Məhkəmə qərarları › İş №1(099)-687/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-687/2023

29.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-687/2023 29.11.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X6, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Vaqif oğlu, zərərçəkmiş şəxsin hüquqi varisi X3 və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 2002-ci ildə Sabirabad rayonu Kürkəndi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, işləməyən, Sabirabad rayonu Kürkəndi kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 23 fevral 2023-cü il tarixdə saat 19 radələrində Sabirabad şəhəri H.Əliyev prospektində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq sürücülük vəsiqəsi olmadan VAZ 21723 markalı, ** EK *** dövlət qeydiyyat nişanlı avtomobili həmin Qanununun 64-cü maddəsinin 1-ci hissəsi (3.24 «Maksumum surətin məhdudlaşdırılması» yol nişanının) tələblərini pozaraq Sabirabad rayonu Kürkəndi kəndi istiqamətindən Sabirabad şəhəri H.Əliyev prospekti istiqamətində 100-110 km/saat sürətlə idarə edərkən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, nəqliyyat vasitələrinə və əmlaka zərər vurmamalı, qoşa bütöv xətti kəsməməli və avtomobili qarşı sol hərəkət zolağına çıxardıqdan sonra yenidən sağ hərəkət zolağına qaytarmamalı olduğu halda bunlara riayət etməyərək, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, hərəkətin təhlükəsizliyini təmin etmədən avtomobili əks istiqamətli hərəkət zolaqlarını ayıran 1.3 üfiqi nişanlanma xəttini kəsib keçərək qarşı əks hərəkət zolağına çıxarmış, həmin vaxt onun avtomobilinin sol qabaq hissəsi ilə əks hərəkət zolağında hərəkətdə olan Şahid1 idarə etdiyi “VAZ 21074” markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sol hissəso toqquşmuş, daha sonra onun idarə etdiyi avtomobil Şahid1 arxası ilə əks hərəkət zolağında hərəkətdə olan X2 idarə etdiyi “VAZ 21074” markalı ** EE *** dövlət qeydiyyat nişanlı avtomobillə qarşı-qarşıya toqquşmuş, nəticədə o, ehtiyatsızlıqdan X2 ənsə-sol təpə sümüklərinin açıq sınıqları, sınıq proyeksiyasında yumşaq toxumada, baş beynin sərt və yumşaq qişasında, baş beynin toxumasında qansızma, sol almacıq sümüyünün, alt çənə sümüyünün qapalı sınıqları, sağ bud sümüyünün orta 1/3-də qapalı sınıq, ənsə nahiyəsində yara, sol təpə-gicgah nahiyəsində, sağ və sol gözün alt və üst qapaqlarında, sol almacıq sümüyü proyeksiyasında, çənə alt nahiyədə, sağ budun orta 1/3-də bayır səthdə qançırlar, sağ və sol əlin üst səthində, sol diz oynağının ön səthində, sağ baldırın yuxarı 1/3-də ön səthdə sıyrıqlar ilə nəticələnən dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətlərindən, həmin tarixdə Sabirabad rayon mərkəzi xəstəxanasında ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 23 fevral 2023-cü il tarixdə saat 18 radələrində dostu Şahid2la görüşüb onun idarə etdiyi “VAZ 2170” markalı ** EK *** dövlət qeydiyyat nişanlı avtomobillə “Su Səhəngi” adlı kafeyə gəlmişdir. Kafedə bir yerdə çay içdikdən sonra Ramiddən avtomobilə idarə etmək üçün açarı istəmişdir. Ramid də avtomobilin açarlarını ona təqdim etmişdir. Sonra həmin avtomobili idarə edib Sabirabad rayonu Kürkəndi kəndi istiqamətindən rayon mərkəzinə doğru hərəkət etməyə başlamışdır. Ondan qarşıda isə “Kamaz” markalı yük avtomobili və başqa avtomobillər olduğuna görə avtomobilin sürətini artırıb qarşı hərəkət zolağına çıxmışdır. Təxminən avtomobili 100-110 km/saat sürətlə idarə etmiş, qarşı hərəkət zolağında hərəkətdə olarkən təxminən 100-150 metr aralıda qarşıdan gələn nəqliyyət vasitəsinə fara işıqları ilə işarə edərək yol verməsini istəmişdir. Avtomobilin sürəti yüksək olduğuna görə qarşı hərəkət zolağında olan ağ rəngli “VAZ 21074” markalı avtomobilin sükanını sağa döndərmiş, asfalt yolun sağ hərəkət hissəsinə keçmiş, o da avtomobilin sükanını sola döndərmişdir. Bu zaman avtomobilin ön sol hissəsi ağ rəngli “VAZ 21074” markalı avtomobilin yan hissəsindən toqquşmuş, bundan sonra isə ağ rəngli avtomobildən arxada gələn digər qırmızı rəngli “VAZ 21074” markalı avtomobillə qarşı-qarşıya toqquşmuşdur. Toqquşmadan isə avtomobilin ön hissəsi tam deformasiyaya uğramışdır. Onu hadisə yerinə gələn digər şəxslər köməkliyi ilə avtomobildən düşürtmüş, asfaltın üzərinə uzandırmışlar. Sonradan bilmişdir ki, qırmızı rəngli avtomobilin sürücüsü almış olduğu xəsarətlərdən vəfat etmişdir. Avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi olmamışdır. Hadisə baş verən günü və əvvəlki günlərdə spirtli içki qəbul etməmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmış, hüzür mərasiminin keçirilməsində maddi köməklik göstərmiş, dəymiş ziyanı ödəmişdir. Əməlindən peşmandır, məhkəmədən gənc olmasını nəzərə alıb ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, 23 fevral 2023-cü il tarixdə saat 20 radələrində qohumlarından kimsə onun mobil telefonuna zəng edib oğlu Tamerlan Zamanovun yol nəqliyyat hadisəsi zamanı xəsarət alması barədə məlumat vermişdir. Dərhal Sabirabad rayon mərkəzi xəstəxanasına gəlmişdir. Xəstəxanada bilmişdir ki, oğlu hadisə nəticəsində vəfat etmişdir. Hadisə barədə dəqiq olaraq bir söz deyə bilməz. Lakin eşitdiyi məlumata görə hadisə qarşıdan gələn ağ rəngli “Priora” markalı avtomobilin qarşı hərəkət zolağına çıxması və oğlunun idarə etdiyi avtomobillə qarşı-qarşıya toqquşması nəticəsində baş vermişdir. Hadisə ehtiyatsızlqdan baş vermişdir. Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş ziyan ödənilmiş, hüzr mərasimlərinin keçirilməsində maddi köməklik göstərilmişdir. Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. İş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində qeyd etmişdir ki, özünə məxsus “Niva” markalı ** OP *** dövlət qeydiyyat nişanlı avtomobillə 23 fevral 2023-cü il tarixdə saat 19 radələrində Sabirabad şəhəri H.Əliyev prospekti ilə hərəkətdə olarkən qarşıdan avtomobillərin toqquşmasını anidən görmüşdür. O, avtomobili yol kənarında saxladıqda görmüşdür ki, tanışı Ramidə məxsus “VAZ 21723” markalı ** EK *** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törədilmişdir. Özünə məxsus avtomobildən düşüb avtomobilə yaxınlaşan zaman Ramidin avtomobildə olmadığını, digər kənd sakini Namilin avtomobilin sükan arxasında olmasını görmüşdür. Sonra polis əməkdaşları ilə birlikdə Namili avtomobildən düşürdüb asfaltın üzərinə uzandırmışlar. Sonra tanışı Ramidə zəng edib Sabirabad polis şöbəsinin qarşısına gəlməsini, Namilin yol nəqliyyat hadisəsi törətməsini demişdir. Sonra Ramid hadisə yerinə gəlmişdir. Hadisə zamanı bir nəfər şəxsin ölması ona məlum olmuşdur. Məhkəmə iclasında elan və tədqiq olunmuş Şahid1 ifadəsində qeyd edilmişdir ki, “VAZ 21074” markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil qardaşına məxsusdur. 23 fevral 2023-cü il tarixdə saat 19:30 radələrində rayon ərazisindən yaşadığı Zəngənə kəndi istiqamətində hərəkətdə olmuşdur. Həmin zaman qardaşı Ramid də onunla bərabər avtomobildə olmuşdur. Lakin avtomobili özü idarə etmişdir. Qardaşı Ramidin səhhətində narahatlıq olduğundan həmin zaman avtomobili özü idarə etmişdir. Rayon polis şöbəsinin qarşısında öz yolunda saatda təxminən 50 km surətlə hərəkətdə olan zaman anidən Lada Priora markalı nömrəsini dəqiq xatırlamadığı avtomobil onun yoluna keçərək ona tərəf gəlmişdir. O həmin avtomobillə toqquşmadan qaçımaq üçün idarə etdiyi avtomobili sağ tərəfə hərəkət etdirmişdir. Bu zaman həmin avtomobil onun idarə etdiyi avtomobilin sol tərəfindən vurmuşdr. O avtomobili saxlamışdır. Həmin zaman arxa tərəfdən səs gəldiyini eşitmişdir. Avtombildən düşüb səs gələn tərəfə baxdıqda həmin Prirora markalı avtomobilin onun arxasınca gələn “VAZ 21074” markalı qırmızı rəngli dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil ilə toqquşduğunu görmüşdür. Dərhal toqquşma yerinə getmişdir. Bu zaman Prirora markalı maşının sürücüsü tanımadığı bir nəfər şəxsin elə maşınının yanında yerdə uzandığını görmüşdür. Bundan sonra digər maşın yəni “VAZ 21074” markalı avtomobilin sürücüsünün isə maşının içərisində sıxılıb qaldığını görmüşdür. Daha sonra polis və FHN-in əməkdaşları gəlmiş və maşında sıxılmış qalan şəxsi maşının içərisindən çıxartmışlar. Bundan sonra həmin şəxsləri xəstəxanaya aparmışlar. Hadisə zamanı maşına maddi ziyan dəysə də nə özü, nə dəki qardaşı Ramid heç bir xəsarət almamışdır. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 fevral 2023-cü il tarixli “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan və fotoşəkillərdən görünür ki, hadisə Sabirabad şəhəri H.Əliyev prospektində baş vermişdir. Hadisənin baş verdiyi yer asfalt örtüklü, quru, hamar, düz olmaqla nəqliyyat vasitələrinin hərəkəti üçün maneəsizdir. Yolun hərəkət hissəsinin eni 14,4 metrdir. Hadisənin baş verdiyi yol yaşayış məntəqəsi daxilində olmaqla, nəqliyyat vasitələrinin hərəkət sürətinin 50 km/saata qədər məhdudlaşdıran yol nişanın təsir zonasındadır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş meyitin məhkəmə – tibbi ekspertizası ilə bağlı tərtib olunmuş 14 iyun 2023-cü il tarixli 386 nömrəli rəyin nəticə hissəsində qeyd olunur ki, a/. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi “sağ budun boynunun yerdəyişən, orta 1/3-nin böyük yerdəyişən qapalı sınığı, sol bud sümüyünün orta 1/3-nin çoxsaylı qapalı yerdəyişən sınığı, travmatik şok İİİ dərəcə” diaqnozu ilə X14 Reanimasiya şöbəsində stasionar müalicədə olmuşdur. b/. Müayinə zamanı aşkar edilmiş xəsarətlər-İİİ dərəcə travmatik şokla müşayiət olunan, sağ bud sümüyünün boynunun yerdəyişən, orta 1/3-nin böyük yerdəyişən qapalı sınığı, sol bud sümüyünün orta 1/3-nin çoxsaylı qapalı yerdəyişən sınığı küt əşyanın/əşyaların/ təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2023-cü il tarixə uyğundur, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. Xəsarətlər ilk məlumatda göstərilən şəraitdə əmələ gələ bilərdi. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş meyitin məhkəmə – tibbi ekspertizası ilə bağlı tərtib olunmuş 23 fevral 2023-cü il tarixli 09 nömrəli rəyin nəticə hissəsində qeyd olunur ki, 1992-ci il təvəllüdlü X2 meyitinin məhkəmə tibbi ekspertizasına, əlavə müayinələrin nəticəsinə əsasən və ilk məlumatı nəzərə alıb aşağıdakı nəticəyə gəlirəm: a) Müayinə zamanı aşağıdakılar aşkar edilmişdir. Kəllənin açıq küt travması, ənsə-sol təpə sümüklərinin açıq sınıqları, sınıq proyeksiyasında yumşaq toxumada, baş beynin sərt və yumşaq qişasında, baş beyin toxumasında qansızma, baş beyin maddəsinin və ağciyərin ödemi, daxili orqanların doluqanlılığı, sol almacıq sümüyünün, alt çənə sümüyünün qapalı sınıqları, sağ bud sümüyünün orta 1/3-də qapalı sınıq, ənsə nahiyəsində yara, sol təpə-gicgah nahiyəsində, sağ və sol gözün alt və üst qabaqlarında, sol almacıq sümüyü proyeksiyasında, çənə alt nahiyədə, sağ budun orta 1/3-də bayır səthdə qançırlar, sağ və sol əlin üst səthində, sol diz oynağının ön səthində, sağ baldırın yuxarı 1/3-də ön səthdə sıyrıqlar. b/ Aşkar edilmiş xəsarətlər-ənsə-sol təpə sümüklərinin açıq sınıqları, sınıq proyeksiyasında yumşaq toxumada, baş beynin sərt və yumşaq qişasında, baş beynin toxumasında qansızma, sol almacıq sümüyünün, alt çənə sümüyünün qapalı sınıqları, sağ bud sümüyünün orta 1/3-də qapalı sınıq, ənsə nahiyəsində yara, sol təpə-gicgah nahiyəsində, sağ və sol gözün alt və üst qapaqlarında, sol almacıq sümüyü proyeksiyasında, çənə alt nahiyədə, sağ budun orta 1/3-də bayır səthdə qançırlar, sağ və sol əlin üst səthində, sol diz oynağının ön səthində, sağ baldırın yuxarı 1/3-də ön səthdə sıyrıqlar-həyatidir, küt travma təsirinə malik əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2023-cü il tarixə uyğundur. Dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurma əlamətlərinə malikdirlər. Xəsarətlər qərarda göstərilən şəraitdə əmələ gələ bilərdi.c/ X5 ölümündən az əvvəl spirtli içkilər və güclü təsiredici maddələr qəbul etməmişdir. d/ X2 ölümünə səbəb almış olduğu kəllənin açıq küt travması nəticəsində baş beyin toxumasına qansızma olmuşdur. Ölüm müayinədən 4-5 saat əvvəl baş vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizası ilə bağlı tərtib olunmuş 19 may 2023-cü il tarixli 8/1163 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki, 1. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən 1. VAZ-21723 markalı, ** EK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs VAZ-21723 markalı avtomobil sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “VAZ 21723” markalı avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması”yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yolda 100-110 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin ( 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur.

2. VAZ-21074 markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki-nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur.

3. VAZ-21074 markalı, ** EE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki-nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 128 (yüz iyirmi səkkiz) manatdır». İş materiallarında DİN-in DYP WEP Portalından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 21723 minik markalı 50EK578 dövlət qeydiyyat nişanlı avtombil X4 mülkiyyətində olmaqla etibarnamə əsasında İmişli rayonu,P.Həsənov küçəsi ev 36-da yaşayan X7 verilmişdir. İş materiallarında olan 25 may 2023-cü il tarixli Sabirabad RPŞ-nin DYPB-nin raportundan sörünür ki, BDYPİ-nin mərkəzi informasiya sistemin yoxlanılarkən Təqsirləndirilən şəxs adına sürücülük aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Sabirabad rayon Kürkən kənd inzibati Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 14 iyun 2023-cü il tarixli arayışdan, xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Sabirabad rayon Kürkən kəndində qeydiyyatda olmaqla yaşayır, yaşayış yeri üzrə qeyri-kafi xarakterizə olunur. İş materiallarında olan 14 iyun 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi X1 ərizəsindən, notarial qaydada təsdiq olunmuş ərizədən, eyni zamanda məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş, onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyası daxilində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin qeyd olunan əməlinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əməllərə görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, həmin şəxsə dəymiş maddi ziyanı tamamilə ödəməsini, əməlini səmimi etiraf etməsini, peşman olmasını, gənc olması Azərbaycan Respublikası CM-nin 59.1.12, 59.1.13 və 59.2ci maddələrinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə ən aşağı həddə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur və maddi sübut yoxdur. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

h ö k m e t d i:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azadlıqdan məhrum etmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Azadlıqdan məhrum etmə növündə cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlik edən: Cavid Səfərli Hakimlər: Cəlil Nəbiyev Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar