Məhkəmə qərarları › İş №1(099)-711/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-711/2022

15.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-711/2022 15.12.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Nizami Fərzi oğlu (sədrlik edən), Musayev Aqil Əlisa oğlu və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı2 və müdafiəçi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1975-ci ildə Cəlilabad rayonu Kövüzbulaq kəndində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, əvvəllər Cəlilabad Rayon Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 07 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Cəlilabad rayonu Kövüzbulaq kəndində qeydiyyatda olmaqla, orada yaşayan və barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 2022-ci ilin aprel ayın əvvəllərində satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külli miqdarda, ümumi təmiz çəkisi 281,266 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini və tərkibində təsiredici maddəsinin hər həbində 0,04 qram olmaqla, ümumi miqdarı 0,8 qram təşkil edən 20 ədəd narkotik vasitə metadon həblərini əldə edərək kirayə yaşadığı ünvan 1 ünvanına daşımış, narkotik vasitənin satışını realizə etmək üçün 29 aprel 2022-ci il tarixdə həmin narkotik vasitə olan heroindən bir bükümdə ümumi 102,547 qramını götürüb üzərində saxlamaqla daşımış, qalan bir ədəd bükümdə ümumi təmiz çəkisi 178,719 qram narkotik vasitə heroini və 20 ədəd narkotik vasitə metadon həblərini yaşadığı evin yataq otağındakı çarpayıda olan döşəyin altında gizlədərək saxlamış, bu barədə əməliyyat məlumatı almış Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 şöbəsinin əməkdaşlarının həmin gün saat 12:00-da keçirtdikləri əməliyyat tədbirləri nəticəsində Cəlilabad şəhəri, Qurtuluş prospektində yerləşən Şəhidlər Xiyabanının yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 şöbəsinə gətirilmiş, üzərində şəxsi axtarış aparılan zaman əynindəki şalvarın sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 102,547 qram narkotik vasitə heroin aşkar olunaraq götürülmüş, əməliyyat tədbirinin davamı olaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 şöbəsinin əməkdaşları tərəfindən həmin gün onun kirayə yaşadığı ünvan 2 ünvana baxış keçirilərkən mənzilin yataq otağındakı çarpayıda olan döşəyin altında saxladığı bir ədəd bükümdə ümumi təmiz çəkisi 178,719 qram narkotik vasitə heroin, tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,8 qram olan 20 ədəd narkotik vasitə metadon həbləri və üzərində heroin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o 1996-cı ildə İrana getmiş və 2020-ci il tarixdə İrandan qayıtmışdır. Ailə-uşağı isə orada qalmışdır. Onda 1996-cı ilin sənədləri olduğundan, sənədlərini düzəltmək üçün ora-bura müraciət etmişdir. İşləri düz getmədiyinə görə sıxılmağa başlamış, sıxıldığına görə narkotik vasitələrdən istifadə etməyə başlamışdır. Sonra onu polis əməkdaşları Cəlilabad rayonunda tutmuşlar. Orada İranda yaşadığı üçün qabağına 5 kilo narkotik qoymuşlar. Həmin vaxt onun üzərində narkotik olmamışdır. Bir çet üstünə qoyaraq, sənədləşdirib onu buraxmışlar. Hadisə olan günü Rəhim adlı polis işçisi ona kömək edəcəyini, sənədlərini alıb gedəcəyini demiş, onu Lənkərana şəhərinə gətirib, orada əlillər üçün olan binada ona ev tutmuşdur. İki həftdə orada olduqdan sonra başına bu iş gəlmişdir. Cəlilabad rayon məhkəməsində açılış məhkəməsi olduqdan sonra, o məhkəmədən çıxıb, taksi ilə Cəlilabad dairəsinə getmiş, orada düşən kimi onu regional idarənin əməkdaşları saxlayaraq Lənkəran regional şöbəyə gətirmişlər. Orada onu rəis qəbul edərək, onunla Səfər müəllimin məşğul olacağını, uşaqların onu başa salacaqlarını demiş, 2-3 saat keçəndən sonra əməliyyatçılardan biri bir büküm onun qabağına qoyaraq 120 qramdır, 10 kilo olmalı idi amma məsləhət belə oldu demişdir. Sonra da onu kirayədə yaşadığı evə apararaq, həmin evə də narkotiki özləri qoyduqdan sonra çəkliş aparmışlar. Videoçəkilş olub videoçəklişdə qəbul edib etiraf etmişdir. İstintaq verdiyi ifadəni özü imzalamışdır. X8 döyməmişlər, ona fiziki təsir göstərməmişlər. Məhkəmədə CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və hazırki məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) təqsirləndirilən şəxs X4 ibtidai istintaq zamanı vəkilinin iştirakı ilə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vəkilinin iştirakı ilə dindirilərkən ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o narkotik vasitələrdən istifadə etdiyi üçün 26 yanvar 2022-ci il tarixdə Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulmuş, üzərindən narkotik vasitə aşkarlandığı üçün CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. 2022-ci ilin aprel ayında işi Cəlilabad rayon Məhkəməsinə göndərmişlər. O narkotik vasitələrdən istifadə etdiyi üçün qərara gəlmişdir ki, Lənkəran şəhərinə köçüb bir ev tutub orada narkotik vasitələrdən istifadə etsin. Ona görə də, 2022-ci ilin mart ayında ünvan 3 ünvanı kirayə götürüb orada tək yaşamağa başlamışdır. Həmin evdə hərdən narkotik vasitələrdən istifadə etmişdir. Təxminən 2022-ci ilin aprel ayın əvvəllərində Cəlilabad şəhərində üzdən tanıdığı və adını bilmədiyi şəxsdən 600 manat verməklə təxminən 300 qrama yaxın bir bükümdə heroin və 20 ədəd metadon həblərini almışdır. Ona narkotik vasitəni öz istifadəsi üçün aldığını demişdir. O aldığı narkotik vasitə heroini və metadon həblərini kirayə yaşadığı Lənkəran şəhərinə gətirib evdə saxlamışdır. Həmçinin heroini alanda özündə olan elektron tərəzidə çəkib almışdır. Tərəzini də ondan əvvəl Cəlilabad şəhərində almışdır. 29 aprel 2022-ci il tarixdə öz şəxsi işi ilə bağlı Cəlilabad şəhərinə getmişdir. Gedərkən özü ilə həmin heroindən biraz götürüb sellofana qoyub üzərində saxlamışdır. Həmin gün saat 12 radələrində Cəlilabad şəhəri Şəhidlər Xiyabanının yaxınlığında hərəkətdə olduğu zaman bir avtomobil gəlib yanında saxlamış və avtomobildən bir neçə şəxs düşüb, ona Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 şöbənin əməkdaşları olduqlarını və üzərində narkotik vasitələrin gəzdirməsində şübhəli olduğunu bildirərək onu regional şöbəyə dəvət etmişlər. Orada şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin olunmuşdur. Daha sonra videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona təklif edilmişdir ki, üzərində qanunla qadağan edilmiş əşya və narkotik vasitə varsa təqdim etsin. O əynində olan şalvarının sağ yan cibindən bir sellofanda olan heroini çıxarıb təqdim etmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən özünə məxsus “Redmi” markalı mobil telefonu və kirayədə yaşadığlı evin açarını götürmüşlər. Heroin elektron tərəzidə çəkmişdir və çəkisi 105,41 qram olmuşdur. Narkotik vasitə heroin bir ədəd zərfə qoyularaq qablaşdırılmış və zərfin üstü imzalarla təsdiq olunaraq möhürlənmişdir. Bu barədə protokol tərtib edilmişdir. Protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. O polis əməkdaşlarına bildirmişdir ki, kirayə qaldığı evdə də, narkotik vasitə vardır. Ona görə də, polis əməkdaşları kirayə qaldığı mənzilə də baxış keçirtmək istədiklərini demişlər. O etiraz etməmiş və bu barədə ərizə də yazmışdır. Sonra polis əməkdaşları ilə birlikdə kirayə qaldığı mənzilə getmişlər. Qapını o açmış və içəri daxil olmuşdur. Polis əməkdaşları evdə narkotik vasitə saxlamağını soruşduqda o demişdir ki, narkotik vasitə heroini və metadon həblərini yaşadığı mənzildə yataq otağında çarpayıda olan döşəyin altına qoymuşdur. Polis əməkdaşı həmin yeri göstərməyini təklif etmişdir. O həmin yerdən bir bükümdə narkotik vasitə heroini, 20 ədəd metdon həblərini və bir ədəd elektron tərəzini təqdim etmişdir. Polis əməkdaşı evə baxış keçirtmiş və evdən başqa heç nə aşkarlanmamışdır. Həmin heroin elektron tərəzidə çəkilmişdir. Heroinin kütləsi 184 qram olmuşdur. Narkotik vasitə heroin, metadon həbləri və elektron tərəzi qablaşdırılmış, möhürlənmiş və götürülmüşdür. Sonra regional şöbəyə qayıtmışlar və orada protokol tərtib edilmişdir, doğruluğunu imzalarla təsdiq etmişlər. Sonra ondan izahat almışlar. O əldə etdiyi narkotik vastə heroindən və metadon həbindən satmamışdır. Onları öz istifadəsi üçün əldə etmişdir. Törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmədə Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməlini törətməsi özünün məhkəmədə elan olunmaqla tədqiq edilmiş ibtidai istintaq zamanı vəkilinin iştirakı ilə verdiyi ifadəsi ilə yanaşı, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, məhkəmədə tədqiq edilmiş ekspertiza rəyləri, əldə olunmuş maddi sübutlar, sənədlər və işin faktiki halları ilə ona tamamilə sübutdur. Belə ki, dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 Şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 29 aprel 2022-ci il tarixdə Cəlilabad rayonu Kövüzbulaq kəndində qeydiyyatda olmaqla, Lənkəran şəhəri Ş.Xiyabanı küçəsində kirayədə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə, psixotrop maddə, habelə onların prekursorlarını əldə etmə, saxlama, daşıması və satması barədə məlumat daxil olmuşdur. Həmin gün saat 12 radələrində Təqsirləndirilən şəxs Cəlilabad şəhəri Qurtuluş prospektində yerləşən Şəhidlər Xiyabanı ərazisində piyada hərəkətdə olduğunu görüb ona yaxınlaşıb özlərini təqdim edərək, külli miqdarda narkotik vasitələrin qanunsuz satması və üzərində gəzdirməsi barədə məlumat olduğunu deyib onu Lənkəran şəhərində yerləşən X7 dəvət etmişlər. Orada vəkilin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman ona üzərində narkotik vasitə və qanunla qadağan edilmiş hər hansı bir əşya varsa tədim etməsi təklif olunmuş, o da şalvarının cibindən bir ədəd içərisində heroinə bənzər kütlə olan bükümü təqdim etmişdir. Daha sonra Abdullanın üzərinə şəxsi axtarış keçirilmiş, onun üzərindən bir ədəd “Redmi” markalı mobil telefon, 8 manat pul və 1 ədəd ev açarı aşkar edilmişdir. Heroin tərəzidə çəkilərək qablaşdırılmışdır. Sorğu zamanı Abdulla üzərindən aşkar edilmiş heroinin özünə məxsus olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını həmçinin Lənkəran şəhəri Ş.Xiyabanı küçəsində yerləşən kirayə qaldığı mənzildə də narkotik vasitə olduğunu bildirmişdir. Bu barədə regional şöbədə protokol tərtib edilmiş və doğruluğunu imzalarla təsdiq etmişlər. Bundan sonra onun kirayə yaşadığı Lənkəran şəhəri Ş.Xiyabanı küçəsindəki evinə getmişlər. O özü evin qapısını açıb içəri daxil olmuşdur. Evə videoçəkilişlə baxış keçirməyə başlanılmışdır. Əvvəlcə Təqsirləndirilən şəxs narkotik vasitə olduğu yeri göstərməsi təklif olunmuş, o yataq otağında çarpayının üzərindəki döşəyin altına qoyduğu 1 bükümdə heroinə bənzər kütləni, 20 ədəd metadon həbilərini və 1 ədəd elektron tərəzini təqdim etmişdir. Həmin narkotik vasitə heroinə bənzər kütlə elektron tərəzidə çəkilərək qablaşdırılmışdır. Bundan sonra mənzilə baxış keçirilmiş və başqa hər hansı cinayət xarakterli əşya və predmet aşkar olunmamışdır. Bundan sonra onlar regional şöbəyə gəlib, orada protokol tərtib etmişlər. Dindirilmiş Şahid3 və Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verərək göstərilən xüsusatları təsdiq etdilər. İşdə olan Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 Şöbəsinin baş əməliyyat müvəkkili Xəyal Abışovun tərtib etdiyi 29 aprel 2022-ci il tarixli təqrirdən görünür ki, Cəlilabad rayonu, Kövüzbulaq kəndində doğulmuş və Lənkəran şəhəri Şəhidlər Xiyabanı küçəsi, ev 46/18 mənzil 4-də kirayədə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə və onların prekursorlarını əldə etmə, daşıma və satması bildirilir. Cinayət işinin materiallarında olan 29 aprel 2022-ci il tarixli, şəxsi axtarış və götürmə aparılması haqqında istintaq hərəkəti protokolun dan görünür ki, Təqsirləndirilən şəxs bir bükümdə 105,41 qram narkotik vasitə heroin aşkar olunaraq götürülmüş, o həmin narkotik vasitəni özünə məxsus olduğunu və istifadəsi üçün üzərində saxladığını göstərmişdir. Məhkəmədə protokola əlavə olunmuş qeyd edilən şəxsi axtarış və götürmə istintaq hərəkətinin qeydə alındığı DVD-R diskdə olan görüntülər nümayış etdirilərkən də protokolda göstərilənlər öz təstiqini tapır. İşdə olan 29 aprel 2022-ci il tarixli baxış keçirilməsi və götürmə aparılması haqqında istintaq hərəkəti protokolundan görünür ki, Təqsirləndirilən şəxs kirayə qaldığı mənzildən bir bükümdə 184 qram narkotik vasitə heroin, 20 ədəd metadon həbləri və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüş, o həmin narkotik vasitələrin və elektron tərəzinin özünə məxsus olduğunu və narkotik vasitələri istifadəsi üçün mənzildə saxladığını göstərmişdir. Məhkəmədə protokola əlavə olunmuş qeyd edilən baxış keçirilməsi və götürmə istintaq hərəkətinin qeydə alındığı DVD-R diskdə olan görüntülər nümayış etdirilərkən də protokolda göstərilənlər öz təsdiqini tapır. Məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 30 aprel 2022-ci il tarixli 19/535 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd zərfdəki 1 ədəd bağlamada təmiz çəkisi -102,547 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs evindən aşkar olunmuş zərfdəki 1 ədəd bağlamada təmiz çəkisi 178,719 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri vardır. Heroin iz şəklində olduğuna görə, çəkisini və tədqiqata təqdim edilmiş heroinlərlə müqayisəli tədqiqat (eynilik) aparmaq mümkün olmamışdır və 02 ədəd konvalyutda hər birində 10 ədəd olmaqla ümumi sayı 20 ədəd olan qəhvəyi rəngli dairəvi formalı həblər metadondurlar, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-birləri ilə eynidirlər, həblərin təsiredici maddəsinin ümumi miqdarı 0,8 qramdır (bir həbdə 0,04 qr). Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunmuş 2 büküm ümumi ümumi təmiz çəkisi 281,266 qram olan heroinlər xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Məhkəmədə tədqiq edilmiş 26 sentyabr 2022-ci il tarixli 1001 nömrəli ambulator məcburi narkoloji tibbi yoxlama rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs Opioidlərin qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində 04 aprel 2022-ci ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durur. İşdə olan 25 iyun 2022-ci il tarixli 518 nömrəli arayışdan görünür ki, Abbasov X3 şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda yoxdur. Lənkəran Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası DİN BNMİ X5 şöbəsinin baş əməliyyat müvəkkili polis mayoru Şahid1 “Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair” 29 aprel 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ifadəsində onun üzərində və kirayədə yaşadığı evdə aşkar olunaraq götürülmüş heroin və metadonların ona aid olmadığını, onların polis əməkdaşları tərəfində qoyulduğunu bildirmişdir. Məhkəmə onun bu ifadəsini özünü müdafiə məqsədi daşımaqla məhkəmədə heç bir sübutla təsdiq edilmədiyindən və işin hallarına uyğun gəlməyən ifadə olduğundan habelə məhkəmədə tədqiq edilmiş sübutlarla tamamilə təkzib edildiyindən həmin ifadəyə tənqidi yanaşır və sübut kimi qəbul etmir. Belə ki, işdə olan vəkilinin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və kirayə yaşadığı evə baxış keçirilməsi haqqında istintaq hərəkəti protokolları, məhkəmədə elan olunmaqla tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vəkilinin iştirakı ilə vermiş olduğu səmimi etirafedici və işin hallarına uyğun gələn ifadələri, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş narkoik vasitələrin eyni tərkibli narkotik vasitə heroin və metadon həbləri olması, habelə onun kirayədə yaşadığı evdən götürülümüş tərəzinin üzərində heroinin izləri olması barədə məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyi, onun narkotik vasitələrin satışı ilə məşğul olması qeyd edilən əməliyyat məlumatının olması barədə təqrirlə Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməli tamamilə sübuta yetirilir. Eyni zamanda məhkəmə məhkəmədə elan olunmaqla tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vəkilinin iştirakı ilə vermiş olduğu ifadəsini səmimi etirafedici və işin hallarına uyğun gələn ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs götürülmüş həmin narkotik vasitələri satış məqsədi ilə əldə etməsi məhkəmədə dindirilmiş şahidlərin ifadələri, ondan götürülmüş narkotik vasitə heroinin şəxsi istehlak miqdarından əhəmiyyətli dərəcədə artəq olması və cinayət işinin materiallarında olan onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatının olması barədə təqrirlə təsdiq olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 21-ci madəsinə görə narkotik vasitərin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün bir narkotik vasitənin və psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Bu həcm isə 2005-ci il 28 iyun tarixli, 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsulliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahısı” əsasında tənzimlənir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarı da bu mövqedən çıxış edir. Belə ki, həmin qərarın 9-cu bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın nakotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi , narkotik vasitələrin xırda bükümlərə ayrılması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə ittiham üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də o CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. İşdə olan hüquqi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 1975-ci ildə Cəlilabad rayonunun Kövüzbulaq kəndində anadan olmuşdur. Cəlilabad rayonu Kövüzbulaq kəndində qeydiyyatda olmaqla orada yaşamışdır. Yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İşdə olan Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 30 aprel 2022-ci il tarixli qərarının surətindən görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 29 aprel 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən və hökmün surətindən görünür ki, Abbasov X2 Rayon Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 07 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilərkən aşağıdakılar nəzərə alınmalıdır. CM-in 8-ci maddəsi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinə əsasən cəzanın anlayışına görə, cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədini təsbit edən CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bu Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran halın olması müəyyən edilmədi. Məhkəmədə müəyyən edilmişdir ki, Abbasov X2 Rayon Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 07 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Ona görə də CM-nin 66.5-ci maddəsinə əsasən Cəlilabad Rayon Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli hökmünə əsasən ona təyin edilmiş 7 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası, hazırki hökm üzrə ona təyin ediləcək cəzaya qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu vaxtdan, 29 aprel 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlama rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-in 93.1.2-ci maddəsinin tələbinə əsasən narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasında saxlanılan qalıq çəkisi 281,166 qram narkotik vasitə heroin, 18 ədəd metadon həbləri və 1 ədəd tərəzi məhv edilməlidir. İş üzrə 65 manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 44, 51-2, 132, 344-349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-in 66.5-ci maddəsinə əsasən Cəlilabad Rayon Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli hökmünə əsasən təyin edilmiş 7 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası, hazırki hökm üzrə ona təyin edilmiş 6 (altı) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 29 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs qarşı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. CM-nin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasında saxlanılan qalıq çəkisi 281,166 qram narkotik vasitə heroin, 18 ədəd metadon həbləri və 1 ədəd tərəzi məhv edilsin. İş üzrə 65 manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar