət etməmiş, problem yaranmağın istəməmiş, bu barədə barəsində qətimkan tədbiri seçilərkən də hakimə heçnə deməmişdir. Məhkəmədən nə qərar verilirsə verilsin çox da uzadılmamasını, barəsində aşağı həddə cəza verilməsini xahiş edir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nın 234.43-cü maddəsi ilə özünü qismən təqsirli bilib, bildirmişdir ki, tutulmazdan qabaq narkotik vasitə olan tiryəkdən istifadə etmiş, lakin tutulub azadlığa çıxdıqdan sonra bir daha narkotik vasitələrdən istifadə etməmişdir. Problemlərdən uzaq olmaq üçün yenə də narkotik vasitədən istifadə etmək qərarına gəlmişdir. 2023-cü ilin iyun ayının ortalarında, dəqiq xatırlamadığı tarixdə, təxminən saat 15 radələrində Astara şəhərində, bulvarın yaxınlığında, dəniz kənarında gəzişən zaman tanımadığı bir nəfər şəxsi görmüş, həmin şəxs ona qoşulub birlikdə yeriməyə başlamışlar. Həmin şəxsin sərxoş vəziyyətdə olduğunu hiss etmiş, söhbət əsnasında həmin şəxs ona narkotik vasitə olan heroindən istifadə etdiyini demişdir. Həmin şəxsə heroin çəkmək istədiyini demiş, həmin şəxs də heroin təşkil edə biləcəyini demişdir. Həmin şəxs hansı məbləğdə və miqdarda heroin istədiyini ondan soruşmuş, üzərində 200 manatdan bir qədər artıq məbləğdə pul olduğundan 200 manat dəyərində narkotik vasitə olan heroin istədiyini demişdir. Həmin şəxs bir qədər gözləyəcəyi təqdirdə onun üçün narkotik gətirəcəyini demiş, təxminən 20 dəqiqə dəniz kənarında gözləmiş və həmin şəxs yaxınlaşıb, 1 ədəd sellofan bükümdə narkotik vasitə olan heroini ona vermişdir. Narkotiki aldıqdan sonra evə getmiş, uzun müddət narkotik vasitədən istifadə etmədiyindən, evdə aldığı narkotik vasitədən az miqdarda istifadə etmişdir. 21 iyun 2023-cü il tarixdə, təxminən saat 09 radələrində yaşadığı evi tərk edib Astara rayon mərkəzi bazarına, işlədiyi yerə gəlmişdir. Evi tərk edən zaman bir neçə gün öncə aldığı narkotik vasitə olan heroin də üzərində olmuşdur. Həmin gün, təxminən saat 12 radələrində bazarda olan zaman bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşmış, özlərini təqdim edib, polis əməkdaşları olduqlarını bildirdikdən sonra narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, həmin səbəbdən də üzərində şəxsi axtarış aparacaqlarını demişlər. Həmin vaxt üzərində narkotik vasitə olmuş və polislərdən bazarda üzərində şəxsi axtarış aparmamalarını xahiş etmişdir. Polislər buna etiraz etməmiş və onu avtomobilləri ilə rayon polis şöbəsinin inzibati binasına gətirmişlər. Şöbəyə daxil olduqdan sonra müdafiəçinin iştirakı ilə video-çəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış başlanan zaman təhqiqatçı üzərində dövriyyəsi qanunla qadağan edilmiş əşyanın olduğu təqdirdə təqdim etməyini təklif etmişdir. Həmin təklifdən sonra ilk öncə əynində olan şalvarın sağ yan cibindən özünə məxsus “Redmi Note 8” markalı mobil telefonu çıxarıb masanın üzərində qoymuşdur. Sonra əynində olan şalvarın sol yan cibindən 01 ədəd bükümdə narkotik vasitə olan heroini təqdim edərək masanın üzərində qoymuşdur. Üzərində axtarış aparılsa da təqdim etdiyi əşyalardan başqa üzərindən heç nə aşkar edilməmişdir. Təqdim etdiyi 01 ədəd bükümdə narkotik vasitə olan heroin elektron tərəzidə çəkilmiş və çəkisinin 21,70 qram olması müəyyən edilmişdir. Həmin büküm 01 ədəd zərfdə qablaşdırılmış, zərf möhürlənmiş, müdafiəçi və şəxsi axtarışda iştirak edən digər şəxslər zərfin üzərində imzalarını çəkmişlər. Daha sonra onunla şifahi sorğu aparılmış, şifahi sorğu zamanı təqdim etdiyi 01 ədəd bükümdə narkotik vasitə olan heroinin özünə məxsus olduğunu, istifadəsi üçün tanımadığı şəxsdən aldığını demişdir. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs, həmin ifadələrini özü verdiyini və imzaladığını, müstəntiq tərəfindən heç bir təsir və təzyiqə məruz qalmadığını, heçnəyin faydası olmadığından həmin ifadələri verdiyini, hazırda ifadələrini təsdiq etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, Astara RPŞnin NMQ-nın baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis kapitanıdır. 21 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz dövriyyəsi ilə məşğul olması barədə icraatına əməliyyat məlumatı daxil olmuş, məlumat şöbə rəhbərliyinə məruzə olunduqdan sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilərək əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə, saat 12 radələrində əməliyyataxtarış tədbirləri keçirilən zamanı Təqsirləndirilən şəxs Astara şəhəri mərkəzi bazarında görüb yaxınlaşmışlar. Təqsirləndirilən şəxs özlərini təqdim edib, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə şübhələrinin olduğunu və üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Mərkəzi bazarda intensiv hərəkət olduğundan Təqsirləndirilən şəxs üzərinə normal şəxsi axtarış keçirilməsi mümkün olmamış, həmçinin Təqsirləndirilən şəxs yaxınlıqda olan insanları tanıyıb utandığından üzərinə Astara RPŞ-də axtarış aparılmasını xahiş etmişdir. Odur ki, Təqsirləndirilən şəxs Astara RPŞ-yə gətirmişlər. Təqsirləndirilən şəxs Astara RPŞ-nin inzibati binasına gətirildikdən sonra müdafiəçinin iştirakı ilə video-çəkiliş vasitəsilə üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən 1 ədəd mobil telefonu, sol yan cibindən isə 01 ədəd şəffaf sellofan bükümü çıxarıb, masanın üzərində qoyub bildirmişdir ki, mobil telefon özünə məxsusdur, bükümün içində isə narkotik vasitə heroin vardır. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan bükümə baxış keçirilən zaman bükümün içərisində toz formasında, qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlənin olması müəyyən edilmişdir. Həmin büküm elektron tərəzidə çəkilmiş, sonra qablaşdırılmışdır. Şifahi sorğu zamanı isə Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümdə olan kütlənin narkotik vasitə olan heroin olduğunu, həmin kütlənin özünə məxsus olduğunu, saxlanıldığı gündən 4-5 gün əvvəl Astara şəhərində, dəniz kənarında tanımadığı şəxsdən öz istifadəsi üçün 200 manata aldığını, əvvəllər narkotik vasitədən istifadə etdiyini, sonra narkotik vasitəni tərgitdiyini, əsəblərini sakitləşdirmək üçün yenidən narkotik vasitədən istifadə etməyə başlamaq istədiyini və narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs qarşı nə özü nə də ki, digər polis əməkdaşları tərəfindən təsir və ya təzyiq edilməmiş, üzərinə narkotik vasitə qoyulmamışdır, özü hər şeyi səmimi etiraf etmiş, video-çəkilişlə müdafiəçinin iştirakı ilə üzərinə şəxsi keçirilmişdir. Onun bu barədə bildirdikləri isə özünü müdafiə xarakterli olmaqla məsuliyyət yayınmaq məqsədi daşıyır. Məhkəmə iclasında Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan, Astara RPŞ-nin CAB-nin rəisi vmie Nicat Əliyevin xx.xx.2023-cü il tarixli “Raport”u ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Onun ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş etmişdir. (c İ, i.v 3) İşdə olan, «təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə» xx.xx.2023-cü il tarixli qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair Astara RPŞ-nin ƏİÜ rəis müavini Orxan Novruzov tərəfindən qərar qəbul olunmuşdur. (c İ, i.v 4-5) İşdə olan, Təqsirləndirilən şəxs tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, mərkəzi bazarda satıcı işlədiyinə görə polis əməkdaşlarının işlədiyi yerdə üzərində şəxsi axtarış keçirilmələrini istəmir, çünki işlədiyi bazar ərazisində tanışları çoxdur, bu zaman tanışlarının onu görmələrini istəmir. (c İ, i.v 9) İşdə olan, «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:35-də şübhəli şəxs qismində tutulmuşdur. (c İ, i.v 12) İşdə olan, xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan və əlavə edilmiş video-çəkilişdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sağ yan cibindən 1 ədəd “Redmi” markalı mobil telefonu, sol yan cibindən isə 01 ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmiş, axtarış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan bükümdən başqa üzərində hər hansı bir qanunla dövriyyəsi qadağan edilmiş əşya aşkar edilməmişdir. (c İ, i.v 27-29) İşdə olan, materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli 19/673 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir bükümdə narkotik vasitə heroinə bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: 21,041 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin ümumi təmiz çəkisi 21,041 qr, cəmi təhqiqata sərf edildi 0,1 qr, qalıq 20,941 qr. Aparılmış ekspertiza tədqiqatının dəyəri 65,0 manat təşkil edir. (c İ, i.v 36-38) İşdə olan, Astara Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(018)-114/2023 nömrəli qərarından görünür ki, Astara Rayon Polis Şöbəsinin rəis müavini Orxan Novruzovun “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 21 iyun 2023-cü il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. (c İ, i.v 48-49) İşdə olan, xx.xx.2023-cü il tarixli Astara Rayon Məhkəməsinin 4(018)-72/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində dörd ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü ildən hesablanmışdır. (c İ, i.v 69-71) İşdə olan, Ambulator məcburi narkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli 674 nömrəli rəyindən görünür ki, hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan Heroindən istifadə halları olub. Lakin Asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. (c İ, i.v 79) İşdə olan, xx.xx.2023-cü il tarixli 209 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilməmişdir. (c İ, i.v 81- 82) İşdə olan, xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən və Astara Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(018)-68/2014 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Astara Rayon Məhkəməsinin 26 avqust 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 233-cü maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 20 avqust 2015-ci il tarixdə cəzası başa çatdığından azad edilmişdir. (c İ, i.v 97-98, 99-108) İşdə olan, Astara RİHB-nın Ərçivan qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri arvadı, xx.xx.2005-ci il təvəllüdlü və xx.xx.2009-cu il təvəllüdlü uşaqlarından ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə edilir. (c İ, i.v 121-122) İşdə olan, xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş, ekspertiza tətqiqatından sonra qalıq qalan 20,941 qram narkotik vasitə olan heroin və şəxsi axtarış aparılarkən qeydə alınmış video-çəkilişlər olan 01 ədəd DVD disk maddi sübut kimi tanınmış, narkotik vasitə olan heroin saxlanılmasından ötrü Astara RPŞ-nin saxlama kamerasına təhvil verilmiş, 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. (c İ, i.v 141-150) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi dəlillər: saxlanılarkən üzərində heç bir narkotik vasitə, qanunla qadağan edilmiş əşya və ya predmet olmamış, narkotik vasitə polis əməkdaşları tərəfindən üzərinə qoyulmuş, polis əməkdaşları tərəfindən ona təhdidlər edildiyi üçün həmin narkotik vasitənin özünə məxsus olmasını etiraf etmişdir. Təqsirlərdirilən şəxsin irəli sürdüyü ikinci dəlillə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təhdidlərə məruz qalması ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir. İş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs özü, istər onun vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlıvaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş və eyni zamanda o, bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişdir. Beləliklə, təqsirləndirilən şəxs iki aya yaxın müddət ərzində aparılmış ibtidai araşdırma zamanı təhdidlərə məruz qaldığını mübahisələndirməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təhqiqatçı tərəfindən verilmiş suallara cavab olaraq söyləydiyi səsli nitqində polis şöbəsinə gətirilərkən polis əməkdaşları tərəfindən ona təzyiq göstərilmədiyi, halının yaxşı olduğunu, hər şeyin qaydasında olduğunu bildirmiş, eyni zamanda onun saxlanılmasında iştirak etmiş polis əməkdaşları da məhkəmədə dindirilərkən tərəflərindən Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki və ya psixi təsirin göstərilmədiyini, üzərinə narkotik vasitə qoyulmadığını bildirmişlər. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, yuxarıda qeyd olunanlar təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələrin məhz təhdidlər nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən təhdidlərə məruz qalması ilə bağlı göstərdiyi xüsusat işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, ondan ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs işin məhkəmə baxışı zamanı tutulduqdan sonra təhdidlərə məruz qalmaqla ondan şübhəli və təqsirləndirilən şəxs kimi izahat və etirafedici ifadələr alınması ilə bağlı bildirdiklərinə yuxarıda aparılmış təhlil nəzərə alınmaqla iş üzrə toplanmış digər sübutlarla birlikdə məcmu şəkildə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin bu hissədə bildirdikləri həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi digər dəlillərin qiymətləndirilməsi: Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərilən xüsusatlar, üzərindən aşkar edilmiş narkotik vasitənin ona aidiyyətinin olmaması, həmin predmetin üzərinə polis əməkdaşları tərəfindən qoyulması, daha sonra ona təhdidlər edilməsi və nəticədə rəsmiləşdirilməsi məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən özünün ibtidai araşdırma zamanı vermiş olduğu izahat və ifadələri, şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Belə ki, cinayət təqibi başlanan andan Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə xx.xx.2023-cü ildə şübhəli (cild İ – i.v. 44-46) və xx.xx.2023-cü ildə təqsirləndirilən (cild İ – i.v. 59-62) şəxs qismində verdiyi ifadələrində, barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətə baxılarkən verdiyi izahatında, (cild İ – i.v. 69-71) eləcə də üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilərkən söylədiyi səsli nitqində işin faktiki hallarına uyğun gələn ifadələr vermişdir. Həmin izahat, ifadələrində və istintaq hərəkətlərində təqsirləndirilən şəxs üzərindən çıxan narkotik vasitə heroinin özünə məxsus olmasını, həmin narkotik vasitəni tanımadığı şəxsdən istifadə etmək məqsədilə aldığını və üzərində gəzdirdiyini bilvasitə öz seçimi əsasında cəlb edilmiş peşəkar vəkilinin yanında qeydşərtsiz və açıq-aşkar formada bəyan etmişdir. Bununla yanaşı onun barəsində Astara Rayon Polis Şöbəsində cinayət təqibi başlanan andan, barəsində olan cinayət işi ittiham aktı ilə məhkəməyə daxil olanadək müdafiəçinin iştirakı ilə verdiyi bütün izahat və ifadələrində polis əməkdaşları tərəfindən üzərinə narkotik vasitə qoyulması ilə bağlı fikir ifadə etməmişdir. Ümumiyyətlə o, məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründən fərqli ifadə verməsini hər hansı bir halla əsaslandırmamış, yalnız saxlanılarkən və polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən təhdidlərə məruz qalmasını bildirməklə özünə qarşı verdiyi ifadələri inkar etmiş, lakin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs irəli sürdüyü həmin dəlillər təsdiqini tapmamışdır. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin həqiqəti əks etdirmədiyi, əksinə ibtidai araşdırma zamanı heç bir təsir və təzyiq olmadan müdafiəçinin iştirakı ilə verdiyi ifadələrinin isə işin faktiki halları ilə üst-üstə düşdüyü və həqiqəti əks etdirdiyi qənaətinə gəlməyə əsas verir. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı gətirdiyi dəlilləri məsuliyyətdən yayınmaq məqsədi ilə seçilmiş müdafiə taktikası kimi dəyərləndirir və hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə özünü məsuliyyətdən qurtarmağa çalışır. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cinayət işinin ibtidai araşdırma mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini əsaslı və işin faktiki hallarına uyğun ifadələr kimi qəbul edərək məhz həmin ifadələrin ittihamın əsasına qoyulmasını məqsədə uyğun sayır. Bu səbəbdən də, cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlar vasitəsi ilə Təqsirləndirilən şəxs məhkəmədə qeyd etdiklərinin işin faktiki halları ilə üst-üstə düşmədiyi, obyektiv həqiqəti əks etdirmədiyi müəyyən olunur. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələrində göstərdikləri işin müəyyən olunmuş faktiki halları ilə birəbir uyğun olmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan ifadələrində üzərindən aşkar edilmiş narkotik vasitənin ona aid olduğunu, şəxsi istifadə etmək məqsədilə tanımadığı şəxsdən aldığını bildirmişdir. Bununla yanaşı o, xx.xx.2023cü ildə cinayət işinin materialları, eləcə də, təkrarən işdə olan dindirmə protokolları ilə tanış olsa da, həmin protokollarda əks olunmuş ifadələrinin məzmununu mübahisələndirməmiş, habelə buna dair düzəliş, qeyd, əlavə və etiraz verməmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində tutulduqdan sonra polis əməkdaşlarının psixoloji təzyiqinə məruz qaldığını, təzyiqin isə onun evinə polis əməkdaşları tərəfindən basqın edilərək, külli miqdarda narkotik vasitə qoyulacağı və bu qəbildən olan sair məsələlərdə ifadə olunduğunu bildirmişdir. Məhkəmə bu hissədə də təqsirləndirilən şəxs iddia etdiyi halla razılaşmır və hesab edir ki, o, belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq istəmişdir. Belə ki, təqsirləndirilən şəxs iddia etdiyi halın ilk baxışdan mümkün ola biləcəyi görünsə də, yəni tutulduqdan sonraki qısa müddət ərzində onun iddia etdiyi halların baş verməsi mümkün olsa da, onun əməliyyat orqanından asılılığı bitdikdən sonra, yəni barəsində həbs qətimkan tədbiri seçilərkən, İstintaq Təcridxanasına təhvil verilərkən, ibtidai istintaqın sonraki mərhələlərində iddia etdiyi hallarla bağlı heç bir orqana müraciət etməmiş, habelə sair qaydada iddia etdiyi halları mübahisələndirməmişdir. Bu hallar isə ona dəlalət edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında aşkarlanmış narkotik vasitə ilə bağlı ifadə verərkən səmimi olmamış, əksinə qanunsuz əməllərini ört-basdır etmək məqsədi ilə ziddiyyətli ifadə verməklə çaşqınlıq yaratmaq məqsədi güdmüşdür. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadə arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə verdiyi qeyd olunan ifadələrini (üzərindən aşkar edilmiş narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etməsi istisna olmaqla) cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı heç bir təsir və təzyiq göstərilmədən, müdafəçinin iştirakı ilə üzərindən aşkar edilmiş narkotik vasitənin özünə məxsus olduğunu, saxlanılmamışdan əvvəl tanımadığı şəxsdən şəxsi istifadə etmək məqsədilə aldığını etiraf etmiş və onun bu ifadələri iş üzrə CPM-nin 125.2-ci maddəsində sadalanan pozuntulara yol verilmədən əldə edilmiş digər sübutlarla da tam təsdiq edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin həmçinin üzərindən aşkar olunmuş – ittihamda təsvir olunmuş maddəni şəxsi istifadəsi üçün əldə edib saxlaması ilə bağlı ibtidai istintaq zamanı vermiş olduğu ifadələrinə də münasibət bildirərək qeyd edir ki, təqsirləndirilən şəxsin bu hissədə də söylədikləri həqiqətə uyğun deyil, onun müvafiq ifadə verməsi isə elan olunmuş ittiham üzrə cinayət məsuliyyətinin yüngülləşdirilməsinə hesablanmışdır. Belə ki, Təqsirləndirilən şəxs öz şəxsi istifadəsi üçün təmiz çəkisi 21,041 qram çəkidə narkotik vasitə heroini tədarük etməsi, həmin narkotik vasitəni üzərində saxlamaqla yaşadığı evdən kənarda şəhər ərazisində (mərkəzi bazarda) gəzdirməsi inandırıcı deyil. Göründüyü kimi, Təqsirləndirilən şəxs özünün məhkəməyədək icraat zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində bildirdikləri, aşkar edilmiş narkotik vasitə heroinin şəxsi istehlak miqdarından dəfələrlə (təxminən 140 dəfə) çox olub külli miqdar təşkil etməsi, narkotik vasitəni üzərində saxlamaqla yaşadığı evdən kənarda şəhər ərazisində daşıması kimi işin faktiki hallarını məhkəmə nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də üzərindən aşkar edilmiş narkotik vasitəni məhz satış məqsədi ilə qanunsuz şəkildə əldə etmişdir. Əks nəticəyə gəlmək üçün başqa hal müəyyən edilməmişdir. Göstərilənləri məcmu halda təhlil edib nəzərə alaraq, məhkəmə bir daha belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də satış məqsədi ilə külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu bu cinayət əməli ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Narkotik vasitələr» başlıqlı «İ siyahı»nın 5-ci sətrinə əsasən heroin narkotik vasitə hesab edilir, həmin maddənin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının aşağı həddi isə 2 qramdır. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlər başa düşülür. Sözügedən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olmasını və ağırlaşdıran halın olmamasını, aşkar edilmiş narkotik vasitənin çəkisini, həmin cinayətin törədilmə üsulunu və mexanizmini, aşkarlanmış narkotik vasitənin insan orqanizminə mənfi təsirini, çoxlu sayda insanların sağlamlığına ziyanını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə CM-nin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun faktiki həbsə alındığı andan, 21 iyun 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1, 132.1.4-cü maddələrinə əsasən iş üzrə maddi sübut kimi tanınaraq Astara Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 20,941 qram narkotik vasitə heroin məhv edilməli, iş materiallarında olan şəxsi axtarış istintaq hərəkətinin keçirilməsinə dair 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 21 iyun 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Astara Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 20,941 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq iş materiallarında olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntüləri əks etdirən 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar