Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-688/2022 06.12.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1974-cü ildə Salyan rayonu Aşağı Kürkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Salyan rayonu Aşağı Kürkənd kəndində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-1 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs əldə etdiyi çətənə toxumlarını 2022-ci ilin aprel ayının əvvəllərində, Salyan rayonu Aşağı Kürkənd kəndində yerləşən evinin həyətindəki yardımçı təsərrüfat tikilisinin içindəki torpaq səthdə qanunsuz olaraq əkmiş, həmin toxumlardan bitən, xeyli miqdar hesab edilən 8 (səkkiz) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkisini kultivasiya etməklə yetişdirmiş, 13 avqust 2022-ci il tarixdə saat 13 radələrində Salyan rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin yardımçı tikilinin torpaq sahəsinə baxış keçirilərkən oradan 8 (səkkiz) ədəd kök üstə, yaş vəziyyətdə əkilib-becərilməsi qadağan olunmuş qeyd olunan narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, 2022-ci ilin aprel ayının əvvəllərində Salyan rayonu Aşağı Kürkənd kəndində yerləşən evinin həyətindəki yardımçı təsərrüfat tikilisində əkib kultivasiya etməklə yetişdirdiyi 8 (səkkiz) ədəd çətənə (kannabis) bitkilərinin budaq və yarpaqlarını 2022-ci ilin avqust ayının əvvəllərində həmin ərazidə satış məqsədi olmadan, qanunsuz olaraq qurudaraq onlardan külli miqdar hesab edilən ümumilikdə 1630,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hazırlayıb əldə etdikdən sonra, həmin narkotik vasitələri bir ədəd sintetik torbada həmin yardımçı təsərrüfat tikilisinin içində qanunsuz olaraq saxlamış, 13 avqust 2022-ci il tarixdə saat 13 radələrində Salyan rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin yerə baxış keçirilən zaman həmin sintetik torbada və həmin çəkidə qeyd olunan narkotik vasitə aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir müddətdir ki, narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir, 2022-ci il aprel ayının əvvəllərində yaşadığı evin həyətyanı sahəsində olan yardımçı təsərrüfat tikilisində olan torpaq sahəsində ümumilikdə 8 ədəd narkotik tərkibli çətənə bitkisinin toxumlarını əkmişdir. Həmin çətənə kollarına vaxtı-vaxtında su verib qulluq etmişdir. 2022-ci il avqustun 13-də saat 12 radələrində Salyan rayonu Aşağı Kürkənd kəndi ərazisində yaşadığı evin yaxınlığında olarkən polis əməkdaşları onu saxlayıb narkotik tərkibli çətənə bitkilərinin əkilib-becərilməsində şübhəli olduğu üçün rayon polis şöbəsinə gətirmişlər. Şöbədə üzərində şəxsi axtarış keçirilmiş, lakin qanunsuz əşya aşkar edilməmişdir. Həmin vaxt polis əməkdaşlarının suallarını cavablandırarkən, yaşadığı evin həyətyanı torpaq sahəsində narkotik tərkibli çətənə bitkilərini əkib becərməsini etiraf etmişdir. Bundan sonra, həmin gün saat 13 radələrində müstəntiq tərəfindən videoçəkiliş vasitəsilə onun, müdafiəçisi, polis əməkdaşları və aqronom-mütəxəssisin iştirakı ilə yaşadığı evin həyətyanı sahəsində olan yardımçı təsərrüfat tikilisində olan torpaq sahəsinə baxış keçirilmişdir. Baxış zamanı polis əməkdaşlarına yaşadığı evin həyətyanı sahəsində olan yardımçı təsərrüfat tikilisində olan torpaq sahəsində əkib-becərdiyi ümumilikdə 8 ədəd tərkibində narkotik maddələr olan çətənə kollarını, həmçinin bundan başqa təxminən 10 gün bundan əvvəl həmin bitkilərdən qurutduğu və 1 ədəd sintetik torbaya yığdığı kütlələri təqdim etmişdir. Belə ki, əkdiyi çətənə bitkilərinin yarpaqlarından təxminən 10 gün əvvəl kəsib qurudaraq əldə etmiş və əldə etməkdə məqsədi lazım olduqda özü üçün istifadə etmək olmuşdur. Həmin narkotik vasitədən başqa şəxsə satmaq niyyəti və istəyi olmamışdır. Lakin qurudulmuş marixuananın çəkisi 20 qram olardı, ittihamda göstərilən 1600 qram olmamışdır. Əməlindən peşimandır, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə təqsirləndirilən şəxs Calala Əkbərovun məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq “həyətindən aşkar olunan qurudulmuş marixuananın 1600 qram deyil, təqribən 20 qram olması” hissəsini məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək hesab edir ki, ifadəsinin qeyd olunan hissəsi obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır və təyin ediləcək cəzanın müddətini azaltmağa, başqa sözlə, cinayət məsuliyyətini yüngülləşdirməyə yönələn cəhdi kimi qiymətləndirir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Salyan rayon polis şöbəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, 13 avqust 2022-ci il tarixdə Salyan rayonu, Aşağı Kürkənd kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq narkotik tərkibli çətənə bitkilərini əkib-becərib kultivasiya etməsi barədə məlumat daxil olmuş, məlumatın yoxlanılmasına görə əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs həmin gün saat 12 radələrində Salyan rayonu Aşağı Kürkənd kəndi ərazisində yaşadığı evin yaxınlığında olduğunu müşahidə edib ona yaxınlaşmış və özlərini təqdim edərək rayon polis şöbəsinə getməyi təklif etmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs tərkibində narkotik maddələr olan çətənə bitkilərini əkib-becərməkdə şübhəli olduğuna görə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçirilmiş, lakin üzərində qadağan olunmuş əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətində çətənə bitkiləri əkməsi barədə soruşuldurqda, sonuncu yaşadığı evin həyətində “nəşə” kimi tanıdığı narkotik tərkibli çətənə bitkiləri əkdiyini, həmin bitkiləri əkməkdə məqsədi özü üçün istifadə etmək olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs, müdafiəçisi, polis əməkdaşları və mütəxəssis-aqronomun iştirakı ilə Təqsirləndirilən şəxs Salyan rayonu Aşağı Kürkənd kəndində yerləşən yaşadığı evə gələrək videoçəkilişlə baxış keçirmişlər. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində əkmiş olduğu narkotik tərkibli çətənə bitkilərinin olduğu yeri təqdim etməsi təklif edilmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkilərinin yaşadığı evin həyətyanı sahəsində yerləşən yardımçı təsərrüfat tikilisində olduğunu bildirmişdir. Bundan sonra baxışda iştirak edən şəxslərin iştirakı ilə həyətyanı sahədə yardımçı təsərrüfat tikilisinə baxış keçirilməsinə başlanılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs məxsus evin həyətyanı sahəsində yerləşən yardımçı təsərrüfat tikilisinin torpaq sahəsində ümumilikdə 8 (səkkiz) ədəd kök üstə yaş vəziyyətdə, gövdəsinin və yarpaqlarının quruluşuna görə narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər, habelə yardımçı təsərrüfat tikilisinin torpaq sahəsindən 1 (bir) ədəd sintetik torbada çətənə bitkilərindən hazırlanmış narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində yerləşən yardımçı təsərrüfat tikilisindən aşkar olunmuş 8 (səkkiz) ədəd bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu, özünə məxsus olduğunu, özü tərəfindən 2022-ci ilin aprel ayının əvvəllərində oraya əkildiyini, həmin bitkilərə özü tərəfindən su verilib qulluq göstərildiyini və həmin bitkiləri özü istifadə etmək məqsədi ilə əkdiyini, həmçinin aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələri həmin çətənə bitkilərinin yarpaqlarından qurutduğunu bildirmişdir. Baxış zamanı aqronom mütəxəssis aşkar olunmuş 8 (səkkiz) ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilərin dibinin təmizlənərək yumşaldıldığını, sulandığını və həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərildiyini bildirmişdir. Daha sonra aşkar olunmuş 8 (səkkiz) ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər və 1 (bir) ədəd sintetik torbada narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr qablaşdırılmış, ağzı möhürlü kağızla möhürlənmiş, üzəri Təqsirləndirilən şəxs, müdafiəçisi və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Salyan rayon polis şöbəsinin əməkdaşı Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdilər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 14 avqust 2022-ci il tarixli, 18/868 nömrəli rəyində qeyd olunmuşdur ki, 1) Tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs məxsus yaşadığı evin həyətyanı sahəsində... 8 (səkkiz) ədəd...” sözləri və imzalar olan ağ sintetik torbada ümumi sayı 8 (səkkiz) ədəd yaş vəziyyətdə, ümumi çəkisi - 9000,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun rəyinə əsasən təqdim olunmuş 8 ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. 2) Tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs məxsus yaşadığı evin həyətyanı sahəsində... qurudulmuş marixuanaya bənzər...” sözləri və imzalar olan ağ rəngli sintetik torbada təmiz çəkisi – 1630,0 qram olan kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş 8 ədəd çətənə bitkiləri və qurudulmuş marixuana tərkiblərinə görə eynidirlər. Ekspertiza tədqiqatından sonrakı qalıq çətənə (kannabis) bitkiləri 8999,20 qram və qurudulmuş marixuanna 1629,90 qram. Qeyd: Aparılmış tədqiqatın dəyəri 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik təşkil edir. İş materiallarında olan ambulator məhkəmə narkoloji ekspertizasının 15 avqust 2022ci il tarixli, 698 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarını tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 13 avqust 2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və qeydə alınmış videoçəkilişdən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı Salyan rayonu, Aşağı Kürkənd kəndində yerləşən evin həyətyanı sahəsində olan yardımçı təsərrüfat tikilisinin içərisində olan torpaq sahəsində 8 (səkkiz) ədəd kök üstə yaş vəziyyətdə narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər aşkar olunmuşdur. Bundan başqa, həyətdə yerdə olan 1 ədəd ağ rəngli sintetik torbada narkotik vasitə qurudulmuş qurudulmuş marixunaya oxşar kütlə aşkar edilmişdir. İş materiallarında olan 13 avqust 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı baxış keçirilən zaman həyətyanı sahədə yerləşən yardımçı təsərrüfat tikilisindən yaş halda, kök üstə ümumilikdə 8 (səkkiz) ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilmişdir. Həmin bitkilərə keçirilən baxış zamanı müəyyən edilmişdir ki, 8 (səkkiz) ədəd kolların hər biri gövdəsinin və yarpaqlarının quruluşuna, eləcə də spesifik qoxusuna görə narkotik tərkibli çətənə kollarına aiddirlər, kolların dibindəki torpaq yumşaldılmışdır və vaxtı-vaxtında suvarılmışdır. Həmin 8 (səkkiz) ədəd çətənə kollarının hər biri aqrotexniki qaydada becərilmiş və onlara qulluq göstərilmişdir. İş materiallarında olan 15 avqust 2022-ci il tarixli «maddi sübutun tanınması haqqında» qərardan görünür ki, 8 (səkkiz) ədəd 8999,20 qram çətənə (kannabis) bitkiləri və 1629,90 qram qurudulmuş marixuanna maddi sübut kimi tanınaraq saxlanılması üçün Sabirabad RPŞ-in saxlama anbarına təhvil verilmişdir. İş materiallarında olan 13 avqust 2022-ci il tarixli ”cinayət törətməkdə şübhə edilən şəxsi tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Salyan rayon məhkəməsinin 15 avqust 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 13 avqust 2022-ci il tarixdən hesablanmmaqla “həbs” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 24 dekabr 2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 29,120.1-ci maddəsi ilə barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmişdir. İş materiallarında olan Salyan rayonu, Arbatan İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş ailə tərkibi haqqında arayışdan, xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Salyan rayonu, Aşağı kürkənd kəndində qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi arvadından, 2015-ci il təvəllüdlü Xaraman və 2016-cı il təvəllüdlü Salman adlı uşaqlarından ibarətdir, yaşadığı müddət ərzində barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi CM-in 234.1-1 və 237.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-1 və 237.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-1 və 237.1-ci maddələri ilə düzgün ittiham verilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cü bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübütlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri CM-in 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq bu Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs qurudulmuş marixuanna narkotik vasitə “külli miqdar” kimi qiymətləndirilir. Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olmasını, əməlini etiraf etməsini məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə CM-in 234.1-1 və 237.1-ci maddələri ilə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CPM-in 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub- Salyan rayon polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 1629,90 qram qurudulmuş marixuanna və 8 (səkkiz) ədəd çətənə (kannabis) bitkiləri məhv edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə iş üzrə 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməsini, cəzasının çəkilmə müddətinin 13 avqust 2022-ci il tarixdən başlanılmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1 və 237.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. CM-in 234.1-1-ci maddəsi ilə ona 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 237.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti olaraq ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 13 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun, ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq - Salyan rayon polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 1629,90 qram qurudulmuş marixuanna və 8 (səkkiz) ədəd çətənə (kannabis) bitkiləri məhv edilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-688/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-688/2022
06.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver