Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-707/2023 06.11.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx xxxx 1983-cü ildə Şirvan (Əli-Bayramlı) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 7,360 qram olmaqla kustar üsulla hazırlanmış narkotik vasitə heroini, təmiz çəkisi 4,263 qram olmaqla külli miqdar təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, şəxsi istehlak miqdarından artıq miqdarda ümumilikdə 30 ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş dərman tabletlərinin tərkibində təsiredici maddəsinin ümumi miqdarı 1,2 qram (01 tabletdə 0,04 qram) olan narkotik vasitə metadonu və təmiz çəkisi 3,42 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı daşıyaraq yaşadığı evdə saxlamış, 13 aprel 2023-cü il tarixdə saat 02 radələrində şəhər polis şöbəsinin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində yaşadığı evə baxış keçirilən zaman yataq otağındakı dolabçanın içərisindən salfetkaya bükülmüş 01 ədəd bükümdə təmiz çəkisi 7,360 qram narkotik vasitə heroin, 01 ədəd bükümdə təmiz çəkisi 4,263 qram psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi, evin digər otağından isə polietilen torbanın içərisində 01 ədəd bükümdə təmiz çəkisi 3,42 qram narkotik vasitə qurudulmuş marixuana və ümumilikdə 30 ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş dərman tabletlərinin tərkibində təsiredici maddəsinin ümumi miqdarı 1,2 qram (01 tabletdə 0,04 qram) olan narkotik vasitə metadon aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib, özünü narkotik vasitələrin istifadəçisi kimi təqsirli bilərək ifadəsində göstərmişdir ki, özü üç-dörd ildir ki, narkotik vasitələrin və psixotrop maddələrin istifadəçisidir. Uzun müddət Təhsil Nazirliyi Uşaq Gənclər İdman Məktəbində yunan-roma güləş müəllimi işləmişdir. Lakin narkotik istifadəçisi olduğundan öz xahişi ilə işdən azad edilmişdir. Eyni zaman 13 saylı Seçki Məntəqəsində sədr müavini İ katib vəzifəsində də işləmişdir. Mütəmadi olaraq heroin və metamfetamindən istifadə etmiş, lakin heroin və metamfetamin tapmadıqda ağrılarını azaltmaq məqsədilə metadon həblərindən və marixuanadan da istifadə etmişdir. 13 aprel 2023-cü ildə gecə saat birin yarısı polis əməkdaşları ona küçədə yaxınlaşmış, narkotik vasitələrin istifadəsində şübhəli olduğunu bildiriblər. Özü isə səmimi olaraq narkotik vasitələrin istifadəçisi olduğunu etiraf etmişdir. Daha sonra ona yaşadığı mənzilə baxış keçirməli olduqlarını bildirmişlər, özü isə etiraz etməmiş, yazılı razılıq vermişdir. Polis əməkdaşlarına isə heç bir müqavimət göstərməmişdir. Daha sonra yaşadığı mənzilə baxış keçirilmiş, mənzilindən 30 ədəd metadon həbi, təxminən yeddi qram heroin, üç qram marixuana, dörd qram metamfetamin aşkar edilərək götürülmüşdür. Elektron tərəzi də özünə məxsus olmuşdur. Belə ki, narkotik vasitələri adətən whatsaap proqramı vasitəsi ilə danışdığı şəxslərdən öz istifadəsi üçün pulla almışdır. Bəzən verdiyi pulun qarşılığında daha az qramda narkotik vasitələr ona satmışlar. O isə əlavə xərcə düşməmək üçün əvvəlcədən şərt kəsərək, göndərilən narkotik bükümlərinin şəklini çəkib həmin satıcıya göndərib, göndərdiyi narkotik bükümlərinin eyni olduğunu bildirdikdən sonra özünə məxsus tərəziyə qoyub, çəkisinin şəklini daha sonra göndərərək, verdiyi pulun qarşılığında hansı çəkidə narkotik göndərdiyini dəqiqləşdirib. Belə etməsə imiş, hər dəfə narkotik alanda çəkidə aldanmış, əlavə xərcə düşmüş, zərər etmişdir. Əsasən heroin və metamfetamindən istifadə etmişdir. Metadon həblərin isə heroin və metamfetamin tapmadıqda alıb ağrılarını sakitləşdirmişdir. Ona saxlanılarkən isə heç bir təsir və ya təzyiq edilməmiş, hörmətlə yanaşılmışdır. Yaşadığı mənzildə narkotikləri iki ayrı yerdə saxlamağına səbəb isə o olmuşdur ki, heroin və metamfetamindən mütəmadi istifadə etdiyindən, onları bir yerdə saxlamış, digərlərini isə onlardan ayrı yerdə gizlətmişdir. Mənzilindən dörd növ narkotikin aşkar edilməsinə səbəb isə o olmuşdur ki, tutulmamışdan qabaq heroin və metamfetamin tapa bilməmiş, bu səbəbdən də ağrıları olduğundan bir qədər marixuana və metadon istifadə etmək üçün almışdır. Həmin vaxt heroin və metamfetamin axtarmış, lakin tapılmamış, ona metadon və marixuana almağı məsləhət görmüş bu səbəbdən də metadon və marixuana almış, daha sonra isə heroin və metamfetaminin də olduğunu dedikdə, külli miqdarda heroin və metamfetamin almışdır ki, istifadə etsin, ehtiyyat etmişdir ki, sonra tapa bilməz. Heroin və metamfetamini tutulmamışdan təxminən 10 gün əvvəl almışdır. Əgər satıcı olsa idi, heroini səkkiz qram almışdır, həmin heroini 10 gün ərzində satarmış, ondan aşkar edilmiş heroinin miqdarı bu qədər qalmazmış. 15 il ərzində işlədiyi işdən də məhz narkotik istifadəçisi olduğundan öz xahişi ilə işdən azad edilmişdir. Əməlindən çox peşmandır, məhkəmədən barəsində narkotik vasitə istifadəçisi kimi yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, hazırda Şirvan Şəhər Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 13 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq üzərində və yaşadığı evdə saxlaması, satışı ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşşdur. Bundan sonra rəhbərliyə raportla müraciət etmiş və tərəfindən təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul olunmuşdur. Həmin qərar əsasında əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs 13 aprel 2023-cü il tarixdə, saat 01 radələrində Şirvan şəhəri Xəqani küçəsində saxlanılaraq Şirvan şəhər polis şöbəsinə gətirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin və onların iştirakı ilə video-çəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı bir qanunsuz əşya, predmet və vasitə aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs şəxsi istifadəsi üçün yaşadığı evdə qanunsuz olaraq narkotik və psixotrop maddələr saxladığını səmimi olaraq etiraf etmişdir. Təqsirləndirilən şəxs hər hansı bir etirazının olmadığını bildirmiş və bu barədə ərizə də təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs, onun müdafiəçisi və əməliyyat qrupunun üzvləri ilə birlikdə yaşadığı evə getmişlər. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə başlanılmış və baxış zamanı video-çəkiliş aparılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə yataq otağında dolabçanın içərisində saxladığı bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə, bir ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə, 1 ədəd elektron tərəzi, evin digər otağından isə polietilen torbada olan 3 list cəmi sayı 30 ədəd həb olan metadona bənzrə həblər, 1 ədəd polietilen bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə və 2 ədəd Vüsalın bildirməsinə görə iştah dərmanları aşkar edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş kütlələrin özünə məxsus olduğunu təsdiq etmişdir. Elektron tərəzini isə narkotik vasitələrin və psixotop maddələrin dəqiq çəkisini müəyyən etmək üçün istifadə etdiyini bildirmişdir. Bunlardan əlavə Təqsirləndirilən şəxs evindən başqa qanunsuz əşya, predmet və ya vasitə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin satışı ilə məşğul olması barədə qeyri-rəsmi məlumatlar daxil olsa da, onun narkotik vasitələrin satışı ilə məşğul olması tərəflərindən realizə edilməmiş, satışla bağlı hər hansı bir telefon danışıqları da aşkar edilməmişdir. Təqsirləndirilən şəxs konkret şəxslərə narkotik vasitələr satması ilə bağlı heç bir məlumat daxil olmamış, satışla bağlı ümumi məlumatlar daxil olsa da, məlumatlar öz təsdiqini tapmamışdır. İşdə olan, Şirvan ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 xx.xx.2023-cü il tarixli “Raport”u ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərində, yaşadığı evdə qanunsuz yolla əldə etdiyi, narkotik vasitə gəzdirməkdə, saxlamaqda, istifadə etməkdə və satışında şübhəli olması barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Onun ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş etmişdir. (c İ, i.v 3) İşdə olan, «təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə» xx.xx.2023-cü il tarixli qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair Şirvan ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən qərar qəbul olunmuşdur. (c İ, i.v 4-5) İşdə olan, «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 01:30-da şübhəli şəxs qismində tutulmuşdur. (c İ, i.v 25-26) İşdə olan, xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman hər hansı bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Sorğu zamanı yaşadığı evdə narkotik vasitə və psixotrop maddə saxladığını, həmin predmetləri özünü “Ramil” kimi təqdim edən İran İslam Respublikası vətəndaşından aldığını bildirmişdir. (c İ, i.v 30- 32) İşdə olan, Təqsirləndirilən şəxs tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli ərizdən görünür ki, hal-hazırda yaşadığı ünvanda evinə və otağına baxış keçirilməsinə heç bir etirazı yoxdur. (c İ, i.v 33) İşdə olan, 13 aprel 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yerləşən evinə baxış zamanı yataq otağında dolabçanın içərisində salfetkaya bükülmüş vəziyyətdə 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə, 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə, 01 ədəd elektron tərəzi, evin digər otağından isə polietilen torbada olan 03 list cəmi sayı 30 ədəd həb olan metadona bənzrə həblər, 01 ədəd polietilen bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə və 02 ədəd dərman həbi aşkar edilərək qablaşdırılıb götürülmüşdür. (c İ, i.v 34-36) İşdə olan, materialların məhkəmə ekspertizasının və məhkəmə bioloji ekspertizasının 13 aprel 2023-cü il tarixli 18/414-18/415 №-li rəyindən görünür ki, “... Təqsirləndirilən şəxs yaşadığı ünvanda...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 7,360 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 4,263 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 3,42 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Heroinin təmiz çəkisi 7,360 qram, tədqiqata sərf olundu 0,05 qram, qalıq 7,310 qram, metamfetaminin təmiz çəkisi 4,263 qram, tədqiqata sərf olundu 0,05 qram, qalıq 4,213 qram, marixuananın təmiz çəkisi 3,42 qram, tədqiqata sərf olundu 0,02 qram, qalıq 3,40 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 99,48 manat təşkil edir. (c İ, i.v 46-49) İşdə olan, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(032)-151/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 13 aprel 2023-cü ildən hesablanmışdır. (c İ, i.v 82-88) İşdə olan, xx.xx.2023-cü il tarixli Şirvan şəhər İHB-nın 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayış, xasiyyətnamədən və doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında qeydiyyatdadır. Onun barəsində nümayəndəliyə yazılı və ya şifahi olaraq heç bir şikayət daxil olmamışdır. xx.xx.2016-cı il təvəllüdlü bir uşağı vardır. (c İ, i.v 104-107) İşdə olan, materialların məhkəmə ekspertizasının 01 may 2023-cü il tarixli 6/2501 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Azərbaycan Respublikası DİN “Zərflər üçün №55” möhür əksi, “Şirvan şəhər sakini Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş...” qeydli zərfdəki üzərlərində “Methadone 40...Faran” əmtəə göstəriciləri olan 03 ədəd blisterdə, ümumilikdə 30 ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş dərman tabletlərinin tərkibində təsiredici maddəsinin ümumi miqdarı 1,2 qram (01 tabletdə 0,04 qram) olan narkotik vasitə metadon müəyyən edildi. 01 ədəd kəsik siqaret qutusundakı 02 ədəd tünd bozumtul –yaşıl rəngli dərman tabletlərinin tərkibində nəzarətdə olan maddələr müəyyən edilmədi. Medaton 30 tablet, tədqiqata sərf edil 02 tablet, qalıq 28 tablet, tünd bozumtul-yaşıl rəngli tablet 02 tablet, tədqiqata sərf edildi 01 tablet, qalıq 01 tablet. Aparılmış ekspertiza tədqiqatının dəyəri 110 manat təşkil edir. (c İ, i.v 113-116) İşdə olan, Ambulator məhkəmə-psixiatrik ekspertizasının 06 may 2023-cü il tarixli, 1235 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayəti törədən zaman xroniki psixi xəstəlik, psixi faəliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir, Təqsirləndirilən şəxs cinayəti törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onu idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs istintaqa düzgün ifadə vermək iqtidarındadır. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır, hazırkı psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrini təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərinin dərk etmək və onarı idarə etmək iqtidarındadır, onun məcburi müalicəyə ehtiyacı yoxdur. (c İ, i.v 117-120) İşdə olan, xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı alınmış məlumatlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitlərin və psixotrop maddələrin istifadəsi, eləcə də Şirvan şəhər ərazisində narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmuşdur. Lakin onun konkret olaraq narkotik vasitə və psixotrop maddə satdığı şəxslərin kimliyini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni hansı mənbədən əldə etməsini müəyyən etmək mümkün olmamışdır. (c İ, i.v 142) İşdə olan, xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" LTD MMC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli məktuba əlavə olunmuş 01 ədəd CD formatlı diskə baxış keçirilmiş, diskin içərisində olan fayllarda Təqsirləndirilən şəxs tərəfindən göndərilmiş və ya qəbul edilmiş iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir mesaj aşkar edilməmişdir. (c İ, i.v 151) İşdə olan, məhkəmə-narkoloji ekspertizasının 14 iyul 2023-cü il tarixli 4435 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (c İ, i.v 152-153) İşdə olan, 03 avqust 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evə baxış zamanı aşkar edilərək götürülmüş və 02 ədəd zərfdə qablaşdırılmış tədqiqatdan sonra təmiz çəkisi 7,310 qram qalan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, tədqiqatdan sonra təmiz çəkisi 4,213 qram qalan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, tədqiqatdan sonra təmiz çəkisi 3,40 qram qalan çətənə (kannabis) bitkisindən kustar üsulla narkotik vasitə qurudulmuş marixuana, tədqiqatdan sonra sayı 28 ədəd, ümumilikdə çəkisi 1,12 qram qalan narkotik vasitə metadon həbləri və 01 ədəd elektron tərəzi cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Şirvan ŞPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, 01 ədəd kəsik siqaret qutusundakı 02 ədəd tünd bozumtul-yaşıl rəngli dərman tabletləri onun yaxın qohumuna qaytarılması, şəxsi axtarış və yaşadığı evə baxış keçirilməsi varədə videogörüntü olan 02 ədəd DVD disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınmışdır. (c İ, i.v 154-162) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi dəlillər: saxlanılarkən yaşadığı evindən aşkar edilmiş narkotik vasitələr və psixotrop maddəni yalnız şəxsi istifadəsi üçün yaşadığı evdə saxlamış, satış məqsədi olmamışdır. Təqsirlərdirilən şəxsin irəli sürdüyü dəlillə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsə istinad edilən əməlin tövsifi ilə bağlı ibtidai istintaq orqanının gəldiyi nəticənin düzgün qiymətləndirilməsi üçün işin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının ona elan olunmuş ittihamın dispozitiv əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsi ilə bağlı ardıcıl və məntiqi təhlil aparılmalıdır. Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət obyektiv və subyektiv cəhətlərdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma ilə törədilmədə ifadə olunur. Məhkəmə təqsirləndirilən şəxsin yaşadığı evdən aşkar olunmuş – ittihamda təsvir olunmuş maddələri şəxsi istifadəsi üçün əldə edib saxlaması ilə bağlı ifadəsinə münasibət bildirərək qeyd edir ki, təqsirləndirilən şəxsin bu hissədə də söylədikləri həqiqətə uyğun deyil, onun müvafiq ifadə verməsi isə elan olunmuş ittiham üzrə cinayət məsuliyyətinin yüngülləşdirilməsinə hesablanmışdır. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitə heroini, külli miqdara psixotrop maddə metamfetamini, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə metadonu və narkotik vasitə qurudulmuş marixuananı yaşadığı evin yataq otağında və digər otağında saxlamışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır, eyni zamanda təqsirləndirilən şəxsin həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri ilə də tam təsdiq edilir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini, külli miqdara psixotrop maddə metamfetamini, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə metadonu və narkotik vasitə qurudulmuş marixuananı əldə edərkən, eləcədə yaşadığı evdə saxlamaqda məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Bu hissədə qeyd olunmalıdır ki, məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 01:30 radələrində yaşadığı evin yaxınlığında polis əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Şirvan Şəhər Polis Şöbəsinə aparılmış və orada onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə və psixotrop maddə saxladığını, həmin predmetləri özünü “Ramil” kimi təqdim edən İran İslam Respublikası vətəndaşından aldığını bildirmiş, habelə həmin gün saat 02:00-03:00 radələrində Şirvan şəhəri, Xəqani küçəsi ev 133 ünvanında yaşadığı evə baxış keçirilərkən evin yataq otağındakı dolabçanın içərisindən salfetkaya bükülmüş 01 ədəd bükümdə təmiz çəkisi 7,360 qram narkotik vasitə heroin, 01 ədəd bükümdə təmiz çəkisi 4,263 qram psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi, evin digər otağından isə polietilen torbanın içərisində 01 ədəd bükümdə təmiz çəkisi 3,42 qram narkotik vasitə qurudulmuş marixuana və ümumilikdə 30 ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş dərman tabletlərinin tərkibində təsiredici maddəsinin ümumi miqdarı 1,2 qram (01 tabletdə 0,04 qram) olan narkotik vasitə metadon aşkar edilmiş, lakin Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində heç kəsə narkotik vasitə satmadığını, aşkar edilmiş maddələri öz şəxsi istifadəsi üçün əldə etdiyini iddia etmişdir. Məhkəmə bu hissədə Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri inandırıcı saymayaraq belə hesab edir ki, o, qeyd edilən məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cazadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, aşkar edilmiş narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından dəfələrlə (heroinin təxminən 49 dəfə, metamfetaminin təxminən 28 dəfə), külli miqdarın aşağı həddindən isə çox olub külli miqdar təşkil etməsi, metadonun isə şəxsi istehlak miqdarından dəfələrlə (təxminən 60 dəfə) çox olması, maddələrin dörd növdə olmaqla, həmin maddələrin yanında elektron tərəzi saxlaması, təqsirləndirilən şəxsin isə yalnız opioidlərin və psxiostimulyatorların qəbulundan yaranan asılılığının olması kimi işin faktiki hallarını məhkəmə nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də aşkar edilmiş narkotik vasitələri və psixotrop maddəni məhz satış məqsədi ilə qanunsuz şəkildə əldə etmişdir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməl Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci, 12 (a), 13-cü bəndlərinə və Siyahıların 2-ci Siyahısının 67-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin külli miqdar, təmiz halda 5 (beş) qramdan artıq çəkidə narkotik vasitə qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar, 500 (beş yüz) qramdan artıq çəkidə külli miqdar, təmiz halda 0,02 qramdan artıq çəkidə narkotik vasitə metadon şəxsi istehlak miqdarından artıq miqdar, 1,6 qramdan artıq çəkidə külli miqdar təşkil edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə az ağır və ağır cinayət kateqoriyasına aiddir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, əməlini səmimi etiraf etməsini və peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Habelə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olmasını və ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə müəyyən müddətə ən aşağı həddə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun faktiki həbsə alındığı andan, 13 aprel 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınaraq Şirvan Şəhər Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7,310 qram narkotik vasitə heroin, 3,40 qram narkotik vasitə marixuana, 4,213 qram psixotrop maddə metamfetamin, 28 ədəd metadon həbləri və bir ədəd elektron tərəzi məhv edilməli, iş materiallarında olan şəxsi axtarış və götürmə, eləcə də baxış keçirmə və götürmə zamanı aparılmış videoçəkilişləri özündə əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan olan 209,48 (iki yüz doqquz manat, qırx səkkiz qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 13 aprel 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Şirvan Şəhər Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7,310 qram narkotik vasitə heroin, 3,40 qram narkotik vasitə marixuana, 4,213 qram psixotrop maddə metamfetamin, 28 ədəd metadon həbləri və bir ədəd elektron tərəzi məhv edilsin. İş üzrə maddi sübut olan və iş materiallarında olan şəxsi axtarış və götürmə, eləcə də baxış keçirmə və götürmə zamanı aparılmış videoçəkilişləri özündə əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-209,48 (iki yüz doqquz manat, qırx səkkiz qəpik) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev
Məhkəmə qərarları › İş №1(099)-707/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-707/2023
06.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver