Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-692/2024 17.12.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, müdafiəçi, Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1984-cü ildə Saatlı rayonu Leninkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Saatlı rayonu Qıraqlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin (bundan sonra CM-nin) 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 6,382 qram narkotik vasitə heroini və xeyli miqdarda 52 qram narkotik vasitə qurudulmuş marixuananı əldə etmiş, üzərində saxlamaqla daşımış, 16 may 2024-cü il tarixdə saat 17 radələrində Saatlı rayonu Qıraqlı kəndində “Al Market”in yaxınlığında Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinin inzibati binasına aparılmış, üzərində şəxsi axtarış aparılarkən əynindəki gödəkçənin sağ yan cibindən bir ədəd bükümdə 6,382 qram heroin, sol yan cibindən isə bir ədəd bükümdə 52 qram qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs ona CM-nin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, Saatlı rayonu Qıraqlı kəndində ailəsi ilə bir evdə yaşayır və narkotik vasitədən isdifadə etmişdir. Onun yük avtomobili vardır və həmin avtomobil ilə iri və xırbaduynuzlu heyvanları daşımaqla məşğul olur. 16 may 2024-cü il tarixdə yaşadığı Saatlı rayonu Qıraqlı kəndində çayxanada oturduğu zaman həmkəndlisi X4 onu çağırdıqlarını, heyvan aparmaq üçün maşın lazım olduğunu bildirmişdir. O, çayxanadan çıxanda üç nəfər polis əməkdaşları onu saxlamış və polis şöbəsinə aparmışlar. Polis şöbəsində Cinayət axtarış bölməsinin rəisi Fuad onun qabağına narkotik qoymuş, ona narkotikin ona məxsus olmasını etiraf etməsini tələb etmiş, əks halda evinə 1 kiloqram narkotik qoyaraq ailə üzvlərini də cinayət məsuliyyətinə cəlb etməklə hədələmişdir. Ona görə də məcbur olub narkotik vasitənin ona məxsus olmasını üzərinə götürmüşdür. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində özünü elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, təxminən on beş ildir ki, narkotik vasitə heroindən və qurudulmuş marixuanadan istifadə edir. 2024-cü ilin fevral ayının ortalarında Sabirabad rayonu Qəzli kəndində yaşayan tanışı, Yasəfdən 500 manat pul verməklə 100 qram qurudulmuş marixuana almışdır. Saatlı şəhərində yaşayan Gündüz adlı şəxsdən isə öz istifadəsi üçün heroin almışdır. Gündüz adlı şəxsin narkotik satmağa görə tutulmasından sonra isə onun arvadı Ruqiyyədən öz istifadəsi üçün heroin almışdır. 14 may 2024-cü il tarixdə Ruqiyyənin mobil telefonuna zəng edib özü üçün marixuana istəmiş və pulunu sonra ödəyəcəyini demişdir. Ruqiyyə onunla razılaşmış və heroini evinin giriş hissəsindəki ağacın yanına qoyacağını demişdir. O, Saatlı şəhəri H.Əliyev prospektinə getmiş, orada Ruqiyyənin yaşadığı evin giriş qapısının yaxınlığındakı ağacın dibində bir bükümdə heroini götürmüşdür. Əldə etdiyi heroinin və marixuananın bir hissəsini istifadə etmiş, qalan hissəsini isə istifadə etmək üçün cibində saxlamışdır. 16 may 2024-cü il tarixdə saat 17 radələrində yaşadığı evdən piyada çıxaraq narkotik vasitəni qəbul etmək üçün münasib yer axtararkən “Al market”in qarşısında polis əməkdaşları onu saxlamışlar. Polis işçiləri ona üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirmiş və onu polis şöbəsinə aparmışlar. Üzərində müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparılarkən üzərində narkotik vardırsa, təqdim etməsi təklif olunmuşdur. O, əynindəki gödəkçəsinin sol yan cibində olan marixuananı və sağ yan cibindən isə bir ədəd bükümdə heroini çıxarıb təqdim etmişdir. Həmin maddələr elektron tərəzidə çəkilərək götürülmüşdür. Təqsirləndirilən şəxs cinayət əməli özünün ifadəsindən əlavə məhkəmə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında şahid kimi dindirilən Şahid1 göstərdi ki, Saatlı rayon polis şöbəsində Cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 16 may 2024-cü il tarixdə ona Saatlı rayonu Qıraqlı kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi və satışı ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat-axtarış tədbirləri həyata keçirməklə Təqsirləndirilən şəxs həmin gün saat 17 radələrində Saatlı rayonu Qıraqlı kəndi ərazisində “Al market”in yanında hərəkətdə olarkən saxlamış, onu avtomobilə əyləşdirib rayon polis şöbəsinə aparmışlar. O, təhqiqatçı tərəfindən şübhəli şəxs kimi tutulmuş, üzərində müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılarkən əynindəki gödəkçənin sol cibindən bir ədəd sellofan torbada narkotik vasitə qurudulmuş marixuanayabənzər maddə, sağ yan cibindən isə bir ədəd kiçik sellofan bükümdə heroinəoxşar maddə aşkar olunmuşdur. Həmin maddələr elektron tərəzidə çəkilməklə götürülmüşdür. Təqsirləndirilən şəxs marixuananı Sabirabad rayon sakini Yasəf adlı şəxsdən, heroinəoxşar maddəni isə Saatlı şəhərində yaşayan Ruqiyyə adlı şəxsdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq göstərməmişlər, ona narkotik təqdim etməmiş və özünə məxsusluğunu etiraf etmək üçün təzyiq göstərməmişlər. Təqsirləndirilən şəxs çayxanada olduğu zaman həmkəndlisi Maarif Əliyevin vasitəsi ilə çağırmamış və oradan polisə aparmamışlar. Məhkəmə istintaqında şahid kimi dindirilən polis əməkdaşı Şahid3 da Şahid1lə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə istintaqında şahid kimi dindirilən X4 göstərdi ki, Saatlı rayonu Qıraqlı kəndində yaşayır, həmkəndlisi Təqsirləndirilən şəxsla münasibəti yaxşı olmuşdur. O, 16 may 2024-cü il tarixdə Qıraqlı kəndində Təqsirləndirilən şəxsla çayxanada olmamış, polis işçiləri ona Təqsirləndirilən şəxs çağırmasını deməmişlər və çağırmamışdır. Təqsirləndirilən şəxs polis işçiləri tərəfindən nə zaman tutulması barədə məlumatı yoxdur. Şəxsi axtarış və götürmə barədə 16 may 2024-cü il tarixli protokoldan və videoçəkilişdin görünür ki, Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sol cibindən bir ədəd sellofan bükümdə narkotik vastiə qurudulmuş marixuanayaoxşar kütlə, sağ yan cibindən bir ədəd bükümdə heroinəoxşar kütlə aşkar olunaraq götürülmüşdür. Materialların məhkəmə ekspertizasının və bioloji ekspertizanın 17 may 2024-cü il tarixli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd sellofan bükümdə 6,382 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Bir ədəddə 52 qram maddə çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Məhkəmə-narkoloji ekspertizasının 07 iyun 2024-cü il tarixli, 4084 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Lakin İİ dərəcəli əlil olduğundan ona narkomaniyadan məcburi müalicəyə tədbiq edilməsi mümkün deyildir, ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Telefon danışıqları barədə məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** telefon nömrəsi ilə X2 istifadəsində olan ***-***-**-** telefon nömrəsi arasında 19 yanvar 2024-cü il tarixdən 27 mart 2024-cü il tarixədək, ***-***-**-** mobil telefon nömrəsi ilə 29 yanvar 2024-cü il tarixdən 28 mart 2024-cü il tarixədək mütəmadi olaraq danışıqlar aparılmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində 2013-cü ildə doğulmuş bir azyaşlı uşağı vardır. Yaşayış yerindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət səciyyələnir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə etməsi, saxlaması və daşıması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində narkotik vasitə olmaması, üzərində aşkar olunan narkotik vasitələrin polis əməkdaşları tərəfindən qoyulması barədə ifadəsini özünümüdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Onun ibtidai istintaqda verdiyi ifadəsini işin faktiki halları ilə uyğunluq təşkil etməklə obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, cəzasını CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 16 may 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Saatlı Rayon Polis Şöbəsində saxlanılan 51,98 qram qurudulmuş marixuana və 6,282 qram narkotik vasitə heroin məhv edilməlidir. Ekspertiza xərci 63 (altmış üç) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respbulikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib ona cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı 16 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanmaqla Saatlı Rayon Polis Şöbəsində saxlanılan 51,98 qram narkotik vasitə qurudulmuş marixuana və 6,282 qram narkotik vasitə heroin məhv edilsin. Ekspertiza xərci 63 (altmış üç) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən : Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev
Məhkəmə qərarları › İş №1(099)-692/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-692/2024
17.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver