Məhkəmə qərarları › İş №1(099)-701/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-701/2024

14.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-701/2024 14.11.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi, Lənkəran Rayon Vəkil Bürosunun vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1965-ci ildə Neftçala rayonu, Bankə qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Neftçala rayon Suvarma Sistemləri İdarəsində maşınist işləyən, məhkum olunmamış, Neftçala rayonu, Bankə qəsəbəsi, R.Əliyev küçəsində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 30 mart 2024-cü il tarixdə Neftçala şəhərinin Qaravəlli yaşayış massivinin ərazisində, Kür çayının sağ sahilində böyürtkən, qamış və yulğun kolları ilə əhatə olunmuş ərazidə 2x3 metr ölçüdə torpaq sahəsində bir-biri ilə yaxın məsafədə 35 ədəd, külli miqdarda əkib-becərilməsi qadağan olunmuş, tərkibində narkotik maddələr olan, narkotik tərkibli çətənə (kannabis) bitkilərini qanunsuz olaraq əkib yetişdirərək onlara aqrotexniki qaydada qulluq etməklə kultivasiya etmiş, 22 may 2024-cü il tarixdə saat 13:50 radələrində Neftçala rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində həmin əraziyə baxış keçirilən zaman oradan 35 ədəd çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, cavan yaşlarından narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmişdir. X2 idarəsi, Qaravəlli nasosxanasında maşinist işləyir. Salyan şəhərində tərəvəz bazarından həyətində əkmək üçün göyərti toxumları alarkən həmin toxumların içərisində çətənə bitkisi toxumları da olmuşdur. O, 2024-cü ilin mart ayında işlədiyi nasosxanadan təxminən 50 metr Kür çayı istiqamətində böyürtikan, qamış və yulğun kolları ilə əhatə olunan ərazidə 2m x 3m ölçüdə yeri təmizləmiş, şumlamış və 30 mart 2024-cü il tarixdə orada 50 ədədə yaxın çətənə toxumlarını əkmişdir. Məqsədi qurudulmuş marixuana əldə etmək olmuşdur. Həmin toxumlardan çıxan çətənə bitkilərini yetişdirməyə başlamış, bitkilərə su verərək onları becərmiş, çətənə bitkilərinə qulluq etmişdir. Demək olar ki, hər gün oraya gedərək özü ilə apardığı vedrə ilə Kür çayından su daşıyaraq çətənə bitkilərini suvarmış, onlar inkişaf etdikcə diblərini boşaltmış, peyin vermişdir. 50 ədədə yaxın çətənə toxumlarından yalnız 35 ədəd çətənə bitkisi çıxıb böymüşdür. 22 may 2024cü il tarixdə saat 13:50 radələrində nasosxanada işdə olarkən çətənə bitkilərinə baxmağa getmişdir. Həmin yerə çatanda əraziyə polis əməkdaşları və bir neçə nəfər də mülki şəxs gəlmişlər. Polis əməkdaşları onun və aqronomun iştirakı ilə video çəkilişdən istifadə etməklə baxış keçirən zaman orada əkdiyi 35 ədəd çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Bu barədə onun iştirakı ilə protokol tərtib edilmişdir. Əməlindən peşimandır. Təqsirləndirilən şəxs cinayət əməli özünün səmimi etirafedici ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 göstərdi ki, Neftçala Rayon Polis Şöbəsinin Narkotiklərlə mübarizə bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Neftçala rayonunun Bankə qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs Neftçala rayonu Qaravəlli yaşayış məntəqəsi, Kür çayının sahilində olan ərazidə qanunsuz olaraq narkotik tərkibli bitkiləri əkib becərməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə 22 may 2024-cü il tarixdə günorta saatlarında əməliyyat qrupu tərkibində Neftçala rayonunun Qaravəlli yaşayış massivinin ərazisinə, Kür çayının sağ sahilinə böyürtkən, qamış və yulğun kolları ilə əhatə olunmuş əraziyə getmişlər. Onlarda Təqsirləndirilən şəxs əkdiyi çətənə bitkilərinə baxmağa gələcəyi barədə məlumat olmuşdur. Ona görə də həmin yerdə Təqsirləndirilən şəxs gəlməsini gözləmişlər. Həmin gün saat 13:50 radələrində Təqsirləndirilən şəxs həmin yerə gəlmişdir. Orada Təqsirləndirilən şəxs saxlamış, onun iştirakı ilə çətənə bitkiləri əkdiyi əraziyə videoçəkilişlə baxış keçirilmişdir. Həmin ərazidə çətənə bitkilərinə oxşar, qulluq edilmiş, dibləri boşaldılmış və suvarılmış 35 ədəd yaşıl çətənə bitkiləri aşkar olunmuşdur. Həmin bitkilər köklərindən çıxarılmaqla götürülmüşdür. Təqsirləndirilən şəxs çətənə bitkisinin toxumlarını həmin ilin mart ayında öz istifadəsi üçün əkib becərdiyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Neftçala Rayon Polis Şöbəsinin polis nəfəri Şahid2 da Şahid1la eyni məzmunlu ifadə vermişdir. Məhkəmə-bioloji ekspertizasının 23 may 2024-cü il tarixli, 3-16-16/2-18/523 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş 35 ədəd yaş vəziyyətdə, ümumi təmiz çəkisi 3000 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Həmin bitkilər orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eynidirlər. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş bitkilərə aqrotexniki qaydada xüsusi qulluq göstərilmişdir. Məhkəmə-narkoloji ekspertizasının 24 iyun 2024-cü il tarixli, 4371 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Neftçala rayonu Bankə qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 579 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində azyaşlı uşaq yoxdur və yaşayış yerindən müsbət xarakterizə olunur. “Neftçala Rayon Mərkəzi Xəstəxanası” X5 xx.xx.2024-cü il tarixli, 18-1-63/2-648/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada əsəb-ruhi, nevroloji və narkoloji dispanser qeydiyyatlarında yoxdur. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini əkib becərməklə kultivasiya etməsi, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən CM-nin 237.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 22 may 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbir tədbiq edilməklə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, Neftçala Rayon Polis Şöbəsində saxlanılan 35 ədəd çətənə (kannabis) bitkiləri məhv edilməlidir. Ekspertiza xərci 49 manat 74 qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyiə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respbulikası CM-nin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı 22 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Neftçala Rayon Polis Şöbəsində saxlanılan 35 ədəd çətənə (kannabis) bitkiləri məhv edilsin. Ekspertiza xərci 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyiə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar