Məhkəmə qərarları › İş №1(099)-691/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-691/2024

18.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-691/2024 18.11.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X11, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi və Zərərçəkmiş şəxs1 nümayəndəsi X14, zərərçəkmiş şəxsin hüquqi varisi X3 nümayəndəsi X7, Zərərçəkmiş şəxs2 və müdafiəçi-Bakı Şəhəri 20 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxxxx 1982-ci ildə Lerik rayonu Bırkandul kəndində anadan olması, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Lerik rayonu Bırkandul kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 09 iyun 2024-cü ildə saat 12 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Toyota Land-Cruıser-Prado” minik markalı ** NY *** dövlət qeydiyyat nişanlı avtomobillə Ələt-Astara–İran sərhədi yolunun Lənkəran rayon Boladi kəndi ərazisindən keçən 152-ci km\də Ələt qəsəbəsi istiqamətdə sağ zolaqla saatda 100 km sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərini pozaraq, yəni sürücü sürətdən və hərəkət şəraitindən aslı olaraq qabaqda gedən nəqliyyat vasitəsi ilə düzgün ara məsafəsi seçməli, qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısına almaq üçün mümkün olan tədbirləri görməli, qarşısında eyni istiqamətdə hərəkətdə olan minik markalı avtomobillə lazımi ara məsafəsi saxlamalı, qarşısında hərəkətdə olan avtomobilin sürücüsü sürətini kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, nəqliyyat vasitəsinin sürətini azaltmaqla, hərəkətin təhlükəsizliyini təmin etməli, həmçinin hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara riayət etməyib, qarşısında eyni istiqamətdə sağ zolaqla əvvəlcə hərəkətdə olan, daha sonra əyləci basmaqla dayanmaq istəyən Zərərçəkmiş şəxs2 idarə etdiyi “Mercedes Benz 220” minik markalı ** MN *** dövlət qeydiyyat nişanlı avtomobilə arxadan çırpılmış, nəticədə ehtiyyatsızlıqdan iki və ya daha çox şəxsin, yəni “Toyota Land-Cruıser- Prado” minik markalı avtomobilin sərnişini X5 açıq kəllə beyin travması, kəllə və üz skeleti sümüklərinin açıq çoxqəlpəli sınıqları, (kəllənin alın-təpə-hər iki gicgah-ənsə sümükləri, hər iki almacıq, göz yuvası sümükləri), baş beynin ağır dərəcədə əzilib-dağılması (beyin toxuması bədən səthinə səpələnmiş formada), qabırğaların iki tərəfli sınıqları (sol İİ-Vİİ, sağ İİ-V), hər iki ağciyərin zədələnməsi, döş boşluğunda qanaxma (450), sol diz qapağı nahiyyəsində sıyrıq kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq, sonuncunun hadisə yerində ölümü ilə nəticələnən, “Mercedes Benz 220” minik markalı avtomobilin sərnişini X8 travmatik koma, baş beyin əzilməsi, sol baldır sümüklərinin qapalı yerini dəyişən sınığı, sol aşıq-baldır, sol baldır nahiyyələrində qançırlar, sol baldır nahiyyəsində sıyrıq kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq, sonuncunun elə həmin gün saat 18:00-da Lənkəran RMX-da ölümü ilə nəticələnən, digər sərnişin Zərərçəkmiş şəxs1 alın, sol gicgah və kəllə əsasının böyük qanadının yerini dəyişmiş parçalı sınıqları, alın nahiyyəsində subdural hematoma, sol alın payının hemoragik əzilməsi, sol göz yuvası sümüyünün sınığı, sol əng sümüyünün sınığı, sol körpücük sümüyünün sınığı kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər almasına, həmçinin sürücü Zərərçəkmiş şəxs2 sol kürək sümüyünün yerdəyişmiş sınığı, sol bazu oynağı nahiyyəsində sıyrıq, sol kürək nahiyyəsində qançır kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində qeyd etmişdir ki, 09 iyun 2024-cü ildə özünə məxsus Ələt-Astara yolu ilə üzü Ələt qəsəbəsi istiqamətdə sağ zolaqla saatda 100 km sürətlə hərəkətdə olmuşdur. Maşında oğlu, qardaşı oğlu Eldar, Şahid1 və Zaman Hüseynov olmuşdur. Lerik rayonundan Bakı şəhərində gedirlərmiş. Saat təxminən 11:00-12:00 olarmış. Yolun Lənkəran rayon Boladi kəndi ərazisindən keçdikdə, Poladlı körpüsü yaxınlığında qəza baş vermişdir. Həmin vaxt saatda 100 km sürətlə gedirmiş uzaqdan Mercedes markalı avtomaşın əyləci basmaqla saxlamaq istəmiş, bu zaman həmin maşını keçmək istəmiş, lakin keçə bilməmiş idarə etdiyi avtomaşının qabaq hissəsi həmin avtomaşının arxa hissəsinə çırpılmış, zərbədən sonra olduğu avtomaşının aşdığını hiss etmiş, avtomaşında olan sərnişin Zaman Hüseynov aldığı xəsarətlərdən ölmüşdür. Zaman Hüseynovu maşından çıxarmış, sonra yol adamları gəlib kömək etmişdir. Hadisədən sonra zərərçəkmiş şəxslərlə barışmışdır. Əməlindən peşmandır, törətdiyi qəzada biri yaxın dostu və əmisioğlu, biri isə körpə uşaq vəfat etmişdir. Bu artıq ona ömürlük ağır cəzadır, özü günahkardır, məhkəmədən ona köməklik edilməsini, ən yüngül cəzanın verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquq varisi və Zərərçəkmiş şəxs1 nümayəndəsi X14 ifadəsində göstərmişdir ki, mərhum zərərçəkmiş onun uşağıdır, digər zərərçəkmiş şəxs isə arvadıdır. Hadisə günü Lənkəran şəhərində işdə olmuş, ailəsini isə Bakıya yola salmışdır. Saat 12:30 olarmış, ona xəbər vermişlər ki, uşaqlar gedən maşın qəza edib, ana və uşaq yaxşıdır. Dərhal Lənkəran RMX-na gəldikdə oğlu Akifin və arvadı Məlahətin ağır xəsarət almaqla reanimasiyada olduqlarını bilmişdir. Həmin gün saat 18 radələrində oğlu Akif xəstəxanada vəfat etmişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti yoxdur, onunla barışmışdır, onlara lazımi köməklik göstərilmişdir. Təqsirlənləndirilən şəxs ilk gündən onların yanında olmuş, bu günədək də köməklik göstərir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 09 iyun 2024-cü ildə saat təxminən 12 radələrində idarə etdiyi “Mercedes Benz 220” minik markalı avtomaşınla Ələt-Astara yolu ilə üzü Ələt qəsəbəsi istiqamətdə 90-100 km sürətlə sağ zolaqla hərəkətdə olmuşdur. Maşında nasazlıq olduğundan yolda bir dəfə saxlayıb baxmış nə olduğun bilməmiş, sonra yola davam etmişdir. İkinci dəfə isə Lənkəran rayon Boladi kəndi ərazisindən keçdikdə, avtomaşından nasazlıq olduğundan avtomaşının əyləcini basmaqla, dayanmaq üçün sürəti azaltmışdır. Həmin anda arxadan eyni istiqamətdə hərəkətdə olan avtomaşın onu vurmuşdur. Hadisə zamanı avtomaşında olanlarla birgə xəsarət almışdır. Hadisədən sonra sərnişin X13 RMX-da vəfat etdiyin sonradan eşitmişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti yoxdur, onunla barışmışdır, ona vurulmuş ziyan tam ödənilmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X3 nümayəndəsi X9 ifadəsində göstərmişdir ki, mərhum zərərçəkmiş onun yeznəsidir. Yeznəsi qəza nəticəsində vəfat edib. Özü hadisə zamanı Bakıda olub, hadisə barədə ona Məmməd zəng edib məlumat verib, özü isə birbaşa morqa gəlib. Hazırda təqsirləndirilən şəxslə barışmışlar, onlar elə bir adamlardı, kəndçi və qohumdular. Rəhmətlik yeznəsi ilə təqsirləndirilən şəxs 20 ildən çoxmuş ki, bir yerdə olmuşlar, bir işləmişlər, onlar həm əmioğlu, həm də qardaş olmuşlar. Eşitmiş ki, dördgöz maşın qarşılarına çıxıb və Məmməd həmin maşını arxadan vurub, qəza olub. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbləri yoxdur, onunla barışmışlar, barəsində həbslə əlaqədar olayan cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, hadisə günü Məmmədin idarə etdiyi avtomaşınla Ələt-Astara yolu ilə üzü Ələt qəsəbəsi istiqamətdə sağ zolaqla hərəkətdə olmuşlar. Birlikdə Lerikdən Bakı şəhərinə gedirlərmiş. Həmin vaxtda arxada əyləşmişdir. Özü isə yatmışdır. Bir anda maşının fırlandığını hiss etmişdir. Zərbədən sonra olduğu avtomaşın bir qədər irəlidə aşdığından avtomaşında olan sərnişin Zaman Hüseynov aldığı xəsarətlərdən ölmüşdür. Hadisə zamanı avtomaşında dörd sərnişin olmuşdur. Hadisə zamanı hər hansı ciddi xəsarət almamışdır. Avtomobildən özü çıxmışdır. Digər maşında isə azyaşlı uşaq vəfat etmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, hadisə günü əmisi Məmmədin idarə etdiyi avtomaşınla Bakı şəhərinə gedirmiş. Avtomobildə arxa sağ oturacaqda oturmuş və yatmışdır. Huşu yerinə gələndə isə artıq qəza baş vermişdir. Özünə gəldikdən sonra təcili tibbi yardım maşını ilə xəstəxanaya getmişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayəti törətməsi faktı onun özünün, zərərçəkmiş şəxslərin hüquqi varislərinin, zərəçəkmiş şəxslərin, şahidin ifadələri, ekspertiza rəyləri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da tam təsdiq olunur. Belə ki, iş materiallarında olan “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 09 iyun 2024-cü il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, yol-nəqliyyat hadisəsi yeri Ələt-Astara yolunun 152-ci km-də, yəni Lənkəran rayonu, Boladi kəndi ərazisində yerləşir. Yol-nəqliyyat hadisəsi baş vermiş avtomobil yolu asfaltbeton olmaqla düz, quru vəziyyətdədir, yol örtüyünün eni 7.4 metrdir, hərəkət zolaqlarının sayı 2, hərəkət hissəsinin eni 3,7 metrdir. Hərəkət hissəsində mərkəzdə qırıq-qırıq xətlər vardır. Hər iki nəqliyyat vasitəsi Ələt istiqamətindədir. Hadisə yerinə baxış zamanı hər iki nəqliyyat vasitəsinə aid şin izləri asfalt üzərində və ehtiyyat hissədə vardır. Hadisə yerində maksimal sürət həddi 1160 km/saatdır. Z.Hüseynovun meyiti Toyota Prado markalı avtomaşından 2,1 metr aralı məsafədə olmaqla, meyit üzərinə pambıq materialdan olan parça sərilmişdir. (c 1, i.v 6-14). İş materiallarında olan Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan xx.xx.2024-cü il tarixli, 000826 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. (c 1, i.v 16). İş materiallarında olan 09 iyun 2024-cü il tarixli meyitə baxış keçirilməsi haqqında protokoldan və fotoşəkildən görünür ki, Lənkəran rayon MTE və PA şöbəsinin təşrih otağında yol-nəqliyyat hadisəsi nəticəsində ölmüş X10 meyitinə baxış keçirilmiş, aşağıdakı xəsarətlər-sol baldırın orta 1/3-nin qapalı yerini dəyişən sınığı, sol aşıq baldır oynağının iç səthində 5x3 sm ölçüdə, sol baldırın orta 1/3-nin ön səthində 5x4 sm ölçüdə qeyri bərabər çəhrayımtıl qırmızı qançırlar, sol baldırın yuxarı 1/3-nin iç səthində 4x0,5 sm ölçüdə dəri səviyyəsindən aşağıda yerləşən ətrafı solğun qırmızı rəngli sıyrıq xəsarətləri aşkar edilmişdir. (c 1, i.v 36-38). İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (c 1, i.v 71). İş materiallarında olan DİN-in BDYPİ-nin 20 iyun 2024-cü il tarixli 3-13-16\2- 93723\2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə BA serialı 438152 nömrəli “BC” katiqorialı sürücülük vəsiqəsi verilmişdir və sürücülük hüququndan məhrum edilənlər siyahısında olmadığı müəyyən olunmuşdur. (c 1, i.v 74). İş materiallarında olan Lerik RİHB-nın Nüvədi kənd İƏD tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadı, 2008-ci il, 2011-ci il, 2013-cü il və 2021-ci il təvəllüdlü uşaqlarından ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (c 1, i.v 79-80). İş materiallarında olan Lənkəran rayon “MTE və PA” şöbəsinin 29 iyun 2024-cü il tarixli 17 nömrəli tibbi rəyindən görünür ki, X1 meytində aşkar edilmiş xəsarətlər – açıq kəllə beyin travması, kəllə və üz skeleti sümüklərinin açıq çoxqəlpəli sınıqları, (kəllənin alın-təpə-hər iki gicgah-ənsə sümükləri, hər iki almacıq, göz yuvası sümükləri), baş beynin ağır dərəcədə əzilib-dağılması (beyin toxuması bədən səthinə səpələnmiş formada), qabırğaların iki tərəfli sınıqları (sol İİ-Vİİ, sağ İİ-V), hər iki ağciyərin zədələnməsi, döş boşluğunda qanaxma (450), sol diz qapağı nahiyyəsində sıyrıq aşkar edilmişdir. Qeyd olunan xəsarətlər ağır bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, avtomobil travması, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 09 iyun 2024-cü ildə sərnişini olduğu minik avtomaşının digər minik markalı avtomaşınla toqquşması zamanı avtomaşının salonun qabarıq hissələrinin güclü zərbəsi nəticəsində əmələ gələ bilərdi və ümumilikdə dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. X1 ölümünə başın və döş qəfəsinin küt travması, açıq kəllə beyin travması, kəllə və üz skeleti sümüklərinin açıq çoxqəlpəli sınıqları, baş beynin ağır dərəcədə əzilib-dağılması (beyin toxuması bədən səthinə səpələnmiş formadadır) səbəb olmuşdur. (c 1, i.v 81-85). İş materiallarında olan Lənkəran rayon “MTE və PA” şöbəsinin 01 iyul 2024-cü il tarixli 590 nömrəli tibbi rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol kürək sümüyünün yerdəyişmiş sınığı, sol bazu oynağı nahiyyəsində sıyrıq, sol kürək nahiyyəsində qançır aşkar edilmişdir. Qeyd olunan xəsarətlər ağır bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, avtomobil travması, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 09 iyun 2024-cü ildə sərnişini olduğu minik avtomaşının digər minik markalı avtomaşınla toqquşması zamanı avtomaşının salonun qabarıq hissələrinin güclü zərbəsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. (c 1, i.v 86-88). İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə X6 mərhum əri Zaman Hüseynovun hüquqi varisi qismində tanınmışdır. (c 1, i.v 94). İş materiallarında olan X6 tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, xx.xx.2024-cü ildə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar sürücü Məmməd barəsində şikayətləri və iddiaları yoxdur. (c 1, i.v 100). İş materiallarında olan Lənkəran rayon “MTE və PA” şöbəsinin 09 iyul 2024-cü il tarixli 626 nömrəli tibbi rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər – alın, sol gicgah və kəllə əsasının böyük qanadının yerini dəyişmiş parçalı sınıqları, alın nahiyyəsində subdural hematoma, sol alın payının hemoragik əzilməsi, sol göz yuvası sümüyünün sınığı, sol əng sümüyünün sınığı, sol körpücük sümüyünün sınığı aşkar edilmişdir. Qeyd olunan xəsarətlər ağır bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, avtomobil travması, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 09 iyun 2024-cü ildə sərnişini olduğu minik avtomaşının digər minik markalı avtomaşınla toqquşması zamanı avtomaşının salonun qabarıq hissələrinin güclü zərbəsi nəticəsində əmələ gələ bilərdi və ümumilikdə dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. (c 1, i.v 101-104). İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. (c 1, i.v 106). İş materiallarında olan Lənkəran rayon “MTE və PA” şöbəsinin 16 iyul 2024-cü il tarixli 656 nömrəli tibbi rəyindən görünür ki, X2 meytində aşkar edilmiş xəsarətlər – travmatik koma, baş beyin əzilməsi, sol baldır sümüklərinin qapalı yerini dəyişən sınığı, sol aşıq-baldır, sol baldır nahiyyələrində qançırlar, sol baldır nahiyyəsində sıyrıq aşkar edilmişdir. Qeyd olunan xəsarətlər ağır bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, avtomobil travması, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 09 iyun 2024-cü ildə sərnişini olduğu minik avtomaşının digər minik markalı avtomaşınla toqquşması zamanı avtomaşının salonun qabarıq hissələrinin güclü zərbəsi nəticəsində əmələ gələ bilərdi və ümumilikdə dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. X2 ölümünə - baş beyin əzilməsi səbəb olmuşdur. (c 1, i.v 128-131). İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə X14 mərhum oğlu Akif Mahmudlunun hüquqi varisi qismində tanınmışdır. (c 1, i.v 135). İş materiallarında olan Məhkəmə yol nəqliyyat hadisəsi ekspertizasının 26 iyul 2024cü il tarixli 8/1794 nömrəli rəyindən görünür ki, “Toyota Land-Cruıser-Prado” minik markalı ** NY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə, onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 128 (bir yüz iyirmi səkkiz) manatdır. (c 1, i.v 141-144). İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. (c 1, i.v 145). İş materiallarında olan 10 avqust 2024-cü il tarixli maddi sübutun tanınması və təhvil verilməsi haqqında qərardan görünür ki, X24 Prado minik markalı ** NY *** dövlət qeydiyyat nişanlı avtomaşın və Mercedes Benz E220 minik markalı ** MN *** dövlət qeydiyyat nişanlı avtomaşın iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün sahiblərinə qaytarılmışdır. (c 1, i.v 152). İş materiallarında olan qəbzdən görünür ki, X24 Prado minik markalı ** NY *** dövlət qeydiyyat nişanlı avtomaşın Təqsirləndirilən şəxs tərəfindən dayanacaqdan götürülmüşdür. (c 1, i.v 154). İş materiallarında olan 11 avqust 2024-cü ildə Zərərçəkmiş şəxs1 tərəfindən yazılmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ona dəymiş maddi və mənəvi ziyanı tam halda ödənilmişdir. Onunla barışmış, barəsində heç bir şikayəti, iddia və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır, Təqsirləndirilən şəxs qanuna müvafiq köməklik göstərilməsini xahiş etmişdir. (c 1, i.v 156). İş materiallarında olan 10 avqust 2024-cü ildə zərərçəkmiş şəxsin hüquqi varisi X14 tərəfindən yazılmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ona dəymiş maddi və mənəvi ziyanı tam halda ödənilmişdir. Onunla barışmış, barəsində heç bir şikayəti, iddia və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır, Təqsirləndirilən şəxs qanuna müvafiq köməklik göstərilməsini xahiş etmişdir. (c 1, i.v 158). İş materiallarında olan 16 avqust 2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (c 1, i.v 186-187). Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən etibarnamə əsasında idarə etdiyi “Toyota Land-Cruıser-Prado” minik markalı ** NY *** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozaraq 09 iyun 2024-cü il tarixdə, saat 12 radələrində Ələt-Astara– İran sərhədi yolunun Lənkəran rayon Boladi kəndi ərazisindən keçən 152-ci km\də Ələt qəsəbəsi istiqamətdə sağ zolaqla saatda 100 km sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərini pozaraq, qarşısında eyni istiqamətdə sağ zolaqla əvvəlcə hərəkətdə olan, daha sonra əyləci basmaqla dayanmaq istəyən Zərərçəkmiş şəxs2 idarə etdiyi “Mercedes Benz 220” minik markalı ** MN *** dövlət qeydiyyat nişanlı avtomobilə arxadan çırpılmış, nəticədə ehtiyyatsızlıqdan iki və ya daha çox şəxsin, yəni “Toyota Land-Cruıser-Prado” minik markalı avtomobilin sərnişini X5 hadisə yerində ölümü ilə nəticələnən, “Mercedes Benz 220” minik markalı avtomobilin sərnişini X8 elə həmin gün saat 18:00-da Lənkəran RMX-da ölümü ilə nəticələnən, digər sərnişin Zərərçəkmiş şəxs1 dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər almasına, həmçinin sürücü Zərərçəkmiş şəxs2 dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara obyektiv hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, yuxarıda qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Odur ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin bütün zəruri tərkib əlamətləri var. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin bütün zəruri tərkib əlamətləri mövcud olduğundan və qeyd edilən cinayət əməli həqiqətən törədildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə tövsif edilmiş və o, qeyd edilən cinayətin törədilməsində təqsirli bilinməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini ehtiyatsızlıqdan törətmiş, həmin cinayət başa çatmış cinayətdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç nəfər azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslərin hüquqi varisləri və zərərçəkmiş şəxslərlə barışdığını, onun tərəfindən zərərçəkmiş şəxslərin hüquqi varislərinə və zərərçəkmiş şəxslərə vurulmuş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxslərin hüquqi varislərinin və zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmadığını Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12, 59.1.13-cü maddələrinə, ilk dəfə ehtiyatsızlıqdan cinayət əməli törətməsini, əməlini səmimi etiraf edib peşmançılıq çəkməsini, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Qeyd edilən Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. CM-nin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Eyni zamanda cəza təyin ilə bağlı məhkəmə onu da xüsusilə qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət barədə səmimi etiraf etmiş, həmin hadisədən sonra zərərçəkmiş şəxslərin hüquqi varisləri və zərərçəkmiş şəxslərlə barışmış, nəticədə zərərçəkmiş şəxslərin hüquqi varisləri və zərərçəkmiş şəxslər təqsirləndirilən şəxsdən razı qaldıqlarını bildirərək ona qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmiş, habelə o, zərərçəkmiş şəxslərin hüquqi varisləri və zərərçəkmiş şəxslər ilə hələ ilkin mərhələdə, yəni ibtidai araşdırma zamanı barışıq əldə etmiş, bundan başqa, o və onun ailə üzvləri zərərçəkmiş şəxslərin yas mərasimində dəfələrlə iştirak etmişlər, zərərçəkmiş şəxslərin bütün maddi xərclərini ödəmişlər. Başqa sözlə, o, törətdiyi əməlin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan bütün mümkün hərəkətləri edərək cinayətdən əziyyət çəkən zərərçəkən şəxslərin hüquqi varislərinə, zərərçəkmiş şəxslərə və onların ailəsinə qayğı və insani rəftar nümayiş etdirmişdir. Qeyd edilən hallar hazırki iş üzrə əhəmiyyət kəsb edən halları təşkil edir və bu səbəbdən də cəza təyini zamanı onların nəzərə alınmaması ədalətsizliyə səbəb ola bilər. Qeyd olunanları məcmu halda nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə maddənin sanksiyasında nəzərdə tutulan ən aşağı həddə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını azadlıqdan məhrum etmə cəzasını Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzanın əvvəli onun müvafiq səlahiyyətli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.3-cü maddəsinin tələbinə görə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Cinayət-prosessual qanunvericiliyinin qeyd olunan müddəasına əsaslanan məhkəmə kollegiyası hesab edir ki, iş üzrə maddi sübut hesab olunan və saxlanılması üçün sahiblərinə qaytarılmış “Toyota Land-Curuiser Prado minik” markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz E220 minik” markalı, ** MN *** dövlət qeydiyyat nişanlı avtomobillər sahiblərində saxlanılmalıdır. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatına görə 85 (səksən beş) manat məbləğində məhkəmə məsrəfləri müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri olan 128 (bir yüz iyirmi səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq “Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3” hesabına ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün əsaslar (CM-nin 99-1-ci maddəsinə əsasən) yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 132, 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun cəza çəkəcəyi müəssisədə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün sahiblərinə qaytarılmış “Toyota Land-Curuiser Prado minik” markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz E220 minik” markalı, ** MN *** dövlət qeydiyyat nişanlı avtomobillər sahiblərində saxlanılsın. Məhkəmə məsrəfləri hesab edilən 128 (bir yüz iyirmi səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq “Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3” hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar