Məhkəmə qərarları › İş №1(099)-692/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(099)-692/2023

24.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(099)-692/2023 24.08.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Cinayət işinin baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Cəlilov Oruc Yusif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X1, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçilər-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Biləsuvar Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx xxxxxx 1993-cü ildə Biləsuvar rayonu, Aşağı Cürəli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, subay, işləməyən, Biləsuvar rayonu, Aşağı Cürəli kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 120.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə hazırlıq iclasında Dövlət ittihamçısı cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına dair vəsatətinə və cinayət işinin materiallarına məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Həmin cinayət işi üzrə ibtidai istintaq Biləsuvar rayon prokurorunun böyük köməkçisi İİ dərəcəli hüquqşünas X3 tərəfindən aparılaraq tamamlanmış, cinayət işi üzrə ittiham aktı 11 avqust 2023-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Biləsuvar rayon prokuroru, baş ədliyyə müşaviri Camal Bağırov tərəfindən təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş və cinayət işi 16 avqust 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair həmin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası 24 avqust 2023cü il tarixə təyin edilməklə cinayət prosesi tərəflərinin iştirakı ilə irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanması üçün ilkin dinləmələr aparılmışdır. Məhkəməyədək icraat mərhələsində ibtidai istintaq orqanı belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs 22 aprel 2023-cü il tarixdə saat 11 radələrində tanışı Şahid5 ilə evlənmək məqsədilə sonuncunun yaşadığı Cəlilalabad şəhərində yerləşən evinə elçiliyə göndərdiyi ailə üzvlərinə rədd cavabı verildikdən sonra həmin gün onunla mobil telefonla danışığı zamanı Şahid5 bibisi oğlu xx.xx.1986-cı il tarixdə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, "xxxx" Qeyri-bank Təşkilatı MMC-də müştərilərlə əlaqələr üzrə işçi işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X2 ona qarşı işlətdiyi nalayiq ifadələri şəхsi ləyаqətinə tохunаn hərəkət kimi qiymətləndirərək sonuncudan qisas almaq məqsədi ilə qəsdən öldürmək qərarına gəlib bu niyyətlə əvvəlcədən bir ədəd qara dəstəkli ümumi uzunluğu 290 mm, tiyəsinin uzunluğu 170 mm, eni 35 mm, qalınlığı 1 mm olan məişət təyinatlı mətbəx bıçağını götürüb üzərində gizlədərək həmin gün saat 23:50 radələrində Ələt-Astara yolunun Biləsuvar rayonu, Aşağı Cürəli kəndindən keçən hissəsində yol kənarında Vüsal İlhamlı ilə görüşmüş, sonuncu ilə aralarında baş vermiş mübahisə və dava-dalaş zamanı əlindəki həmin bıçaqla ona bir dəfə zərbə endirərək döş qəfəsinin sol yan səthində döş boşluğuna keçməklə, ürək kisəsinin və ürəyin zədələnməsi ilə müşayiət olunan kəsilmiş-deşilmiş yarası xəsarətini yetirərək onu qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Cinayət işi öyrənilərkən və məhkəmənin hazırlıq iclasında ilkin dinləmələr zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 303.3.1 və 303.3.6-cı maddələrinin tələbləri pozulmuşdur. Yol verilmiş prosessual pozuntularla bağlı Dövlət ittihamçısı vəsatət qaldıraraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş etdi. Dövlət ittihamçısı vəsatətini belə əsaslandırmışdı ki, iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 20 may 2023-cü il tarixli 13 nömrəli rəyindən aydın olur ki, ölmüş zərərçəkmiş şəxs X2 meyiti üzərində dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurma əlamətlərinə malik döş qəfəsinin sol yan səthində döş boşluğuna keçən ürək kisəsini və ürəyi zədələyən bir ədəd deşilmiş-kəsilmiş yara ilə yanaşı, üzərində bərk küt əşyanın (əşyaların) təsərindən ölümündən bir qədər əvvəl törənmiş, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən əlamətlərə malik alının sol yarısında və sol yanaq nahiyəsində hərəsində bir ədəd qançır, burunun çəpəri hissəsində iki ədəd, burun –dodaq büküşü nahiyəsində bir ədəd və sol bud nahiyəsində üç ədəd sıyrıq xəsarətləri də aşkar edilmişdir. Ümumilikdə 1 ədəd ağır dərəcəli, 8 ədəd dərəcəsi təyin edilməyən xəsarət aşkar edilmişdir. Lakin, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın məzmununda yalnız X2 hadisə nəticəsində aldığı xəsarət kimi ölümünə səbəb olmuş döş qəfəsinin sol yan ön stəhinin, döş boşluğuna keçməklə ürək kisəsini və ürəyi zədələyən deşilmiş-kəsilmiş yara xəsarəti göstərilmiş, digər dərəcəsi təyin edilməyən 8 xəsarət göstərilməmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı Təqsirləndirilən şəxs də ifadələrində hadisə zamanı onun zərərçəkmiş şəxs Vüsal İlhamlı ilə əlbəyaxa yumruq davasına başladığını və onun bədəninin müxtəlif nahiyyələrinə vurduğunu göstərmişdir. Bununla yanaşı, cinayət işinin ibtidai istintaq materialları və işin faktiki halları ilə müəyyən olunur ki, X2 meyitində aşkar olunan 8 ədəd dərəcəsi təyin edilməyən xəsarət məhz ölümündən öncə Təqsirləndirilən şəxs tərəfindən ona yetirilmişdir. Eyni zamanda istintaq orqanı, həmin 8 ədəd dərəcəsi təyin edilməyən bədən xəsarətlərinin Təqsirləndirilən şəxs tərəfindən deyil, digər şəxs və ya şəxslər tərəfindən Vüsal İlhamlıya yetirilməsi ilə bağlı hər hansı bir qənaətə gəlməmişdir. Həmin hala cinayət işi üzrə 08 avqust 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” Qərarda hər hansı hüquqi qiymət verilməmişdir. Göründüyü kimi, yuxarıda sadalananlar səbəbindən cinayət işi üzrə ittiham aktı həmin hissədə cinayət-prosessual qanunvericiliyin tələblərinə əməl edilməklə tərtib edilmədiyindən, o, CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun deyildir. Müdafiə tərəfi qaldırılan vəsatətin təmin edilib-edilməməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə qaldırılan vəsatəti müzakirə edib, cinayət prosesi tərəflərini dinləyib belə nəticəyə gəlir ki, vəsatət əsaslı olduğundan təmin edilməli, cinayət işinə baxılmasına xitam verilməli və məhkəməyədək icraat mərhələsində yol verilmiş prosessual pozuntuların aradan qaldırılması məqsədi ilə cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, məhkəmə hazırlıq iclasında müəyyən olundu ki, Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş ittiham aktı aşağıda qeyd edilən hissələrdə cinayət prosessual qanunvericiliyin imperativ tələblərinə uyğun deyil. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 20 may 2023-cü il tarixli 13 nömrəli rəyindən görünür ki, X2 meyitinin xarici və daxili müayinəsi zamanı aşağıdakı xəsarətlər müəyyən edildi: Döş qəfəsinin sol yan səthində döş boşluğunaa keçməkləürək kisəsini və ürəyi zədələyən bir ədəd deşilmiş-kəsilmiş yara, alının sol yarısında və sol yanaq nahiyəsində hərəsində bir ədəd qançır, burunun çəpəri hissəsində iki ədəd, burun – dodaq büküşü nahiyəsində bir ədəd və sol bud nahiyəsində üç ədəd sıyrıq. Müəyyən olunan xəsarətlərdən döş qəfəsinin sol yan səthində döş boşluğuna keçən ürək kisəsini və ürəyi dəzələyən bir ədəd deşilmiş-kəsilmiş yara deşici-kəsici alətin, ola bilər ki, bıçağın təsirindən törənmiş, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurma əlamətlərinə malikdir. Müəyyən olunan xəsarətlərdən alının sol yarısında və sol yanaq nahiyəsində hərəsində bir ədəd qançır, burun çəpəri nahiyəsində 2 ədəd, burun-dodaq büküşü nahiyəsində bir ədəd və sol bud nahiyəsində üç ədəd sıyrıq bərk küt əşyanın (əşyaların) təsərindən bir qədər əvvəl törənmiş və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən əlamətlərə malikdirlər. X2 ölümünə döş qəfəsinin sol yan ön stəhinin, döş boşluğuna keçməklə ürək kisəsini və ürəyi zədələyən deşilmişkəsilmiş yara nəticəsində əmələ gəlmiş kəskin qanitirmə olmuşdur. Vüsal İlhamlının meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddə aşkar edilmədi. İlkin meyit əlamətlərinə əsasən demək olar ki, meyit meyitxanada müayinə olunmağa başlandığı vaxtdan 4-8 saat əvvəl baş vermişdir. (c İİ, i.v 66-70) Göründüyü kimi məhkəmə-tibbi ekspertizasının yuxarıda göstərilən rəyi ilə, ölmüş zərərçəkmiş şəxs X2 meyiti üzərində dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurma əlamətlərinə malik döş qəfəsinin sol yan səthində döş boşluğuna keçən ürək kisəsini və ürəyi dəzələyən bir ədəd deşilmiş-kəsilmiş yara ilə yanaşı, üzərində bərk küt əşyanın (əşyaların) təsərindən bir qədər əvvəl törənmiş, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən əlamətlərə malik alının sol yarısında və sol yanaq nahiyəsində hərəsində bir ədəd qançır, burunun çəpəri hissəsində iki ədəd, burun –dodaq büküşü nahiyəsində bir ədəd və sol bud nahiyəsində üç ədəd sıyrıq xəsarətləri də aşkar edilmişdir. Lakin, ittiham aktının təsviriəsaslandırıcı və nəticə hissəsində yalnız X2 hadisə nəticəsində aldığı xəsarət kimi ölümünə səbəb olmuş döş qəfəsinin sol yan ön stəhinin, döş boşluğuna keçməklə ürək kisəsini və ürəyi zədələyən deşilmiş-kəsilmiş yara xəsarəti göstərilmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı Təqsirləndirilən şəxs də ifadələrində hadisə zamanı onun zərərçəkmiş şəxs Vüsal İlhamlı ilə əlbəyaxa yumruq davasına başladığını bildirmişdir. Bundan başqa cinayət işinin ibtidai istintaqı zamanı Şahid3 ifadələrində hadisə zamanı sonradan hadisə yerinə gələn avtomobildən tanımadığı və qaranlıqda üzlərini görmədiyi təxminən 5-6 nəfər şəxsin Tarıyelin üstünə, 5-6 nəfər şəxsin isə Vüsala hücum çəkib, dava-dalaşa başladıqlarını bildirmişdir. Bundan başqa cinayət işinin ibtidai istintaqı zamanı Şahid8 ifadələrində hadisə yerinə əlavə iki avtomobilin də gəldiyini Rüfət və Vüsal arasında dava başlayarkən həmin avtomobillərin hər birindən 4-5 nəfər cavan oğlanların düşüb davaya qatıldıqlarını, Vüsalın üstünə eyni vaxtda 6-7 nəfərin hücum çəkib dalaşmağa başlamasını, həmin şəxsləri ayırmağa çalışanda onu vurmağa başladıqlarını bildirmişdir. Göstərilən ifadələrdən göründüyü kimi Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxs Vüsal İlhamlı arasında əvvəlcə əlbəyaxa yumruq davası olmuş, həmin davaya da müəyyən edilməyən digər şəxslər qoşulmuş, bundan sonra isə zərərçəkmiş şəxs ölümünə səbəb olan döş qəfəsinin sol yan səthində döş boşluğuna keçən ürək kisəsini və ürəyi dəzələyən bir ədəd deşilmiş-kəsilmiş yara xəsarəti almışdır. Lakin hadisə zamanı zərərçəkmiş şəxs Vüsal İlhamlıya yuxarıda göstərilən xəsarətlər yetirilməsinə baxmayaraq, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-nin 120.1-ci maddəsi ilə irəli sürülmüş ittihamın təsviri-əsaslandırıcı və nəticə hissəsində Vüsal İlhamlının hadisə nəticəsində aldığı sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən əlamətlərə malik digər xəsarətləri (ümumilikdə 8 ədəd) göstərilməmiş, həmin xəsarətlərin hansı şəraitdə və kim tərəfindən yetirilməsi, yuxarıda göstərilən şahid ifadələrində hadisə yerinə gəlmiş və davaya qoşulmuş iki avtomobildə olan digər şəxslərlə bağlı isə ümumiyyətlə heç bir araşdırılma aparılmamış və hüquqi qiymət verilməmişdir. İbtidai istintaqı həyata keçirən müstəntiq qeyd edilən məsələ ilə bağlı qeyri-müəyyənlikləri aradan qaldırmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılma müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyini müəyyən etdikdə, məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Azərbaycan Respublikasının CPM-in 303.3.1 və 303.3.6-cı maddələrinə əsasən, təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) və cinayət işi üzrə ittiham aktının bu Məcəllənin 289 və 290.3.2ci maddələrinin tələblərinə uyğun olmaması kobud qanun pozuntularıdır və bu qanun pozuntularına yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin nədə ittiham olunduğunu bilməsi cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. Bu baxımdan cinayət qanununun müvafiq maddəsi üzrə ittihamın mahiyyətinin nədən ibarət olmasının aydın olmaması və ya dəqiq müəyyən edilməməsi təqsirləndirilən şəxsin “nədə ittiham olunduğunu”, “nədən müdafiə olunmalı olduğunu” bilməməsinə və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı presedent üzrə belə olan halda müdafiə hüququnun pozulmasına səbəb olur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin “a” yarımbəndinə əsasən, “cinayət törətməkdə ittiham olunan hər kəs ən azı digər hüquqlarla yanaşı, ona qarşı irəli sürülmüş ittihamın “xarakteri və əsasları” haqqında bildiyi dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir”. Azərbaycan Respublikası CPM-in 91.5.1-ci maddəsinə əsasən, “nədə təqsirləndiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi)” təqsirləndirilən şəxsin hüququdur. İttihamın mahiyyətinin aydın olması və ümumilikdə Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən qeyd edilən hüquqlar bilavasitə mütləq hüquqlar olub, onların təmin edilməsi ittiham olunan şəxsin bu hüquqdan istifadə etmək istəyindən və məhkəmə baxışı nəticələrinin onu qane etməsindən asılı deyildir. Qeyd edilənlər konkret işin tələbi olmayıb, bütün cinayət işlərində nəzərə alınmalı olan və yanaşma tərzinin ümumi təcrübə yaratdığı prinsipial tələbdir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Ozerov Rusiyaya qarşı” iş üzrə 18 may 2010-cu il , “Pfayfer və Plankl Avstriyaya qarşı” iş üzrə 25 fevral 1992-ci il, “Bulut Avstriyaya qarşı” iş üzrə 22 fevral 1996-cı il, “Kolozza İtaliyaya qarşı” iş üzrə 12 fevral 1985-ci il tarixli qərarları). Azərbaycan Respublikasının CPM-in 223.3.2-ci maddəsinə görə cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilməlidir. Həmin Məcəllənin 289.3.1 və 289.3.2-ci maddələrinə görə cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar və təqsirləndirilən şəxsin təqsirliliyini təsdiq edən sübutlar ittiham aktının təsviri-əsaslandırıcı hissəsində göstərilməlidir. Həmçinin həmin Məcəllənin 289.4-cü maddəsinə görə cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri ittiham aktının nəticəvi hissəsində əks etdirilməlidir. Yuxarıda qeyd edilən hallar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 223.3.2, 289.3.1 və 289.4-cü maddələrinin tələblərinin kobud pozulmasıdır. Göründüyü kimi, istintaq orqanı tərəfindən tam, hərtərəfli və obyektiv araşdırma aparılmamasının, sübutların düzgün qiymətləndirilməməsinin nəticəsi olaraq, təqsirləndirilən şəxsə elan edilmiş ittihamın məzmununda cinayətin törədilməsinin mühüm halları qeyri-müəyyən olaraq qalmış və bunun nəticəsində istintaq orqanı zərərçəkmiş şəxs Vüsal İlhamlıya hadisə nəticəsində yetirilmiş digər xəsarətlərə (ümumilikdə 8 ədəd) hüquqi qiymət verməmişdir. Bu hal isə ittihamın mahiyyətinə toxunan hallardır. Bununla da, istintaq orqanı tərəfindən yol verilmiş yuxarıda qeyd edilən pozuntular səbəbindən təqsirləndirilən şəxsə elan edilmiş ittihamın məzmunu aydın olmamaqla həmin hal onun müdafiə hüququnun pozulmasına səbəb olmuşdur. Məhkəmə cinayət prosesi iştirakçılarının fikirlərini dinləyərək hesab edir ki, dövlət ittihamçısı tərəfindən verilmiş vəsatət, yəni cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsi təmin edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 299-cu maddəsinin tələbinə görə məhkəmənin hazırlıq iclası cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmçinin məhkəmənin hazırlıq iclası zamanı ittiham və müdafiə tərəflərinin məhkəmə baxışı zamanı təqdim etdikləri sübutların siyahısı barədə, məhkəmə baxışından sübut kimi yolverilməz materialların xaric edilməsi barədə məsələlər həll edilir. Cinayət-Prosessual Məcəlləsinin 299-cu maddəsinin məzmunundan göründüyü kimi, məhkəmənin hazırlıq iclasının mahiyyəti ondan ibarətdir ki, məhkəmə iş üzrə sübutların qiymətləndirilməsinə yönələn hərəkətlər etmədən və məhkəməyə verilmiş şəxsin təqsirlilik məsələsini həll etmədən, bu məsələlərin məhkəmə iclasında həll edilməsi üçün faktiki halların kifayət edib-etməməsi və məhkəmə baxışının təyin edilməsinin mümkün olub-olmaması ilə bağlı tərəflərin fikrini öyrənərək müəyyən nəticəyə gəlir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il tarixli 14 sentyabr tarixli qərarna əsasən məhkəmənin hazırlıq iclasının əhəmiyyəti ondan ibarət olur ki, məhz bu mərhələ faktiki halları tam şəkildə tədqiq edilməmiş işlərin, eləcə də prosessual qanunun kobud pozulmasına yol verilmiş işlərin məhkəmə baxışına verilməsinin qarşısının alınmasına təminat yaradır. Başqa sözlə, məhkəmənin hazırlıq iclası məhkəmə baxışı üçün zəruri şəraitin yaradılmasını, məhkəmə iclasının uğurla həyata keçirilməsini təmin edir. Azərbaycan Respublikasının CPM-in 303.1-ci maddəsinin tələbinə görə məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin maddənin 3-cü hissəsinin 1-ci bəndinə görə təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması və 6-cı bəndinə görə isə cinayət işi üzrə ittiham aktının bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin tələblərinə uyğun olmaması kobud pozuntu kimi müəyyən edilmişdir. Məhkəmə, cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünü cinayət prosesi tərəflərinin iştirakı ilə ilkin dinləmələr vasitəsi ilə yoxlayıb belə nəticəyə gəlir ki, qeyd edilən cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikasının CPM-in 306.2-ci maddəsinə görə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra məhkəmə bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada eyni zamanda təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda və ya cinayət işi üzrə dövlət ittihamçısı təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə vəsatətlə məhkəməyə müraciət etdikdə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır. Cinayət işinin materiallarından isə görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri Lənkəran Ağır Cinayətlər məhkəməsinin 16 avqust 2023-cü il tarixli qərarı ilə məhkəmənin hazırlıq iclasının yekununa dair qərar qəbul edilənədək dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxsin barəsində əlavə istintaq aparılması zərurətini və ibtidai istintaq zamanı seçilmiş qətimkan tədbirinin seçilməsi əsaslarının hazırda da dəyişmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 1 (bir) ay müddətə uzadılmalıdır. Beləliklə, məhkəmə, şərh olunanlara əsasən hesab edir ki, dövlət ittihamçısının vəsatəti təmin edilərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, həmçinin cinayət işinə baxılmasına xitam verilməsinə və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına əsas vermiş kobud prosessul pozuntulara yol vermiş cinayət işi üzrə ibtidai istintaqı aparmaqla yekunlaşdırmış Biləsuvar rayon prokurorunun böyük köməkçisi İİ dərəcəli hüquqşünas X3 barəsində xüsusi qərar çıxarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 298-300, 303.3.1, 303.3.6, 306 və 307.1-ci maddələrini rəhbər utaraq məhkəmə, Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş vəsatət təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və həmin iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Biləsuvar rayon prokuroruna qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 1 (bir) ay müddətə, yəni 24 sentyabr 2023-cü il tarixədək uzadılsın. Qərarın surəti proses iştirakçılarına göndərilsin. Sədrlik edən: Əli Əliyev Hakimlər: Xamməd Nuriyev Oruc Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar