Məhkəmə qərarları › İş №1(099)-70/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-70/2023

20.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-70/2023 20.02.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1978-ci ildə Lənkəran rayonunun Zövlə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, ailəli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 oktyabr 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməklə 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Apelyasiya Məhkəməsinin 06 yanvar 2012-ci il tarixli qərarı ilə cəzası 08 il 06 aya endirilmiş, cəzasını 22 oktyabr 2019-cu il tarixdə çəkib qurtarmış, Lənkəran rayonu Zövlə kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.4.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 2027-ci ilin aprel ayının ortalarında özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edən şəxslə “Whatsapp” proqramı vasitəsi ilə əlaqə saxlamaqla satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi, saxlanılması, daşınması, onun narkotik vasitələri qoyulduğu yerdən götürməklə qəbul edərək satdıqdan sonra əldə olunmuş pulun bir hissəsini “MilliÖn” ödənişi vasitəsi ilə həmin şəxsə göndərəcəyi barədə razılaşmaqla qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, cinayətkar qrupun digər üzvü qanunsuz olaraq hər biri şəxsi şəxsi istehlak miqdarından artıq miqdarda olmaqla1 ədəd bükümdə 27,077 qram narkotik vasitə qurudulmuş marixuananı, 1 ədəd bükümdə 0,541 qram narkotik vasitə heroini, 1 ədəd kibrit qutusunun içərisindəki 1 ədəd bükümdə təsiredici maddəsinin miqdarı 0,04 qram olan narkotik vasitə metadon həbini və 2 ədəd bükümlərdə ayrılıqda çəkiləri 0,673 qram və 0,025 qram-ümumi çəkisi-0,698 qram olan, psixotrop maddə metamfetamini əldə edərək 27 aprel 2022-ci il tarixdə bir ədəd sellofan torbada Xırdalan qəsəbəsi ərazisində yerləşən “Al market” mağazasının yaxınlığındakı zibilliyə qoymaqla Təqsirləndirilən şəxs bu barədə məlumatlandırdıqdan sonra o, 27 aprel 2022-ci il tarixdə aat 16 radələrində həmin yerə gedərək göstərilən maddələri qoyulduğu yerdən götürməklə ümümi cinayətkar niyyətə uyğun olaraq satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, daşıyaraq Lənkəran rayonu Zövlə kəndində yerləşən, yaşadığı evinə gətirməklə evin zirzəmisində gizlədib saxlamış, 1 ədəd bükümdə olan 0,541 qram narkotik vasitə heroini 29 aprel 2022-ci il tarixdə saat 14 radələrində Zövlə kəndində 35 manat pul müqabilində həmkəndlisi Şahid1 satmış, digər narkotik vasitələri və psixotrop maddə olan metamfetamini isə satmaq məqsədi ilə 30 aprel 2022-ci il tarixdə saat 11 radələrində Zövlə kəndi ərazisində piyada hərəkətdə olarkən üzərində saxlamaqla daşımış, bu barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs 30 aprel 2022-ci il tarixdə saat 11 radələrində Zövlə kəndi ərazisində saxlanılmaqla Lənkəran Şəhər Rayon Polis Şöbəsinin inzibati binasına gətirilərək şübhəli şəxs kimi tutulmaqla üzərində müdafiəçisinin iştirakı il və videoçəkilişdən istifadə olunmaqla şəxsi axtarış aparılarkən 1 ədəd bükümdə 27,077 qram narkotik vasitə olan qurudulmuş marixuana onun əynində olan şalvarının sol yan cibindən, 1 ədəd metadon həbi 1 ədəd kibrit qutusunun içərisində həmin şalvarının sağ yan cibindən, 2 ədəd bükümlərdə ayrı-ayrılıqda çəkiləri 0,673 qr və 0,025 qramümumi təmiz çəkiləri 0,698 qram olan psixotrop maddə metamfetamin isə şalvarının sağ yan cibindən və əynində olan göy rəngli qolsuz gödəkcəsinin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Əməliyyat tədbirlərinin davamı olaraq Şahid1 30 aprel 2022-ci il tarixdə saxlanılmaqla üzərində şəxsi axtarış aparılan zaman onun Təqsirləndirilən şəxs aldığı, 1 ədəd bükümdə 0,541 qram narkotik vasitə heroin üzərində aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü narkotik istifadəçisi kimi təqsirli bilərək göstərdi ki, ailə üzvüləri ilə Lənkəran rayonu Zövlə kəndində yaşamışdır. O, 2021-ci ilin yay aylarında sosial şəbəkədə özünü Mamed kimi təqdim edən şəxslə tanış olmuşdur. Həmin şəxsin İranlı olub-olmamasını, Azərbaycanda, yaxud da İranda olmasını bilməmişdir. Lakin həmin şəxs onunla Azərbaycana məxsus telefon nömrəsi ilə əlaqə saxlamış və ona iranlı olmasını deməmişdir. Ona narkotik lazım olanda həmin şəxslə “Whatsapp” proqramı vasitəsi ilə əlaqə saxlamaqla onun verdiyi karta “MilliÖn” aparatı vasitəsi ilə pul köçürmüş və onun dediyi yerdən-yəni Xırdalan şəhərində yerləşən “Al market” dükanının yaxınlığındakı zibilliyə qoyulmuş narkotik vasitəni götürmüşdür. Elə hallar olmuşdur ki, bir gündə Mamed adlı şəxslə əlaqə saxlamaqla həmin yerdən iki-üç dəfə narkotik vasitələri götürmüşdür. Sonuncu dəfə Mamed adlı şəxslə “Whatsapp” proqramı vasitəsi ilə əlaqə saxlamaqla ondan öz istifadəsi üçün marixuana, metamfetamin, metadon həbi və heroin istəmişdir. Bunun üçün Mamed adlı şəxsin ona göndərdiyi karta pul köçürmüşdür. Mamed adlı şəxs 27 aprel 2022-ci il tarixdə onunla “Whatsapp” vasitəsi ilə əlaqə saxlamaqla narkotik vasitələrin Xırdalan qəsəbəsində yerləşən “Al market”-in yanındakı zibilliyə sellofan torbada qoyulduğunu, gedib götürə biləcəyini bildirmişdir. O, həmin gün Xırdalan qəsəbəsinə gedərək “Al-marketi”-in yaxınlığındakı zibillikdə sellofan torbada qoyulmuş 27,077 qram narkotik vasitə olan qurudulmuş marixuananı, 1 ədəd bükümdə 0,541 qram narkotik vasitə heroini, 1 ədəd kibrit qutusunun içərisində 1 ədəd narkotik vasitə olan metadon həbini və 2 ədəd bükümlərdə 0,698 qram metamfetamini götürülmüşdür. O, həmkəndlisi Amilə 35 manat pula heroin satmamışdır. 30 aprel 2022-ci ildə polis tərəfindən saxlanılarkən həmin maddələr üzərində olmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində isə göstərmişdir ki, 2021-ci ilin yay aylarında sosial şəbəkədə Mamed adlı İranlı ilə tanış olmuşdur. O, Mamed adlı şəxsə ona narkotik vasitələr göndərməsini, özünün isə həmin narkotik vasitələri qəbul edib satması ilə pul qazana biləcəklərini bildirmişdir. Mamed adlı şəxs onun təklifi ilə razılaşmışdır. Bir neçə gün sonra Mamed onunla “Whatsapp” proqrammı vasitəsi ilə danışaraq Xırdalan şəhərində «Al market» mağazasının yaxınlığındakı zibilliyə sellofan torbada metamfetamin və heroin qoyulduğunu, gedib həmin maddələri götürməklə sataraq onun pulunu göndərməsini demişdir. O, həmin yerə gedərək 300 qram heroini və 250 qram metamfetamini götürmüş, tanımadığı şəxslərə satdıqdan sonra Mamed adlı şəxsin kod nömrəsini xatırlamadığı kartına “MilliÖn” ödəniş terminalından 3430 manat göndərilmişdir. Həmin narkotik vasitələrin satışından ona 1300 manat pul qalmışdır. Həmin vaxtdan etibarən Mamed adlı şəxs ona narkotik göndərmiş, o isə sataraq əldə etdiyi qazancdan Mamed adlı şəxsə göndərmişdir. O,2022-ci ilin aprel ayının ortalarında Mamed adlı İranlı tanışı ilə “Whatsapp”la danışıb, satmaq üçün qurudulmuş marixuana, metadon həbləri, heroin və metamfetamin istəmişdir. Mamed də ona istədiyi narkotik vasitələri göndərəndə məlumat verəcəyini bilddirmişdir. 27 aprel 2022-ci il tarixdə saat 10 radələrində Mamed onun mobil telefon nömrəsinin “Whatsapp”na zəng edərək ona narkotik vasitələri göndərməsini, gedib həmişə götürdüyün yerdən götürməsini demişdir. O, həmin gün saat 16 radələrində Xırdalan şəhərində yerləşən "Al market" mağazasının qarşısına getmiş, mağazanın sol tərəfindəki zibil qutusunun yanına yaxınlaşmış və zibil qutusunun yanında olan sellofan bağlamanı götürüb tanımadığı avtomaşınla Lənkərana, oradan isə başqa avtomaşınla Zövlə kəndində yerləşən evinə gəlmişdir.O, evinin zirzəmisində sellofan torbanı açmış və sellofan torbanın içərisində bir ədəd sellofan bükümdə qurudulmuş marixuana, 2 ədəd bükümdə metamfetamin,1 bükümdə heroin və 1 kibrit qutusunda 20 ədəd metadon həblərinin olduğunu görmüşdür. O, qurudulmuş marixuananın, heroinin, metamfetaminin çox hissəsini və 20 ədəd metadon həblərinin 19 ədədini tanımadığı şəxslərə satmış, əldə etdiyi pulun yarısını razılaşdıqları kimi “MilliÖn” aparatından Mamedə hazırda xatırlamadığı kart nömrəsi vasitəsilə köçürmüşdür. O,29 aprel 2022-ci il tarixdə saat 14 radələrində evdən çıxıb piyada yaşadığı Zövlə kəndinin mərkəzinə tərəf getməyə başlamışdır. Bu zaman həmkəndlisi Amilin yolun kənarında dayandığını görmüşdür. Amillə ona başında ağırlar olduğunu bildirmiş və ondan bir bükümdə heroin istəmişdir. O, bir bükümdə olan heroini cibindən çıxardıb Amilə vermişdir. Sonra isə Amildən ayrılıb kəndin mərkəzinə gəlmişdir. Bir neçə saat həmkəndliləri ilə kəndin mərkəzində söhbət etdikdən sonra yaşadığı evə qayıtmışdır. O,30 aprel 2022-ci il tarixdə saat 11 radələrində yenə də evdən çıxıb kəndin mərkəzinə tərəf getməyə başlamışdır. Həmin vaxt onu polis işçiləri saxlatmış və Lənkəran polis şöbəsinə gətirmişlər. Polis şöbəsində üzərində müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə olunmaqla axtarış aparılarkən o, əynindəki şalvarının sol yan cibindən içərisində qurudulmuş marixuana olan sellofan bağlamanı, şalvarının sağ yan cibindən içərisində bir ədəd metadon həbi olan kibrit qutusunu, içərisində metamfetamin olan bir ədəd göy rəngli sellofan bükülünü və bir ədəd falqa kağızı çıxardıb masanın üzərinə qoymuşdur. Bundan sonra polis işçisi onun üzərində axtarış aparmış və əynində olan göy rəngli qolsuz gödəkcəsinin sağ yan cibində gizlətdiyi bir ədəd falqa kağızı bükümündə metamfetamini aşkar edib götürmüşdür. Həmin maddələr qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs cinayət əməli onun özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, Şahid1 məhkəmədə göstərdi ki, o, ailə üzvüləri ilə Lənkəran rayonu Zövlə kəndində yaşayır. Narkotik vasitə heroindən istifadə edir. Həmkəndlisi Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını bilmişdir. 27 aprel 2022-ci il tarixdə saat 19 radələrində Zövlə kəndinin mərkəzində Təqsirləndirilən şəxsla görüşərkən ona 35 manat pul verib bir bükümdə 1 qram heroin almışdır. Həmin heroinin bir hissəsini qəbul etmiş, qalan hissəsini isə üzərində saxlamışdır. 29 aprel 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən tutulmuş və üzərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs aldığı heroinin qalan hissəsi üzərində aşkar olunaraq götürülmüşdür. Sorğu zamanı polis əməkdaşlarına üzərində aşkar olunan heroini Təqsirləndirilən şəxs 35 manat pul müqabilində aldığını bildirmişdir. Şahid1 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında tədqiq olunan ifadəsində isə heroini Təqsirləndirilən şəxs 29 aprel 2022-ci il tarixdə aldığını göstərmişdir. Şahid2 məhkəmədə göstərdi ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 30 aprel 2022-ci il tarixdə saat 09 radələrində icraatına Lənkəran rayonu Zövlə kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi, üzərində saxlaması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə Təqsirləndirilən şəxs 30 aprel 2022-ci il tarixdə saat 10:50 dəqiqədə yaşadığı Lənkəran rayonu Zövlə kəndi ərazisində saxlanılaraq Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr saxlamaqda şübhəli bilinərək tutulmuş, üzərində videoçəkiliş aparılmaqla müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparılmışdar. Şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs təklif edilmişdir ki, əgər üzərində qanunla saxlanması qadağan olunmuş hər hansı bir əşya, maddə və yaxud da narkotik vasitə varsa, təqdim etsin. Təqsirləndirilən şəxs da əynində olan şalvarının sol yan cibindən içərisində narkotik vasitə qurudulmuş marixuanayabənzər kütlə olan bir ədəd sellofan bükülünü, həmin şalvarının sağ yan cibindən içərisində narkotik vasitə metadon həbinəbənzər bir ədəd həb,bir ədəd göy rəngli sellofana bükülmüş psixotrop maddə metamfetaminəbənzər kütlə və bir ədəd gümüşü rəngli falqa kağız olan kibrit qutusunu çıxardıb masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əynində olan göy rəngli qolsuz gödəkcəsinin sağ yan cibindən bir ədəd falqa kağızı bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə və əynində olan şalvarının arxa cibindən "Kapital bank"a məxsus bir ədəd plastik kart aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərində aşkar olunan dərman həbinin narkotik vasitə metadon həbi olduğunu, sellofan bükülünün içərisindəkinin qurudulmuş marixuana, bir ədəd falqa kağızı bükümünün içərisindəkinin metamfetamin olduğunu, həmin maddələri İran vətəndaşı "Mamed" adlı şəxsin göndərdiyini və o, həmin narkotik vasitələri, psixotrop maddəni bir ədəd sellofan bağlamada Abşeron rayonu Xırdalan şəhərində yerləşən "Al market" mağazasının sol tərəfində olan zibil qutusunun yanından götürdüyünü bildirmişdir. Həmin narkotik vasitələri və psixotrop maddəni satmaq və özü istifadə etmək üçün əldə etmişdir. Həmin maddələr elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə şahid kimi dindirilən polis əməkdaşı Şahid4 da Şahid2lə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işində olan şəxsi axtarış və götürmə barədə protokoldan, həmçinin şəxsi axtarış keçirilən zaman aparılmış video çəkilişdən görünür ki, Təqsirləndirilən şəxs əynindəki şalvarının sol yan cibindən bir ədəd qara rəngli, sellofan bükülüdə narkotik vasitə olan qurudulmuş marixuana, həmin şalvarının sağ yan cibindən 1 ədəd kibrit qutusunun içərisindən narkotik vasitə olan 1 ədəd metadon həbi, 1 ədəd göy rəngli sellofan bükümündə psixotrop maddə olan metamfetamin, üzərində psixotrop maddə metamfetaminin izləri olan 1 ədəd gümüşü rəngli falqa kağızı və əynindəki göy rəngli qolsuz gödəkcəsinin sağ yan cibindən 1 ədəd gümüşü rəngli falqa kağızı bükümündə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin bir ədəd bükülüdə narkotik vasitə olan qurudulmuş marixuana,1 ədəd narkotik vasitə olan metadon həbi, 2 ədəd bükümdə psixotrop maddə olan metamfetamin və üzərində psixotrop maddə metamfetaminin izləri olan 1 ədəd gümüşü rəngli falqa kağızının özünə məxsus olduğunu təsdiq etmişdir. Məhkəmə bioloji ekspertizasının 30 aprel 2022-ci il tarixli, 19/541 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş 1 ədəd bükümdə təmiz çəkisi 27,077 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Materialların məhkəmə ekspertizasının 30 aprel 2022-ci il tarixli, 19/542 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş 1 ədəd bükümdə təmiz çəkisi 0,673 qram və 1 ədəd bükümdə təmiz çəkisi 0,025 qram olan, ağ rəngli, kristal formada olan maddələr metamfetamindir. 1 ədəd gümüşü rəngli falqa kağızının üzərində psixotrop maddə olan metamfetaminin izləri vardır. Metamfetamin iz şəklində olduğuna görə çəkisini və tədqiqata təqdim edilmiş metamfetaminlərlə müqayisəli tədqiqat (eynilik) aparmaq mümkün olmamışdır. Təqsirləndirilən şəxs aşkar olunmuş 1 ədəd üzərində "F/M40" sözləri yazılmış qəhvəyi rəngli, dairəvi formalı həb metadondur, həbin təsiredici maddəsinin miqdarı:-0,04 qramdır (bir həbdə 0,04 qr). Təqsirləndirilən şəxs aşkar olunmuş metamfetaminlər xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Materialların məhkəmə ekspertizasının 30 aprel 2022-ci il tarixli,19/538 nömrəli rəyində göstərilmişdir ki, Şahid1 üzərindən aşkar olunmuş, 1 ədəd bükümdə təmiz çəkisi- 0,541 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmə-narkoloji ekspertizasının 02 may 2022-ci il tarixli, 529 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-tibb ekspertizasının 30 aprel 2022-ci il tarixli, 385 saylı rəyindən görüneür ki, şübhəli şəxs kimi tutulmuş Təqsirləndirilən şəxs həmin tarixdə müayinə olunarkən onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Lənkəran şəhər Psixiatriya xəstəxanasının 04 iyun 2022-ci il tarixli, 446 nömrəli tibbi arayışından görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan xəstəxanada qeydiyyatda deyildir. Lənkəran Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair Lənkəran Şəşər Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid2 30 aprel 2022-ci il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. Lənkəran Rayon Məhkəməsinin iş materiallarında olan xx.xx.2022-ci il tarixli, hazırda qanuni qüvvəyə minmiş hökmünün surətindən görünür ki, Şahid1 həmin hökmlə 29 aprel 2022-ci il tarixdə saat 14 radələrində yaşadığı Lənkəran rayonu Zövlə kəndində həmkəndlisi Təqsirləndirilən şəxs 35 manat pul müqabilində satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 0,541 qram narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımaqda təqsirli bilinməklə 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək ona 10 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2012-ci tarixli qərarı ilə cəzası 8 il 6 aya endirilib və xx.xx.2019-cu ildə cəzanın sonu ilə azad olunmuşdur. Ailə tərkibi haqqında 28 iyun 2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində xx.xx.2019-cu ildə doğulmuş bir azyaşlı uşağı vardır. Yaşayış yerindən verilmiş eyni tarixli xasiyyətnamədə Təqsirləndirilən şəxs barəsində Zövlə icra nümayəndəliyinə şikayət daxil olmaması göstərilmişdir. Təqsirləndirilən şəxs iş üzrə 30 aprel 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və barəsində Lənkəran Rayon Məhkəməsinin 02 may 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs CM-nin 206.3.2-ci maddəsi ilə verilmiş ittihamdan imtina etdiyinə görə 20 fevral 2023-cü il tarixli qərarla iş üzrə CM-nin 206.3.2-ci maddəsi ilə icraata xitam verilmişdir. Bundan başqa dövlət ittihamçısının vəsatəti əsasında Təqsirləndirilən şəxs verilmiş ittihamdan CM-nin 234.2-ci maddəsi 20 fevral 2023-cü il tarixli qərarla çıxarılmışdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs digər şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddəni əldə edərək saxlaması və daşıması, satması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə narkotik vasitələrin müxtəlif növlərdə olmasını, miqdaranı, həmçinin Təqsirləndirilən şəxs faktiki olaraq 0,541 qram heroini həmkəndlisi Şahid1 satmasını nəzərə alaraq onun ibtidai istintaqda verdiyi-narkotik vasitələri və psixotrop maddəni satmaq məqsədinin olmaması, öz şəxsi istifadəsi üçün əldə etməsi barədə ifadəsini özünümüdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Məhkəmə onun ibtidai istintaqda verdiyi-narkotik vasitələri sataraq əldə olunan qazancın bir hissəsini ona narkotik vasitələri göndərən şəxsə ödəməsi barədə ifadəsini obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi, əməlində cinayətlərin təhlükəli residivinin olmasını isə CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, əməlində cinayətlərin təhlükəli residivi olduğundan və əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 30 aprel 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs CMnin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tədbiq edilməklə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla iş materiallarına əlavə edilmiş, istintaq hərəkətləri barədə 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan 27,057 qram narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd gümüşü rəngli falqa kağızı, 0,5 ədəd metadon həbi, 0,638 qram psixotrop maddə metamfetamin və 0,491 qram heroin məhv edilməlidir. Ekspertixa xərci 130 (bir yüz otuz) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 30 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış, istintaq hərəkətləri barədə 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan 27,057 qram narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd gümüşü rəngli falqa kağızı, 0,5 ədəd metadon həbi, 0,638 qram psixotrop maddə metamfetamin, 0,491 qram heroin məhv edilsin. Ekspertiza xərci 130 (bir yüz otuz) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar