Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-712/2023 13.10.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X4, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxx 1984-cü ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 08 noyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 240.3.2-ci maddələri ilə məhkum olunmuş və məhkumluğu olan (məhkumluğu ödənilməmiş və ya götürülməmiş), Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsi 46/1, mənzil 39-da qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda-2,176 qram psixotrop maddə olan metamfetamin əldə etmiş, saxlamış və əldə etdiyi həmin psixotrop maddəni 11 may 2023-cü il tarixdə Lənkəran şəhəri, Z.Əliyeva küçəsində hərəkət etməklə üzərində daşıyarkən, daxil olmuş məlumat əsasında həmin gün saat 18:30 radələrində Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Lənkəran şəhəri, Z.Əliyeva küçəsində saxlanıb üzərində şəxsi axtarış zamanı əynindəki şalvarın cibindən üç ədəd bükümdə ayrı-ayrılıqda 0,739 qram, 0,796 qram və 0,641 qram olmaqla cəmi, külli miqdarda-2,176 qram psixotrop maddə olan metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, evlidir, himayəsində üç uşağı vardır və ailəsi ilə birlikdə Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsi 46/1 mənzil 39-da qeydiyyatda olmaqla yaşamış, heç bir yerdə işləməmişdir. Əvvəllər bir dəfə-2017-ci ildə narkotiklə bağlı məhkum olunmuş və 2021-ci ilin dekabr ayında barəsində amnistiya tətbiq olunaraq cəzasının çəkilməmiş hissəsindən azad olunmuşdur. Tutulmamışdan təxminən iki ay əvvəl narkotik vasitələrdən istifadə etməyə başlamış, əsasən də metamfetamindən istifadə etmiş və narkotik maddəni Lənkəran şəhərində tanımadığı şəxslərdən alıb istifadə etmişdir. 11 may 2023-cü il tarixdə, axşam saat 17 radələrində Lənkəran şəhər parkında, H.Əliyev Mərkəzinin qarşısında oturacaqda əyləşib istirahət edərkən Əlvan və Nəvai adlı polis əməkdaşları onu tutub “səndən şikayət var” deyərək onu elə orada döymüş, sonra polis şöbəsinə aparmışlar. Polislərin nəyə görə onu döymələrini bilməmiş, polis əməkdaşları ona “səndən şikayət var” desələr də, şikayətin mahiyyətinin nədən ibarət olmasını ona bildirməmişlər. Tutulan vaxt üzərində metamfetamin və ya başqa narkotik maddə olmamışdır. Polis şöbəsində yenidən polis əməkdaşları onu döymüş, sonra Əlvan və Nəvai adlı polis əməkdaşları qarşısına 3 ədəd bükümdə narkotik maddə qoyub üzərinə götürməsinə, əks halda evindən 1 kq narkotik maddə çıxacağını bildirib onu hədələmiş və üzərinə götürdüyü təqdirdə isə onun CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunacağını bildirmişlər. Bundan sonra o, polislərlə razılaşıb 3 ədəd bükümü götürüb cibinə qoymuş, həmin bükümlərin içərisində metamfetamin olmuşdur. Bundan sonra vəkilin iştirakı ilə üzərində axtarış aparılmışdır. Axtarış zamanı özü cibindən üç ədəd bükümü, bıçaq və mobil telefonu çıxarıb təqdim etmişdir. Orada polis əməkdaşların ona qarşı təzyiqləri olduğu üçün o, üzərində aşkar olunmuş metamfetaminin özünə məxsus olmasını, tanımadığı şəxsdən 80 manata aldığını və istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Əslində isə üzərində aşkar olunan metamfetamin ona məxsus deyil, həmin maddənin üzərinə götürməsini ona Əlvan və Nəvai adlı polis əməkdaşları məcbur etmişlər. O, üzərində aşkar olunmuş metamfetaminlə bağlı ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir, lakin narkotik maddələrdən istifadə etdiyi üçün özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, o, təxminən 2 aya yaxındır ki, heroindən və metamfetamindən istifadə etməyə başlamış, həmin maddələrdən mütəmadi olaraq istifadə etməmiş, hərdənbir istifadə etmişdir. Heroini və metamfetamini Lənkəran şəhərində tanımadığı şəxslərdən alıb istifadə etmişdir. 11 may 2023-cü il tarixdə, saat 12 radələrində Lənkəran şəhəri, Qala Xiyabanı ərazisində üzdən tanıdığı və adını bilmədiyi şəxsdən 80 manata 3 ədəd bükümdə metamfetamin alıb əynindəki şalvarının cibində qoymuşdur ki, istifadə etsin. Həmin gün saat 16 radələrində o, evdən mətbəx bıçağını götürüb cibinə qoyub yaşadığı binanın həyətinə düşüb, bağda olan balaca ağacları budayıb bir az işləmişdir. Həmin gün saat 18 radələrində bağdan çıxıb piyada Lənkəran şəhəri, Z.Əliyeva küçəsi ilə piyada hərəkətdə olarkən polis əməkdaşları onu saxlayıb üzərində narkotik vasitələr gəzdirməsində şübhəli olduğunu bildirib onu polis şöbəsinə aparmışlar. Polis şöbəsinə aparılarkən istifadəsi üçün bir az əvvəl aldığı 3 ədəd bükümdə metamfetamin cibində olmuşdur. Polis şöbəsində vəkilin iştirakı ilə və videoçəkilişlə üzərində axtarış aparılmış, axtarış zamanı özü əynindəki şalvarının cibindən 3 ədəd bükümdə metamfetamini, bir ədəd bıçağı və mobil telefonu çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Şifahi sorğu zamanı o, üzərində aşkar olunan metamfetamini tanımadığı şəxsdən 80 manata aldığını və istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Sonra aşkar olunmuş metamfetamin bükümləri, bıçaq və mobil telefon polis əməkdaşları tərəfindən qablaşdırılıb götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. Polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirilərkən və polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən ona qarşı heç bir qanunsuz hərəkətlərə yol verilməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, o, tutulan vaxt üzərində metamfetamin olmamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olduğu üçün o, üzərində aşkar olunmuş metamfetaminin özünə məxsus olduğunu bildirmiş, sonradan da polislərin dediyi kimi izahat və ifadə vermişdir. Əslində üzərində aşkar olunmuş metamfetamini üzərinə polis əməkdaşları qoymuşdur. Barəsində həbs qətimkan tədbiri seçilərkən o, məhkəmədə üzərində aşkar olunmuş metamfetaminin özünə məxsus olmasını demiş, onun belə deməsinə səbəb isə polis əməkdaşlarının ona qarşı olan təzyiqləri olmuşdur. O, üzərində aşkar olunmuş metamfetaminlə bağlı ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, o, Lənkəran ŞRPŞ-nin əməkdaşıdır. 11 may 2023-cü il tarixdə Lənkəran ŞRPŞ-nin CAB-nin baş əməliyyət müvəkkilli Şahid1 Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz yolla narkotik maddələr əldə etməsi, istifadəsi və üzərində daşıması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumata əsasən özünün də daxil olduğu əməliyyat qrupu yaradılmış və həmin gün saat 18 radələrində təxirəsalınmaz əməliyyat-axtarış tədbiri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs Lənkəran şəhəri, Z.Əliyeva küçəsində saxlanılıb ona qanunsuz olaraq narkotik maddələr əldə edib üzərində gəzdirməsində şübhəli olduğu bildirilib Lənkəran ŞRPŞ-nə aparılmışdır. Polis şöbəsində təhqiqatçı Vurğun Məmmədov tərəfindən vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarının cibindən üç ədəd bükümü çıxarıb təqdim edib bükümün içərisində metamfetamin olduğunu, tanımadığı şəxsdən 80 manata alıb özünün istifadəsi üçün üstündə saxladığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərindən bir ədəd bıçaq da aşkar olunmuşdur. Aşkar olunmuş metamfetaminə oxşar kütlələr və bıçaq qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra polis əməkdaşları, o cümlədən özü və digər polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq göstərilməmiş, həmçinin üzərində axtarış zamanı Təqsirləndirilən şəxs hər hansı şikayəti və ya narazılığı olmamışdır. Məhkəmə iclasında Şahid3 Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan, Lənkəran ŞRPŞ-nin əməkdaşının 11 may 2023-cü il tarixli “Raport”ları ilə müəyyən olunur ki, Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, saxlaması, istifadəsi və daşıması barədə əməliyyat məlumatı daxıl olmuş və həmin gün saat 18:30 radələrində keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs Lənkəran şəhəri, Z.Əliyeva küçəsində saxlanılıb şöbəyə gətirilmişdir. İşdə olan, “Şəxsi axtarış və götürmə barədə” 11 may 2023-cü il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Lənkəran ŞRPŞ-nin TB-nin təhqiqatçısı Vurğun Məmmədov tərəfindən müdafiəçi Bəhrəm Muxtarovun iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən üç ədəd sellofan kəsiyi bükümlərində psixotrop maddə olan metamfetaminə oxşar kütlələr və bir ədəd bıçaq aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş metamfetamini Lənkəran şəhərində tanımadığı şəxsdən 80 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş kütlələr və bir ədəd bıçaq təhqiqatçı tərəfindən qablaşdırılıb götürülmüşdür. Şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 12 may 2023-cü il tarixli rəyi ilə müəyyən edilir ki, tədqiqata təqdim edilmiş, üzərində bir ədəd zərfdəki 3 ədəd bükümlərdə ayrı-ayılıqda təmiz çəkiləri- 0,739 qram, 0,796 qram və 0,641 qram olmaqla ümumi təmiz çəkisi-2,176 qram olan ağ rəngli kristal formada olan maddələr metamfetamindir, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Ekspertiza tədqiqatından sonra qalıq metamfetamin 2,026 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat təşkil edir. İşdə olan, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 15 may 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 15 may 2023-cü il tarixli rəyi ilə müəyyən edilir ki, tibbi müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar olunmamışdır. İşdə olan, məhkəmə-ballistik ekspertizasının 13 iyun 2023-cü il tarixli rəyi ilə müəyyən edilir ki, tədqiqata təqdim edilmiş, 1(bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, üzərində hər hansı əlavə dəyişiklik edilməmiş və soyuq silah hesab edilmir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat təşkil edir. İşdə olan, “Sübutların qiymətləndirilməsi haqqında” 19 avqust 2023-cü il tarixli qərarla müəyyən olunur ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs barəsində CMnin 234.4.3 və 228.4-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, həmçinin ekspertiza tədqiqatından sonra qalıq 2,026 qram metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübut saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. İşdə olan, 19 avqust 2023-cü il tarixli “Qəbz”lə müəyyən edilir ki, istintaq oraqını tərəfindən iş üzrə götürülmüş, Təqsirləndirilən şəxs məxsus bir ədəd mətbəx bıçağı və bir ədəd “Samsung” markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs qardaşı X5 təhvil verilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin iş üzrə şahidlər Şahid2 və Şahid3 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Habelə məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (tutulan vaxt üzərində metamfetamin olmaması, polis əməkdaşlarının ona qarşı fiziki təzyiqlərin olması, polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olduğu üçün üzərində aşkar olunmuş metamfetaminin özünə məxsus olduğunu bildirməsi, üzərində aşkar olunmuş metamfetamini üzərinə polis əməkdaşlarının qoymasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid2 və Şahid3 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarışa dair protokolla (həmin vaxt o, üzərində aşkar olunmuş metamfetaminin özünə məxsus olmasını, Lənkəran şəhərində tanımadığı şəxsdən 80 manata alıb şəxsi istifadəsi üçün üzərində saxlamasını bildirmişdir) təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni tutulan vaxt üzərində metamfetamin olmaması, polis əməkdaşlarının ona qarşı fiziki təzyiqlərin olması, polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olduğu üçün üzərində aşkar olunmuş metamfetaminin özünə məxsus olduğunu bildirməsi, üzərində aşkar olunmuş metamfetamini üzərinə polis əməkdaşlarının qoymasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid2 və Şahid3 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarışa dair protokolla, eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri ilə (şəxsi axtarış və ifadələrində o, üzərində aşkar olunmuş metamfetaminin özünə məxsus olmasını, tanımadığı şəxsdən 80 manata alıb şəxsi istifadəsi üçün üzərində saxladığını göstərmişdir) tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Həmçinin müdafiə tərəfinin fikrincə ibtidai istintaq zamanı psixotrop maddənin Təqsirləndirilən şəxs məxsus olmasına dair verdiyi və sonradan ittihamın əsasını təşkil edən, həmin psixotrop maddənin ona məxsus olmasına dair ifadəsini o, hədə-qorxu nəticəsində, yəni polis əməkdaşlarının ona qarşı təzyiqləri nəticəsində vermişdir. Məhkəmə hesab edir ki, müdafiə tərəfinin bu fikirləri əsassızdır. Belə ki, cinayət prosessual qanunvericiliyinə əsasən təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət təqibini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Lakin işdə olan sənədlərlə müəyyən edilir ki, Təqsirləndirilən şəxs tutulduqdan sonra hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə təmin olunmuş və ibtidai istintaq dövründə nə təqsirləndirilən şəxs, nə də onun müdafiəçisi yuxarıda göstərilən hallarla və ya digər hər hansı bir hallarla bağlı şikayətlə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər. Əksinə təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanının vəsatətinə Lənkəran Rayon Məhkəməsində (məhkəmə nəzarətini həyata keçirən məhkəmə) baxılarkən Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə özünü qismən (CM-nin 234.1-ci maddəsi ilə) təqsirli bilib üzərində aşkar olunmuş psixotrop maddəni Lənkəran şəhərində tanımadığı şəxsdən 80 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Qeyd olunanlara əsasən məhkəmə müdafiə tərəfinin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs özünə qarşı verdiyi ifadənin məhz hədə-qorxu nəticəsində əldə edilməsinə dair dəlili əsassız hesab edir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə əldə etmə, saxlama və daşıma cinayəti törətməsi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İİ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı “Metamfetamin” olan maddə psixotrop maddədir. Metamfetaminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs götürülmüş 2,176 qram psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq olmaqla külli miqdar təşkil edir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübuta və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda-2,176 qram metamfetamin əldə etmiş, saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 234.1-1-ci maddəsi ilə tövsif edilmişdir. İşdə olan, Lənkəran Rayon Məhkəməsinin 13 may 2023-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 11 may 2023-cü il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə, məhkəmə hökmünün və icra orqanının qərarın surətləri ilə müəyyən edilir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 08 noyabr 2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 240.3.2-ci maddələri ilə təqsirli bilinib qəti olaraq 05 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsinin 01 dekabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli “Amnistiya haqqında” Qərarının 2.4-cü bəndi tətbiq edilərək cəzasının çəkilməmiş hissəsindən 01 dekabr 2021-ci il tarixdə azad edilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən (ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu olmayan hesab edilir) 08 noyabr 2017-ci il tarixli hökm üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Ona görə də hazırda o, məhkumluğu olan şəxsdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən ağır cinayət törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətin təhlükəli residivi yaranır. Beləliklə, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən cinayət törətdiyindən onun bu əməli cinayətin təhlükəli residivini yaradır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən ağır cinayət törətdiyindən onun bu əməli cinayətin təhlükəli residivi yaratdığından ona CM-nin ittiham olunduğu maddə üzrə cəza təyin edilərkən CMnin 65.2-ci maddəsinə əsasən residivə görə cəza təyin edilməli, habelə cinayətin residivi cəzanı ağırlaşdıran hal kimi də nəzərə alınmalıdır. İşdə olan, Lənkəran şəhər MTİ-dən verilmiş 07 avqust 2023-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsi 46/1, mənzil 39-da qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə müsbət (ailəsinə qarşı, həm də qonşuları ilə münasibətləri yaxşı olmuş və ondan heç bir şikayət daxil olmamışdır) xarakterizə olunur. İşdə olan, Lənkəran şəhər MTİ-dən verilmiş 07 avqust 2023-cü il tarixli arayışla müəyyən olunur ki, Təqsirləndirilən şəxs himayəsində 2004-cü il təvəllüdlü X7, 2008-ci il təvəllüdlü X6 və 2010-cu il təvəllüdlü X8 vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağın olması CM-nin 59.1.4-cü maddəsinə və bir yetkinlik yaşına çatmayan uşağının olması həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallardır. Habelə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi olması CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran haldır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cazanı ağırlaşdıran və yüngülləşdirən halları, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təhlükəli residivə görə cəza təyin edilməli, yəni ona təyin olunacaq cəza ittiham olunduğu CM-nin 234.1-1-ci maddəsi üzrə müəyyən edilmiş daha ciddi cəza növu-azadlıqdan məhrumetmə cəzasının son həddinin üçdə ikisindən az olmamalıdır. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.3-cü maddəsinə əsasən (cinayətlərin residivi nəzərə alınmaqla məhkum olunmuş şəxslər üçün) ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 11 may 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 93.1.2-ci maddəsi tətbiq edilməli və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunmalı, habelə yaşadığı ərazi üzrə xəstəxanada narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi sübutlar otağında saxlanılan 2,026 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X2 X3 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. İş üzrə maddi sübut olan və cinayət işinin materiallarına əlavə edilmiş, şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərcləri-129 (bir yüz iyirmi doqquz) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il 5 (beş) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 11 may 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun, habelə yaşadığı ərazi üzrə xəstəxanada narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 2,026 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və cinayət işinin materiallarına əlavə edilmiş, şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərcləri-129 (bir yüz iyirmi doqquz) manat məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-712/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-712/2023
13.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver