Məhkəmə qərarları › İş №1(099)-703/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-703/2023

03.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-703/2023 03.11.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, X4 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1975-ci ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 03 il 01 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 06 may 2023-cü il tarixdə, Lənkəran rayonu Şilavar kəndində satış məqsədi ilə qanunsuz olaraq bir ədəd şəffaf sellofan bükümdə külli miqdarda-15,156 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, bu barədə daxil olmuş əməliyyat məlumatı əsasında 06 may 2023-cü il tarixdə saat 11:20 radələrində Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı, Lənkəran şəhəri, M.M.Axund küçəsində yerləşən Lənkəran şəhər 5 saylı tam orta məktəbin qarşısında, küçədə, piyada hərəkətdə olarkən saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra, həmin tarixdə saat 12:15 radələrində üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarın sağ yan cibindən 01 ədəd selofan bükümdə 15,156 qram narkotik vasitə heroin və sol yan cibindən isə üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü narkotik vasitə istifadəçisi kimi təqsirli bilməklə göstərdi ki, 06 may 2023-cü il tarixdə saat 11 radələrində Yaşadağı Lənkəran şəhəri Axundov küçəsində siqaret almaq üçün dükana getmişdir. Bu zaman yaxınlığında ağ rəngli “Niva” markalı avtomobil dayanmışdır. Avtomobildən Baş Narkotiklərlə Mübarizə İdarəsinin üç nəfər əməkdaşları düşərək onu tutmuşlar. Həmin əməkdaşlardan biri Mehti olmuşdur. Onu döyə-döyə avtomaşına mindirmiş və regional polis şöbəsinə gətirmişlər. Polis işçiləri onu tutan zaman üzərində heç bir narkotik vasitə olmamışdır. Mehti onun cibinə narkotik qoymuş, onu CM-nin 234.1ci maddəsi ilə məhkəməyə verəcəklərini demişdir. Üzərinə tərəzi də polis işçiləri tərəfindən qoyulmuşdur. Polis işçiləri onu döymüş, xəsarət yetirmiş və ona demişlər ki, üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman narkotik vasitənin və elektron tərəzinin özünə məxsus olmasını, narkotik vasitəni “Dədə” ləqəbli şəxsdən almasını deməlidir. Ona görə də şəxsi axtarış zamanı narkotik vasitənin və elektron tərəzinin özünə məxsus olmasını, narkotik vasitəni “Dədə” adlı şəxsdən almasını bildirmişdir. Lakin o “Dədə” adlı şəxsi tanımır. Məhkəmədə barəsində həbs qətimkan tədbiri seçilməsi zamanı da narkotik vasitənin və elektron tərəzinin üzərinə polis işçiləri tərəfindən qoyulmasını demişdir. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, o, ünvan 1-də qeydiyyatda olmaqla yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Əvvəllər bir neçə dəfə məhkum olunmuşdur. Sonuncu dəfə 26 yanvar 2023-cü il tarixdə AR CM-nın 234.1-ci ilə təqsirli bilinib, Lənkəran rayonu məhkəməsinin hökmünə əsasən 03 il 01 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. 30 ildən çoxdur ki, narkotik vasitə heroindən zərdə çəkmək üsulu ilə qəbul edir. Bu səbəbdən narkotik vasitələrə aslılığı yaranmışdır. 2023-cü ilin mart ayında narkotik vasitə alan zaman onu çəkidə aldatmasınlar deyə narkotik vasitə çəkmək üçün Lənkəran mərkəzi bazarından elektron tərəzi almışdır. 06 may 2023-ci il tarixdə saat 10 radələrində narkotik vasitə heroin almaqdan ötrü yaşadığı evdən çıxıb piyada hərəkət edərək, Lənkəran rayonu Şilavar kəndi ərazisində yerləşən çayxanaya getmişdir. Orada əvvəllər də narkotik vasitə heroin aldığı üzdən tanıdığı, adını “Dədə” kimi bildiyi şəxsi həmin çayxanada görmüşdür. Bu zaman ona yaxınlaşıb ondan narkotik vasitə heroin olubolmadığını soruşmuş və olduğu təqdirdə ona təxminən 15 qram çəkidə satmasını istəmişdir. Həmin şəxs də, onu çayxananın arxa tərəfinə çağırıb, üzərində nə qədər pulunun olmasını bildirmişdir. O da, ona üzərində hazırda 200 manat pulunun olduğunu, demişdir. Bu zaman ona üzərindən bir bükümü çıxarıb təxminən 15 qram “kakos” yəni, narkotik vasitə heroin olduğunu və 250 manata satdığını bildirmişdir. O da, həmin bükümü ondan alıb həmin şəxsə 200 manat pul verib, qalanını isə sonra ona verəcəyini bildirmişdir. Həmin şəxslə bir az söhbətləşdikdən sonra onunla sağollaşıb yaşadığı ünvana doğru piyada hərəkət etməyə başlamışdır. Həmin tarixdə saat 11 radələrində Lənkəran şəhəri, M.M.Axund küçəsində yerləşən 5 saylı tam orta məktəbin yaxınlığında hərəkətdə olan zaman mülki geyimdə olan bir neçə nəfər şəxs ona yaxınlaşmış, özlərini polis əməkdaşları olduqlarını təqdim edib, ona narkotik maddələrin qanunsuz saxlanılması və satışı ilə məşğul olmağı barədə əməliyyat məlumatlarının olduğunu deyib, onu Daxili İşlər Nazirliyinin X2 İdarəsinin Cənub Bölgəsində yerləşən Regional Şöbəsinə gətirmişdilər. Regional şöbənin inzibati binasında ona şübhəli şəxs kimi tutulduğunu elan edib, onun üçün müdafiəçi Vəliəhəd Həbibovu dəvət edib, müdafiəçinin iştirakı ilə vidoçəkiliş aparmaqla üzərində şəxsi axtarış aparmağa başlamışlar. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində qanunla qadağan edilmiş əşya, predmet və maddə olduğu təqdirdə onları təqdim etməyi təklif olunmuşdur. O da, Lənkəran rayonu Şilavar kəndi ərazisində “Dədə” adlı şəxsdən aldığı, 1 büküm heroini və üzərində gəzdirdiyi elektron tərəzinin polis əməkdaşlarının üzərinə axtarış keçirtdiklərində cibindən aşkar ediləcəyini bilib, üzərində olan əşyaları könüllü təqdim etməyi fikirləşmişdir. Bu zaman o, əynindəki şalvarın sağ yan bir bükümdə narkotik vasitə heroini, “Samsung” markalı telefonunu, şalvarın sol yan cibindən isə elektron tərəzini, cib dəsmalını və üzərində qalmış 2 manat pulu təqdim etmişdir. Təqdim etdiyi bir ədəd bükümün içərisində kakos, yəni narkotik vasitə heroin olduğunu bidlirmişdir. Bu zaman təhqiqatçı tərəfindən narkotik vasitələri haradan və hansı məqsədlə almağı ilə bağlı sualına həmin bükümü 06 may 2023-cü il tarixdə şəxsi istifadəsi üçün Lənkəran rayonu, Şilavar kəndində yerləşən çayxanada “Dədə” adlı şəxsdən şəxsi istifadəsi üçün aldığını, heç kimə vermədiyini və satmadığını, elektron tərəzini isə narkotik maddə alan zaman onu çəkidə aldatmasınlar deyə üzərində saxladığını bildirmişdir. Üzərindən aşkar edilmiş 1 bükümdə heroin elektron tərəzidə çəkilmiş, çəkisi 18,77 qram olmuşdur. Həmin heroin və elektron tərəzi qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs cinayət əməli özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında şahid kimi dindirilən Azərbaycan Respublikası DİNnin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 göstərdi ki, onun icraatına ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, üzərində saxlaması, daşıması və satması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla bağlı əməliyyat tədbirləri həyata keçirilməklə 06 may 2023-cü il tarixdə saat 12 radələrində qrup üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs Lənkəran şəhəri M.M.Axund küçəsi ilə piyada hərəkətdə olduğunu müşahidə etmişlər. Saat 11:20 radələrində həmin küçədə 5 saylı tam orta məktəbin yaxınlığında onu saxlamışlar. Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsi barədə məlumatlarının olduğunu deyib, üzərinə şəxsi axtarış keçirilməsi məqsədilə regional polis şöbəsinə dəvət etmişlər. Dəvət olunmuş müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya başqa qanunsuz əşya vardırsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon, bir ədəd sellofan büküm, şalvarın sol yan cibindən isə bir ədəd elektron tərəzi çıxardıb təqdim etmişdir. Ona verilən şifahi suallara cavab olaraq bildirmişdir ki, təqdim etdiyi sellofan bağalamanın içərisində “kakos” narkotik vasitə heroin vardır, özünə məxsusdur, bu gün Şilavar kəndində yerləşən çayxanada “Dədə” kimi çağırılan şəxsdən xəsdə olduğuna görə öz istifadəsi üçün 200 manata əldə etmişdir. Əldə etdiyi heroindən heç kimə verməmiş, satmamışdır, başqa da, yoxudur. Həmin büküm elektron tərəzidə çəkilmiş və çəkisi 18,77 qram olmuş və qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixi təzyiq etməmişlər, onu döyməmişlər. Təqsirləndirilən şəxs üzərinə narkotik vasitə qoymamışdır. Məhkəmə istintaqında şahid kimi dindirilən polis əməkdaşları Şahid2 və Şahid3 da Şahid1la eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etməklə yanaşı Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olan şəxs kimi tanmalarını, ona qarşı heç bir fiziki və psixi təzyiq göstərmədiklərini bildirmişlər. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid4 göstərdi ki, ünvan 3 ünvanında oğlu Təqsirləndirilən şəxs və başqa ailə üzvləri ilə birlikdə yaşayır. Oğlu Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisidir. Baratın maddi imkanı aşağı olduğundan ucuz narkotik vasitədən istifadə etmişdir. 06 may 2023-cü il tarixdə saat 12 radələrində Barat Nuriyev siqaret almaq üçün ondan 2 manat pul almış və evdən çıxaraq məhəllədə yerləşən mağazaya getmişdir. Ondan az sonra qızı Elmirə də ərzaq almaq üçün evdən çıxaraq mağazaya yollanmışdır. Az sonra Elmirə evə qayıdanda polis işçilərinin Baratı tutaraq özləri ilə apardıqlarını bildirmişdir. Baratın regional narkotiklərlə mübarizə şöbəsinin əməkdaşları tərəfindən ararıldığını öyrənməklə onlarla əlaqə saxlanıldıqda Baratın üzərindən narkotik vasitə heroin aşkar edildiyini bildirmişlər. Lakin oğlunun üzərində narkotik vasitə heroin olmamışdır. Sonradan ona məlum olmuşdur ki, polis işçiləri oğlunu döymüşlər. Onu üzərində qoyulan narkotik vasitənin özünə məxsus olmasını etiraf etməyə məcbur etmişlər. Təqsirləndirilən şəxs bacısı Elmira Nurullayeva da məhkəmədə şahid kimi verdiyi ifadəsində anası Şahid4 göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan 06 may 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs 06 may 2023-cü il tarixdə saat 11:20 radələrində BNMİ-nin CBRŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran şəhəri M.M.Axundov küçəsində, 5 saylı tam orta məktəbin yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə olunmaqla üzərinə keçirilən şəxsi axtarış zamanı ona təklif olunur ki, əgər üzərində hər hansı bir qanunsuz əşya, predmet varsa, təqdim etsin. O da, bundan sonra əynindəki şalvarın sağ yan cibindən bir ədəd «Samsung» markalı mobil telefon, bir ədəd sellofan büküm, şalvarın sol yan cibindən bir ədəd cib dəsmalı, bir ədəd elektron tərəzi, 2 ədəd 1 manatlıq pul əskinasları təqdim edir. Şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində kakos olduğunu, özünə məxsus olduğunu, həmin gün Şilavar kəndində yerləşən çayxanada “Dədə” kimi tanıdığı şəxsdən qəbul etmək məqsədilə 200 manata əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisinə baxış zamanı içərisindən narkotik vasitə heroinəbənzər kütlə aşkar olunmuş və həmin kütlə iş üçün əhəmiyyətli olduğundan götürülmüşdür. Götürülmüş bir ədəd selofan büküm elektron tərəzidə çəkilmiş və çəkisi 18,77 qram olmuşudur. Həmin əmaddə və elektron tərəzi qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs həmçinin şifahi suallara cavaba olaraq bildirmişdir ki, saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir qanunsuz hərəkətlər, zor tətbiq edilməmişdir. Törətdiyi əməldən peşmandır. Müdafiəçisi Vəliəhəd Həbibovun şifahi sualına cavab olaraq təqdim etdiyi kütlənin “kakos”, narkotik vasitə heroin olduğunu, istifadə etmək üçün 200 manata əldə etdiyini, 50 manatını borclu qaldığını, narkotik vasitə alarkən çəkidə aldadılmaması üçün tərəzini üzərində saxladığını, bədənində olan ağrılara görə narkotik vasitə istifadə etdiyini bildirmişdir. Materialların məhkəmə ekspertizasının 06 may 2023-cü il tarixli, 19/519 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 15,156 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri vardır. Tərəzi üzərində heroin iz şəklində olduğuna görə çəkisini müəyyən etmək və tədqiqata təqdim edilmiş heroinlərlə müqayisəli tədqiqat (eynilik) aparmaq mümkün olmamışdır. Məhkəmə- narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 572 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır, ərazi Narkoloji xəstəxanasında 2020-ci ildən “Opium Narkomanlığı” diaqnozu ilə qeydiyyata durur. Lənkəran rayonlararası psixiatriya xəstəxanasının arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada hər hansı bir diaqnozla qeydiyyatda durmur. Məhkəmə-tibb ekspertizasının 06 may 2023-cü il tarixli, 446 saylı rəyində göstərilmişdir ki, həmin tarixdə müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində həp hansı xəsarət aşkar edilməmişdir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə polis əməkdaşlar tərəfindən tutulması zamanı işgəncəyə məruz qalması və döyülməsi barədə anası Şahid4 müraciəti əsasında Lənkəran rayon prokurorluğu tərəfindən araşdırma aparılmış, Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə yol verilməsi, zor tədbiq edilməsi, işgəncə verilməsi və döyülməsi müəyyən edilmədiyindən 20 iyul 2023-cü il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmişdir. Bundan başqa, məhkəmənin sorğusuna əsasən Bakı İstintaq Təcridxanasından daxil olmuş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə təcridxanaya daxil olarkən tibbi müayinə zamanı onun bədəni üzərində xəsarət aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən 02 il 11 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Lənkəran Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnsitiya qərarının 5-ci bəndi tətbiq edilərək azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il müddətinə azaldılmış, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə həmin Məcəllənin 67.1-ci maddəsi tətbiq edilməklə 03 il 01 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin 1(049)-66/2023 saylı, 26 yanvar 2023-cü il tarixli hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzasını çəkməmişdir. Lənkəran Rayon Məhkəməsinin 2 noyabr 2023-cü il tarixli, 1(049)-66/23 saylı məktübünda göstərilmişdir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Lənkəran Rayon Məhkəməsinin 1(049)-66/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü xx.xx.2023-cü il tarixdə qanuni qüvvəyə minmiş və həmin tarixdən icraya yönəldilmişdir. Ailə tərkibi haqqında xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində xx.xx.2012-ci ildə doğulmuş bir azyaşlı uşağı vardır. O, yaşayış yerindən verilmiş xasiyyətnamədə müsbət səciyyələnir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşıması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara və işin faktiki hallarına əsasən Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi-06 may 2023-cü il tarixdə polis işçiləri tərəfindən saxlanılarkən üzərində heç bir narkotik vasitə olmaması, polis əməkdaşı Mehtinin onun cibinə narkotik qoyması, üzərinə tərəzinin də polis əməkdaşları tərəfindən qoyulması, ona CM-nin 234.1-ci maddəsi ilə məhkəməyə veriləcəyini vəd etmələri, polis işçiləri tərəfindən döyüldüyünə və təzyiqlərə məruz qaldığına görə narkotik vasitənin ona məxsusluğunu etiraf etməsi barədə ifadəsini özünü müdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Onun ibtidai istintaqda verdiyi ifadəsini işin faktiki halları ilə uyğunluq təşkil etməklə obyektiv ifadə kimi qiymətləndirir. Belə ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı aparılmış videçəkiliş məhkəmədə nümayiş etdirilərkən müəyyən edilir ki, o, müdafiəçinin iştirakı ilə narkotik vasitənin özünə məxsusluğunu, 200 manat pul müqabilində aldığını etiraf etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən döyülməsini göstərsə də, o, tutulmasından sonra, həmin gün məhkəmə-tibb eksperti tərəfindən müayinə olunarkən bədəni üzərində hər hansı xəsarət müəyyən edilməmişdir. Həmçinin xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına qəbul zamanı tibbi müayinə olunarkən onun bədəni üzərində xəsarət müəyyən edilməmişdir. Bundan başqa, məhkəmə narkotik vaitənin miqdarını nəzərə alaraq və şahid ifadələrinə əsasən onun narkotik vasitəni satış məqsədi ilə əldə etməsi nəticəsinə gəlir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriəyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 mart 2011-ci il tarixli, 2 №-li Qərarında da qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla yanaşı narkotik vasitələrin miqları da nəzərə alınmalıdır. Bununla da məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, cəzasını CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 68.1.1-1ci maddəsinə əsasən ona Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 3 (üç) il 1 (bir) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla 1 (bir) il 6 (altı) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunaraq CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 06 may 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbir tədbiq edilməklə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması nəzərə alınmalıdır. Maddi sübut kimi tanınmaqla Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan 15,056 qram narkotik vasitə heroin və elektron tərəzi məhv edilməli, cinayət işinə əlavə edilmiş 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Ekspertiza xərci 60 manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respbulikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 3 (üç) il 1 (bir) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla 1 (bir) il 6 (altı) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunsun və CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin olunmuş cəzaya qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 06 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyatda olması nəzərə alınsın. Maddi sübut kimi tanınmaqla Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan 15,056 qram narkotik vasitə heroin və elektron tərəzi məhv edilsin, cinayət işinə əlavə edilmiş 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar