Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-710/2022 08.12.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X4, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxx 1967-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olan, Salyan şəhəri, T.Xəlilbəyli küçəsi, ev 5-də qeydiyyatda olmaqla Salyan şəhəri, A.Ağabəyli küçəsi, ev 1, mənzil 7-də yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda-10,030 qram narkotik vasitə olan heroini əldə edib, saxlayıb üzərində daşıyarkən, daxil olmuş əməliyyat məlumatı əsasında Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 06 avqust 2022-ci il tarixdə, saat 15 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Salyan şəhəri, A.Ağabəyli küçəsində saxlanılıb üzərində şəxsi axtarış zamanı əynindəki şalvarının cibindən bir bükümdə 10,030 qram heroin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, evlidir və ailəsi ilə birlikdə Salyan şəhəri, T.Xəlilbəyli küçəsi, ev 5-də qeydiyyatda olmaqla Salyan şəhəri, A.Ağabəyli küçəsi, ev 1, mənzil 7-də yaşamışdır. Əvvəllər işləsə də, son bir neçə il heç bir yerdə işləməmişdir. Uzun müddətdir ki, narkotiklərdən istifadə etməyə başlamış, əsasən də heroindən istifadə etmişdir. 2006-cı ildə narkotik maddə əldə edib saxladğına görə məhkum olunmuş, 2019-cu ilin mart ayında cəzası başa çatdığı üçün cəzaçəkmə yerindən azadlığa buraxılmışdır. Bədənində ağrıları olduğu üçün heroindən istifadə etsə də, narkotiklərin satışı ilə məşğul olmamışdır. 06 avqust 2022-ci il tarixdə, yaşadığı evin yaxınlığında küçədə (Salyan şəhəri, A.Ağabəyli küçəsində) bir neçə polis əməkdaşı tərəfindən tutulub yaşadığı evə (mənzilə) aparılmışdır. Tutulan vaxt üzərində heç bir narkotik maddə olmamışdır. Evində Elman adlı polis əməkdaşı stolun üstünə bir bükümdə heroin qoyub üzərinə götürməsini tələb etmiş, əks təqdirdə evindən daha çox narkotik çıxacağını bildirmişdir. Bu səbəbdən o, polis əməkdaşları ilə razılaşmışdır ki, ona təqdim olunan heroinin özünə məxsus olmasını bildirəcəkdir. Sonra polis əməkdaşı Elman bir bükümdə olan bükümü onun cibinə qoymuşdur. Bundan sonra polis əməkdaşları onu Salyan RPŞ-nə aparmışlar. Şöbədə müstəntiq tərəfindən vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə üzərində axtarış aparılmışdır. Axtarış zamanı bir az əvvəl polis əməkdaşının cibinə qoyduğu bir bükümdə olan heroini çıxarıb təqdim edib həmin heroini istifadəsi üçün əldə edib saxladığını bildirmişdir. Əslində isə aşkar olunan heroin özünə məxsus deyil, həmin heroini cibinə polis əməkdaşı Elman adlı şəxs qoymuş və polislərin ona qarşı təzyiqləri olduğu üçün o, həmin heroinin özünə məxsus olmasını, heroini tanış olduğu İran vətəndaşı Nemət adlı şəxsdən aldığını bildirmişdir. O, İran vətəndaşı olan Nemət adlı şəxsi tanımamış, ifadəsində Nemət adlı şəxsdən heroin alması barədə yazılanları təsdiq etmir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, o uzun müddətdir ki, narkotiklərdən istifadə etməyə başlamış, əsasən də heroindən istifadə etmişdir. Əvvəllər narkotiklə bağlı məhkum olunmuşdur. Məhkum olunduğu dövrdə cəzaçəkmə müəssisəsində İran vətəndaşı Nemət adlı şəxslə tanış olmuş, azadlığa çıxdıqdan sonra onunla mobil telefonda vatsapla əlaqə saxlamışdır. 23 iyul 2022-ci il tarixdə mobil telefonla iranlı Nemətlə danışarkən o, Bakı şəhərində olduğunu, fürsət olan kimi onunla görüşəcəyini demişdir. Həmin vaxt o, ağrılarının olduğunu və istifadə etmək üçün narkotik maddə istədiyini Nemətə bildirmiş, Nemət də narkotik maddə təşkil edəcəyini demişdir. İki gün sonra, yəni iyulun 25-də, saat 19 radələrində Nemət onunla vatsapla əlaqə saxlayıb köhnə Ələt-Astara avtomobil yolunun üzərində, Salyan rayonunun ərazisində olan, köhnə YPX-i postunun yaxınlığında yerləşən “Qutab-ayran” kafesinin yanında iri gövdəli ağacın kənarında sellofan bükümdə “kakos”, yəni heroin olduğunu, gedib həmin yerdən heroini götürə biləcəyini demişdir. Buna görə Nemət ondan heç nə istəməmiş, həmçinin ora heroini Nemətin nə vaxt və necə qoyması barədə məlumatı olmamışdır. Həmin gün saat 20 radələrində o, Nemətin dediyi yerə gedib oradan bir bükümdə heroini götürmüş və sonrakı günlərdə heroini üzərindən saxlamaqla az-az istifadə etməyə başlamışdır. 06 avqust 2022-ci il tarixdə, saat 15 radələrində Salyan şəhəri, A.Ağabəyli küçəsi ilə yaşadığı binaya tərəf gedərkən polis əməkdaşları onu saxlayıb narkotik vasitələr əldə edib saxlamaqda şübhəli olduğu bildirilib Salyan RPŞ-nə aparılmışdır. Polis şöbəsində müstəntiq tərəfindən müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı özü əynindəki şalvarının cibindən içərisində heroin olan bir ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Şifahi sorğu zamanı o, heroin kütləsinin özünə məxsus olmasını, tanışı Nemət adlı İran vətəndaşı vasitəsilə əldə etdiyini və özünün şəxsi istifadəsi üçün üzərində saxladığını, narkotik maddəni əldə etdikdən sonra iranlı Nemət adlı şəxsin mobil nömrəsini telefonundan sildiyini bildirmişdir. Aşkar olunmuş heroin kütləsi elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb müstəntiq tərəfindən götürülmüş, sonra sənədləşmə aparılmışdır. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş, eləcə də digər sənədlər tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsində üzərində aşkar olunmuş heroini iranlı tanışı Nemət adlı şəxsdən alması barədə yazılanları təsdiq etmir. Tutulan vaxt üzərində narkotik maddə olmamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olduğu üçün o, üzərində aşkar olunmuş heroinin özünə məxsus olduğunu bildirmişdir. Əslində üzərində aşkar olunmuş heroini üzərinə polis əməkdaşı qoymuşdur. Üzərində aşkar olunmuş heroinlə bağlı ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir, lakin narkotikdən istifadə etdiyi üçün özünü təqsirli bilir və əməlindən peşmandır Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübut, ekspert rəyləri və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, Salyan RPŞnin əməkdaşıdır. 06 avqust 2022-ci il tarixdə Salyan RPŞ-nin əməkdaşı X6 şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik maddələr əldə etməsi, istifadəsi və üzərində daşıması barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması üçün özünün də daxil olduğu əməliyyat qrupu yaradılmış və həmin gün saat 15 radələrində təxirəsalınmaz əməliyyat-axtarış tədbiri keçirilmişdir. Keçirilmiş əməliyyt tədbiri nəticəsində Təqsirləndirilən şəxs Salyan şəhəri, A.Ağabəyli küçəsində saxlanılıb ona qanunsuz olaraq narkotik maddələr əldə edib üzərində gəzdirməsində şübhəli olduğu bildirilib Salyan RPŞnə aparılmışdır. Polis şöbəsində müstəntiq Şəhriyar İbrahimov tərəfindən vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarının cibindən bir ədəd büküm çıxarıb təqdim edib bükümün içərisində heroin olduğunu, özünün istifadəsi üçün üstündə saxladığını bildirmişdir. Həmin bükümün içərisində heroinə oxşar kütlə aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş heroini bir müddət əvvəl tanışı iranlı olan Nemət adlı şəxsin vasitəsilə əldə etdiyini və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş kütlə elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb müstəntiq tərəfindən götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq göstərilməmiş, həmçinin üzərində axtarış zamanı Təqsirləndirilən şəxs hər hansı şikayəti və ya narazılığı olmamışdır. Məhkəmə iclasında Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan, Salyan RPŞ-nin əməkdaşının 06 avqust 2022-ci il tarixli “Raport”u ilə müəyyən olunur ki, Salyan şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, saxlaması, istifadəsi və daşıması barədə əməliyyat məlumatı daxıl olmuşdur. İşdə olan, Salyan RPŞ-nin əməkdaşının 06 avqust 2022-ci il tarixli “Raport”u ilə müəyyən olunur ki, daxil olmuş əməliyyat məlumatına əsasən Salyan RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 06 avqust 2022-ci il tarixdə, saat 15 radələrində Salyan şəhəri, A.Ağabəyli küçəsində saxlanılıb şöbəyə gətirilmişdir. İşdə olan, “Şəxsi axtarış keçirilməsi və götürmə aparılması barədə” 06 avqust 2022ci il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Salyan RPŞ-nin İB-nin müstəntiqi Şəhriyar İbrahimov tərəfindən müdafiəçi Elnur Musayevin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarının cibindən bir ədəd büküm çıxarıb təqdim etmişdir. Təqdim olunmuş bükümün içərisində heroinə oxşar kütlə aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunan kütlənin heroin olduğunu və şəxsi istifadəsi üçün əldə edib üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş kütlə elektron tərəzidə çəkilmiş, sonra həmin kutlə qablaşdırılıb götürülmüşdür. Şəxsi axtarışla bağlı aparılmış videoçəkliş bir ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə fiziki-kimyəvi ekspertizasının 07 avqust 2022-ci il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində “... Təqsirləndirilən şəxs üzərindən ...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi-10,030 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Ekspertiza tədqiqatına sərf olunduqdan sonra qalıq heroin 9,980 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 31 (otuz bir) 95 qəpik manat təşkil edir. İşdə olan, “Maddi sübut kimi tanıma haqqında” 09 avqust 2022-ci il tarixli qərarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq 9,980 qram heroin iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübut saxlanılması üçün Salyanı RPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. İşdə olan, “Salyan Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin 13 avqust 2022-ci il tarixli arayışı ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs 2006-cı ildən xəstəxananın narkoloji kabinetdə “Tiryək narkomaniyası” diaqnozu ilə dispanser qeydiyyatdadır. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 08 avqust 2022-ci il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. İşdə olan, “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrıca icraata ayrılması və icraata qəbul edilməsi haqqında” 25 oktyabr 2022-ci il tarixli qərarla müəyyən edilir ki, cinayət işinin materiallarından Təqsirləndirilən şəxs narkotik maddəni əldə etmə mənbəyi ilə bağlı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutu, ekspertiza rəyləri digər sənədləri sübut növü kimi qəbul edir. Habelə iş üzrə şahidlər Şahid1 və Şahid2 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (saxlanılarkən üzərində narkotik maddənin olmaması, üzərindən aşkar olunmuş bir ədəd bükümdə olan heroinin ona məxsus olmaması, həmin heroini üzərinə polis əməkdaşının qoyması, tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlərin olmasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni saxlanılarkən üzərində narkotik maddənin olmaması, üzərindən aşkar olunmuş bir ədəd bükümdə olan heroinin ona məxsus olmaması, həmin heroini üzərinə polis əməkdaşının qoyması, tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlərin olmasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1 və Şahid2 ifadələri, maddi sübut, ekspertiza rəyləri məlumatlar və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən şəxsi axtarışın keçirilməsi ilə bağlı aparılmış videoçəkilişlə, eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri ilə (həmin ifadələrində və üzərində şəxsi axtarış zamanı o, üzərində aşkar olunmuş bir ədəd bükümdə olan heroinin özünə məxsus olmasını və həmin heroini şəxsi istifadəsi üçün əldə edib üzərində saxladığını bildirmişdir) tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Həmçinin müdafiə tərəfinin fikrincə ibtidai istintaq zamanı narkotik maddənin Təqsirləndirilən şəxs məxsus olmasına dair verdiyi və sonradan ittihamın əsasını təşkil edən, həmin narkotik maddənin ona məxsus olmasına dair ifadəsini o, hədə-qorxu nəticəsində, yəni polis əməkdaşlarının ona qarşı təzyiqləri nəticəsində vermişdir. Məhkəmə hesab edir ki, müdafiə tərəfinin bu fikirləri əsassızdır. Belə ki, cinayət prosessual qanunvericiliyinə əsasən təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət təqibini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Lakin işdə olan sənədlərlə müəyyən edilir ki, Təqsirləndirilən şəxs tutulduqdan sonra hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə təmin olunmuş və ibtidai istintaq dövründə nə təqsirləndirilən şəxs, nə də onun müdafiəçisi yuxarıda göstərilən hallarla və ya digər hər hansı bir hallarla bağlı şikayətlə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər. Əksinə təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanının vəsatətinə Salyan Rayon Məhkəməsində (məhkəmə nəzarətini həyata keçirən məhkəmə) baxılarkən Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə özünü təqsirli bilib ittihama uyğun ifadə vermişdir. Qeyd olunanlara əsasən məhkəmə müdafiə tərəfinin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs özünə qarşı verdiyi ifadənin məhz hədə-qorxu nəticəsində əldə edilməsinə dair dəlili əsassız hesab edir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməli törətməsi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin” olan maddə narkotik vasitələrdir. Heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs əldə etdiyi 10,030 qram narkotik vasitə olan heroin şəxsi istehlak miqdarından artıq olmaqla külli miqdar təşkil edir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübut və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda heroin əldə etmiş, saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 234.1-1-ci maddəsi ilə tövsif edilmişdir. İşdə olan, Salyan Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli tutulduğu vaxtdan-06 avqust 2022-ci il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə və məhkəmə hökmünün surəti ilə müəyyən edilir ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 01 avqust 2006-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 13 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 19 mart 2019-cu ildə cəzasının sonu ilə azad olunmuşdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən (ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu olmayan hesab edilir) 01 avqust 2006-cı il tarixli hökm üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Ona görə də hazırda o, məhkumluğu olan şəxsdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən ağır cinayət törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətin təhlükəli residivi yaranır. Beləliklə, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən ağır qəsdən cinayət törətdiyindən onun bu əməli cinayətin təhlükəli residivini yaradır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən cinayət törətdiyindən onun bu əməli cinayətin residivi yaratdığından ona CM-nin ittiham olunduğu maddə üzrə cəza təyin edilərkən CM-nin 65.2ci maddəsinə əsasən təhlükəli residivə görə cəza təyin edilməli, habelə cinayətin residivi cəzanı ağırlaşdıran hal kimi də nəzərə alınmalıdır. İşdə olan, Salyan rayon İHB-nın Salyan şəhər İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 12 avqust 2022-ci il tarixli arayış, xasiyyətnamə və digər sənədlərə əsasən Təqsirləndirilən şəxs Salyan şəhəri, T.Xəlilbəyli küçəsi, ev 5-də qeydiyyatda olmaqla Salyan şəhəri, A.Ağabəyli küçəsi, ev 1, mənzil 7-də yaşamış və yaşayış yeri üzrə qənaətbəxş xarakterizə olunur. İş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar (CM-nin 59-cu maddəsində göstərilən və başqa) yoxdur. Habelə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olması CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran haldır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun CMnin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı ağırlaşdıran halı, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Həmçinin CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təhlükəli residivə görə cəza təyin edilməli, yəni ona 234.1-1-ci maddəsi üzrə müəyyən edilmiş daha ciddi cəza növü-azadılqdan məhrumetmə cəzasının son həddinin üçdə ikisindən az olmamalıdır. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.3cü maddəsinə əsasən (cinayətlərin residivi nəzərə alınmaqla məhkum olunmuş şəxslər üçün) ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 06 avqust 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 93.1.2-ci maddəsi tətbiq edilməli o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunmalı və yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Salyan RPŞ-nin maddi sübutlar otağında saxlanılan 9,980 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X2 X3 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza tədqiqatı xərci-31 (otuz bir) manat 95 qəpik Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 06 avqust 2022-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun. İş üzrə maddi sübut olan və Salyan Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 9,980 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-31 (otuz bir) manat 95 qəpik məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-710/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-710/2022
08.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver