Məhkəmə qərarları › İş №1(099)-691/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-691/2022

06.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-691/2022 06.12.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X4, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə xx xxxxxx 1973-cü ildə Lənkəran rayonunun Digah kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Lənkəran rayonunun Digah kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.2 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külli miqdarda əkib yetişdirməklə kultivasiya etmiş və satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə hazırlamış, əldə etmiş və saxlamışdır. Belə ki, o, əldə etdiyi əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını 2022-ci ilin may ayında, Lənkəran rayonunun Digah və Girdəni kəndləri arasında yerləşən meşə ərazisində qanunsuz olaraq əkmiş, onlardan bitən külli miqdarda-753 (yeddi yüz əlli üç) ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edib yetişdirməklə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külli miqdarda kultivasiya etmiş, həmçinin 2022-ci ilin iyul ayında satış məqsədilə həmin çətənə (kannabis) bitkilərinin yarpaqlarından dərib yığaraq qanunsuz olaraq kustar üsulla 370 qram narkotik vasitə olan qurudulmuş marixuana və 1640 qram narkotik vasitə olan qurudulmamış marixuana hazırlayıb əldə etmiş və onları iki ədəd sellofan torbalara yığıb həmin ərazidə quraşdırdığı talvarın (müvəqqəti sığınacağın) yanında qanunsuz olaraq saxlamış, daxil olmuş əməliyyat məlumatına əsasən Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 15 iyul 2022-ci il tarixində, saat 10 radələrində keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs Lənkəran rayonunun Digah və Girdəni kəndləri arasında olan meşə ərazisində saxlanılmış və həmin əraziyə baxış keçirilərkən külli miqdarda-753 ədəd çətənə (kannabis) bitkiləri, iki ədəd sellofan torbalarda-370 qram narkotik vasitə olan qurudulmuş marixuana və 1640 qram narkotik vasitə olan qurudulmamış marixuana və üzərində narkotik vasitə olan marixuana izləri olan bir ədəd elektron tərəzi aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2 və 237.2.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, evlidir və ailəsi ilə birlikdə Lənkəran rayonunun Digah kəndində yaşamaqla taksi fəaliyyəti ilə məşğul olmuşdur. Həmçinin o, vaxtı olanda yaşadığı ərazidə olan meşəlik sahədə quş ovu ilə də məşğul olmuşdur. Təxminən 5-6 ildir ki, “nəşə” adlanan marixuanadan istifadə etməyə başlamışdır. 15 iyul 2022-ci il tarixdə, gecə saat 03 radələrində alabaxta quşu ovlamaq məqsədilə Digah-Girdəni kəndləri arasında olan meşəlik əraziyə ova getmiş və ov edəcəyi meşə ərazisinə təxminən saat 09:30 radələrində çatmışdır. Bir az müddət orada qalıb ov etmək istəyərkən bir qrup polis əməkdaşı onu tutmuş və həmin əraziyə nəyə görə gəldiyini soruşmuş, o da ov etmək üçün gəldiyni bildirmiş, lakin polis əməkdaşları ona inanmamış, tutulduğu ərazidə çətənə bitkisinin əkildiyini deyib həmin bitkilərin onun tərəfindən əkildiyini bildirmişlər. O, polislərə həmin əraziyə səhvən gəldiyini, quş ovu etmək məqsədilə meşəlik ərazisinə gəldiyini bildirsə də, polis əməkdaşları ona qarşı təzyiqlər edərək, yəni onun marixuanadan istifadə etməsini bildiklərini deyib həmin ərazidə aşkar olunan çətənə kollarının ona məxsus olmasını boynunu götürməsini təklif etmiş, o da razılaşmışdır ki, aşkar olunmuş çətənə bitkilərini həmin yerə özü əkmişdir. Bundan sonra polis əməkdaşları onun iştirakı ilə və videoçəkilişlə tutulduğu əraziyə baxış keçirməyə başlamışlar. Baxış zamanı həmin ərazidə çoxlu sayda əkilmiş vəziyyətdə çətənə kolları, iki ədəd torbada marixuana kütlələri və bir ədəd elektron tərəzi aşkar olunmuşdur. Sonra polis əməkdaşları tərəfindən çətənə kolları kökündən çıxarılmış, bundan sonra çətənə bitkiləri, marixuana kütlələri və bir ədəd elektron tərəzi qablaşdırılıb götürülmüş, daha sonra sənədləşmə aparılmışdır. Polis əməkdaşları onu döyməsələr də, o, marixuana istifadəçisi olduğu üçün polislərin təklifi ilə razılaşıb aşkar olunmuş çətənə kollarını özünün əkdiyini, torbalarda olan marixuana kütlələrin və bir ədəd elektron tərəzinin özünə məxsus olmasını bildirmişdir. Əslində isə o, həmin əraziyə quş ovu etmək üçün getmiş, orada aşkar olunmuş çətənə kolları, torbalarda olan marixuana kütlələri və bir ədəd elektron tərəzi ona məxsus deyil, çətənə kollarını başqa şəxs əkmiş, kimin əkdiyini isə bilmir. O, narkotik maddə olan marixuanadan istifadə etsə də, narkotik maddələrin satışı ilə məşğul olmamış və narkotik maddələrin satışı ilə bağlı ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrində göstərmişdir ki, o, 5-6 ildir ki, marixuanadan istifadə etməyə başlamış, marixuananı Lənkəran şəhərində tanımadığı şəxslərdən bir “baş” marixuananı 10 manata alıb istifadə etmişdir. 2021-ci ilin oktyabr ayında ov məqsədilə Digah-Ləj-Girdəni kəndlərini əhatə edən meşəlik ərazisinə ova çıxmış, həmin ərazidə bitmiş 2-3 ədəd çətənə kolunu görüb bu kollardan toxumları götürmüşdür ki, sonradan həmin toxumları əksin. Maddi vəziyyəti aşağı olduğuna görə marixuana ala bilmədiyindən əldə etdiyi çətənə toxumlarını əkmək qərarına gəlmiş və 2022-ci ilin may ayının əvvəllərində yaşadığı Digah kəndin yaxınlığındakı meşəlik ərazisində bir yer tapıb həmin toxumları əkmişdir. Toxumları əkdikdən sonra onlara qulluq etmək üçün 2-3 gündən bir həmin əraziyə gedib əkdiyi toxumlara su verib aqrotexniki qulluq edirmişdir. Sonra o, həmin ərazidə gecələməsi məqsədilə yer də düzəltmişdir. Axırıncı dəfə 15 iyul 2022-ci il tarixdə, saat 09:30 radələrində əkdiyi çətənə kollarına qulluq etmək məqsədilə həmin meşəlik ərazisinə getmişdir. Orada olarkən bir neçə nəfər polis əməkdaşı onu saxlayıb meşəlik ərazidə qanunsuz olaraq çətənə bitkiləri əkib-becərməyi barədə məlumat daxil olduğunu bildirib bununla onun iştirakı ilə meşəlik ərazisinə baxış keçiriləcəyi bildirilmiş, o da polis əməkdaşları ilə razılaşmışdır. Sonra polis əməkdaşları onun iştirakı ilə və videoçəkilişlə saxlandığı əraziyə baxış keçirilmişdir. Baxış zamanı özü çətənə bitkiləri əkdiyi ərazini göstərmiş və bu ərazidə 753 ədəd çətənə bitkisi aşkar edilmiş, sonra həmin bitkilər yerdən çıxarılıb bir yerə toplanmışdır. Sonra meşəlik ərazidə olan quyuya və gecələmək məqsədilə özü üçün düzəltdiyi yerə baxış keçirilmişdir. Baxış zamanı gecələmək üçün düzəltdiyi talvarda (müvəqqəti sığınacaqda) kibrit qutusunun içərisində çətənə toxumları, iki ədəd sellofan torbada həm qurudulmuş, həm də qurudulmamış marixuana kütlələri və bir ədəd elektron tərəzi aşkar edilmişdir. Şifahi sorğu zamanı o, meşəlik ərazidə özünün istifadəsi məqsədilə çətənə kollarını əkdiyni, həmçinin istifadəsi üçün çətənə bitkilərin yarpaqlarını sellofan torbalara yığdığını, elektron tərəzini də marixuananın çəkisini müəyyən etmək üçün saxladığını bildirmişdir. Sonra polis əməkdaşları tərəfindən tutulub polis şöbəsinə gətirilmişdir. O, marixunadan istifadə etsə də, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə baxış zamanı aparılmış videoçəkiliş və digər sənədlər tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini qismən təsdiq edib əlavə ifadəsində göstərmişdir ki, polis əməkdaşları tərəfindən meşə ərazisində aşkar olunmuş çətənə bitkilərindən təxminən 15-20 ədədi özünə məxsusdur və o, həmin 15-20 ədəd çətənə bitkilərini şəxsi istifadəsi üçün meşə ərazisində əkmişdir. Həmin ərazidə aşkar olunmuş digər çətənə bitkiləri, quru və yaş halda olan marixuana kütlələri, həm də bir ədəd elektron tərəzi ona məxsus deyil, həmin bitkiləri orada başqa bir şəxs əkmiş, quru və yaş halda olan marixuana kütlələri, həm də elektron tərəzi də həmin şəxsə aiddir. Onun ov etmək üçün getdiyi meşə ərazisində aşkar olunmuş çətənə bitkiləri əkmiş şəxsin kim olmasını bilmir, lakin güman edir ki, həmin bitkiləri başqa bir şəxs əkmişdir. Narkotik maddələrin satışı ilə bağlı ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir, lakin özünün istifadəsi üçün 15-20 ədəd çətənə bitkiləri əkməsinə görə özünü təqsirli bilir və əməlindən peşmandır. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, Lənkəran ŞRPŞ-nin əməkdaşıdır. Lənkəran rayonunun Digah kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik maddələr əldə etməsi, istifadəsi və üzərində saxlaması, həmçinin onun Lənkəran rayonunun Digah və Girdəni kəndləri arasında olan meşəlik sahədə çətənə bitkisini əkib-becərməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatının doğruluğu tərəfindən yoxlanılarkən o, Təqsirləndirilən şəxs bir neçə dəfə müşahidə altına alaraq müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 2-3 gündən bir Lənkəran rayonunun Digah və Girdəni kəndləri arasında olan meşə sahəsinə gedir və həmin yerdə çətənə bitkisini əkib-yetişdirməklə məşğul olur. Daxil olmuş məlumatın mötəbərliyi yoxlanıldıqdan sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün özünün də daxil olduğu əməliyyat qrupu yaradılmışdır. 15 iyul 2022-ci il tarixində səhər saatlarından başlayaraq əməliyyat qrupu Lənkəran rayonunun Digah və Girdəni kəndləri arasında olan meşəlik əraziyə gedib həmin ərazini müşahidəyə götürmüşdür. Bir müddət sonra Təqsirləndirilən şəxs tək, piyada hərəkət edib həmin meşə sahəsinə daxil olub çətənə bitkilərinin əkildiyi yerə çatdıqdan sonra əməliyyat qurupu tərəfindən Təqsirləndirilən şəxs saxlanılmışdır. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs saxlandığı ərazidə çətənə bitkiləri əkib-yetişdirdiyini etiraf etmiş və həmin ərazini onlara göstərmişdir. Aşkar olunmuş hallarla bağlı şöbə rəhbərliyinə məruzə edilmişdir. Bundan sonra təhqiqatçısı Emil Baxışov hadisə yerinə gəlmiş və şübhəli şəxs Təqsirləndirilən şəxs, Digah kənd bələdiyyəsinin işçisi Elyar Cəfərovun, mütəxəsis-aqronom Qulaməli Hüseynovun və digər polis əməkdaşlarının iştirakı ilə, həm də veideoçəkilişlə Təqsirləndirilən şəxs göstərdiyi əraziyə baxış keçirilmişdir. Baxış zamanı həmin ərazidə 753 ədəd çətənə koluna oxşar bitkilər aşkar edilmişdir. Həmçinin ərazidə su quyusu, gecələmək üçün düzəldilmiş yer-talvar (müvəqqəti sığınacaq) və həmin yerin yanında (sığınacağın yanında) bir ədəd kibrit qutusunda bitki toxumları, iki ədəd sellofan torbada yaş və quru halda marixuanaya oxşar kütlələr, bir ədəd elektron tərəzi aşkar edilmişdir. Aşkar olunmuş 753 ədəd çətənə koluna oxşar bitkilər kökündən çıxarılıb sayılmış, sonra həmin bitkilər, marixuanaya oxşar kütlələr, toxumlar və elektron tərəzi qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüşdür. Baxış zamanı Təqsirləndirilən şəxs heç bir şikayət və narazılığını bildirməmiş, aşkar olunmuş bitkilərin çətənə kolu olduğunu, özünün istifadəsi məqsədilə həmin yerdə əkib-yetişdirdiyini, sellofan torbalarda olan kütlələrin marixuna olduğunu və özünün istifadəsi üçün toplayıb saxladığını, həmçinin elektron tərəzinin də özünə məxsus olduğunu bildirmişdir. Məhkəmə iclasında şahidlər Şahid2 və Şahid3 Şahid1 ifadəsinə uyğun ifadələr vermişlər. İşdə olan, Lənkəran ŞRPŞ-nin əməkdaşının 15 iyul 2022-ci il tarixli “Raport”u ilə müəyyən olunur ki, Lənkəran rayonunun Digah kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələr qəbul etməsi və onun Lənkəran rayonunun Digah və Girdəni kəndləri arasında olan meşəlik ərazidə narkotik tərkibli bitkilər əkib-yetişdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. İşdə olan, təhqiqat orqanının “Təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə” 15 iyul 2022-ci il tarixli qərarla müəyyən olunur ki, həmin tarixdə Ləqkəran ŞRPŞ-nə Lənkəran rayonunun Digah kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələr qəbul etməsi və onun Lənkəran rayonunun Digah və Girdəni kəndləri arasında olan meşəlik ərazidə narkotik tərkibli bitkilər əkib-yetişdirməsi barədə daxil olmuş məlumatların yoxlanılması üçün əməliyyat-axtarışın keçirilməsi qərara alınmışdır. İşdə olan, Lənkəran Rayon Məhkəməsinin 22 iyul 2022-ci il tarixli qərarı ilə müəyyən olunur ki, həmin qərarla Lənkəran ŞRPŞ-nin “Təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə” 15 iyul 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir. İşdə olan, “Baxış keçirilməsi və əşyanın götürməs haqqında” 15 iyul 2022-ci il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə, saat 10 radələrində Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Lənkəran rayonunun Digah və Girdəni kəndləri arasında yerləşən meşəlik ərazisində cinayət törətməkdə şübhəli şəxs Təqsirləndirilən şəxs saxlanılması ilə bağlı Lənkəran ŞRPŞ-nin TB-nin təhqiqatçısı Emil Baxışov tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs, polis əməkdaşları və aqronom-mütəxəssisin iştirakı ilə, həm də videoçəkilişlə Lənkəran rayonunun Digah və Girdəni kəndləri arasında yerləşən meşəlik əraziyə (Təqsirləndirilən şəxs saxlandığı əraziyə) baxış keçirilmişdir. Baxış zamanı ərazidə 753 ədəd çətənə koluna oxşar bitkilər, həmin yerdə gecələmək məqsədilə düzəldilmiş talvarın (müvəqqəti sığınacağın) yanında iki ədəd bağlamada marixuanaya oxşar kütlələr, bir ədəd kibrit qutusunda çətənə toxumlarına oxşar toxumlar, bir ədəd qutuda falqa və bir ədəd elektron tərəzi aşkar edilmişdir. Aşkar olunmuş bitkilər, marixuanaya oxşar kütlələr, elektron tərəzi və toxumlar qablaşdırılıb götürülmüşdür. Baxışın aparılmasına dair videoçəkliş bir ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, 15 iyul 2022-ci il tarixli “Mütəxəssis rəyi”nə əsasən həmin tarixdə Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən Lənkəran rayonunun Digah kəndinin ərazisindəki meşəlik sahədə aşkar edilmiş 753 ədəd bitkilər 2 ay öncə əkilmiş çətənə kollarıdır və həmin bitkilər aqrotexniki qaydada qulluq edilməklə yetişdirilmişdir. İşdə olan, məhkəmə-bioloji ekspertizasının 16 iyul 2022-ci il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində “Təqsirləndirilən şəxs ...” sözlər və imzalar olan 32 ədəd sintetik kisədə ümumi sayı 753 ədəd, ümumi təmiz çəkisi 3100870,0 qram olan yaş vəziyyətdə bitki nümunələri əkib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Həmçinin qeyd olunan rəy ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs ...” sözlər və imzalar olan iki ədəd sellofan torbadakı, bir ədəd bükülüdə təmiz çəkisi 370,0 qram olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Bir ədəd bükülüdə təmiz çəkisi 1640,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmamış marixuanadır. Bundan əlavə tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs ...” sözlər və imzalar olan 1 ədəd bağlamadakı, 01 ədəd elektron tərəzinin üzərində narkotik vasitə marixuananın izləri vardır. Marixuana iz şəklində olduğuna görə çəkisini və tədqiqata təqdim edilmiş marixuanalarla müqayisəli tədqiqat (eynilik) aparmaq mümkün olmamışdır. Ekspertiza tədqiqatına sərf olunduqdan sonra qalıq qurudulmuş marixuana 369,98 qram və qurudulmamış marixuana 1639,98 qram, qalıq çətənə toxumları 2,106 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat təşkil edir. İşdə olan, “Əşyanın maddi sübut kimi tanınması və saxlanca verilməsi haqqında” 20 avqust 2022-ci il tarixli qərarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq 753 ədəd çətənə (kannabis) bitkisi, 369,98 qram qurudulmuş marixuana, 1639,98 qram qurudulmamış marixuana, 1 (bir) ədəd üzərində marixuananın izləri olan elektron tərəzi iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. Habelə istintaq baxışın aparılması ilə bağlı videoçəkilişin yazıldığı 01 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 18 iyul 2022-ci il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarını tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur və narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (saxlandığı meşə ərazisinə ov etmək məqsədi ilə getməsi, aşkar olunmuş çətənə kollarından yalnız 15-20 ədədinin ona aid olması, bitkilərin qalan hissəsinin ona məxsus olmaması, həmçinin aşkar olunmuş marixuana kütlələrinin və elektron tərəzinin də ona məxsus olmamasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni saxlandığı meşə ərazisinə ov etmək məqsədi ilə getməsi, aşkar olunmuş çətənə kollarından yalnız 15-20 ədədinin ona aid olması, bitkilərin qalan hissəsinin ona məxsus olmaması, həmçinin aşkar olunmuş marixuana kütlələrinin və elektron tərəzinin də ona məxsus olmamasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən baxış keçirilməsi ilə bağlı aparılmış videoçəkilişlə (həmin videoçəkilişdə Təqsirləndirilən şəxs meşəlik ərazidə aşkar olunmuş çətənə bitkilərin onun tərəfindən əkilib-yetişdirildiyini, iki ədəd torbalarda olan marixuana kütlələrinin və elektron tərəzinin özünə məxsus olmasını bildirmişdir), eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri ilə (həmin ifadələrində o, meşə ərazisində aşkar olunmuş çətənə bitkilərin, iki ədəd torbalarda olan marixuana kütlələrin və elektron tərəzinin özünə məxsus olmasını göstərmişdir) tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətlərin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini əkmə, yetişdirmə və hissələrini toplamaqla kultivasiya etməsi və satış məqsədi ilə qanunsuz olaraq narkotik maddələri əldə etmə və saxlama cinayət əməlləri ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adları “Marixuana-Kannabis”, o cümlədən qurudulmuş və qurudulmayan marixuana olan maddələr narkotik vasitələrdir. Qurudulmuş marixuananın 5 qramdan və qurudulmayan marixuananın 25 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, qurudulmuş marixuananın 500 qramı və qurudulmayan marixuananın 2500 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. Habelə həmin Qanunun “Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər”ə aid İİİ Siyahıya əsasən Azərbaycan Respublikasında bitən, lakin kultivasiyası qadağan olunmuş tərkibində narkotik maddələr olan bitkilər siyahısına daxil olan “Çətənə növlü bitkilər”in sayı 16 ədəd və ya ondan artıq olduqda olduqda külli miqdar hesab olunur. Həmçinin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanununun 1.0.6-cı maddəsinə əsasən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanması başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs götürülmüş 753 ədəd çətənə (kannabis) bitkilərinin sayı külli miqdardadır, habelə 370 qram narkotik vasitə olan qurudulmuş marixuana və 1640 qram narkotik vasitə olan qurudulmamış marixuana şəxsi istehlak miqdarından artıq miqdardadır. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni şahidlər və təqsirləndirilən şəxsin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külli miqdarda əkib yetişdirməklə kultivasiya etmiş və satış məqsədi ilə qanunsuz olaraq qurudulmuş və qurulumamış marixuana hazırlamış, əldə etmiş və saxlamışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməllərində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 234.2 və 237.2.3-cü maddələri ilə tövsif edilmişdir. İşdə olan, Lənkəran Rayon Məhkəməsinin 17 iyul 2022-ci il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli, tutulduğu tarixdən-15 iyul 2022-ci il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan, Lənkəran şəhər İHB-nın Şiləvar kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 22 iyul 2022-ci il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Lənkəran rayonunun Digah kəndində qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə müsbət (yaşadığı ərazidə özünü sakit və intizamlı aparmış, fərdi əməklə məşğul olmuşdur) xarakterizə olunur. İş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar (CM-nin 59 və 61-ci maddələrində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Azərbaycan Respublikası CM-nin 234.2 və 237.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün əsaslar (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə Azərbaycan Respublikası CM-nin bir neçə maddəsi ilə təqsirli bilindiyi üçün ona həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 15 iyul 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunmalı, habelə yaşadığı ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Lənkəran ŞRPŞ-nin maddi sübutlar otağında saxlanılan 753 ədəd çətənə (kannabis) bitkisi, 369,98 qram qurudulmuş marixuana, 1639,98 qram qurudulmamış marixuana və üzərində marixuana izləri olan bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X2 X3 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. İş üzrə maddi sübut olan və cinayət işinə əlavə edilmiş, baxışın aparılması ilə bağlı videoçəkilişin yazıldığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərci-60 (altmış) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsi tətbiq edilərək təyin olunmuş cəzaları qismən toplanılmaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 15 iyul 2022-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun və yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan və Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 753 ədəd çətənə (kannabis) bitkisi, 369,98 qram narkotik vasitə olan qurudulmuş marixuana, 1639,98 qram narkotik vasitə olan qurudulmamış marixuana və üzərində marixuana izləri olan 1 (bir) ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və cinayət işinə əlavə edilmiş, baxışın aparılması ilə bağlı videoçəkilişin yazıldığı 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-60 (altmış) manat məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar