Məhkəmə qərarları › İş №1(099)-702/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-702/2023

14.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-702/2023 14.09.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1970-ci il tarixdə Lənkəran rayonu, Darqoba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, işləməyən, Lənkəran rayonu, Darquba kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 2023-cü ilin may ayında Bakı şəhərində istintaqla dəqiq müəyyən edilməyən vaxtda və mənbədən 11 (on bir) bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,623 qram, 0,454 qram, 0,169 qram, 0,021 qram, 0,025 qram, 0,022 qram, 0,021 qram, 0,018 qram, 0,025 qram, 0,022 qram, 0,020 qram, ümumi təmiz çəkisi -2,420 qram olmaqla külli miqdarda narkotik vasitə olan heroini və 01 ədəd bükümdə, təmiz çəkisi - 0,113 qram narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş və üzərində daşımaqla saxlamış, bu barədə məlumat alan Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin (bundan sonra BNMİ CBRŞ-nin) əməkdaşları tərəfindən 05 may 2023-cü il tarixdə, saat 00:30 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncu ünvan 1 ünvanında yerləşən polis şöbəsinə gətirildikdən sonra onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan gödəkçənin sol yan cibindəki siqaret qutusunun içərisindən həmin bükümdə və çəkidə narkotik vasitə olan heroin və qurudulmuş marixuana, gödəkçənin həmin cibindən üzərində narkotik vasitə heroin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik satışı ilə məşğul deyil, narkotik istifadə edir, buna görə də peşimandır. 05 may 2023-cü il tarixdə gecə saat 12 radələrində evində narkotik vasitə istifadə edərkən polis əməkdaşları evinə daxil olub onu saxlamışlar və evində narkotik vasitə olub-olmamasını soruşmuşlar. O, da evində saxladığı təxminən on bükümdə heroini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra polis əməkdaşları onu polis şöbəsinə aparmış, təqdim etdiyi bükümləri onun cibinə qoymuşlar və videoçəkiliş zamanı həmin bükümləri və evindən götürdüyü elektron tərəzini təqdim etmişdir. Həmin elektron tərəzini evində saxlamaqda məqsədi narkotikdən şəxsi istifadə miqdarını ölçməklə ondan artıq istifadə etməmək olmuşdur. Həmin bükümlərdə olan “kakosları” Bakı şəhərində dəqiq tanımadığı yerdən şəxsi istifadəsi üçün alıb üzərində saxlamışdır. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, rəsmi nikahı olmasa da bir uşağı vardır, uşağı ondan ayrı yaşayır və uşağına görə aliment ödəmir. Heroinləri bir neçə bükümdə şəxsi istifadəsi məqsədi ilə saxlamışdır, heç kim deyə bilməz ki, “Əmra” ona narkotik vasitə satmışdır. Elektron tərəzini istifadə edəcəyi narkotik vasitəni çəkiyə bölmək üçün alıb saxlamışdır. O, saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı təzyiq edilməmiş, ona hədə-qorxu gəlinməmişdir. Üzərində bir bükümdə qurudulmuş marixuana olsa da həmin marixuananın özündə olub-olmamasını dəqiq xatırlamır, həmin bükümü necə əldə etdiyini bilmir. Bakı şəhərində 120 manata təxminən iki qram yarım heroin almış, üzərindən də bir qədər istifadə etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmadığını, üzərində olan narkotik vasitəni şəxsi istifadəsi üçün saxladığını, əməlindən peşman olduğunu nəzərə alaraq onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı 05 may 2023-cü il tarixdə üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilərkən şifahi və həmin tarixdə müdafiəçisinin iştirakı ilə şübhəli şəxs qismində yazılı qaydada verdiyi izahatı, müvafiq olaraq 05 və 06 may 2023-cü il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində özünü məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq ona qarşı irəli sürülmüş ittiham üzrə qismən, yəni Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilərək məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə vermiş, lakin polis əməkdaşları tərəfindən 05 may 2023-cü il tarixdə gecə saat 00:30 radələrində Lənkəran rayonu, Darquba kəndində yerləşən yaşadığı evin yaxınlığında küçədə tək olarkən polis əməkdaşları tərəfindən saxlanıldığını və həmin vaxt da üzərində narkotik vasitə olduğunu bildirmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə Lənkəran Rayon Məhkəməsinin 06 may 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin məhkəmə iclasında özünü qismən təqsirli bilmiş və bildirmişdir ki, iki ildir ki heroindən istifadə edir. Evində tək yaşayır, evi baxımsızdır, hətta pəncərələri də sınmışdır. Tutulmamışdan bir neçə gün əvvəl Bakı şəhərində 130 manata heroin almış, həmin zaman üzərində elektron tərəzi olmuşdur ki, çəkidə aldanmasın. 05 may 2023-cü il tarixdə saat 00:30 radələrində evdən çıxarkən ev baxımsız olduğuna görə evdəki hər şeyi özü ilə götürmüşdür. Onun üzərində on bir büküm heroin və bir bükümdə marixuana və elektron tərəzi olmuşdur. Tutulan zaman və sonra ona qarşı hər hansı psixi və fiziki zor tətbiq edilməmişdir. Onun satış niyyəti olmamışdır. Göstərilənləri nəzərə alıb barəsində həbs qətimkan tədbirinin seçilməməsini xahiş etmişdir. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, ibtidai istintaq zamanı ifadəsinin həmin hissəsini oxumamış, buna görə də həmin ifadəni təsdiq etmir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş BNMİ CBRŞ-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edir, Lənkəran rayonu, Darquba kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə CBRŞ-nin əməliyyat müvəkkili Xəyal Abışovun icraatına əməliyyat məlumatı daxil olmuş, Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş, o və Şahid3 əməliyyat qrupunun üzvü olmuşdur. 05 may 2023-cü il tarixdə saat 00:30 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Lənkəran rayonu, Darquba kəndində, yaşadığı evin yaxınlığında saxlanılaraq regional polis şöbəsinə gətirilmiş, videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol yan cibindən bir ədəd elektron tərəzi və bir ədəd üzərində “ARGO” sözləri yazılmış siqaret qutusu təqdim etmiş və siqaret qutusunun içərisində narkotik vasitə heroin olduğunu, heroinin və elektron tərəzinin özünə məxsus olduğunu bildirmişdir. Həmin siqaret qutusunun içərisinə baxış keçirildikdə iki ədəd sellofan bükümdə, on ədəd isə gümüşü rəngli kağız bükümlərdə kütlələr aşkar edilmişdir. Təqsirləndirilən şəxslə aparılan şifahi sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlələri tutulmazdan altı gün əvvəl Bakı şəhərində yerləşən 20 yanvar metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən ümumilikdə 130 manata almışdır, heroindən 3-4 dəfə özü qəbul etmiş, lakin heç kimə verməmşiş, satmamış, bundan başqa onda narkotik vasitə yoxdur. Keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olub-olmamasını müəyyən etmək məqsədilə şöbədə əməliyyat-axtarış tədbirləri keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 2-3 ildir ki, narkotik vasitələrdən istifadə edir, həmçinin onun narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumatlar mövcuddur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş BNMİ CBRŞ-nin əməkdaşı Şahid3 Şahid2 ilə eyni məzmunda ifadə vermişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş, sonuncunun qanunsuz olaraq narkotik vasitə əldə etməsi, istifadəsi, üzərində saxlaması və satışı ilə məşğul olmasına dair əməliyyat məlumatının rəsmiləşdirilməsi haqqında 04 may 2023-cü il tarixli raport, “Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərar, onun icra edilməsinin nəticəsi barədə raport, sonuncunun üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülərdən iş üzrə Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbiri və şəxsi axtarışın keçirilməsi əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş şəxsin ifadələrində göstərilmiş qaydada baş verdiyi müəyyən edilir (i.v. 4-6; 9-10; 30-33) -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 01:30-da şübhəli şəxs qismində tutulmuşdur. (i.v.13) -“Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 05 may 2023-cü il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən 11 ədəd bükümlərdə narkotik vasitə olan heroin, 01 ədəd bükümdə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Həmin 11 ədəd narkotik vasitə olan heroinin çəkisi 3,49 qram, qurudulmuş marixuananın çəkisi 0,63 qram olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlələri tutulmazdan altı gün əvvəl Bakı şəhərində yerləşən 20 yanvar metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən ümumilikdə 130 manata almışdır, heroindən 3-4 dəfə özü qəbul etmişdir, heç kimə verməmşiŞ satmamış, bundan başqa onda narkotik vasitə yoxdur. Təxminən iki il əvvəl əldə etdiyi narkotik vasitədən hal-hazırda həbsdə olan Elçin adlı şəxsə və adını bilmədiyi, yaşadığı kəndin yeznəsi olan şəxsə vermişdir. (i.v. 30-33) -Məhkəmə fiziki-kimyəvi ekspertizasının 05 may 2023-cü il tarixli, 19/513 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi “ARGO” siqaret qutusunda olan 11 (on bir) ədəd bükümdə heroinə bənzər, 1 (bir) ədəd bükümdə qurudulmuş marixuanaya bənzər və 01 ədəd elektron tərəzi qablaşdırıldı və möhürləndi....” sözlər və imzalar olan bir ədəd zərfdəki, ümumilikdə 11 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri -1,623 qram, -0,454 qram, -0,169 qram, -0,021 qram, -0,025 qram, -0,022 qram, -0,021 qram, -0,018 qram, -0,025 qram, -0,022 qram, - 0,020 qram, ümumi təmiz çəkisi -2,420 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər; 01 ədəd bükümdə, təmiz çəkisi -0,113 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır; 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroin izləri vardır. Heroin iz şəklində olduğuna görə çəkisini və tədqiqata təqdim edilmiş heroinlərlə müqayisəli tədqiqat (eynilik) aparmaq mümkün olmamışdır. Tədqiqata təqdim olunmuş 2 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi -1,623 qram və -0,454 qram, ümumi təmiz çəkisi -2,077 qram olan heroinlər xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqata təqdim olunmuş 09 ədəd siqaret kağızı bükümündə, ayrı-ayrılıqda təmiz çəkisi -0,169 qram, -0,021 qram, -0,025 qram, -0,022 qram, -0,021 qram, -0,018 qram, -0,025 qram, - 0,022 qram, -0,020 qram, ümumi təmiz çəkisi -0,343 qram olan heroinlər xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqata təqdim olunmuş 2 ədəd sellofan bükümdə olan heroinlər 09 ədəd siqaret kağızı kəsiyi bükümündə olan heroinlərdən fərqlidirlər. (i.v.46-50) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 06 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (i.v. 56-57) - Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il traixli, 4(049)-139/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (i.v. 72-77) -X3 tibbi yoxlamanın 05 may 2023-cü il tarixli, 512 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. (i.v. 78) - Məhkəmə tibbi ekspertizasının 05 may 2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilmədi. ( i.v.80-81) - Lənkəran ŞRPŞ-nin vəzifəli şəxsinin imzaladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Lənkəran rayonu, Darquba kənd sakini Təqsirləndirilən şəxs ətrafında bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, həmçinin onun narkotik vasitələrin satışını həyata keçirməsi barədə də məlumatlar mövcuddur. (i.v. 93) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini qəsdən törətmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında yox, evin içində saxlanılmasını, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, üzərində olan bir neçə bükümdə olan heroini şəxsi istifadəsi üçün evində saxladığını deməsi barədə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq törətdiyi cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Belə ki, təqsirləndirlən şəxs müdafiəçisinin iştirakı ilə verdiyi şübhəli və təqsirləndirilən şəxs qismində ilkin və sonrakı ifadələrində ona elan olunmuş ittihamda göstərilən həcmdə narkotik vasitənin ona aid olduğunu, həmin vasitələrdən istifadə etdiyini və 05 may 2023cü il tarixdə gecə saatlarında yaşadığı evin yaxınlığında saxlanıldığını bildirmişdir. Həmçinin barəsində həbs qətimkan tədbiri seçilərkən ifadəsində bildirmişdir ki, o, polis əməkdaşları tərəfindən evinin yaxınlığında saxlanılmış, həmin vaxt da üzərində on bir büküm heroin, bir büküm marixuana və elektron tərəzi olmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı narkotik vasitə əldə etdiyini göstərmiş, lakin Təqsirləndirilən şəxs məhkəmə baxışı dövründə verdiyi ifadəsində saxlanıldığı yer barədə tam fərqli ifadə vermiş və onun bu ifadəsi bəsit formada təhrif edildiyi müəyyən edilmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələrinin bu hissəsi (polis əməkdaşları tərəfindən evində saxlanılması) yalan olmaqla məhz real faktların ört-basdır edilməsinə, məhkəmə istintaqının səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş BNMİ CBRŞ-nin yuxarıda adları qeyd edilən əməkdaşları da ifadələrində bir daha təsdiq etmişlər ki, Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında saxladıqlarını bildirmişlər, həmçinin şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs hər hansı hala etirazı olmadığını qeyd etmişlər. Bundan əlavə Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı üzərində aşkar edilmiş nakotik vasitələrin çəkisini və miqdarını mübahisələndirməsə də həmin narkotik vasitələri şəxsi istifadəsi məqsədi ilə əldə etdiyini, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi bu dəlillə bağlı məhkəmə tərkibi qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işi üzrə məhkəmə iclasında tədqiq edilən sübutlardan da görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə əldə etmiş, saxlamış, həmin məqsədlə də əldə etdiyi narkotik vasitəni çəkərək xırda bükümlərə bölmüş, satış məqsədi ilə həmin bükümləri üzərində saxlamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı onun üzərindən narkotik vasitələri çəkilib xırda bükümlərdə saxlanılması üçün istifadə edilən elektron tərəzi də aşkar edilmişdir ki, həmin hal da Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitələrə münasibətdə satış niyyətinin olmasını təsdiq edir. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin qurudulmuş marixuana və külli miqdarda – heroini qanunsuz olaraq satış məqsədi ilə əldə edib, saxlaması və daşıması onun məhz həmin maddələrin qalan hissəsini də qazanc əldə etmək üçün şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkət kimi qiymətləndirilməlidir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin yuxarıda qeyd edilən hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir.Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər vermiş və onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Müdafiə tərəfi (təqsirləndirilən şəxs və onun müdafiəçisi) təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi özünün ibtidai araşdırma zamanı verdiyi etirafedici izahat və ifadələri ilə yanaşı, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş BNMİ CBRŞ-nin əməliyyat müvəkkili Şahid2 və polis nəfəri Şahid3 ifadələri, “şəxsi axtarış keçirilməsi haqqında” 05 may 2023-cü il tarixli protokol, ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülər və digər istintaq hərəkəti protokolları, məhkəmə fiziki-kimyəvi ekspertizasının 05 may 2023-cü il tarixli 19/513 nömrəli, X3 yoxlamanın 05 may 2023-cü il tarixli 512 nömrəli rəyləri, əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş material hesab edilən, DİN-in BNMİ CBRŞ-nin səlahiyyətli əməkdaşının tərtib etdiyi 14 iyun 2023-cü il tarixli raport, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış heroin və qurudulmuş marixuana, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün zəruri tərkib əlamətləri var. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum edilməmişdir. (i.v. 88) - Lənkəran rayon İcra Hakimiyyəti Başçısının Kərgəlan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 01 avqust 2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs nümayəndəlik ərazisində yaşadığı müddətdə özünü işgüzar və nümunəvi bir şəxs kimi apardığından müsbət xarakterizə edilmişdir. (i.v. 105) Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2, 58.3-cü maddələrini rəhbər tutaraq hazırki iş üzrə törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, ağırlığı və nəticələrini, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halı, Azərbaycan Respublikası CM-in 59.1-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən halların və Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təyin olunacaq cəzanın islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 56.1.2-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 05 may 2023-cü il tarixdən hesablanmalı və Lənkəran Rayon Məhkəməsinin 06 may 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. X3 yoxlamanın 05 may 2023-cü il tarixli 512 nömrəli rəyi nəzərə alınaraq, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 60 (altımış) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 60 (altımış) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Lənkəran ŞRPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 2,190 qram heroin və 0,093 qram qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılarkən qeydə alınmış videoçəkilişin köçürüldüyü 01 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı şübhəli şəxs qismində tutulduğu 05 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Lənkəran RPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 2,190 qram heroin, 0,093 qram qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin əks olduğu 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar