Məhkəmə qərarları › İş №1(099)-684/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(099)-684/2023

23.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(099)-684/2023 23.08.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Cinayət işinin baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Cəlilov Oruc Yusif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X6 və müdafiəçilər-Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri X2, X1 iştirakları ilə xx xxxxxxxx 1979-cu ildə Astara şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx xxxxxxx 1992-ci ildə Astara şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, məhkumluğu olan, subay, işləməyən, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə edilməklə Lənkəran şəhərində, məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmənin icraatına təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi daxil olmuşdur. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmişlər ona görə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qəsdən qazanc əldə etmək üçün öz aralarında və İran İslam Respublikasında (bundan sonra İİR) olan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitənin satış məqsədi ilə qanunsuz olaraq İİR-də əldə edilməsi, saxlanılması və daşınaraq Azərbaycan Respublikası gömrük sərhəddindən gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi ilə bağlı qabaqcadan razılıq əldə etmiş, bundan sonra cinayətkar qrupun üzvləri arasında əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq, digər şəxs külli miqdarda narkotik vasitə olan ümumi təsir maddəsinin miqdarı 40 qram təşkil edən “Metadon 40” dərman preparatlarını satış məqsədi ilə qanunsuz olaraq əldə edib, saxlayıb, daşımaqla məlum olmayan vaxtda və şəraitdə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən gömrük sərhədindən gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə İİR-dən Azərbaycan Respublikasına keçirərək onlara təhvil vermək üçün qabaqcadan razılaşdıqları istiqamətində, yəni Xəzər dənizinin Astara rayon ərazisində əvvəlcədən müəyyən edilmiş koordinatda suya ataraq İİR-ə qayıtmışdır. Bundan sonra cinayətkar qrupun üzvləri arasında əvvəlcədən əldə olunmuş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq Təqsirləndirilən şəxs2 qəsdən, yəni qazanc əldə etmək üçün Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə İİR-dən Azərbaycan Respublikasına keçirilmiş bir bağlamada həmin külli miqdarda ümumi təsir maddəsinin miqdarı 40 qram təşkil edən “Metadon 40” dərman preparatlarını 27 yanvar 2023-cü il tarixdə saat 11 radələrində Xəzər dənizindən, yəni X5 sahil nəzarət bölməsinin 1-ci yanalma körpüsünün xidməti ərazisindən əvvəlcədən koordinatı müəyyən edilərək gizlədilmiş sudan AS-107 bort nömrəli üzmə vasitəsi ilə, Təqsirləndirilən şəxs1 ilə birlikdə satış məqsədilə qanunsuz olaraq əldə edib, saxlayıb daşımışdır. Məhkəmə hazırlıq iclasında keçirilən dinləmələr zamanı müəyyən edilmişdir ki, ibtidai araşdırma zamanı təqsirləndirilən şəxslərin müdafiə hüququ kobud şəkildə pozulmuşdur. Belə ki, cinayət işinə əlavə edilmiş 29 yanvar 2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan (cild 1, iş vərəqəsi 1) görünür ki, fakt üzrə Azərbaycan Respublikası CM-nin 318.1, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin İstintaq Şöbəsinin rəisi, ədliyyə mayoru Cavid Məmmədzadə tərəfindən cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə qərar qəbul edilmişdir. Cinayət işinə əlavə edilmiş 28 yanvar 2023-cü il tarixli vəkil orderindən (cild 1, iş vərəqəsi 50) görünür ki, Təqsirləndirilən şəxs1 hüquqlarını müdafiə etmək məqsədi ilə Femida Vəkil Bürosunun vəkili X7 tərəfindən № ******* saylı order verilmişdir. Cinayət işinə əlavə edilmiş 28 yanvar 2023-cü il tarixli müdafiəçinin təqdim edilməsi haqqında protokoldan (cild 1, iş vərəqəsi 52) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 müdafiəçi qismində Femida Vəkil Bürosunun vəkili X7 təqdim edilmişdir. Cinayət işinə əlavə edilmiş 28 yanvar 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqəsi 44) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 ona təqdim edilmiş müdafiəçi X4 iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə edilmiş 28 yanvar 2023-cü il tarixli vəkil orderindən (cild 1, iş vərəqəsi 65) görünür ki, Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiə etmək məqsədi ilə Femida Vəkil Bürosunun vəkili X7 tərəfindən № ******* saylı order verilmişdir. Cinayət işinə əlavə edilmiş 28 yanvar 2023-cü il tarixli müdafiəçinin təqdim edilməsi haqqında protokoldan (cild 1, iş vərəqəsi 67) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 müdafiəçi qismində Femida Vəkil Bürosunun vəkili X7 təqdim edilmişdir. Cinayət işinə əlavə edilmiş 28 yanvar 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqəsi 61) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 ona təqdim edilmiş müdafiəçi X4 iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Göründüyü kimi, cinayət işi üzrə təqsirləndirilən şəxslərin müdafiəçisi eyni vəkil - Femida Vəkil Bürosunun vəkili X7 olmuşdur. İş materiallarından görünür ki, 28 yanvar 2023-cü il tarixdə, saat 11:35-13:05 radələrində Təqsirləndirilən şəxs1, 28 yanvar 2023-cü il tarixdə, saat 14:05-15:45 radələrində Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində dindirilmişdir. Hər iki istintaq hərəkəti protokolunda X12in iştirak etməsi qeyd edilmişdir. Təqsirləndirilən şəxs1 X12in iştirakı ilə şübhəli şəxs qismində ifadə verərkən hadisə günü dənizdən tutduğu balıqları kisədə köhnə qırmızı rəngli Muravey markalı motorollerinin arxa yük yerinə qoyduğunu, sonra isə təxminən motorollerin on metrliyində olan AS-107 bort nömrəli qayığına tərəf getdiyini, bu zaman baş leytenant Şahid1 onu motorollerin yanına çağırıb əlində olan bir ədəd skoçlanmış selofan bağlamanı ona göstərib, bu bağlama nədir, ona məxsus motorollerin arxa yük yerindən baxış zamanı aşkar olunmasını deməsini, onun da motorollerin yanında ona bu bağlamanın nə olduğunu bilmədiyini, bağlamadan xəbərinin olmadığını deməsini, sonra isə Muravey markalı motorollerinə oturub ərazidən uzaqlaşıb evə getməsini göstərmişdir. X12 qeyd edilən xüsasatı bilsə də, Azərbaycan Respublikası CPM-in 114.1.4-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs2 onun iştirakı ilə şübhəli şəxs qismində dindirilərkən özüözünə etiraz etməli olduğu halda bunu etməmişdir. Həmin ifadəsində Təqsirləndirilən şəxs2 hadisə zamanı Təqsirləndirilən şəxs1 dənizin kənarında saxladığı və ona məxsus olan köhnə qırmızı rəngli Muravey markalı motorollerə tərəf getdiyini, tutduqları balıqları motorollerin arxa yük yerinə qoyduğunu, bu zaman baş leytenant Şahid1 və digər sərhədçilərin Təqsirləndirilən şəxs1 tərəf Muravey markalı motorollerin yanına yaxınlaşdıqlarını, oradan bir ədəd bağlamanın aşkar olunaraq götürüldüyünü, sərhədçilərin bağlamanın nə olmasını soruşduqda Zaminin sərhədçilərlə mübahisə edərək, həmin bağlamanın onlara aid olmadığını bildirib və səs-küy salıb motorollerə oturub ərazidən qaçıb getdiyini, özünün də onun qaçmağını görüb qorxaraq piyada qaçıb ərazidən uzaqlaşdığını göstərmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs2 ifadəsində sərhədçilərin digər Təqsirləndirilən şəxs1 yanında sonuncuya məxsus Muravey markalı motorollerdən bir ədəd bağlama aşkar edərək, bu barədə Zamindən soruşduqda, Zaminin səs-küy salıb motorollerə oturub ərazidən qaçıb getməsini bildirdiyi halda, Təqsirləndirilən şəxs1 isə ifadəsində əksinə hadisə günü dənizdən tutduğu balıqları kisədə köhnə qırmızı rəngli Muravey markalı motorollerinin arxa yük yerinə qoyub, sonra isə təxminən motorollerin on metrliyində olan AS-107 bort nömrəli qayığına tərəf getdiyini, bu zaman baş leytenant Şahid1 onu motorollerin yanına çağırıb əlində olan bir ədəd skoçlanmış selofan bağlamanı ona göstərib, bu bağlama nə olmasını və ona məxsus motorollerin arxa yük yerindən baxış zamanı aşkar olunmasını deməsini, özünün isə bu bağlamanın nə olduğunu bilmədiyini, bağlamadan xəbərinin olmadığını deməsini, sonra isə Muravey markalı motorollerinə oturub ərazidən uzaqlaşıb evə getməsini bildirmişdir. İfadələr arasında kəskin ziddiyyət ən əsası ondan ibarətdir ki, Təqsirləndirilən şəxs1 özünə məxsus motorollerin yanından on metr kənara uzaqlaşdıqdan sonra sərhəd xidməti əməkdaşının onu motorollerin yanına çağırıb əlində olan bir ədəd skoçlanmış selofan bağlamanı ona göstərməsini bildirsə də, Təqsirləndirilən şəxs2 ifadəsində bu halı təkzib edərək, sərhədçilərin digər Təqsirləndirilən şəxs1 yanında sonuncuya məxsus Muravey markalı motorollerdən bir ədəd bağlama aşkar edərək, bu barədə Zamindən soruşduqda, Zaminin səs-küy salıb motorollerə oturub ərazidən qaçıb getməsini göstərmişdir. Bundan sonra 30 yanvar 2023-cü il tarixdə, saat 11:20-12:35 radələrində Təqsirləndirilən şəxs1, 30 yanvar 2023-cü il tarixdə, saat 14:10-15:25 radələrində Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində dindirilmişdir. Hər iki istintaq hərəkəti protokolunda X12in iştirak etməsi qeyd edilmişdir. Həmin ifadələrində də təqsirləndirilən şəxslərin hər ikisi şübhəli şəxs qismində verdikləri ifadələri ilə eyniməzmunlu ifadələr vermişlər. Buna baxmayaraq, X12 qanuni mənafeləri arasında kəskin ziddiyət olan iki şəxsə eyni vaxtda hüquqi yardım göstərmiş və bu hal ibtidai araşdırma qurtaranadək davam etmişdir. Göründüyü kimi, X12 hazırki cinayət işi üzrə ibtidai araşdırma başladıqdan qurtaranadək, qanuni mənafeləri arasında kəskin ziddiyət olan iki şəxsə eyni vaxtda hüquqi yardım göstərmişdir. Bununla da təqsirləndirilən şəxslərin müdafiə hüquqlarının pozulmasına baxmayaraq ibtidai istintaqı aparan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin İstintaq Şöbəsinin rəisi, ədliyyə mayoru Cavid Məmmədzadə qeyd olunan təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməmiş, təqsirləndirilən şəxslərin müdafiəçisi olan Fuad Əliyevin cinayət prosesində müdafiəçi qismində iştirakına xitam verilməsi barədə qərar qəbul etməmişdir. Təqsirləndirilən şəxslərin eyni müdafiəçi tərəfindən hüquqlarının müdafiə olunduğu dövrdə aparılmış istintaq hərəkətlərinin yenidən aparılmasını (pozulmuş müdafiə hüquqlarının aradan qaldırılması üçün) təmin etməmişdir. Eyni zamanda hər iki təqsirləndirilən şəxsin ifadələrində əhəmiyyətli ziddiyyətlər olduğu təqdirdə ibtadi istintaqı aparan Cavid Məmmədzadə tərəfindən onlar arasında üzləşdirmə aparılmamış, qeyd edilən məsələ ilə bağlı ziddiyyətləri aradan qaldırmamışdır. Beləliklə, məhkəmənin hazırlıq iclasında cinayət işinin materialları öyrənilərkən ibtidai istintaq zamanı məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan yuxarıda sadalanan kobud pozuntulara yol verildiyi müəyyən edilmişdir. Bu isə ona dəlalət edir ki, qanuni mənafeləri arasında kəskin ziddiyət olan iki şəxsə eyni vaxtda, eləcədə bütün ibtidai araşdırma dövründə hüquqi yardım göstərmiş eyni müdafiəçinin cinayət prosesində iştirakına xitam verməməklə kobud qanun pozuntusuna yol verilmiş, bu isə müdafiə hüququnun kobud şəkildə pozulmasına səbəb olmuşdur. Müdafiə hüququ şəxsin qanuni maraqlarının təminatı ilə yanaşı, həm də ədalət mühakiməsi maraqlarının təminatıdır, sosial dəyərdir. Xüsusilə qeyd olunmalıdır ki, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməməsi, məhkəmə tərəfindən CPM-in 303.3.1-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması kimi qiymətləndirilərək, cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının baxılmasına xitam verilməsi və onun prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 299.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında aparılmış ibtidai araşdırma zamanı CPM-nin tələblərinin pozulub-pozulmaması (299.3.2-ci maddəsi), cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olub-olmaması (299.3.4-cü maddəsi) barədə məsələlərə baxılır. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 92.3, 92.3.11 və 92.10.3cü madələrinə əsasən təqsirləndirilən şəxslərin qanuni mənafeləri arasında ziddiyyət mövcuddursa və onlardan birinin müdafiəçisi olduqda cinayət prosesində müdafiəçinin iştirakı təmin olunmalıdır. Təqsirləndirilən şəxslərin qanuni mənafeləri arasında ziddiyyət olduqda onlardan ikisini və daha çoxunu müdafiə etmək müdafiəçiyə qadağan olunur. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə ibtidai istintaq zamanı Azərbaycan Respublikası CPM-in 92.3, 92.3.11 və 92.10.3-cü maddələrinin tələblərinə əməl edilməmiş, qanuni mənafeləri arasında ziddiyyət olan iki təqsirləndirilən şəxsə eyni vəkil müdafiəçi qismində təyin edilərək işə buraxılmış, bununla da təqsirləndirilən şəxslərin müdafiə hüququ pozulmuşdur. Qeyd edilənlər bir daha onu göstərir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxslərin müdafiə hüququ, eləcə də CPM-nin yuxarıda göstərilən imperativ tələbləri ibtidai istintaq aparan Cavid Məmmədzadə tərəfindən kobud və ciddi şəkildə pozulmuşdur. Azərbaycan Respublikası CPM-nin 300.1.5-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) kobud qanun pozuntusu hesab edilir və bu qanun pozuntusuna yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Qanunla qeyd edilən hallar mövcud olduqda, CPM-in 303-cü maddəsində nəzərdə tutulmuş qərarın qəbul edilməsi zəruridir. Məhkəməyədək icraat zamanı qanun pozuntusuna yol verildiyindən Azərbaycan Respublikası CPM-nin 303.3.1-ci maddəsinin tələbləri pozulmuşdur. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsinə əsasən hər bir şəxs Konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ və İİ hissələrinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə əsasən, bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 13-cü maddəsinə görə bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. İstər daxili qanunvericilikdə, istərsə də beynəlxalq müqavilələrdə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının qorunması önəmli yer tutur. Məhkəmə tərkibi cinayət prosesi tərəflərinin iştirakı ilə hazırlıq iclasında həll edilməli olan məsələləri müzakirə edərək onlara dair aşağıdakı nəticələrə gəlmişdir: Məhkəməyə daxil olmuş cinayət işinə baxılması Lənkəran Ağır Cinayətlər Məhkəməsinə aid olsa da, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə ciddi əsaslar vardır. Aparılmış ibtidai araşdırma zamanı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələbləri pozulmuşdur. Məhkəmə yuxarıda qeyd edilmiş halları və dəlilləri məcmu halda nəzərə alaraq hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.3-cü maddəsində göstərilən kobud qanun pozuntusuna yol verildiyindən, yəni təqsirləndirilən şəxslərin müdafiə hüququ kobud şəkildə pozulduğundan onların barəsində olan cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, iş üzrə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin İstintaq Şöbəsinin rəisi, ədliyyə mayoru Cavid Məmmədzadə tərəfindən yol verilən kobud qanun pozuntularına görə barəsində xüsusi qərar çıxarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 306.2.1-ci maddəsinə əsasən ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda və həmin Məcəllənin 306.2.2-ci maddəsinə əsasən isə cinayət işi üzrə dövlət ittihamçısı təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə vəsatətlə müraciət etdikdə məhkəmə həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 159-cu maddəsinin müddəalarına görə ağır cinayət törətməkdə təqsirləndirilən şəxslərin həbsdə saxlama müddətləri müstəsna hallarda 13 ayadək məhkəmə tərəfindən uzadıla bilər. Göstərilən qanun pozuntularının aradan qaldırılması üçün kifayət qədər müddət tələb olunur. Ona görə də məhkəmə cinayət işinin mürəkkəbliyini və yol verilmiş kobud qanun pozuntusunun aradan qaldırılması üçün həyata keçirilməli olan prosessual hərəkətlərin keçirilməsinin tələb olunmasını, habelə təqsirləndirilən şəxslərin ağır cinayət törətməkdə təqsirləndirilmələrini, onların azadlıqda qalacağı halda istintaqdan gizlənmələrinə və cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə ibtidai istintaqın normal gedişinə mane olmalarına dair kifayət qədər əsasların olduğunu, eləcə də onların tərəfindən yeni cinayətlərin törədilməsi barədə real təhlükənin olduğunu nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 27 avqust 2023-cü il tarixdən 1 (bir) ay müddətinə, yəni 27 sentyabr 2023-cü il tarixədək uzadılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 289, 299-300, 303.3.1, 306 və 307.1-ci maddələrini rəhbər utaraq məhkəmə, Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilsin və həmin iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri 27 avqust 2023-cü il tarixdən 1 (bir) ay müddətinə, yəni 27 sentyabr 2023-cü il tarixədək uzadılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri 27 avqust 2023-cü il tarixdən 1 (bir) ay müddətinə, yəni 27 sentyabr 2023-cü il tarixədək uzadılsın. Qərarın surəti proses iştirakçılarına göndərilsin. Sədrlik edən: Əli Əliyev Hakimlər: Xamməd Nuriyev Oruc Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar