Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-70/2024 19.01.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1991-ci ildə Biləsuvar rayonu Əsgərabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işsiz, Biləsuvar rayonu, Əsgərabad kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan külli miqdarda 14,733 çəkidə narkotik vasitə heroini (bundan sonra – heroin) qanunsuz olaraq əldə edib saxlayaraq daşımış, Biləsuvar Rayon Polis Şöbəsinin (bundan sonra - Biləsuvar RPŞ) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 29 mart 2023-cü il tarixdə saat 14:25 radələrində Biləsuvar rayonu Əsgərabad kəndində yolun kənarı ilə piyada hərəkətdə olduğu zaman narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq Biləsuvar RPŞ-yə gətirilmiş, üzərinə şəxsi axtarış keçirilən zaman heroin bir ədəd şəffaf rəngli yapışqan lentə bükülmüş bükülüdə olmaqla əynindəki boz rəngli cins şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, 29 mart 2023-cü il tarixdə yaşadığı Əsgərabad kəndinə piyada gedərkən polis serjantı Şahid3 ona yaxınlaşıb polis şöbəsinə getməli olduğunu demiş, o isə nə məsələ olduğunu soruşduqda İlqar polis şöbəsində izahatının alınıb buraxılacağını demişdir. Ona görə də polislərin avtomobilinə minib polis şöbəsinə getmiş, orada onu 3 saata yaxın saxlamışlar. Daha sonra rəis müavini Elnur adlı şəxsin otağına aparmışlar, Elnur isə polis əməkdaşlarını “bunu yükləyin, 1 kiloqram üstündən, 1 kiloqram isə evindən” deyə göstəriş vermişdir. O, isə gülümsəyib onu nə ilə yükləyəcəklərini soruşmuş, Elnur isə “biləcəksən” deyə cavab vermişdir. Bundan sonra onun qarşısına bir büküm qoymuşlar, o isə həmin bükümün nə olduğunu soruşmuş, polis əməkdaşları isə həmin bükümdəki narkotiki üzərinə götürüb özünə məxsus olduğunu bildirmədiyi halda evindən çəkilişlə narkotik vasitə çıxaracaqlarını və tutulacağını bildirmişlər. O, polis əməkdaşlarının evinə getməsindən qorxduğu üçün onlarla razılaşmış və polis əməkdaşlarının dediyi formada ifadə vermişdir. Polis şöbəsində ona qarşı hər hansı fiziki zor tətbiq olunmamış, lakin onu hədələməklə ona qarşı psixoloji təzyiq etmişlər. Üzərinə narkotik vasitə götürməsini ona əməliyyatçı Toğrul təklif etmişdir. Lakin onu saxlayarkən Toğrul orada olmamışdır. Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, üzərinə şəxsi axtarış keçirilərkən videoçəkilişdən istifadə olunmuş və həmin vaxt o, polis əməkdaşlarının ona dedikləri formada ifadə vermiş, cibinə qoyduğu narkotik vasitəni özü şəxsən təqdim etmişdir. Həmin protokolu da imzalamışdır. Rəsmi olaraq işləməsə də aşbaz kimi fəaliyyət göstərir. Heç vaxt narkotik vasitə qəbul etməmiş, heç hardan narkotik vasitə tapmamışdır. Narkotik vasitəni onu cibinə Elnur müəllim qoymuşdur. Nə narkotik istifadə etmiş, nə də narkotikin satışı ilə məşğul olmuşdur. Barəsində narkoloji ekspertiza keçirilərkən ondan qan analizi götürülmüşdür. Lakin hansı səbəbdən onun barəsində narkomaniya xəstəliyindən əziyyət çəkməsi barədə rəy verilməsini bilmir. Polis əməkdaşları ilə onun arasında hər hansı qərəzli münasibət olmamışdır. Lakin tutulmamışdan 3 ay əvvəl müəyyən xeyriyyəçilik işləri ilə məşğul olmuş, bundan sonra onun barəsində səbəbini bilmədiyi halda narazıçılıq yaranmışdır. Himayəsində üç uşağı vardır, ailəsini də özü dolandırır. Barəsində həbs qətimkan tədbiri seçilərkən hakim qarşısına çıxarılarkən bu barədə hakimə hər hansı söz deməmişdir. Belə ki, məhkəmədə düzünü danışmamağı da polis əməkdaşları ona tapşırmışlar. Tutulduqdan 2 aydan çox sonra cinayət işi materialları ilə tanış olarkən də hər hansı şikayət və tələbi olmadığını yazmış, bunu da ona polis əməkdaşları belə yazmalı olduğunu bildirmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı mənəvi təzyiq edilməsi barədə hər hansı dəlili yoxdur, dediklərini təsdiq edəcək hər hansı sübutu yoxdur. Heç olmasa onun əməli CM-in 234.1-1-ci maddəsi ilə tövsif edilməli, ona həmin maddə ilə ittiham elan edilməli idi. Təqsirləndirilən şəxs məhkəməyə ünvanladığı son sözündə barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı müvafiq olaraq 30 və 31 oktyabr 2023-cü il tarixlərdə müvafiq olaraq şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində özünü ona qarşı irəli sürülmüş ittiham üzrə qismən, yəni Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilmiş və məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq göstərmişdir ki, tutulmamışdan təxminən 1 (bir) həftə əvvəl Biləsuvar rayonu ərazisində köhnə “Mal-qara” bazarının yaxınlığından şəffaf rəngli yapışan lentə bükülmüş bükülü tapmış, həmin bükülünü açıb baxdıqda içərisində heroin olmasını bilmiş, maraqlı gəldiyi üçün bükülünü üzərində saxlamışdır. 29 mart 2023-cü il tarixdə saat 14:25 radələrində Biləsuvar rayonu Əsgərabad kəndində yolun kənarı ilə piyada hərəkət edən zaman polis əməkdaşları onu saxlayıb rayon polis şöbəsinə gətirmişlər. RPŞ-nin inzibati binasında videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, o, da əynindəki boz rəngli cins şalvarın sol yan cibindən 1 (bir) ədəd şəffaf rəngli yapışqan lentə bükülmüş bükülünü təqdim etmiş, içərisində narkotik vasitə heroin olduğunu, özünə məxsus olduğunu, həmin heroini təxminən bir həftə əvvəl köhnə “Mal-qara” bazarının yaxınlığından tapdığını və maraq kəsb etdiyi üçün üzərində saxladığını bildirmişdir. Hazırda səhvini başa düşür, əməlindən səmimi peşmandır. Həmin narkotik vasitəni satmaq və istifadə etmək niyyəti olmamışdır, sadəcə olaraq maraqlı olduğu üçün öz üzərində saxlamışdır. Ona qarşı polis əməkdaşları tərəfindən heç bir fiziki güc və zor tətbiq edilməyib, hər şey öz istəyi ilə könüllü olmuşdur. Özünü ona görə qismən təqsirli sayır ki, narkotik vasitə istifadəçisi deyildir və narkotik vasitələrin satışı ilə məşğul olmur. Bundan əlavə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, sonuncu həmin məhkəmə iclasında verdiyi izahatında ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilmiş və göstərmişdir ki, təxminən bir həftə əvvəl Biləsuvar rayonu ərazisində yerləşən “köhnə mal bazarı” adlanan ərazidə yerdən şəffaf rəngli sellofan parçasına bükülmüş bükülü tapmış, içərisində narkotik vasitə heroin olmasını bilmiş, həmin bükülünü polisə təhvil vermək üçün üzərində saxlamış, lakin həmin bükülünü vaxtında polisə təhvil verə bilməmişdir. Polis əməkdaşları tərəfindən saxlanıldığı andan halhazıradək ona qarşı hər hansı fiziki və ya psixi zor və ya təzyiq tətbiq olunmamışdır. Verilmiş sualları cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, elan olunmuş ifadələrini təsdiq etmir, polis əməkdaşlarının mənəvi təzyiqi və hədəsi nəticəsində belə ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Biləsuvar RPŞ-nin CAB-ın rəisi Şahid1 ifadəsində göstərdi ki, Biləsuvar rayonu Əsgərabad kəndində yaşayan Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuş, həmin əməliyyat məlumatı əsasında 29 mart 2023-cü il tarixdə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında tərəfindən qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərara uyğun olaraq 29 mart 2023-cü il tarixdə saat 14:20 radələrində Təqsirləndirilən şəxs Biləsuvar rayonu Əsgərabad kəndində yolla piyada hərəkət edən zaman əməliyyat müşahidəsinə götürülmüş, təxminən 5-10 dəqiqədən sonra həmin şəxs Əsgərabad kəndində “Dördyol” adlanan yerin yaxınlığında saxlanılmış və şöbəyə gətirilmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan və müdafiəçi təyin edildikdən sonra üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmiş və həmin zaman Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sol yan cibindən bir ədəd bükülünü çıxarıb stolun üstünə qoyaraq içərisində heroin olduğunu, özünə məxsus olduğunu bildirmişdir. Həmin bükülü şöbənin elektron tərəzisində çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Heroinin təxmini çəkisi 16 qram olmuşdur. Şahid1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı heç bir təsir və ya təzyiq olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitəni hansı səbəbdən üzərində saxlaması barədə nə dediyini xatırlamır. Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin satışı ilə bağlı əməliyyat məlumatı olsa da həmin məlumat üzrə konkret fakt yoxdur. Təqsirləndirilən şəxsin saxlanılmasında şəxsən özü iştirak etmiş, tədbirə rəhbərliyi də özü etmişdir. Təqsirləndirilən şəxs vəkil təyin edilmiş, o, vəkillə təklikdə də söhbət etmiş, lakin hər hansı etiraz etməyərək üzərində aşkar olunan heroinə bənzər kütlənin ona məxsus olduğunu etiraf etmişdir. Təqsirləndirilən şəxs evinə gedib axtarış keçirmək və evindən heroin aşkar etməklə hədələməmişdir. Təqsirləndirilən şəxsin kiməsə narkotik satması barədə konkret məlumat əldə edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları X7 və Şahid3 da Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, eyni məzmunlu ifadə vermişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - 29 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş əməliyyat məlumatının daxil olduğu barədə raport, “Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərar, onun icra edilməsinin nəticəsi barədə raport, sonuncunun üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülərdən iş üzrə Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbiri və şəxsi axtarışın keçirilməsi əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş şəxsin ifadələrində göstərilmiş qaydada baş verdiyi müəyyən edilir. (i.v. 5-8; 11-12; 32-34) -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 29 mart 2023-cü il il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:10-da şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 25) - “şəxsi axtarış və götürmə aparılması haqqında” 29 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman sonuncu əynindəki boz rəngli cins şalvarın sol yan cibindən 1 (bir) şəffaf rəngli yapışqan lentlə bükülmüş bükülünü təqdim edərək bildirmişdir ki, təqdim etdiyi bükülünün içərisində narkotik vasitə heroin vardır, həmin bükülünü təxminən 1 (bir) həftə əvvəl köhnə “Mal-qara” bazarının yaxınlığından şəffaf rəngli yapışan lentə bükülmüş bükülünü piyada hərəkətdə olarkən yerdən tapmış və üzərində saxlamışdır. (i.v. 32-34) -materialların məhkəmə ekspertizasının 30 mart 2023-cü il tarixli, 19/375 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «... Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş bükülü...... " sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi 14,733 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış heroindir. Tədqiqata sərf edildi-0,05 qram, qalıq- 14,683 qram ( i.v. 40-42) - “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 31 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. ( i.v. 98-99) -Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(022)-18/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 29 mart 2023-cü il tarixdən hesablanmışdır. (i.v. 77-78) -31 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar edilmiş və ekspert tədqiqatından sonra qalıq çəkisi 14,683 qram olan heroin iş üzrə maddi sübut kimi tanınmış, Biləsuvar RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılması nəzərə alınmışdır. (i.v. 79) - Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(022)-111/2023 saylı qərarından görünür ki, Biləsuvar RPŞ-nin CAB-ın rəisi Şahid1 Təqsirləndirilən şəxs ətrafında müvafiq əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir. (i.v. 82) - Biləsuvar RPŞ-nin vəzifəli şəxsi tərəfindən imzalanmış 06 aprel 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroini haradan və hansı mənbədən əldə etməsinin müəyyənləşdirilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olub-olmaması istiqamətində bir sıra əməliyyataxtarış tədbirləri həyata keçirilmiş, əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitə heroinin kimdən və haradan əldə etməsi, o cümlədən hansı şəxslərə satması və satacağı barədə dəqiq məlumatın olmaması müəyyən edilmişdir. (i.v. 98) -Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 12 aprel 2023-cü il tarixli, 425 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. (i.v. 105) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilərkən üzərində hər hansı narkotik vasitə olmaması, polis əməkdaşlarının hədəsi ilə onların verdiyi bükümü cibindən çıxararaq təqdim etməsi barədə məhkəmə istintaqı zamanı verdiyi ifadələri həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq törətdiyi cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Belə ki, təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə əlyazma ilə yazdığı ilkin izahatında, bundan sonra isə şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrində narkotik vasitəni Biləsuvar rayonu, “mal bazarı” deyilən yerdə yerdən tapdığını, maraqlı olduğu üçün üzərində saxladığını, polis əməkdaşları tərəfindən ona hər hansı fiziki zor, hədə-qorxu tətbiq edilmədiyini bildirərək həmin protokolları imzalamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərdən görünür ki, sonuncu üzərində aşkar olunmuş bükülünün heroin olmasını, yerdən tapmasını bildirmiş, hər hansı hala etiraz etməmişdir. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Biləsuvar RPŞ-nin yuxarıda adı qeyd edilən əməkdaşları da ifadəsində bir daha təsdiq etmişlər ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən sonuncu cibindən heroini çıxarıb təqdim etmiş, şifahi sorğu zamanı narkotik vasitənin ona məxsus olmasını, Biləsuvar rayonu, “mal bazarı” deyilən yerdə yerdən tapdığını, hər hansı etirazı olmadığını bildirmiş, Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya psixi zor tətbiq edilməmişdir. Həmçinin “Ekspert rəyinin şübhəli şəxsə elan edilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi ilə birlikdə məhkəmə kimyəvi ekpertizanın 30 mart 2023-cü il tarixli 19/375 nömrəli rəyi ilə tanış olarkən üzərindən çıxan narkotik vasitə ilə bağlı hər hansı etiraz etməmişdir. Hazırkı iclasda isə ümumiyyətlə üzərində narkotik vasitə olmadığını bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında Biləsuvar rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətə baxılması üçün hakim qarşısına çıxarılan Təqsirləndirilən şəxs hər hansı hala etiraz etməmiş, üzərində aşkar edilmiş heroini yerdən tapdığını və polis əməkdaşlarına təhvil vermək üçün üzərində saxladığını bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırkı halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarlayuxarıda sadalanan ekpert rəyi və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin izahatını və ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsini (üzərində hər hansı miqdarda narkotik vasitənin olmaması, polis əməkdaşlarının psixi təzyiqi nəticəsində onların verdiyi bükümdə olan heroini təqdim etməsi hissədə) özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən fiziki və psixi təzyiqə məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadə verməyərək ümumi olaraq təzyiqlərə məruz qaldığını göstərməsini nəzərə alaraq göstərilən xüsusata Təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Həmçinin təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı üzərində hər hansı növdə narkotik vasitə olmadığını bildirsə də ibtidai istintaq zamanı verdiyi ifadələrində belə bir hal göstərməmiş, əksinə verdiyi ifadələrinə özünü elan olunmuş ittihamla deyil, CM-in 234.1-1ci maddəsi ilə təqsirli bilmişdir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadənin məhz psixi təzyiq nəticəsində əldə edilməsinə dair dəlili əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması ilə bağlı göstərdiyi xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, onlardan ifadələrin cinayətprosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12- 20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələrini müdafiəçisinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirdiyinə, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin yuxarıda qeyd edilən hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. “X5 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir.Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər vermiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Müdafiə tərəfi (təqsirləndirilən şəxs və onun müdafiəçisi) təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. -bundan əlavə Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü digər dəlili – narkotik vasitələrin satışı ilə məşğul olmaması barədə ibtidai istintaq zamanı ifadə verməsi ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi bütün ifadələrində narkotik vasitələrin satışı ilə məşğul olmadığını qeyd edərək özünü müdafiə etmək üçün dəlil irəli sürmüşdür. Məhkəmə cinayət-prosessual qanunvericiliyin müddəalarının tələblərinə əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı həm sübutlar, həm də hüquqi tövsif baxımından sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlini törətməkdə təqsiri ehtimalla deyil, yalnız mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna əsasən müəyyən edilməlidir. Həmin ittihamın sübut olunmasında digər sübutlarla aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində isə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən heroin narkotik vasitə hesab edilir. Heroin şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının (qramla) isə aşağı həddi 2,0 qramdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarında göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla, narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işi materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ona görə ittiham irəli sürmüşdür ki, o, satış məqsədi ilə qanunsuz olaraq bir ədəd bükümdə təmiz çəkisi 14,733 qram, yəni külli miqdar təşkil edən heroini əldə etmiş, üzərində saxlamışdır. Cinayət işi materiallarında olan “Cinayət işinin başlanması haqqında” 30 mart 2023cü il tarixli qərardan (i.v.1) görünür ki cinayət işi Azərbaycan Respublikası CM-in 234.4.3cü maddəsi ilə başlamış və sonuncunun üzərindən aşkar edilmiş heroinə münasibətdə satış məqsədinin olması barədə hər hansı sübut növü əldə etmədən, yalnız Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinin təmiz çəkisinin 14,733 qram olmaqla, külli miqdarının ən aşağı həddi olan 2,0 qramdan çox olmasına istinad etməklə sonuncuya Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Halbu ki, Təqsirləndirilən şəxs hər hansı şəxsə narkotik vasitə satması hər hansı halla təsdiq olunmamışdır. Məhkəmə hesab edir ki, göstərilən hallar ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın əsassız olmasının ilkin əlamətləridir. Məhkəmə qeyd edilən cinayət-prosessual qanunvericiliyin müddəaları və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsaslanaraq belə qənaətə gəlir ki,: - həm ibtidai istintaq orqanının Təqsirləndirilən şəxsa qarşı irəli sürdüyü ittihamın əsassız olmasına işarə edən, yuxarıda göstərilmiş ilkin əlamətlər, həm də, - məhkəmə-narkoloji ekspertizasının 12 aprel 2023-cü il tarixli, 425 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunması, - onun üzərindən aşkar edilmiş heroinin bir ədəd bükümdə, təmiz çəkisi 14,733 qram, yəni külli miqdarının aşağı həddindən yalnız 7 dəfə çox olması, - onun ibtidai istintaq zamanı verdiyi bütün ifadələrində üzərindən aşkar edilmiş heroinin satış deyil, şəxsən istifadə etmək məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını göstərməsi, - ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinə münasibətdə başqa istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və ya satış niyyətində olmasına dair hər hansı məlumat (məsələn, istifadəsində olmuş mobil nömrəyə dair telefon danışıqları haqqında), heroinin hazırlanması və çəkilib xırda bükümlərə bölünməsi üçün hər hansı avadanlıq (məsələn, elektron tərəzi) və ya digər sübut növü aşkar edə bilməməsi, müvafiq sübutların olub-olmadığını yoxlamaq üçün Təqsirləndirilən şəxs yaşadığı evə və istifadəsində olmuş mobil telefona baxış keçirməməsi, - göstərilən halların ümumi məcmusunun sonuncunun üzərindən aşkar edilmiş heroini əldə etməsi, üzərində saxlamasından ibarət hərəkətləri həmin heroindən şəxsən istifadə etmək niyyəti ilə etməsi anlamını verməsi və ya buna əsaslı şübhə yaratması, ittiham tərəfinin bu şübhəni digər sübut növü ilə aradan qaldıra bilməməsi, həmin kütləyə münasibətdə satış niyyətində olması barədə nəticəyə gəlməyə əsas verməməsi, buna görə də Təqsirləndirilən şəxs xeyrinə təfsir edilməli olması iş üzrə törətdiyi cinayət əməlinin ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinə düzgün tövsif edilmədiyi, həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli olduğu barədə nəticəyə gəlməyə tam əsas verir. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində üzərindən aşkar edilmiş heroinin şəxsi istifadə məqsədi ilə əldə etməsi, üzərində saxlaması, həmin kütləyə dair satış niyyətinin olmaması barədə irəli sürdüyü dəlili əsaslı hesab edir. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrıayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normaları, hüquqi mövqeləri və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini anlaqlı vəziyyətdə törətməsi ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, Şahid1, X7 və Şahid3 şahid qismində verdiyi ifadələri, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülər, materialların məhkəmə ekspertizasının 30 mart 2023-cü il tarixli, 19/375 nömrəli rəyi, məhkəmə-narkoloji ekspertizasının 12 aprel 2023-cü il tarixli, 425 nömrəli rəyi, digər istintaq hərəkəti protokolları və sənədlər, iş üzrə maddi sübut qismində tanınmış heroinin qalığı, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 99) - Biləsuvar RİHB-nın 1 nömrəli sahə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamə və arayışdan görünür ki, Təqsirləndirilən şəxs evlidir, himayəsində üç azyaşlı uşağı vardır. Fərdi əməklə məşğul olur. Təqsirləndirilən şəxs ərazidə yaşadığı dövrdə kəndin ictimai işlərində iştirak etməmişdir. Kənddə dini ayinlər keçirilən zaman qatı dindarlığı ilə digərlərindən fərqlənmişdir. Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə digər sakinlərdən şikayət və narazılıq daxil olmamışdır. (i.v. 108-114) Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və törədilməsi hallarını, üzərindən aşkar edilmiş heroinin təmiz çəkisinin 14,733 qram olması, yaşayış yeri üzrə normal xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halları, himayəsində 3 azyaşlı uşaqlarının olması ilə bağlı cəzasını yüngülləşdirən halın olduğunu (Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən) və Azərbaycan Respublikası CM-in 61ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki,: Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 29 mart 2023-cü il tarixdən hesablanmalı və Biləsuvar Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə-narkoloji ekspertizasının 12 aprel 2023-cü il tarixli, 425 nömrəli rəyi nəzərə alınaraq, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1.4 və 198.1-ci maddələrinə əsasən ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 60 (altımış) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Biləsuvar RPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 14,683 qram təşkil edən heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilmədi. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan - 29 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 60 (altımış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Biləsuvar RPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 14,683 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-70/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-70/2024
19.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver