Məhkəmə qərarları › İş №1(099)-685/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-685/2024

08.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-685/2024 08.10.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X5, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə 06 avqust 1988-ci ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, 4,638 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 21 may 2024-cü il tarixdə, saat 00:05-də Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Astara şəhəri, Qum küçəsində piyada hərəkətdə olan zaman saxlanılaraq Astara Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və üzərində aparılan şəxsi axtarış zamanı 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 4,638 qram psixotrop maddə olan metamfetamin onun əynindəki qara rəngli cins şalvarının sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, özü narkotiklərdən heroindən dördbeş ildir ki istifadə edir. Lakin metamfetamin istifadə etmir. 21 may 2024-cü ildə gecə saat bir radələrində məhəlləyə çıxmışdır. Orada polis əməkdaşları onu saxlayıb şöbəyə gətirmişlər. Şöbədə də üstündən metamfetamin çıxarmışlar. Onda isə metamfetamin olmamışdır. Şöbəyə gətirilibsə aydın məsələdir. Metamfetamini sağ cibindən çıxarmışlar. Həmin metamfetamin onun deyil. Orada məcbur qalıb razılaşmışdır. Onu şantaj etmişlər, bu səbəbdən də boynuna götürmüşdür. Yaşlı anası var, anasını gedib gətirməklə təhdid etmişlər. Özünə isə heç bir xəsarət yetirməmişlər. Saxlanılarkən üzərində öz istifadəsi üçün 0,3-0,4 qram çəkidə heroin olmuşdur. Heroini isə şöbədə üstündən götürüb əvəzinə metamfetamin qoymuşlar. Üstündə heroin olduğundan özünü qismən təqsirli bilir. İfadələrini oxuyub, imza etmişdir. Müstəntiq ona heç bir təsir gəstərməmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 4-5 ildir ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkum olunmuş, 21 may 2024-cü il tarixdə Astara RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmazdan təxminən 3 gün əvvəl Bakı şəhərində olan zaman üzdən tanıdığı şəxsdən öz istifadəsi üçün 01 ədəd bükümdə psixotrop maddə metamfetamin alaraq üzərində saxlayaraq daşıyırmış, 21 may 2024-cü il tarixdə saat 00:05 radələrində Astara şəhəri Qum küçəsi ilə hərəkətdə olan zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşmış, həmin vaxt üzərində psixotrop maddə metamfetamin olduğundan qaçaraq uzaqlaşmaq istəmiş və o anda ayağında ağrılar yaranmış, həmin şəxslər onu saxlamış və özlərini polis əməkdaşı kimi təqdim edərək, daha sonra onu Astara şəhərində yerləşən polis şöbəsinə gətirmişlər, polis şöbəsində otaqların birində müdəfiəçinin iştirakı və videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sol yan cibindən bir bükümdə şəffaf sellofana bükülmüş ağ rəngli, kristal formada psixotrop maddə metamfetaminə bənzər kütləni, sağ yan cibindən bir ədəd “Samsung” markali mobil telefon, sol yan cibindən üzərində “Rothmans” yazılmış siqaret qutusu və 1 ədəd alışqan, sağ arxa cibindən ümumilikdə 11 manat pulu və bir ədəd “Kapital Banka” məxsus özünə aid plastik kartı təqdim etmiş, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminə bənzər kütlənin çəkisi elektron tərəzidə çəkilərək təxmini 4.9 qram olması müəyyən edilmiş və ekspertizaya təqdim olunması üçün polis əməkdaşı tərəfindən zərfdə qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs, həmin ifadələrini təsdiq etmədiyini, ailəsi ilə təhdid edildiyindən boynuna götürdüyünü və elə ifadə verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, hazırda Azərbaycan Respublikası DİN-in Astara Rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir, 21 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin əldə etməsi, saxlaması, daşıması barədə məlumat daxil olmuş və onun ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul olunmuş, əməliyyat qrupu yaradılmış, daha sonra 21 may 2024-cü il tarixdə, saat 00:05-də yaradılmış əməliyyat-axtarış qrupunun üzvləri birlikdə Astara şəhəri, Qum küçəsi istiqamətində getmiş, Astara şəhər, Qum küçəsində olan zaman Təqsirləndirilən şəxs piyada getdiyini görmüş və onu saxlamışlar. O, həmin ərazidə ətrafdakı insanların onu tanıdığından küçədə yox, Astara RPŞ-nin inzibati binasında axtarış keçirilməsini xahiş etmiş, onu Astara Rayon Polis Şöbəsinin inzibati binasına gətirmiş, Astara RPŞ-yə gəldikdən sonra təhqiqatçı tərəfindən müdafiəçi, özü və digər iştirakçıların iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmağa başlanmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən bir bükümdə şəffaf sellofana bükülmüş ağ rəngli, kristal formada psixotrop maddə metamfetaminə bənzər kütləni və üzərində olan digər əşyaları təqdim etmişdir. Onun üzərində heroin olması ilə bağlı bildirdikləri yalandır, üzərindən metamfetamin aşkar edilib. Onun anasının şöbəyə gətirilməsi ilə bağlı heç bir təhdid edilməyib. Üzərindən aşkar edilmiş maddə isə polis əməkdaşları tərəfindən dəyişdirilməmişdir. İşdə olan, Astara RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 xx.xx.2024-cü il tarixli “Raport”u ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Onun ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş etmişdir. (c İ, i.v 3) İşdə olan, «təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə» xx.xx.2024-cü il tarixli qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair Astara RPŞ-nin ƏİÜ rəsi müaviniOrxan Novruzov tərəfindən qərar qəbul olunmuşdur. (c İ, i.v 5-6) İşdə olan, «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 00:40-da şübhəli şəxs qismində tutulmuşdur. (c İ, i.v 12) İşdə olan, xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə protokolundan və videoçəkilişdən görünür ki, Astara RPŞ-də xidməti otaqların birində videoçəkiliş vasitəsi, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı onun əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 01 (bir) ədəd bir ədəd şəffaf sellofana bükülmüş psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. (c İ, i.v 28-30) İşdə olan, materialların məhkəmə ekspertizasının xx.xx.2024-cü il tarixli 19/437 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə…» sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi: 4,638 qram ağ rəngli kristallardan ibarət olan maddə psixotrop maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi 4,638 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 4,538 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir. (c İ, i.v 36-38) İşdə olan, Astara Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(018)-33/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 21 may 2024-cü ildən hesablanmışdır. (c İ, i.v 71-75) İşdə olan, Astara Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 5(018)-101/2024 saylı qərarından görünür ki, Astara RPŞ-nin rəis müavini Orxan Novruzovun “əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə dair” 20 may 2024-cü il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. (c İ, i.v 85-86) İşdə olan, məhkəmə-tibbi ekspertizasının 25 may 2024-cü il tarixli, 169 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar olunmamışdır. (c İ, i.v 89-90) İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər Narkoloji Xəstəxanası tərəfindən “ambulator məhkəmə-narkoloji ekspertizası” üzrə verilmiş 22 may 2024-cü il tarixli, 477 nömrəli rəyin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində 2020-ci ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durur. (c İ, i.v 92) İşdə olan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Astara Rayon Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və hazırda məhkumluğu ödənilmişdir. (c İ, i.v 104-105) İşdə olan, 01 avqust 2024-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, ekspertiza tətqiqatından sonra qalıq çəkisi 4,538 qram psixotrop maddə olan metamfetamin maddi sübut qismində tanınmış və psixotrop maddə olan metamfetamin iş üzrə saxlanılması üçün Astara RPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. (c İ, i.v 106) İşdə olan, Astara RPŞ-nin Astara ŞİƏDÜ nümayəndəsi tərəfindən verilmiş 20 avqust 2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi anasından ibarətdir, barəsində nümayəndəliyə heç bir şikayət xarakterli materiallar daxil olmamışdır. (c İ, i.v 108-109) İşdə olan, xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, xx.xx.2024-cü ildə qardaşı Təqsirləndirilən şəxs üzərinə aparılan şəxsi axtarış zamanı aşkar olunaraq götürülmüş 01 ədəd “Samsung” markalı mobil telefonu X4 təhvil almışdır. (c İ, i.v 110) İşdə olan, 22 avqust 2024-cü il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, videoçəkilişləri özündə əks etdirən 02 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. (c İ, i.v 117-123) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı qismən mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi dəlillər: saxlanılarkən üzərində 0,3-0,4 qram narkotik vasitə heroin olmuş, onun üzərində üzərində psixotrop maddə metamfetamin olmamış, üzərində olan narkotik vasitə heroin polis əməkdaşları tərəfindən metamfetaminlə dəyişdirilərək üzərinə qoyulmuş, polis əməkdaşları tərəfindən ona təhdidlər edildiyi üçün həmin metamfetaminin özünə məxsus olmasını etiraf etmişdir. Məhkəmə ilki öncə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən pis rəftara və təhdidlərə məruz qalması ilə bağlı irəli sürdüyü dəlilə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir. İş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs özü, istər onun vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlıvaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş və eyni zamanda o, bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişdir. Beləliklə, təqsirləndirilən şəxs üç aydan artıq müddət ərzində aparılmış ibtidai araşdırma zamanı təhdidlərə və pis rəftara məruz qaldığını mübahisələndirməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı öncə təhqiqatçının suallarına cavab olaraq söylədiyi səsli nitqində təqdim etdiyi metamfetaminin özünə məxsus olduğunu, onu saxlanılmamışdan iki gün öncə Bakı şəhərində tanımadığı şəxsdən aldığını, polis əməkdaşlarının ona qarşı hər hansı bir təsir, təzyiq göstərmədiklərini, polis əməkdaşlarından şikayətinin olmadığını, daha sonra müdafiəçinin sualına cavab olaraq söylədiyi səsli nitqində polisə əməkdaşları tərəfindən ona qarşı hər hansı bir təsir, zor tətbiq edilmədiyini, təqdim etdiyi bükümün özünə məxsus olduğunu bildirmiş, eyni zamanda onun saxlanılmasında iştirak etmiş polis əməkdaşı da məhkəmədə dindirilərkən tərəflərindən Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki və ya psixi təsirin göstərilmədiyini, üzərinə metamfetamin qoyulmadığını bildirmişdir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, yuxarıda qeyd olunanlar təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələrin məhz pis rəftar və təhdid nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən pis rəftara və təhdidlərə məruz qalması ilə bağlı göstərdiyi xüsusat işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, ondan ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs işin məhkəmə baxışı zamanı tutulduqdan sonra pis rəftara, təhdidlərə məruz qalmaqla ondan şübhəli və təqsirləndirilən şəxs kimi izahat və etirafedici ifadələr alınması ilə bağlı bildirdiklərinə yuxarıda aparılmış təhlil nəzərə alınmaqla iş üzrə toplanmış digər sübutlarla birlikdə məcmu şəkildə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin bu hissədə bildirdikləri həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi digər dəlillərin qiymətləndirilməsi:Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində bildirdiyi yuxarıda göstərilən xüsusatlar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən onun özünün müdafiəçisinin iştirakı ilə xx.xx.2024-cü ildə şübhəli (cild İ – i.v. 45-47) və xx.xx.2024-cü ildə təqsirləndirilən şəxs (cild İ – i.v 59-63, videoçəkilişlə) qismində verdiyi ifadələri, barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətə baxılarkən verdiyi izahatı (cild İ – i.v. 71-75), şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə, eləcə də Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı hadisə barədə söylədiyi səsli nitqi ilə tam təkzib olunur. Belə ki, həmin ifadələrdə və istintaq hərəkətində təqsirləndirlən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin özünə məxsus olmasını səsli nitqi ilə bilvasitə öz seçimi əsasında cəlb edilmiş peşəkar vəkilinin yanında qeyd-şərtsiz və açıq-aşkar formada bəyan etmişdir. Bununla yanaşı onun barəsində Astara RPŞ-nin İstintaq Bölməsində cinayət təqibi başlanan andan, barəsində olan cinayət işi ittiham aktı ilə məhkəməyə daxil olanadək müdafiəçinin iştirakı ilə verdiyi bütün ifadələrində polis əməkdaşları tərəfindən üzərinə psixotrop maddə qoyulması ilə bağlı fikir ifadə etməmişdir. Ümumiyyətlə o, məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründən fərqli ifadə verməsini hər hansı bir mötəbər dəlillə əsaslandırmamış, yalnız saxlanılarkən və polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən təhdidlərə məruz qalmasını bildirməklə özünə qarşı verdiyi ifadələri inkar etmiş, lakin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs irəli sürdüyü həmin dəlillər təsdiqini tapmamışdır. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin həqiqəti əks etdirmədiyi, əksinə ibtidai araşdırma zamanı heç bir təsir və təzyiq olmadan müdafiəçinin iştirakı ilə verdiyi ifadələrinin isə işin faktiki halları ilə üst-üstə düşdüyü və həqiqəti əks etdirdiyi qənaətinə gəlməyə əsas verir. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı gətirdiyi dəlilləri məsuliyyətdən yayınmaq məqsədi ilə seçilmiş müdafiə taktikası kimi dəyərləndirir və hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə özünü məsuliyyətdən qurtarmağa çalışır. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cinayət işinin ibtidai araşdırma mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini əsaslı və işin faktiki hallarına uyğun ifadələr kimi qəbul edərək məhz həmin ifadələrin ittihamın əsasına qoyulmasını məqsədə uyğun sayır. Bu səbəbdən də, cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlar vasitəsi ilə Təqsirləndirilən şəxs məhkəmədə qeyd etdiklərinin işin faktiki halları ilə üst-üstə düşmədiyi, obyektiv həqiqəti əks etdirmədiyi müəyyən olunur. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələrində göstərdikləri işin müəyyən olunmuş faktiki halları ilə birəbir uyğun olmuşdur. Bununla yanaşı o, xx.xx.2024-cü ildə cinayət işinin materialları, eləcə də, təkrarən işdə olan dindirmə protokolları ilə tanış olsa da, həmin protokollarda əks olunmuş ifadələrinin məzmununu mübahisələndirməmiş, habelə buna dair düzəliş, qeyd, əlavə və etiraz verməmişdir. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadə arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə verdiyi qeyd olunan ifadələrini cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Bundan başqa qeyd olunmalıdır ki, məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Astara şəhəri Qum küçəsində polis əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Astara Rayon Polis Şöbəsinə aparılmış və orada onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 4,638 qram psixotrop maddə metamfetamin aşkar edilmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarış keçirilən zaman üzərindən aşkar edilmiş maddənin çəkisini, eləcə də aşkarlanmış maddənin növünü mübahisələndirməmişdir. Əksinə Təqsirləndirilən şəxs şəxsi axtarışın nəticələrini özündə əks etdirən protokolu imzalamaqla yuxarıda göstərilən maddənin özünə məxsus olmasını və öz şəxsi istifadəsi üçün aldığını təsdiq etmişdir. İbtidai istintaqın sonrakı mərhələlərində də Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış maddənin çəkisini və onun növünü mübahisələndirməmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Psixotrop maddələr» başlıqlı «İİ siyahı»nın 118-ci sətrinə əsasən dərman preparatı kimi beynəlxalq adı «Metamfetamin» olan maddə psixotrop maddədir, həmin maddənin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının aşağı həddi 2 qram, xüsusilə külli miqdarının aşağı həddi isə 400 qramdır. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Habelə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halın və ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun faktiki həbsə alındığı andan, 21 may 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində 2020-ci ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyata olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınaraq Astara Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,538 qram narkotik vasitə heroin məhv edilməli, video-çəkilişlərin yazıldığı 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat Təqsirləndirilən şəxs tutulub “Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3” hesabına ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 21 may 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan və Astara Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,538 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq iş materiallarında olan videogörüntüləri özündə əks etdirən 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-60 (altmış) manat Təqsirləndirilən şəxs tutulub “Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3” hesabına ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar